Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-5756/2025 08.07.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi ilə, İddiaçı nümayəndəsi (arvadı) X5, Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə (adi cəlbetmə qaydasında üçüncü şəxs "xxxx" Mənzil Tikinti Kooperativi və Dövlət Vergi Xidməti) qarşı “qaytarılacaq ƏDV-nin yekun məbləği barədə məlumatın verilməsi” iddia tələbi üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: I. Mübahisəli hüququn qısa xülasəsi
1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh tərəfin xx.xx.2024-cü il tarixli **********046700 saylı qərarının ləğv edilməsi və Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə ünvan 1 ünvanında yerləşən “AVANT Park” yaşayış kompleksinin 3-cü binasında, 3-cü blok, 6-cı mərtəbə, 2 № li, 3 otaqlı mənzilə görə mənə qaytarılacaq olan ƏDV-nin yekun məbləği barədə məlumatın müvəkkil banka ("xxxx" ASCnin baş ofisi (Müştəri Xidmətləri Departamenti) ötürülməsi barədə qərar qəbul edilməsi xahiş etmişdir.
2. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı 27 dekabr 2021-ci il tarixdə 0020 № li Payçı Müqaviləsinə əsasən “AVANT Group’' Mənzil Tikinti Kooperativindən 140376 (bir yüz qırx min üç yüz yetmiş altı) manat dəyərində ünvan 2 ünvanında “AVANT Park’’ Yaşayış Kompleksinin 3-cü binasında, 3-cü blok, 6-cı mərtəbə, 2 № li, 3 otaqlı mənzil almışdır. Qeyd olunan tarixdə ilkin olaraq müqavilənin ümumi dəyərinin 50%-ni təşkil etməklə, MTKya 70188 (yetmiş min yüz səksən səkkiz) manat ilkin ödəniş edilmişdir. Qalan məbləğ isə aylıq ödəniş cədvəli üzrə, bir çox hallarda isə vaxtından əvvəl ödəniş olmaqla 15 oktyabr 2024-cü il tarixdə yekunlaşmışdır. İddiaçı ödəniş yekunlaşdıqdan sonra qaydalara əsasən əlavə dəyər vergisinin qaytarılması ilə bağlı ilkin olaraq xx.xx.2024-cü il tarixli elektron ərizə ilə Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə müraciət etmiş və xx.xx.2024-cü il tarixində çatışmazlıqlar barədə elektron bildiriş məktubu almışdır. İddiaçı xx.xx.2024-cü il tarixdə müvafiq sənədlərlə və "xxxx" MTK-nin təqdim etdiyi mədaxil qəbzləri ilə bağlı arayış və notarial qaydada təsdiq olunmuş ərizə (**********663) ilə elektron məktub göndərmişdir. İddiaçı xx.xx.2024-cü il tarixdə imtina bildirişi və Yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılmasından imtina edilməsi haqqında qərarı (№ **********046700) elektron məktubla almışdır. Qərar qaydanın 5.1.2-ci bəndini əsas götürərək alıcının yaşayış və qeyri-yaşayış sahələrinin tam dəyərini (ƏDV-siz) nağdsız qaydada satıcının bank hesabına, ƏDV məbləğini isə satıcının ƏDV depozit hesabına ödəməyi əsas gətirmişdir. Qərar imtinanın nəticəsi barədə vergilər xidmətinə şikayəti və məhkəməyə müraciəti nəzərdə tutduğundan iddiaçı xx.xx.2024-cü il tarixdə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə elektron məktubla şikayət ünvanlamış və şikayətinin təmin olunması məqsədilə "xxxx" MTK-nın müraciəti əsasənda ona təqdim etdiyi ƏDV məbləğinin depozit hesabına ödəniməsinə dair arayışı da qoşma fayl olaraq məktuba əlavə etmişdir. İddiaçı şikayətin araşdırılması və araşdırılmada iştirak etmək məqsədilə xx.xx.2024-cü il tarixdə saat 10:00 da Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin inzibati binasına dəvət olunma haqqında elektron məktub almış və qeyd olunan tarixdə araşdırmada iştirak etmişdir. İddiaçı xx.xx.2024-cü il tarixdə araşdırmanın nəticəsi barədə məlumat almaq məqsədilə vergi xidmətinə telefonla müraciət etmiş və iddiaçıya xx.xx.2024-cü il tarixdə araşdırmanın nəticəsi ilə bağlı yekun qərar verildiyini və poçtla göndərildiyini bildirmişdirlər. Halbuki iddiaçı bu günə qədər (xx.xx.2024-cü il) məktubu qəbul etməmiş və məktubu həmin gün İqtisadiyyat Nazirliyinə gedərək ordan əldə etmişdir. Nəticə olaraq inzibati şikayət təmin olunmamışdır və xx.xx.2024-cü il tarixli **********046700 nömrəli qərar dəyişdirilmədən saxlanılmışdır. İddiaçı qeyd edir ki, "xxxx" MTK tərəfindən ünvanlanmış 07 noyabr 2024-cü il tarixli məktubda bildirmişdir ki, “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası”na dair Azərbaycan Respublikası Prezidentinin xx.xx.2022-ci il tarixli, 1693 nömrəli Fərmanın tələbinə görə mənzilin satışı həyata keçirən dövrdə e-qaimə göndərilməsi tələb olunmadığından e-qaimə təqdim edilməmişdir. Buna baxmayaraq Kooperativə tərəfinizdən ödənilən ƏDV daxil 140376 (bir yüz qırx min üç yüz yetmiş altı) manat məbləğin 21413 (iyirmi bir min dörd yüz on üç) manat 29 qəpik ƏDV məbləği müvafiq qaydada vergi orqanına ümumi hesabatda bəyan edilmiş və yaranmış vergi öhdəliyi ödənilmişdir. Belə olan halda, ƏDV məbləğinin MTK-dan tələb edilməsi, MTK-nın da öz növbəsində əsassız olaraq artıq ƏDV vergisi ödəməsinə, həmçinin ƏDV məbləğinin alıcılara qaytarılmasından yaranan ikiqat ziyana uğramasına gətirib çıxara bilər.
3. Cavabdeh Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi iddia tələbinə yazılı etiraz təqdim edərək bildirmişdir ki, Azərbaycan Respublikası Prezidentinin 25 may 2022-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası”nın 6.1-ci bəndinə əsasən alıcı yaşayış və qeyri-yaşayış sahələrinin dəyərini Qayda qüvvəyə mindiyi tarixədək nağdsız qaydada satıcının bank hesabına ödənildiyini (ƏDV məbləğinin satıcının bank hesabına və ya ƏDV depozit hesabına ödənilməsindən asılı olmayaraq), Qayda qüvvəyə mindiyi tarixdən sonra isə 5.1.2-ci bəndinə əsasən yaşayış və qeyri-yaşayış sahələrinin dəyərini (ƏDV-siz) nağdsız qaydada satıcının bank hesabına, ƏDV məbləğini isə satıcının ƏDV depozit hesabına ödənildiyini təsdiq edən sənədləri satıcının uçotda olduğu vergi orqanına təqdim etməlidir. Lakin, alıcı İddiaçı tərəfindən təqdim edilmiş sənədlərin araşdırılması zamanı qayda qüvvəyə mindiyi tarixdən sonra yaşayış və qeyri-yaşayış sahələri üçün ödənilmiş 60388.0 manat dəyərini (ƏDV daxil) satıcının bank hesabına ödənildiyi müəyyən edilmişdir. Vətəndaş tərəfindən alınan mənzilin tam dəyəri (ƏDV daxil) satıcının bank hesabına ödənildiyindən müraciətin təmin edilməsi mümkün olmamışdır. ƏDV ödəyicisi olan satıcı əldə etdiyi gəlirlər üzrə ƏDV bəyannaməsini təqdim edir. Yuxarıda qeyd edilən Qaydaların tələblərinə əsasən alıcı mənzilin dəyəri üzrə əsas məbləği satıcının bank hesabına, ƏDV məbləğini isə ƏDV depozit hesabına ödəməlidir. Belə ki, qüvvədə olan Qaydaya əsasən alıcı tərəfindən ƏDV depozit hesabına ödənilən ƏDV məbləğinin 30% geri qaytarılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 30 dekabr tarixli 219 nömrəli qərarı ilə təsdiq edilmiş “Vergi ödəyicisinə verilmiş elektron qaimə-faktura üzrə alınmış malların (iş və xidmətlərin) dəyəri ödənilərkən ƏDV-nin ödənilməsi, ƏDV-nin depozit hesabında uçotun aparılması, ƏDV-nin hərəkəti, bu hesab üzrə aparılan əməliyyatlardan ƏDV-nin əvəzləşdirilməsi və dövlət büdcəsinə köçürülməsi” Qaydalarında aşağıdakı bəndlər qeyd olunmuşdur: 1.6. Bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən yaşayış və qeyri-yaşayış sahələri alan şəxslər tərəfindən elektron qaimə-fakturada, müqavilədə, qəbzdə və ya çekdə göstərilən yaşayış və qeyri-yaşayış sahələrinin ƏDV-siz dəyəri bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxsin bank və digər ödəniş hesabına, ƏDV-nin məbləği isə ƏDV-nin depozit hesabına köçürülməlidir. 1.7. Bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxs tərəfindən alıcıya təqdim olunan elektron qaimə-fakturada, müqavilədə, qəbzdə və ya çekdə ƏDV məbləğinin köçürülməsi üçün nəzərdə tutulan ƏDV-nin depozit hesabının rekvizitləri göstərilməlidir. Qeyd olunan müddəalardan aydın olur ki, ƏDV-nin depozit hesabının rekvizitlərinin göstərilməsi satıcının yəni, bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxsin vəzifəsidir. Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 25 may tarixli 1693 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası”na əsasən “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası” (bundan sonra – Qayda) Azərbaycan Respublikası Vergi Məcəlləsinin 165.6-cı maddəsinə uyğun olaraq, fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin (bundan sonra – ƏDV) qaytarılması şərtlərini və qaydasını tənzimləyir (1.1-ci bənd). Həmin Qaydaların 2.0.4-cü bəndinə əsasən, operator – ƏDV-nin qaytarılması şərtilə alıcılara təqdim edilən yaşayış və qeyri-yaşayış sahələri üzrə elektron qaimə-fakturanın tərtib edilməsinə, həmin elektron qaimə-faktura barədə məlumatların aidiyyəti üzrə ötürülməsinə imkan verən proqram təminatının, portalın və vahid elektron məlumat bazasının fəaliyyətini təşkil və idarə edən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətidir (bundan sonra – Dövlət Vergi Xidməti). Həmin Qaydaların 2.0.6-cı bəndinə əsasən, müvəkkil bank – ƏDV-nin qaytarılması məqsədilə Azərbaycan Respublikasının Maliyyə Nazirliyi və Azərbaycan Respublikasının Mərkəzi Bankı ilə razılaşdırmaqla Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi tərəfindən müəyyən edilən bank və ya banklardır. Həmin Qaydaların 5.5-ci bəndinə əsasən, elektron qaimə-faktura və bu Qaydanın 5.1-ci bəndində qeyd olunmuş sənədlərdə göstərilən məlumatlar operator tərəfindən yoxlanıldıqdan sonra dərhal risk qiymətləndirilməsi aparılır və risk qiymətləndirilməsinin nəticələri əsasında, təqdim edilmiş sənədlər bu Qayda ilə müəyyən edilmiş tələblərə cavab verdikdə, operator alıcıya qaytarılacaq ƏDV-nin yekun məbləği barədə məlumatı həmin gün müvəkkil banka ötürür. Bu barədə alıcının portalda yaratdığı elektron kabinetə məlumat göndərilir. Həmin Qaydaların 6.2-ci maddəsinə əsasən, bu Qaydanın 6.1-ci bəndində nəzərdə tutulmuş hallar üzrə alıcıların müraciətləri vergi orqanı tərəfindən bu Qaydanın tələblərinə uyğun olaraq araşdırılır və risklər müəyyən edilmədiyi halda, ƏDV-nin alıcının bank hesabına köçürülməsi barədə məlumat portal vasitəsilə deyil, fərdi qaydada müvəkkil banka göndərilir. Bu barədə alıcıya məlumat verilir. Həmçinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 219 nömrəli qərarı ilə təsdiq edilmiş “Vergi ödəyicisinə verilmiş elektron qaimə-faktura üzrə alınmış malların (iş və xidmətlərin) dəyəri ödənilərkən ƏDV-nin ödənilməsi, ƏDV-nin depozit hesabında uçotun aparılması, ƏDV-nin hərəkəti, bu hesab üzrə aparılan əməliyyatlardan ƏDV-nin əvəzləşdirilməsi və dövlət büdcəsinə köçürülməsi Qaydaları”nın 1.6-ci bəndlərinə əsasən bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən yaşayış və qeyri-yaşayış sahələri alan şəxslər tərəfindən elektron qaiməfakturada, müqavilədə, qəbzdə və ya çekdə göstərilən yaşayış və qeyri-yaşayış sahələrinin ƏDV-siz dəyəri bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxsin bank hesabına, ƏDV-nin məbləği isə ƏDV-nin depozit hesabına köçürülməlidir. Göründüyü kimi ƏDV-nin geri qaytarılması üçün fiziki şəxslər alınmış yaşayış sahəsi üzrə ödənişlərin həyata keçirilməsi zamanı yuxarıda qeyd edilən tələblərə uyğun şəkildə ödənişləri həyata keçirməlidirlər. “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyriyaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası”nın 5.1-ci maddəsinə əsasən, alıcı yaşayış və qeyri-yaşayış sahələrinin dəyərini satıcıya nağdsız qaydada tam şəkildə ödədikdən sonra 90 (doxsan) gündən gec olmayaraq, ƏDV-nin qaytarılması məqsədilə portalda qeydiyyatdan keçərək elektron kabinetini yaradır, elektron kabinet vasitəsilə müraciətini və aşağıdakı sənədləri skan edərək portala göndərir: 5.1.1. yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsi ilə bağlı sənədin surəti; 5.1.2. alınmış yaşayış və qeyri-yaşayış sahələrinin tam dəyərinin (ƏDV-siz) nağdsız qaydada satıcının bank hesabına, ƏDV məbləğinin isə satıcının ƏDV depozit hesabına ödənildiyini təsdiq edən və aşağıdakı məlumatların dəqiq göstərildiyi bank ödəniş sənədi:
1. ödənişi aparan alıcının soyadı, adı və atasının adı;
2. ödənişi qəbul edən satıcının adı, VÖEN-i və bank hesabının nömrəsi;
3. ödənişin təyinatı. Həmin Qaydaların 5.4-cü bəndinə əsasən, alıcı tərəfindən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin qaytarılması ilə bağlı alıcının müraciətinə operator 10 (on) iş günü müddətində baxır və bu Qaydanın 5.1-ci bəndində nəzərdə tutulan sənədlərin düzgünlüyünü yoxlayır. Sənədlərdə çatışmazlıq aşkar olunduqda, müraciət daxil olduğu gündən 5 (beş) iş günü müddətində çatışmazlıqların aradan qaldırılması barədə alıcının portalda yaratdığı elektron kabinetə bildiriş göndərilir.
4. Məhkəmə dinləmələri zamanı (məhkəmə baxış iclası) zamanı iştirakı edən iddiaçının nümayəndəsi (arvadı) iddia tələbinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etdi.
5. Məhkəmə dinləmələri zamanı (məhkəmə baxış iclası) zamanı iştirakı edən cavabdehin nümayəndəsi yazılı etirazın məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməməsini xahiş etdi.
II. İddianın mümkünlüyü
6. İddia mümkündür.
III.Məhkəmə tərəfindən tədqiq edilən sübutlar
7. Məhkəmənin hazırki iş üzrə xx.xx.2025-ci il tarixli qərardadı ilə "xxxx" Mənzil Tikinti Kooperativi inzibati məhkəmə icraatına adi cəlbetmə qaydasında üçüncü şəxs qismində cəlb edilmişdir.
8. Məhkəmənin hazırki iş üzrə xx.xx.2025-ci il tarixli qərardadı ilə Dövlət Vergi Xidməti inzibati məhkəmə icraatına adi cəlbetmə qaydasında üçüncü şəxs qismində cəlb edilmişdir.
9. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2024-cü il tarixli, **********046700 saylı “Yaşayış və qeyriyaşayış sahələrinə görə əlavə dəyər vergisinin qaytarılmasından imtina edilməsi haqqında“ Qərarında qeyd edilmişdir ki, İddiaçı nağdsız qaydada alınmış yaşayış və qeyriyaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması ilə bağlı müraciət etmişdir. İddiaçı tərəfindən xx.xx.2024-cü il elektron ərizəyə 0020 nömrəli alqı-satqı müqaviləsi, ödəniş sənədləri və digər sənədlər əlavə edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 25 may 2022-ci il tarixli Fərmanı ilə “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası”nın 6.1-ci bəndinə əsasən alıcı yaşayış və qeyri-yaşayış sahələrinin dəyərini Qayda qüvvəyə mindiyi tarixədək nağdsız qaydada satıcının bank hesabına ödənildiyini (ƏDV məbləğinin satıcının bank hesabına və ya ƏDV depozit hesabına ödənilməsindən asılı olmayaraq) Qayda qüvvəyə mindiyi tarixdən sonra isə 5.1.2-ci bəndinə əsasən yaşayış və qeyri-yaşayış sahələrinin dəyərini (ƏDV-siz) nağdsız qaydada satıcının bank hesabına, ƏDV məbləğinin isə satıcının ƏDV depozit hesabına ödənildiyini təsdiq edən sənədləri uçotda olduğu vergi orqanına təqdim etməlidir. Lakin alıcı X2 tərəfindən təqdim edilmiş sənədlərin araşdırılması zamanı yaşayış və qeyri-yaşayış sahələrinin tam dəyərinin (ƏDV-li) ödəniş tapşırığı ilə banka ödənildiyi müəyyən edilmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 47.1-ci maddəsinə əsasən, inzibati orqan sübutlara iş üçün əhəmiyyət kəsb edən bütün faktiki və hüquqi hallara müvafiq olaraq qiymət verir. Yuxarıda göstərilənlər nəzərə alınaraq və “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 58 və 61-ci maddələrini rəhbər tutaraq İddiaçı xx.xx.2024-cü il tarixli ərizəsi üzrə ƏDV-nin geri qaytarılmasının təmin edilməməsi qərara alınmışdır.
10. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İdarəsinin “İnzibati şikayətin təmin edilməməsi haqqında” xx.xx.2024-cü il tarixli, **********454100 saylı Qərarına əsasən vətəndaş İddiaçı nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması barədə Dövlət Vergi Xidmətinə verdiyi xx.xx.2024-cü il tarixli inzibati şikayətləri təmin edilməmişdir. Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Yaşayış və qeyriyaşayış sahələrininə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılmasından imtina edilməsi haqqında” xx.xx.2024-cü il tarixli **********046700 nömrəli Qərarı qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmışdır.
11. 27 dekabr 2021-ci il tarixli 0020 №-li Payçı Müqaviləsinə əsasən: 1.1. “MTK” ("xxxx" Mənzil Tikinti Kooperativi) pay qismində çıxış edən ünvan 4 ünvanında tikilməkdə olan “AVANT PARK” Yaşayış Kompleksinin 3-cü binasında, 3-cü blok, 6-cı mərtəbə, 2 №-li, 3 otaqlı mənzili tikib və “Payçı”-nın (İddiaçı) mülkiyyətinə verməyi öhdəsinə götürür. 1.2. “Payçı” (İddiaçı) bu müqaviləyə əsasən pay qismində çıxış edən ünvan 4 ünvanında tikilməkdə olan “AVANT PARK” Yaşayış Kompleksinin 3-cü binasında, 3-cü blok, 6-cı mərtəbə, 2 №-li, 3 otaqlı mənzili (bundan sonra “Mənzil”) qəbul etməyi, bu Müqavilədə göstərilən müddətdə və qaydada mənzil üzrə tələb olunan bütün ödənişləri “MTK”-ya ("xxxx" Mənzil Tikinti Kooperativinə) ödənilməsini və həmçinin gələcəkdə “AVANT PARK” yaşayış kompleksində xidmət göstərəcək Şirkətə kommunal ödənişləri etməyi öhdəsinə götürür.
12. "xxxx" Mənzil-Tikinti Kooperativi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli Maliyyə Arayışında qeyd edilmişdir ki, ünvan 4 ünvanda yerləşən “AVANT PARK” layihəsinin 3-cü binasında, 3-cü blok, 6-cı mərtəbəyə, 2 saylı, 3 otaqlı, 95.17 kv.m mənzil "xxxx" MTK-ya məxsusdur. 27 dekabr 2021 tarixli, 0020 saylı Payçı müqaviləsinə əsasən 3-cü bina, 3-cü blok, 6-cı mərtəbə, 2 saylı, 3 otaqlı mənzilin pay dəyəri tam olaraq payçı İddiaçı tərəfindən ödənilmişdir. Payçı İddiaçı MTK-ya hər hansı borcu yoxdur.
13. "xxxx" Mənzil-Tikinti Kooperativi tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubda qeyd edilmişdir ki, “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası”na dair Azərbaycan Respublikası Prezidentinin xx.xx.2022-ci il tarixli, 1693 nömrəli Fərmanın tələbinə görə mənzilin satışı həyata keçən dövrdə e-qaimə göndərilməsi tələb olunmadığından e-qaimə təqdim edilməmişdir. Buna baxmayaraq Kooperativə ödənilən ƏDV daxil 140 376 (Yüz qırx min üç yüz yetmiş altı) manat məbləğin 21413 (iyirmi bir min dörd yüz on üç) manat 29 qəpik ƏDV məbləği müvafiq qaydada vergi orqanına ümumi hesabatda bəyan edilmiş və yaranmış vergi öhdəliyi ödənilmişdir. O səbəbdən ödənişinizə uyğun tərəfimizdən təkrar elektron qaiməfakturanm doldurularaq, təsdiq edilməsi mümkün deyildir.
İV. Məhkəmənin mövqeyi
14. Məhkəmə hüquqların xəyali deyil, praktik və səmərəli qorunmasını həyata keçirir. Məhkəməyə çatım hüququ "praktiki və effektiv" olmalıdır (Bellet Fransaya qarşı, § 38).
15. Konvensiya nəzəri və xəyali hüquqları deyil, praktik və effektiv hüquqları təmin etmək üçün nəzərdə tutulmuşdur (Airey İrlandiyaya qarşı, § 24).
16. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 153.1-ci maddəsinə əsasən Əlavə dəyər vergisi (bundan sonra – ƏDV) vergi tutulan dövriyyədən hesablanan verginin məbləği ilə bu Məcəllənin müddəalarına uyğun olaraq verilən elektron qaimə-fakturalara və ya idxalda ƏDV-nin ödənildiyini göstərən sənədlərə müvafiq surətdə əvəzləşdirilməli olan verginin məbləği arasındakı fərqdir.
17. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 165.6-cı maddəsinə əsasən fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin qaytarılması şərtlərini və qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) təsdiq edir. Bu maddəyə uyğun olaraq qaytarılan məbləğ ödənilmiş ƏDV-nin 30 faizini təşkil edir. Fiziki şəxs olan istehlakçılar eyni binadan bir və ya bir neçə yaşayış və (və ya) qeyri-yaşayış sahələrini aldıqda, ƏDV-nin qaytarılması alınmış yaşayış sahəsinin 500 kvadratmetr və qeyri-yaşayış sahəsinin 500 kvadratmetrdən çox olmayan hissəsinə mütənasib ödənilmiş ƏDV-yə tətbiq edilir.
18. Azərbaycan Respublikası Prezidentinin 25 may 2022-ci il tarixli 1693 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası”ndan: 1.2. Bu Qaydanın tələbləri bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə təqdim edilmiş elektron qaiməfaktura üzrə yaşayış və qeyri-yaşayış sahələrinin qiymətindən (ƏDV ilə birlikdə) asılı olmayaraq tətbiq edilir. 1.3. ƏDV-nin alıcıya qaytarılması alıcının bank hesabına köçürmə yolu ilə həyata keçirilir. Qaytarılan məbləğ ödənilmiş ƏDV-nin 30 faizini təşkil edir. 2.0.2. alıcı – satıcıdan yaşayış və qeyri-yaşayış sahələrini nağdsız qaydada alan fiziki şəxs olan istehlakçı; 2.0.3. satıcı – ƏDV ödəyicisi olan və Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxs; 2.0.4. operator – ƏDV-nin qaytarılması şərtilə alıcılara təqdim edilən yaşayış və qeyriyaşayış sahələri üzrə elektron qaimə-fakturanın tərtib edilməsinə, həmin elektron qaiməfaktura barədə məlumatların aidiyyəti üzrə ötürülməsinə imkan verən proqram təminatının, portalın və vahid elektron məlumat bazasının fəaliyyətini təşkil və idarə edən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti (bundan sonra – Dövlət Vergi Xidməti); 2.0.7. yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsi – bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən yaşayış və qeyri-yaşayış sahələrinin notarial qaydada təsdiq edilməklə, habelə notarial qaydada təsdiq edilmədən bağlanılmış müqavilələr üzrə, həmçinin mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı ilə özgəninkiləşdirilməsi; 3.1. Operator: 3.1.1. bu Qayda ilə müəyyən edilmiş hallarda ƏDV-nin qaytarılması işlərini təşkil edir; 5.1. Alıcı yaşayış və qeyri-yaşayış sahələrinin dəyərini satıcıya nağdsız qaydada tam şəkildə ödədikdən sonra 90 (doxsan) gündən gec olmayaraq, ƏDV-nin qaytarılması məqsədilə portalda qeydiyyatdan keçərək elektron kabinetini yaradır, elektron kabinet vasitəsilə müraciətini və aşağıdakı sənədləri skan edərək portala göndərir: 5.1.1. yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsi ilə bağlı sənədin surəti; 5.1.2. alınmış yaşayış və qeyri-yaşayış sahələrinin tam dəyərinin (ƏDV-siz) nağdsız qaydada satıcının bank hesabına, ƏDV məbləğinin isə satıcının ƏDV depozit hesabına ödənildiyini təsdiq edən və aşağıdakı məlumatların dəqiq göstərildiyi bank ödəniş sənədi: 5.3. Dəyəri satıcıya tam şəkildə ödənilmiş yaşayış və qeyri-yaşayış sahələrinə görə bu Qaydanın 5.1-ci bəndində nəzərdə tutulan müddətdən sonra müraciət edildikdə ƏDV-nin qaytarılmasına yol verilmir. 5.5. Elektron qaimə-faktura və bu Qaydanın 5.1-ci bəndində qeyd olunmuş sənədlərdə göstərilən məlumatlar operator tərəfindən yoxlanıldıqdan sonra dərhal risk qiymətləndirilməsi aparılır və risk qiymətləndirilməsinin nəticələri əsasında, təqdim edilmiş sənədlər bu Qayda ilə müəyyən edilmiş tələblərə cavab verdikdə, operator alıcıya qaytarılacaq ƏDV-nin yekun məbləği barədə məlumatı həmin gün müvəkkil banka ötürür. Bu barədə alıcının portalda yaratdığı elektron kabinetə məlumat göndərilir. 5.7. Müvəkkil bank bu Qaydanın 5.5-ci bəndində nəzərdə tutulan ƏDV məbləğini məlumatı aldığı tarixdən 5 (beş) iş günündən gec olmayaraq alıcının bank hesabına qaytarır. Müvəkkil bank tərəfindən əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə ƏDV məbləği onların seçimindən asılı olaraq milli və ya xarici valyutada qaytarılır. 5.8. Qaytarılacaq ƏDV məbləği müvəkkil bank tərəfindən bank əməliyyatlarının aparılmasına görə xidmət haqları çıxılmaqla alıcıya ödənilir. 6.1. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 165.6-cı maddəsinin qüvvəyə mindiyi 2020-ci il yanvarın 1-dən bu Qayda qüvvəyə mindiyi tarixədək bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən yaşayış və qeyri-yaşayış sahələrini əldə etmiş və ödənişi tam həyata keçirmiş, habelə əldə edilmiş yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənişləri davam etdirən alıcılara ödənilmiş ƏDV-nin 30 faizi (bu Qayda qüvvəyə mindiyi tarixədək ƏDV məbləğinin satıcının bank hesabına və ya ƏDV depozit hesabına ödənilməsindən asılı olmayaraq) aşağıdakı tələblər nəzərə alınmaqla qaytarılır: 6.1.1. ödənişi tam həyata keçirmiş alıcılar bu Qayda qüvvəyə mindiyi tarixdən, ödənişləri davam etdirən alıcılar isə ödəniş tam başa çatdıqdan sonra 90 gün müddətində satıcının uçotda olduğu vergi orqanına müraciət etdikdə; 6.1.2. bu Qaydanın 5.1.1-ci yarımbəndində nəzərdə tutulmuş sənədlə yanaşı, alıcı tərəfindən yaşayış və qeyri-yaşayış sahələrinin dəyərinin nağdsız qaydada satıcının bank hesabına ödənildiyini təsdiq edən sənədlər satıcının uçotda olduğu vergi orqanına təqdim edildikdə. 6.2. Bu Qaydanın 6.1-ci bəndində nəzərdə tutulmuş hallar üzrə alıcıların müraciətləri vergi orqanı tərəfindən bu Qaydanın tələblərinə uyğun olaraq araşdırılır və risklər müəyyən edilmədiyi halda, ƏDV-nin alıcının bank hesabına köçürülməsi barədə məlumat portal vasitəsilə deyil, fərdi qaydada müvəkkil banka göndərilir. Bu barədə alıcıya məlumat verilir.
19. Məhkəmə ilk növbədə müəyyən edir ki, hazırki mübahisə Azərbaycan Respublikası Prezidentinin 25 may 2022-ci il tarixli 1693 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası”nın keçid müddəalarının tətbiqi ilə bağlıdır.
20. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 165.6-cı maddəsi xx.xx.2020-ci il tarixdən qüvvəyə minmiş və fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin qaytarılması ilə bağlı yeni hüquqi tənzimləmələr gətirmişdir. Bununla yanaşı, qanun, qaytarılmanın şərtlərinə və qaydasına dair müvafiq icra hakimiyyəti orqanı tərəfindən əlavə normativ tənzimləmələr aparılmalı olduğunu təsbit etmişdir. Bundan sonra həmin normativ tənzimləmələrin həyata keçirilməsi məqsədilə “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2022-ci il tarixli 1693 nömrəli Fərmanı ilə təsdiq edilmişdir. Həmin Qaydanın 6-cı bəndi keçid müddəaları nəzərdə tutmuşdur. Keçid müddəaları Vergi Məcəlləsinin 165.6-cı maddəsinin qüvvəyə mindiyi 2020-ci il 01 yanvar tarixdən Qaydanın qüvvəyə mindiyi 2022-ci il 25 may tarixədək olan dövr ərzində yaranmış münasibətləri tənzimləmiş, Qaydanın zaman etibarilə qanunun qüvvəyə minməsindən xeyli müddət sonra qüvvəyə minməsinin şəxslərə münasibətdə yarada biləcəyi əlverişsiz vəziyyətləri onların maraqları nəzərə alınmaqla nizamlamağa yönəlmişdir.
21. Keçid müddəalarına görə, Vergi Məcəlləsinin 165.6-cı maddəsinin qüvvəyə mindiyi 2020-ci il yanvarın 1-dən Fərmanla təsdiq edilmiş Qaydanın qüvvəyə mindiyi 2022-ci il mayın 25dək bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən yaşayış və qeyri-yaşayış sahələrini əldə etmiş və ödənişi tam həyata keçirmiş, habelə əldə edilmiş yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənişləri davam etdirən alıcılara ödənilmiş ƏDV-nin 30 faizinin Qaydanın qüvvəyə mindiyi tarixədək ƏDV məbləğinin satıcının bank hesabına və ya ƏDV depozit hesabına ödənilməsindən asılı olmayaraq qaytarılması qaydası müəyyən edilmişdir.
22. Beləliklə, bu qəbildən olan mübahisələrə baxılarkən məhkəmələr tərəfindən aydınlaşdırılmalı olan əsas məqamlardan biri mübahisənin keçid müddəalarının təsiri altına düşüb-düşmədiyi ilə bağlı məsələdir.
23. Məhkəmə nəzərə alır ki, müvafiq Qaydanın 6.1-ci bəndinə əsasən mübahisənin keçid normalarının təsiri altına düşə bilməsi üçün ilkin şərt yaşayış və qeyri-yaşayış sahəsinin xx.xx.2020-ci il tarixdən (Vergi Məcəlləsinin 165.6-cı maddəsinin qüvvəyə mindiyi tarixdən) xx.xx.2022-ci il tarixədək (“Qayda”nın qüvvəyə mindiyi tarixədək) əldə edilmiş olmasıdır. “Yaşayış və qeyri-yaşayış sahəsinin əldə edilməsi” dedikdə xx.xx.2020-ci il tarixdən xx.xx.2022-ci il tarixədək yaşayış və qeyri-yaşayış sahələrinə dair qanunvericiliklə müəyyən edilmiş qaydada müqavilələrin bağlanılması nəzərdə tutulur.
24. Məhkəmə nəzərə alır ki, Qaydanın keçid müddəaları (6.1-ci bənd) fiziki şəxsin xx.xx.2020ci il tarixdən xx.xx.2022-ci il tarixədək müqavilə bağlamaqla əldə etdiyi yaşayış və qeyriyaşayış sahəsinə görə ödənişləri hansı müddət ərzində həyata keçirməsinə münasibətdə iki fərqli ödəniş qaydası müəyyən etmişdir: 1) xx.xx.2020-ci il tarixdən xx.xx.2022-ci il tarixədək yaşayış və qeyri-yaşayış sahələri əldə etmiş, ödənişi həmin müddət ərzində tam həyata keçirmiş alıcılardan ƏDV məbləğinin satıcının ƏDV depozit hesabına ödənilməsi tələb olunmur. Bu zaman ƏDV məbləğinin satıcının bank hesabına və ya ƏDV depozit hesabına ödənilməsi nəzərə alınmır. 2) xx.xx.2020-ci il tarixdən xx.xx.2022-ci il tarixədək yaşayış və qeyri-yaşayış sahələri əldə etmiş, ödənişi xx.xx.2022-ci il tarixdən sonra bitirmiş alıcılardan xx.xx.2022-ci il tarixdən sonrakı ödənişlər üzrə yaşayış və qeyri-yaşayış sahələrinin tam dəyərinin (ƏDVsiz) nağdsız qaydada satıcının bank hesabına, ƏDV məbləğinin isə satıcının ƏDV depozit hesabına ödənilməsi tələb olunur (xx.xx.2022-ci il tarixədək olan ödənişlər üzrə ƏDV məbləğinin satıcının ƏDV depozit hesabına ödənilməsi tələb olunmur).
25. Qanunvericilik normalarının tələblərindən göründüyü kimi, ƏDV-nin geri qaytarılması üçün fiziki şəxslər alınmış yaşayış sahəsi üzrə ödənişlərin həyata keçirilməsi zamanı yuxarıda qeyd edilən tələblərə uyğun şəkildə ödənişləri həyata keçirməlidir. Belə ki, yaşayış sahələrinin dəyəri üzrə xx.xx.2022-ci il tarixdən sonra ödənişləri (ƏDV-siz) nağdsız qaydada satıcının (hazırkı iş üzrə "xxxx" MTK-nın) bank hesabına, ƏDV məbləğini isə satıcının ƏDV depozit hesabına ödəməlidir ki, bu norma qanunvericiliyin imperativ tələbidir.
26. Məhkəmə ilk növbədə nəzərə alır ki, İddiaçı "xxxx" Mənzil Tikinti Kooperativi ilə yaşayış sahələrinə dair Payçı Müqaviləsini 27 dekabr 2021-ci il tarixdə bağlamışdır. Odur ki, yaşayış sahələri iddiaçı tərəfindən xx.xx.2022-ci il tarixədək müqavilə bağlanaraq əldə edildiyi üçün hazırki iş üzrə mübahisə keçid müddəalarına görə həll olunmalı, Qaydanın 6.1-ci maddəsi tətbiq olunmalıdır.
27. Məhkəmə iş materiallarını araşdıraraq müəyyən edir ki, İddiaçı xx.xx.2021-il tarixli Payçı Müqaviləsinə əsasən əldə etdiyi yaşayış sahəsinin tam dəyəri üzrə ödənişi xx.xx.2024-cü il tarixdə həyata keçirmiş və Qayda qüvvəyə mindiyi tarixdən sonra yaşayış sahəsinin dəyəri üzrə 60.388,0 manat ödənişi (ƏDV daxil) satıcıya məxsus vahid bank hesabına ödəmişdir.
28. Belə olan təqdirdə məhkəmə hesab edir ki, yaşayış sahəsinə görə iddiaçı tərəfindən aparılmış ödənişlər “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası”nın 6.1-ci bəndinin tələblərinə uyğun deyildir.
29. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.
30. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
31. İPM-in 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur.
32. Göstərilənlərə əsasən və İPM-in 2.2, 4.1, 23.1, 58.7, 69, 75, 78 – 79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARAALDİ:
İddia təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.
Hakim Günel Sevdimalıyeva