Məhkəmə qərarları › İş №2-1(112)-5766/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-5766/2021

20.10.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-5766/2021 20.10.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ X3 Oruczadənin sədrliyi, Məhkəmə iclasının katibi Cəfərova Yasəmən Fərman qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X1 iştirаkı ilə, İddiаçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “pensiyanın bərpa edilməsi və s.” barədə iddia tələbi üzrə inzibati işə məhkəmə binаsındа, аçıq məhkəmə iclаsındа bахаrаq, MÜƏYYƏN ETDİ: İddiaçı cаvаbdеh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən qəbul edilmiş **********0 nömrəli 05.03.2021-ci il tarixli qərarın ləğv olunmasını, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin üzərinə güzəştli şərtlərlə pensiyanın verilməsini 2020-ci ilin dekabr ayı daxil olmaqla bərpa etmək və pensiyanın ödənilməsi öhdəliyinin qoyulması barədə qərar qəbul olunmasını və pozulmuş hüququnun bərpası üçün sərf etdiyi dövlət rüsumu 11.50 manat (etibarnamə) cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən alınaraq ona ödənilməsinin təmin edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul olunduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, 01.01.1980-ci ildən 25.07.2003cü ilə qədər Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiqlənmiş 2 №-li siyahısında müəyyən olunmuş formalaşdırıcı vəzifəsində çalışmış, bu sahədə ümumilikdə 23 il 6 ay əmək stajına malikdir. Bundan sonra isə 11.05.2006-cı ildən 18.02.2017-ci ilədək Bakı Dəmiryol Xəstəxanasında xadiməçi vəzifəsində çalışmış və bu sahədə 10 il 9 ay əmək stajına malikdir. Beləliklə, onun zəhərli sahədə iş stajı 23 il 6 ay digər sahədə isə 2015-ci ilə qədər 8 il 9 ay əmək stajı mövcuddur. Bütün qeyd etdikləri əmək kitabçası ilə təsdiq edilir. Yuxarıda qeyd edilənləri rəhbər tutaraq ona 2015-ci ildən güzəştli şərtlərlə pensiya təyin edilmişdir və ötən ilin dekabr ayınadək o, qeyd edilmiş pensiyanı almışdır. Lakin cari ilin mart ayının 5də Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən qəbul olunmuş “qərara” əsasən pensiyası dayandırılmışdır. Hesab edir ki, onun güzəştli şərtlərlə pensiya almaq hüququ olmuşdur, belə ki, pensiya 2015-ci ildə təyin edilərkən onun (qurumun mövqeyinə əsasən 1991-1997-ci illər çıxılmaqla) 17 il zərərli sahədə və 2006-cı ildən 2015-ci ilədək adi sahədə stajı mövcud olmuşdur ki, bu da qanuna uyğundur. Bundan əlavə qeyd edilmiş qurum ondan 11624.89 manat guya ki artıq ödənilmiş pul vəsaitini geri tələb edir ki, bu da qanunaziddir. Qeyd olunanlara əsasən iddianın təmin olunması xahiş edilmişdir. Sonradan iddiaçının nümayəndəsi və vəkili Vəkil cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əsl Cavabdeh ilə əvəz edilməsi barədə ərizəsini 16.04.2021-ci il tarixdə dəftərxana vasitəsi ilə təqdim etmiş və müraciətin təmin olunmasını xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5766/2021 nömrəli, 19 aprel 2021-ci il tarixli qərardadı ilə iş üzrə əsl olmayan cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi əsl Cavabdeh ilə əvəz edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5766/2021 nömrəli, 20.10.2021-ci il tarixli qərardadı ilə iddia “pozulmuş hüququnun bərpası üçün sərf etdiyi dövlət rüsumu 11,50 manat (etibarnamə) cavabdehdən alınaraq ona ödənilməsi” hissəsində mümkün sayılmamışdır. İş üzrə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş 05.05.2021-ci il tarixli **********4 nömrəli etiraz məktubunda qeyd edilmişdir ki, aparılan araşdırma zamanı iddiaçıya vaxtilə pensiya təyin edilərkən onun təqdim etdiyi sənədlərdə 14.01.1980-25.07.2003-cü il tarixləri arasındakı dövr ərzində “N.Nərimanov adına BTB”də işlədiyi qeyd olunmuşdur. Fondun aidiyyəti mütəxəssisləri tərəfindən onun sənədlərində qeyd olunan məlumatların dəqiqləşdirilməsi zamanı 1991-1997-ci illər arasındakı dövr ərzində haqqı ödənilməyən ödənişsiz məzuniyyətdə olduğu müəyyən edilmişdir. Qanunvericilikdə məcburi dövlət sosial sığorta haqları ödənilməyən dövrlər əmək stajına aid edilmədiyi üçün əmək pensiyası təyin edilərkən (“Əmək pensiyaları haqqında” Qanunun 21.2-ci maddəsində qeyd edilənlər istisna olmaqla) iddiaçının ödənişsiz məzuniyyətdə olduğu müddəti onun ümumi iş stajına daxil etmək mümkün deyil. Buna görə də iddiaçının ümumi iş stajı 20 ildən az (17 il) təşkil edir. Qeyd edilən faktlar Azərbaycan Respublikasının Dövlət Arxivinin Bakı Filialı tərəfindən 13.08.2020-ci il tarixli 544 nömrəli Aktla təsdiq edilmişdir. Göstərilən uyğunsuzluqlara baxmayaraq, ona 20.11.2015-cı il tarixindən Dövlət Sosial Müdafiə Fondunun Nizami rayon şöbəsi tərəfindən qanunvericiliyə zidd olaraq 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir.Qeyd olunanlara əsasən Dövlət Sosial Müdafiə Fondunun Daxili nəzarət departamenti tərəfindən iddiaçıya 20.11.2015- 30.11.2020-ci il tarixləri arasındakı dövr ərzində ümumilikdə 11624,89 manat artıq pul vəsaitinin ödənildiyi müəyyən edilmiş və həmin artıq ödənilmiş pul vəsaitinin büdcəyə qaytarılması Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filiala tapşırılmışdır. Bununla, əlaqədar olaraq Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filial tərəfindən 05 mart 2021-ci il tarixli **********0 nömrəli məktubla iddiaçıya artıq ödənilmiş pul vəsaitininın könüllü şəkildə büdcəyə (bank rekvizitləri əlavə olunur) qaytarmağı xahiş edilmişdir. Əks halda iddiaçıya artıq ödənilmiş vəsaitin büdcəyə qaytarılması məqsədi ilə qanunvericiliyin tələblərinə uyğun qaydada tədbirlər görüləcəyi bildirilmişdir.Qeyd olunanları nəzərə alaraq, İddiaçı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddiasının rədd edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Şifahi məhkəmə baxışı ilə bağlı iclasda iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia ərizəsini müdafiə edərək, iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etdi. Şifahi məhkəmə baxışı ilə bağlı iclasda iştirak edən cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının nümayəndəsi X2 iddia ərizəsinə etiraza uyğun izahat verərək, iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iş materiallarını tam, obyektiv və hərtərəfli araşdıraraq, işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarına əlavə edilmiş: - AZE ******** saylı şəxsiyyət vəsiqəsinə əsasən İddiaçı Azərbaycan Respublikasının vətəndaşıdır, xx.xx.1963-cü il təvəllüdlüdür, ünvan 1 ünvanda qeydiyyatdadır. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən İddiaçı ünvanlanmış 05.03.2021-ci il tarixli **********0 nömrəli “Pensiya ödənişinin dayandırılması haqqında” məktubda qeyd edilmişdir ki, aparılan araşdırma zamanı sizə vaxtilə pensiya təyin edilərkən təqdim etdiyiniz sənədlərinizdə 14.01.1980- 25.07.2003-cü il tarixləri arasındakı dövr ərzində “N.Nərimanov adına BTB”də işlədiyiniz qeyd olunmuşdur. Fondun aidiyyəti mütəxəssisləri tərəfindən sənədlərinizdə qeyd olunan məlumatların dəqiqləşdirilməsi zamanı 1991-1997-ci illər arasındakı dövr ərzində haqqı ödənilməyən ödənişsiz məzuniyyətdə olduğunuz müəyyən edilmişdir. Qanunvericilikdə məcburi dövlət sosial sığorta haqları ödənilməyən dövrlər əmək stajına aid edilmədiyi üçün əmək pensiyası təyin edilərkən (“Əmək pensiyaları haqqında” Qanunun 21.2-ci maddəsində qeyd edilənlər istisna olmaqla) ödənişsiz məzuniyyətdə olduğunuz müddəti sizin ümumi iş stajınıza daxil etmək mümkün deyil. Buna görə də sizin ümumi iş stajınız 20 ildən az (17 il) təşkil edir. Qeyd edilən faktlar Azərbaycan Respublikasının Dövlət Arxivinin Bakı Filialı tərəfindən 13.08.2020-ci il tarixli 544 nömrəli Aktla təsdiq edilmişdir. Göstərilən uyğunsuzluqlara baxmayaraq, sizə 20.11.2015-ci il tarixindən Dövlət Sosial Müdafiə Fondunun Nizami rayon şöbəsi tərəfindən qanunvericiliyə zidd olaraq 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Qeyd olunanlara əsasən Dövlət Sosial Müdafiə Fondunun Daxili nəzarət departamenti tərəfindən sizə 20.11.2015-30.11.2020-ci il tarixləri arasındakı dövr ərzində ümumilikdə 11624,89 manat artıq pul vəsaitinin ödənildiyi müəyyən edilmiş və həmin artıq ödənilmiş pul vəsaitinin büdcəyə qaytarılması Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filiala tapşırılmışdır. Bununla əlaqədar olaraq sizə artıq ödənilmiş pul vəsaitini könüllü şəkildə büdcəyə (bank rekvizitləri əlavə olunur) qaytarmağınızı xahiş edirik. Əks halda qanunvericiliyin tələblərinə uyğun qaydada tədbirlər görüləcəkdir. - 21 yanvar 1980-ci il tarixli ИТ-İ ******* nömrəli əmək kitabçasının surətindən görünür ki, İddiaçı 14.01.1980-25.07.2003-cü il tarixlərdə “N.Nərimanov adına BTİB”də formalaşdırıcı vəzifəsində və 11.05.2006-18.02.2017-ci il tarixlərdə Bakı Dəmir Yol Xəstəxanasının Doğum şöbəsində xadimə vəzifəsində işləmişdir. - Azərbaycan Respublikası “X6” Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş 18/3 nömrəli, 19 mart 2014-cü il tarixli arxiv arayışının surətindən görünür ki, İddiaçı 14.01.1980-ci il (Əmr № 05, 14.01.1980-ci il) tarixdən 25.07.2003-cü il (Əmr № 35, 25.07.2003-cü il) tarixədək keçmiş N.Nərimanov adına BTİB-nin (Trikotaj ATSC) 6/7 saylı sexində 3-cü ağır dərəcə ilə formalaşdırıcı peşəsində işləmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli qərarına əsasən 2 saylı siyahının 26-cı bölməsinin 26.1 bəndi ilə, İddiaçı işlədiyi formalaşdırıcı peşəsi güzəştli şərtlərlə yaşa görə təqaüdə çıxma hüququnu verir. Dövlət Əmlak Komitəsinin 909 saylı əmrinə əsasən 23.12.1997-ci il tarixli 253 saylı əmrlə N.Nərimanov adına BTİB “Trikotaj” ATSC-ə çevrilmişdir.“Trikotaj” ATSC-nin ləğvi ilə əlaqədar olaraq müəssisənin bütün arxiv sənədləri “X6” ASC-yə verilmişdir.Bununla əlaqədar olaraq işçilərə lazım olan bütün sənədlər müəssisənin möhürü ilə təsdiqlənir. Məhkəmənin sorğusu əsasında Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialı tərəfindən təqdim olunmuş 2 iyul 2021-ci il tarixli BA-02864-2021 nömrəli əmək haqqı cədvəlinə dair məktubdan görünür ki, Dövlət Arxivinin Bakı filialında “Trikotaj” ATSC-nin natamam arxiv sənədlərinin 6-7 saylı sexinin 1991, 1994, 1995, 1996, 1997-ci illərə dair əmək haqqı cədvəllərində vət.İddiaçı əmək haqqı hesablanması barədə məlumatlar mövcuddur. Mövcud dövrlər üçün tərtib olunmuş arxiv arayışı əmək haqqı cədvəli təqdim olunmuşdur Aylar 1991 1994 1995 1996 1997 Yanvar 241-13 — 2400, 16906 74464 Fevral 215-69 — 16600 52704 70575 Mart 157-46 — 11000 46333 28164 Aprel 301-41 — 11000 12059 31077 May 249-73 2386 11000 20862 40597 İyun 496-56 2045 11000 57504 71957 İyul 596-88 1200 17834 55349 140758 Avqust 1843-69 1200 106194 76217 108275 Sentyabr — 1200 219345 5132 142451 Oktyabr 30 1800 97078 41933 152263 Noyabr — 2400 116877 52106 140669 Dekabr — 2400 69137 27343 104300 “Trikotaj” ATSC-nin natamam arxiv sənədlərinin 6/7 saylı sexinin 1992, 1993-cü illərə dair əmək haqqı cədvəllərində vət.İddiaçı barəsində heç bir məlumat yoxdur. “Trikotaj” ATSC-nin natamam arxiv sənədlərinin əmr kitabları Dövlət Arxivinin Bakı filialına təhvil verilməmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, İddiaçı 14.01.1980- 25.07.2003-cü il tarixlərdə “N.Nərimanov adına BTİB”də formalaşdırıcı vəzifəsində işlədiyi dövr nəzərə alınmaqla Dövlət Sosial Müdafiə Fondunun Nizami rayon şöbəsi tərəfindən ona 20.11.2015-ci il tarixdən 52 yaşından güzəştli şərtlərlə əmək pensiyası təyin edilmişdir. Lakin cavabdeh tərəfindən iddiaçının 1991-1997-ci illər arasındakı dövr ərzində haqqı ödənilməyən ödənişsiz məzuniyyətdə olması, yəni qanunla tələb olunan 20 il ümumi iş stajının olmaması əsası ilə təyin edilmiş əmək pensiyasının ödənişi dayandırılmış və 20.11.2015-30.11.2020-ci il tarixləri arasındakı dövr ərzində ödənilmiş ümumilikdə 11624,89 manat artıq pul vəsaitinin geri qaytarılması tələb edilmişdir. İddiaçı təyin edilmiş əmək pensiyasının bərpa edilməsi ilə bağlı cavabdeh inzibati orqana müraciət etsə də, müraciəti təmin edilməmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır, hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Azərbaycan Respublikasının Konstitusiyasının 71-ci maddəsinin 2-ci hissəsinə əsasən, insan və vətəndaş hüquqlarının və azadlıqlarının, o cümlədən sosial təminat hüququnun həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. 01.01.2006-cı il tarixdən qüvvədə olan «Əmək pensiyaları haqqında» Qanunun 01.07.2017-ci il tarixədək qüvvədə olan 9.1-ci maddəsinin redaksiyasına görə, axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar -52 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinə əsasən, bu Qanun qüvvəyə mindiyi bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq sürətdə təyin edilir. “Əmək pensiyaları haqqında” Qanun qüvvəyə minməmişdən əvvəl qüvvədə “Vətəndaşların pensiya təminatı haqqında” Qanun olmuşdur. “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 1997-ci il 01 avqust tarixədək qüvvədə olmuş 13-cü maddəsinin redaksiyasına əsasən axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir. -1. Yeraltı işlərdə, əmək şəraiti xüsusi ilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər - istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin AR Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: kişilər - 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa; -2. Əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər - istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin AR Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər 55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar - 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa. “Vətəndaşların pensiya təminatı haqqında” AR Qanunun 1997-ci il 01 avqust tarixədək qüvvədə olmuş 13-cü maddəsinə edilmiş dəyişikliyə əsasən avqustun 1-dək hər il 6 ay artırılır. İddia ərizəsindən və məhkəmə araşdırması zamanı cavabdehin etiraz məktubundan aydın olur ki, iddiaçıya əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq sürətdə pensiya təyin edilmişdir. Cavabdeh tərəfindən iddiaçının xüsusi stajı mübahisələndirilməyərək, ümumi stajı mübahisələndirilmiş və buna əsasən də təyin edilmiş əmək pensiyası dayandırılmışdır. Məhkəmə hesab edir ki, cavabdehin imtinası əsassızdır. Belə ki, iddiaçıya məxsus əmək kitabçasında onun 14.01.1980-25.07.2003-cü il tarixlərdə “N.Nərimanov adına BTİB”də formalaşdırıcı vəzifəsində işləməsinə dair qeydlər aparılmışdır. Cavabdeh iddiaçının 1991-1997-ci illər arasındakı dövr ərzində haqqı ödənilməyən ödənişsiz məzuniyyətdə olmasını və buna görə də iddiaçının sığorta stajının 17 il təşkil etdiyini əsas gətirsə də, məhkəmə araşdırması zamanı Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı filialı tərəfindən təqdim olunmuş əmək haqqı cədvəlində iddiaçının 1991-ci ilin yanvar, fevral, mart, aprel, may, iyun, iyul və avqust ayları üzrə, 1994-cü ilin may, iyun, iyul, avqust, oktyabr ayları üzrə, 1995, 1996 və 1997-ci illərin bütün ayları üzrə əmək haqqı aldığı müəyyən olunmuşdur. Məhkəmə qeyd edir ki, iddiaçının yalnız bütün ayları üzrə əmək haqqı aldığı 1995, 1996, 1997-ci illər ona tam əmək stajı kimi hesablandıqda 20 il sığorta stajı müəyyən olur ki, bu da iddiaçının 20.11.2015-ci il tarixdən 52 yaşdan güzəştli şərtlərlə əmək pensiyası almaq hüququnu təsbit edir. Göründüyü kimi cavabdeh tərəfindən iddiaçının təyin edilmiş əmək pensiyası dayandırılarkən onun sosial sığorta stajı düzgün araşdırılmamış və 1991, 1994, 1995- 1997-ci illərdə əmək haqqı alması müəyyən olunduğu halda həmin dövr sığorta stajı kimi nəzərə alınmamışdır. Bununla da iddiaçının konstitusion hüququ olan sosial təminat hüququ pozulmuşdur. Bundan başqa, hazırkı iddia məcburetmə haqqında iddia deyil, öhdəliklərin icrası haqqında iddialara aid olsa da, cavabdehin imtinası onun hərəkətsizliyində ifadə olunmuşdur. Bu isə mahiyyət etibarilə inzibati aktın qəbulundan imtina edilən zaman göstərilən hərəkətsizliyə bərabərdir. Beləliklə, məcburetmə haqqında iddialarda olduğu kimi öhdəliyin icrası haqqında iddialar üzrə də həmin öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür ki, hazırkı işdə cavabdeh imtinasını zəruri edən şərtlərin mövcudluğunu sübut edə bilməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsiiddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunukonkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, beləşərtlərin mövcudluğunu sübut etmək vəzifəsi inzibati orqanın üzərinə düşür. Beləliklə, iddiaçının 20.11.2015-ci il tarixdən 52 yaşdan əmək pensiyası almaq hüququ olduğundan məhkəmə hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Azərbaycan Respublikasının İPM-nin 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Göstərilənlərə əsasən, Məhkəmə iş üzrə sübutlara məcmu qaydada qiymət verərək, qanunvericilik normalarını rəhbər tutaraq hesab edir ki, İddiaçı iddiası təmin edilməli, iddiaçıya təyin edilmiş güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının ödənişinin dayandırılmasına dair cavabdehin hərəkətlərin qanunsuz hesab edilməli və dayandırılmış pensiya ödənişinin 2020-ci ilin dekabr ayından bərpa edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2-ci, 34-cü, 52-ci, 68ci, 69-cu, 85-ci və 110-cu maddələrini rəhbər tutaraq, Məhkəmə QƏRARA ALDİ: İddiaçı iddiası təmin edilsin. İddiaçı təyin edilmiş güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının ödənişinin dayandırılmasına dair cavabdehin hərəkətləri qanunsuz hesab edilsin və dayandırılmış pensiya ödənişinin bərpa edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Sədrlik edən: Aytən Oruczadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar