Məhkəmə qərarları › İş №2-1(112)-5755/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-5755/2025

18.11.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-5755/2025 18.11.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin subyekti kimi kompensasiya verilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, İddiaçı, cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin nümayəndələri X3 və X6 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin subyekti kimi ona kompensasiya verilməsi” haqqında iddia tələbi üzrə işə məhkəmənin binasında (Bakı şəhəri, Təbriz küçəsi 29) şifahi, qapalı məhkəmə baxışı iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə (bundan sonra mətndə AR Müdafiə Nazirliyi) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2023-cü il tarixdə xidməti vəzifələrinin icrası zamanı aldığı yaralanma (travma) nəticəsində sağlamlığına dəymiş zərərə görə “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununun 20.11 və 20.12-ci maddələrində nəzərdə tutulmuş müvafiq kompensasiyanın ona ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, N №-li hərbi hissədə gizir kimi hərbi hissənin kəşfiyyat bölməsinin (Q2) görüntülərin təhlili qrupunun komandiri-operatoru vəzifəsində xidmət keçərkən xx.xx.2023-cü il tarixdə antiterror əməliyyatları zamanı yaralanmışdır. Lakin ona xidməti vəzifələrin icrası zamanı aldığı yaralanmaya görə heç bir kompensasiya ödənilməmişdir. Aldığı yaralanma nəticəsində səhhətinə zərər dəymiş, hərbi xidmətə yararsız hesab olunmuş və xx.xx.2024-cü il tarixli əmrilə “Hərbi Xidmətkeçmə Haqqında” Əsasnamənin 156-cı maddəsinin “V” bəndinə (xəstəliyə görə) müvafiq olaraq həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır. O, xx.xx.2024-cü il tarixdə cavabdehə ərizə ilə müraciət edərək xx.xx.2023-cü il tarixdə xidməti vəzifələri zamanı aldığı yaralanma (travma) nəticəsində sağlamlığına dəymiş zərərə görə "Kəşfiyyat və əkskəşfiyyat fəaliyyəti haqqında" Azərbaycan Respublikasının Qanununun 20.11 və 20.12-ci maddələrində nəzərdə tutulmuş müvafiq kompensasiyanın ödənilməsi barədə göstəriş verilməsini xahiş etmişdir. Lakin müraciəti cavabsız və nəticəsiz qalmışdır. O, müraciətinin cavablandırılmamasını imtina kimi qiymətləndirir və bu halı əsassız və qanunsuz hesab edir. İddia ərizəsi xx.xx.2024-cü il tarixdə məhkəməyə daxil olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və İPM-nin 47-ci maddəsinə uyğun olaraq, məhkəmənin xx.xx.2024-cü il tarixli sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdeh inzibati orqana təqdim edilmiş, cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuş, həmçinin, tərəflər işin halları, mübahisənin vəziyyəti ilə bağlı məsələlərin müzakirəsi üçün məhkəməyə dəvət olunmuşlar. xx.xx.2025-ci il tarixdə cavabdeh inzibati orqan AR Müdafiə Nazirliyinin iddia tələbinə dair xx.xx.2025-ci il tarixli, 3-25-19/2-61/2025 №-li yazılı münasibəti (etirazı) məhkəməyə təqdim edilmişdir. Cavabdeh inzibati orqanların iddia tələbinə dair yazılı mülahizəsi (etirazı): Cavabdeh AR Müdafiə Nazirliyinin iddia tələbinə dair yazılı etirazı onunla əsaslandırılmışdır ki, “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanunun 6-cı maddəsinə uyğun olaraq verilmiş “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinin səlahiyyət dairəsinin, vəzifə və hüquqlarının bölgüsünün, kəşfiyyat və əks-kəşfiyyat tədbirlərinin həyata keçirilməsi səlahiyyətlərinin müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 yanvar 2005-ci il tarixli 186 №li Fərmanına əsasən Azərbaycan Respublikası Müdafiə Nazirliyi müdafiə sahəsində hərbi kəşfiyyat fəaliyyəti üzrə subyekt müəyyən edilmişdir. Həmçinin, həmin Qanunun 7-ci maddəsində qeyd olunan kəşfiyyat və əks- kəşfiyyat fəaliyyəti subyektlərinin əməkdaşlarına nəzərdə tutulmuş vəzifələrinin müəyyən edilməsi, yuxarıda qeyd olunan Fərmana əsasən öz səlahiyyətləri daxilində Azərbaycan Respublikası Müdafiə Nazirliyinə həvalə edilmişdir. (“Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinin səlahiyyət dairəsinin, vəzifə və hüquqlarının bölgüsünün, kəşfiyyat və əks-kəşfiyyat tədbirlərinin həyata keçirilməsi səlahiyyətlərinin müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 yanvar 2005-ci il tarixli 186 № li Fərmanı “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa və öz əsasnamələrinə uyğun olaraq, kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin subyektləri aşağıdakılardır: müvafiq dövlət orqanlarının aşağıdakı kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətini həyata keçirən strukturları: Azərbaycan Respublikası Müdafiə Nazirliyinin müdafiə sahəsində hərbi kəşfiyyat fəaliyyətini; 2.1. “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 7.1.1—7.1.4-cü, 7.1.6—7.1.8-ci maddələrində nəzərdə tutulmuş vəzifələri Maddə 7. Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinin vəzifələri – Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, öz səlahiyyətləri daxilində Azərbaycan Respublikasının Müdafiə Nazirliyi və dövlət sərhədinin mühafizəsi ilə əlaqədar Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti həyata keçirirlər; Maddə 6. Kəşfiyyat və əkskəşfiyyat fəaliyyətinin subyektləri – Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin subyektləri— Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətini həyata keçirən xüsusi xidmət orqanlarıdır. Kəşfiyyat və əkskəşfiyyat fəaliyyətinin subyektləri və onların səlahiyyət dairəsi Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin subyektlərin işinin əlaqələndirilməsi Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada həyata keçirilir.) Qeyd olunanlardan aydın olur ki, əməkdaşların siyahıları və onların vəzifələrinin müəyyən edilməsi Müdafiə Nazirinin diskresion səlahətidir və Müdafiə Nazirinin əmri ilə təsdiq edilir. Fərmanın icrası ilə bağlı mütəmadi olaraq (hər il və ya ildə bir neçə dəfə) Müdafiə nazirinin əmri ilə Müdafiə Nazirliyində hərbi kəşfiyyat həyata keçirən orqanların (subyektlərin) və onların əməkdaşlarının siyahıları təsdiq edilir. İddiaçı 2023-cü ilin sentyabr ayında keçirilən lokal antiterror əməliyyatlarına cəlb olunarkən onun tutduğu vəzifə hərbi kəşfiyyat həyata keçirən orqanların (subyektlərin) və onların əməkdaşlarının siyahılarında olmadığı üçün “Kəşfiyyat və əks-kəşfiyyat haqqında” Azərbaycan Respublikasının xx.xx.2004-cü il tarixli 711-İİQ nömrəli Qanununda qeyd olunmuş imtiyazlar və hüquqların ona şamil edilməsi qanunsuz və əsassızdır. İddiaçı öz ərzəsində ona cavab verilmədiyini göstərsə də, bu haqda idiaçının nümayəndəsinə yazılı məlumat verilmişdir. Bildirilir ki, iddia təmin edildiyi təqdirdə, Azərbaycan Respublikası Prezidentinin 28 yanvar 2005-ci il tarixli 186 №li fərmanının tələblərinin yerinə yetirilməsinə dair Müdafiə Nazirliyi tərəfindən verilən əmr və qərarlarının ləğv edilməsi anlamına gəlir və xidmətdə olan hərbi qulluqçular tərəfindən verilən əmr və qərarların yerinə yetirilməsinə şübhə ilə yanaşmasına gətirib çıxarda bilər. İddia təmin edilərsə, bu hal hərbi xidmətdən tərxis olunmuş, eləcə də hal-hazırda xidmətdə olan hərbi qulluqçuların çoxsaylı müraciətlərinə, məhkəmə mübahisələrinə və nəticədə külli miqdarda dövlət vəsaitinin qanunsuz və əsassız xərclənməsinə səbəb olacaqdır. Qeyd olunanlar nəzərə alınaraq iddianın rədd edilməsi xahiş olunmuşdur. Tərəflərin iştirakı və izahatları: İddiaçı məhkəmə iclasında verdiyi izahatında iddianı müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunmasını xahiş etdi. Cavabdeh AR Müdafiə Nazirliyinin nümayəndələri X7 və X8 ayrı-ayrılıqda məhkəmə iclasında tərəflərindən təqdim olunmuş iddia tələbinə dair yazılı etiraza uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunmamasını xahiş etdilər. ƏSASLANDİRMA HİSSƏSİ İddianın növü və mümkünlüyü: “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun 1.2-ci maddəsinə əsasən, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 2.0.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs inzibati orqan hesab olunur. İPM-nin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Öhdəliyin icrası haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə - iddia qaldırmaq səlahiyyətinə (İPM-in 35-ci maddəsi) əməl olunmalıdır. İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan hərəkətlər nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı qanunvericiliyin müddəalarına əməl edərək, əvvəlcə eyni tələblə cavabdeh inzibati orqana, daha sonra isə qanunla müəyyən edilmiş qaydada iddia ilə məhkəməyə müraciət etmişdir. İddia mümkündür. FAKTİKİ HALLAR VƏ SÜBUTLAR İş materiallarında olan; Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.1996-cı il təvəllüdlü İddiaçı barəsində xx.xx.2024-cü il tarixli, 5978 №-li “Xəstəlik haqqında şəhadətnamə”sində göstərilmişdir ki, Diaqnoz və xəsarətin (yaralanmanın, travmanın, kontuziyanın), xəstəliyin səbəb əlaqəsi haqqınd HHK-nın qərarı: F 06.3. Partlayış travması (19 09.2023), keçirilmiş qapalı kəllə-beyin travması, baş beyi silkələnməsindən sonrakı oda (mülayim) dərəcədə ifadə olunmuş üzvi affektiv (depresiv) pozuntu. Y 36.2. S06.0. F 45.3 G 93. 1 90.5. Partlayış travması (xx.xx.2023), keçirilmiş qapalı kəllə beyin travması, baş beyin silkələnməsindən davamlı vegetativ damar davamsızlığı, xroniki sefalgik insomnik sindromu ilə təzahür edən posttravmatik ensetalopatiya ilə nəticəsi. S 05.5. Partlayış travması (19.09 2023), sağ gözün skleral dəlib-keçən qəlpə yarası, a qapağın kəsilmiş yarası, görmə itiliyinin əl hərəkətinə qədər azalması, korreksiya etmir, sol gözü görmə itiliyi 1,0 olmaqla. T 70.0. H93.3. H 90.4. Partlayış travması (xx.xx.2023), sağtərəfli xroniki koxlear nevri sağtərəfli neyrosensor ağıreşitmə, pıçıltı nitqini sağ qulaqda 2 (iki) m, sol qulaqda 6 (altı) m məsafədən eşitməsi ilə. Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır. HHK-nın hərbi xidmətə, hərbi-uçot ixtisası üzrə xidmətə və s. yararlılıq haqqında qərar "Xəstəliklər cədvəli"nin 14b, 23b, 30b, 35b maddəsinin İİİ qrafasına və ƏTC-yə (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş "Hərbi həkim ekspertizası haqqında Əsasnamə”yə qoşma) əsasən Sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlıdır. Müşayiətçiyə zərurət yoxdur; Hərbi həkim komissiyasının qərarı: Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikası tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 14053 nömrəli arayış qüvvədən düşmüş hesab edilmişdir. N nömrəli hərbi hissə komandirinin xx.xx.2024-cü il tarixli, 250 nömrəli əmrindən çıxarışda göstərilmişdir ki, Hərbi hissənin kəşfiyyat bölməsinin (Q2) görüntülərin təhlili qrupunun komandiri - operatoru gizir İddiaçı, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin V bəndinə (xəstəliyə görə) müvafiq olaraq həqiqi hərbi xidmətdən ehtiyata buraxıldığına görə işlərini və vəzifəsini təhvil vermiş hesab edilsin, 21 avqust 2024- cü il tarixdən hərbi hissənin şəxsi heyətin siyahısından, bütün növ təminatlardan çıxarılsın və hərbi qeydiyyata durmaq üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Lerik rayon şöbəsinə göndərilsin. - Gizir İddiaçı 2024-cü ilin yanvar-may aylarındakı xidmətinə görə Azərbaycan Respublikası Müdafiə nazirinin 19 oktyabr 2017-ci il tarixli 22 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Ordusunun hərbi qulluqçularının pul təminatı haqqında Əsasnamə”yə müvafiq olaraq birdəfəlik pul mükafatı tam həcmdə ödənilsin. - Gizir İddiaçı Azərbaycan Respublikası Müdafiə nazirinin 19 oktyabr 2017-ci il tarixli 22 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Ordusunun hərbi qulluqçularının pul təminatı haqqında Əsasnamə”yə müvafiq olaraq vəzifə və rütbə maaşının beş misli miqdarında birdəfəlik pul müavinəti ödənilsin. 2024-cü ildə nəzərdə tutulmuş maddi yardım ödənilib. 2024-cü ilin növbəti məzuniyyətindən tam istifadə edib və növbəti məzuniyyətə görə bir aylıq vəzifə maaşı həcmində əlavə pul təminatı ödənilib. - Əsas: X5 - X4 30 iyul 2024-cü il tarixəli 026gm nömrəli əmrindən çıxarış. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin iddiaçı xx.xx.1996-cı il təvəllüdlü İddiaçı barəsində X1 Sistemi vasitəsilə verilmiş “Əlillik haqqında” xx.xx.2024-cü il tarixli, ********** №-li arayışında göstərilmişdir ki, müayinə tarixi: xx.xx.2024; Əlillik səbəbi: Azərbaycan Respublikasının ərazi butovluyunun, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar => Gözdən əlil; Əlilliyin təyin edilmə tarixi: xx.xx.2024; Əlillik qrupu: İkinci dərəcəli əlillik; Diaqnoz: Hərbi əməliyyatlar nəticəsində digər növ partlayışlarla və ya qəlpələrlə törənmiş zədələnmələr, Sağ gözün zədələnməsi. Arxa qütbün və ləkənin degenerasiyası, OD-Makulodegenerasiya. Epiretinal Memberan. Püeriferik xorioretenal distrofik ocaq. Monokulyar korluq.OD-Fəsadh katarakta. Əhvalın üzvi mənşəli [affektiv] pozuntusu, Üzvü affektiv pozuntu. Partlayış travması. Posttravmatik ensefalopatiya. Eşitmənin əks tərəfdə normal eşitmə ilə müşahidə olunan bir tərəfli neyrosensor tipli itirilməsi., Xroniki koxlear nevrit. Sağ tərəfli neyrosensor ağır eşitmə. PN-sağda 2 (iki) və solda 6 (altı). Əliliyin müddəti: Müddətsiz. İddiaçının hazırkı tələblə bağlı müraciətinə cavabdeh inzibati orqan AR Müdafiə Nazirliyi tərəfindən verilmiş cavab məktubundan müəyyən olunur ki, ehtiyatda olan gizir İddiaçı 2023-cü il sentyabr ayında keçirilən lokal antiterror əməliyyatlarına cəlb olunarkən tutduğu vəzifə (N nömrəli hərbi hissənin əməliyyat taborunun əməliyyat bölüyünün əməliyyat taqımının əməliyyat qrupunun komandiri) AR Müdafiə nazirinin 2023-cü il tarixli müvafiq əmrinə əsasən, kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin subyekti əməkdaşı vəzifəsi hesab edilmir. “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında” 29 iyun 2004-cü il tarixli 711-İİQ nömrəli Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikası Prezidentinin 28 yanvar 2005-ci il tarixli 186 nömrəli Fərmanına əsasən Müdafiə sahəsində hərbi kəşfiyyat fəaliyyəti həyata keçirən kəşfiyyat subyektləri (strukturları) və onların səlahiyyət dairəsi Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı tərəfindən müəyyən edilir və müəyyən etdiyi qaydada həyata keçirilir. Azərbaycan Respublikası Prezidentinin 28 yanvar 2005-ci il tarixli 186 nömrəli Fərmanına əsasən Azərbaycan Respublikası Müdafiə Nazirliyinin müdafiə sahəsində hərbi kəşfiyyat fəaliyyəti həyata keçirən kəşfiyyat subyektlərinin (strukturlarının) müəyyən edilməsinə dair tələblər və onların fəaliyyət sahələrinin müəyyən edilməsi yaradılmış müvafiq komissiya tərəfindən müəyyən olunur və Müdafiə naziri tərəfindən müvafiq əmrlə təsdiq olunur. Nazirlər Kabinetinin 180-24 NQ-li 23 noyabr 2004-cü il tarixli Qərarı ilə qüvvəyə minmiş “Xidməti vəzifələrin icrası zamanı həlak olmuş (ölmüş), xəsarət (yaralanma, travma, kontuziya) almış, xəstəliklə əlaqədar sağlamlığına digər ziyan dəymiş kəşfiyyat və əkskəşfiyyat fəaliyyətinin subyektləri əməkdaşlarına və onların ailəsinə kompensasiya verilməsi” Qaydalarına uyğun tələb edilən kompensasiyanın ödənilməsi mümkün deyil. İddiaçı xx.xx.2025-ci li tarixdə məhkəməyə əlavə sübutların təqdim olunmasına dair xx.xx.2025-ci ll tarixli ərizə ilə “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında” AR Qanununun 20.7-ci maddəsinə əsasən kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinin hərbi qulluqçularının müalicə olunmaları ilə əlaqədar ildə bir dəfə onlara 2 aylıq pul təminatı məbləğində birdəfəlik müavinət verilməsini əsas gətirərək 2023 və 2024-cü illərdə həmin məbləğin ona da ödənilməsinin onun kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektinin əməkdaşı olduğunu sübut etdiyini qeyd etmiş və sözügedən ödənişə dair bank çıxarışını məhkəməyə təqdim etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanunu: ... Maddə 1. Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti anlayışı və onun təyinatı 1.1. Kəşfiyyat fəaliyyəti - Azərbaycan Respublikasının müvafiq dövlət orqanlarının ölkənin siyasi, iqtisadi, sosial, elmi-texniki, hərbi və digər sahələrdə milli maraqlarının müdafiəsi ilə bağlı məlumatların əldə edilməsinə və təhlilinə yönəlmiş, milli təhlükəsizliyin təmin edilməsi məqsədi ilə həyata keçirilən xüsusi fəaliyyətidir. 1.2. Kəşfiyyat fəaliyyəti Azərbaycan Respublikasının milli maraqlarının təmin edilməsinə və milli təhlükəsizlik siyasətinin müvəffəqiyyətlə həyata keçirilməsi üçün əlverişli şəraitin yaradılmasına yönəlmişdir. 1.3. Əks-kəşfiyyat fəaliyyəti - Azərbaycan Respublikasının müvafiq dövlət orqanları tərəfindən xarici xüsusi xidmət orqanlarının, təşkilatların və ayrı-ayrı şəxslərin Azərbaycan Respublikasının müstəqilliyinə, suverenliyinə, ərazi bütövlüyünə, konstitusiya quruluşuna, iqtisadi, müdafiə, elmi-texniki potensialına və digər milli maraqlarına zərər vura biləcək kəşfiyyat, terror-təxribat və sair pozuculuq əməllərinin aşkarlanması, qabaqlanması və qarşısının alınması məqsədi ilə həyata keçirilən xüsusi fəaliyyətdir. 1.4. Əks-kəşfiyyat fəaliyyəti Azərbaycan Respublikasının milli maraqlarının həyata keçirilməsinə mane olan və ya bu maraqlara təhlükə yaradan şərait, proses və amillərdən qorunmasına yönəlmişdir. ... Maddə 6. Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin subyektləri 6.1. Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin subyektləri - Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətini həyata keçirən xüsusi xidmət orqanlarıdır. 6.2. Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin subyektləri və onların səlahiyyət dairəsi Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin subyektlərin işinin əlaqələndirilməsi Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada həyata keçirilir. 6.3. Digər müvafiq icra hakimiyyəti orqanları Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş səlahiyyətləri çərçivəsində kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinin müraciəti əsasında kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin həyata keçirilməsində iştirak edirlər. ... Maddə 14. Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinin əməkdaşları 14.1. Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektləri hərbi qulluqçular və bu subyektlərlə əmək müqaviləsi bağlamış işçilərlə (mülki heyət) komplektləşdirilir. 14.2. Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinin hərbi qulluqçuları (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla), həmçinin hərbi qulluqçu vəzifələrinə təyin edilmiş mülki heyət sırasından olan şəxslər bu subyektlərin əməkdaşları hesab olunurlar. 14.3. Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinin hərbi qulluqçuları “Hərbi vəzifə və hərbi xidmət haqqında” və “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikasının qanunlarına, “Hərbi xidmətkeçmə haqqında” Əsasnaməyə, hərbi nizamnamələrə və digər hərbi qanunvericilik aktlarına müvafiq olaraq həyata keçirdikləri vəzifələrin xüsusiyyətləri nəzərə alınmaqla həqiqi hərbi xidmət keçirlər. ... Maddə 20. Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinin əməkdaşlarının sosial müdafiəsi ... 20.11. Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinin hərbi qulluqçularının həyatı və sağlamlığı dövlət büdcəsi vəsaiti hesabına onların 5 illik pul təminatı məbləğində sığorta edilir. Azərbaycan Respublikası Prezidentinin “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinin səlahiyyət dairəsinin, vəzifə və hüquqlarının bölgüsünün, kəşfiyyat və əks-kəşfiyyat tədbirlərinin həyata keçirilməsi səlahiyyətlərinin müəyyən edilməsi haqqında” 28 yanvar 2005-ci il tarixli 186 nömrəli Fərmanı:

1. “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa və öz əsasnamələrinə uyğun olaraq, kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin subyektləri aşağıdakılardır: 1.1. Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti (kəşfiyyat fəaliyyətinin subyekti); 1.2. Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti (əks-kəşfiyyat fəaliyyətinin subyekti); 1.3. Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti (mühafizə olunan şəxslərin və qorunan obyektlərin təhlükəsizliyinin təmin edilməsi, habelə Azərbaycan Respublikasının Xüsusi Rabitə və X2 Xidmətinin əks-kəşfiyyat təminatının həyata keçirilməsi (texniki sahədə həmin Xidmətlə birlikdə) sahəsində əks-kəşfiyyat fəaliyyətinin subyekti); 1.4. müvafiq dövlət orqanlarının aşağıdakı kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətini həyata keçirən strukturları: 1.4.1. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin müdafiə sahəsində hərbi kəşfiyyat fəaliyyətini; 1.4.2. Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin dövlət sərhədinin mühafizəsi ilə əlaqədar kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətini; 1.4.3. Azərbaycan Respublikasının Xüsusi Rabitə və X2 Xidmətinin texniki sahədə əks-kəşfiyyat fəaliyyətini.

MƏHKƏMƏNİN MÖVQEYİ

Hazırki iş üzrə iddiaçının hüquqi marağı və məqsədi xx.xx.2023-cü il tarixdə xidmət vəzifələrinin icrası zamanı aldığı yaralanma (travma) nəticəsində sağlamlığına dəymiş zərərə görə “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununun 20.11 və 20.12-ci maddələrində nəzərdə tutulmuş müvafiq kompensasiyanın ona ödənilməsinə nail olmaqdan ibarətdir. İddia tələbinin hüquqi əsası isə iddiaçının 2023-cü ilin sentyabr ayında keçirilən lokal antiterror əməliyyatlarına cəlb olunarkən onun tutduğu vəzifə hərbi kəşfiyyat həyata keçirən orqanların (subyektlərin) və onların əməkdaşlarının siyahılarında iddiaçının tutduğu vəzifənin olub-olmaması təşkil edir. Bununla bağlı isə qeyd edilməlidir ki, kəşfiyyat və əks-kəşfiyyat subyektləri - dövlətin milli təhlükəsizliyini təmin edən, kəşfiyyat və əks kəşfiyyat fəaliyyətini həyata keçirməyə səlahiyyəti olan dövlət orqanlarıdır. Həmçinin “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında” Qanunun tələbinə görə kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərində hərbi xidmətə (işə) könüllülük əsasında şəxsi və iş keyfiyyətlərinə, peşə yararlığına, fiziki hazırlığına, sağlamlıq vəziyyətinə və təhsil səviyyəsinə görə bu subyektlərin üzərinə düşən vəzifələri yerinə yetirməyə qadir olan Azərbaycan Respublikasının vətəndaşları qəbul olunurlar. Eyni zamanda, kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin subyektləri və onların səlahiyyət dairəsi Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin subyektlərin işinin əlaqələndirilməsi Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada həyata keçirilir. “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti” haqqında Azərbaycan Respublikası Qanunu və Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinin səlahiyyət dairəsinin, vəzifə və hüquqlarının bölgüsünün, kəşfiyyat və əks-kəşfiyyat tədbirlərinin həyata keçirilməsi səlahiyyətlərinin müəyyən edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 28 yanvar 2005-ci il tarixli 186 №-li Fərmanı Azərbaycan Respublikasının müdafiə naziri qanunla müəyyən olunmuş səlahiyyətlər çərşivəsində hər il məxfi əmr ilə “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti” subyektləri əməkdaşları hesab olunan vəzifələri elan edir. Nazirlər Kabinetinin 2005-ci il 28 yanvar tarixli, 186 nömrəli qərarı Müdafiə nazirinə diskresion səlahiyyət əsasında “Kəşfiyyat fəaliyyətini” həyata keçirən vəzifələrin siyahısını müəyyən etməyə ixtiyar verir. Eyni zamanda hərbi qulluqçunun hərbi hissə rəhbərliyinin mülahizəsindən asılı olaraq “Kəşfiyyat fəaliyyətini” həyata keçirən vəzifələrin siyahısının müəyyən edilməsinə münasibətdə isə nəzərə alınmalıdır ki, hərbi qulluqçuya həvalə edilmiş vəzifələrinin icrasının xarakteri həmin siyahıya daxil ediləcəyi qənaətinə gəlmək inzibati orqanın diskresion səlahiyyətinə müdaxilə təşkil etmiş olar. Başqa sözlə, hərbi hissə rəhbərliyinin və AR Müdafiə Nazirliyininin qiymətləndirməsi ilə hərbi qulluqçunun vəzifəsinin icrası ilə bağlı həyata keçirdiyi kəşfiyyat fəaliyyətindən asılı olmaqla, müvafiq əmrlə Kəşfiyyat fəaliyyətini” həyata keçirən vəzifələrin siyahısına daxil edilir. Cavabdeh inzibati orqan tərəfindən diskresion səlahiyyətlərin qanunla müəyyən olunmuş hədlərinə əməl olunmaması və ya diskresion hüququn həmin səlahiyyətlərin məqsədinə uyğun şəkildə həyata keçirilməməsi halları müəyyən edilməmişdir Bununla bağlı isə məhkəmə onu qeyd etməyi zəruri hesab edir ki, cavabdeh inzibati orqana diskresion səlahiyyətlər əsasında qərar qəbul etmək vəzifəsi və hüququ, inzibati aktın qəbulu zamanı maddi hüquq normasının tətbiqi şərtlərini özünün qiymətləndirməsinə əsasən müəyyən etmək və ya hər hansı hüquq normasının tətbiqi ilə bağlı qiymətləndirmə azadlığı vermişdir (İPM-in 73.3.1 və 73.3.2-ci maddələri). Nəzərə almaq lazımdır ki, diskresion səlahiyyətin həyata keçirilməsi inzibati orqanların icra hakimiyyəti orqanları qismində fəaliyyəti çərçivəsində ilkin vəzifəsi və hüququ sayılır. Əgər məhkəmə inzibati orqanın qərarını qanunsuz hesab edirsə, onda o, elə hakimiyyətlərin bölünməsi prinsipinin mövcudluğuna görə doğru hesab etdiyi diskresion qərarı özü qəbul edə bilməz. Başqa sözlə, məhkəmə inzibati orqanın diskresion səlahiyyətini özünün diskresion səlahiyyəti ilə əvəz edə bilməz. Məhkəmə yalnız inzibati orqanın öz diskresion səlahiyyətini necə həyata keçirdiyini yoxlaya bilər. Çünki məhkəmə hakimiyyətinin fəaliyyəti ədalət mühakiməsinin və hüquqi nəzarətin həyata keçirilməsi ilə məhdudlaşır. Bununla yanaşı, məhkəmə nəzərə alır ki, inzibati orqan diskresion səlahiyyətə malik olduğu hallarda da tam sərbəst deyildir. Əksinə, inzibati orqan diskresion səlahiyyəti düzgün həyata keçirmək öhdəliyi daşıyır və bu səbəbdən maraqlı şəxs inzibati orqandan diskresion səlahiyyətin düzgün həyata keçirilməsini tələb etmək hüququna malikdir (“İnzibati icraat haqqında” Qanunun 16.2-ci maddəsi). Məhkəmə, bir qayda olaraq, inzibati orqanın hərəkətinin qanuni əsasının şərtlərini dəqiqliklə yoxlayır. Başqa sözlə, qanun inzibati orqana inzibati məhkəmə icraatının gedişində məhkəmə tərəfindən yoxlanılmasını mümkünsüz edən heç bir qiymətləndirmə azadlığı vermir. Lakin göstərilən qaydadan müəyyən istisnalar da mövcuddur. İPM-in 73.3.2-ci maddəsində təsbit olunan qiymətləndirmə azadlığı inzibati orqana yalnız məhdud hallarda ağlabatanlıq və qəbul edilə bilmə baxımından məhkəmə qaydasında yoxlanılması mümkün olan qiymətləndirmə azadlığı təklif edir. Burada, söhbət məhkəmə qaydasında təkrarlanması mümkün olmayan və ya inzibati orqanın işin mahiyyəti ilə bağlı məhkəmədən daha çox xüsusi bilik və təcrübəyə malik olduğu hallardan gedir. Belə ki, iddiaçı 2023-cü ilin sentyabr ayında keçirilən lokal antiterror əməliyyatlarına cəlb olunarkən onun tutduğu vəzifə hərbi kəşfiyyat həyata keçirən orqanların (subyektlərin) və onların əməkdaşlarının siyahılarında olmamış və iddiaçı kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir. İddiaçı hərbi xidmətdən təxris olunduqdan sonra 2023-cü ilin sentyabr ayında keçirilən lokal antiterror əməliyyatlarına cəlb olunarkən onun tutduğu vəzifəsinin hərbi kəşfiyyat həyata keçirən orqanların (subyektlərin) və onların əməkdaşlarının siyahılarına daxil edilməsi iddiaçını xeyrinə dəyişmir. Belə ki, “Kəşfiyyat fəaliyyəti subyekti əməkdaşları vəzifələrinin Siyahısı”na vəzifələr hərbi qulluqçunun vəzifəsinin icrası ilə bağlı həyata keçirdiyi kəşfiyyat fəaliyyətindən asılı olmaqla daxil edilir. Belə olduqda məhkəmə hesab edir ki, iddiaçının 2023-cü ilin sentyabr ayında keçirilən lokal antiterror əməliyyatlarına cəlb olunarkən onun tutduğu vəzifə hərbi kəşfiyyat həyata keçirən orqanların (subyektlərin) və onların əməkdaşlarının siyahılarında olmadığından cavabdehin imtinası qanuni və əsaslı olmuşdur. Beləliklə, iddiaçının 2003-cu ilin sentyabr ayında keçirilən lokal antiterror əməliyyatlarına cəlb olunarkən xidmət etdiyi vəzifəsi kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektləri hesab xx.xx.2023-cü il tarixdə xidmət vəzifələrinin icrası zamanı aldığı yaralanma (travma) nəticəsində sağlamlığına dəymiş zərərə görə “Kəşfiyyat və əkskəşfiyyat fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununun 20.11 və 20.12-ci maddələrində nəzərdə tutulmuş müvafiq kompensasiyanın ona ödənilməsi tələbinin hüquqi əsası mövcud deyildir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməməlidir. Beləliklə, məhkəmə araşdırması ilə müəyyən olunur ki, inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair öhdəliyin icrası haqqında hazırkı iddia üzrə sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi cavabdehin imtinasını zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilmir (İPM-14.2), cavabdehə qanunvericiliklə verilmiş səlahiyyətlərin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmamışdır, cavabdehin imtinası qanunazidd oluş və bu səbəbdən iddiaçının hüquqlarını pozmuşdur, imtina mövcud inzibati praktikaya uyğun olmamaqla, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmamışdır (“İnzibati icraat haqqında” AR Qanununun 13.2 və 17-ci maddələri). İPM-nin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır

NƏTİCƏVİ HİSSƏ

Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci , 69-cu, 75-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qərara aldı:

İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin subyekti kimi ona kompensasiya verilməsi”nə dair iddia tələbi təmin edilməsin. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Nəriman Abıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar