Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-5771/2023 26.09.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Hacıbəyova Miminat Tacib qızının sədrliyi, X2 kаtibliyi, cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Cavabdehnə qarşı “iddiaçının hərbi biletində dəyişiklik edilərək, hərbi xidmət üçün yararlı olduğunun hərbi biletində qeyd edilməsi” barədə iddia tələbi üzrə inzibati işə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İ. Mübahisənin predmeti
1. İddiaçı Bakı İnzibati Məhkəməsində cavabdeh Azərbaycan Respublikası Cavabdehnə qarşı “iddiaçının hərbi biletində dəyişiklik edilərək, hərbi xidmət üçün yararlı olduğunun hərbi biletində qeyd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçı xx xxxxxxxx 1976-cı il tarixdə Bakı şəhərində anadan olmuşdur. 1997-cı il taixdə Bakı Dövlət Universitetinin hərbi kafedrasında HQ1-021022 ixtisası üzrə tam hərbi kurs keçmiş, 1998-ci ildə M.Ə.Rəsulzadə adına Bakı Dövlət Universitetinin “coğrafiya fakültəsini” bitirmişdir. Hazırki iddia ərizəsi ilə müraciətinin səbəbi hərbi biletində dəyişlik edilməsi ilə bağlıdır. Belə ki, hərbi bileti 2 yanvar 2002-ci il tarixdə Yasamal rayonunun hərbi komissarı tərəfindən imzalanaraq verilmişdir. Hərbi biletində dinc dövrdə hərbi xidmətə yararsız, müharibə dövründə isə məhdud yararlı qeyd edilmişdir. Belə ki, bu qeyd Azərbaycan Respublikasının Hərbi Komissarlığının tibbi müayinəsinə əsasən verilmişdir. Bu tamamilə əsassız və qanunsuzdur. Belə ki, səhhətində hər hansı problem yoxdur. Hərbi biletində bu cür qeydin olması isə iddiaçıya bir sıra hüquqlarını realizə etməkdə mane olur. Bununla bağlı ilk öncə Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə müraciət etsə də cavab məktubunda Cavabdehnə müraciət etməyi bildirilmişdir. Bu səbəbdən də ərizə ilə cavabdehə müraciət etmiş, lakin heç bir nəticəsi olmamışdır. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir.
3. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 47-ci mаddəsinə əsаsən verilmiş məhkəmə sərəncamı ilə iddiаyа dаir münasibət (еtirаz) təqdim edilməsi tələb edilsə də sərəncam icra edilməmiş, iddiaya dair etiraz məhkəməyə təqdim edilməmişdir.
İİ. İddianın növü və mümkünlüyü
4. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin
- 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. - 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. - 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.
5. İddiaçı cavabdehə müraciət etmiş, imtina cavabı almışdır, odur ki, iddia düzgün cavabdehə verilmiş, iddia müddətinə əməl edilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur.
6. Аzərbаycаn Rеspublikаsının İnzibati Prosessual Məcəlləsinin 62.3-ci mаddəsinə əsаsən iştirаkı оlmаdаn işə bахılmаsının və iş üzrə qərаr qəbul еdilməsinin mümkünlüyü bаrədə хəbərdаr еdilmiş İddiaçı məhkəmə iclasına gəlməmiş, nümayəndəsinin iştirakını təmin etməmişdir. Odur ki, məhkəmə işə iddiaçının iştirakı olmadan baxmışdır.
7. Cavabdehin nümayəndəsi məhkəmə iclasında cavabdehin təqdim etdiyi etirazın məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir.
8. Məhkəmə iddia ərizəsini nəzərdən keçirərək, cavabdehin nümayəndəsini dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi rədd edilməlidir.
İş materiallarında olan
AA ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətinə əsasən iddiaçı xx.xx.1976-cı il təvəllüdlü Azərbaycan Respublikası vətəndaşıdır. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhər Yasamal rayon İdarəsinin İddiaçı ünvanladığı xx.xx.2022-ci il tarixli, N\2167 nömrəli məktubuna əsasən bildirilmişdir ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Yasamal rayon idarəsində təşkil olunmuş hərbi həkim komissiyası tərəfindən xx.xx.2021-ci il tarixində Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 2 nömrəli Klinik Psixiatriya xəstəxanasına göndəriş verilmişdir. Tibbi müayinənin nəticəsi olaraq həmin tibb müəssisəsindən 1911 saylı xx.xx.2021-ci il tarixli sağlamlıq vəziyyətinin müayinə edilməsi aktı daxil olmuşdur. Həmin akta əsasən Nazirlər Kabinetinin 59 saylı xx.xx.2008-ci il tarixli qərarı ilə təsdiq olunmuş “Hərbi-həkim ekspertizası haqqında” Əsasnamənin xəstəliklər cədvəlinin 14b maddəsinə müvafiq olaraq dinc dövrdə hərbi xidmətə yararsız müharibə dövründə məhdud yararlı hesab edilir. Hərbi biletində müvafiq dəyişiklərin edilməsi yalnız sağlamlıq vəziyyətinin müayinə edilməsi aktında tam sağlam olmağını əks etdirən məlumatlar olduqda mümkün ola bilər. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin iddiaçıya ünvanladığı xx.xx.2022-ci il tarixli 5/6599 nömrəli məktubuna əsasən bildirilmişdir ki, hərbi biletdə hər hansı bir qeydlərin edilməsi Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin səlahiyyətlərinə aid olduğundan, bu məsələnin həlli üçün qeydiyyatda olduğu həmin qurumun rayon üzrə müvafiq idarə, şöbə və bölmələrinə müraciət etməyi məqsədəuyğundur. İddiaçı əlavə olaraq məhkəməyə ona məxsus olan ZE seriyalı ******* nömrəli hərbi biletinin surətini təqdim etmişdir. Cavabdeh tərəfindən məhkəməyə iddiaçı barəsində 1415 nömrəli göndərişin surəti, “Ehtiyatda olan vətəndaşların tibbi şəhadətləndirmə” kartası və “Sağlamlıq vəziyyətinin müayinə edilməsi” barədə akt təqdim edilmişdir.
İİİ. Məhkəmənin mövqeyi
9. Məhkəmə iddiaçının iddiasını aşağıda göstərilənlərə görə əsaslı hesab etmir:
10. Azərbaycan Respublikası Konstitusiyasının - 26-cı maddəsinin İİ hissəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır, 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir, İİ hissəsinə əsasən hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın, İİİ hissəsinə əsasən hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır, İV hissəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər.
11. “Psixiatriya yardımı haqqında” Azərbaycan Respublikasının Qanununun
- preambulasına əsasən bu Qanun Azərbaycan Respublikasında psixiatriya yardımı göstərilməsi sahəsində yaranan münasibətləri tənzimləyir, bu sahədə hüquqi və fiziki şəxslərin hüquq və vəzifələrini müəyyən edir. - 1.0.8-ci maddəsinə əsasən pasiyent - psixi pozuntu vəziyyətində olan və ya psixiatriya yardımından istifadə edən şəxsdir; - 1.0.9-cu maddəsinə əsasən psixiatriya yardımı - pasiyentin psixi vəziyyətinin müayinəsini, psixi pozuntusunun diaqnostikasını, müalicəsini və profilaktikasını, psixo-sosial reabilitasiyasını özündə birləşdirən ixtisaslaşdırılmış tibbi yardım növüdür;
12. “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununun
- 1.1-ci maddəsinə görə, hərbi vəzifə və hərbi xidmət haqqında qanunvericilik Azərbaycan Respublikası Konstitusiyasından, bu Qanundan, digər normativ hüquqi aktlardan və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən ibarətdir. - 1.2-ci maddəsinə əsasən, Səfərbərlik üzrə hərbi vəzifələrin yerinə yetirilməsi məsələləri “Azərbaycan Respublikasında səfərbərlik hazırlığı və səfərbərlik haqqında” Azərbaycan Respublikasının Qanunu və “Hərbi xidmətkeçmə haqqında” Əsasnamə ilə tənzimlənir. - 4.1-ci maddəsinə əsasən, bütün çağırışçılar və hərbi vəzifəlilər hərbi qeydiyyata alınmalıdırlar. - 4.2-ci maddəsinə əsasən, çağırışçıların və hərbi vəzifəlilərin (bu Qanunun 4.4-cü maddəsində nəzərdə tutulmuş hərbi vəzifəlilər istisna olmaqla) hərbi qeydiyyatı onların yaşayış yeri üzrə, 3 aydan artıq müddətə yaşayış yerini dəyişdirdikdə isə olduğu yer üzrə müvafiq icra hakimiyyəti orqanı tərəfindən aparılır. - 4.3-ci maddəsinə görə, çağırışçıların və hərbi vəzifəlilərin hərbi qeydiyyatının aparılması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. - 4.4-ci maddəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanının ehtiyatına keçirilmiş hərbi vəzifəlilərin hərbi qeydiyyatı həmin orqan tərəfindən mərkəzləşdirilmiş qaydada aparılır. - 4.5-ci maddəsinə görə, müvafiq icra hakimiyyəti orqanında müddətli həqiqi hərbi xidmətdən ehtiyata buraxılmış, həmçinin müvafiq icra hakimiyyəti orqanında həqiqi hərbi xidmətdən buraxılıb həmin orqanın ehtiyatına keçirilməmiş və ya hərbi qeydiyyatından çıxarılmış hərbi vəzifəlilər bu Qanunun 4.2-ci maddəsində nəzərdə tutulmuş qaydada hərbi qeydiyyata alınırlar. - 6.2-ci maddəsinə görə, vətəndaşlar müvafiq icra hakimiyyəti orqanında ilkin hərbi qeydiyyata alınarkən onların hərbi xidmətə yararlılığını müəyyən etmək məqsədi ilə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada həkim mütəxəssislər tərəfindən hökmən tibbi müayinə, habelə hərbi xidmət müddətində onlardan daha məqsədəuyğun istifadə edilməsini müəyyənləşdirmək üçün psixoloji müayinə edilməli, müvəqqəti yararsız hesab edilən şəxslər isə Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına dövlət tibb müəssisələrində mütləq qaydada müalicəyə göndərilməlidirlər. - 6.5-ci maddəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanında ilkin hərbi qeydiyyata alınmış vətəndaşlara ilkin hərbi qeydiyyata alma komissiyasının qərarı elan edilir, onların hüquq və vəzifələri, ilkin hərbi qeydiyyatın qaydaları, hərbi xidmətə hazırlığın keçilməsi qaydası izah olunur və forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş ilkin hərbi qeydiyyata alınma haqqında vəsiqə verilir. - 15.1-ci maddəsinə görə, müddətli həqiqi hərbi xidmətə çağırılan bütün vətəndaşlar müvafiq icra hakimiyyəti orqanında həkim mütəxəssislər tərəfindən, əlavə tibbi müayinəyə ehtiyac olduqda isə digər müalicə müəssisələrində hökmən tibbi müayinədən keçirilirlər. - 15.2-ci maddəsinə əsasən, tibbi müayinənin nəticələrinə uyğun olaraq rayon, şəhər, şəhərdə rayon çağırış komissiyaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş qaydada aşağıdakı qərarlardan birini qəbul edir: 15.2.1. müddətli həqiqi hərbi xidmətə yararlılıq haqqında; 15.2.2. sıradankənar həqiqi hərbi xidmətə yararlılıq haqqında; - 15.2.3. sağlamlıq vəziyyətinə görə həqiqi hərbi xidmətə müvəqqəti yararsız hesab edilməklə çağırışa möhlət verilməsi haqqında;15.2.4. dinc dövrdə həqiqi hərbi xidmətə yararsızlıq, müharibə dövründə məhdud yararlılıq haqqında; 15.2.5. həm dinc dövrdə, həm də müharibə dövründə hərbi xidmətə yararsızlıq haqqında İş materiallarında olan Səhiyyə Nazirliyi 2 nömrəli klinik psixiatriya xəstəxanasının 1941 nömrəli, xx.xx.2021-ci il tarixli “Sağlamlıq vəziyyətinin müayinə edilməsi” aktından görünür ki, iddiaçı xx.xx.2021-ci il tarixdə stasionar müayinədə olmuş və baş beynin üzvü xəstəliyi nəticəsində şəxsiyyət dəyişikliyi –F07.8 diaqnozu qoyulmuşdur. Məhkəmə İddiaçı orqanizminin həyat fəaliyyətinin məhdudlaşdırılmasına səbəb olan hal-hazırda xəstəlik, travma və qüsurların mövcud olub-olmamasının müəyyən edilməsi üçün xüsusi elmi bilik tələb olunduğundan, iş üzrə müvafiq məhkəmə ekspertizasının keçirilməsi məqsəuyğun hesab etmiş və məhkəmənin hazırki iş üzrə qəbul etdiyi 29 mart 2023-cü il tarixli Qərardadı ilə, məhkəmə-tibbi ekspertizası təyin edilmişdir. Ekspert qarşısında aşağıdakı suallar qoyulmuşdur - xx.xx.1976-cı il təvəllüdlü İddiaçı orqanizminin həyat fəaliyyətinin məhdudlaşdırılmasına səbəb olan hansı xəstəlik, travma və qüsurlar müayinə zamanı onda aşkar olunur? - xx.xx.1976-cı il təvəllüdlü İddiaçı hərbi xidmətə yararlı hesab oluna bilərmi? Məhkəmə-Tibbi Ekspertiza və X1 T 508/2023 nömrəli, xx.xx.2023-cü il tarixli ekspert rəyinin nəticə hissəsində göstərilmişdir – vətəndaş İddiaçı son tibbi sənədlərinə əsasən ona “2 saylı Klinik Psixiatriya xəstəxanası”nda stasionar müalicədə olarkən müəyyən edilmiş “Baş beynin üzvü xəstəliyi nəticəsində şəxsiyyət dəyişikliyi-F07.8” diaqnozu müəyyən edilmişdir. Qeyd edilən diaqnoz şəxsin hazırkı vəziyyətini əks etdirir. Belə olan halda iddiaçının hərbi biletində olan qeydin dəyişdirilməsinə əsas yoxdur. Beləliklə məhkəmə belə qənaətə gəlr ki, iddiaçının müraciətinə cavabdeh tərəfindən imtina edilməsi ilə əlaqədar qanun pozuntusuna yol verilməsi məhkəmə araşdırılması zamanı müəyyən edilmədiyi üçün, iddia tələbi əsassızdır.
13. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun
- 2.0.1-ci maddəsinə əsasən inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir; - 2.0.2-ci maddəsinə əsasən inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir; - 2.0.3-cü maddəsinə əsasən maraqlı şəxs - inzibati aktın qəbul edilməsi və ya müvafiq hərəkətin edilməsi ilə bağlı inzibati orqana müraciət etmiş və ya barəsində inzibati akt qəbul edilmiş və ya müvafiq hərəkət (hərəkətsizlik) edilmiş şəxs və yaxud inzibati orqan tərəfindən qəbul edilməsi nəzərdə tutulan və ya qəbul edilmiş inzibati aktın və ya inzibati orqanın hərəkətinin hüquqlarına və ya qanunla qorunan maraqlarına birbaşa təsir etdiyi və ya təsir edə biləcəyi və öz vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda inzibati orqanın təşəbbüsü ilə inzibati icraata cəlb edilən hər hansı fiziki və ya hüquqi şəxsdir; - 2.0.4-cü maddəsinə əsasən ərizə - maraqlı şəxsin inzibati aktın qəbul edilməsi və ya ona məxsus olan hər hansı hüququn həyata keçirilməsi ilə bağlı inzibati orqana yazılı müraciətidir; - 2.0.5-ci maddəsinə əsasən inzibati şikayət - hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədilə maraqlı şəxsin inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan və yaxud inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən subordinasiya baxımından yuxarı inzibati orqana yazılı müraciətidir; - 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir; - 11.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar.
14. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin
- 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
15. Məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Cavabdehnə qarşı “iddiaçının hərbi biletində dəyişiklik edilərək, hərbi xidmət üçün yararlı olduğunun hərbi biletində qeyd edilməsi barədə iddiası əsassız olduğundan təmin edilməməlidir.
16. Аzərbаycаn Rеspublikаsının İPM-nin 110.1-ci mаddəsinə əsаsən prоsеssuаl хərclər ödənilmiş tələblərə münаsib оlаrаq işdə iştirаk еdən şəхslərə аid еdilir.
17. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İPM-nin 2-ci, 34-cü, 68 – 69-cu, 85-ci, 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ :
İddia təmin edilməsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.
Hakim Miminat Hacıbəyova