Məhkəmə qərarları › İş №2-1(112)-5760/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-5760/2021

23.07.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-5760/2021 23.07.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Ağalarov Həmid Azər oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədova Nərmin Nəzər qızının katibliyi, İddiaçı oğlunun, cavabdehin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “pensiyanın təyin edilməsi” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına (bundan sonra mətndə - DSMF-nin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 01.01.1992-01.04.1999-cu illərdə "xxxx" ASC-də işlədiyi illərin ümumi iş stajınasosial sığorta stajına daxil edilməklə ona hüququn yarandığı vaxtdan yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 27.07.2018-ci ildən yaşa görə əmək pensiyası təyin edilməsi ilə əlaqədar DSMF-in Qax rayon şöbəsinə müraciət etmişdir. 01.08.2018-ci il tarixdə həmin şöbədən ona 32/172 saylı imtina məktubu göndərilərək bildirilmişdir ki, iş stajının 20 il 10 ay 25 giin olması səbəbindən ona yaşa görə əmək pensiyası, təyin edə bilmirlər, iş stajı 25 il olmalıdır. Lakin həmin idarə onun ali təhsil müəssisəsində əyani təhsil aldığı illəri sosial sığorta stajına daxil etməmişdir. Bu səbəblə ona 01.01.2020-ci ildən müavinət təyin edilmişdir. O, 1972-1977-ci illərdə Azərbaycan Politexnik İnstitunda əyani təhsil almış və bu əmək kitabçasında qeyd edilmişdir. Lakin DSMF-nin Qax rayon şöbəsi təhsil müddətini hesablamadan iş stajını 20 il 10 ay 25 gün hesablamış, təhsil müddəti nəzərə alınmamışdır. Təhsil müddəti də nəzərə alınaraq hesablansa, 25 il 10 ay 25 gün hesablanaraq yaşa görə əmək pensiyası almaq hüququ olardı. Belə ki, o, 01.09.1972-ci ildən 28.06.1977-ci ilədək Azərbaycan Politexnik İnstitutunda əyani təhsil almış, 05.01.1978-26.03.1979-cu illərdə X1, 23.05.1979- 01.10.1980-ci illərdə PMK-2 də, 05.12.1980-ci ildən 01.04.1999-cu ilədək X5 işləmişdir.Sonuncu müraciətə verilmiş imtina məktubunda qeyd edilmişdir ki, 01.01.1992-ci 01.04.1999-cu illərdə işlədiyi "xxxx" ASC-nin maliyyə uçot sənədləri rayon arxivinə təhvil verilməmişdir, bu səbəbdən həmin illərin sığorta stajını yoxlamaq mümkün olmamışdır. Yəni həmin dövrə aid 7 il 3 ay sığorta stajı kimi hesablanmır. Cavabdehin imtinası əsassız və qanunsuzdur. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, 01.01.1992-01.04.1999-cu illərdə "xxxx" ASC-də işlədiyi illərin sosial sığorta stajına daxil edilməsi və ona 27.07.2018-ci ildən yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. 07 iyun 2021ci il tarixli məhkəmə iclasında iddiaçı məhkəməyə müraciət edərək, dəqiqləşmə barədə ərizədə texniki səhv olaraq 14.06.2018-ci il tarix əvəzinə 27.07.2018-ci il tarix qeyd edildiyini bildirmiş və nəzərə alınmasını xahiş etmişdir. Məhkəmənin protokol qaydasında qəbul etdiyi qərardadla iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə icraata qəbul edilmiş və iddia tələbinin “01.01.1992-01.04.1999-cu illərdə "xxxx" ASC-də işlədiyim illərin sosial sığorta stajına daxil edilməsi və mənə 14.06.2018-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edəsiniz” kimi göstərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin (bundan sonra mətndə – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir. İş üzrə cavabdeh DSMF-nin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı iddiaya qarşı etirazını yazılı şəkildə məhkəməyə təqdim edərək bildirmişdir ki, təqdim edilmiş 10.11.1975-ci il tarixli İT-İ № ******* saylı əmək kitabçası və əyani təhsil haqqında diplomuna əsasən iddiaçının ümumi iş stajı 01.01.2006-cı il tarixinədək 18 il 5 ay olmaqla tələb olunan müddətdən (25 ildən) azdır. Eyni zamanda onun 01.01.2006-cı il tarixindən sonra fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. Eləcə də, iddiaçının əmək kitabçasında qeyd olunan 01.01.1992-ci il tarixindən 01.04.1999-cu il tarixinədək işlədiyini iddia etdiyi “Qax - konserv” ATSC-nin maliyyə-uçot sənədlərinin rayon arxivinə təhvil verilməməsi səbəbindən qeyd olunan dövrün sığorta stajının yoxlanılması mümkün olmamışdır. Beləliklə, həmin dövrlərin sığorta stajına əlavə edilməsi qanunvericiliyin tələblərinə uyğun deyildir. Qeyd olunanları nəzərə alaraq iddiaçıya yaşa görə əmək pensiyası təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Məhkəmə iclasında iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi təmsil etdiyi qurumun imtinasının əsaslı olduğunu bildirmiş, etirazın dəlillərinə uyğun izahat vermiş və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia öhdəliyin icrası haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Qeyd edilməlidir ki, artıq uzun müddət ərzində formalaşmış təcrübəyə əsasən, əmək pensiyalarının təyin olunması barədə işlərə məhz öhdəlik xarakterli iddialar çərçivəsində baxılır. İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: AZE seriyalı 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1954-cü il tarixdə ünvan 1 ünvanında qeydiyyatdadır; B-İ №002435 nömrəli diplomun təsdiq edilmiş surətindən görünür ki, İddiaçı 1972-ci ildə Azərbaycan Politexnik İnstitutuna daxil olmuş və 1977-ci ildə “Soyuducu və kompressor maşınları və qurğuları” ixtisası üzrə tam kursu bitirmişdir. Dövlət imtahan komissiyasının 1977-ci 28 iyun tarixli qərarı iə ona mühəndis-mexanik ixtisası verilmişdir; Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu Qax rayon şöbəsinin 32/172 nömrəli 01.08.2018-ci il tarixli məktubundan görünür ki, 01.01.2006-ci il tarixədək İddiaçı əmək kitabçasına əsasən müəyyən olunan 20 il 10 ay 25 gün sosial sığorta stajına görə fərdi hesabının sığorta nissəsində qeydə alınmalı olan pensiya kapitalı 14662,84 manat ((20 il tam iş stajı x 306 manat = 6120,0 manat + 255,0 manat (306 : 12 ay x 10 ay) + 21,25 manat (306 : 360 gün x 25 gün) = 6395,25 manat, bu məbləğ Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi tərəfindən müəyyən edilən illik artım tempinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən indeksləşdirilərək 14662,84 manat müəyyən olunur) məbləğində müəyyən olunmuşdur. Fərdi hesabının sığorta hissəsində qeydə alınan 14662,84 manat pensiya kapitalı nəzərə alınmaqla Qanunun 10.2-ci maddəsinə əsasən hesablanan əmək pensiyasının məbləği 101,82 manat (14662,84 manat pensiya kapitalı : 144 (gözlənilən pensiya ödənişi müddəti aylarının sayı) müəyyən olunduğundan və bu məbləğ yuxarıda qeyd edildiyi kimi əmək pensiyasının minimum məbləğindən yəni 116,27 manatdan az olduğuna görə, eyni zamanda “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Qanununun 7-ci maddəsində qeyd edildiyi kimi 25 il sosial sığorta stajına malik olmadığına görə ona yaşa görə əmək pensiyasının təyin olunması qanunvericiliyin tələblərinə uyğun deyildir; DSMF-nin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının 10 mart 2021-ci il tarixli, **********1 saylı imtina məktubunda qeyd edilmişdir ki, əmək kitaçasında qeyd olunan 01.01.1992-ci il tarixindən 01.04.1999-cu il tarixinədək işlədiyi "xxxx" ATSC-nin maliyyə uçot sənədlərinin rayon arxivində təhvil verilməməsi səbəbindən qeyd olunan dövrün sığorta stajının yoxlanılması mümkün olmamışdır. Beləliklə həmin dövrlərin sığorta stajına əlavə edilməsi qanunvericiliyinin tələblərinə uyğun deyildir. Qeyd olunanları nəzərə alaraq ona yaşa görə əmək pensiyası təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkük hesab edilmir. Ona “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 4.0.1.2-ci maddəsinə əsasən 01.01.2020-ci il tarixdən yaşa görə müavinət təyin olunmuşdur; Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Qax rayon Dövlət Arxivinin 36 nömrəli 29 aprel 2021-ci il tarixli məktubuna əsasən, "xxxx" ASC (keçmiş Qax Konserv zavodu” şəxsi heyətlə bağlı sənədləri (o cümlədən əmr kitabı, əmək haqqı cədvəlləri) arxivə təhvil verilməmişdir. Məhkəmə araşdırması zamanı verilmiş sorğulara cavab olaraq: DSMF-nin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının **********2 nömrəli 20 may 2021-ci il tarixli məktubuna əsasən, İddiaçı təqdim etdiyi 10.11.1975-ci il tarixli İT-İ ******* nömrəli əmək kitabçasında qeyd olunan illər üzrə və təhsil haqqında diplomuna əsasən 25 il 8 ay 22 gün ümumi iş stajı olsa da, onun 01.01.1992-ci il tarixindən 01.04.1999-cu il tarixinədək "xxxx" ATSC-də işlədiyi iş stajını həmin ATSC-nin uzun müddət fəaliyyəti olmadığı səbəbindən və maliyyə uçot sənədlərinin rayon arxivinə təhvil verilmədiyindən yoxlanması mümkün olmamışdır. Buna görə də onun qanunvericiliyə müvafiq olaraq hesablanan sosial sığorta stajı 18 il 5 ay olmaqla tələb olunan müddətdən (25 il) azdır. 01.01.2006-cı il tarixinədək fərdi hesabının sığorta hissəsində 13.350,02 manat pensiya kapitalı vardır və 01.01.2006-cı il tarixindən sonra vətəndaşın fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır; Əmlak Məsələləri Dövlət Xidmətinin **********32 nömrəli 24 iyun 2021-ci il tarixli məktubundan görünür ki, “Azərbaycan Respublikasında 1995-1998-ci illərdə dövlət mülkiyyətinin özəlləşdirilməsinin Dövlət Proqramı”na uyğun olaraq Dövlət Əmlak Komitəsinin 02.03.1998-ci il tarixli 377 nömrəli sərəncamı ilə Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olmuş X4 (Konserv zavodunun) bazasında "xxxx" ASC yaradılmış və 25.12.2007-ci il tarixinə səhmləri tam özəlləşdirilərək mülkiyyətçisi dəyişmişdir. "xxxx" səhmdar cəmiyyətinin özəlləşdirmə planında (Emissiya prospektində) özəlləşdirmə komissiyası tərəfindən təqdim olunmuş işçilərin siyahısında İddiaçı adı qeyd edilmişdir. İş materialları ilə müəyyən olunur ki, iddiaçı xx.xx.1954-cü il təvəllüdlüdür, 63,5 yaşı tamam olduğuna görə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinə uyğun olaraq yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı DSMF-nin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına müraciət etmiş, lakin cavabdeh inzibati orqan onun iş stajının yetərli olmaması səbəbindən müraciətinin təmin edilməsindən imtina edilmişdir. Hazırda iddiaçı ona adıçəkilən qanunun tələblərinə uyğun olaraq yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsini xahiş edir. Məhkəmə iddiaçının iddia tələbini aşağıda göstərilənlərə görə əsaslı hesab edir. Azərbaycan Respublikasının Konstitusiyasının 38-ci maddəsinə əsasən, hər kəsin sosial təminat hüququ vardır, hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. (İ və İİİ hissələr) “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun: 7-ci maddəsinə əsasən, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır; 1.0.2-ci maddəsinə əsasən, sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur; 21.1-ci maddəsinə əsasən, qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir; 22.1-ci maddəsinə əsasən, əmək pensiyası hüququ verən sığorta stajının hesablanması təqvim (illər, aylar, günlər) əsasında həyata keçirilir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il 11 dekabr tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş ““Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın (bundan sonra mətndə - “Qaydalar”) 3.1-ci bəndinə əsasən, sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı əhatə etdiyi dövr üzrə 2 hissəyə - Qanunun qüvvəyə mindiyi 01.01.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı və Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı dövrlərinə bölünür. “Qaydalar”ın 3.2 və 3.2.1-ci bəndlərinə əsasən, 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçası üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir. Göründüyü kimi, mövcud “Qaydalar” "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajının əmək kitabçasına əsasən müəyyən edilməsini təsbit etmişdir. Bundan əlavə, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 87-ci maddəsinin 1ci hissəsinə əsasən, işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında — işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli, 186 nömrəli qərarı ilə təsdiq edilmiş, “İşçilərin əmək kitabçasının forması və onun tərtibi Qaydaları”nın 1.1-ci bəndinə əsasən, Əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəddir. 01.10.1956-cı ildə qanuni qüvvəyə minmiş və 23.09.1992-ci il tarixədək qüvvədə olmuş “Dövlət pensiya təminatı” haqqında SSRİ Qanununun 1-ci maddəsinin “v” bəndinə görə, ali məktəblərdə, orta ixtisas məktəblərində, sənət məktəblərində, başqa məktəblərdə və kadr hazırlayan kurslarda oxuyanlar əmək pensiyası almaq hüququna malikdirlər. Həmin Qanunun 109-cu maddəsinin “i” yarımbəndində qeyd olunur ki, ali, orta ixtisas, texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti iş stajına daxil edilir. 23 sentyabr 1992-ci il tarixli “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 67-ci maddəsinin “ğ” bəndinə əsasən, ali, orta ixtisas, texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti iş stajına daxil edilir. Sadalanan qanunvericilik normalarının təhlili göstərir ki, iddiaçının xx xxxxxx 1954-cü il tarixdə doğulduğu nəzərə alındıqda, onun 63,5 yaşının tamam olduğu 14 iyun 2018-ci il tarixdən, “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsində nəzərdə tutulan digər şərtlərin də ödənildiyi halda, əmək pensiyası almaq hüququ vardır. Həmin normada nəzərdə tutulmuş digər şərtlərə gəldikdə, iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməli (sığorta stajından asılı olmayaraq), qeydə alınmış pensiya kapitalı pensiya təminatına imkan vermədikdə isə iddiaçı azı 25 il sığorta stajına malik olmalıdır. Belə ki, məhkəmə iş materiarında olan sənədləri, o cümlədən əmək kitabçasının və diplomun təsdiq edilmiş surətini tədqiq edərək iddiaçının iş stajını aşağıdakı kimi müəyyən etmişdir: - 01.09.1972-28.06.1977-ci illərdə Azərbaycan Politexnik İnstitunda təhsil almışdir (4 il 9 ay 28 gün); - 05.01.1978-26.03.1979-cu illərdə Qax şəhəri 5 saylı “Aztikinti trestinin 60 nömrəli SMD-də (X2) 5-ci dərəcəli çilingər (1 il 2 ay 22 gün); - 23.05.1979-01.10.1980-cı illərdə “Sovxoztikinti Trestinin 2 saylı SMD-də 3-cü dərəcəli betonçu (2 il 6 ay 1 gün); - 05.12.1980-30.09.1988-ci illərdə Qax aqrar sənaye birliyi soyuducu rəisi, mühəndis (8 il 11 ay 18 gün); - 01.10.1988-01.04.1999-cu illərdə Qax konserv zavodu soyuducu rəisi (11 il 8 ay 23 gün). İşin hallarına əsasən qanunvericiliklə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün tələb olunan bütün şərtlər iddiaçıya münasibətdə mövcuddur, yəni onun 63,5 yaşı tamamdır və ümumilikdə 25 ildən artıq (25 il 8 ay 29 gün) sığorta stajına malikdir. Cavabdehin imtinasının (etirazının) əsas dəlili ondan ibarətdir ki, iddiaçının əmək kitabçasında qeyd olunan 01.01.1992-ci il tarixdən 01.04.1999-cu il tarixədək işlədiyi "xxxx" ASC-nin maliyyə uçot sənədlərinin rayon arxivinə təhvil verilməməsi səbəbindən qeyd olunan dövrün sığorta stajının yoxlanılması mümkün olmamışdır. Məhkəmə həmin dəlillərlə bağlı qeyd edir ki, yuxarıda qeyd edildiyi kimi, hazırda qüvvədə olan Qaydalarda 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajının əmək kitabçasına əsasən müəyyən edildiyi təsbit olunmuşdur. İddiaçının iş stajını təsdiq edən əmək kitabçası mövcuddur, əmək kitabçası yuxarıda qeyd edilən normativ sənədlərə uyğun tərtib edilmişdir, cavabdeh iddiaçıya məxsus əmək kitabçasındakı məlumatların həqiqətə uyğun olmamasına dair mötəbər sübut təqdim edə bilməmişdir. Bundan əlavə, iddiaçının əmək kitabçasında qeyd olunan 01.01.1992-ci il tarixdən 01.04.1999-cu il tarixədək işlədiyi "xxxx" ASC-nin maliyyə uçot sənədlərinin rayon arxivinə təhvil verilməməsi iddianın əsaslılığına təsir etmir. Belə ki, Əmlak Məsələləri Dövlət Xidmətinin yuxarıda qeyd olunan 24 iyun 2021-ci il tarixli məktubundan görünür ki, "xxxx" səhmdar cəmiyyətinin özəlləşdirmə planında (Emissiya prospektində) özəlləşdirmə komissiyası tərəfindən təqdim olunmuş işçilərin siyahısında İddiaçı adı qeyd edilmişdir. Məhkəmə nəzərə alır ki, “İnzibati icraat haqqında” Qanunun 19.1-ci maddəsinə əsasən, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. İddiaçının əmək kitabçasındakı məlumatların mötəbərliyini şübhə altına alan hər hansı hal işdə mövcud deyildir. İPM-in: 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir; 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir; 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Aparılmış qiymətləndirmənin nəticəsi olaraq, məhkəmə hеsаb еdir ki, iddia əsaslı olmaqla yuxarıda sadalanan qanunvericiliyin tələblərinə uyğun olduğundan təmin edilməli, İddiaçı 01.01.1992-ci il tarixdən 01.04.1999-cu il tarixədək "xxxx" ASC-də işlədiyi illər sosial sığorta stajına daxil edilməklə ona 63,5 yaşının tamam olduğu, 14.06.2018-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına həvalə edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68-69, 75.4, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı 01.01.1992-ci il tarixdən 01.04.1999-cu il tarixədək "xxxx" ASC-də işlədiyi illər sosial sığorta stajına daxil edilməklə 63,5 yaşının tamam olduğu, 14.06.2018-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Həmid Ağalarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar