Məhkəmə qərarları › İş №2-1(112)-5755/2020

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-5755/2020

29.09.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-5755/2020 29.09.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Feyziyev İbrahim İsmayıl oğlunun katibliyi, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Rəfail oğlunun cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı «iddiaçının xəstəliyə görə ehtiyata buraxılması öhdəliyinin cavabdehin üzərinə qoyulması»na dair iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Rəfail oğlu cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı «iddiaçının xəstəliyə görə ehtiyata buraxılması öhdəliyinin cavabdehin üzərinə qoyulması» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsində bildirilmişdir ki, İddiaçı xx xxx 1979-cu il tarixdə Laçın rayonunda doğulmuşdur. O, 1993-cü ildə C.Naxçıvanski adına Hərbi Liseyə qəbul olmuş, 1996-cı ildən 2013-cü ilədək AR Müdafiə Nazirliyinin tərkibində olan müvafiq hərbi hissələrdə xidmət etmiş, mayor rütbəsinə və taborun qərargah rəisi vəzifəsinədək yüksəlmişdir. 2004cü ildə AR Silahlı Qüvvələrinin 10 illiyi (1991 – 2001) yubiley medalı, 2008-ci ildə AR Silahlı Qüvvələrinin 90 illiyi yubiley medalı, 2011-ci ildə 3-cü dərəcəli qüsursuz xidmətlərə görə medalı ilə təltif olunmuşdur. Xidmətin 7 ilini düşmənlə təmas şəraitində olan Qazax rayonunun Kəmərli, Aslanbəyli, Qaymaqlı, Abbasbəyli, Fərəhli, Məzəm, Quşçuayrım, Cəfərli, Qızılhacılı kəndlərinin ərazisində keçirmişdir. 2013-cü ilin may ayında AR Silahlı Qüvvələrindən ehtiyata buraxılmışdır, 2-ci qrup hərbi xidmət vəzifələrini yerinə yetirməklə əlaqədar əlildir. Silahlı Qüvvələrin Mərkəzi Hərbi Hospitalının verdiyi şəhadətnaməyə əsasən anadangəlmə xəstə olmasına, həqiqi hərbi xidmətə yararsız olmasına baxmayaraq, xəstə ola-ola 21 il həqiqi hərbi xidmət keçmişdir və sonda o, əsassız olaraq Müdafiə nazirinin xx xxxxxx 2013-cü il tarixli əmri ilə (“Hərbi xidmətkeçmə haqqında Əsasnamə”nin 158-ci maddəsinin “a” bəndinə əsasən) ehtiyata buraxılmışdır. Hesab olunur ki, bu barədə Müdafiə nazirinin müvafiq əmri düzgün olmamışdır. Belə ki, o, xəstə, hərbi xidmətə yararsız olduğu üçün əmr dəyişdirilməli və “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”nin 156-cı maddəsinin “v” bəndinə uyğun olaraq xəstəliyə görə – hərbi-həkim komissiyaları tərəfindən dinc dövrdə, müharibə dövründə isə 6 aydan, yaxud 12 aydan sonra yenidən müayinədən keçməklə hərbi xidmətə yararsız sayılanlar, ehtiyata buraxılmalı idi. Azərbaycan Respublikası Konstitusiyasının 147-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Konstitusiyası Azərbaycan Respublikasında ən yüksək hüquqi qüvvəyə malikdir. Azərbaycan Respublikasının Konstitusiyası birbaşa hüquqi qüvvəyə malikdir. Azərbaycan Respublikasının Konstitusiyası Azərbaycan Respublikasının qanunvericilik sisteminin əsasıdır. Azərbaycan Respublikasının Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinə əsasən fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquqi məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. Azərbaycan Respublikasının Konstitusiyasının 57-ci maddəsinə əsasən Azərbaycan Respublikası vətəndaşlarının dövlət orqanlarına şəxsən müraciət etmək, habelə fərdi və kollektiv yazılı müraciətlər göndərmək hüququ vardır. İlk öncə Azərbaycan Respublikasının Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinin tələblərinə əməl edilməlidir. Belə ki, onun hüquqi vəziyyətini yaxşılaşdıran, hüquqi məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktın qüvvəsi geriyə şamil edilərək iddia tələbi təmin edilməlidir. Göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə, İPM-in 13-cü maddəsinə əsaslanaraq, onun (iddiaçının) AR Nazirlər Kabinetinin xx xxxxxx 2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin 7.2-ci bəndinin “a” yarımbəndinin tələblərinə əsasən (xəstəliyə görə) ehtiyata buraxılması öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə qoyulması barədə qərar çıxarılması məhkəmədən xahiş olunur. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra 47, 49-cu maddələrinə müvafiq olaraq işin hazırlıq icraatına başlanmış və iddia ərizəsi və ona əlavə olunmuş sənədlər iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi məqsədi ilə cavabdehə təqdim olunmuşdur. Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin səlahiyyətli nümayəndəsinin məhkəməyə təqdim olunmuş iddiaya qarşı yazılı münasibətdə aşağıdakılar bildirilmişdir: - İddiaçı Rəfail oğlu 1993 – 1996-cı illərdə Hərbi Liseydə, 1996 – 2000-ci illərdə Ali Hərbi Məktəbdə təhsil almış, 2000 – 2013-cü illərdə zabit kimi Azərbaycan Ordusunda hərbi xidmət keçmişdir. İddiaçı Müdafiə nazirinin xx xxxxxx 2013-cü il tarixli 0361 nömrəli əmri ilə “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”nin 158-ci maddəsinin “a” bəndinə (törətdiyi cinayətə görə azadlıqdan məhrum olunduğuna görə) uyğun olaraq hərbi xidmətdən ehtiyata buraxılmışdır. İddiaçı həmin əmrin, yəni inzibati aktın qəbul edilməsindən yeddi il sonra onu mübahisələndirmişdir. İPM-in 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. Qeyd olunanlara əsasən iddiaçı inzibati prosessual qanunvericiliklə nəzərdə tutulmuş 30 günlük iddia müddətini ötürmüşdür. “İnzibati məhkəmə icratında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsinin xx xxxxx 2015-ci il tarixli 5 nömrəli Qərarının 2.3-cü bəndində qeyd olunur ki, məhkəmələr mümkünlük şərtlərini yoxlayarkən İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini yoxlamalıdırlar. Həmin Qərarın 2.2-ci bəndində göstərilmişdir ki, İPM-in 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. İşin araşdırılması prinsipi həm mümkünlük, həm də əsaslılıq hallarına aiddir. Bundan başqa, “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”nin 158-ci maddəsinə əsasən hərbi qulluqçuların həqiqi hərbi xidmətdən buraxılmaları haqqında (bu Əsasnamənin 156 – 158-ci maddələri) şəxsi heyət üzrə əmrlərin verilməsindən sonra buraxılma zamanı qüvvədə olan qanunvericiliyin pozulması hallarına yol verilməmişdirsə və buraxılma ilə əlaqədar yeni hallar aşkar edilməmişdirsə, dəyişikliyə yol verilmir. Məhkəmədən yuxarıda göstərilənlərin nəzərə alınması, hazırkı mübahisə üzrə qanuni və əsaslı qərar qəbul edilməsi xahiş olunur. İş üzrə məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə məlumat verilmişdir. Məhkəmə iclasına iddiaçı gəlməmiş, cavabdehin nümayəndəsi gəlmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 məhkəməyə iddia ilə bağlı təqdim olunmuş yazılı münasibətin məzmununa uyğun izhat verdi və iddianın əsassız olduğunu bildirdi. Məhkəmə cavabdehin nümayəndəsini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, Azərbaycan Respublikasının x xxxxxxx 1997-ci il tarixli 377- İQ nömrəli Qanunu ilə təsdiq edilmiş «Hərbi xidmətkeçmə haqqında Əsasnamə»nin 156-cı maddəsinə əsasən hərbi qulluqçular Azərbaycan Respublikası Silahlı Qüvvələrindən ehtiyata buraxılırlar: v) xəstəliyə görə – hərbi-həkim komissiyaları tərəfindən dinc dövrdə, müharibə dövründə isə 6 aydan, yaxud 12 aydan sonra yenidən müayinədən keçməklə hərbi xidmətə yararsız sayılanlar. Həmin Əsasnamənin 158-ci maddəsinə əsasən törətdikləri cinayətlərə görə məhkum (hərbi rütbəsindən məhrum olunmadan) edilmiş hərbi qulluqçular həqiqi hərbi xidmətdən ehtiyata, yaxud istefaya buraxılırlar: a) həqiqi hərbi xidmətdə törətdikləri cinayətə görə azadlıqdan məhrum olunanlar. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.1-ci maddəsinə əsasən inzibati orqan – Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. Həmin Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. İPM-in 2.2.1-ci maddəsinə görə şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia), 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. İPM-in 33.1-ci maddəsinə görə məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. İPM-in 33.2-ci maddəsinə görə bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. İPM-in 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. İşin məhkəmə araşdırılması ilə müəyyən edilir ki, iddiaçı hazırkı iddiasında mahiyyətcə cavabdehin xx xxxxxx 2013-cü il tarixli əmrinin dəyişdiriməsini tələb edir. Bu isə, o deməkdir ki, iddianın növünə görə İPM-in 2.2.1-ci maddəsində nəzərdə tutulan “mübahisələndirmə haqqında” iddiaya aiddir. Məhkəmə qeyd edir ki, mövcud qanunvericilik məhkəmədə “mübahisələndirmə haqqında” iddianın mübahisələndirilən inzibati aktın təqdim (elan) olunmasından 1 aylıq iddia müddəti ərzində qaldırılmasını nəzərdə tutur. Hazırkı iddia ərizəsi isə məhkəməyə iddiaçı tərəfindən xx xxxxxx 2013-cü il tarixli inzibati aktın qəbulundan 7 ilə yaxın vaxt keçdikdən sonra təqdim olunmuşdur. Məhkəmə vurğulayır ki, mübahisə predmeti olan xx xxxxxx 2013-cü il tarixli inzibati akt (əmr) xidmətin xüsusiyyətləri baxımından iddiaçıya qəbul edildiyi ərəfədə məlum olmuşdur. Bu qənaət həm də ondan irəli gəlir ki, o, əvvəlki vəzifəsini icra etmədiyi halda, xidməti münasibətlərdə digər nəticələrin (o cümlədən, xidmət yerinə gəlməməyə görə, lazımi qaydada icra etməməyə görə intizam məsuliyyəti) yaranma ehtimalı böyük olmuşdur. Halbuki, belə nəticələrdə\n heç biri olmamışdır. İPM-in 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. İPM-in 24.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. İPM-in 24.2-ci maddəsinə əsasən buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır. İPM-in 24.4-cü maddəsinə əsasən təbii fəlakət və ya digər qarşısıalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar istisna olmaqla, müddətin buraxılmasından 1 il keçdikdən sonra həmin müddətin bərpasına dair ərizə verilə bilməz. İPM-in 13 və 24-cü maddələrinin tələbləri baxmından “buraxılmış prosessual müddətin bərpası”na gəldikdə isə, məhkəmə qeyd edir ki, iddia müddəti 6 ildən artıq buraxıldığından və iddiaçı tərəfin İPM-in 24.4-cü maddəsində nəzərdə tutulan (təbii fəlakət və ya digər qarşısıalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan) hallardan hər hansı birinin mövcudluğu ilə bağlı dəlili olmadığından, müddətin bərpasına dair ərizənin verilməsinin iddiaçıya tövsiyə olunması məqsədəuyğun deyil. İPM-in 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” xx xxxxx 2015-ci il tarixli 5 nömrəli Qərarının 2.3cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yolverilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Beləliklə məhkəmə hesab edir ki, İddiaçı hazırkı iddianı “iddia müddəti” buraxılmaqla qaldırdığından, iddia mümkün sayılmamalıdır. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərəəsasən və İPM-in 23, 35, 83-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Rüstəm Kərimli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar