Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-5770/2021 30.08.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasına qarşı “şəhadətnamədə dəyişiklik edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasına qarşı “ şəhadətnamədə dəyişiklik edilməsi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı xidmətinin beşinci ayında növbədə olan zaman yüksək qızdırma ilə hospitala aparılmış, ona qızılca diaqnozu qoyulmuşdur. Daha sonra ayaqlarında qüvvətsizlik, zəiflik əmələ gəlmişdir. Qızılcadan sonrakı mielitlə ağırlaşma diaqnozu ilə müalicə almış, lakin müalicənin effekti olmamışdır. Türkiyəyə müalicə üçün göndərilmiş, orada əməliyyat olunmuş, daha sonra hərbi xidmətdən təxris olunmuşdur. Hal-hazırda birinci qrup əlilldir və əlil oturacağında həyatına davam edir. İddiaçı hesab edir ki, cavabdeh tərəfindən verilmiş şəhadətnamədə “xəstəlik hərbi xidmət dövründə alınmışdır” hissəsində dəyişiklik edilməli və “hərbi travmadır, hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən alınmışdır kimi qeyd edilməli idi. Belə ki, iddiaçı xəstəliyini xidməti vəzifəsini icra edən zaman tapmışdır. Cavabdehin təqdim etdiyi etirazdan görünür ki, cavabdeh hesab edir ki, şəhadətnamədə “xəstəlikdir, hərbi xidmət dövründə alınmışdır qeydi düzgündür. Belə ki, iddiaçının travma haqqında arayış komissiyaya təqdim edilməmişdir. Ümumiyyətlə iddiaçıya qoyulan diaqnoz travma nəticəsində əmələ gələn xəstəlik hesab edilmir. İddiaçı eyni zamanda iddia müddətinin ötürülməsi əsası ilə iddianın mümkünlüyü ilə bağlı şərtin yerinə yetirilmədiyinə istinad etmiş, iddianın mübahisələndirmə növündə iddia olduğunu, 30 günlük mübahisələndirmə müddətinin nəzərə alınmasını, 15 ildən artıq iddia müddətinin ötürüldüyünün nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. Məhkəmə, həmçinin iddianın mümkünlük şərtləri ilə bağlı aşağıdakıların da qeyd edilməsini zəruri hesab etmişdir. AR İPM-nin: 2.2. İnzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.1. şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) 32.1.Mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun: 2.0.2. inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddiaçı barəsində verilmiş xəstəlik haqqında 18 aprel 2005-ci il tarixli xəstəlik haqqında şəhadətnaməsi (şəhadətnamənin nəticə hissəsi ilə də aydın olur ki) Mərkəzi Hərbi Həkim Komissiyası, yəni inzibati orqan tərəfindən qəbul edilən, publik hüquq sahəsinə aid olan konkret məsələni həll etmək məqsədi daşıyan və iddiaçı barəsində hüquqi nəticə yaradan qərar, yəni inzibati aktdır. İddiaçı da həmin inzibati aktda müvafiq dəyişikliyin edilməsini tələb edir ki, İPM-nin yuxarıda qeyd olunan müddəalarından da göründüyü inzibati aktın ləğvi ilə yanaşı, inzibati aktda, indiki halda Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən qəbul edilmiş qərarda dəyişiklik edilməsi də mübahisələndirmə növündə iddiadır. Həmin iddia üçün xüsusi mümkünlük şərtlərindən biri də cavabdehin etirazında qeyd olunduğu kimi iddia müddəti ilə bağlıdır. İPM-nin 38.1-ci maddəsindən də göründüyü kimi 38.1. Mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində müddətində qaldırıla bilər. Göründüyü kimi inzibati aktın təqdim və ya elan olunduğu vaxtdan 30 günlük müddətin keçməsi iddia müddətinin ötürülməsi hesab edilir ki, məhkəmə inzibati aktın təqdim edilmə və ya elan edilmə ilə vaxtı ilə bağlı araşdırma aparmış, müvafiq sorğular vermiş, lakin inzibati aktın təqdim edilmə və ya elan edilmə vaxtının müəyyən edilməsi barədə cavabdeh tərəfindən sübutun təqdim edilməsi mümkün olmamışdır. İddiaçının nümayəndəsi isə şəhadətnamənin yenicə əldə etdiklərini, qərar qəbul edilərkən qeyd barədə məlumatının olmadıqlarını bildirmiş, rəsmi qaydada qərarın onlara təqdim və ya elan edilmədiyini qeyd etmişdir. İş materiallarında olan cavabdehin sorğuya cavab məktubunda şəhadətnamənin bir nüsxəsinin iddiaçıya təqdim edildiyi qeyd edilsə də, onun təqdim edilməsi barədə heç bir təsdiqedici sübut (qəbz, bildiriş və s) təqdim edilməmiş, Baş Klinik Hospitalın rəhbərliyinə müraciət edilməsi məsləhət görülmüş, Baş Klinik Hospital tərəfindən məhkəmə sorğusuna əsasən təqdim edilmiş cavab məktubunda isə iddiaçının diaqnozu, müalicə aldığı müəssisə ilə bağlı məlumatlar verilmiş, iddia müddətinin ötürülüb-ötürülməməsi barədə məlumat qeyd edilməmişdir. Göründüyü kimi iddia müddətinin ötürülməsi, yəni iddia müddətinin ümumiyyətlə nə vaxt başlaması ilə bağlı cavabdeh sübut təqdim etmədiyindən, iddiaçı tərəf isə akt barədə məlumatlı olduqları vaxtdan iddia ilə məhkəməyə müraciət etdiyini bildirdiyindən, əlavə araşdırma zamanı da iddia müddətinin nə vaxtdan başlaması barədə məhkəməyə məlumat təqdim edilmədiyindən, məhkəmə protokol qaydasında qəbul edilmiş məhkəmə qərardadı iddia müddətini ümumiyyətlə ötürülməmiş hesab edilmişdir. İPM-nin : 22.1. Bu Məcəllə ilə başqa qayda nəzərdə tutulmamışdırsa, müddətin axımı təqdim edilmə anından, təqdim edilmənin bu Məcəllə ilə məcburi hesab olunmadığı hallarda isə, elan edilmə anından başlanır. 24.1. Bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. Qanunvericiliyin tələbindən də göründüyü kimi hazırkı iş üzrə iddia müddətinin bərpası anlayışından istifadə edilməsi yol verilməzdir. Belə ki, müddətin bərpası o zaman həyata keçirilən prosessual hərəkət hesab edilir ki, müddətin axımı başlanılmış, müddət buraxılmış olsun, müddətin buraxılması isə iddiaçının təqsiri olmadan baş vermiş hadisə ilə bağlı olmuş olsun. Hazırkı iş üzrə isə, ümumiyyətlə müddətin axımının başlanılması, yəni qərarın elan və ya təqdim edilməsi sübuta yetirilmədiyindən, müddətin ötürülməsindən, bərpa üçün əsasın yaranıb-yaranmamasının müəyyən edilməsindən söhbət gedə bilməz. Bu zaman qəbul edilmiş qərardad ayrıca akt şəklində çıxarılmasına lüzum oladan protokol qaydasında qəbul edilmiş müddətin ötürülməmiş hesab edilməsi ilə bağlı olmalıdır ki, məhkəmə də qeyd olunan halları nəzərə alaraq müddətin ümumiyyətlə ötürülmədiyi barədə nəticəyə gəlmiş, protokol qaydasında qəbul edilmiş məhkəmə qərardadı ilə də gəldiyini nəticəni təsdiq etmişdir. İddia tələbinin mahiyyəti ilə bağlı isə məhkəmə işin materiallarını araşdıraraq hesab edir ki, iddia rədd edilməlidir. Gəlinən nəticə ilə bağlı aşağıdakıların qeyd edilməsi zəruri hesab olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli, 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin: 1.2. Hərbi-həkim ekspertizası sülh və müharibə dövrlərində Azərbaycan Respublikasının Təhlükəsizlik Şurası katibinin xidmətində, Azərbaycan Ordusunda, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə (bundan sonra — digər qoşunlar), Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, və gömrük orqanlarında (bundan sonra — orqanlar) Azərbaycan Respublikası vətəndaşlarının (bundan sonra — vətəndaşlar) sağlamlıq vəziyyətlərinə görə hərbi xidmətə və orqanlarda xidmətə yararlılıq kateqoriyasını, habelə vətəndaşların aldıqları xəsarətlərin (yaralanmaların, travmaların, kontuziyaların), xəstəliklərin hərbi xidmətlə (hərbi toplanışla), orqanlarda xidmət keçməklə səbəb əlaqəsini (bundan sonra — xəsarətlərin, xəstəliklərin səbəb əlaqəsi) təyin etmək məqsədi ilə keçirilir. 1.3. Hərbi-həkim ekspertizasını və tibbi şəhadətləndirilməni (bundan sonra — şəhadətləndirilmə) keçirmək üçün Azərbaycan Respublikasının Silahlı Qüvvələrində, digər qoşunlarda və orqanlarda ştatlı və ştatdankənar hərbi-həkim komissiyaları (həkim-uçuş komissiyaları) yaradılır. 1.4. Hərbi-həkim komissiyalarına həvalə olunur: hərbi qulluqçuların; 1.5. Tibbi şəhadətləndirilmə dedikdə, hərbi xidmətə, ayrı-ayrı hərbi-uçot ixtisasları (ixtisaslar) üzrə təhsilə (xidmətə), orqanlarda xidmətə yararlılığın təyin edilməsi, bu Əsasnamədə nəzərdə tutulmuş digər məsələlərin yazılı qərar çıxarılmaqla həll edilməsi məqsədi ilə vətəndaşların şəhadətləndirilmə anında sağlamlıq vəziyyətinin və fiziki inkişafının öyrənilməsi və qiymətləndirilməsi başa düşülür. Hərbi xidmət dövründə xəsarət, xəstəlik almış hərbi qulluqçuların, hərbi toplanış, orqanlarda xidmət keçən vətəndaşların hərbi xidmətə yararlılıq kateqoriyasının müəyyən edilməsi üçün şəhadətləndirilməsi aydın həkim-ekspert nəticəsi olduqda keçirilir. Aydın həkim-ekspert nəticəsi dedikdə, şəhadətləndirilən şəxsin elə sağlamlıq vəziyyəti başa düşülür ki, müayinə və müalicənin nəticələri hərbi-həkim komissiyasına (həkim-uçuş komissiyasına) hərbi xidmətə (orqanlarda xidmətə) yararlılıq kateqoriyası haqqında qərar çıxarmağa əsas versin və müalicənin davam etdirilməsi bu yararlılıq kateqoriyasını dəyişməsin. Bu Əsasnamədə nəzərdə tutulmuş hallardan başqa, qiyabi (sənədlər üzrə) şəhadətləndirilmə qadağandır. 7.1. Hərbi qulluqçuların, orqanlarda xidmət keçən vətəndaşların, hərbi toplanışa çağırılmış vətəndaşların şəhadətləndirilməsi zamanı, onlara diaqnoz təyin edilmişdirsə, həmin şəxslərin istintaq altında olması və ya barələrindəki cinayət işinin məhkəməyə verilməsi halları istisna olunmaqla, hərbi-həkim komissiyası onların aldıqları xəsarətlərin, xəstəliklərin səbəb əlaqəsini təyin edir. 7.2. Hərbi-həkim komissiyası xəsarətlərin, xəstəliklərin səbəb əlaqəsi haqqında aşağıdakı qərarları çıxarır: c) «Hərbi travmadır, hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən alınmışdır»; ç) «Xəstəlikdir, xəsarətdir (yaralanmadır, travmadır, kontuziyadır), hərbi xidmət dövründə alınmışdır»; c) «Hərbi travmadır, hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən alınmışdır» qərarına aşağıdakılar aiddir: əgər şəhadətləndirilən şəxs xəsarəti «a» yarımbəndində göstərilən hallar istisna olmaqla, hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən almışsa; əgər şəhadətləndirilən şəxs xəsarəti, xəstəliyi radioaktiv maddələrin, ionlaşdırıcı şüa mənbələrinin, raket yanacağı komponentlərinin və digər yüksək toksiki maddələrin, kimyəvi silahlara aid olan toksiki kimyəvi preparatların, elektromaqnit sahələri və lazer şüalanması mənbələrinin, İ — İİ qrup patogenlikli mikroorqanizmlərin təsirinə məruz qalmaq nəticəsində almışsa; əgər şəhadətləndirilən şəxs müalicədə olduğu dövrdə virus hepatiti xəstəliyini, qazanılmış immunçatışmazlığı sindromunu və ya insanın immunçatışmazlığı virusu ilə yoluxmanı cərrahiyyə əməliyyatı (tibbi manipulyasiya) nəticəsində almışsa; tibbi heyətdən olan şəhadətləndirilən şəxs virus hepatiti xəstəliyini, qazanılmış immunçatışmazlığı sindromunu və ya insanın immunçatışmazlığı virusu ilə yoluxmanı hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən yaralanması nəticəsində almışsa; əgər şəhadətləndirilən şəxs xəsarəti, xəstəliyi hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən həşəratların, sürünənlərin dişləməsi və heyvan tərəfindən yetirilmiş bədən zədələnməsi nəticəsində almışsa; əgər şəhadətləndirilən şəxs vərəm əleyhinə ixtisaslaşdırılmış tibb müəssisələrində xidməti vəzifələrini yerinə yetirərkən vərəm xəstəliyinə tutulmuşsa. Göründüyü kimi Hərbi travmadır, hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən alınmışdır» qərarına aid olan halların dairəsi qanunvericiliklə konkret olaraq müəyyən edilmişdir. İşin faktiki hallarından da müəyyən edilir ki, iddiaçı şəhadətnamədə “xəstəlik hərbi xidmət dövründə alınmışdır” hissəsində dəyişiklik edilərək və “hərbi travmadır, hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən alınmışdır kimi qeyd edilməsini məhz onunla əsaslandırır ki, onda mövcud olan xəstəlik c yarımbəndinin təsir dairəsinə aiddir. Lakin məhkəmə hesab edir ki, şəhadətnamədə qeyd edilən iddiaçıda olan xəstəlik qanunvericiliklə konkret olaraq dairəsi müəyyən edilmiş hərbi travmadır, hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən alınmışdır» qərarına aid olan halların heç biri ilə uyğunluq təşkil etmir. Yarımbəndin tələblərindən də göründüyü kimi ikinci və üçüncü (üçüncü abzasa, həmçinin xəstəlik də aiddir) beşinci, abzaslarda nəzərdə tutulmuş hallar hərbi qulluqçunun xəsarəti ilə bağlı, digər hallar isə xəstəliklərlə bağlıdır. İddiaçı isə onda mövcud olan xəstəliyi xəsarətlə bağlı olan ikinci hissə ilə əlaqəndirərək xəstəliyin hərbi travma olduğunu və hərbi xidmət vəzifələrini yerinə yetirərkən alındığını iddia edir. Halbuki, xəstəlik və xəsarət arasında anlayış fərqinin nədən ibarət olması aydındır. Belə ki, xəsarət dedikdə (“Hərbi qulluqçuların statusu haqqında”, “Əhalinin sağlamlığının qorunması haqqında”, “Hərbi vəzifə və hərbi xidmət haqqında, “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında”,“Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin təsdiq edilməsi barədə”, “Azərbaycan Respublikası Silahlı Qüvvələri Qarnizon və qarovul xidmətləri nizamnaməsinin təsdiq edilməsi haqqında”, “Azərbaycan Respublikası Silahlı Qüvvələri Daxili xidmət nizamnaməsinin təsdiq edilməsi haqqında” Qanunları və s) yaralanma, travma, kontuziya başa düşülür. Xəstəlik dedikdə isə morfoloji, yaxud funksional dəyişiklik nəticəsində orqanizmin normal həyat fəaliyyətinin pozulması başa düşülür. Bu zaman xəstəliyin yaralanma, travma və kontuziya, başqa sözlə xəsarət nəticəsində meydana gəlməsi istisna edilməsə də, hər bir halda xəstəlik və xəsarət eynimənalı anlayışlar hesab edilmir. Məhkəmə hesab edir ki, iddiaçıda mövcud olan diaqnoz da nəzərdə tutulmuş xəstəlik hərbi xidmət vəzifələrinin icrası ilə bağlı xəsarət olmadığından, ümumiyyətlə xəsarət hesab edilmədiyindən şəhadətnamədə qeyd olunan formada dəyişikliyin edilməsindən söhbət gedə bilməz. Məhkəmə, həmçinin adıçəkilən Əsasnamənin 7.2-ci bəndinin ç) yarımbəndində «Xəstəlikdir, xəsarətdir (yaralanmadır, travmadır, kontuziyadır), hərbi xidmət dövründə alınmışdır” qərarına aid olan halların da sadalanması zəruri hesab edir. Yarımbəndə əsasən «Xəstəlikdir, xəsarətdir (yaralanmadır, travmadır, kontuziyadır), hərbi xidmət dövründə alınmışdır» qərarına aşağıdakılar aiddir: əgər xəstəlik şəhadətləndirilən şəxsin hərbi xidmət (hərbi toplanış) keçməsi, orqanlarda xidmət keçməsi dövründə yaranmışsa, yaxud şəhadətləndirilən şəxsin hərbi xidmətə (hərbi toplanışa) çağırılmasına və ya hərbi xidmətə, orqanlarda xidmətə könüllü daxil olmasına qədər yaranmış xəstəliyi hərbi xidmət (hərbi toplanış) və orqanlarda xidmət dövründə onun hərbi xidmətə, orqanlarda xidmətə yararlılıq kateqoriyasını dəyişən, o cümlədən, müvəqqəti yararsızlığına gətirib çıxaran dərəcəyə çatmışsa, habelə hərbi xidmətdən (orqanlarda xidmətdən) buraxıldıqdan, hərbi toplanış başa çatdıqdan sonra bir il keçənədək təyin edilmiş xroniki, tədricən proqressivləşən xəstəliklər olduqda, həmin xəstəliklərin başlanğıcını hərbi xidmət (hərbi toplanış), orqanlarda xidmətkeçmə dövrünə aid etmək mümkündürsə; əgər xəstəlik şəhadətləndirilən şəxsin döyüşən ordunun tərkibinə daxil olmayan hərbi hissədə hərbi xidmət (hərbi toplanış) keçməsi dövründə və ya döyüşən ordunun tərkibinə daxil olmayan orqanlarda xidmət keçməsi dövründə, yaxud onun xaricə, döyüş əməliyyatları aparılan dövlətə getməsinə qədər yaranmışsa və bu dövlətdə xidmətkeçmə onda olan xəstəliyə və onun hərbi xidmətə, orqanlarda xidmətə yararlılıq kateqoriyasına təsir etməmişsə; əgər şəhadətləndirilən şəxs xəsarəti hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) icrası ilə bağlı olmayan bədbəxt hadisə nəticəsində almışsa; əgər xəsarət hərbi xidmət (hərbi toplanış), orqanlarda xidmətkeçmə dövründə alınmışsa, lakin şəhadətləndirilmə anında xəsarətin alınma şəraiti haqqında sənədlər yoxdursa. Göründüyü kimi şəxsdə hərbi xidmət dövründə yaranmış xəstəliyi ç) yarımbəndində nəzərdə tutulmuş hallara uyğundur, qeyd olunan səbəbdən də cavabdehin imtinası qanuni və əsaslı hesab edilir. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi rədd olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci , 69-cu , 75-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia rədd edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apelyasiya şikayəti verilə bilər. Hakim: Orxan Həsənov
Məhkəmə qərarları › İş №2-1(112)-5770/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-5770/2021
30.08.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver