Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-5769/2021 26.10.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi X3 Ağa qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı "xxxx" MMC-nin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı riskli vergi ödəyicilərinin siyahısından çıxarılma tələbinə dair inzibati işə şifahi, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı "xxxx" MMC-nin riskli vergi ödəyicilərinin siyahısından çıxarılma barədə barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" MMC-nin fəaliyyəti 2019-cu ilin oktyabr ayından iflic vəziyyətə düşmüşdür. Buna səbəb isə, cavabdeh vergi orqanı tərəfindən əsassız və qanunsuz olaraq iddiaçının riskli vergi ödəyicisinin siyahısına aid edilməsi olmuşdur. Hazırda da, iddiaçıya elektron vergi qaimə-faktura təqdim etmək istəyən vergi ödəyicisinin ekranında “Bu vergi ödəyicisi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti VÖEN: “**********” əmtəəsiz maliyyə əməliyyatları və digər riskli əməliyyatlarla məşğul olan şəxsdir. Qeyd etdiyi vergi ödəyicisinin fəaliyyəti aktiv deyil!” məzmunda yazı çıxır. Halbuki, iddiaçı əmtəəsiz maliyyə əməliyyatları və digər riskli əməliyyatlarla məşğul olan şəxs deyil. Həmçinin, iddiaçının ƏDV depozit hesabına əsassız və qanunsuz olaraq blok qoyulmuşdur ki, bunun da, nəticəsi olaraq iddiaçı nə fəaliyyət göstərə bilir, nə də ki, hər hansı bir əməliyyat həyata keçirə bilir. Ən maraqlısı da, odur ki, “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 iyul tarixdə 265 nömrəli Qərarı təsdiq edilsə də, tərəflərindən qanuni əsaslarlar olmadan 2019-cu ilin oktyabr ayından iddiaçı riskli vergi ödəyicisi hesab edilmişdir. Halbuki, həmin vaxt ümumiyyətlə riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların meyarları müəyyən edilməmişdir. Digər tərəfdən, ümumiyyətlə iddiaçı hansı səbəbdən və hansı əməliyyata görə riskli vergi ödəyicisi hesab edilməsi belə aydın deyil. Bundan başqa, Vergi Məcəlləsinin 13.2.82-ci maddəsinə əsasən vergi ödəvicisinin riskli vergi ödəvicisi olması, habelə riskli vergi ödəyiciləri siyahısından çıxarılması barədə qərar müvafig icra hakimiyyəti organının müəyyən etdiyi organ (gurum) tərəfindən qəbul edilir. Lakin, sözügedən qərar iddiaçıya təqdim edilməmişdir ki, iddiaçı da, hansı səbəbə görə riskli vergi ödəyicisinə aid edildiyini bilsin. İddiaçı tərəfindən cavabdeh vergi orqanına 9 sentyabr 2020-ci il tarixli məktubla müraciət edilərək, riskli vergi ödəyicisi siyahısından çıxarılması barədə qərarın qəbul edilməsi xahiş edilmişdir. Cavabdeh vergi orqanın 7 oktyabr 2020-ci il tarixli cavab məktubunda isə göstərilmişdir ki, cəmiyyət tərəfindən aparılmış əməliyyatlar təhlil edilərkən vergidən yayınma hallarının və risklərin müəyyən edilməsi baxımından bir sıra uyğunsuzluqlar aşkarlanmış və əmtəəsiz (şübhəli) əməliyyat kimi qiymətləndirilərək, vergidən yayınma sxeminin tətbiq edildiyini ehtimal etməyə əsas vermişdir. Göründüyü kimi, cavabdeh vergi orqanı öz cavab məktubunda iddiaçının apardığı əməliyyatları təhlil edərkən halların və risklərin müəyyən edilməsi baxımından bir sıra uyğunsuzluqların aşkar olunduğunu göstərsə də, həmin uyğunzusluqların nədən ibarət olduğunu açıqlamamış və yalnız ehtimallara əsaslanaraq vergidən yayınma sxeminin tətbiq edildiyi qənaətinə gəlmişdir. Halbuki, bir daha qeyd edirlər ki, həmin dövrdə riskli vergi ödəyicilərin konkret meyarları və hansı əməliyyatların məhz riskli hesab olunmalı olduğu ümumiyyətlə təsdiq edilməmişdir. Belə ki, “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında" Azərbaycan Respublikasının 2019cu il 29 noyabr tarixli 1704-VQD nömrəli Qanununun tətbiqi və həmin Qanunun tətbiqi ilə əlaqədar bir sıra məsələlərin tənzimlənməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 25 dekabr tarixli 902 nömrəli Fərmanının 1.1.5-ci yarımbəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti 28 iyul 2020-ci il tarixdə 265 nömrəli Qərarı ilə “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları” təsdiq edilmişdir. Həmin Meyarların 1.3-cü bəndində qeyd edilmişdir ki, riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların meyarlarına cavab verən və əmtəəsiz və (və ya) riskli əməliyyatlar apardığına görə barəsində Vergi Məcəlləsinin 13.2.82-ci maddəsinə uyğun olaraq riskli vergi ödəyicisi olması, habelə riskli vergi ödəyiciləri siyahısından çıxarılması barədə qərar qəbul edilmiş vergi ödəyicilərinə dair məlumatlar Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəsmi internet saytında dərc edilir. Sözügedən Meyarların 1.4-cü bəndinə görə Vergi Məcəlləsinin 13.2.82-ci maddəsinə uyğun olaraq riskli vergi ödəyicisi olması barədə qərar çıxarılmış vergi ödəyicilərinə dair məlumat vergi ödəyiciləri tərəfindən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsi portalında elektron qaimə-faktura sistemi vasitəsilə aparılan əməliyyatlar zamanı xəbərdarlıq xarakterli bildirişlərdə əks olunur. Həmin Meyarların 2-ci bəndində riskli vergi ödəyicisinin meyarları və 3-cü bəndində riskli əməliyyatların meyarları konkret olaraq təsbit edilmişdir. Lakin, təəssüflər olsun ki, iddiaçı bu vaxta qədər riskli vergi ödəyicisi hesab edildiyi vaxtda qüvvədə olmayan Meyarların belə hansı meyarına əsasən riskli vergi ödəyicilərin siyahısına daxil edildiyini bilmir və bu barədə ümumiyyətlə məlumatı yoxdur. Məlum məsələdir ki, riskli vergi ödəyicilərin meyarları 2019-cu ildə təsdiq edilmədiyi səbəbindən cavabdeh vergi orqanı 2019-cu ildə baş verdiyi əməliyyatlara görə iddiaçını riskli vergi ödəyicisinin olması barədə qərar da qəbul edə bilmir ondan ötrü ki, həmin meyarlar yalnız 2020-ci ildə təsdiq edilmişdir. Nümunə olaraq, iddia ərizəsinə əlavə edilən və digər vergi ödəyicisinə aid olan vergi ödəycisinin riskli vergi ödəyicisi hesab edilməsi haqqında qərarı qeyd etmək istəyirlər. Qeyd olunan qərardan görünür ki, həmin qərar 29 yanvar 2021-ci il tarixdə, yəni Azərbaycan Respublikasının Nazirlər Kabineti 28 iyul 2020-ci il tarixli 265 nömrəli Qərarı ilə “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları” təsdiq edildikdən sonra qəbul edilmişdir ki, bu səbəbdən də cavabdeh vergi orqanı meyarlara əsaslanaraq qərarda adı çəkilən vergi ödəyicisini meyarlarlar müəyyən edildikdən sonra riskli əməliyyatlar apardığı üçün riskli vergi ödəyicisilərin siyahısına daxil etmişdir. Beləliklə, qeyd olunanlardan belə qənaətə gəlmək olur ki, cavabdeh vergi orqanı qanunvericiliklə riskli vergi ödəyicisinin meyarları təsdiq edilmədiyi 2019-cu ildə iddiaçını riskli vergi ödəyicilərin siyahısına daxil etmişdir ki, bununla da, kobud qanun pozuntusuna yol vermişdir. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47.2-ci maddəsində göstərilən qaydada iddia ərizəsinə münasibət bildirmək üçün sərəncam göndərilmiş, cavabdeh tərəfindən iddia ərizəsinə qarşı yazılı etiraz məhkəməyə təqdim edilərək, iddianın təmin edilməməsi xahiş edilmişdir. Etiraza əsasən, araşdırmalar nəticəsində 04.01.2019-cu il və 09.08.2019-cu il tarix aralığında "xxxx" MMC tərəfindən cari hesabdan cəmi 4,8 min manat ƏDV məbləği, subhesabdan isə cəmi 271,8 min manat ƏDV məbləği əmtəəsiz və riskli əməliyyatlar aparan 12 (on iki) sayda riskli vergi ödəyicisinin ƏDV depozit hesablarına köçürüldüyü müəyyən edilmiş və qeyd olunan əməliyyatlara görə "xxxx" MMC 22.08.2019-cu il tarixdə riskli vergi ödəyiciləri siyahısına daxil edilmişdir. Vergi ödəyicisi tərəfindən riskli və əmtəəsiz əməliyyatların könüllü şəkildə aradan qaldırılması baradə müraciətlərinə əsasən riskli vergi ödəyiciləri siyahısından çıxarılma üçün vergi ödəyicisi tərəfindən ƏDV-nin sub hesabından riskli vergi ödəyicilərinə köçürülmüş 276,5 min manat məbləğin ƏDV bəyannaməsində hesablama yolu ilə bərpa etməyinə, şəxsi hesab vərəqəsində yaranacaq 850,0 min manat borcun hər ay 283,7 min manat olmaqla 3 ay ərzində ödəməyə (ƏDVDH-na daxil olmuş məbləğin 100%-i, cari hesaba daxil olmuş məbləğin isə 50% həcmində) zəmanət vermişdir. Müəssisə tərəfindən riskli vergi ödəyicilərinə köçürülmüş 276,5 min manat vəsaitin 2019-cu ilin sentyabr ayı üzrə təqdim edilmiş ƏDV bəyannaməsinə bərpa edilməsi təmin edilmiş və nəticədə "Erko Mühəndislik” MMC riskli vergi ödəyiciləri siyahısından çıxarılmışdır. Lakin, sonradan vergi ödəyicisi tərəfindən 2019-cu ilin yanvar-avqust hesabat dövrü üzrə dəqiqləşdirilmiş ƏDV bəyannamələri təqdim edilməklə cəmi 213,0 min manat ƏDV məbləği əvəzləşmədən çıxarılmış, nəticədə bərpa edilmiş 276,5 min manat vəsaitin 108,0 min manat hissəsi azaldılmışdır. Qeyd olunanlara əsasən vergi ödəyicisi 19.03.2020-ci il tarixdə yenidən riskli vergi ödəyiciləri siyahısına daxil edilmişdir. Belə ki, Vergi Məcəlləsinin 13.2.82-ci maddəsinə əsasən riskli vergi ödəyicisi - müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi meyarlara cavab verən, o cümlədən əmtəəsiz və (və ya) riskli əməliyyatlar aparan şəxsdir. Vergi ödəyicisinin riskli vergi ödəyicisi olması, habelə riskli vergi ödəyiciləri siyahısından çıxarılması barədə qərar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən qəbul edilir. Belə ki, Nazirlər Kabinetinin Qərarının 2.1 -ci bəndinə əsasən aşağıdakı meyarlardan ən azı birinə cavab verən vergi ödəyicisi riskli vergi ödəyicisi hesab olunur: - bu Meyarların 3-cü hissəsində nəzərdə tutulan riskli əməliyyatları aparan şəxs olduqda; - aparılmış vergi nəzarət tədbirləri çərçivəsində vergi ödəyicisinin əmtəəsiz əməliyyatlar aparması aşkar edildikdə; - idxalatçının, istehsalçının və ya idxalatçı olmayan ticarət fəaliyyəti həyata keçirən şəxsin vergi orqanında qeydiyyatda olan anbarı (o cümlədən icarəyə götürdüyü anbarı) və ya digər təsərrüfat subyekti (obyekti) olmadıqda və yaxud qeydiyyatda olan anbarın və ya digər təsərrüfat subyektinin (obyektinin) sahəsi ilə idxal və ya əldə edilən malların həcmi uyğunluq təşkil etmədikdə (digər şəxslər üçün sifariş əsasında gətirilən və bilavasitə sifarişçilərə təhvil verilən (sifarişçi vergi ödəyicisi olduqda VÖEN-i, fiziki şəxs olduqda adı, soyadı, atasının adı və FİN-İ) mallar və hər bir sifarişçi üzrə sifarişin məbləği barədə məlumatların vergi orqanına təqdim edildiyi hallar istisna olmaqla); - vergi ödəyicisi tərəfindən əldə edilmiş və fəaliyyət növünə (fəaliyyət növlərinə) uyğun olmayan malların (vergi ödəyicisi tərəfindən öz təsərrüfat fəaliyyətində istifadə edilməsi üçün əldə etdiyi ofis ləvazimatları, inventar və digər bu kimi aktivlər istisna olmaqla) vergi nəzarəti zamanı sənədləşdirilmədən təqdim edilməsi aşkar edildikdə; - vergi ödəyicisinin satış məqsədləri üçün son 6 ay üzrə (vergi ödəyicisinin malların mövsümi xarakterindən asılı olaraq, habelə əvvəlcədən sifariş edilən və müqavilədə (razılaşmada) müəyyən edilən müddətdə təhvil verilməsi nəzərdə tutulan hallar istisna olmaqla) idxal etdiyi və ya əldə etdiyi malların həcmi onun müvafiq dövr üzrə dövriyyəsindən azı 3 dəfə artıq olduqda; - bu Meyarların 2.1.1-2.1.5-ci yarımbəndləri ilə müəyyən edilmiş riskli vergi ödəyicisi olan fiziki şəxsin icra orqanının rəhbəri və ya təsisçisi olduğu hüquqi şəxs; bu Meyarların 2.1.1-2.1.5-ci yarımbəndləri ilə müəyyən edilmiş riskli vergi ödəyicisi olan hüquqi şəxsin icra orqanının rəhbərinin və ya təsisçisinin təsis etdiyi və ya icra orqanının rəhbəri olduğu hüquqi şəxs; - beşdən çox hüquqi şəxsin icra orqanının rəhbəri olan fiziki şəxslər və onların icra orqanının rəhbəri olduğu hüquqi şəxslər. Qərarın 3-cü bəndinə əsasən vergi ödəyicisinin apardığı aşağıdakı əməliyyatlar riskli əməliyyat hesab olunur: - vergi ödəvicilərinin təqdim etdiyi elektron qaimə-fakturalarda aldığı və ya idxal etdiyi mal çeşidlərindən fərqli mal çeşidlərinin göstərildiyi aşkar edildikdə; - vergi ödəyicilərinin aldığı və ya idxal etdiyi malların həcmindən artıq həcmdə mallar təqdim etməsi halı aşkar edildikdə (artıq həcmdə təqdim edilmiş mallara münasibətdə). Qanunvericiliyin tələbindən göründüyü kimi vergi ödəyicilərinin təqdim etdiyi elektron qaimə-fakturalarda aldığı və ya idxal etdiyi mal çeşidlərindən fərqli mal çeşidlərinin göstərildiyi aşkar edildikdə həmin vergi ödəyicisi riskli vergi ödəyicisi hesab olunaraq barəsində müvafiq qərar çıxarılır. Qeyd olunanlardan aydın olur ki, iddiaçının iddia tələbi tamamilə əsassızdır və vergi orqanı tərəfindən haqlı olaraq vergi ödəyicisi barədə müvafiq qərar qəbul edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddia ərizəsinə qarşı etiraza uyğun izahat verərək, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iş materiallarını tam, obyektiv və hərtərəfli araşdıraraq, işdə iştirak edən iddiaçının və cavabdehin nümayəndəsinin izahatlarını dinləyərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan iddiaçı tərəfindən cavabdehə ünvanlanmış 09.09.2020-ci il tarixli məktubdan görünür ki, iddiaçı tərəfindən cavabdehə müraciət edilərək, tez bir zamanda cəmiyyətin riskli vergi ödəyicisi siyahısından çıxarılması barədə qərarın qəbul edilməsi və ƏDV depozit hesabına qoyulmuş blokun aradan qaldırılması xahiş edilmişdir. İşdə olan cavabdeh tərəfindən iddiaçının müraciətinə cavab olaraq verilmiş “Müraciətin araşdırılması haqqında” məktubun surətindən görünür ki, Cəmiyyət tərəfindən aparılmış əməliyyatlar təhlil edilərkən vergidən yayınma hallarının və risklərin müəyyən edilməsi baxımından bir sıra uyğunsuzluqlar aşkarlanmış və əmtəəsiz (şübhəli) əməliyyat kimi qiymətləndirilərək, vergidən yayınma sxeminin tətbiq edildiyini ehtimal etməyə əsas vermişdir. Yuxarıda qeyd olunan hallarla əlaqədar olaraq, fəaliyyəti ilə bağlı təsdiqedici sənədlərin qeydiyyatda olduğu vergi orqanına təqdim edilməsi bildirilir. Əlavə olaraq bildirilir ki, Cəmiyyətin ƏDV sub-uçot hesabı üzrə əməliyyatların aparılması üçün istifadə olunan elektron proqram təminatında məhdudiyyətin olduğu müəyyən olunmamışdır. İşdə olan iddiaçı tərəfindən cavabdehə ünvanlanmış 22.07.2021-ci il tarixli sorğu məktubundan görünür ki, iddiaçı tərəfindən cavabdehə sorğu göndərilərək, xahiş edilmişdir ki, aşağıda göstərilən suallar cavablandırılsın: 1. vergi ödəyicisi Vergi Məcəlləsinə 13.2.82-ci maddəsinin qüvvəyə minməsindən və ya meyarlar təsdiq edilməmişdən əvvəl (misal üçün 2019-cu ildə apardığı əməliyyata görə) riskli vergi ödəyicisi hesab edilə bilərmi? Edilə bilərsə, qanunvericiliyin hansı normalarına əsasən? 2. Vergi ödəyicisi vergi orqanı tərəfindən bu barədə qərar qəbul edilmədən riskli vergi ödəyicisi hesab edilə bilərmi? İşdə olan cavabdeh tərəfindən iddiaçının 22.07.2021-ci il tarixli sorğu məktubuna cavab olaraq verilmiş 30.07.2021-ci il tarixli “Vergi qanunvericiliyinə dair müraciətə baxılması haqqında” məktubdan görünür ki, iddiaçıya bildirilmişdir ki, Vergi Məcəlləsinin 1 yanvar 2020-ci il tarixdən qüvvəyə minən müddəalarına əsasən riskli vergi ödəyicilərinə münasibətdə bir sıra məhdudiyyətlər tətbiq olunur. Belə ki, Vergi Məcəlləsinin 13.2.82-ci maddəsin əsasən riskli vergi ödəyicisi – müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi meyarlara cavab verən, o cümlədən əmtəəsiz və (və ya) riskli əməliyyatlar aparan şəxsdir. Vergi ödəyicisinin riskli vergi ödəyicisi olması, habelə riskli vergi ödəyiciləri siyahısından çıxarılması barədə qərar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən qəbul edilir. Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların meyarları Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 iyul tarixli, 265 nömrəli Qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları” ilə müəyyən edilir və həmin qərar 29.07.2020-ci il tarixdən qüvvəyə minmişdir. Qeyd olunanlara əsasən vergi ödəyicilərinin, habelə onların apardıqları əməliyyatların riskli hesab edilməsi yuxarıda adıçəkilən qərar qüvvəyə mindikdən sonra aparılan əməliyyatlara münasibətdə tətbiq edilir. Yuxarıda qeyd olunanlar Vergi Məcəlləsinin 13-cü maddəsi və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 iyul tarixli 265 nömrəli Qərarı ilə tənzimlənir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, 04.01.2019-cu il və 09.08.2019cu il tarix aralığında "xxxx" MMC tərəfindən cari hesabdan cəmi 4.8 min manat ƏDV məbləği, hesabdan isə cəmi 271.8 min manat ƏDV məbləği əmtəəsiz və riskli əməliyyatlar aparan 12 (on iki) sayda riskli vergi ödəyicisinin ƏDV depozit hesablarına köçürüldüyü əməliyyatlara görə "xxxx" MMC 22.08.2019-cu il tarixdə riskli vergi ödəyiciləri siyahısına daxil edilmişdir. İddiaçının riskli və əmtəəsiz əməliyyatların könüllü şəkildə aradan qaldırılması barədə müraciətlərinə əsasən riski vergi ödəyiciləri siyahısından çıxarılma üçün vergi ödəyicisi tərəfindən ƏDV-nin sub hesabından riskli vergi ödəyicilərinə köçürülmüş 276.5 min manat məbləğin ƏDV bəyannaməsində hesablama yolu ilə bərpa etməyinə, şəxsi hesab vərəqəsində yaranacaq 850.0 min manat borcun hər ay 283.7 min manat olmaqla 3 ay ərzində ödəməyə (ƏDVDH-na daxil olmuş məbləğin 100 %-i, cari hesaba daxil olmuş məbləğin isə 50 % həcmində) zəmanət vermişdir. Müəssisə tərəfindən riskli vergi ödəyicilərinə köçürülmüş 276.5 min manat vəsaitin 2019-cu ilin sentyabr ayı üzrə təqdim edilmiş ƏDV bəyannaməsinə bərpa edilməsi təmin edilmiş və nəticədə "xxxx" MMC riskli vergi ödəyiciləri siyahısından çıxarılmışdır. Lakin, sonradan vergi ödəyici tərəfindən 2019-cu ilin yanvar-avqust hesabat dövrü üzrə dəqiqləşdirilmiş ƏDV bəyannamələri təqdim edilməklə cəmi 213.0 min manat ƏDV məbləği əvəzləşdirilmədən çıxarılmış, nəticədə bərpa edilmiş 276.5 min manat vəsaitin 108.0 min manat hissəsi azaldılmışdır. Qeyd olunanlara əsasən vergi ödəyicisi 19.03.2020-ci il tarixdə yenidən riskli vergi ödəyiciləri siyahısına daxil edilmişdir. Göründüyü kimi, iddiaçı 2019-cu il üzrə apardığı əməliyyatlara görə, cavabdeh orqan tərəfindən Vergi Məcəlləsinin 13.2.82-ci maddəsi və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 iyul tarixli 265 nömrəli Qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları” əsas götürülərək, riskli vergi ödəyicisi hesab edilmişdir. Halbuki, “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarlarının təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 iyul tarixli 265 nömrəli Qərarı 29.07.2020-ci il tarixdən qüvvəyə mindiyindən, sözügedən qərara əsasən vergi ödəyicilərinin, habelə onların apardıqları əməliyyatların riskli hesab edilməsi qərar qüvvəyə mindikdən sonra aparılan əməliyyatlara münasibətdə tətbiq edilməlidir. Cavabdeh sözügedən xüsusatı özü iddiaçıya göndərdiyi 30.07.2021ci il tarixli “Vergi qanunvericiliyinə dair müraciətə baxılması haqqında” məktubunda da, bir daha təsdiq etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ bəndinə əsasən fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. Cavabdeh tərəfindən isə qanunvericiliyin normaları kobud surətdə pozularaq, 29.07.2020-ci il tarixdən etibarən qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarında göstərilən meyarlar əvvəlki dövrə (2019-cu il) şamil edilərək, iddiaçı riskli vergi ödəyicisi hesab edilmişdir. Digər tərəfdən məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 13.2.82-ci maddəsinə əsasən vergi ödəyicisinin riskli vergi ödəyicisi olması, habelə riskli vergi ödəyiciləri siyahısından çıxarılması barədə qərar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən qəbul edilir. Lakin, iş materiallarında cavabdeh tərəfindən belə bir qərarın qəbul edilməsi müəyyən edilmir (cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş etiraz ərizəsinin məzmunundan da, belə bir qərarının mövcudluğu müəyyən edilmir). Halbuki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 52-ci maddəsinin müddəalarına əsasən – 52.1. səlahiyyətli inzibati orqanda ərizənin və ya müraciətin qeydiyyata alındığı vaxtdan ən geci 30 gün müddətində həmin inzibati orqan inzibati aktın qəbul edilməsi və ya onun qəbul edilməsindən imtina olunması haqqında qərar qəbul edir. 52.2. Azərbaycan Respublikasının müvafiq qanunları ilə bu Qanunun 52.1- ci maddəsində nəzərdə tutulmuş müddətdən az və ya çox müddət müəyyən oluna bilər. 52.3. İnzibati icraat üzrə əhəmiyyət kəsb edən halların müəyyən olunması üçün bu Qanunun 52.1-ci maddəsində nəzərdə tutulmuş müddətdən daha artıq müddət tələb olunduğu hallarda, inzibati icraatın müddəti inzibati orqan tərəfindən hər dəfə 30 gün olmaqla iki dəfə uzadıla bilər. İnzibati orqan tərəfindən müddətin uzadılması barədə maraqlı şəxsə məlumat verilir. 52.4. Bu Qanunun 52.3-cü maddəsində nəzərdə tutulmuş hallarda müddətin uzadılmasına səbəb olan hallar inzibati orqan tərəfindən inzibati aktda əsaslandırılmalıdır. 52.5. İnzibati aktın qəbul edilməsi də daxil olmaqla hər bir halda inzibati icraatın ümumi müddəti 90 gündən çox ola bilməz. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, cavabdeh inzibati orqan tərəfindən aparılmış inzibati icraat zamanı “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun müvafiq tələblərinə riayət edilməmiş, qanunvericiliyin digər normaları işin faktiki hallarına düzgün tətbiq edilməmiş, bununla da, işin faktiki və hüquqi hallarına düzgün qiymət verilməmişdir. Bu səbəbdən də, iddia tələbi əsaslı hesab edilməklə təmin edilməlidir. Əsas insan və vətəndaş hüquq və azadlıqları sırasında olan və Konstitusiyada təsbit edilmiş digər hüquqların təminatı kimi çıxış edən hüquq və azadlıqların inzibati və məhkəmə təminatı Konstitusiyanın 60-cı maddəsində təsbit olunmuşdur. Həmin maddənin İ hissəsinə müvafiq olaraq, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə, məhkəmə müdafiəsi hüququ yalnız məhkəməyə müraciətlə məhdudlaşmır, habelə pozulmuş hüquqları və azadlıqları səmərəli bərpa etmək iqtidarında olan ədalət mühakiməsini də nəzərdə tutur. Ədalət mühakiməsi mahiyyət etibarı ilə ədalət anlayışına cavab verməli və pozulmuş hüquqların bərpa olunmasını təmin etməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68, 69, 70, 75, 81, 85-ci maddələrinə əsasən, məhkəmə QƏRARA ALDİ: İddia tələbi təmin edilsin. "xxxx" MMC-nin riskli vergi ödəyicilərinin siyahısından çıxarılması öhdəliyi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apelyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aygün Abdullayeva
Məhkəmə qərarları › İş №2-1(112)-5769/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-5769/2021
26.10.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver