Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-5763/2022 01.07.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi ilə, İddiaçı və nümayəndəsi (vəkili) Vəkil, Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X22 üzrə Baş İdarəsinin nümayəndəsi X6 iştirakı ilə, İddiaçı X13 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X22 üzrə Baş İdarəsinə qarşı “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında xx.xx.2021-ci il tarixli **********7926 nömrəli qərarın ləğvi” iddia tələbi üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İ. Mübahisəli hüququn qısa xülasəsi
1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X22 üzrə Baş İdarəsinə qarşı “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında xx.xx.2021-ci il tarixli **********7926 nömrəli qərarın ləğv olunması iddia tələbi ilə məhkəməyə müraciət etmişdir.
2. Tələb onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X22 üzrə Baş İdarəsi operativ vergi nəzarətinin nəticələri haqqında xx.xx.2021-ci il tarixli 005302№ aktı əsasında “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2021-ci il tarixli **********7926 №-li Qərar qəbul edilmişdir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.10-cu maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən 5 nəfər fiziki şəxsi işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hesab olunaraq, barəmdə 10.000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilərək, vergi məsuliyyətinə cəlb edilməyim qərara alınmışdır. 10.000 manat məbləğin xx.xx.2022-ci ilədək ödənilməsinin tələb olunmasına dair **********7927 № Tələbnamə verilmişdir. Aşağıda göstərilən əsaslara görə hesab edirəm ki, cavabdeh vergi orqanının xx.xx.2021-ci il tarixli **********7926 №-li Qərarı qanunsuz və əsassız olduğundan ləğv edilməlidir. Belə ki, fizki şəxs kimi fərdi sahibkarlıq fəaliyyətilə (ictimai iaşə) məşğuldur. Fəaliyyət sahəsi Bakı şəhəri, Nizami rayonu, Keşlə ŞTQ, Davud Aslan k., ev 2 yanında yerləşən “Arpaçay” kafesində əhaliyə xidmət göstərilməsi ilə bağlıdır. Fərdi sahibkar olaraq işəgötürən kimi 5 nəfər fiziki şəxslə əmək müqaviləsi (kontraktı) bağlanmaqla, 8 nəfər fiziki şəxslə isə qanunvericiliyin tələbinə uyğun olaraq xidmət müqaviləsi bağlanılmaqla fəaliyyət göstərir. 17 noyabr 2021-ci il tarixdə saat 14:00 da DVX-nın Bakı Şəhəri X22 üzrə Baş İdarəsinin əməkdaşları tərəfindən fərdi sahibkarlıq fəaliyyətimi həyata keçirdiyim ünvan 1 ünvanında olan kafedə (“Arpaçay" kafesi) operativ vergi nəzarəti həyata keçirilmişdir. Sözügedən operativ vergi nəzarəti yoxlaması ilə vergi orqanının əməkdaşları tərəfindən sahibkarlıq fəaliyyətimi həyata keçirtdiyim obyektdə Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən olaraq tərəfimdən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilib-edilməməsi halları yoxlanılmış və bu yoxlama ilə əlaqədar DVX seriyalı, ******* №-li, 17 noyabr 2021-ci il tarixli akt, eləcə də eyni tarixli digər akt, eləcə də barəmdə Azərbaycan Resbuplikasının İXM-nin 602.4 maddəsi ilə MN 087419 №li, 17 noyabr 2021-ci il tarixli “inzibati xəta haqqında protokol" tərtib edilmişdir. Nizami rayon məhkəməsinin (hakim R.Əhmədov) xx.xx.2021-ci il tarixli qərarı ilə barəmdə Azərbaycan Resbuplikası İXM-nin 602.4 maddəsi ilə MN 087419 №-li, 17 noyabr 2021-ci il tarixli “inzibati xəta haqqında protokol” üzrə icraata xitam verilmişdir. Yoxlamaya gəldikləri andan dövlət məmuruna yaraşmayan davranışlara yol verən vergi əməkdaşları qərəzli və qeyri-obyektiv hərəkətlərə yol verməklə sahibkarlıq hüquqlarını kobud şəkildə pozmuşlar. Yoxlamaya hər cür şərait yaradılmasına baxmayaraq, vergi əməkdaşları mənə və obyektdə əmək müqaviləsi və xidmət müqaviləsi ilə işləyən şəxslərə qarşı kobud rəftar etmişlər, buna etiraz etdikdə isə əraziyə polis dəvət etmişlər. O da eyni zamanda, vergi əməkdaşlarının qanunsuz hərəkətləri barədə polisə müraciət edib. Belə ki, Vergi əməkdaşları obyektdə hər hansı fəaliyyət göstərməyən kənar şəxsləri - su kranını təmir üçün gəlmiş şəxsi, obyektin bayırında suvaq işi görən şəxsi, obyektdə işləyən anasının yanına gəlmiş yetkinlik yaşına çatmayan uşağı, guya, obyektdə işləyən şəxs kimi aktlaşdıracaqlarını bildirəndə o buna qəti etiraz edib. Sonradan həmin şəxsləri guya, müqavilə olmadan işə cəlb etməyimlə bağlı akt tərtib etmişlər. Halbuki fərdi sahibkar olaraq 5 işçi ilə əmək müqaviləsi, 8 (səkkiz) nəfər şəxslə isə digər müqavilə bağlamaqla, ümumilikdə 13 nəfər şəxsin obyektdə çalışdığını izahatında göstərib, buna uyğun aktın tərtib edilməsi tərəfimdən vergi orqanının əməkdaşlarından xahiş edilsə də, onlar buna əməl etmədilər və hər hansı bir sənədi imzalamaq üçün ona təqdim etmədən, eləcə də yazılı izahat tələb etmədən çıxıb getmişlər. Onların şifahi sualları onun tərəfindən bütünlüklə cavablandırılmış, əmək müqaviləsi və digər şəxslərin xidmət müqavilələri yoxlayıcılara təqdim olunmuş, lakin yoxlayıcılar qərəzli mövqe nümayiş etdirərək bu sualları üzrə cavablarımın onları qane etmədiklərini bildirdilər. Hesab edir ki, hazırki iddia tələbi ilə ləğvi xahiş olunan Qərarın - inzibati qərarın qəbul edilməsinə əsaslar olmadığı halda, cavabdeh vergi orqanı tərəfindən qanunsuz və əsassız olaraq belə qərar qəbul olunmuş, bununla mənim üzərimdə əsassız maliyyə sanksiyası ödənilməsi vəzifəsi yaradılmağa cəhd göstərilməklə fərdi sahibkar olaraq qanuni maraq və mənafelərim pozulmuşdur.
3. Cavabdeh tərəfindən iddiaya yazılı etiraz təqdim edilərək bildirilmişdir ki, araşdırma zamanı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X22 üzrə Baş İdarəsinin xx.xx.2021-ci il tarixli **********4324 nömrəli “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” Qərarına əsasən xx.xx.2021 -ci il tarixdə fiziki şəxs İddiaçı (VÖEN: **********) sahibkarlıq fəaliyyətini həyata keçirdiyi Az 1031 Bakı şəhəri, Nizami rayonu, Keşlə ŞTQ, Davud Aslanov 2-in yanında yerləşən obyektdə keçirilmiş operativ vergi nəzarəti tədbiri zamanı Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutuimuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən 5 (beş) nəfər fiziki şəxsin işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi faktı müəyyən edilmişdir. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 58.10-cu maddəsinin tələblərinin pozulduğu aşkar olunaraq xx.xx.2021-ci il tarixli DVX seriyalı 005302 nömrəli “Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə dair aktın tərtib edilmiş, lakin vergi ödəyicisi heç bir əsas göstərmədən aktı imzalamaqdan imtina etmişdir. Tərtib edilmiş aktın bir surəti vergi ödəyicilərinin vergi uçotu haqqında sənədlərində sonuncu ünvan kimi qeyd olunmuş ünvana və elektron qutusuna göndərilmiş, məktub vergi ödəyicisi tərəfindən xx.xx.2021-ci il tarixdə saat 10:12:26-da oxunmuşdur. Tərtib edilmiş akt əsasında Baş İdarə tərəfindən xx.xx.2021-ci il tarixli **********7926 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərar qəbul olunaraq vergi ödəyicisinə 10000 (on min) manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. Qeyd olunan qərar və “Vergi borcunun, faizlərin, maliyyə sanksiyalarının məbləğlərinin, inzibati cərimələrin ödənilməsi, habelə aşkar edilmiş pozuntuların aradan qaldırılması barədə” Tələbnamə vergi ödəyicilərinin vergi uçotu haqqında sənədlərində sonuncu ünvan kimi qeyd olunmuş ünvana və elektron qutusuna göndərilmiş və araşdırma zamanı elektron qutuda xx.xx.2021-ci il tarixli **********672100 nömrəli məktubun vergi ödəyicisi tərəfindən xx.xx.2022-ci il tarixdə saat 21:42:25-də oxunduğu müəyyən edilmişdir. İddiaçı ərizəsində bildirmişdir ki, vergi orqanı obyektdə hər hansı fəaliyyət göstərməyən kənar şəxsləri- su kranının təmiri üçün gəlmiş şəxsi, obyektin çölündə suvaq işi görən şəxsi, obyektdə işləyən anasının yanına gəlmiş yetkinlik yaşına çatmayan uşağı əmək müqaviləsi bağlanmadan işə cəlb edilmiş işçilərim kimi aktda qeyd etmişdir. X1 xx.xx.2021-ci il tarixli etirafedici izahatında 2021-ci ilin sentyabr ayından İddiaçı tərəfindən işə götürüldüyünü bildirmişdir. İzahatda olan “Əmək müqaviləsinin bağlanılması ilə bağlı əmək müqaviləsi bildirişinin surəti sizə təqdim edilib?” sualına işçi tərəfindən qeyri-obyektiv cavab verilərək bildirişin ona təqdim edildiyi qeyd olunmuşdur. ƏƏSMN-nin bildiriş bazasından alınmış məlumata əsasən İddiaçı ilə X7 arasında xx.xx.2021-ci il tarixində əmək müqaviləsi bağlanmış, xx.xx.2021-ci il tarixində isə həmin əmək müqaviləsinə xitam verilmişdir. X2 xx.xx.2021-ci il tarixli etirafedici izahatında xx.xx.2021-ci il tarixindən İddiaçı tərəfindən “Arpaçay” obyektində xadimə vəzifəsinə işə götürüldüyünü, onunla əmək və ya xidməti müqavilə bağlanmadığını bildirmişdir. X11 xx.xx.2021-ci il tarixli etirafedici izahatında 1 həftədir ki, İddiaçı tərəfindən ofisiant köməkçisi vəzifəsinə işə götürüldüyünü və onunla əmək və ya xidməti müqavilə bağlanmadığını bildirmişdir. X5 xx.xx.2021-ci il tarixli etirafedici izahatında su sistemini düzətmək üçün İddiaçı tərəfindən işə cəlb olunduğunu, onunla əmək və ya xidməti müqavilə bağlanmadığını bildirmişdir. X3 heç bir səbəb göstərmədən yazılı izahat verməkdən imtina etmişdir. Qeyd olunan işçilərin heç biri yetkinlik yaşına çatmayan şəxs deyildir. Göründüyü kimi, iddiaçı dürüst olmayan, ümumi ifadələrdən istifadə edərək məhkəmənin ədalətli qərar çıxarmasına mane olmağa çalışmış və operativ vergi nəzarəti tədbiri hər hansı pozuntu olmadan Azərbaycan Respublikasının Vergi Məcəlləsinin tələblərinə uyğun formada keçirilmişdir. Əmək Məcəlləsinin 7-ci maddəsinə əsasən aşağıdakı hallarda tərəflər arasında yaranan münasibətlər əmək münasibətləri hesab edilir və onların mülki hüquqi müqavilələrlə rəsmiləşdirilməsinə yol verilmir: Müqavilənin məzmunu bu Məcəllənin 43-cü maddəsinin 2-ci hissəsinə, forması isə bu Məcəllənin 44-cü maddəsinin 2-ci hissəsi ilə müəyyən edilmiş formaya uyğun olduqda; -bu Məcəllənin 48-ci maddəsinə uyğun olaraq tərəflər arasında münasibətlərin rəsmiləşdirilməsi və müvafiq qeydlərin aparılması üçün əmək kitabçası təqdim edildikdə; -tərəflər arasında münasibətlər müvafiq peşə və ya vəzifəyə qəbul (təyin) edilmə, o cümlədən ödənişli seçkili və ya təyinatlı, habelə müsabiqə əsasında vəzifəni tutma, kvota üzrə işə düzəlmə, məhkəmənin qərarı ilə işə bərpa olunma ilə bağlı yarandıqda; -tərəflər arasında münasibətlər işəgötürənin əsas fəaliyyət sahəsinə aid işlərin (xidmətlərin) yerinə yetirilməsi ilə bağlı yarandıqda; -tərəflər arasında münasibətlər işlərin (xidmətlərin) əvəzçilik və ya müvəqqəti əvəzetmə qaydasında yerinə yetirilməsi ilə bağlı yarandıqda; -yerinə yetirilməsi şərtlərinə görə iş (xidmət) müvəqqəti xarakterə malik olduğu halda müqavilənin müddətinin uzadılması bu Məcəllənin 73-cü maddəsinə uyğun tənzimləndikdə; -yerinə yetirilən işə (xidmətə) görə ödənilən haqqın tərkibi bu Məcəllənin 157-ci maddəsinin 3-cü hissəsində göstərilən aylıq tarif (vəzifə) maaşından, əlavədən və mükafatdan ibarət olduqda;. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 23.1.1-ci maddəsinə əsasən vergi orqanlarının bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada operativ vergi nəzarətini keçirmək hüququ vardır. Vergi Məcəlləsinin 24.0.1-ci və 24.0.2-ci maddələrinə görə vergi orqanları vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etməyə borcludur. Həmin Məcəllənin 50.6-cı maddəsinə əsasən operativ vergi nəzarətinin nəticələri üzrə vergi orqanının vəzifəli şəxsləri tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada akt tərtib edilir. Operativ vergi nəzarəti tədbirlərinin keçirilməsi zamanı bu Məcəllənin 39-43-cü və 46-49-cu maddələrinin müddəaları tətbiq edilir. Həmin Məcəllənin 50.1.7-ci maddəsinə görə Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi məsələləri üzrə operativ vergi nəzarətini həyata keçirirlər. Həmin Məcəllənin 58.10-cu maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi yolu ilə onların gəlirlərinin gizlədilməsinə (azaldılmasına) şərait yaradıldığına görə işəgötürənə hər bir belə şəxs üzrə təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə 2000 manat, ikinci dəfə yol verdikdə 4000 manat, üç və daha çox dəfə yol verdikdə 6000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir.
4. “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında xx.xx.2021-ci il tarixli **********7926 nömrəli qərarına əsasən X21 (VÖEN: **********) Vergi Məcəlləsinin 58.10-cu maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən 5 nəfər fiziki şəxsi işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb etdiyinə görə 10000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilərək vergi məsuliyyətinə cəlb edilmişdir.
5. Məhkəmənın hazırlıq icraatı üzrə iclasında, eləcə də şifahi məhkəmə dinləmələri zamanı (məhkəmə baxış iclası) iştirak edən iddiaçı, onun nümayəndəsi (vəkili) iddia tələbini müdafiə edərək onun təmin olunmasını xahiş etdi.
6. Məhkəmənın hazırlıq icraatı üzrə iclasında, eləcə də şifahi məhkəmə dinləmələri zamanı (məhkəmə baxış iclası) iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinə yazılı etirazın məzmununa uyğun izahat verməklə onun təmin olunmasını xahiş etdi.
İİ. İddianın növü və mümkünlüyü
7. İPM-in 2.2.1-ci maddəsinə görə şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.
8. Məhkəmə ilk növbədə qeyd edir ki, mübahisələndirilən qərarlar inzibati aktdır.
9. “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Bu normaya görə inzibati akt hakimiyyət tədbiri olmaqla aşağıdakı əlamətləri ilə səciyyələnir - inzibati orqan tərəfindən qəbul edilməli; ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmalı; ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaratmalı; qanunvericilikdə nəzərdə tutulmuş formalardan birinə uyğun olmalıdır. Beləliklə, inzibati akt hüquqi nəticələr yaradır, yəni ünvanlandığı hüquqi və ya fiziki şəxsin (şəxslərin) hüquqi vəziyyətini dəyişdirir, onun üzərinə vəzifə və öhdəliklər qoyur və ya ona bu və ya digər hüququn həyata keçirilməsinə şərait yaradır, bununla da hüquq münasibətlərinin formalaşması, mövcud münasibətlərin dəyişdirilməsi və ya onlara xitam verilməsinin faktiki əsası kimi çıxış edir (“Vergi ödəyicilərinin 2017-ci ilin 1 yanvar tarixinə mövcud olan vergi borclarının tənzimlənməsi haqqında" Azərbaycan Respublikasının 2016-cı il 30 dekabr tarixli 474VQ №-li Qanununun tətbiqi ilə bağlı vergi ödəyicilərinin şəxsi hesab vərəqələrində əməliyyatların edilməsinə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 13 avqust 2020-ci il tarixli Qərardadı, №02, 24-cü bənd).
10. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 05 nömrəli Qərarına əsasən: İnzibati orqan tərəfindən qəbul edilmiş istənilən aktı inzibati akt hesab etmək olmaz. “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsində təsbit edildiyi kimi, qəbul edilmiş akt yalnız o, zaman inzibati akt kimi qiymətləndirilə bilər ki, o inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədi və hakimiyyət səlahiyyətlərinin tətbiqi ilə əlaqədar qəbul edilsin və ünvanlandığı şəxslər üçün müəyyən hüquqi nəticələr yaratsın. 14.1. İnzibati aktlar hüquqi status yaratmaq, dəyişdirmək və ya xitam vermək xüsusiyyətinə malikdirlər. 14.2. İnzibati orqanın daxili fəaliyyətinin həyata keçirilməsi nəticəsində qəbul edilmiş və xaricə münasibətdə hər hansı təsir gücünə malik olmayan idarədaxili aktlar inzibati akt hesab edilmədiyindən onların mübahisələndirilməsinə dair iddialar mümkün sayılmamalıdır.
11. Mübahisələndirilən qərar (inzibati akt) iddiaçıya münasibətdə hüquqi nəticə yaradır, iddia mümkündür.
İV. Məhkəmənin mövqeyi
12. Vergi Məcəlləsindən: 23.1. Vergi orqanlarının hüquqları aşağıdakılardır: 23.1.1. bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək; 23.1.2. vergi ödəyicilərində bütün maliyyə sənədlərini, mühasibat kitablarını, hesabatları, smetaları, nağd vəsaitləri, qiymətli kağızları və başqa qiymətliləri, bəyannamələri və vergilərin hesablanması və ödənilməsi ilə bağlı olan digər sənədləri, o cümlədən bu Məcəllənin 16.1.6-cı maddəsində nəzərdə tutulmuş məlumat və sənədləri qanunvericiliklə müəyyən edilmiş qaydada yoxlamaq, yoxlamaların keçirilməsi zamanı yoxlamaya aid olan məsələlərlə bağlı vergi ödəyicilərindən və ya onun vəzifəli şəxslərindən lazımi izahatlar, arayışlar və məlumat almaq, habelə mühasibat uçotu elektron formatda aparıldığı halda vergi ödəyicisinin özünün, filiallarının və digər struktur bölmələrinin elektron daşıyıcılarındakı məlumatlarının verilməsini, həmin məlumatlara birbaşa və ya məsafədən çıxış imkanının yaradılmasını tələb etmək; 58.10. Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi yolu ilə onların gəlirlərinin gizlədilməsinə (azaldılmasına) şərait yaradıldığına görə işəgötürənə, habelə bu Məcəllənin 220.10-cu maddəsinə uyğun olaraq aparıcılıq, çalğıçılıq, rəqqaslıq, aşıqlıq, məzhəkəçilik və digər oxşar fəaliyyətlə məşğul olan şəxslərin, foto, audio-video sahəsində məşğul olan şəxslərin və iaşə obyektlərində müştərilərə xidmət göstərən fiziki şəxslərin (ofisiantın) fəaliyyətə başlayanadək, “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqqının ödənilməsi haqqında qəbz” əldə edilmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsinə görə vergi orqanında uçotda olan sifarişçiyə hər bir belə şəxs üzrə təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə 2000 manat, ikinci dəfə yol verdikdə 4000 manat, üç və daha çox dəfə yol verdikdə 6000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir.
13. Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən çıxarışa əsasən, AZ1031, ünvan 2 ünvanında yerləşən “Arpaçay” kafesində operativ vergi nəzarəti keçirilmiş, cavabdeh tərəfindən operativ vergi nəzarətinin təyinatı üçün əsas olaraq Vergi Məcəlləsinin 50.2.2-ci maddəsinə əsasən vergi orqanı tərəfindən mənbəyi bəlli mənbələrdən əldə edilən məlumatlar qeyd edilmişdir. Məhkəmə araşdırması zamanı cavabdehin nümayəndəsi bildirmişdir ki, qeyd edilən əsas qismində vergi ödəyicisi tərəfindən təqdim edilən bəyannamələr arasındakı uyğunsuzluq olmuşdur. Odur ki, məhkəmə operativ vergi nəzarətinin təyin edilməsi zamanı vergi orqanı tərəfindən hüquqlarından sui-istifadə halını müəyyən etmir.
14. İddiaçıya aid kafedə aparılmış vergi yoxlaması zamanı tərtib edilmiş xx.xx.2021-ci il tarixli DVX№005302 aktda həmin restoranda 5 nəfər şəxsin əmək müqaviləsi olmadan işləmələri qeyd olunmuşdur.
15. Yoxlama materialları ilə müəyyən edilir ki: - Vergi müfəttişi tərəfindən qeyd edilmişdir ki, X8 izahatda qoyulmuş suallara qeyriobyektiv cavablandırmaqla sonadək qoyulmuş suallara cavablandırmaqdan və imza etməkdən imtina etmişdir; - X14 izahatında qeyd etmişdir ki, xx.xx.2021-ci il tarixindən Nizami rayonu Keşlə ŞTQ Davud Aslan küçəsi 2 ünvanında yerləşən “Arpaçay” restoranında (Fariz tərəfindən) xadimə qismində sınaq müddətinə işə götürülmüşdür; - X16 izahatında qeyd etmişdir ki, xarab olan su sistemini düzəltmək üçün 90 dəqiqəlik X19 tərəfindən dəvət olunmuşdur, iş müqabilində 10 manat alacaqdır; - X20 izahatında qeyd etmişdir ki, bir həftədir ki, İddiaçı tərəfindən ofisiant köməkçisi vəzifəsinə işə götürülüb; - Vergi müfəttişləri tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli aktda X4 hər hansı əsas göstərmədən izahat verməkdən imtina etdiyi qeyd edilmişdir.
16. Azərbaycan Respublikasının Əmək Məcəlləsindən: Maddə 3. Bu Məcəllədə istifadə edilən əsas anlayışlar 4-1. Əmək münasibətləri – əmək qanunvericiliyində, kollektiv müqavilə və sazişlərdə nəzərdə tutulmuş öhdəliklərə uyğun olaraq işəgötürənlə qarşılıqlı razılıq əsasında müəyyən edilən iş yerində işçi tərəfindən onun işə qəbul (təyin) edildiyi, seçildiyi, bərpa olunduğu peşə və ya vəzifə üzrə əmək funksiyasının əməkhaqqı ödənilməklə şəxsən yerinə yetirilməsinə, daxili intizam qaydalarına riayət edilməsinə, işəgötürən tərəfindən işçinin əmək şəraitinin, təminatlarının və əməyinin mühafizəsinin təmin edilməsinə, habelə bu Məcəllənin prinsiplərinə əsaslanan münasibətlərdir.
5. Əmək müqaviləsi (kontraktı) (bundan sonra ismin müvafiq halında “əmək müqaviləsi”) – işəgötürənlə işçi arasında fərdi qaydada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilə.
17. Məhkəmə qeyd edir ki, dərhal, yerində verilən izahatlar gözlənilməzdir, bu səbəbdən də mövcud halı təhrif edilmiş şəkildə təqdim etmə ehtimalı ağlabatan deyil. Operativ vergi nəzarətinin həyata keçirilməsi zamanı əldə edilmiş sübutların etibarlılığı məhkəmədə şübhə yaratmır. Həmin izahatların zor tətbiqi, hədə-qorxu ilə alındığı hər hansı şəkildə öz təsdiqini tapmır. Odur ki, məhkəmə hesab edir ki, X14 və X20 ilə iddiaçı arasında faktiki olaraq əmək münasibətlərinin olduğu müəyyən olunmuş və iddiaçı həmin şəxsləri əmək müqaviləsi bağlamadan işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb etmişdir. Odur ki, qeyd edilən şəxslərə münasibətdə maliyyə sanksiyasının tətbiq edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu sübut edilir.
18. X10 izahatına əsasən iddiaçı ilə həmin şəxs arasında əmək münasibətlərinin mövcud olmadığı, xarab olan su sistemini düzəltmək üçün birdəfəlik xidmətin göstərilməsi üçün cəlb edildiyi müəyyən edilmişdir. Odur ki, qeyd edilən şəxslə iddiaçı arasında əmək münasibətlərinin mövcud olduğu qənaətinə gəlmək üçün məhkəmə əsas müəyyən etmir.
19. Cavabdeh tərəfindən təqdim olunan yoxlama materiallarına əsasən müəyyən olunur ki, X8 (VÖEN **********) fərdi yaşayış evlərində və mənzillərində ev qulluqçusu, xəstələrə, qocalara və uşaqlara qulluq xidməti, dayə, fərdi sürücülük, ev təsərrüfatında təmizlik, bağban, aşbaz, gözətçi, iaşə obyektlərində ofisiant xidməti və digər analoji işlər fəaliyyət növü üzrə xx.xx.2021-ci il tarixdən Sadələşdirilmiş vergi üzrə sabit məbləğin ödənilməsi haqqında qəbz əldə etmişdir. Eləcə də iş materiallarına əsasən müəyyən olunur ki, X8 tərəfindən xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan fəaliyyət dövrü ərzində şəxsi hesab vərəqələrinə əsasən dövlət büdcəsinə 240 manat vergi, 198 manat məcburi dövlət sosial sığorta haqqı, 132 manat icbari sığorta haqqı ödənilmişdir. Belə olan təqdirdə, həmin şəxsə münasibətdə maliyyə sanksiyasının tətbiq edilməsi Vergi Məcəlləsinin 58.10-cu maddəsinin dispozisiya şərtinə uyğun gəlmir.
20. Aktda adı qeyd olunan, lakin vergi yoxlaması zamanı izahatı alınmayan X9 münasibətdə məhkəmə qeyd edir ki, həmin şəxslə iddiaçının əmək münasibətlərinin olması hər hansı digər mötəbər dəlillə təsdiqini tapmır. Belə ki, iddiaçı həmin şəxslə əmək münasibətlərinin olmadığını, vergi orqanın nümayəndələri isə qeyd edilən halı müəyyən etdiklərini bildirirlər. Həmin şəxsin izahat verməkdən imtinasına dair cavabdehin dəlilinə münasibətdə məhkəmə qeyd edir ki, izahatı alınmış şəxslərdən heç biri orada X12 adlı şəxsin işləməsi barədə məlumat qeyd etməmişlər. Odur ki, qeyd edilən şübhə vergi ödəyicisinin xeyrinə şərh olunmalıdır.
21. Məhkəmə qeyd edir ki, işçilər müvafiq izahat verməkdən imtina etdikdə, bunu təsdiq edən halların təsdiq edilməsinin mümkünlüyü (foto və (və ya) video çəkiliş) qanunvericilikdə nəzərdə tutulmuşdur.
22. Vergi Məcəlləsinə əsasən: 41.1. Vergi nəzarəti tədbirləri ilə əlaqədar vergi ödəyicisinin ərazilərinə, binalarına, nəqliyyat vasitələrinə, habelə sənədlərinə və əşyalarına baxış keçirilərkən aşkar olunmuş pozuntular protokolla rəsmiləşdirilir və bu zaman foto və (və ya) video çəkilişdən istifadə olunur. 41.2. Bu Məcəllənin 41.1-ci maddəsi ilə müəyyən edilmiş foto və (və ya) video çəkilişin nəticələri vergi ödəyicisi tərəfindən vergi qanunvericiliyinin pozulması hallarının sübut edilməsi məqsədilə məhkəmə və ya inzibati icraat çərçivəsində istifadə edilir. Foto və (və ya) video çəkilişin nəticələri üçüncü şəxslərə yalnız vergi ödəyicisinin yazılı razılığı əsasında açıqlana bilər.
23. Vergi Məcəlləsinin 53.3-cü maddəsinin müvafiq hissələrinə əsasən: Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur.
24. Odur ki, məhkəmə qeyd edilən üç nəfərə münasibətdə (X16, X8, X12) mübahisələndirilən qərarın əsaslılığına tənqidi yanaşır və hesab edir ki, cavabdeh həmin hissədə qərarın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməmişdir.
25. İPM-in 14.1-cü maddəsinə əsasən, mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir.
26. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.
27. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
28. Göstərilənlərə əsasən və İPM-in 2.2, 4.1, 23.1, 58.7, 69, 75, 78 – 79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ:
İddia tələbi qismən təmin edilsin. Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X22 üzrə Baş İdarəsin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2021-ci il tarixli **********7926 nömrəli qərarı İddiaçı Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.10-cu maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən 3 (üç) nəfər fiziki şəxsi işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb etdiyinə görə 6000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilərək, vergi məsuliyyətinə cəlb edilməsi hissəsində ləğv edilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.
Hakim Günel Sevdimalıyeva