Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-5769/2022 04.10.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, məhkəmə iclas katibi Quliyeva Rəşidə Paşa qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının nümayəndəsi X2 iştirakları ilə, iddiaçı- İddiaçı cavabdeh-Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə əmək pensiyasının bərpa olunması” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq şifahi məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına (bundan sonra mətndə DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona xx.xx.2019-cu il tarixindən, 57 yaşı tamam olduğu gündən, əvvəlki dövrdə qüvvədə olan qanunvericiliklə nəzərdə tutulmuş qaydada “güzəştli şərtlərlə əmək pensiyasının” təyin edilməsi və yaranacaq fərqin təyin edilmiş pensiya məbləği həcmində aylıq pensiya məbləğinin üzərinə gəlməklə ödənilməsi öhdəliyinin cavabdehə həvalə olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. Sonradan iddiaçının nümayəndəsi və vəkili məhkəməyə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 54-cü maddəsinə əsasən iddianın dəyişdirilməsinə (tələbin dəqiqləşdirilməsi) dair ərizə təqdim edərək, İddiaçı xx.xx.2014-cü il tarixindən təyin edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası”nın bərpa edilməsi və ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçının nümayəndəsi və vəkili məhkəməyə yenidən İPM-nin 54-cü maddəsinə əsasən iddianın dəyişdirilməsinə (tələbin dəqiqləşdirilməsi) dair ərizə təqdim edərək, iddiaçıya xx.xx.2014-cü il tarixindən təyin edilmiş “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının” xx.xx.2020-ci il tarixindən bərpa edilməsi və ödənilməsi öhdəliyinin cavabdeh DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İddiaçı xx.xx.1962-cı ildə Bakı şəhərində doğulmuşdur. Əmək fəaliyyətinə 1979-cu ildə başlamışdır. Əmək fəaliyyəti əsasən əl ilə zərərli peşələr olmuşdur. O, hal-hazırda işləmir. Güzəştli şərtlərlə əmək pesniyasının təyin edilməsi üçün cavabdehə xx.xx.2021-ci il tarixində rəsmi ərizə ilə müraciət edilmiş və cavabdeh pensiya təyin edilməsindən imtina etmişdir. Cavabdeh Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 saylı qərarı ilə təsdiq edilmiş, güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsal üzrə peşələrin vəzifələrin və göstəricilərin siyahısının Toxuculuq istehsalat bölməsinin (32) toxucular bölməsində metal və sintetik tor toxuyan toxucuların nəzərdə tutulduğunu, xx.xx.1979-xx.xx.1995-ci illər ərzində əmək kitabçasında toxucu işləməsini, lakin təqdim edilən sənədlərdə onun metal və sintetik tor toxuyan toxuculara aid olub-olmamasının müəyyən olunmasının mümkün olmamasını əsas gətirmişdir. Hesab edir ki, cavabdehin imtinası əsassızdır. Ona 52 yaşı tamam olduğu xx.xx.2014-cü ildə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmiş və həmin pensiya məbləğini o, 4-5 il ərzində almışdır. Sonradan əlillik qazanmışdır və ölmüş ərinin pensiyasına keçirilmişdir. Əlillik dərəcəsi ləğv edilmiş və hazırki günə qədər təyinat aparılmamışdır. İPM-nin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və həmin Məcəllənin 47-ci maddəsinə uyğun olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdehə təqdim edilmiş və cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdeh DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının məhkəməyə təqdim olunmuş iddia tələbinə dair **********5 №-li 18 avqust 2022-ci il tarixli yazılı münasibətində (etiraz) göstərilmişdir ki, "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) qadınlar 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda, bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə görə yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlər Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş siyahı üzrə müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısının Toxuculuq istehsalatı bölməsinin (32) toxucular bəndində metal və sintetik tor toxuyan toxucular nəzərdə tutulmuşdur. İddiaçının Mərkəzi Filiala təqdim etdiyi 30 noyabr 1979-cu il tarixli MT-İ ******* nömrəli əmək kitabçasında xx.xx.1979-xx.xx.1995-ci il tarixləri arasındakı dövr ərzində toxucu işlədiyi qeyd edilmişdir. Lakin təqdim etdiyi sənədlərə əsasən işlədiyi vəzifənin yuxarıda Siyahıda qeyd olunan metal və sintetik tor toxuyan toxuculara aid olub-olmamasını müəyyən etmək mümkün olmamışdır. Qeyd olunanları nəzərə alaraq, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. İddiaçıya 12 yanvar 2014-cü il tarixdən Suraxanı rayon şöbəsi tərəfindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Sonradan iddiaçının müraciəti əsasında pensiya növü dəyşdirilərək 01 fevral 2018-ci il tarixdən DSMF-nin Suraxanı rayon şöbəsi tərəfindən əlil kimi ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilmişdir. Daha sonra Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən iddiaçıya təyin edilmiş əllilk etibarsız sayıldığından, ona təyin edilmiş əmək pensiyası 07 oktyabr 2020-ci il tarixdən dayandırılmışdır. Hazırda isə iddiaçı yenidən pensiya növünün dəyşdirilərək ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsini xahiş edir. “Əmək pensiyaları haqqında" Qanuna əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarının 6.1 -ci bəndinə görə əmək pensiyaçısının yaşa görə əmək pensiyası növündən əlilliyə görə əmək pensiyası növünə keçirilmə istisna olmaqla, əmək pensiyasının bir növündən başqa növünə keçmək hüququ vardır. Əmək pensiyasının bir növündən başqa bir növünə keçirilmə Qanunun 34-cü maddəsinə uyğun olaraq aparılır. Həmin Qaydaların 6.2-ci bəndində qeyd edilir ki, pensiyanın bir növündən digər növünə keçdikdə yeni növ pensiya növbəti ayın 1-dən ödənilir. Hazırkı mübahisə üzrə iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün onun “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən 20 il sığorta stajına, bu müddətin yuxarıda qeyd olunan siyahı üzrə 10 il güzəştli iş stajına malik olmalıdır. Lakin yuxarıda qeyd olunduğu kimi iddiaçının güzəştli iş stajını müəyyən etmək mümkün olmadığından ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili iddianı müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh DSMF Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialının nümayəndəsi etiraza uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunmaması barədə qərar çıxarılmasını xahiş etdi. İPM-nin 2.2.3-cü maddəsinə görə inzibati oran tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddiaya) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İddia mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İş materiallarında olan: iddiaçıya məxsus AZE seriyalı ******** №-li şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx.xx.1962-ci ildə doğulmuş İddiaçı ünvan 1 ünvanında qeydiyyatdadır. xx.xx.1986-cı ildə verilmiş İİİ-ЖГ seriyalı 457353 №-li nikahın bağlanması haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X1 ilə İddiaçı 27 avqust 1986-cı ildə nikaha daxil olmuşlar. Bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 1986-cı il avqustun 27-ci günündə 447 № ilə qeyd olunmuşdur. Nikah bağlandıqdan sonra ərə Hüseynov, arvada Hüseynova soyadı verilmişdir. 4 saylı Bakı “ASAN xidmət” mərkəzi tərəfindən xx.xx.2016-cı ildə verilmiş AZ-İ seriyalı 829286 №-li ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X1 xx.xx.2016-cı ildə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 2016-cı ilin 08 ayının 04 günündə 1257 № ilə qeyd edilmişdir. xx.xx.1979-cu ildə doldurulmuş ИТ-İ seriyalı ******* №-li əmək ktabçasının notarial qaydada (tərcümə) təsdiq olunmuş surətindən görünür ki, Əliyeva (Hüseynova) Natiqə Aqasəf qızı xx.xx.1979-cu ildə Azərbaycan SSR Yüngül Sənaye Nazirliyinin Bül-Bülə qəsəbəsindəki Toxuculuq Fabrikində toxucu şagirdi vəzifəsinə təyin olunmuşdur (Əmr № 164, xx.xx.1979-cu il); xx.xx.1980-cı ildə 3-cü dərəcəli sarıcı şagirdi vəzifəsinə keçirilmişdir (Əmr № 20, xx.xx.1980-ci il); xx.xx.1983-cü ildə 3-cü dərəcəli toxucu vəzifəsinə keçirilmişdir (Əmr № 85, xx.xx.1983-cü il); xx.xx.1995-ci ildə işdən azad olunmuşdur (Əmr № 104); xx.xx.2007-ci ildə "xxxx" ASC-də Yeməkxanada 3-cü dərəcəli aşpaz vəzifəsinə qəbul edilmişdir (Əmr 109 –k, xx.xx.2007-ci il); xx.xx.2009-cu ildə işdən azad olunmuşdur (Əmr № 809, xx.xx.2009-cu il); xx.xx.2009-cu ildə "xxxx" MMC-də 2 saylı yeməkxanaya 3cü dərəcəli aşpaz vəzifəsinə qəbul edilmişdir (Əmr № 8002, xx.xx.2009-cu il); xx.xx.2017ci ildə işdən azad olunmuşdur (Əmr № 8941, xx.xx.2017-ci il). “Bakı-Toxucu” ATSC (VÖEN: **********1) tərəfindən verilmiş arayışdan müəyyən olunur ki, Əmlak Komitəsinin xx.xx.1997-ci il tarixli 2477 saylı əmrinə əsasən “Toxucu fabriki”nin adı dəyişdirilərək “Xalq üçün mallar” Azərbaycan Dövlət Konserni 30 aperl 1998-ci il tarixdən “Toxucu” ATSC adlandırılmışdır. xx.xx.2010-cu il tarixdən Azərbaycan Respublikası Vergilər Nazirliyinin ********** saylı arayışına əsasən “Bakı-Toxucu” ATSC kimi qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının 20 aprel 2022-ci il tarixli məktubu ilə məhkəməyə təqdim olunmuş İddiaçı aid pensiya işinin materiallarından görünür ki; - DSMF Suraxanı rayon (şəhər) şöbəsinin xx.xx.2014-cü il tarixli 523 №-li qərarı ilə İddiaçı Aqasət qızına 12 yanvar 2014-cü il tarixdən ömürlük güzəştli şərtlərlə yaşa görə 141,04 manat məbləğində əmək pensiya təyin olunmuşdur. - DSMF-nin Suraxanı rayon şöbəsinin xx.xx.2018-ci il tarixli, 155 №-li qərarı ilə İddiaçı xx.xx.2018-ci il tarixdən ailə başçısını itirməyə görə ömürlük 716,03 manat pensiya təyin olunmuşdur. İddiaçının hazırkı tələblə bağlı xx.xx.2021-ci il tarixdə ərizə ilə cavabdeh inzibati orqana etdiyi müraciətə cavab olaraq, sonuncu tərəfindən verilmiş, **********0 №li xx.xx.2021-ci il tarixli cavab bildirişində göstərilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) qadınlar 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda, bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci madddəsinə görə yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlər Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş siyahı üzrə müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın Toxuculuq istehsalatı bölməsinin (32) toxucular bəndində metal və sintetik tor toxuyan toxucular nəzərdə tutulmuşdur. Mərkəzi Filiala təqdim edilmiş 30 noyabr 1979-cu il tarixli İT-İ ******* nömrəli əmək kitabçasında xx.xx.1979-xx.xx.1995-ci il tarixləri arasındakı dövr ərzində toxucu işlədiyi qeyd edilmişdir. Lakin təqdim etdiyi sənədlərə əsasən işlədiyi vəzifənin yuxarıda Siyahıda qeyd olunan metal və sintetik tor toxuyan toxuculara aid olub-olmamasını müəyyən etmək mümkün olmamışdır. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi 3 saylı Bakı DOST Mərkəzi tərəfindn verilmiş **********1 №-li, xx.xx.2022-ci il tarixli arayışda göstərilmişdir ki, İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron İnformasiya sisteminin “Pensiya” Altsisteminə əsasən Nazirliyin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun ailə başçısını itirməyə görə (ABİ) görə xx.xx.2020-ci il tarixinədək 908.95 (doqquz yüz səkkiz manat doxsan beş qəpik) manat məbləğində əmək pensiyası almışdır: Hüququn yaranma tarixi xx.xx.2014-cü il. Pensiyanın dayandırılma tarixi xx.xx.2020-ci il. Məhkəmənin müvafiq (“Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” üzrə güzəştli şərtlərlə pensiya hüququ verən peşələrlə (vəzifələrlə) uyğunluq təşkil edib-etməməsi barədə (kodlara istinad edilməklə) məlumatın təqdim edilməsi tələb olunur: Toxucu fabrikini toxucu şagirdi; toxucu; jakkard başlıqlı ATS-120, ATS-175 mexaniki dəzgahlarına xidmət göstərən. İşçilərin iş və peşə üzrə tarif-ixtisas sorğu kitabçasına əsasən bu dəzgahlardakı işin xarakeristikası: Dəzgahların işə salınması və dayandırılması. Dəzgah mexanizmlərinin düzgün işləməsinə nəzarət, ərişdən qırılmış sapların yenidən toxunması və lamelin, remizin, berdonun şəkil, ayrım üzrə işə salınması, arqıc qırılmalarının aradan qaldırılması, ərişin-gərilməsinin tənzimlənməsi. İşlənmiş parçanın sap qırıqlarından təmizlənməsi, lexaniki dəzgahlarda iş zamanı -məkikin doldurulması və dəyişdirilməsi. Müəyyən olunmuş məmulat hissələrinin və ya toplarının müəyyən olunmuş saym işlənməsi zamanı məmulatların parçaların kəsilməsi və əmtəə valının dəyişdirilməsi və ya parçanın bürmələnməsi. Zədəli hissəsinin emalı və kiçik kəsiklərin işlənməsi. Daxil olmuş ərişlərin və arqıcların keyfiyyətinin və yararlığının yoxlanması. Əsas sapların dolaşmasının aradan qaldırılması. Bitişmiş yerlərin düzəldilməsi. Ərişdən nöqsanların kənarlaşdırılması. Doldurulmadan (və ya bağlanma) sonra ərişlərin doldurulma keyfiyyətinin yoxlanılması. Nasazlıq aşkar olunan zaman ustanın köməkçisinin vaxtında xəbərdar edilməsi. Qırılmış valların, remizlərin bağlanması. Tullantıların yığılması və usta köməkçisinə təhvil verilməsi. Makaraların yığılması və onların daşıyıcıya təhvil verilməsi. Jakkard başlıqlı dəzgahlardaarkatların bağlanması, kartonun natamam dəmiri zamanı destilləsi.) sorğusuna cavab olaraq Azərbaycan Respublikası "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş 189 №-li, xx.xx.2022-ci il tarixli cavab məktubunda qeyd olunmuşdur ki, sorğuda qeyd edilmiş vəzifə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 saylı qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”ında Toxuculuq sənayesi 26, toxuculuq sənayesi 26.1, darama-toxuma avadanlığının operatorları bölməsinə aiddir. Göstərilmiş vəzifələrin xüsusiyyətləri aşağıdakı kimidir-toxucu dəzgahlarında parça istehsalı, əriş və arğac saplarının qırılmasının aradan qaldırılması kəsici mexanizmin bıçaqlarının dəyişdirilməsi, parçada qüsurların qarşısının alınması üçün proflaktik tədbirlərin görülməsi, toxunma raportunun bərpa edilməsi, parçanın sıxlığına, əriş və arğac saplarının keyfiyyətinə nəzarət, daraq cihazlarının kəsici mexanizminin və toxunan parçanın keyfiyyətinə nəzarət, düyünlənmiş və dəzgaha doldurulmuş əriş saplarının emal edilməsi, arğac babinlərinin doldurulması və dəyişdirilməsi, toxucu dəzgahının fasiləsinin işinin planlaşdırılması və xidmət maşınlarının seçilməsi və dəzgahların təmirdən sonra qəbul edilməsində iştirak etmək, avadanlıqları iş rejiminə uyğun olaraq iş yerini qaydaya salmaq. Məhkəmə hesab edir ki, iddia həmçinin əsaslıdır və cavabdehin imtinası qanunvericiliyin tələblərinə uyğun deyil. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İ hissəsində göstərilmişdir ki, hər kəsin sosial təminat hüququ vardır. Həmin maddənin İİİ hissəsində göstərilmişdir ki, hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. İddiaçının pensiya hüququnun yarandığı vaxt qüvvədə olmuş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən, axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: qadınlar - 52 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır; 9.8-ci maddəsinə əsasən, bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 6 mart 2006-cı il tarixli Fərmanının 2.2-ci bəndinə əsasən, həmin Qanunun 9.1-ci maddəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir. Azərbaycan Respublikası “Əmək pensiyaları haqqında” Qanuna əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanması Qaydaları”nın 2.1.8-ci bəndində göstərilir ki, Qanunun 9.8-ci maddəsinə əsasən Qanunun qüvvəyə mindiyi günədək 9-cu maddədə göstərilən işlərlə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə təyin olunur. “Əmək pensiyaları haqqında” Qanuna əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 3.2.6-cı bəndinə görə, sosial sığorta stajına güzəştlə daxil edilən dövrləri təsdiq edən sənədlər təqdim edilməlidir. Eyni zamanda, həmin Qaydalara 2 nömrəli Əlavədə (2.4.1-ci bənd) göstərilir ki, müraciət edən şəxs “Əmək pensiyaları haqqında” Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışını təqdim etməlidir. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “b” bəndinə əsasən əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər-istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: qadınlar- 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdirlər. ““Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının xx.xx.1997-ci il tarixli 321-İQD nömrəli Qanununun 1-ci maddəsi ilə “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 12, 13, 15, 16, 19, 35, 40, 53-cü maddələrində və 90-cı maddənin üçüncü, dördüncü, beşinci abzaslarında nəzərdə tutulmuş yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1-dək hər il altı ay artırılmışdır. Qanunun İ bölməsinin 1, 3, 7, 15, 17, 21 və 23-cü maddələri 1 avqust 1997-ci ildən, qalan maddələri isə 1 avqust 1998-ci ildən qüvvəyə minmişdir. Göründüyü kimi, 52 yaşına çatmış qadınlar azı 20 il ümumi iş stajına malik olduqda, onun isə 10 ilini əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmışdırlarsa, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnu əldə edirlər. İş materiallarından göründüyü kimi, iddiaçıya xx.xx.2014-cü il tarixdə DSMF Suraxanı rayon şöbəsi tərəfindən 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmiş, xx.xx.2018-ci il tarixdən ailə başçısını itirməyə görə ömürlük əmək pensiyası təyin olunmuş, ona təyin olunmuş ailə başçısını itirməyə əmək pensiyasının ödənilməsi xx.xx.2020-ci il tarixdən dayandırılmışdır. Hazırda iddiaçı ona xx.xx.2014-cü il tarixindən təyin edilmiş “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının” xx.xx.2020-ci il tarixindən bərpa edilərək, ödənilməsini xahiş edir. İddiaçının qanunla tələb olunan 20 il ümumi iş stajına malik olması iş materialları ilə sübuta yetirilməklə, işin mübahisələndirilməyən hallarındandır. İddiaçının əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışması ilə əlaqədar isə məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-cü il tarixli 12 №li Qərarı ilə “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” təsdiq edilmişdir. Siyahıda iddiaçının xx.xx.1979-xx.xx.1995-ci illər işlədiyi peşələr nəzərdə tutulmuşdur: 26-cı bölməsində Yüngül sənaye; 26.1 Toxuculuq sənayesi; ümumi peşələr-fəhlələr: a) darama-toxuma avadanlığının operatorları. Göründüyü kimi, iddiaçı 20 ildən çox ümumi əmək stajı ilə bərabər 10 ildən çox əmək şəraiti zərərli işlərdə işləmiş lakin cavabdeh orqan iddiaçıya əsassız olaraq pensiyasının bərpa olunmasından imtina etmişdir. Azərbaycan Respublikası “Əmək pensiyaları haqqında” Qanununun (01 iyul 2017-ci ilədək olan redaksiyası) 31.1-ci maddəsinə görə əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən heç bir müddət məhdudiyyəti olmadan istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. Həmin Qanunun 32.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında əmək pensiyasının yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmayaraq ömürlük təyin edilir. Həmin Qanunun 37.7-ci maddəsinə əsasən keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği müddətindən asılı olmayaraq ödənilir. “Əmək pensiyaları haqqında” Qanunun əmək pensiyasının təyin edilməsi müddətlərindən bəhs edən 32.1-1-ci maddəsinə görə əmək pensiyaları onu almaq hüququ yarandığı gündən lakin, bu qanun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət etdilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyən edilmiş müddətlərə təyin olunur. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının həmin qərardadında ifadə olunmuş mövqeyə görə, keçmiş dövr üçün alınmamış pensiyaların konkret müddətlə (3 illə) məhdudlaşdırılması hüquqi müəyyənlik və sabitliyin təmin edilməsi baxımından da ümumən hüquqda qəbul edilmiş yanaşmaya uyğun hesab olunmalıdır. Belə ki, müddətlər (qanunvericinin dairəsini konkret müəyyən etdiyi iddia müddətlərinin şamil edilmədiyi münasibətlər istisna olmaqla) hüquq münasibətləri iştirakçılarını intizamlandırmaqla, onlardan qeyri-müəyyən istənilən dövr ərzində deyil, konkret müddətlər daxilində hüquqlarını həyata keçirmək üçün real hərəkətlər etmələrini tələb edir. Hazırda qüvvədə olan məhkəmə praktikasına görə hər bir vətəndaşın sosial təminat sahəsindəki olan hüquqlarının bərabərlik prinsipinin təmin edilməsi üçün əmək pensiyaçılarının pensiya hüququnun yaranma tarixindən asılı olmayaraq, ödənilməmiş pensiya məbləğinin yalnız müraciət olunan tarixdən geriyə 3 il ərzində ödənilməsi mümkün sayılır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun bəzi müddəalarının tətbiqi ilə bağlı R.Hacıyevin və R.Axundovun şikayətləri üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 20 noyabr 2020-ci il və 14 oktyabr 2020-ci il tarixli qərarlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 23 sentyabr 2021-ci il tarixli qərarında göstərilmişdir ki, həmçinin qeyd edilməlidir ki, Ali Məhkəmənin İnzibati Kollegiyası adıçəkilən qərardadında “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsi ilə bağlı göstərmişdir ki, yeni tənzimləmələri nəzərdə tutan qanun 2017-ci il 10 mart tarixində qəbul edilmiş, 2017-ci il may ayının 3-də mətbuatda dərc edilmiş, 2017-ci il 1 iyul tarixindən etibarən isə qüvvəyə minmişdir. Yəni faktiki keçid dövrü nəzərdə tutan yeni tənzimləmələr hüququ əvvəlki normalar əsasında yaranmış şəxslərin hüquqlarının həyata keçirilməsini təmin etmək üçün real vaxt və imkanlar nəzərdə tutmuşdur. Bu kateqoriya şəxslər qanunun qüvvəyə mindiyi günədək müraciət etməklə özlərinin hüquqlarının əvvəlki normanın müəyyən etdiyi qaydada həyata keçirilməsinə nail ola bilərdilər. Məhz buna görə də, Kollegiya hesab etmişdir ki, yeni tənzimləmələrin əmək pensiyaçılarının hüquqlarına təsirini minimuma endirmək üçün faktiki imkan və işlək mexanizmlər mövcud olmuşdur. Bunu nəzərə alaraq Ali Məhkəmənin İnzibati Kollegiyası belə nəticəyə gəlmişdir ki, “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsinin birinci cümləsində nəzərdə tutulan “müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə” müddəası pensiya hüququ 2017-ci il 1 iyul tarixinədək yaranmış, lakin əmək pensiyasının təyin edilməsi və ya yenidən hesablanması üçün inzibati orqana həmin tarixdən sonra müraciət etmiş şəxslərə münasibətdə də tətbiq edilməlidir. Konstitusiya Məhkəməsinin Plenumu bununla bağlı qeyd etməyi zəruri hesab edir ki, göstərilən nəticəyə gələrkən Ali Məhkəmənin İnzibati Kollegiyası tərəfindən müddətin ötürülməsinin bəzi hallarda şəxsin iradəsindən asılı olmayaraq baş verə biləcəyinin mümkünlüyü nəzərə alınmamışdır. Odur ki, müvafiq işlərə baxan məhkəmələr həmin maddənin qüvvəyə minməsindən əvvəl pensiya hüququnu əldə etmiş şəxsin pensiyanın təyin edilməsi üçün 2017-ci il 1 iyul tarixinədək aidiyyəti inzibati orqanlara müraciət etməməsinin səbəblərini (belə müraciətin göstərilən tarixədək təqdim edilməməsinin şəxsin səhhəti ilə və yaxud onun iradəsindən asılı olmayan digər obyektiv və üzrlü səbəblərlə bağlı olmasını) əks etdirən sübutları tam və ətraflı araşdırmalı, onlara əsaslı hüquqi qiymət verməli, Konstitusiya və qanunların tələblərinə uyğun olan qərar qəbul etməlidirlər. İddiaçının hazırki tələblə bağlı müraciətinə cavab olaraq DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli məktubdan müəyyən olunur ki, iddiaçı hazırki tələblə inzibati orqana 10 avqust 2021-ci il tarixdə müraciət etmişdir. Qanunvericliyin yuxarıda qeyd olunan tələblərinə əsasən məhkəmə hesab edir ki, iddiaçıya təyin olunacaq pensiya xx.xx.2020-ci il tarixindən hesablanıb ona ödənilməlidir. Beləliklə, məhkəmə araşdırması ilə sabit olmuşdur ki, ilkin sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi iddiaçının ona güzəştli şərtlərlə pensiya təyin edilməsi ilə bağlı arzuladığı inzibati aktın cavabdeh tərəfindən qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilir, bu inzibati aktın cavabdeh tərəfindən qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğu iş materialları ilə təsdiq olunmur (AR İPM 14.3); “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu ilə cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmamış, cavabdehin imtinası qanunauyğun olmamış və iddiaçının qanunla qorunan hüquqlarını pozmuşdur (AR İPM-73.1), imtina cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmamışdır (“İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsi). Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, İddiaçı xx.xx.2014-cü il tarixindən təyin edilmiş “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının” xx.xx.2020-ci il tarixindən bərpa edilməsi və ödənilməsi öhdəliyi cavabdeh DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı xx.xx.2014-cü il tarixindən təyin edilmiş “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının” xx.xx.2020-ci il tarixindən bərpa edilməsi və ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər. Hakim Nəriman Abıyev
Məhkəmə qərarları › İş №2-1(112)-5769/2022
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-5769/2022
04.10.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver