Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-5756/2020 07.09.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Məhkəmənin hakimi Həsənova Şəlalə Akif qızının sədrliyi, Bəşirli Leyla Elşad qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Nazirlər Kabinetinə qarşı hərəkətlərin qanunsuz hesab edilməsi, qərarın ləğv edilməsi və dəymiş mənəvi ziyanın ödənilməsi tələbinə dair inzibati iş materiallarına hazırlıq icraatı ilə bağlı açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Nazirlər Kabinetinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Nazirlər Kabinetinin hərəkətinin qanunsuz hesab edilməsi, dərhal xüsusi rejimin ləğv edilməsi barədə cavabdehin üzərinə vəzifə qoyulması və ona mənəvi zərərin vurulmasına görə cavabdehdən 20 min manat tutularaq hesabıma köçürülməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, xx xxxx 2020-ci il tarixdə Azərbaycan Respublikasının Baş X1 iclas keçirilmiş, ölkədə koronavirus infeksiyası ilə bağlı vəziyyəti müzakirə edilmiş, xüsusi rejim tətbiq edilməsi barədə qərar qəbul edilmişdir. Qərarda göstərilmişdir ki, Azərbaycan Respublikasının “Sanitariya-epidemioloji sağlamlıq” haqqında Qanunun 25-ci maddəsinə əsasən Azərbaycan Respublikasında xx xxxx 2020ci il saat 00:00-dan etibarən 20 aprel saat 00:00-dək xüsusi karantin rejimi elan edilir. O, başa düşür ki, hökumət tərəfindən belə bir qərarın verilməsi insanların sağlamlığı naminə edilmişdir. Bununla belə hesab etmişdir ki, mövcud qanunlara əsasən Baş Nazir Ə.Əsədovun ölkə üzrə karantin adı ilə insanların evdən çıxmasını qadağan etmək səlahiyyəti yoxdur. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin bu qanuna zidd qərarı 4 aydan artıqdır ki, onların həyatlarına son dərəcə mənfi təsir göstərmiş, onları ruhi sarsıntılara məruz qoymuş, fiziki və maddi imkanlarını xeyli məhdudlaşdırmışdır. Bundan başqa dünyada ikinci belə bir dövlət olmamışdır ki, bu cür sərt uzun müddətli karantin rejimi, qadağalar tətbiq etsin, insanları təmiz havadan, günəş işığından, dənizdən məhrum etsin. Hətta qadağalar başladığı ilk gündən 67 yaşdan yuxarı insanların, o cümlədən, onun evdən çölə çıxmağına belə qadağa qoyulmuşdu. Halbu ki, bu təbiətin qanunudur ki, yalnız immun sistemi güclü olan insanlar istənilən xəstəliyə qalib gələ bilərlər. Təəssüf hissi ilə onu da bildirmişdir ki, bu qadağa müddətində əksər insanlar kimi o da dövlətdən heç bir dəstək almamışdır. Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsində Baş Nazirin səlahiyyətlərinin çərçivəsi dəqiq göstərilmişdir və onun ölkə üzrə karantin elan etmək səlahiyyəti yoxdur. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək onun təmin olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdeh lazımi qaydada xəbərdarlıq edilmiş, lakin cavabdehin səlahiyyətli nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməsinin səbəbləri barədə məhkəməyə hər hansı bir məlumat verməmişdir. Məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının izahatını dinləyib, iddia ərizəsini nəzərdən keçirərək hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 1.1-ci maddəsinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Həmin Qanunun 1.2-ci maddəsinə əsasən bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Azərbaycan Respublikası Konstitusiyasının 120-ci maddəsinin İ hissəsinə əsasən ümumi qaydalar müəyyən etdikdə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərarlar, başqa məsələlər üzrə sərəncamlar qəbul edir. Azərbaycan Respublikası Konstitusiyasının 148-ci maddəsinin İ hissəsinin 5-ci bəndinə əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarları qanunvericilik sisteminə daxil olan normativ hüquqi aktdır. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanunun 1.0.1-ci maddəsinə əsasən normativ hüquqi akt – tənzimlənməsi Azərbaycan Respublikasının Konstitusiyası ilə, qanunla və ya fərmanla dövlət orqanının səlahiyyətlərinə aid edilən məsələlər üzrə həmin dövlət orqanı tərəfindən və ya referendum yolu ilə qəbul edilmiş, hamı üçün məcburi davranış qaydalarını əks etdirən, qeyri-müəyyən subyektlər dairəsi üçün və dəfələrlə tətbiq olunmaq üçün nəzərdə tutulmuş müəyyən formalı rəsmi sənəddir. İddia tələbindən göründüyü kimi iddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxx 2020-ci il tarixli qərarını mübahisələndirilr. Yuxarıda qeyd edilən qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmə belə qənaətə gəlir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxx 2020-ci il tarixli qərarı inzibati akt deyildir. Beləliklə məhkəmə hesab edir ki, iddiaçı ilə cavabdeh orqan arasında inzibati hüquq münasibəti mövcud olmadığından və hazırkı iddia inzibati icraat qaydasında baxılan iddia hesab olunmadığından, iddia mümkünsüz sayılmalıdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın şikayəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin Məcəllənin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35, 80, 85.1-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı iddiası mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim: Şəlalə Həsənova
Məhkəmə qərarları › İş №2-1(112)-5756/2020
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-5756/2020
07.09.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver