Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-5761/2021 04.11.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Məhkəmənin hakimi Həsənova Şəlalə Akif qızının sədrliyi, Bəşirli Leyla Elşad qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Bakı şəhəri, Xəzər rayon Polis İdarəsinə qarşı X17, X5, X18, X13 və Əsəd-zadə Ramilə Şahin qızı üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməklə yaşayış yeri üzrə qeydiyyatdan çıxarılma tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh Bakı şəhəri, Xəzər rayon Polis İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək X11, X1, X12, X6 və Əsəd-zadə Ramilə Şahin qızının Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Almas İldırım küçəsində yerləşən 35 saylı evdən pasport qedyiyyatından çıxarılmalarına dair cavabdehin üzərinə öhdəliyin qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmənin 15.04.2021-ci il tarixli, 2-1(112)-5761/2021 nömrəli qərardadı ilə X17, X5, X18, X13 və Əsəd-zadə Ramilə Şahin qızı üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb olunmuşlar. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş MA seriyalı ******* saylı çıxarışa əsasən Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Almas İldırım küçəsində yerləşən 35 saylı ev üzərində onun mülkiyyət hüququ mövcuddur. Belə ki, həmin evi o, Bakı şəhəri 7 saylı Notariat Kontorunun AN seriyalı ******* saylı 18 may 2004-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən X2 almışdır. O həmin evi aldıqdan sonra öz adına daşınmaz əmlakın dövlət reyestri xidmətindən çıxarış almışdır və hal hazırda da həmin mənzilin mülkiyyətçisi özüdü. Hazırda notariusda kirayə müqaviləsini rəsmiləşdirərkən ona məlum olmuşdur ki, satıcının ailə üzvləri olan cavabdehlər orada pasport qeydiyyatında qalmışlar və qeydiyyatdan çıxmaları üçün heç bir tədbir görməmişlər. Lakin o evi alandan sonra bir gün də olsa yaşamamışlar, evdə onlara məxsus heç bir əmlak yoxdur. Cavabdehlərin hal-hazırda harada yaşamaları ona məlum deyil, onların evdə pasport qeydiyyatı formal xarakter daşıyır. ASAN-5 tərəfindən ona təqdim edilən 02.03.2021-ci il tarixli ******* saylı “yaşayış yeri üzrə qeydiyyat haqqında” arayışdan görünür ki, qeyd etdiyi cavabdehlər həmin evdə pasport qeydiyyatındadırlar. Hal-hazırda həmin şəxslərə görə hər ay əlavə komunnal ödənişləri və s. ödəyir. Belə olan halda cavabdehlərin qeydiyyatda olması onnun üçün bir sıra problemlər yaradır. Belə ki, cavabdehlərin onun evində pasport qeydiyyatında qalmaları Azərbaycan Respublikası Konstitusiyası ilə ona verilən və dövlət tərəfindən qorunan mülkiyyət hüququnu pozur və o həmin hüququnu həyata keçirə bilmir, həmçinin əlavə kommunal xərci ödəmək məcburiyyətində qalır. Üçüncü şəxslərin onun mülkiyyətində pasport qeydiyyatından çıxarılmalarına dair Xəzər rayon Polis İdarəsinə ərizə ilə müraciət etmişdir. Lakin Xəzər rayon Polis İdarəsinin 12.02.2021-ci il tarixli, 4132H-3221 saylı cavab məktubu ilə bildirilmişdir ki: “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin 5-ci hissəsinin tələbinə əsasən şəxslərin sözügedən ünvandan qeydiyyatdan çıxarılması ilə bağlı məhkəmə orqanlarına müraciət etməyi məqsədəmüvafiqdir. Odur ki, məhkəməyə müraciət edir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi və əlavə olaraq bildirdi ki, qeydiyyatdan çıxarılmalarını tələb etdiyi şəxslər onun ailə üzvləri deyillər, onlarla hər hansı qohumluq münasibətləri yoxdur. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdeh və üçüncü şəxslər lazımi qaydada xəbərdarlıq edilmiş, cavabdeh məhkəməyə məktub ünvanlayaraq məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini xahiş etmiş, üçüncü şəxslər isə məhkəməyə gəlməmiş, gəlməməmələrinin səbəbləri barədə məlumat verməmiş və işə onların iştirakları olmadan baxılmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən cavabdehin nümayəndəsinin və üçüncü şəxslərin iştirakları olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab edir. İş materiallarında olan və məhkəmə icraatında tədqiq edilmiş: - Azərbaycan Respublikası vətəndaşının AZE 0******* №-li şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1949-cu ildə doğulmuşdur. Yaşayış yeri ünvan 1 ünvanıdır. - ünvan 2 №-li notariat işindən və ona əlavə olunmuş sənədlərdən görünür ki, 18.05.2004-cü il tarixli, AN-İ ******* №-li daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən satıcı X10 Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Almas İldırım küçəsində yerləşən xüsusi mülkiyyət hüququ üzrə ona məxsus 35 saylı evi 38.000.000 (otuz səkkiz milyon) manata alıcı İddiaçı satmış, satıcı X10 10 gün ərzində İddiaçı faktiki sahibliyinə və istifadəsinə verməyi öz öhdəsinə götürmüşdür. X4 18.05.20004-cü il tarixli ərizəsindən görünür ki, ona məxsus evdə pasport qeydiyyatında heç kim yoxdur, gələcəkdə bu ev ilə əlaqədar olaraq mübahisə ba verərəsə bütün məsuliyyəti öz üzərinə götürür. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş MA seriyalı ******* №-li hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Almas İldırım küçəsində yerləşən 35 saylı fərdi yaşayış evi 19.03.2010-cu il tarixdən İddiaçı xüsusi mülkiyyətindədir. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən verilmiş yaşayış yeri üzrə qeydiyyat haqqında ******* №-li, 02.03.2021-ci il tarixli arayışdan görünür ki, 11.01.1993-cü il təvəllüdlü X17, 27.06.1970-ci il təvəllüdlü X5, 21.04.1964-cü il təvəllüdlü X18, 05.01.1931-ci il təvəllüdlü X14, 27.05.1991-ci il təvəllüdlü Əsəd-zadə Ramilə Şahin qızı ünvan 3 ünvanında yaşayış yeri üzrə qeydiyyatdadırlar. - Həmin arayışdan həmçinin görünür ki, İddiaçı ünvan 3 ünvanında 04.08.2006-cı ildən qeydiyyatdadır. - Bakı şəhəri Xəzər rayon Polis İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış 29.04.2021-ci il tarixli, 055-7891-1221 №-li məktubdan görünür ki, 11.01.1993-cü il təvəllüdlü X17 11.11.2009-cu il tarixdə, 27.06.1970-ci il təvəllüdlü X5 31.01.2005-ci il tarixdə, 21.04.1964-cü il təvəllüdlü X18 31.01 2005-ci il tarixdə, 27.05.1991-ci il təvəllüdlü Əsəd-zadə (Vəliyeva) Ramilə Şahin qızı 24.09.2007-ci il tarixdə Xəzər rayon Polis İdarəsinin Qeydiyyat və şəxsiyyət vəsiqəsi şöbəsi tərəfindən ünvan 3 ünvanına yaşayış yeri üzrə qeydiyyata alınmışdırlar. Daxili İşlər Nazirliyinin müvafiq qərarının tələblərinə uyğun olaraq yuxarıda adları qeyd olunan şəxslərin sözügedən ünvana qeydiyyata alınmağına əsas verən sənədlər 5 (beş) il saxlanıldıqdan sonra məhv edilmişdir. Əlavə olaraq bildirilir ki, X13 barəsində Daxili İşlər Nazirliyinin müvafiq sistemindən məlumat əldə etmək mümkün olmamışdır. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış 03.05.2021-ci il tarixli, 018-5816-1221 №-li məktubdan görünür ki, 11.01.1993-cü il təvəllüdlü X17 11.11.2009-cu il, 27.06.1970-ci il təvəllüdlü X7 31.01.2005-ci il, 21 04.1964-cü il təvəllüdlü X18 31.01.2005-ci il və 27.05.1991-ci il təvəllüdlü Vəliyeva (Əsəd-zadə) Ramilə Şahin qızı 24.09.2007-ci il tarixdən hal-hazıradək ünvan 5 ünvanında yaşayış yeri üzrə qeydiyyatdadırlar. Əlavə olaraq bildirilmişdir ki, adları qeyd olunan şəxslərin qeydiyyata alınmalarına əsas olan sənədlərin saxlama müddəti bitdiyinə görə qanunvericliklə müəyyən edilmiş qaydada məhv edilmişdir. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən məhkəməyə ünvanlanmış 24.05.2021-ci il tarixli **********95 №-li məktubdan görünür ki, X11, X3, X12, X8 və Əsəd-zadə Ramilə qızının Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Almaz İldırım küçəsi, 35 saylı fərdi yaşayış evinə dair istifadə hüquqlarının qeydiyyata alınması ilə bağlı məlumat İdarənin arxivində aşkar edilməmişdir. - Bakı şəhəri Xəzər rayon İcra Hakimiyyəti başçısının Şüvəlan qəsəbə inzibati ərazi üzrə nümayəndəliyinin 17.09.2021-ci il tarixli, 1205 №-li arayışından görünür ki, 11.01.1993-cü il təvəllüdlü X17, 27.06.1970-ci il təvəllüdlü X5, 21.04.1964-cü il təvəllüdlü X18, 05.01.1931-ci il təvəllüdlü X14 və 27.05.1991-ci il təvəllüdlü Əsəd-zadə Ramilə Şahin qızı ünvan 3 ünvanında qeydiyyatdadırlar və bu ünvanda yaşamırlar. - Bakı şəhəri Xəzər rayon Polis İdarəsi tərəfindən iddiaçıya ünvanlanmış 12.02.2021ci il tarixli, 055-4132H-3221 №-li məktubdan görünür ki, X11, X3, X12, X8 və Əsəd-zadə Ramilə qızının ünvan 7 ünvanından yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasına köməklik göstərilməsi ilə bağlı müraciətinə baxılmışdır. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununun 9-cu maddəsinin 5-d hissəsinin tələblərinə müvafiq olaraq qeyd olunan məsələ ilə əlaqədar məhkəmə orqanlarına müraciət etməyi tövsiyə olunur. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, ünvan 3 X4 xüsusi mülkiyyətində olmuş, sonuncu mülkiyyətində olan həmin yaşayış sahəsini 38.000.000 (otuz səkkiz milyon) manata alıcı İddiaçı 18.05.2004-cü il tarixdə satmışdır. Mənzilin keçmiş mülkiyyətçisi X10 10 gün ərzində İddiaçı faktiki sahibliyinə və istifadəsinə verməyi öz öhdəsinə götürmüşdür. Mənzil satılan zaman yaşayış sahəsi üzrə qeydiyyatda olan şəxslər olmamışdır. Mübahisəli ev hazırda iddiaçının xüsusi mülkiyyətindədir. Üçüncü şəxslər X17 11.11.2009-cu ildən, X5 31.01.2005-ci ildən, X18 31.01.2005-ci ildən, X13 və Əsəd-zadə Ramilə Şahin qızı 24.09.2007-ci ildən qeyd olunan ünvanda qeydiyyatda olsalar da hal-hazırda həmin yaşayış sahəsində yaşamırlar və mülkiyyətçinin ailə üzvləri deyillər. Həmin şəxslərin mübahisəli yaşayış sahəsi üzrə qeydiyyata alınmalarına əsas olan sənədlər saxlama müddəti bitdiyinə görə qanunvericliklə müəyyən edilmiş qaydada məhv edildiyindən onların qeydə alınmalarının əsasını müəyyən etmək mümkün olmamışdır. İddiaçı mülkiyyətində olan fərdi yaşayış evində qeydiyyatda olan, lakin həmin evdə yaşamayan, ailə üzvü olmayan şəxslərin qeydiyyatdan çıxarılmaları ilə bağlı inzibati orqana müraciət etsə də onun müracitəti təmin edilməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının: - 13-cü maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. - 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən mərhum edilə bilməz. «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və ya beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olunmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 29.1-ci maddəsinin tələbinə əsasən yaşayış sahəsinin mülkiyyətçisi ona mülkiyyət hüququ əsasında məxsus olan yaşayış sahəsi barəsində onun təyinatına uyğun olaraq və bu Məcəllə, həmçinin digər qanunlarla müəyyən edilmiş hüdudlarda sahiblik, istifadə və sərəncam vermək hüquqlarını həyata keçirir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. - 228.1-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. - 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. - 228.5-ci maddəsinin birinci cümləsinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. «Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Qərarında qeyd olunur ki, 2000-ci il sentyabrın 1-dən qüvvəyə minmiş Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələri isə yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsini onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması, habelə ailə üzvləri və digər şəxslərlə mülkiyyətçi arasında bağlanan yazılı razılaşmanın notariat qaydasında təsdiqlənməsi ilə şərtləndirir. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarında qeyd olunur ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci maddələrinin mənasından göründüyü kimi yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun yaranması üçün aşağıdakı mütləq şərtlərin yerinə yetirilməsi tələb olunur: -mülkiyyətçi ilə yazılı razılaşmanın bağlanılması; -həmin razılaşmanın notariat qaydasında təsdiq edilməsi; -istifadə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması. Belə qaydaların müəyyən edilməsi ondan irəli gəlir ki, «mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Ayrıca olaraq vurğulanmalıdır ki, mülkiyyət barəsində sərəncam verilməsi əqdlərin bağlanması yolu ilə və ya digər hüquqi aktların qüvvəsinə görə mümkündür» (R.Ağalarovun şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun qərarı). Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228.5-ci maddəsinin ikinci hissəsində olan digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarında Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, MM-nin 228.5-ci maddəsində əks olunmuş «mülkiyyətçinin razılığı» müddəası həmin Məcəllənin 228.1 və 228.2-ci maddələrinin tələbləri baxımından şərh olunmalı və bu normada nəzərdə tutulmuş «mülkiyyətçinin razılığı» yazılı şəkildə bağlanan razılaşmada ifadə edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinin «mülkiyyətçinin razılığı» müddəası həmin Məcəllənin 228.2-ci maddəsində müəyyən olunan qaydaya müvafiq olaraq yazılı bağlanan notariat qaydasında təsdiqlənən razılaşmanı nəzərdə tutur. Məhkəmə qeyd edir ki, yaşayış evindən qeydiyyatdan çıxarılmaları tələb edilən üçüncü şəxslərin mübahisəli yaşayış sahəsi üzrə istifadə hüquqlarının yaranmasına dair iddiaçı ilə bağlanmış notariat qaydada təsdiq edilmiş yazılı razılaşmanın mövcud olması məhkəmə araşdırılması zamanı müəyyən edilməmişdir. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Qanunun: - 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yeri üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycar Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. - 5-ci maddəsinə əsasən yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq dövlət orqanına müraciət etməlidir. Müvafiq dövlət orqan: vətəndaşı dərhal qeydə almalı və ona 10 gün ərzində “Azərbaycan Respublikası: vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq olaraq şəxsiyyət vəsiqəsi verməlidir. Yaşayış yeri üzrə qeydiyyata alınmaq üçün vətəndaş ərizə anketlə birlikdə aşağıdakı sənədləri təqdim etməlidir 1) şəxsiyyət vəsiqəsi və ya doğum haqqında şəhadətnamə; 2) yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında) daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunverciliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi. - 9-cu maddəsinə görə müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır: 1) yaşayış yerini dəyişdikdə - yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 2) başqa ölkədə yaşayış yeri seçdikdə - müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 3) ömürlük azadlıqdan məhrum edildikdə - məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında; 4) öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə - ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında; 5) yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə, məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında; 6) qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi) - məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiyası Məhkəməsi Plenumunun 24.09.2020-ci il tarixli qərarına əsasən “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir. Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. Göründüyü kimi mübahisəli fərdi yaşayış evi iddiaçının mülkiyyətindədir. Belə olan halda mülkiyyətçi ona məxsus yaşayış evində qeydiyyatda olan, lakin faktiki olaraq həmin evdə yaşamayan və istifadə hüququ olmayan şəxslərin qeydiyyatdan çıxarılmasını tələb etmək hüququna malikdir. Mübahisəli yaşayış evində qeydiyyatda olan üçüncü şəxslər X17, X5, X18, X13 və Əsəd-zadə Ramilə Şahin qızı qeyd olunan evdə yaşamadıqlarından, eləcə də onların həmin evdə istifadə hüquqlarının hazırda mövcudluğuna dair cavabdeh tərəfindən hər hansı sübut məhkəmə icraatına təqdim edilmədiyindən həmin şəxslərin iddiaçıya məxsus fərdi yaşayış evindən qeydiyyatdan çıxarılmamaları qanuna zidd və mülkiyyətçi kimi iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal qismində qiymətləndirilir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun preambulasında göstərilmişdir ki, bu qanunun məqsədi inzibati orqanlar tərəfindən insan hüquq və azadlıqlarına əməl olunmasını təmin etməkdən və qanunun aliliyinə nail olmaqdan ibarətdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. - 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. - 73.1-ci maddəsinin tələbinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək belə bir nəticəyə gəlir ki, iddia tələbi təmin edilməli, X11, X1, X12, X9 və Əsəd-zadə (Vəliyeva) Ramilə Şahin qızının iddiaçının mülkiyyətində olan ünvan 3 ünvanından qeydiyyatdan çıxarılmaları öhdəliyi cavabdehə həvalə edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73.1, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi təmin edilsin. X11, X1, X12, X9 və Əsəd-zadə (Vəliyeva) Ramilə Şahin qızının ünvan 3 ünvanından qeydiyyatdan çıxarılmaları öhdəliyi cavabdeh Bakı şəhəri, Xəzər rayon Polis İdarəsinə həvalə edilsin. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) verilə bilər. Hakim Şəlalə Həsənova
Məhkəmə qərarları › İş №2-1(112)-5761/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-5761/2021
04.11.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver