Məhkəmə qərarları › İş №2-1(112)-5767/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-5767/2022

04.07.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-5767/2022 04.07.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Pərviz Aktiv oğlunun sədrliyi, məhkəmə iclas katibi Əhmədov Rəşad Əhməd oğlunun katibliyi, İddiaçı, iddiaçının nümayəndəsi və vəkili Vəkil, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X3 üzrə Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X3 üzrə Baş İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, barəsində qəbul edilmiş «Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında» xx.xx.2021-ci il tarixli, **********7918 nömrəli qərarın ləğv olunmasına dair qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı izahatında bildirdi ki, cavabdeh tərəfindən operativ verqi nəzarətinin nəticələri haqqında xx.xx.2021-ci il tarixli 009688 nömrəli akt əsasında «Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında» xx.xx.2021-ci il tarixli **********7918 nömrəli qərar qəbul edilmişdir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.7.1-ci maddəsinə əsasən əhali ilə nağd pul hesablaşmalarının aparılması qaydalarının pozulmasına təqvim ili ərzində birinci dəfə yol verildiyi hesab olunaraq onun barəsində 1.000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilərək, vergi məsuliyyətinə cəlb edilməsi qərara alınmış, həmin məbləğin xx.xx.2022-ci ilədək ödənilməsinin tələb olunmasına dair tələbnamə verilmişdir. O, fizki şəxs kimi fərdi sahibkarlıq fəaliyyəti ilə məşğuldur və fəaliyyət sahəsi Bakı şəhəri, Nizami rayonu, Keşlə ŞTQ, Davud Aslan küçəsi, ev 2 ünvanında yerləşən “Arpaçay” kafesində əhaliyə xidmət göstərilməsi ilə bağlıdır. Fərdi sahibkar olaraq işəgötürən kimi 5 nəfər fiziki şəxslə əmək müqaviləsi (kontraktı) bağlanılmaqla, 8 nəfər fiziki şəxslə isə qanunvericiliyin tələbinə uyğun olaraq xidmət müqaviləsi bağlanılmaqla fəaliyyət göstərir. 17 noyabr 2021ci il tarixdə, saat 14:00-da cavabdeh orqanın əməkdaşları tərəfindən onun fərdi sahibkarlıq fəaliyyətini həyala keçirdiyi ünvan 1 ünvanında olan “Arpaçay” kafesində operativ vergi nəzarəti həyata keçirilmişdir. Həmin operativ vergi nəzarəti yoxlaması nəticəsində onun fəaliyyətini həyata keçirtdiyi obyektdə Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən olaraq tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilib-edilməməsi halları yoxlanılmış və bu yoxlama ilə əlaqədar DVX seriyalı 005302 nömrəli 17 noyabr 2021-ci il tarixli akt, eləcə də barəsində Azərbaycan Resbuplikasının İnzibati Xətalar Məcəlləsinin 602.4-cü maddəsi ilə MN 087419 nömrəli 17 noyabr 2021-ci il tarixli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə onun barəsində İnzibati Xətalar Məcəlləsinin 602.4-cü maddəsi ilə 17 noyabr 2021-ci il tarixli inzibati xəta haqqında protokol üzrə icraata xitam verilmişdir. Onun tərəfindən yoxlamaya hər cür şərait yaradılmasına baxmayaraq, cavabdehin əməkdaşları ona, obyektdə əmək müqaviləsi və xidmət müqaviləsi ilə işləyən şəxslərə qarşı kobud rəftar etmiş, buna etiraz etdikdə isə əraziyə polis dəvət etmişlər. O da eyni zamanda vergi əməkdaşlarının qanunsuz hərəkətləri barədə polisə şikayət etmişdir. Cavabdehin əməkdaşları obyektdə hər hansı fəaliyyət göstərməyən kənar şəxsləri, yəni su kranını təmir üçün gəlmiş şəxsi, obyektin çölündə suvaq işi görən şəxsi, obyektdə işləyən anasının yanına gəlmiş yetkinlik yaşına çatmayan uşağı guya obyektdə işləyən şəxs kimi aktlaşdıracaqlarını bildirdikdə o, buna qəti etiraz etmişdir. Sonradan həmin şəxsləri guya müqavilə olmadan işə cəlb etməsilə bağlı akt tərtib etmişlər. O, fərdi sahibkar olaraq 5 işçi ilə əmək müqaviləsi, 8 nəfər şəxslə isə digər müqavilə bağlamaqla, ümumilikdə 13 nəfər şəxsin obyektdə çalışdığını izahatında göstərmişdir. O, cavabdehin əməkdaşlarından buna uyğun aktın tərtib edilməsini xahiş etsə də, onlar buna əməl etməmişlər və hər hansı bır sənədi imzalamaq üçün ona təqdim etmədən, eləcə də yazılı izahat tələb etmədən çıxıb getmişlər. Cavabdeh orqanın əməkdaşlarının şifahi sualları onun tərəfindən cavablandırılmış, əmək müqaviləsi və digər şəxslərin xidmət müqavilələri əməkdaşlara təqdim olunmuş, lakin sonuncular qərəzli mövqe nümayiş etdirərək bu sualları üzrə onun cavablarının onları qane etmədiyini bildirmişlər. Yoxlama aktlarına baxılmasında onun iştirakının təmin edilməsinə dair ərizə ilə müraciət etmiş, ona cavab verilərək xx.xx.2021-ci il tarixdə akta baxılacağı bildirilmiş, həmin gün baş idarədə operativ nəzarət şöbəsinin rəisinə baş vermiş qanunsuzluqlar barədə məlumat vermişdir. Barəsində qəbul edilmiş qərar qanunsuzdur, həqiqəti əks etdirmir. O, yoxlamaya gələn vergi əməkdaşları barədə polisə və Nazirə şikayət etdiyinə görə qərəzli olaraq ona qarşı maliyyə sanksiyası tətbiq edilmişdir. Onun fəaliyyət sahəsi üzrə opretaiv vergi nəzarətinin keçirilməsi üçün hər hansı əsas olmamış, cavabdehin əməkdaşları qanunsuz olaraq nəzarət yoxlaması keçirmişlər və qanunvericiliyin tələblərini pozmuşlar. Qanunsuz aparılmış vergi nəzarəti yoxlamasına dair qərarda yalnız Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən olaraq tərəfimdən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilib-edilməməsi halları yoxlanılmış və bu yoxlama ilə əlaqədar akt tərtib edilmişdir. Bununla, əhali ilə nağd pul hesablaşmalarının aparılması qaydaları ümumiyyətlə yoxlama haqqında qərarda göstərilməmişdir. Belə olduğu halda barəsində qəbul olunmuş qərarda aparılmış vergi nəzarəti ilə əhatə olunmuş məsələdən kənara çıxılmışdır. Operativ yoxlama zamanı obyektdə olan kassaya hər hansı baxış keçirilməmiş, əhali ilə nağd pul hesablaşması qaydalarına dair hər hansı hərəkət, yoxlama tədbiri olmamış, bu barədə hər hansı sual verilməmiş, kassa barədə hər hansı məlumat, sənəd ondan tələb edilməmişdir. Hazırki qərarda istinad olunan xx.xx.2021-ci il tarixli aktın tərtib olunmasından onun məlumatı olmamışdır. Bu barədə yalnız sözügedən qərarı aldıqdan sonra qərarın məzmunundan oxumuşdur. Beləliklə, cavabdeh operativ nəzarət tədbirinə dair xx.xx.2021-ci ıl tarixli qərarında nəzərdə tutulan məsələdən kənara çıxmış, sonradan onun məlumatı və iştirakı olmadan akt tərtib edərək, onun məsuliyyətə cəlb edilməsinə dair əsassız və qanunsuz qərar qəbul etmişdir. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək onun təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 izahatında bildirdi ki, cavabdeh orqanın xx.xx.2021-ci il tarixli “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” Qərarına əsasən xx.xx.2021-ci il tarixdə fiziki şəxs İddiaçı sahibkarlıq fəaliyyətini həyata keçirdiyi Bakı şəhəri, Nizami rayonu, Keşlə ŞTQ, Davud Aslanov küçəsi, ev 2-nin yanında yerləşən obyektdə keçirilmiş operativ vergi nəzarəti tədbiri zamanı əhali ilə nağd pul hesablaşmalarının aparılması qaydalarının pozulması faktı aşkar edilərək, xx.xx.2021-ci il tarixli DVX seriyalı 009688 nömrəli akt tərtib edildiyi, lakin vergi ödəyicisi tərəfindən heç bir əsas göstərilmədən aktla tanış olmaqdan və aktın imzalanmasından imtina olunduğu müəyyən edilmişdir. Tərtib edilmiş aktın bir surəti vergi ödəyicilərinin vergi uçotu haqqında sənədlərində sonuncu ünvan kimi qeyd olunmuş ünvana və elektron qutusuna göndərilmiş, məktub iddiaçı tərəfindən xx.xx.2021-ci il tarixdə, saat 10:11:17-də oxunmuşdur. Tərtib edilmiş akt əsasında cavabdeh tərəfindən xx.xx.2021-ci il tarixli **********7918 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərar qəbul olunaraq iddiaçıya 1.000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. Qeyd olunan qərar və “Vergi borcunun, faizlərin, maliyyə sanksiyalarının məbləğlərinin, inzibati cərimələrin ödənilməsi, habelə aşkar edilmiş pozuntuların aradan qaldırılması barədə” Tələbnamə vergi ödəyicilərinin vergi uçotu haqqında sənədlərində sonuncu ünvan kimi qeyd olunmuş ünvana və elektron qutusuna göndərilmiş və araşdırma zamanı elektron qutuda xx.xx.2021-ci il tarixli məktubun iddiaçı tərəfindən xx.xx.2022-ci il tarixdə, saat 21:37:23-də oxunduğu müəyyən edilmişdir. İddiaçı öz ərizəsində əsassız olaraq “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” Qərarda əhali ilə nağd pul hesablaşmalarının aparılması qaydalarının yoxlanmasının öz əksini tapmadığını, əhali ilə nağd pul hesablaşması qaydalarına dair hər hansı hərəkət, yoxlama tədbirinin olmadığını bildirmişdir. Lakin sözügedən qərarda operativ vergi nəzarəti ilə əhatə olunmalı olan məsələlərdə nağd pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması və Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi ilə bağlı məsələlər öz əksini tapmışdır. xx.xx.2021-ci il tarixində, saat 13:55-də keçirilmiş operativ vergi nəzarəti tədbiri zamanı müştəri tərəfindən ona göstərilmiş ictimai iaşə xidmətinə görə (yemək süfrəsi) 30 manat nağd pul vəsaitinin ofisianta ödənildiyi, lakin ödəniş müqabilində müştəriyə kassa çekinin təqdim olunmadığı müşahidə olunmuşdur. Uçotdan yayındırılmış məbləğ cavabdeh orqanın əməkdaşları tərəfindən xx.xx.2021-ci il tarixli, 592 nömrəli kassa çeki ilə saat 14:00-da nəzarət-kassa aparatının fiskal yaddaşına bərpa edilmişdir. Beləliklə, operativ vergi nəzarəti tədbiri hər hansı prosessual pozuntuya yol vermədən Azərbaycan Respublikasının Vergi Məcəlləsinin tələblərinə uyğun formada həyata keçirilmişdir. Göstərilənlərə əsasən iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. İş materiallarında olan Fiziki şəxsin sahibkarlıq uçotu haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı xx.xx.2012-ci il tarixdə qeydiyyatdan keçmişdir, qeydiyyat nömrəsi (VÖEN) **********. İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X3 üzrə Baş İdarəsinin Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında xx.xx.2021-ci il tarixli, **********4324 nömrəli qərarının təsdiq edilmiş surətindən görünür ki, İddiaçı (VÖEN: **********) məxsus olan obyektdə (Bakı şəhəri, Nizami rayonu, Keşlə ŞTQ, Davud Aslan, 2-nin yanı, “Arpaçay” kafe, fəaliyyət növü yeməkxanalar tərəfindən xidmətlərin göstərilməsi) nağd pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması və Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi məsələsi(ləri) üzrə xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək (xx.xx.2021 tarixi daxil olmaqla) operativ vergi nəzarətinin keçirilməsi qərara alınmışdır. İş materiallarında olan Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən xx.xx.2021-ci il tarixli, KY211695399 nömrəli çıxarışın təsdiq edilmiş surətindən görünür ki, İddiaçı (VÖEN:**********) Bakı şəhəri, Nizami rayonu, Keşlə ŞTQ, Davud Aslan, 2-nin yanı ünvanındakı “Arpaçay” kafedə əhali ilə pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması, Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb hallarının aşkar edilməsi məsələləri üzrə xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək operativ vergi nəzarətinin həyata keçirilməsi qeydə alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X3 üzrə Baş İdarəsinin əməkdaşları tərəfindən tərtib olunmuş xx.xx.2021-ci il tarixli, DVX seriyalı 009688 nömrəli aktın və akta əlavə edilmiş çekin təsdiq edilmiş surətindən görünür ki, İddiaçı (VÖEN:**********) məxsus olan və Bakı şəhəri, Nizami rayonu, Keşlə ŞTQ, Davud Aslan, 2-nin yanı ünvanda yerləşən “Arpaçay” kafedə xx.xx.2021-ci il tarixdə saat 13:55 radələrində operativ vergi nəzarəti həyata keçirilərkən müştəri tərəfindən ona göstərilmiş ictimai iaşə xidmətinə görə 30 manat nağd pul vəsaitinin ofisianta ödənildiyi, lakin ödənişin müqabilində müştəriyə kassa çekinin təqdim olunmadığı müşahidə olunmuşdur, uçotdan yayındırılmış məbləğ xx.xx.2021-ci il tarixli, 592 nömrəli kassa çeki ilə saat 14:00-da əməkdaşlar tərəfindən nəzarət-kassa aparatının fiskal yaddaşına bərpa edilmişdir, İddiaçı Azərbaycan Respublikası Vergi Məcəlləsinin 16.1.9-ci maddəsinin və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 1 avqust tarixli 338 nömrəli qərarı ilə təsdiq edilmiş “Nəzarət-kassa aparatlarının istismarı Qaydaları”nın 8.3.16-cı bəndinin tələblərini pozmuş və buna görə də İddiaçı barəsində Vergi Məcəlləsinin 58.7-ci maddəsinə əsasən maliyyə sanksiyasının tətbiq edilməsi təklif olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X3 üzrə Baş İdarəsinin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” **********7918 nömrəli, xx.xx.2021-ci il tarixli qərarının təsdiq edilmiş surətindən görünür ki, İddiaçı (VÖEN:**********) Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.7.l-ci maddəsinə əsasən əhali ilə pul hesablaşmalarının aparılması qaydalarının pozulmasına təqvim ili ərzində birinci dəfə yol verdiyinə görə 1.000 manat məbləğində vergi məsuliyyətinə cəlb edilməsi, xx.xx.2022 tarixədək 1.000 manat məbləğin büdcəyə ödənilməsinin təmin edilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Vergi Məcəlləsinin: 16.1.9-cu maddəsinə əsasən lotereya biletlərinin, idman mərc oyunu biletlərinin və elektron idman mərc oyunu biletlərinin alışı istisna olmaqla nağd pul hesablaşmaları aparılan zaman alıcıya çek, qəbz, bank çıxarışları və digər ciddi hesabat blanklarını təqdim etmək və həmin çek, bank çıxarışları və ya ciddi hesabat blanklarında qanunvericiliklə müəyyən edilmiş məlumatların əks etdirilməsini təmin etmək vergi ödəyicisinin vəzifəsidir. 23.1.1-ci maddəsinə əsasən vergi orqanlarının bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək hüquqları vardır. 24.0.1-ci və 24.0.2-ci maddələrinə əsasən vergi orqanları vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etməyə; vergi qanunvericiliyinə tam və dəqiq riayət etməyə; vergi ödəyicilərinin hüquqlarını və qanuni mənafelərini gözləməyə və müdafiə etməyə borcludur. 50.1-ci maddəsinə əsasən operativ vergi nəzarəti sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin gəlir götürmək üçün istifadə etdikləri, yaxud vergi tutulan obyektlərin və ya əmtəə-material ehtiyatlarının saxlanılması ilə bağlı olan anbar, ticarət və bu qəbildən olan digər binalarında (ərazilərində) (yaşayış binaları (sahələri) istisna olmaqla), nəqliyyat vasitələrində (sahibkarlıq fəaliyyəti ücün istifadə edilməyən şəxsi nəqliyyat vasitələri istisna olmaqla) həyata keçirilən və aşağıdakı məsələləri əhatə edən vergi nəzarəti formasıdır: 50.1.3. əhali ilə pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması. 58.7-ci maddəsinə əsasən bu Məcəllənin 13.2.63-cü maddəsində nəzərdə tutulmuş ticarət fəaliyyətinin həyata keçirilməsi halı istisna olmaqla, vergi ödəyicisi kimi vergi orqanında uçotda olmayan şəxslərlə (əhali ilə) pul hesablaşmalarının aparılması qaydalarının pozulmasına, yəni nəzarət-kassa aparatları və ya ciddi hesabat blankları tətbiq edilmədən (nəzarət-kassa aparatları quraşdırılmadan, qanunvericiliklə müəyyən edilmiş formalara uyğun ciddi hesabat blankları olmadan və ya nağd ödənilmiş məbləği mədaxil etmədən), vergi orqanlarında qeydiyyatdan keçirilməmiş və ya texniki tələblərə cavab verməyən, o cümlədən bu Məcəllənin 50.8-ci maddəsində sadalanan tələblərə cavab verməyən çek təqdim edən nəzarət-kassa aparatlarından istifadə etməklə, qanunvericiliklə müəyyən olunmuş ciddi hesabat blanklarından istifadə etmədən və ya müəyyən olunmuş qaydada təsdiq olunmuş formalara uyğun olmayan ciddi hesabat blanklarından istifadə etməklə əhali ilə pul hesablaşmalarının aparılmasına, POSterminalların quraşdırılması məcburi olan obyektlərdə POS-terminalların quraşdırılmaması və POS-terminallar quraşdırılmış obyektlərdə nağdsız ödənişlərin qəbulundan imtina edilməsinə və ya alıcıya təqdim edilməli olan çekin, bankların valyuta mübadilə şöbələri tərəfindən müştəriyə təqdim edilməli olan bank çıxarışlarının və ya digər ciddi hesabat blanklarının verilməməsinə və ya ödənilmiş məbləğdən aşağı məbləğ göstərilməklə verilməsinə, nəzarət-kassa aparatlarından istifadə edilməsi dayandırıldıqda əhali ilə pul hesablaşmalarının qeydiyyatının aparılması qaydalarının pozulmasına görə vergi ödəyicisinə: 58.7.1. təqvim ili ərzində belə hallara birinci dəfə yol verildikdə 1000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir. 77.1-ci maddəsinə əsasən vergi ödəyicisinin bu Məcəllədə göstərilən hallarda və qaydada müəyyən edilən vergini (o cümlədən cari vergi ödəmələrini), hesablanmış faizləri və tətbiq edilmiş maliyyə sanksiyalarını ödəmək vəzifəsi onun vergi öhdəliyi hesab olunur. 77.3-cü maddəsinə əsasən vergi ödəyicisi vergi qanunvericiliyinin tələblərinə uyğun olaraq verginin ödənilməsini nəzərdə tutan şəraitin yarandığı andan vergi öhdəliklərinin yerinə yetirilməsi üçün cavabdehdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 1 avqust tarixli 338 nömrəli Qərarı ilə təsdiq edilmiş «Nəzarət-kassa aparatlarının istismarı Qaydaları»nın: 1.2-ci bəndinə əsasən bu Qaydalar Azərbaycan Respublikasının ərazisində tətbiq olunan nəzarət-kassa aparatlarının (bundan sonra – NKA) meyarları, qeydiyyatı, dövlət reyestri, onlara servis texniki xidmətin göstərilməsi, habelə NKA operatoruna dair tələblər və onların qeydiyyatı ilə bağlı qaydaları müəyyən edir və bununla bağlı yaranan münasibətləri tənzimləyir. 1.3-cü bəndinə əsasən NKA-nın istismarında, o cümlədən qeydiyyatı və servis texniki xidmətində iştirak edən subyektlərə aşağıdakılar aiddir: 1.3.2. NKA-nın istifadəçiləri (bundan sonra – İstifadəçi). 1.4.6-cı bəndinə əsasən istifadəçi – malların təqdim edilməsi (xidmətlərin göstərilməsi) zamanı aparılan hesablaşmaları müvafiq qanunvericiliyə əsasən qeydiyyatdan keçirmiş NKA vasitəsilə həyata keçirməli olan vergi ödəyicisidir. 8.3.3, 8.3.15 və 8.3.16-cı bəndlərinə əsasən nəzarət mexanizmi qurğusunun saz vəziyyətdə olmasını təmin etmək; NKA-nın istismarı zamanı istənilən nasazlıq meydana çıxarsa, bu barədə vergi orqanlarına və Operatora dərhal məlumat vermək; pul hesablaşmaları aparılan zaman alıcıya çek təqdim etmək və həmin çekdə qanunvericiliklə müəyyən edilmiş məlumatların əks etdirilməsini təmin etmək İstifadəçinin vəzifələrinə daxildir. Məhkəmə tərəfindən müəyyən edildi ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X3 üzrə Baş İdarəsinin Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında xx.xx.2021-ci il tarixli, **********4324 nömrəli qərarına əsasən İddiaçı (VÖEN: **********) məxsus olan obyektdə (Bakı şəhəri, Nizami rayonu, Keşlə ŞTQ, Davud Aslan, 2-nin yanı, “Arpaçay” kafe, fəaliyyət növü yeməkxanalar tərəfindən xidmətlərin göstərilməsi) nağd pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması məsələsi(ləri) üzrə xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək (xx.xx.2021 tarixi daxil olmaqla) operativ vergi nəzarətinin keçirilməsi qərara alınmışdır. Həm Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında qərarda, həm də Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən çıxarışdan görünür ki, nağd pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması məsələsi üzrə operativ vergi nəzarətinin keçirilməsi qeyd olunmuşdur. Cavabdehin əməkdaşları tərəfindən tərtib olunmuş xx.xx.2021-ci il tarixli, DVX seriyalı 009688 nömrəli akta əsasən iddiaçıya məxsus olan həmin kafedə xx.xx.2021-ci il tarixdə saat 13:55 radələrində operativ vergi nəzarəti həyata keçirilərkən müştəri tərəfindən ona göstərilmiş ictimai iaşə xidmətinə görə 30 manat nağd pul vəsaitinin ofisianta ödənildiyi, lakin ödənişin müqabilində müştəriyə kassa çekinin təqdim olunmadığı aşkar edilmiş, həmin məbləğ xx.xx.2021-ci il tarixli, 592 nömrəli kassa çeki ilə saat 14:00-da əməkdaşlar tərəfindən nəzarət-kassa aparatının fiskal yaddaşına bərpa edilmiş, iddiaçı barəsində Vergi Məcəlləsinin 58.7-ci maddəsinə əsasən maliyyə sanksiyasının tətbiq edilməsi təklif olunmuşdur. Bundan sonra Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X3 üzrə Baş İdarəsinin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” **********7918 nömrəli, xx.xx.2021-ci il tarixli qərarına əsasən İddiaçı Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.7.l-ci maddəsinə əsasən əhali ilə pul hesablaşmalarının aparılması qaydalarının pozulmasına təqvim ili ərzində birinci dəfə yol verdiyinə görə 1.000 manat məbləğində vergi məsuliyyətinə cəlb edilməsi, xx.xx.2022 tarixədək 1.000 manat məbləğin büdcəyə ödənilməsinin təmin edilməsi qərara alınmışdır. Göründüyü kimi, müştəri tərəfindən ona göstərilmiş ictimai iaşə xidmətinə görə nağd pul ödənilsə də, ödəniş müqabilində çek vurulmamışdır. Bununla əlaqədar olaraq cavabdehin əməkdaşları tərəfindən bərpa çeki çıxarılmış və bu hal öz təsdiqini tapmışdır. İddiaçı ona məxsus kafedə həyata keçirilmiş operativ vergi nəzarəti tədbirinin Azərbaycan Respublikası Vergi Məcəlləsinin tələblərinə uyğun qaydada həyata keçirilmədiyini və cavabdeh orqanın əməkdaşları tərəfindən qanunsuz hərəkətlərə yol verildiyini bildirsə də, bununla əlaqədar sübutları məhkəməyə təqdim edə bilmədi. Məhkəmə iclasında araşdırılmış sübutlarla müəyyən edildi ki, operativ vergi nəzarəti tədbiri hər hansı qanun pozuntusu halına yol verilmədən, Azərbaycan Respublikasının Vergi Məcəlləsinin tələblərinə uyğun keçirilmiş, mübahisələndirilən qərar qəbul edilərkən qanunvericiliyin tələbləri pozulmamışdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi əsassızdır və təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 32, 52, 58.1, 68, 69, 75.4, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilməsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Hakim: Pərviz Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar