Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-5750/2025 26.02.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “torpaq sahəsinə mülkiyyət hüququnun qeydə alınaraq çıxarışın verilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Hakim Cəlalov Bəhlul Məmmədcəfər oğlunun sədrliyi, Həsənov İlkin Mürşüd oğlunun katibliyi, İddiaçının nümayəndəsi (atası) X1, Cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “torpaq sahəsinə mülkiyyət hüququnun qeydə alınaraq çıxarışın verilməsi” tələbinə dair iddiası üzrə inzibati işə 26 fevral 2025-ci il tarixdə, məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: Bakı şəhər İcra Hakimiyyəti Başçısı Aparatının Abadlaşdırma və Park-Bağ Təsərrüfatının inkişafı Departamenti ilə İddiaçı arasında bağlanmış xx.xx.2004-cü il tarixli, 323/2 saylı “bağın istifadəyə verilməsi haqqında” müqaviləyə əsasən Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş qəsəbəsində yerləşən 4088 saylı bağ sahəsi İddiaçı istifadəsinə verilmişdir. İddiaçı həmin bağ sahəsinə mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və daşınmaz əmlakının dövlət reyestrindən çıxarışın verilməsi barədə ərizə ilə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra – cavabdeh) müraciət etmişdir. Cavabdeh xx.xx.2024-cü il tarixli imtina məktubunda qeyd etmişdir ki, xx.xx.2024-cü il tarixli icarə müqaviləsində bağ sahəsinin ölçüsü göstərilməmişdir. Həmçinin idarənin arxivində torpaq sahəsinə dair cizgi mövcud deyil. İddia tələbi, iddiaçının əsaslandırması, cavabdehin etirazları və digər prosessual hərəkətlər: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 3-21-3-30/2-49495/2024 nömrəli cavab məktubunun qanunsuz hesab edilməsi; cavabdehə ona məxsus daşınmaz əmlakın mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması ilə bağlı müvafiq hərəkətlərin yerinə yetirilməsi vəzifəsi həvalə edilməsini və mülkiyyətinə aid olan Ləhiş (Ləhic) bağlar massivindəki “4088” saylı bağ sahəsinin mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması ilə bağlı cavabdehə öhdəliyin qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İşin yuxarıda sadalanan hallarına istinad edilərək iddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehin imtinası əsassızdır. Formalaşmış vahid məhkəmə təcrübəsinə əsasən (İş № 2-1(102)-1548/2024 xx.xx.2024 tarixli Qərardad) inzibati orqanlar oxşar faktiki və hüquqi hallarda, eyni inzibati praktikaya uyğun hərəkət etməli və fiziki və hüquqi şəxslərin qanuni gözləntilərinə cavab verməlidir. Həmin Qərardadda vurğulanır ki, mübahisəli torpaq sahəsinin qonşu ətrafında yerləşən torpaq sahələri üzərində mülkiyyət hüququna dair digər şəxslərin adına daşınmaz əmlakın dövlət reyestrindən müvafiq çıxarışlar verilmişdirsə, eyni yanaşma mübahisəli torpaq sahəsinə də tətbiq olunmalı və bərabər yanaşma prinsipi təmin edilməlidir. Hazırki halda iddiaçının yaxın qonşu torpaqları çıxarış sənədləri ilə təmin edilmişlər. Həmçinin, artıq vahid məhkəmə təcrübəsi olmuş eyni məzmunlu məhkəmə işlərində, cavabdeh 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddialar əsasən müvafiq çıxarışın və plan-ölçü sənədinin verilməsi tələbi ilə bağlı olmuşdur. Ali Məhkəmənin Plenum qərarlarında göstərilmişdir ki, cavabdeh tərəfindən edilən imtinalar qanunsuz hesab olunub və cavabdehin vəzifəsi bu sənədləri təmin etməkdən ibarət olmalıdır (İş № 2-1(102)-296/2024 xx.xx.2024 tarixli, İş № 2-1(102)-155/2024 xx.xx.2024 tarixli, İş № 2-1(102)-1552/2023 xx.xx.2023 tarixli və İş № 2-1(102)-1970/2020 xx.xx.2020 tarixli). Göstərilən son işlərdə və xeyli sayda digər işlərdə məhkəmə təcrübəsi vurğulayır ki, bağ sahəsinin bağların bölgüsünə dair sxematik xəritəyə uyğun gəlməməsi hallarına görə iddiaçı məsuliyyət daşımır. Bu, iddiaçının iradəsindən asılı olmayan hallardır və cavabdehin vəzifəsi həmin uyğunsuzluqları qanunvericiliyə uyğun şəkildə aradan qaldıraraq hüquqların qeydiyyatını təmin etməkdir. Ali Məhkəmənin inzibati kollegiyasının 2-1(102)-846/2024 saylı xx.xx.2024-cü il tarixli iş üzrə qərarında qeyd edir ki, iddiaçının mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və müvafiq çıxarışla plan-ölçü sənədlərinin verilməsi üçün tələb olunan hüquqmüəyyənedici sənədlər, iş materiallarında təsdiqləndiyi kimi, qüvvədədir və hüquqi cəhətdən etibarlıdır. Bu sənədlər inzibati orqan tərəfindən geri çağırılmadığı, ləğv edilmədiyi və ya dəyişdirilmədiyi halda hüquqi qüvvəsini saxlayır və həmin sənədlər müvafiq inzibati orqanların hərəkətlərini məcburən müəyyən edir. Beləliklə, cavabdeh orqanın iddiaçının mülkiyyət hüquqlarının qeydiyyata alınmasına və çıxarış verilməsinə davamlı şəkildə imtina etməsi, "İnzibati İcraat Haqqında" Qanunun 13-cü maddəsində təsbit edilmiş etimadın qorunması prinsipinə ziddir. İnzibati orqanlar hüquqmüəyyənedici sənədin qüvvədə olduğu müddətdə onun məzmununa bağlıdır və ona uyğun davranmağa borcludurlar. İnzibati orqanların vətəndaşların hüquqi etibarını sarsıdan bu cür hərəkətləri qanuna uyğun deyildir və bu yanaşma icra hakimiyyətinin vahidliyi prinsipini pozur. Buna görə də, cavabdeh tərəfindən hüquqların qeydiyyata alınması və müvafiq sənədlərin verilməsi təmin edilməlidir. Cavabdeh iddiaya yazılı etiraz təqdim edərək iddia tələbinin rədd olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Etirazın dəlilləri imtina məktubunun dəlilləri ilə eyni məzmunludur. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia tələbini müdafiə etdi və iddia ərizəsində göstərilənləri təsdiqləyərək iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi iddia tələbinə dair etirazı müdafiə edərək iddia tələbinin rədd olunmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia öhdəliyin icrası haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımi qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu iddiaçının müraciətinə cavab vermədiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır. Məhkəmənin mövqeyi və tətbiq edilən hüquq: İşin hallarına görə, Bakı şəhər İcra Hakimiyyəti Başçısı Aparatının Abadlaşdırma və Park-Bağ Təsərrüfatının inkişafı Departamenti ilə iddiaçı arasında bağlanmış, xx.xx.2004cü il tarixli, 323/2 saylı “bağın istifadəyə verilməsi haqqında” müqaviləyə əsasən Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş qəsəbəsində yerləşən 4088 saylı bağ sahəsi iddiaçıya ayrılmışdır. İddiaçı həmin bağ sahəsinə dair mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınmasını xahiş edir. Məhkəmə iddiaçının iddia tələbini aşağıda göstərilənlərə görə əsaslı hesab edir. Belə ki, öhdəliyin icrası haqqında iddialarda ilk növbədə iddia tələbinin qanuni əsası müəyyən edilməli və tələbin qanuni əsasının dispozisiya şərtlərinin yerinə yetirilibyetirilməməsi yoxlanılmalıdır. İddia tələbinin qanuni əsasını Mülki Məcəllənin 139-1.1. və 139-1.1.7-ci və «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 8.0 və 8.0.7-ci maddələri təşkil edir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 8.0. və 8.0.7-ci maddələrinə əsasən 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsasdır. Mülki Məcəllənin 139-1.1. və 139-1.1.7-ci maddlərinə görə, 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış, daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. İddiaçı həmin normada göstərilən hüquqmüəyyənedici sənəd kimi öz adına olan müqavilənin əslini məhkəməyə təqdim edir. Cavabdeh həmin müqavilənin olmasını mübahisələndirmir. Hazırda mübahisə torpağın naturada yerləşməsi ilə bağlıdır. Cavabdeh aşağıdakı dəlillərə istinad edərək iddiaçının tələbini təmin etməkdən imtina edir və iddia tələbinə etiraz edir: 1) icarə müqaviləsində bağ sahəsinin ölçüsü göstərilməmişdir. 2) idarənin arxivində torpaq sahəsinə dair cizgi mövcud deyil. Məhkəmə aşağıda qeyd edilənlərə əsasən cavabdehin imtinasının və etirazının əsası kimi istinad etdiyi halları əsassız hesab edir. Məhkəmə 1-ci dəlillə bağlı qeyd edir ki, icarə müqaviləsində bağ sahəsinin göstərilməməsi iddiaçının məsuliyyət sferasına aid məsələ deyil və hüququn qeydə alınmasından imtinaya əsas deyildir. Cavabdeh tərəfindən təqdim edilmiş müayinə aktəından müəyyən edilir ki, torpaq sahəsini faktiki ölçüsü 1156.0 kv.metrdir. Həmin torpaq sahəsinin koordinatları cavabdeh tərəfindən müəyyən edilmiş, qonşu sahələrlə hasarlanmış, həmçinin torpaq sahəsinin üzərində bir mərtəbəli ev, qaraj və köməkçi tikililər mövcuddur. Odur ki, cavabdeh torpaq sahəsinin fakriki vəziyyyətdə hüququnu qeydə almalıdır. Cavabdehin ikinci dəlili ilə bağlı məhkəmə qeyd edir ki, torpaq sahəsinə dair cizgi mövcud olmaması da, iddiaçının məsuliyyət sferasına aid məsələ deyil və hüququn qeydə alınmasından imtinaya əsas deyildir. Qeyd edilməlidir ki, vaxtı ilə bağların bölgü sxeminin dəqiq tərtib edilməməsi, eyni zamanda sonradan bəzi bağ nömrələrinin dəyişməsi, əlavə edilməsi bağların bölünməsi nəticəsində yeni bağların qeydə alınması və bu bağ nömrələrinin bölgü sxemdə əks olunmaması kimi dövlət qurumlarının vaxtında etməli olduğu hərəkətlərə görə yaranan qeyri-müəyyənəliklər iddiaçının ziyanına şərh oluna bilməz və mülkiyyət hüququnun qeydə alınmasına mane olmamamlıdır. Digər tərəfdən iddiaçı torpaq sahəsinin yerini bilməklə, torpaq sahəsinin koordinatları əlavə olunmuş müayinə aktı cavadeh tərəfindən təqdim edilmişdir. Qeyd edilən torpaq sahəsinə hər hansı digər şəxsin hüququ qeydə alınmamış və ya həmin torpaq sahəsinə başqa şəxsin müraciəti olmamışdır. Bununla bağlı olaraq həmçinin nəzərə alınmalıdır ki, “Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 07 mart 2016-cı il tarixli 818 nömrəli Fərmanının 2.3-cü bəndində göstərilmişdir ki, torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib edilməsi zamanı fiziki və hüquqi şəxslərin mülkiyyətindəki və qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqlarda və torpaq islahatı zamanı verilmiş pay torpaqlarında hüquqi və texniki sənədlərdəki məkan göstəriciləri ilə torpaqlardan faktiki istifadə vəziyyətinin məkan göstəriciləri arasında mövcud olan uyğunsuzluqların (sərhəd, yerləşmə və konfiqurasiya fərqlərinin) Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 43-cü maddəsinə uyğun olaraq yerquruluşu qaydasında aradan qaldırılmasını aşağıdakı tələblərə riayət etməklə həyata keçirsin: ... 2.3.5. ərazi vahidləri üzrə layihələrin, torpaqla bağlı normativ hüquqi aktların tələblərinə zidd olmadığı və digər şəxslərin hüquqlarının pozulmadığı hallarda, torpaqların faktiki istifadə vəziyyəti əsas götürülməklə tərtib edilməsi. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli 516 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə”nin 3.0.29-cu maddəsində isə təsbit edilmişdir ki, vətəndaşların qanuni istifadəsindəki yaşayış evlərinin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqların onların mülkiyyətinə verilməsini yerquruluşu işlərini aparmaqla və normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada torpaq istifadəçiliyində mövcud olan uyğunsuzluqlar aradan qaldırılmaqla rəsmiləşdirmək Xidmətin vəzifəsidir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsinə görə hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu Qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu Qanunun 14cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həmin Qanunun 25-ci maddəsinə görə Qanunun 9-cu maddəsinin müddəaları 2007ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən dövlət mülkiyyətində olan torpaqlardan vətəndaşlara ayrılmış bağ sahələrinin altındakı torpaqlara da şamil edilir. Beləliklə, göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı qanunvericiliklə nəzərdə tutulan hüquqmüəyyənedici sənədə malik olmuş, buna görə də istifadəsində olan bağ sahəsinə yaranmış mülkiyyət hüququnu qeydə aldırmaq (ölmüş şəxsə məxsus olması barədə arayış almaq) hüququna malik olmuşdur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Çıxarışda daşınmaz əmlakın reyestr nömrəsi göstərilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə, qərara aldı: İddia təmin olunsun. Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş qəsəbəsində yerləşən 4088 nömrəli bağ torpaq sahəsi üzərində X2 mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması öhdəliyi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Bəhlul Cəlalov
Məhkəmə qərarları › İş №2-1(112)-5750/2025
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-5750/2025
26.02.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver