Məhkəmə qərarları › İş №2-1(112)-5764/2023

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-5764/2023

10.04.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-5764/2023 10.04.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Almazova Aysev Mehman qızının sədrliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri İcra Hakimiyyətinə qarşı (üçüncü şəxslər Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi və “ADA” Universiteti) “527 saylı xx.xx.2017-ci il tarixli sərəncamda zəruri dəyişikliklərin edilməsi” tələbinə dair iddiası üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri Nəsimi rayonu N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh Bakı şəhəri İcra Hakimiyyətinə qarşı Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi və “ADA” Universiteti üçüncü şəxslər qismində göstərilməklə “ünvan 1 ünvanında yerləşən qaraj kompleksində iddiaçıya məxsus 48 saylı qarajın və qarajdan təyinatı üzrə istifadə edilməsi üçün zəruri olan və əsas yola çıxışını təmin edən sahənin yerləşdiyi torpaq sahəsinə aid hissəsinin çıxarılması məqsədi ilə Bakı şəhəri İcra Hakimiyyətinin 527 saylı xx.xx.2017-ci il tarixli sərəncamında zəruri dəyişikliklərin edilməsi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən, iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Nərimanov rayonu ərazisi, Malik Məmmədov 17 küçəsində yerləşən qaraj kompleksindəki qarajlardan birinin (48 saylı qarajın) sahibidir və sözügedən əmlak ona bağışlama müqaviləsi əsasında keçmişdir. 2020-ci il iyulun əvvəlində Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyətinin əməkdaşları tərəfindən onun qarajı qeyri-qanuni olaraq dağıdılmışdır və orada olan əmlakı itmişdir. Bununla əlaqədar olaraq, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin müvafiq bölməsində təhqiqat davam edir. Ona dəymiş maddi ziyanın ödənilməsi üçün göstərilən orqana qarşı inzibati iddia irəli sürmüşdür və məhkəmə araşdırması hələ bitməmişdir. Bu maddi ziyana müvafiq olaraq daxildir: dağıdılmış qarajın və ondan normal istifadə üçün zəruri olan sökülmüş giriş yollarının öz yerində bərpası üçün tələb olunan xərclər və məhv edilmiş qarajda saxlanılan, itmiş əmlakın dəyəri. Göstərilən iş üzrə məhkəmə araşdırması zamanı məlum olmuşdur ki, Bakı şəhəri İcra Hakimiyyəti başçısının “ADA Universitetinə... icazə verilməsi haqqında” 527 saylı xx.xx.2017-ci il tarixli sərəncamı və onun əsasında Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən hazırladığı 18/134 saylı 2018-ci il tarixli torpağın ayrılması haqqında akt mövcuddur ki, həmin aktla ayrılmış ərazi ona mülkiyyət hüququ əsasında məxsus 48 saylı qarajın torpaq sahəsini də əhatə edir. Belə ki, göstərilən torpaq sahəsinə dair öz hüquqlarını heç kimə verməmiş və qarajı öz yerində bərpa etmək niyyətində olduğundan, Bakı şəhəri İcra Hakimiyyəti başçısına və Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin rəisinə müraciət etmişdir. Ərizədə müvafiq olaraq "ADA Universitetinə... icazə verilməsi haqqında” 527 saylı xx.xx.2017 tarixli sərəncamdan və 18/134 saylı 2018-ci il tarixli torpaq haqqında aktdan ona məxsus qarajın yerləşdiyi hissəni ümumi ayrılan çıxarılması üçün həmin sərəncama və akta zəruri dəyişikliklər edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Bakı şəhər Memar İdarədən cavab almışdır ki, torpağın ayrılması haqqında göstərilən akta onlar yalnız Bakı şəhəri İcra Hakimiyyətinin müvafiq sərəncamı əsasında hər hansı dəyişiklik edə bilərlər. Cavabdehin cavab məktubunu 28 dekabr 2022-ci il tarixdə almışdır. Sözügedən məktubda ərizənin təmin edilməsindən imtina edilmiş və öz tələblərini məhkəməyə ünvanlanmaq tövsiyə olunmuşdur. Cavabdeh tərəfindən iddiaçının müraciətinə cavab olaraq ünvanlanmış M-790-091 saylı xx.xx.2022-ci il tarixli məktubda bildirilmişdir ki, qaldırılan məsələyə mövcud qanunvericiliyin tələblərinə uyğun qaydada hüquqi müstəvidə baxılması məqsədi ilə müvafiq ərazi üzrə məhkəmə orqanına müraciət etmək məqsədəuyğundur. Üçüncü şəxs “ADA” Universiteti tərəfindən cavabdeh Bakı şəhəri İcra Hakimiyyətinə edilmiş xx.xx.2017-ci il tarixli müraciətdə bildirilmişdir ki, son illərdə “ADA” Universiteti ölkə prezidentinin tapşırığı ilə öz akademik proqramlarının sayını və maddi-texniki bazasını genişləndirməkdədir. Təhsilin ölkədə kadr hazırlığının və “bilik iqtisadiyyatı”nın qurulmasında müstəsna rolunu qeyd etməklə yanaşı, onu da bildirmək lazımdır ki, Universitet bu işə 10 ildən çox müddətdə öz töhfəsini verməyindən qürur hissi keçirir. Universitetin uğuru ilk növbədə bacarıqlı müəllimlərin işə cəlb olunmasından asılıdır. Bugünədək Universitet xaricdə təhsil və elmi dərəcə almış 30-dan çox gənc alimləri Bakıya qaytara bilmişdir.Yaxın illərdə ən azı bir o qədər də alim və müəllimin cəlb edilməsi nəzərdə tutulur. Cavan kadrların Universitetdə davamlı fəaliyyəti üçün ən prioritet şərtlərdən biri onların ev ilə təmin olunmasıdır. Eyni zamanda, “ADA” Universitetinin tələbə heyətinin 40 faizi rayonlardan və xarici ölkələrdən gələn tələbələrdir. Yataqxananın olmaması bu tələbələrin yerləşdirilməsində problemlər yaradır. Başqa bir ehtiyacı, tələbələr üçün idman kompleksi ilə bağlıdır. “ADA” Universiteti Bakı şəhəri İcra Hakimiyyətinin başçısının sərəncamı ilə ayrılmış torpaq sahəsində 2018-ci ildə müəllimlər üçün ev, tələbə yataqxanası və idman kompleksinin inşasının həyata keçirmək niyyətindədir. Bu işlər üçün müvafiq icazənin verilməsi və ərazidə mövcud olan kiçik obyektlərin köçürülməsinə köməklik göstərilməsi xahiş edilmişdir. Bakı şəhəri İcra Hakimiyyətinin 527 saylı xx.xx.2017-ci il tarixli “ADA” Universitetinə yaşayış binası, tələbə yataqxana binası və idman kompleksinin tikintisinin layihələndirilməsi haqqında” sərəncamına əsasən: 1. “ADA” Universitetinin 14/6001-17-14 saylı xx.xx.2017-ci il tarixli, müraciətini nəzərə alaraq, Nərimanov rayonu, 802-803 saylı məhəllədə “ADA” Universitetinin ərazisində müəllimlər üçün yaşayış binası, tələbə yataqxana binası və idman kompleksinin tikintisinin layihələndirilməsinə həmin Universitetə icazə verilmişdir. 2. Sifarişçiyə tapşırılmışdır: 2.1. Ərazinin və obyektin şəhərsalma əsaslandırılması sənədlərinin hazırlanmasının təmin və razılaşdırılması üçün Memarlıq və Şəhərsalma Baş İdarəsinə təqdim edilməsi; 2.2. Sahənin yerində qəbul edilməsi və sanitar vəziyyətinə nəzarət edilməsi; 2.3. Layihələndirmənin vaxtı və qaydası üzrə Memarlıq və Şəhərsalma Baş İdarəsinin tapşırığının və memarlıq planlaşdırma göstərişlərinin yerinə yetirilməsi; 2.4. Ərazinin və obyektin memarlıq planlaşdırmasının həllinin layihələndirmə ərəfəsində Memarlıq və Şəhərsalma Baş İdarəsi ilə razılaşdırılması və layihələndirmə başa çatdıqdan sonra işçi layihəsinin tam həcmdə Baş İdarəyə təqdim edilməsi; 2.5. Layihə təşkilatı layihə-axtarış işləri apararkən mühəndis kommunikasiyaları aşkar edildikdə, baş plan işlənməzdən əvvəl həmin kommunikasiyaların köçürülməsinin Memarlıq və Şəhərsalma Baş İdarəsi və əlaqədar təşkilatlarla razılaşdırılması. 2.6. Layihələndirmə işləri tam başa çatdıqdan sonra razılaşdırılmış və təsdiq edilmiş tikinti layihəsinin tikintiyə icazə verilməsi barədə sərəncamın hazırlanması və tikinti işlərinə başlanılması üçün əsas olan xüsusi nişanın alınması məqsədilə Memarlıq və Şəhərsalma Baş İdarəsinə təqdim edilməsi; 2.7. Bu sərəncam və memarlıq-planlaşdırma göstərişləri yalnız layihələndirmə üçün əsasdır. 3. Sifarişçi, Əmlak Məsələləri Dövlət Komitəsində qeydiyyata alınmalıdır. 4. Layihə sənədləri, mərhələsindən asılı olmayaraq, memarlıq fəaliyyəti ilə lisenziya əsasında məşğul olan hüquqi və fiziki şəxslər tərəfindən işlənməlidir.

5. Qeyd edilən bəndlərin tələbləri sifarişçi tərəfindən yerinə yetirilməsə, sərəncamın ləğv edilməsi məsələsinə qanunvericilikdə nəzərdə tutulmuş qaydada baxılacaqdır. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi və “ADA” Universiteti iş üzrə inzibati məhkəmə icraatına zəruri cəlbetmə qaydasında üçüncü şəxs qismində cəlb edilmişlər. Üçüncü şəxs Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən iddiaçıya ünvanlanmış MİHO/2.1.1-2-2022-4873 saylı xx.xx.2022-ci il tarixli məktubda bildirilmişdir ki, Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin Əsasnaməsinin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası prezidentinin 597 saylı xx.xx.2019-cu il tarixli Fərmanına əsasən torpaq sahələrinin sərhədlərinin müəyyən edilməsi və ayrıc aktlarının verilməsi Baş İdarənin səlahiyyətlərinə aid edilməmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən iddiaçıya təqdim edilmiş 07A/974 saylı xx.xx.2020-ci il tarixli arayışdan və 11/253 160413 saylı texniki pasportdan görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Malik Məmmədov küçəsi, maşın emalatxanasının yanında yerləşən qeyri-yaşayış binasının 24,8 kv.m sahəsi olan qarajının texniki pasportu tərtib edilmişdir. İş üzrə məhkəmə iclası təyin edilərək bu barədə tərəflərə bildiriş ünvanlanmışdır. İddiaçı məhkəmə iclasında iştirak etmişdir. Cavabdeh və üçüncü şəxslər iştirak etməmişlər (nümayəndələrinin iştirakını təmin etməmişlər). Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbini müdafiə etmişdir. Məhkəmə iddia ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin 1-ci hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmə müdafiəsinə təminat verilir. Lakin bu hüquq mütləq hüquq deyil və müəyyən qanuni məhdudiyyətlərə (məsələn, iddia müddəti, şikayətin qəbul edilmə şərtinə cavab verməməsi və s), məruz qoyula bilər. Lakin ədalət mühakiməsi hüququ onun mahiyyətinə xələl gətirə biləcək dərəcədə məhdudlaşdırılmamalıdır. Məhkəmə müdafiəsi hüququ bir tərəfdən hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər tərəfdən isə məhkəmələrin həmin müraciətlərə ağlabatan müddətdə baxmaq və onlara dair ədalətli qərar qəbul edərək, onların vaxtında icra edilməsi vəzifəsini müəyyən edir. Qeyd olunan hüququn vacibliyinə baxmayaraq, o mütləq deyil. Bu hüququ məhdudlaşdıran tədbirlər Konstitusiyanın 60-cı maddəsinin İ hissəsinin və 71-ci maddəsinin İİ hissəsinin, habelə “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 3-cü maddəsinin müddəaları baxımından legitim məqsədlərə nail olmaq üçün tətbiq edilməli, mütənasiblik meyarına cavab verərək onun əsas mahiyyətinə toxunmamalıdır. X1 Məhkəməsinin presedentləri ilə müəyyən edilir ki, məhkəməyə çatım hüququ "praktiki və effektiv" olmalıdır (Bellet Fransaya qarşı, § 38). Konvensiya nəzəri və xəyali hüquqları deyil, praktik və effektiv hüquqları təmin etmək üçün nəzərdə tutulmuşdur (Airey İrlandiyaya qarşı, § 24). Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 №-li qərarından: 4.1. İPM-in 35.1-ci maddəsinə görə, iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır. 4.2. Hüququn həqiqətən pozulub-pozulmadığının müəyyən olunması məsələsinin eyni zamanda iddianın əsaslılığının yoxlanılmasını tələb etdiyini nəzərə alaraq məhkəmələr bu meyar üzrə mümkünlüyün yoxlanılması mərhələsində diqqətli olmalı, belə yoxlamanı əsaslılığın yoxlanılması qaydasında aparmamalıdırlar. 5.1. İddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. 5.2. Bu zaman məhkəmələr müdafiə edilmək istənilən hüququn təbiətini, həmin subyektiv hüququn tanıdığı imkanları, qanunvericilikdə təsbit edilmiş onun qoruma sferası ilə bağlı hədləri nəzərə almalıdırlar. 5.3. İddia qaldırmış şəxsin hüquqlarının qorunmasının bilavasitə qanundan irəli gəldiyi hallarda, bir qayda olaraq iddia mümkün sayılmalıdır. 5.4. Bəzi hallarda qanunvericilik konkret məsələlər üzrə məhz hansı şəxslər dairəsinin müdafiə olunduğunu aydın təsbit edir. Belə tənzimləmənin olmadığı hallarda üçüncü şəxslərin hüquqlarının təminat altına alınıb-alınmadığının aydınlaşdırılması üçün hər bir konkret halın xüsusiyyətlərindən çıxış etməklə qanunvericinin güddüyü məqsəd, ictimai və fərdi maraqların ədalətli balanslaşdırılması və s. meyarlar nəzərə alına bilər. 6.1. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. 6.2. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun.

7. İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər. Məhkəmə qeyd edir ki, hazırki iddia tələbi ünvan 1 ünvanında yerləşən qaraj kompleksində iddiaçıya məxsus 48 saylı qarajın və qarajdan təyinatı üzrə istifadə edilməsi üçün zəruri olan və əsas yola çıxışını təmin edən sahənin yerləşdiyi torpaq sahəsinə aid hissəsinin çıxarılması məqsədi ilə Bakı şəhəri İcra Hakimiyyətinin 527 saylı xx.xx.2017-ci il tarixli sərəncamında zəruri dəyişikliklərin edilməsidir. Mübahisələndirilən sərəncam ADA” Universitetinin ərazisində müəllimlər üçün yaşayış binası, tələbə yataqxana binası və idman kompleksinin tikintisinin layihələndirilməsinə həmin Universitetə icazə verilməsi barədədir və iddiaçının hansı hüquqi marağına toxunması aydın deyil. Belə ki, Bakı şəhəri İcra Hakimiyyətinin 527 saylı xx.xx.2017-ci il tarixli sərəncamı ilə hər hansı layihə təsdiq edilməmiş, yalnız layihələndirməyə icazə verilmişdir. İşin materialları ilə müəyyən edilir ki, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən hazırladığı 18/134 saylı 2018-ci il tarixli torpağın ayrılması haqqında akt qəbul edilmişdir. Məhkəmə həmçinin qeyd edir ki, hazırda iddiaçıya məxsus olmuş sözügedən qaraj artıq mövcud olmadığından məhkəmə hesab edir ki, iddiaçıya məxsus 48 saylı qarajın və qarajdan təyinatı üzrə istifadə edilməsi üçün zəruri olan və əsas yola çıxışını təmin edən sahənin yerləşdiyi torpaq sahəsinin layihəyə ayrıc aktı ilə daxil edilib-edilməməsinin araşdırılması, eləcə də, daxil edildiyi halda iddiaçıya hüquqi yardım göstərilərək tələbin ayrıc aktının mübahisələndirilməsi kimi dəyişdirilməsi iddianı uğurlu etməyəcəkdir. Odur ki, məhkəmə hesab edir ki, iddia mümkün hesab edilməməlidir və iddiaçıya çatmaq istədiyi məqsədə dair səmərəli hüquq müdafiə vasitəsinin kompensasiyanın ödənilməsi ilə bağlı müvafiq səlahiyyətli quruma (imtina edilməsi halında müvafiq tələblə inzibati məhkəməyə) müraciətin edilməsi hüququ izah edilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 23, 35 və 85-ci maddəsini rəhbər tutaraq məhkəmə

QƏRARAALDİ: İddia mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri Z.Xəlilov küçəsi 540-cı məhəllə) şikayət verilə bilər.

Hakim Aysev Almazova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar