Məhkəmə qərarları › İş №2-1(112)-5759/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-5759/2025

18.03.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-5759/2025 18.03.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏSİ hakim Hacıbəyova Miminat Tacib qızının sədrliyi, X2 kаtibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qаrşı “hakim işlədiyi dövrün prokurorluqdakı xidmət stajına hesablanaraq xx.xx.2019-cu ildən prokurorluq orqanlarında qulluq ilə bağlı yaşa görə əmək pensiyasının təyin edilməsi və xx.xx.2019-cu ildən xx.xx.2024-cü ilə qədər dövr üçün həmin pensiyanın hesablanaraq ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” bаrədə inzibati işə məhkəmə binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq MÜƏYYƏN ETDİ: TƏSVİRİ HİSSƏ İ.Mübahisənin predmeti.

1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı Bakı İnzibati Məhkəməsində iddia qaldıraraq məhkəmə hakimi vəzifəsində işlədiyi dövrün prokurorluqdakı xidmət stajına hesablanaraq, iddiaçıya xx.xx.2019-cu ildən prokurorluq orqanlarında qulluğu ilə bağlı (26 il 7 ay staj nəzərə alınmaqla) yaşa görə əmək pensiyası təyin edilməsi və xx.xx.2019-cu ildən xx.xx.2024-cü ilədək olan dövr üçün həmin pensiyanın hesablanaraq ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, 30 sentyabr 1992-ci ildə prokurorluq orqanlarında qulluğa başlamışdır və 30 dekabr 2010-cu ilə qədər fasiləsiz olaraq müxtəlif vəzifələrdə - Azərbaycan Respublikası Nəqliyyat prokurorluğunda müstəntiq, böyük müstəntiq, Baş Prokurorluğun şöbə və idarə prokuroru vəzifələrində qulluq keçmişdir. Azərbaycan Respublikası Prezidentinin 26 oktyabr 2010-cu il tarixli, 1167 saylı Sərəncamına əsasən Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimi təyin olunmuşdur və xx.xx.2011-ci ildən fəaliyyətə başlamaqla hakim səlahiyyətinin son yaş həddinə qədər, yəni 02 sentyabr 2024-cü ilə kimi həmin vəzifədə işləmişdir. Prokurorluq orqanlarında 17 il 6 aydan artıq, yəni 18 il 3 ay qulluq etdiyi üçün 60 yaşına çatdığı vaxtdan - 07 may 2019-cu ildən yaşa görə əmək pensiyası almaq hüququ yaranmışdır. Azərbaycan Respublikasının Prokurorluğu məhkəmə hakimiyyəti sisteminə daxil olduğundan onun 07 may 2019-cu ilə qədər prokurorluq (hakim vəzifəsi ilə birlikdə) stajı 26 il 7 ay olmuşdur. Belə ki, «Prokurorluq orqanlarında qulluq keçmə haqqında» Azərbaycan Respublikası Qanununun normalarının əlaqəli təhlilindən görünür ki, mübahisəsiz qaydada iddiaçının 07 may 2019-cu prokurorluq orqanlarında qulluqla bağlı yaşa görə əmək pensiyası almaq hüququ yaranmışdır. Digər tələbi - məhkəmə hakimi vəzifəsində işlədiyi dövrün prokurorluqdakı xidmət stajına hesablanması ilə bağlı mövqeyi həm qanunvericiliyə, həm də müvafiq qanunvericiliyin tətbiqinə dair formalaşmış məhkəmə təcrübəsinə əsaslanır. Belə ki, «R.Cəfərovun iddiasına dair mülki iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 8 iyun 2011-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun 18 may 2012-ci il tarixli qərarında formalaşdırdığı hüquqi mövqeyə görə prokurorluq orqanlarında qulluq anlayışının aydınlaşdırılması üçün "Prokurorluq orqanlarında qulluq keçmə haqqında" Qanunun 32.5-ci maddəsinə nəzər yetirilməlidir. Belə ki, həmin müddəaya görə prokurorluq işçiləri məhkəmə, ədliyyə və ya digər hüquq-mühafizə orqanlarına işə keçirilərkən onların prokurorluqdakı xidmət illəri həmin orqanlarda xidmət illərinə daxil edilir. Həmin orqanlardan, habelə hüquq-mühafizə orqanlarının fəaliyyətinin əlaqələndirilməsi, qanunvericilik və ya təşkilati təminatı ilə bağlı vəzifələrdən prokurorluğa qulluğa qəbul edilmiş işçilərin xidmət illəri Azərbaycan Respublikasının Baş prokuroru tərəfindən müəyyən olunmuş qaydada prokurorluqda xidmət illərinə daxil edilir. Beləliklə, prokurorluq işçilərinin əmək pensiyası hüququnu əldə etmək üçün qanunvericilikdə iki imkan - prokurorluq orqanlarında 25 il xidmət və ya prokurorluq orqanlarına işə keçərkən müvafiq digər orqanlarda, o cümlədən məhkəmə orqanlarındakı xidmət illərinin prokurorluqdakı xidmət illərinə daxil edilməsi nəzərdə tutulmuşdur. Belə olan halda, hakim işləmiş şəxs prokurorluq orqanlarına qulluğa keçdikdə və onun məhkəmə orqanlarında xidmət illəri prokurorluqda xidmət illərinə daxil edildikdə, həmin şəxsin prokurorluğun qulluqçusu kimi güzəştli pensiya hüququ yarana bilər. Bundan başqa, “Prokurorluq orqanları işçilərinin maddi və sosial təminatı haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 oktyabr 2002-ci il tarixli, 168 saylı Qərarı ilə təsdiq edilmiş “Prokurorluq işçilərinə iş stajına görə əlavə haqqın verilməsi" Qaydasının 2.2.3-cü bəndi prokurorluq işçisinin yalnız əlavə haqq almaq hüququna aiddir və “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Qanunun 32.5-ci maddəsinə uyğun olaraq şəxsin məhkəmələrdə hakim işlədiyi müddətin yalnız əlavə haqq almaq hüququnu əldə etməsi məqsədilə onun prokurorluqdakı iş stajına daxil olunmasını müəyyən edir. Eyni zamanda 26 may 2006-cı il tarixli “Ədliyyə orqanlarında qulluq keçmə haqqında" Azərbaycan Respublikasının Qanununun 18.5-ci maddəsi də “Prokurorluq orqanlarında qulluq keçmə haqqında* Qanunun 32.5-ci maddəsinin müddəalarına analoji olmaqla yanaşı, yalnız ədliyyə orqanları işçilərinin sosial vəziyyətini tənzimləyir. Konstitusiya Məhkəməsinin Plenumu qeyd olunan qərarında əks olunmuş hüquqi mövqe şəxsin məhkəmə hakimi vəzifəsində işlədiyi dövrün prokurorluqdakı xidmət stajına hesablanmasını hüquqi baxımdan tanımaqla yanaşı, bunun əksini hüququn ən mühüm prinsipi olan qanunçuluq prinsipinin pozulması kimi tanıyır. Qanunun qeyd olunan normalarının tələbinə və Konstitusiya Məhkəməsinin Plenumunun müvafiq hüquqi mövqeyinə əsaslanmaqla məhkəmə hakimi vəzifəsində işlədiyi dövrün prokurorluqdakı xidmət stajına hesablanaraq, iddiaçıya xx.xx.2019-cu ildən prokurorluq orqanlarında qulluqla bağlı yaşa görə əmək pensiyası təyin edilməsi və xx.xx.2019-cu ildən xx.xx.2024-cü ilədək olan dövr üçün həmin pensiyanın hesablanaraq ödənilməsi ilə bağlı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına müraciət etsə də, həmin Filial heç bir əsaslandırma aparmadan iddiaçıya elektron xidmətlər portalı vasitəsilə şəxsi kabinet üzərindən xx.xx.2024-cü il tarixli imtina məktubu göndərmişdir. Yuxarıda əks olunan işin faktiki halları və hüquqi mövqe baxımından Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialın imtinası tamamilə qanunsuzdur. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir.

3. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinə uyğun olaraq verilmiş məhkəmə sərəncamına əsasən cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı iddiaya dair təqdim etdiyi etirazında göstərmişdir ki, iddiaçı xx.xx.2024-cü il tarixdə Fondun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına prokuror kimi yaşa görə əmək pensiyasının 60 yaşdan təyin edilməsi və hakim kimi işlədiyi illər nəzərə alınaraq pensiyanın yenidən hesablanması ilə bağlı müraciət etmişdir. Lakin ərizəçinin müraciətinə baxılaraq, cavabdeh tərəfindən İddiaçı prokurorluq orqanlarında qulluğuna yaşa görə xitam verilmədiyindən 60 yaşının tamamlandığı tarixdən prokurorluq orqanlarının əməkdaşı kimi yaşa görə əmək pensiyasının təyin edilməsinin qanunvericiliyin tələbləri baxımından mümkün hesab olunmadığı bildirilmişdir. İddiaçı iddia ərizəsinin əsasları kimi Azərbaycan Respublikası Prezidentinin xx.xx.2010-cu il tarixli, 1167 saylı sərəncamına əsasən Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimi vəzifəsinə təyin olunduğunu və xx.xx.2024-cü il tarixədək, yəni 13 (on üç) iİ, 8 (səkkiz) ay, 01 (bir) gün Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimi işlədiyini, xx.xx.1992-ci il tarixdən xx.xx.2010-cu il tarixədək Azərbaycan Respublikası Prokurorluq orqanlarında müxtəlif vəzifələrdə qanunla tələb olunan 17 il 6 aydan artıq, yəni 18 il 03 ay qulluq etdiyini qeyd edərək 60 yaşına çatdığı vaxtdan məhkəmə hakimi vəzifəsində işlədiyi dövrün prokurorluqdakı xidmət stajina hesablanaraq, ona xx.xx.2019-cu ildən prokurorluq orqanlarında qulluqla bağlı (26 il 7 ay staj nəzərə alınmaqla) yaşa görə əmək pensiyasının təyin edilməsini və xx.xx.2019-cu ildən xx.xx.2024-cü ilədək olan dövr üçün həmin pensiyanın tam hesablanaraq ödənilməsini məhkəmədən xahiş etmişdir. Cavabdehin imtinası qanunidir və iddiaçının iddia tələbi aşağıda qeyd olunan əsaslara görə təmin edilməməlidir. Bildiririk ki, iddiaçıya 06 noyabr 2024-cü ildə 07 may 2024-cü il tarixdən hesablanmaqla prokurorluq orqanlarının əməkdaşı kimi yaşa görə (işləyən əmək pensiyaçısı) əmək pensiyası təyin edilmişdir. Daha sonra, hakim vəzifəsindən azad olunması ilə əlaqədar prokurorluq orqanlarının əməkdaşı kimi ödənilən yaşa görə əmək pensiyası 03 sentyabr 2024-cü il tarixdən tam məbləğdə (2205,90 manat) müəyyən edilməklə iddiaçının müvafiq kart hesabına köçürülür. ”Prokurorluq orqanlarında qulluq keçmə haqqında" Azərbaycan Respublikası Qanununun 32.5-ci maddəsinə əsasən prokurorluq işçiləri məhkəmə orqanlarına işə keçirilərkən onların prokurorluqdakı xidmət illəri həmin orqanlarda xidmət illərinə daxil edilir. Həmin orqanlardan, habelə hüquq-mühafizə orqanlarının fəaliyyətinin əlaqələndirilməsi, qanunvericilik və ya təşkilati təminatı ilə bağlı vəzifələrdən prokurorluğa qulluğa qəbul edilmiş işçilərin xidmət illəri Azərbaycan Respublikasının Baş prokuroru tərəfindən müəyyən olunmuş qaydada prokurorluqda xidmət illərinə daxil edilir. “Prokurorluq orqanlarında qulluq keçmə haqqında haqqında Qanuna dəyişiklik edilməsi barədə” 29 noyabr 2024-cü il tarixli, № 80-VİİQD nömrəli Azərbaycan Respublikasının Qanununa əsasən 32.5-ci maddə Qanundan çıxarılmışdır. ”Məhkəmələr və hakimlər haqqında” Qanunun adından, həmçinin Azərbaycan Respublikası Konstitusiyasında hakimlərə dair müddəalardan (vəzifəyə təyin və azad olunma qaydaları və s.) göründüyü kimi, məhkəmə orqanları əməkdaşları (müvafiq məhkəmənin aparatında işləyən aparat rəhbəri, şöbə müdirləri və onların müavinləri, sektor müdirləri və məsləhətçilər, məhkəmə iclas katibləri, kargüzarlar, tərcüməçilər və s.) ilə hakimlərin statusları qanunvericilikdə fərqləndirilmişdir. Bundan əlavə, “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Qanunun 32.5-ci maddəsindən də aydın görünür ki, məhkəmə orqanlarından prokurorluğa qəbul edilmiş işçilərin xidmət illəri Mərkəzi Filial tərəfindən deyil, Azərbaycan Respublikasının Baş prokuroru tərəfindən prokurorluqda xidmət illərinə daxil edilir. İddia ərizəsində göstərildiyi kimi iddiaçının vaxtllə hakim işlədiyi illərin pensiya təyinatı zamanı nəzərə alınması qanunvericilikdə nəzərdə tutulmamışdır. Həmin stajın prokurorluqdakı xidmət illərinə daxil edilməsi nə qanunvericilik cəhətdən nə də praktiki cəhətdən mümkün deyildir. "Əməк pensiyaları haqqında” Qanunun müddəalarında prokuror kimi və hakim kimi əmək pensiyasının təyini və yenidən hesablanması ayrılıqda tənzimlənmişdir. ”Əmək pensiyaları haqqında” Qanunun 9.4-cü maddəsinə əsasən, prokurorluq orqanlarında qulluq etmiş aşağıdakı şəxslərin (xüsusi rütbələrdən məhrum edilmiş prokurorluq işçiləri istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır: 9.4.1. Prokurorluq orqanlarında azı 35 iİ qulluq etmiş prokurorluq işçiləri; 9.4.2.Yaşa görə prokurorluq orqanlarında qulluğuna xitam verilmiş, 35 iİ və daha çox ümumi iş stajı olan, bu stajın azı 17 il 6 ayını prokurorluq orqanlarında qulluq etmiş prokurorluq işçiləri. “Əmək pensiyaları haqqında” Qanunun 20.1-ci maddəsinə əsasən, Qanunun 20.1.4-cü və 20.7-ci maddələrinə uyğun olaraq sabiq hakim kimi əmək pensiyasına qulluq stajına görə əlavələr hakim vəzifəsindəki fəaliyyətin son 24 ayı və ya istənilən ardıcıl gələn 60 ayı ərzindəki əmək haqqının orta aylıq məbləğindən, əmək haqqındakı sonrakı artımlar da nəzərə alınmaqla müəyyən edilir. İddiaçının prokurorluq orqanlarında qulluğuna xitam verilməsi prokurorluq orqanlannda qulluq keçmənin son yaş həddinə çatması ilə bağlı deyil, hakim təyin edilməsi ilə əlaqədar olmuşdur, bu səbəbdən Qanunun 9.4.2-cİ maddəsinə əsasən iddiaçının 60 yaşdan hüququ yaranmır. Cavabdeh göstərilənlərə əsasən iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir.

ƏSASLANDİRMA HİSSƏSİ

İİ. İddianın növü və mümkünlüyü

4. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin: 2.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır:.. 2.2.2. inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia); 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 33.2-ci maddəsinə əsasən bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Həmin Məcəlləsnin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Hazırda iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir. Belə ki, iddia düzgün cavabdehə qarşı verilmiş, iddia müddətinə əməl edilmiş, iddiaçı cavabdehə müraciət etmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur.

İİİ. Mübahisə ilə bağlı işin faktiki vəziyyəti.

5. Məhkəmə iclasında İddiaçı iddia ərizəsində göstərilən məzmunda çıxış edərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir.

6. Məhkəmə iclasında cavabdehin nümayəndəsi B.Sadıqova iddia tələbinə etirazda göstərilən məzmunda çıxış edərək iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir.

7. Məhkəmə iş materiallarında olan: Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin xx.xx.2024-cü il tarixli arayışına əsasən iddiaçı xx.xx.2019-xx.xx.2024-cü illər ərzində cəmi 363.806,65 manat əmək haqqı almışdır. İddiaçının cavabdehə ünvanlanmış xx.xx.2024-cü il tarixli ərizəsinə əsasən iddiaçı cavabdehdən məhkəmə hakimi vəzifəsində işlədiyi dövrün prokurorluqdakı xidməti stajına hesablanaraq iddiaçıya xx.xx.2019-cu ildən prokurorluq orqanlarında qulluqla bağlı (26 il 7 ay staj nəzərə alınmaqla) yaşa görə əmək pensiyası təyin edilməsini və xx.xx.2019-cu ildən xx.xx.2024-cü ilə qədər olan dövr üçün həmin pensiyanın tam hesablanaraq ödənilməsini xahiş etmişdir, cavabdehin xx.xx.2024-cü il tarixli imtina məktubuna əsasən cavabdeh iddiaçının qeyd edilən müraciətini təmin etməkdən imtina etmişdir, imtinanın əsası kimi iddiaçının prokurorluq orqanlarında qulluğuna yaşa görə xitam verilmədiyindən iddiaçıya müraciətində göstərilən qaydada 60 yaşının tamamlandığı tarixdən prokurorluq orqanlarının əməkdaşı kimi yaşa görə əmək pensiyasının təyin edilməsinin qanunvericiliyin tələbləri baxımından mümkün olmaması, habelə müraciətində göstərilən müddətin Mərkəzi filiala müraciət edilən tarixdən qanunvericiliklə müəyyən edilmiş 3 il müddətindən daha çox dövrü əhatə etməsi göstərilmişdir. İddiaçının əmək kitabçasına əsasən iddiaçı xx.xx.1977-ci ildən xx.xx.1978-ci ilə qədər Sərdarov adına Maşınqayırma zavodunda, xx.xx.1981-ci ildən xx.xx.1990-cı ilə qədər “Kirovneft” Neft-Qazçıxarma İdarəsində, xx.xx.1990-сı ildən xx.xx.1992-сi ilə qədər Azərbaycan Dəmir Yolu Baş material ambarında işləmişdir, xx.xx.1992-ci ildən xx.xx.1995ci ilə qədər Azərbaycan Respublikasının Prokurorluğunda stajor, xx.xx.1995-ci ildən xx.xx.2010-cu ilə qədər Azərbaycan Nəqliyyat Prokurorluğunda böyük müstəntiq, prokuror, Azərbaycan Respublikasının Baş Prokurorluğunda Əli-Bayramlı şəhər prokurorunun köməkçisi, böyük köməkçisi, Baş prokurorluğun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru, birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, xx.xx.2011-ci ildən xx.xx.2024-cü ilə qədər Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimi işləmişdir. Cavabdeh tərəfindən təqdim edilmiş pensiya işində olan sənədlərə əsasən iddiaçıya 65 yaşının tamam olduğu xx.xx.2024-cü ildən prokurorluq orqanlarının əməkdaşı kimi pensiya təyin edilmişdir, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialın “Əmək pensiyasının yenidən hesablanması haqqında xx.xx.2024-cü il tarixli qərarına əsasən iddiaçıya xx.xx.2024-cü ildən hesablanmaqla prokurorluq orqanının əməkdaşı kimi yaşa görə (işləyən əmək pensiyaçısı) əmək pensiyası təyin edilmişdir.

İV. Məhkəmənin mövqeyi

8. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Həmin Qanunun 9.4-cü maddəsinə əsasən prokurorluq orqanlarında qulluq etmiş aşağıdakı şəxslərin (xüsusi rütbələrdən məhrum edilmiş prokurorluq işçiləri istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır: 9.4.1. prokurorluq orqanlarında azı 35 il qulluq etmiş prokurorluq işçiləri; 9.4.2. yaşa görə prokurorluq orqanlarında qulluğuna xitam verilmiş, 35 il və daha çox ümumi iş stajı olan, bu stajın azı 17 il 6 ayını prokurorluq orqanlarında qulluq etmiş prokurorluq işçiləri. Həmin Qanunun 20.1-ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavələr aşağıdakı əmək pensiyaçılarına təyin edilir: 20.1.4. əmək pensiyası yaşına çatmış və ya bu yaşa çatanadək orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş sabiq hakimlər; 20.1.5. bu Qanunun 9.4-cü maddəsində göstərilən prokurorluq işçiləri; 20.1.5-1. qanunvericiliklə müəyyən edilmiş yaş həddinə çatmış və ya bu yaşa çatanadək İ dərəcə əlilliyi müəyyən edilmiş prokurorluq işçiləri (xüsusi rütbələrdən məhrum edilmiş prokurorluq işçiləri istisna olmaqla); Həmin Qanunun 20.7-ci maddəsinə əsasən bu Qanunun 20.1.4-cü maddəsində nəzərdə tutulan şəxslərin əmək pensiyasına əlavələr hakim vəzifəsindəki fəaliyyətin son 24 ayı və ya istənilən ardıcıl gələn 60 ayı ərzindəki əməkhaqqının orta aylıq məbləğindən, pensiya təyinatı tarixinədək əməkhaqqındakı sonrakı artımlar da nəzərə alınmaqla, aşağıdakı qaydada müəyyən edilir: 20.7.1. 15 il hakim işləmiş sabiq hakimlərə - hakim vəzifəsində aldıqları orta aylıq əməkhaqqının 50 faizi miqdarında; 20.7.2. 15 ildən yuxarı hakim işləmiş sabiq hakimlərə - hakim vəzifəsində aldıqları orta aylıq əməkhaqqının 50 faizi miqdarında və 15 ildən yuxarı hakimlik stajının hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün həmin orta aylıq əməkhaqqının 3 faizi miqdarında əlavə olunmaqla, lakin həmin orta aylıq əməkhaqqının 80 faizi miqdarından çox olmamaq şərti ilə müəyyən olunan məbləğlə bu Qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər əlavə təyin edilir. Həmin 20.8.1-ci maddəsinə əsasən prokurorluq orqanlarında 15 il qulluq etmiş prokurorluq işçilərinə - orta aylıq əməkhaqqının 50 faizi miqdarında; 20.8.2-ci maddəsinə əsasən isə prokurorluq orqanlarında 15 ildən yuxarı qulluq etmiş prokurorluq işçilərinə orta aylıq əməkhaqqının 50 faizi miqdarında və 15 ildən yuxarı prokurorluq işçisi stajının hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün həmin orta aylıq əmək haqqının 3 faizi miqdarında əlavə olunmaqla, lakin həmin orta aylıq əmək haqqının 80 faizi miqdarından çox olmamaq şərti ilə müəyyən olunan məbləğlə bu Qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər əlavə ödənilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.8-1-ci maddəsinə əsasən bu Qanunun 20.1.5-2-ci maddəsində nəzərdə tutulmuş şəxslərə vəfat etmiş prokurorluq işçisinin qulluq stajına görə almalı olduğu və ya pensiyaçı kimi aldığı əmək pensiyası və əmək pensiyasına əlavənin 80 faizi miqdarının ailə üzvlərinin sayına olan nisbəti şəklində müəyyən edilmiş məbləğlə bu Qanunla təyin edilən ailə başçısını itirməyə görə əmək pensiyasının məbləği arasındakı fərq qədər əmək pensiyasına əlavə ödənilir. Həmin Qanunun 21.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir.

9. ”Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununun 109-cu maddəsinə əsasən hakimlərin, sabiq hakimlərin və onların ailə üzvlərinin pensiya təminatı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. Həmin Qanunun 100-cü maddəsinin ikinci hissəsinə əsasən hakimlərin müstə-qilliyi onların səlahiyyəti dövründə siyasətsizləşdirilməsi, dəyişilməzliyi və toxunulmaz-lığı ilə, vəzifəyə təyin olunmasının, məsuliyyətə cəlb edilməsinin, vəzifədən kənarlaşdırılmasının və səlahiyyətlərinə xitam verilməsinin məhdudlaşdırılması ilə, məhkəmə hakimiyyətinin müstəqil fəaliyyət göstərməsi və ədalət mühakiməsinin qanunda nəzərdə tutulmuş qaydada həyata keçirilməsi ilə, məhkəmə icraatına hər hansı şəxs tərəfindən məhdudiyyət qoyulmasının və müdaxilə edilməsinin yolverilməzliyi ilə, hakimlərin şəxsi təhlükəsizliyinin təmin edilməsi yolu ilə həyata keçirilir və onlara vəzifələrinə uyğun maddi və sosial təminatlar verilir.

10. “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikası Qanununun 1.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının prokurorluq orqanlarında qulluq (bundan sonra – “prokurorluqda qulluq keçmə” adlanacaq) prokurorluğun fəaliyyət istiqamətləri üzrə prokurorluq işçilərinin səlahiyyətlərini yerinə yetirmələri ilə əlaqədar həyata keçirdikləri dövlət qulluğunun xüsusi növüdür. Həmin Qanunun 1.2-ci maddəsinə əsasən prokurorluq işçilərinin qulluq keçməsi “Prokurorluq haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş prokurorluğun fəaliyyət prinsiplərinə əsaslanır. Prokurorluq orqanlarının işçiləri qulluq keçərkən qanunun tələblərini rəhbər tutaraq səlahiyyətləri hüdudlarında fəaliyyət göstərirlər, 2.1-ci maddəsinə əsasən prokurorluqda qulluq keçmənin hüquqi əsaslarını Azərbaycan Respublikasının Konstitusiyası, “Prokurorluq haqqında” Azərbaycan Respublikasının Qanunu, bu Qanun, Azərbaycan Respublikasının digər normativ hüquqi aktları və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr təşkil edir. Həmin Qanunun 2.2-ci maddəsinə əsasən “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununun vətəndaşların dövlət qulluğuna qəbul edilmək hüququna, qulluğa qəbulun müsabiqə və şəffaflıq əsasında həyata keçirilməsinə, dövlət qulluqçularının fəaliyyətinin qiymətləndirilməsinə və dövlət qulluğunun digər prinsiplərinə aid müddəaları, həmçinin həmin Qanunun 15-1-ci maddəsi prokurorluq orqanlarında qulluq keçən şəxslərə şamil edilir. Həmin Qanunun 2.3-cü maddəsinə əsasən prokurorluq işçilərinin əmək münasibətləri onların fəaliyyətinin xüsusiyyətləri nəzərə alınmaqla “Prokurorluq haqqında” Azərbaycan Respublikasının Qanunu, Azərbaycan Respublikasının Əmək Məcəlləsi və Azərbaycan Respublikasının digər normativ hüquqi aktları ilə tənzimlənir. Həmin Qanunun xx.xx.2024-cü il tarixə qədər qüvvədə olan 32.5-ci maddəsinə əsasən prokurorluq işçiləri məhkəmə, ədliyyə və ya digər hüquq-mühafizə, o cümlədən fövqəladə hallar orqanlarına işə keçirilərkən onların prokurorluqdakı xidmət illəri həmin orqanlarda xidmət illərinə daxil edilir. Həmin orqanlardan, habelə hüquq-mühafizə orqanlarının fəaliyyətinin əlaqələndirilməsi, qanunvericilik və ya təşkilati təminatı ilə bağlı vəzifələrdən prokurorluğa qulluğa qəbul edilmiş işçilərin xidmət illəri Azərbaycan Respublikasının Baş prokuroru tərəfindən müəyyən olunmuş qaydada prokurorluqda xidmət illərinə daxil edilir.

11. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir.

12. Məhkəmə inzibati işin materiallarından müəyyən etmişdir ki, iddiaçı xx.xx.1992-ci ildən xx.xx.1995-ci ilə qədər Azərbaycan Respublikasının prokurorluq orqanlarında stajor, müstəntiq, şəhər prokurorunn köməkçisi, böyük köməkçisi, dövlət ittihamının müdafiəsi üzrə prokuror, xx.xx.2011-ci ildən xx.xx.2024-cü ilə qədər isə məhkəmədə hakim işləmişdir, iddiaçıya xx.xx.2024-cü ildən hesablanmaqla prokurorluq orqanının əməkdaşı kimi yaşa görə (işləyən əmək pensiyaçısı) əmək pensiyası təyin edilmişdir. İddiaçının hakim səlahiyyətinin son yaş həddinə çatdığı üçün səlahiyyətlərinə xitam verildikdən sonra cavabdehə müraciət edərək hakim vəzifəsində olduğun dövrün prokurorluq orqanlarında xidmət ili kimi nəzərə alınaraq xx.xx.2019-cu ildən prokurorluq orqanlarında qulluqla bağlı (26 il 7 ay staj nəzərə alınmaqla) yaşa görə əmək pensiyası təyin edilməsini və xx.xx.2019-cu ildən xx.xx.2024-cü ilə qədər olan dövr üçün həmin pensiyanın tam hesablanaraq ödənilməsini xahiş etmişdir, cavabdeh iddiaçının müraciətini təmin etmədiyi üçün iddiaçı hazırki iddia ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə cavabdehin mövqeyi ilə razılaşır və hesab edir ki, iddiaçının müraciətinin təmin edilməməsndə ifadə olunan cavabdeh inzibati orqanın hərəkətləri “Əmək pensiyaları haqqında” və “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunlarının tələblərinə uyğun olmuşdur. Belə ki, yuxarıda sadalanan qanunvericilik normalarından göründüyü kimi iddiaçıya xx.xx.2019-cu ildən prokurorluq orqanlarında qulluğu ilə bağlı yaşa görə əmək pensiyası təyin edilməsi üçün o həmin tarixə prokurorluq orqanlarında azı 35 il qulluq etmiş olmalı idi, lakin iddiaçının prokurorluq orqanlarında qulluq müddəti 18 il 3 ay 3 gün təşkil edir, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 9.4.2-ci maddəsi isə iddiaçıya şamil olunmur, belə ki, onun prokurorluq orqanlarında yaşa görə qulluğuna xitam verilməmişdir. İddiaçının prokurorluq orqanlarında qulluğuna xitam verilməsi prokurorluq orqanlanda qulluq keçmənin son yaş həddinə çatması ilə bağlı deyil, hakim təyin edilməsi ilə əlaqədar olmuşdur, bu səbəbdən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 9.4.2-ci maddəsinə əsasən iddiaçının 60 yaşdan prokurorluq əməkdaşı kimi pensiya almaq hüququ yaranmamışdır. Eyni zamanda məhkəmə qeyd edir ki, iddiaçının 2019-cu ildən 2024-cü ilədək olan hakim stajının 2019-cu ildən pensiya təyin edilməsi üçün nəzərə alınması məntiqə və qanun tələblərinə uyğun deyildir.Çünki 2019-cu ildən pensiya təyin edilməsi üçün qanunla tələb olunan staj 2019-cu ildə artıq mövcud olmalıdır, yəni sonradan qazanılmış əmək stajı əvvəlki tarixdən pensiyanın təyin edilməsi üçün nəzərə alına bilməz. Bundan əlavə məhkəmə xüsusilə qeyd edir ki, qanunverici prokurorluq işçiləri məhkəmə, ədliyyə və ya digər hüquq-mühafizə, o cümlədən fövqəladə hallar orqanlarına işə keçirilərkən onların prokurorluqdakı xidmət illərinin həmin orqanlarda xidmət illərinə daxil edilməsinə artıq zərurət qalmadığını da hesab edərək “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikası Qanununun 32.5-ci maddəsinin qüvvədən düşməsini də qərara alınmış və həmin qanun da xx.xx.2024-cü il tarixdən qüvvəyə minmişdir.

13. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Sözügedən Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

14. Məhkəmə yuxarıda göstərilən bütün hallara hüquqi qiymət verərək hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı məhkəmə hakimi vəzifəsində işlədiyi dövrün prokurorluqdakı xidmət stajına hesablanaraq, iddiaçıya xx.xx.2019-cu ildən prokurorluq orqanlarında qulluğu ilə bağlı (26 il 7 ay staj nəzərə alınmaqla) yaşa görə əmək pensiyası təyin edilməsi və xx.xx.2019-cu ildən xx.xx.2024-cü ilədək olan dövr üçün həmin pensiyanın hesablanaraq ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə iddiası əsassız olduğu üçün təmin edilməməlidir.

15. Аzərbаycаn Rеspublikаsının İnzibаti Prоsеssuаl Məcəlləsinin 110.1-ci mаddəsinə əsаsən, prоsеssuаl хərclər ödənilmiş tələblərə münаsib оlаrаq işdə iştirаk еdən şəхslərə аid еdilir.

NƏTİCƏVİ HİSSƏ

16. Məhkəmə Аzərbаycаn Rеspublikаsının İnzibаti Prоsеssuаl Məcəlləsinin 2-ci, 33-cü, 34-cü, 35-ci, 68-ci, 69-cü, 85-ci, 110-cu mаddələrini rəhbər tutаrаq QƏRARA ALDİ:

İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı məhkəmə hakimi vəzifəsində işlədiyi dövrün prokurorluqdakı xidmət stajına hesablanaraq, iddiaçıya xx.xx.2019-cu ildən prokurorluq orqanlarında qulluğu ilə bağlı (26 il 7 ay staj nəzərə alınmaqla) yaşa görə əmək pensiyası təyin edilməsi və xx.xx.2019-cu ildən xx.xx.2024-cü ilədək olan dövr üçün həmin pensiyanın hesablanaraq ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.

Hakim Miminat Hacıbəyova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar