Məhkəmə qərarları › İş №2-1(112)-5770/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-5770/2023

21.08.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-5770/2023 21.08.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi, İddiaçı və cavabdehin nümayəndəsinin iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlilliyin təyin edilməsi” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlilliyin təyin edilməsi”barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Sonradan iddiaçı iddia tələbinə dəqiqləşmə barədə ərizə verərək Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi zamanı aldığı xəsarətlər nəticəsində əlilliyinin təyin edilməsinin cavabdehə həvalə edilməsini xahiş etmiş, ərizə icraata qəbul edilmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, onda mövcud olan xəstəliklər Azərbaycan Respublikasının müdafiəsi ilə əlaqədar əlilliyin təyinatına əsas versə də, cavabdeh müraciətinin təminindən əsassız olaraq imtina etmişdir. Cavabdehin etirazı: Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçının əlillik vəziyyəti əyani müayinə nəticəsində də qiymətləndirilmiş və müəyyən edilmişdir ki, onda mövcud olan xəstəliklər əlilliyin təyinatına əsas vermir ki, bu barədə müvafiq qərar da qəbul edilmişdir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. Faktiki hallar və sübutlar: İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Daxili Qoşunların Hərbi-Həkim Komissiyasının qərarından görünür ki, iddiaçı hərbi xidmət dövründə aldığı tramva ilə əlaqədar şəhadətləndirilmişdir. Cavabdehin məktubundan görünür ki, iddiaçının əlilliyi 07 iyun 2022-ci il tarixdə əyani müayinə olunmuş, diaqnoz əlillik əlaməti təyin etməmə barədə qərar qəbul edilmişdir. Əlillik altsistemindən çıxarışdan görünür ki, 05 yanvar 2022-ci il tarixli göndəriş əsasında iddiaçının əlilliyi qiymətləndirilmiş və diaqnoz əlilik əlaməti təyin etmir əsası ilə əlilliyin təyinindən imtina edilmişdir. 28 iyun 2022-ci il tarixli qərardan görünür ki, əyani müayinənin nəticəsi əsasında müəyyən edilir ki, iddiaçının sümük tamlığı pozulmamış, hərəkət məhdudluğu və əzələlərdə atrofiya yoxdur, anamnestik məlumatlarda və obyektiv müayinələrinin nəticələrində əlilik təyinatına əsas verən patofunksional pozuntular, nevroloji ocaqlı əlamətlər və ətrafların hərəkəti-funksional pozuntuları müəyyən edilməmişdir. Ekspert rəyindən görünür ki, göndərişdə qeyd edilmiş hərbi əməliyyatlar nəticəsində odlu silahla və digəradi silah növləri ilə törədilmiş zədələnmələr, qəlpə yaralanmasından sonrakı vəziyyət, aşıq-başldır oynaqlarının artrozu, bükücü-açıcı kontrakturası, sağ incik sümüyünün 1/3-nün qeyri-düzgün bitişmiş sınığı, kəskin ağrı sindromu, baş beyinin ocaqlı travması, qapalı KBT-dan sonrakı asteno-nevrotik sindrom” diaqnoz onun statisionarında müayinə və müalicə zamanı anamnestik, klinik, laborator-insturmental müayinələrin əsasında müəyyən edilmişdir. Lakin, əsas diaqnoz hərbi əməliyyatlar nəticəsində odlu silahla və digər adi silah növləri ilə zədələnmələr düzgün göstərilsə də, ağırlaşmalarda aşıq-baldır oynaqlarının artrozu, bükücü-açıcı kontrakturası, sağ incik sümüyünün 1/3-nun qeyri-düzgün bitişmiş sınığı, kəskin ağrı sindromu, artroz və kontraktura nəzərə çarpacaq dərəcədə deyildir, incik sümüyünün qeyri-düzgün bitişməsi artroz və konktraktura ilə birlikdə dayaq hərəkət funksiyasının pozulması ilə müşayiət olunmur. Baş beyinin ocaqlı travması, qapalı KBT-dan sonrakı asteno-nevrotik sindrom isə xəstənin şikayətləri əsasında qoyulmuş, insturmental müayinə ilə təsdiq edilməmişdir. Odur ki, diaqnozun tərtibatında hiperdiaqnostikaya, yəni diaqnozun şişirdilməsinə yol verilmişdir. V. İddiaçı mütəmadi müvafiq bərpa reabilitasiya müalicələrinə cəlb edilməklə düçar olduğu xəstəliklər aradan qaldırıla bilər. Tətbiq edilən hüquq və məhkəmənin hüquqi mövqeyi: Məhkəmə iş materiallarını nəzərdən keçirərək və aşağıdakıların qeyd edilməsini zəruri sayaraq hesab edir ki, iddia rədd edilməlidir. “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın: 1.1. Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimləyir 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra – Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. 1.4. Əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. 1.8. Əlillik Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nda nəzərdə tutulan insanın həyat fəaliyyətinin əsas kateqoriyaları və onların məhdudlaşma dərəcələri və “Əlilliyin müəyyən olunması meyarları”na Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə əsasən müəyyən olunur. 2.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. 2.4. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. 3.4. Əlilliyin qiymətləndirilməsi barədə qərardan şikayət “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və (və ya) məhkəməyə verilir. Hazırda qüvvədə olan qanunvericiliyin tələbindən də göründüyü kimi Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş əsasında cavabdeh tərəfindən şəxsin əlilliyi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nda nəzərdə tutulan insanın həyat fəaliyyətinin əsas kateqoriyaları və onların məhdudlaşma dərəcələri və “Əlilliyin müəyyən olunması meyarları”na Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə əsasən müəyyən edilməkdədir. Lakin, qeyd olunmalıdır ki, hazırkı iş üzrə əlilliyin təyininə dair müraciət və imtina tarixləri nəzərə alınmaqla aparılan qiymətləndirmə zamanı “Əlilliyin müəyyən olunması meyarları”nda nəzərdə tutulan insanın həyat fəaliyyətinin əsas kateqoriyaları və onların məhdudlaşma dərəcələri və “Əlilliyin müəyyən olunması meyarları”na Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti” ilə yanaşı, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin tələbləri də nəzərə alınmalıdır. Nəzərə alınma ilə bağlı tələblər isə konkretdir. Cavabdeh tərəfindən göndərişdə adları sadalanan və yuxarıda adıçəkilən normativ hüquqi aktlarda təsbit edilmiş xəstəliklərin iddiaçıda mövcud olub-olmaması yoxlanılmaqla əlillik dərəcəsinin təyininə dair və ya imtinaya dair qərar qəbul edilməlidir ki, cavabdeh hər iki normativ hüquqi aktın tələblərinə uyğun olaraq yoxlama aparmış və adıçəkilən təyinatı üçün əsasın olmaması qənaətinə gəlinmişdir. Belə ki, iş materiallarında göndərişdən görünür ki, iddiaçıda mövcud olan əsas diaqnoz və ağırlaşma xarakterli xəstəliklər müxfəlif kodlarda (Y36.4, M24.5, M19.2, R52.0, S82.0) yanakı xəstəliklərlə göstərilmişdir. İş materiallarından da göründüyü kimi hazırkı mübahisə həmin xəstəliklərin mövcud olduğu, lakin mövcud olmasına baxmayaraq əlilliyin təyininə əsas verməməsi ilə də bağlıdır. Odur ki, iş üzrə düzgün nəticəyə gəlinməsi üçün adıçəkilən kodlarda nəzərdə tutulmuş xəstəliklərin hazırda “Əlilliyin müəyyən olunması meyarları”nda nəzərdə tutulan insanın həyat fəaliyyətinin əsas kateqoriyaları və onların məhdudlaşma dərəcələri və “Əlilliyin müəyyən olunması meyarları”na Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti” ilə və (və ya), Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”də mövcud olub-olmaması müəyyən edilməlidir. Adıçəkilən normativ hüquqi aktlarda nəzərdə tutulmuş xəstəliklərin müvafiq kodlarda verilmiş siyahısından isə görünür ki, adıçəkilən iddiaçıda göndərişdə adıçəkilən müvafiq kodlarda göstərilmiş xəstəliklər adıçəkilən siyahıda olan xəstəliklərin hər hansı biri ilə uyğunluq təşkil etmir. Uyğunluğun olmaması isə əlilliyin təyininə əsas verən xəstəliyin iddiaçıda mövcud olmaması deməkdir ki, məhkəmə hesab edir ki, iddianın təminini istisna edən həmin hal mövcud olduğundan, hazırkı iş üzrə iddianın təminindən söhbət gedə bilməz. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, əlilliyin təyininin məqsədləri baxımından yuxarıda adıçəkilən qüvvədə olan və qüvvədən düşmüş normativ hüquqi aktlarla təsdiq edilmiş siyahıda öz təsbitini tapmamış istənilən xəstəlik əlilliyin təyinatından imtina üçün əsasdır. Belə ki, qeyd olunan məqsədlər baxımından göndərişdə olan xəstəliklərlə, X1 tərəfindən təsdiq edilmiş xəstəliklərin beynəlxalq təsnifatında elmə məlum olan insan orqanizmində əlilliyin təyinatına əsas verməyən bütün xəstəliklər ağırlıq dərəcəsindən asılı olmayaraq bərabərdir. İddiaçıda olan əsas diaqnoz və ağırlaşma xarakterli xəstəliklə bağlı kodlarda olan xəstəliklərin isə hər hansı biri yuxarıda adıçəkilən normativ hüquqi aktlarda təsdiq edilmiş əlilliyin təyinatına əsas verən xəstəliklərdən hər hansı birinə uyğun olmadığından iddianın rədd edilməsi üçün əsas yaranmışdır. Bu zaman ekspert rəyində qeyd edildiyi kimi əsas diaqnoz hərbi əməliyyatlar nəticəsində odlu silahla və digər adi silah növləri ilə zədələnmələrin müəyyən edilməsi də vəziyyəti iddiaçının xeyrinə vəziyyəti dəyişmir. Belə ki, nəinki həmin xəstəlik, hətta ağırlaşmada nəzərdə tutulan xəstəliklərin mövcudluğu belə normativ hüquqi aktlarda təsdiq edilmiş əlilliyin təyinatına əsas verən xəstəliklərdən hər hansı biri hesab edilmir. Halbuki, adıçəkilən rəydən də görünür ki, ümumiyyətlə Ekspert hesab etmişdir ki, ağırlaşmalarda aşıq-baldır oynaqlarının artrozu, bükücü-açıcı kontrakturası, sağ incik sümüyünün 1/3-nun qeyri-düzgün bitişmiş sınığı, kəskin ağrı sindromu, artroz və kontraktura nəzərə çarpacaq dərəcədə deyildir, incik sümüyünün qeyri-düzgün bitişməsi artroz və konktraktura ilə birlikdə dayaq hərəkət funksiyasının pozulması ilə müşayiət olunmur. Baş beyinin ocaqlı travması, qapalı KBT-dan sonrakı asteno-nevrotik sindrom isə xəstənin şikayətləri əsasında qoyulmuş, insturmental müayinə ilə təsdiq edilməmişdir. Odur ki, diaqnozun tərtibatında hiperdiaqnostikaya, yəni diaqnozun şişirdilməsinə yol verilmişdir. V. İddiaçı mütəmadi müvafiq bərpa reabilitasiya müalicələrinə cəlb edilməklə düçar olduğu xəstəliklər aradan qaldırıla bilər. Göründüyü kimi ağırlaşma xarakterli xəstəliklərin mövcudluğu barədə rəyin məzmunu ondan ibarətdir ki, göndərişdə diaqnozun tərtibatında hiperdiaqnostikaya, yəni diaqnozun şişirdilməsinə yol verilmişdir. Məhkəmə, hesab edir ki, xüsusi bilik sahəsinə aid məsələnin qiymətləndirilməsi baxımından sübut qismində əhəmiyyətli olan həmin rəyin mötəbərliyinin şübhə altına alınmasına hər hansı əsas mövcud olmadığından, rəy iş üzrə sübut əhəmiyyətinə malik sənəd hesab edilməlidir. Həmçinin, məhkəmə xüsusi olaraq da qeyd etməyi zəruri hesab edir ki, iddiaçı barəsində tərtib edilmiş göndərişdə M24.5 kod altında oynaqların kontrakturası, aşıq baldır oynaqlarının artrozu, bükücü açıq kontrakturasına istinad edilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə M24.5 kod altında olan xəstəlik isə dirsək oynağının, yaxud saidin kəskin kontrakturası ilə bağlıdır. Başqa sözlə, hətta göndərişdə nəzərdə tutulmuş həmin xəstəlik mövcud olsaydı belə əlilliyin təyinatına əsas verməsi üçün kifayət etmir. Həmçinin qeyd edilməlidir ki, “Məhkəmə və hakimlər haqqında” Azərbaycan Respublikası Qanunun 79-1-ci maddəsinə görə vahid məhkəmə təcrübəsi məhkəmələrin hüquqi məsələlərin həllinə yanaşmasının sabitliyini və ədalət mühakiməsi həyata keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiq edilməsini təmin etmək məqsədilə formalaşdırılır. Ali Məhkəmə hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsini baxdığı işlər üzrə məhkəmə kollegiyalarının və Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə formalaşdırır. Göründüyü kimi hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin formalaşdırılması təkcə Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə deyil, eyni zamanda məhkəmə kollegiyalarının fərdi işlər üzrə qərarları vasitəsi ilə də həyata keçirilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-441/2023 saylı iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qərarında da iddiaçıda mövcud olan diaqnozlar yuxarıda adıçəkilən normativ hüquqi aktlarla təsdiq edilmiş əlilliyin təyininə əsas verən xəstəliklər siyahısında olmaması səbəbindən oxşar mövqedən çıxış edilərək əlilliyin təyinindən imtina edilmişdir. Analoji mövqe həmin Məhkəmənin 2-1(102)-1215/2023 saylı iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qərarında, 2-1(102)-441/2023 saylı iş üzrə qəbul edilmiş xx.xx.2023cü il tarixli qərarında da nümayiş etdirilmişdir. Odur ki, iddia rədd edilməlidir. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia rədd edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Orxan Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar