Məhkəmə qərarları › İş №2-1(112)-5763/2023

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-5763/2023

09.03.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-5763/2023 09.03.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Məmmədova Sevda Rövşən qızının katibliyi iddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinə qarşı «əmək müqaviləsi bildirişinin elektron informasiya sistemindən silinməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması»na dair iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinə qarşı «əmək müqaviləsi bildirişinin elektron informasiya sistemindən silinməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 47 – 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanmış və məhkəmənin sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi məqsədilə cavabdehə təqdim edilmişdir. Cavabdehin iddia ilə bağlı yazılı münasibəti məhkəməyə daxil olmamışdır. İddia ərizəsində bildirilir ki, İddiaçı 2-ci qrup əlildir. Ona şəxsiyyətin emosional davamsız pozğunluğu, antisosial tip şəxsiyyət pozuntusu, dekompensasiya vəziyyəti xəstəliyi diaqnozu qoyulmuşdur. 2019-cu ildə o, şəxsiyyət vəsiqəsini itirmişdir. Ona məxsus şəxsiyyət vəsiqəsi itdiyindən, DİN-102 xidmətini bu barədə məlumatlandırılmışdır. Məsələ ilə bağlı onu (nümayəndəsini) dəvət edən Xətai RPİ-nin 36-cı Polis Bölməsinin əməkdaşına izahat verilmişdir. Əlavə olaraq, şəxsiyyət vəsiqəsinin tapılması üçün iddiaçının atası vasitəsilə ərizə ilə 36-cı Polis Bölməsinin rəhbərinə müraciət edilmişdir. Həmin dövrlər karantin rejimi olduğundan, çox gözləmədən yeni şəxsiyyət vəsiqəsi almaq üçün aidiyyatı qurumlara müraciət edilmişdir. İddiaçı yeni şəxsiyyət vəsiqəsi aldıqdan sonra 2021-ci ilin oktyabr ayında Azərbaycan Respublikası Əmək və X2 Nazirliyinin Sosial Xidmətlər Agentliyinə əlillər üçün ildə bir dəfə verilməsi nəzərdə tutulan 100 manat həcmində maddi yardımın (sosial müavinət)alınması üçün müraciət etmişdir. Müraciətdən 1 ay sonra ona həmin inzibati orqandan imtina cavabı verilmişdir. İmtina məktubunda iddiaçının adına 15 yanvar 2021-ci il tarixdən aktiv əmək müqaviləsinin mövcud olduğu, həmçinin onun Dövlət Vergi Xidmətinin “Bir pəncərə" sistemində “Saymand" MMC-nin rəhbəri, eyni zamanda da qanuni təsisçisi olduğu, adına ********** saylı VÖEN açıldığı və 360 manat məvacib aldığı qeyd edilmişdir. Bu məsələ ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi və onun aidiyyatı tabeli bütün qurumlarına rəsmi müraciət olunmuşdur. Sözügedən inzibati orqandan bu günədək heç bir nəticə əldə bilməmiş və bundan sonra məsələnin aydınlaşdırılması, iddiaçının adından qanunsuz olaraq hüquqi şəxs yaradan şəxs və ya şəxlərin tapılması və törətdikləri əməllərə müvafiq hüquqi qiymətin verilməsi üçün iddiaçının atası vasitəsilə Xətai rayon Prokurorluğuna müraciət olunmuşdur. Əməldə cinayətin “dələduzluq" əlamətləri olduğu üçün Prokurorluq tərəfindən təhqiqatın başlanmasına dair qərar qəbul edilmiş və təhqiqatın aparılması Xətai RPİ-nin 36-cı Polis Bölməsinə həvalə edilmişdir. Sözügedən imtina məktubu ila bağlı olaraq həmçinin yenidən Sosial Xidmətlər Agentliyinə və X1 rəsmi ərizə ilə müraciət olunmuşdur. Xətai RPİ-nin Təhqiqat şöbəsi tərəfindən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət qeydiyyatı İdarəsinə ünvanlandığı **********687500 qeydiyyat nömrəli sorğuya (müraciətə) dörd dəfə baxılmış və nəticəsi olmayan cavabla cavablandırılmışdır. İddiaçının adına yaradılmış ********** saylı VÖEN əsasında açılan “Saymand" MMC-nin ləğv edilməsi ilə bağlı iddiaçı atası vasitəsilə müvafiq qurumlara müraciət etmək qərarına gəlmişdir. Bununla bağlı 24 may 2022-ci il və 30 iyun 2022-ci il tarixlərdə Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət qeydiyyatı İdarəsinə ərizə-məktubla müraciət olunmuşdir. Nəticədə, müraciət müsbət qiymətləndirilərək faktiki yalnız kağız üzərində olan “Saymand" MMC-nin (VÖEN **********) ləğv edilməsi ilə bağlı aidiyyəti orqan tərəfindən müvafiq qərar qəbul edilmişdir. Buna baxmayaraq, iddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və onun tabeli qurumlarının elektron-internet sistemlərində müvafiq qərar əsasında ləğv edilmiş “Saymand" MMC-də hələ də işçi kimi qeydiyyatda qalmaqdadır. Sözügedən məsələ isə ona yalnız 19 oktyabr 2022-ci il tarixdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Sosial Xidmətlər Agentliyinə müraciət etdikdən sonra həmin qurum tərəfindən verilmiş cavab əsasında aydın olmuşdur. Belə ki, həmin Nazirliyin və onun aidiyəti tabeli qrumlarinin “e-sosial" (www.e-sosial.az) internet portallarında yerləşdirilmiş “Ünvanlı sosial yardımla bağlı müraciət edilməsi” elektron xidməti vasitəsilə ilə sosial yardımın alınması ilə bağlı “Ünvanlı yardım" (X4 və X6 - VEMTAS) altsistemində edilmiş müraciətlər VEMTAS tərəfindən araşdırma aparıldıqda iddiaçının aktiv - iş fəaliyyətli olması göstərilir. Halbuki 15 yanvar 2021-ci il tarixdən aktiv əmək müqaviləsinin Dövlət Vergi xidmətinin “Bir Pəncərə” sistemində cinayət yolu ilə açılmış “Saymand" MMC-nin rəhbəri, eyni zamanda da təsisçi, adına açılmış (VÖEN **********), 7 yanvar 2022-ci il tarixdə bildiriş N **********02 olan Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət qeydiyyatı İdarəsində ləğv edilmişdir. Göründüyü kimi, iddiaçı heç vaxt hüquqi şəxs yaratmamış, onun adından yaradılmış hüquqi şəxsin ləğv edilməsi və qanun pozuntusuna yol vermiş şəxslərin müəyyən edilməsi üçün aidiyyatı qurumlara atası vasitəsilə müraciət etmişdir. Hazırki məsələ ilə bağlı olaraq bu gün cinayət işi üzrə araşdırma Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən davam etdirilir. İddiaçı hüquqi şəxs yaratmadığımdan, eyni zamanda əmək münasibətlərinə də daxil olmamışdır. Odur ki, sistemdə onun adına mövcud olan əmək müqaviləsinin elektron sistemdə ləğv edilməsi üçün cavabdeh orqana müraciət etmişdir. Lakin cavabdeh orqan 28 dekabr 2022-ci il tarixli **********2 saylı imtina məktubu ilə həmin məsələnin qurumun imkanları xaricində olduğu bildirilmiş, məhkəməyə müraciət edilməsi tövsiyə olunmuşdur. Göstərilənlərə və Azərbaycan Respublikasının Konstitusiyasının 26, 60-cı maddələrinə, İPM-in 2.2.3, 14.1, 45 – 47, 73.1-ci maddələrinə əsaslanaraq, məhkəmədən iddiaçıya məxsus əmək müqaviləsi bildirişinin elektron informasiya sistemindən silinməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılması xahiş olunur. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri barədə tərəflərə məlumat verilmişdir. Məhkəmə iclasına iddiaçının nümayəndəsi gəlmiş, cavabdeh tərəf isə gəlməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə cavabdeh tərəfin iştirakı olmadan baxılmasını mümkün saydı. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X5 iddia ərizəsində göstərilənləri təsdiqlədi və iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iddiaçının nümayəndəsini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 2.0.1-ci maddəsinə əsasən inzibati orqan – Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. Həmin Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 4.1-ci maddəsinə əsasənm inzibati orqanlar qanunla onların səlahiyyətinə aid edilmiş işlər üzrə inzibati icraatı həyata keçirirlər. İPM-in 2.1-ci maddəsinə görə qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. İPM-in 2.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: - (2.2.2) inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia); - (2.2.3) inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia). Azərbaycan Respublikası Əmək Məcəlləsinin 12-ci maddəsinə görə əmək müqaviləsi bildirişini elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil etmək (bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci və 2-2-ci hissələri ilə müəyyən edilmiş hallar istisna olmaqla) işəgötürənin əsas vəzifələri sırasına aiddir. Həmin Məcəllənin 49-cu maddəsinə əsasən bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi və bu maddənin 1-2-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. Həmin Məcəllənin 68-ci maddəsinə əsasən əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Əmək müqaviləsinə xitam verilməsinin əsasları aşağıdakılardır: tərəflərdən birinin təşəbbüsü, əmək müqaviləsinin müddətinin qurtarması, əmək şəraitinin şərtlərinin dəyişdirilməsi, müəssisənin mülkiyyətçisinin dəyişməsi ilə əlaqədar (bu Məcəllənin 63-cü maddəsinin ikinci hissəsində göstərilən işçilər), tərəflərin iradəsindən asılı olmayan hallar, tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallar. Həmin Məcəllənin 69-cu maddəsinə görə işçi bir təqvim ayı qabaqcadan işəgötürəni yazılı ərizəsi ilə xəbərdar etməklə əmək müqaviləsini ləğv edə bilər. Ərizə verildiyi gündən bir təqvim ayı bitdikdən sonra işçi işə çıxmamaq və son haqq-hesabının aparılmasını tələb etmək hüququna malikdir. Bu halda işəgötürən işçinin tələblərini yerinə yetirməyə borcludur. İşçi yaşa, əlilliyə görə əmək pensiyasına çıxdıqda, təhsilini davam etdirmək üçün müvafiq təhsil müəssisəsinə daxil olduqda, yeni yaşayış yerinə köçdükdə, başqa işəgötürənlə əmək müqaviləsi bağladıqda, seksual qısnamaya məruz qaldıqda və qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda ərizəsində göstərdiyi gün əmək müqaviləsi ləğv edilə bilər. Əmək müqaviləsini ləğv etmək barədə ərizə vermiş işçi xəbərdarlıq müddəti bitənədək istədiyi vaxt ərizəsini geri götürə və ya onu etibarsız hesab etmək barədə işəgötürənə yeni ərizə verə bilər. Bu halda əmək müqaviləsi ləğv edilə bilməz. Bu şərtlə ki, işəgötürən həmin vəzifəyə (peşəyə) yeni işçinin götürülməsi barədə işçiyə rəsmi qaydada yazılı xəbərdarlıq etməmiş olsun. Əmək müqaviləsi bu maddə ilə müəyyən edilmiş qaydalara əməl olunmaqla ləğv edildikdən sonra işçinin əvvəlki ərizəsini geri götürmək və ya onu etibarsız hesab etmək barədə edilən müraciətin hüquqi qüvvəsi yoxdur. İşçi ərizəsində əmək münasibətlərini dayandırmaq istədiyi günü göstərməyibsə, xəbərdarlıq müddəti bitənədək bu maddə ilə müəyyən edilmiş əsasla əmək müqaviləsinin ləğv edilməsinə yol verilmir. İşçi məzuniyyət hüququndan istifadə etməklə ona müvafiq iş ilinə görə məzuniyyətin verilməsi və məzuniyyət müddətinin qurtardığı gündən əmək müqaviləsinin ləğv edilməsi xahişi ilə işəgötürənə ərizə verə bilər. İşçi məzuniyyət müddəti bitənədək bu maddənin 4-cü hissəsi ilə müəyyən edilmiş qaydada əmək müqaviləsinin ləğv edilməsi barədə ərizəsini geri götürə və ya onu etibarsız hesab etmək barədə işəgötürənə yazılı müraciət edə bilər. Bu halda işçinin xahişi təmin edilməlidir. İşəgötürən tərəfindən zor işlədilərək, hədə-qorxu gələrək, yaxud hər hansı başqa üsulla işçinin iradəsinin əleyhinə əmək müqaviləsini ləğv etməyə onu məcbur etmək qadağandır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 6 iyun 2014-cü il tarixli 183 nömrəli qərarı ilə təsdiq edilmiş «Əmək müqaviləsi bildirişinin forması və onun elektron informasiya sisteminə daxil edilməsi qaydaları, əmək müqaviləsi bildirişinin qeydiyyata alınması ilə bağlı işəgötürənə və Azərbaycan Respublikasının Vergilər Nazirliyinə göndərilən məlumat forması, habelə qeydiyyata alınmış əmək müqaviləsi bildirişinin məlumatlarını real vaxt rejimində əldə etməklə bağlı Qaydalar»ına görə: - (3.2-ci bənd) Bu Qaydaların 2.1-1-ci bəndi ilə müəyyən olunmuş hallar və Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-1-ci hissəsində nəzərdə tutulan dövlət orqanlarında müvafiq vəzifələrə (peşələrə) qəbul edilən işçilərlə işəgötürənlər arasında bağlanılmış əmək müqavilələri istisna olmaqla, digər vəzifələr (peşələr) üzrə işçilərlə işəgötürənlər arasında bağlanılmış əmək müqavilələri, onlarda dəyişikliklər edilməsi və ya xitam verilməsi aidiyyəti işəgötürənlər tərəfindən müvafiq əmək müqaviləsi bildirişi formasında elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsilə daxil edilməlidir; - (3.4-cü bənd) Əmək müqaviləsi bildirişinin elektron informasiya sisteminə daxil edilməsi “Elektron hökumət” portalının gücləndirilmiş elektron imza ilə daxil olmağa imkan verən autentifikasiya vasitələrindən istifadə edilməklə, bilavasitə işəgötürən tərəfindən və ya “Elektron hökumət” portalında yerləşdirilmiş “Səlahiyyətli şəxsin qeydiyyatdan keçirilməsi” xidməti vasitəsilə işəgötürənin səlahiyyət verdiyi şəxslər tərəfindən həyata keçirilir. Məhkəmə qeyd edir ki, mövcud qanunvericilik inzibati məhkəmə icraatında əmək mübahisələrinə (dövlət qulluğu sahəsi istisna olmaqla), o cümlədən əmək müqaviləsinə xitam verilməsi məsələsi ilə bağlı mübahisələrə baxılmasını nəzərdə tutmur. İddiaçı hazırda “əmək müqaviləsi bildirişinin mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil edilməsi” tələbini irəli sürür və o, qarşıya qoyduğu məqsədinə çatmaq baxmından həmin tələblə hazırkı cavabdeh inzibati orqan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinə qarşı inzibati məhkəmə icraatı qaydasında deyil, işəgötürənə qarşı mülki məhkəmə icraatı qaydasında müvafiq tələblə çıxış edə bilər. Beləliklə məhkəmə hesab edir ki, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidməti tərəfindən iddiaçının hansı hüquqlarının pozulduğu və ya onun hüquqlarının pozulması ilə nəticələnən hansı vəzifənin yerinə yetirilmədiyi öz təsdiqini tapmadığından, iddia mümkün sayıla bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 17-ci bəndində göstərilmişdir ki, mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır. Odur ki, məhkəmənin qənaətinə görə iddia mümkün sayılmamalıdır. İPM-in 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və İPM-in 23, 35 və 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Rüstəm Kərimli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar