Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-576/2024 27.06.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məlikov Tural Rauf oğlunun sədrliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “kompensasiya ödənilməsi” tələbi barədə inzibati mübahisəyə dair işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), şifahi, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, Cavabdeh 24 iyun 2005-ci il tarixli, 126 nömrəli sərəncamı ilə ev tikmək üçün ona verilmiş 1200 kv.m torpaq sahəsinin əvəzinə, başqa yerdə bugünki bazar qiymətinə uyğun olaraq torpaq sahəsi ilə təmin edilməsi və ya ona verilmiş torpaq sahəsinin bazar qiymətinə uyğun olaraq əvəzinin pulla qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 24 iyun 2005-ci ildə Qala Bələdiyyəsinin 126 nömrəli sərəncamı ilə iddiaçıya ev tikmək üçün 1200 kv.m torpaq sahəsi ayrılmışdır.Torpağın dəyəri Bələdiyyələrin BUSB Əzizbəyov rayon şöbəsinə ödənilmişdir. Həmin əraziyə hasar çəkmiş, sonradan 2010-cu il tarixindən həmin ərazi özəl yol şirkəti olan Az.VİRT MMC-in bir sahəsi tərəfindən zəbt olunmuşdur. Həmin şirkətlə aparılan danışıqlardan sonra məlum olmuşdur ki, SOCAR ərazini yol çəkilib qurtarana qədər şirkətin müvəqqəti istifadəsinə vermişdir. İddiaçı qeyd olunan ərazinin ona məxsus olduğunu şirkətə bildirmiş, onun icazəsi olmadan torpağı zəbt etdiklərini qeyd etmişdir. İddiaçı Qala Bələdiyyəsinə dəfələrlə müraciət etməsinə baxmayaraq, heç bir nəticəsi olmamışdır. Bildirilmişdir ki, yol idarəsi getdikdən sonra iddiaçı torpağına sahiblik edə biləcək. Həmin yol inşaatı bitsə də, yenə qeyd etdiyi yol şirkəti ona məxsus olan ərazini boşaltmamışdır. Ona görə də iddiaçı xx.xx.2018-ci ildə Xəzər Rayon Məhkəməsinə müraciət etmişdir. Xəzər Rayon Məhkəməsinin qətnaməsi ilə razılaşmadığından qətnamədən apelliyasiya şikayəti vermiş, onun şikayəti əsasında SOCAR-ın “Azneft” İstehsalat Birliyi tərəfindən 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə Qala Bələdiyyəsi tərəfindən iddiaçıya verilən sərəncamin etibarsızlığı haqqında iddia qaldırdığından məhkəmə işi dayandırmışdır. Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi işi tam araşdırdıqdan sonra Sərəncamın etibarsızlığı haqqında qərar qəbul etmişdir. İddiaçının müraciəti əsasında Bakı Apelliyasiya Məhkəməsi yenidən işə baxmış qərardad və qətnamə qəbul etmişdir. Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsinin və Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinin qəbul etdiyi qərar, qətnamə və qərardaddan göründüyü kimin Cavabdeh başqasının əmlakı haqqında qeyri-qanuni sərəncam verərək iddiaçıya maddi və mənəvi ziyan vurmuşdur. Məhkəmə əmtəəşünaslıq ekspertiziyasının rəyinə əsasən hazırkı torpaq sahəsinin orta bazar qiyməti təxmini olaraq 30000 (otuz min) müəyyən edilir. Hansı ki, bu qiymət bazar qiymətindən üç dəfə aşağıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına daxil olduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə göndərilmiş, lakin etiraz daxil olmamışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdeh tərəf üzrlü səbəb bildirmədən məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddianı müdafiə edərək, iddia ərizəsində göstərilənlərə uyğun məzmunda izahat verdi və iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə ilk öncə qeyd edir ki, iddia cavabdehin qanunsuz hərəkətləri nəticəsində iddiaçıya dəymiş ziyana görə kompensasiyanın ödənilməsi ilə bağlı olduğundan işə inzibati məhkəmə icraatı qaydasında baxılmaldır. Belə ki, İPM-in 2.2.7-ci maddəsinə görə inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasıyaların ödənilməsi lələbinə dair iddialara da baxılır. İddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl bu tələblə əvvəlcə cavabdeh inzibati orqana müraciət etmiş, lakin arzuladığı məqsədə nail ola bilmədiyindən müvafiq tələblə cavabdehə qarşı məhkəmədə iddia irəli sürmüşdür. İddia tələb olunan mümkünlük şərtlərinə cavab verir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: -Qala bələdiyyəsinin xx.xx.2023-cü il tarixli, 1-2/01 nömrəli məktubundan görünür ki, iddiaçının hazırkı tələbi üzrə müraciətinə baxılmış və bildirilmişdir ki, ona 1200 kv.m torpaq sahəsinin Qala bələdiyyəsi tərəfindən ayrılması barədə bələdiyyədə heç bir məlumat yoxdur. Bu səbəbdən də həmin torpaq sahəsinin Qala bələdiyyəsi tərəfindən ayrılmasını müəyyən etmək mümkün olmadığından tələbinin təmin edilməsi imkan xaricindədir. -Əzizbəyov rayonu Qala bələdiyyəsinin 126 nömrəli, xx.xx.2005-ci il tarixli sərəncamının surətindən görünür ki, İddiaçı Qala qəsəbəsində ev tikmək üçün 1200 kv.m torpaq sahəsi ayrılmışdır. -Bələdiyyə torpağının mülkiyyətə verilməsi haqqında xx.xx.2005-ci il tarixli alqı-satqı müqaviləsinin surətindən görünür ki, Qala bələdiyyəsinin 126 saylı qərarı əsasında Bakı şəhəri, Əzizbəyov rayonu, yeni massiv küçəsində yerləşən ümumi sahəsi 1200 kv.m olan torpaq sahəsi iddiaçıya satılmışdır. -Qala bələdiyyəsi tərəfindən verilmiş xx.xx.2005-ci il tarixli, 407965 nömrəli kassa mədaxil qəbzinin surətindən görünür ki, İddiaçı torpaq alqı-satqısı üçün 10.560.000 (on milyon beş yüz altmış min) AZM pul ödəmişdir. -Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6853/2021 saylı 01 noyabr 2021-ci il tarixli qərarından görünür ki, həmin iş üzrə iddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Azneft” İstehsalat Birliyinin iddiası təmin edilmiş, Əzizbəyov (indiki Xəzər) rayon Qala Bələdiyyəsinin 126 saylı, xx.xx.2005-ci il tarixli Sərəncamının etibarsızlığının tanınmışdır. -Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli 2(103)- 19/2022 saylı saylı 26 oktyabr 2022-ci il tarixli qətnaməsindən görünür ki, İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilərək, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 23 oktyabr 2018-ci il tarixli, 2(003)-3287/2018 saylı qətnaməsi apellyasiya baxışının predmetində qalan hissədə-iddia tələbinin Qala Bələdiyyəsinin 24 iyun 2005-ci il tarixli, 126 nömrəli sərəncamı ilə ev tikmək üçün ona ayrılmış 1200 kv.metr torpaq sahəsinin qaytarılmasının təmin edilməyən hissəsində ləğv edilmiş, iddia tələbi həmin hissədə təmin edilməmiş, iş üzrə yeni qətnamə qəbul edilmiş, İddiaçı ilə Xəzər rayon Qala Bəldiyyəsi arasında bağlanmış bələdiyyə torpağının mülkiyyətə verilməsi haqqında 24 iyun 2005-ci il tarixli alğı-satqı müqaviləsi əhəmiyyətsiz əqd olmaqla etibarsız hesab edilmiş, Xəzər rayon Qala Bəldiyyəsindən 2100 (iki min yüz) manatın alınaraq İddiaçı verilməsi qət edilmişdir. -Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli. 1(103)- 19/2022 saylı qərardadı ilə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilərək, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 23 oktyabr 2018-ci il tarixli, 2(003)- 3287/2018 saylı qətnaməsi iddia tələbinin Xəzər rayonu Qala Bələdiyyəsinin 24 iyun 2005ci il tarixli, 126 nömrəli sərəncamı ilə ev tikmək üçün ona ayrılmış 1200 kv.m torpaq sahəsinin dəyərinin ödənilməsinin təmin edilməyən hissəsində ləğv edilmiş, həmin hissədə iş üzrə icraata xitam verilmiş, iddiaçıya Xəzər rayonu Qala Bələdiyyəsinin 24 iyun 2005-ci il tarixli, 126 nömrəli sərəncamı ilə ev tikmək üçün ona ayrılmış 1200 kv.m torpaq sahəsinin dəyərinin ödənilməsi tələbi ilə inzibati məhkəməyə müraciət etmək hüququna malik olduğu izah edilmişdir. -DƏDKR-in 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş 14 sentyabr 2023-cü il tarixli sorğuya cavab məktubunda mütəxəssislər tərəfindən ünvana baxış keçirildiyi, baxış zamanı torpaq sahəsinin sərhədlərinin şərti olduğu, faktiki sahənin 1200.0 kv.metr təşkil etdiyi, sözügedən ərazinin "xxxx" MMC tərəfindən avtodayanacaq kimi istifadə olunduğu, vahid elüktron kadastr baza məlumatlarına əsasən şərti sərhədlərlə göstərilən sahənin Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin ərazisi olduğu bildirilmişdir. Məhkəmə gəldiyi nəticəni aşağıdakı qaydada əsaslandırır. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İV hissəsinə əsasən, hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. “İnzibati icraat haqqında Qanundan: 2.0.1. inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs; 2.0.2. inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. 89.1. İnzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1100-cü maddəsinə əsasən dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və ya bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində, o cümlədən dövlət orqanının və ya yerli özünüidarə orqanının qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktının qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası və ya müvafiq bələdiyyə ödəməlidir. Həmin Məcəllənin 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 68-ci maddəsinə əsasən, Torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, iddiaçıya Qala bələdiyyəsinin xx.xx.2005-ci il tarixli, 126 saylı sərəncamı ilə Qala qəsəbəsi ərazisində 1200 kv.metr torpaq sahəsi ayrılması qərara alınmışdır. Həmin torpaq sahəsinə dair bələdiyyə ilə iddiaçı arasında eyni tarixli alq-satqı müqaviləsinə bağlanmış və torpağın müqavilə üzrə dəyəri bələdiyyənin kassasına mədaxil edilmişdir. Sonradan “Azneft” İB-nin iddiası əsasında Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6853/2021 saylı 01 noyabr 2021-ci il tarixli qərarına əsasən Cavabdeh 126 saylı, xx.xx.2005-ci il tarixli Sərəncamının etibarsızlığının tanınmış və qərar qanuni qüvvəsini almışdır. Hazırda iddiaçı Cavabdeh 126 saylı xx.xx.2005-ci il tarixli Sərəncamının etibarsız hesab edilməsi əsası ilə ev tikmək üçün ona ayrılması qərara alınmış 1200 kv.m torpaq sahəsinin dəyərini hesab etdiyi zərərin əvəzi kimi cavabdehdən tələb edir. Məhkəmə qeyd edir ki, torpaq sahəsinə dair hüququn qeydiyyatına dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarış təqdim edə bilməməsi və həmin inzibati aktın hüquqi qüvvəsini itirməsi şəxsə kompensasiya verilməsindən imtina edilməsi üçün əsas olmasa da, istər yuxarıda istinad olunan məhkəmə aktlarından istərsə də hazırkı məhkəmə araşdırmasında iddiaçının Qala bələdiyyəsinin xx.xx.2005-ci il tarixli qərarı ilə ona ayrılması qərara alınmış torpaq sahəsindən hansısa formada istifadə etməsi ilə bağlı (hasarlamasına, tikili inşa etməsinə, vergi ödəyicisi kimi qeydiyyata alınmasına və sairə) hər hansı hal müəyyən edilməmiş, iddiaçı bununla bağlı hər hansı sübut təqdim etməmiş, həmçinin konkret ünvan bildirməklə əlavə sübutların toplanması ilə bağlı təşəbbüskarlıq göstərməmişdir. Belə olan halda, iddiaçıya cavabdehin hərəkətləri (hərəkətsizliyi) nəticəsində hansısa ziyanın vurulması konkret halda müəyyən olunmur. Halbuki, Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 2002-ci il 31 may tarixli Qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. İddiaçı yalnız Qala bələdiyyəsinin torpaqayırma sərəncamının etibarsız hesab edilməsi faktına istinad edərək iddia qaldırmışdır ki, bu hal cavabdehə qarşı dəymiş ziyanın ödənilməsini tələb etmək üçün yetərli sayıla bilməz. Məhkəmə həm də onu nəzərə alır ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli qətnaməsi ilə Qala Bələdiyyəsi ilə bağladığı torpağının mülkiyyətə verilməsi haqqında 24 iyun 2005-ci il tarixli alqı-satqı müqaviləsi üzrə ödədiyi vəsaitin Qala bələdiyyəsindən alınaraq iddiaçıya ödənilməsi qət edilmişdir. Göstərilənlərə əsasən, məhkəmə belə qənaətə gəlir ki, cavabdehin hərəkət və ya hərəkətsizliyi ilə iddiaçıya hər hansı ziyanın vurulduğu müəyyən edilmədiyindən, həmçinin iddiaçı üçün zərərin nədə ifadə olunması, başqa sözlə, cavabdeh inzibati orqanın hərəkətləri (hərəkətsizliyi) nəticəsində ona zərərin dəyməsi barədə sübut edəcək hər hansı dəlil məhkəməyə təqdim edilmədiyindən iddia əsassızdır və təmin edilməməlidir. İPM-in: -52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. -58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. -68.2-ci maddəsində göstərilir ki, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, iş üzrə təyin edilmiş məhkəmə mühəndis-texniki ekspertizası üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən təqdim edilmiş xx.xx.2024-cü il tarixli, 9/558-10/700 №li ekspert rəyinin ekspertiza xərclərinə dair bildirişindən görünür ki, aparılmış ekspertiza tədqiqatının dəyəri 150 (yüz əlli) manat təşkil edir. İddia tələbi təmin edilmədiyindən qeyd olunan pul vəsaiti iddiaçıya aid edilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Mərkəzinin (VÖEN **********, X1, KOD 210005, VÖEN **********, Müxbir hesab АZ41 NABZ********************4, SFİFTBİK CTREAZ22) xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 108.1-ci maddəsinə əsasən prosessual xərclər məhkəmə xərclərindən (dövlət rüsumlarından və digər ödəmələrdən) və hüquqi müdafiə ilə bağlı proses iştirakçısının çəkdiyi, onun şikayəti üzrə şikayət instansiyasında icraatla əlaqədar xərclər də daxil olmaqla, zəruri xərclərdən ibarətdir. Həmin Məcəllənin 110.1-ci maddəsinə əsasəm prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsasən və İPM-in 2, 33, 52, 45, 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilməsin. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri yüz (əlli) manat məbləğ İddiaçı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xeyrinə Mərkəzinin (VÖEN **********, X1, KOD 210005, VÖEN **********, Müxbir hesab АZ41 NABZ********************4, SFİFTBİK CTREAZ22) tutulsun. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Tural Məlikov
Məhkəmə qərarları › İş №2-1(112)-576/2024
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-576/2024
27.06.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver