Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-5771/2025 11.07.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq reyestrdən müvafiq çıxarışın verilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq reyestrdən çıxarışın verilməsi” barədə iddia tələbi üzrə işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) şifahi, açıq şifahi məhkəmə baxışı iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra mətndə DƏDKR 1 saylı Bakı Ərazi İdarəsi) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Qaradağ rayonu, Şıxlar-2 bağ massivində yerləşən 500 kv. metrdən ibarət olan 4 saylı bağ sahəsinə onun mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması və çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Sonradan iddiaçı (nümayəndəsi və vəkili vasitəsilə) xx.xx.2025-ci il tarixdə “Elektron məhkəmə” sistemi vasitəsilə məhkəməyə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 54-cü maddəsinə əsasən iddianın dəyişdirilməsi (tələbin dəqiqləşdirilməsi) barədə ərizə təqdim edərək, Bakı şəhəri Qaradağ rayonu Şıxlar 2 bağ massivində yerləşən 478 kv. metrdən ibarət olan 4 saylı bağ sahəsinə onun mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Azərbaycan Zərgərsənaya İstehsalat Birliyinin işçilərinə Bakı şəhəri, Qaradağ rayonu. Sıxlar -2 bağ massivində bağçılıq yoldaşçılıq işlərinin aparılması üçün torpaq sahələri ayrılmışdır. Ayrılmış ərazidə X1 işçilərinə torpaq sahələrinin ayrılması, həmin dövrün həmkarlar komitəsinin protokolu ilə təsdiq edilmişdir. Həmkarlar İttifaqı Komitəsinin 1 saylı, xx.xx.1988-ci il tarixli Protokolu ilə Şıxlar -2 bağ sahəsi ərazisində yerləşən 500 kv. m ümumi sahəsi olan 4 saylı torpaq sahəsi X5 ayrılmışdır. X8 Andreyeva tərəfindən ona ayrılmış bağ sahəsində hər hansı bir iş görülmədiyindən ümumiyyətlə həmin şəxsin mövcudluğu barədə X2 məlumat olmadığından həmin Birliyin Həmkarlar Komitəsinin xx.xx.1999-cu il tarixli, 2 №-li Protokolu ilə X7 ayrılmış torpaq sahəsi baxımsız qaldığından bu qərar ləğv edilmiş və adıçəkilən bağ sahəsi ona verilmişdir. Bundan sonra ona bağ sahəsinin ayrılması ilə bağlı bağçılıq cəmiyyətinin üzvlük kitabçası tərtib edilərək verilmişdir. Daha sonra qeyd edilənlərlə bağlı o, tərəfindən sonuncu dələ xx.xx.2024-cü il tarixdə cavabdehə rəsmi ərizə ilə müraciət etmişdir. Cavabdeh inzibati orqan müraciəti təmin etməkdən imtina etmişdir. İmtinanın əsası kimi onun adının idarəyə təqdim edilmiş Zərgərsənaye bağçılıq yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısında aşkar edilməməsi, eyni zamanda torpaq sahəsinin elektron kadastr məlumatlarına əsasən idarədə mövcud olan arxix bölgü sxemi ilə uyğunsuzluq təşkil etməsi, eləcə də Zərgərsənaye bağçılıq yoldaşlıq cəmiyyəti tərəfindən verilən protokolun tarixi xx.xx.1999-cu il qeyd olunsa da üzvlük kitabçasında xx.xx.1999-cu il kimi qeyd edilməsi, həmçinin eyni bağçılıq yoldaşlıq nəzdində onun digər bağ nömərsi ilə müraciətinin qevdə alınması göstərilmişdir. Hesab edir ki, cavabdehin imtinası əsaslı olmamışdır. İPM-nin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və həmin Məcəllənin 47-ci maddəsinə uyğun olaraq, məhkəmənin xx.xx.2024-cü il tarixli sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdeh inzibati orqana təqdim edilmiş, cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuş, həmçinin, tərəflər işin halları, mübahisənin vəziyyəti ilə bağlı məsələlərin müzakirəsi üçün məhkəməyə dəvət olunmuşlar. xx.xx.2025-ci il tarixdə “Elektron məhkəmə” sistemi vasitə ilə cavabdeh DƏDKR 1 saylı Bakı Ərazi İdarəsinin iddia tələbinə dair yazılı münasibəti (etirazı) məhkəməyə təqdim edilmişdir. Cavabdeh inzibati orqanın iddia tələbinə dair yazılı mülahizəsi (etirazları): Cavabdeh DƏDKR 1 saylı Bakı Ərazi İdarəsinin iddia tələbinə dair yazılı etirazı onunla əsaslandırılmışdır ki, aparılan araşdırma zamanı məlum olmuşdur ki, təqdim edilən sənədlərdə uyğunsuzluq mövcuddur. Belə ki, “Zərgərsənaye” bağçılıq-yoldaşlıq cəmiyyəti tərəfindən verilən protokolun tarixi xx.xx.1999-cu il qeyd olunsa da, üzvlük kitabçasında xx.xx.1999-cu il qeyd edilmişdir. Həmçinin elektron kadastr məlumatlarına əsasən qeyd olunan torpaq sahəsinin arxiv bölgü sxeminə uyğun olmadığı müəyyən edilmişdir. Bundan əlavə, eyni bağçılıq-yoldaşlıq nəzdində İddiaçı digər bağ nömrəsi (7-18) ilə müraciəti qeydə alınmışdır. İdarənin mütəxəssisləri tərəfindən keçirilən texniki baxış zamanı faktiki torpaq sahəsinin 0,0482 ha olduğu müəyyən edilmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.7-ci maddəsinə əsasən 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıqyoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış təqdim edilməlidir. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 68- ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23.1ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Yuxarıda qeyd olunanlara əsasən iddia tələbinin təmin olunmaması xahiş olunmuşdur. Tərəflərin iştirakı və izahatları: Şifahi məhkəmə baxışı iclasının yeri və vaxtı barədə qanunla müəyyən olunmuş qaydada xəbərdar olunmuş cavabdeh inzibati orqan məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və gəlmədikləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə İPM-nin 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçının nümayəndəsi və vəkili məhkəmə iclasında verdiyi izahatında iddianı müdafiə edərək, məhkəmədən iddianın təmin olunmasını xahiş etdi. ƏSASLANDİRMA HİSSƏSİ. İddianın növü və mümkünlüyü. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2 və 2.2.1-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 19 may 2014-cü il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarələri tərəfindən verilən Daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış ilə bağlı inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən irəli gələn mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-nin 2.2.3-cü və 34.1-ci maddələrinə əsasən cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb etmək hüququnu müəyyən edən öhdəliyin icrası haqqında iddia üzrə ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə-iddia qaldırmaq səlahiyyətinə (İPM-in 35-ci maddəsi) əməl olunmalıdır. İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan hərəkətlər nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. Məhkəmə hesab edir ki, iddiaçının hazırki iddianı qaldırmağa subyektiv hüququ vardır. İddianın növü öhdəliyin icrasına dair iddiadır. İddiaçı hazırki tələblə cavabdeh orqana müraciət etmiş, sonuncu tərəfindən müraciəti təmin olunmadığından, iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia mümkündür. FAKTİKİ HALLAR VƏ SÜBUTLAR İş materiallarında olan: Azərbaycan “Zərgərsənayə” X3 Komitəsinin 02 saylı, xx.xx.1999-cu il tarixli “Protokolundan çıxarış”ından müəyyən olunur ki, Həmkarlar İttifaqı Komitəsinin 1 saylı xx.xx.1988-ci il protokolu ilə Şıxlar-2 bağ sahəsi ərazisinin siyahısında X6 adına olan 4 saylı (500) kv.metr torpaq sahəsi baxımsız qaldığı üçün ləğv edilməsi və 02 saylı xx.xx.1999-cu il tarixli protokola əsasən İddiaçı 4 saylı yerdə (500) kv. metr verilməsi qərara alınmışdır. Azərbaycan “Zərgərsənayə” İstehsalat Birliyi tərəfindən İddiaçı verilmiş “Bağçılıq cəmiyyətinin üzvlük kitabçası”ndan müəyyən olunur ki, o 1983-cü il tarixdən Azərbaycan “Zərgərsənayə” İstehsalat Birliyində işləyir və 1987-ci il tarixdə bağçılıq cəmiyyətinə üzv qəbul edilmişdir. Bağçılıq cəmiyyəti üzvlərinin 1999-cu il tarixli, 2 №-li protokoluna əssən bağçılıq cəmiyyətinə üzv qəbul edilmiş və Qaradağ rayonu, Şıxlar-2 bağçılıq cəmiyyətindan sahəsi 500 kv.metr olan 4 saylı bağ sahəsi xx.xx.1999-cu il tarixdə alınan qərara əsasən daimi istifadəsi üçün verilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabineti nəzdində Azərbaycan “Zərgərsənaye” X4-yoldaşlıq Cəmiyyəti tərəfindən DƏDKR 1 saylı Bakı Ərazi İdarəsinə ünvanlanmış xx.xx.2009-cu il tarixli, 14 №-li məktubla iddiaçının adının 44-cü sırada qeyd olunduğu Azərbaycan “Zərgərsənaye” X4-yoldaşlıq Cəmiyyətinin üzvlərinin siyahısı və bölgü sxemi təqdim edilmişdir. İddiaçının hazırki tələblə bağlı müraciətinə cavab olaraq DƏDKR 1 saylı Bakı Ərazi İdarəsinin; xx.xx.2017-ci il tarixli, **********50 №-li imtina məktubunda göstərilmişdir ki, “... bağ sahəsində mərzçəkmə və hasarlama işləri tam aparılmamışdır. Bu səbəblərdən ərizənizin icrası mümkün olmamışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 176-cı maddəsinin 1,2 və 3-cü bəndlərinə əsasən tərəfinizdən bağ sahəsində hasarlanma və mərzçəkmə işlərinin aparılması məqsədəuyğundur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 7.1-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqlarının qeydiyyatı üçün zəruri olan mərzçəkmə və inventarlaşdırma işlərinin aparılması, habelə müvafiq texniki sənədlərin tərtibi qaydası qanunvericiliklə müəyyən edilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 9.1.2-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması ilə aparılır. Yuxarıda qeyd olunan nöqsanlara görə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 15-ci maddəsinə əsasən hüquqların qeydiyyatından imtina edilmişdir.” xx.xx.2022-ci il tarixli, **********74 №-li imtina məktubunda göstərilmişdir ki, “... tərəfinizdən təqdim edilən sənədlərdə uyğunsuzluq olduğu aşkar edilmişdir. Belə ki, “Zərgərsənaye” bağçılıq-yoldaşlıq cəmiyyəti tərəfindən verilən protokolun tarixi 02.07 1999-cu ıl qeyd olunsa da, bağçılıq-üzvlük kitabçasında xx.xx.1999-cu il qeyd edilmişdir. Elektron kadastr məlumatlarına əsasən tərəfinizdən göstərilən torpaq sahəsinin arxiv bölgü sxeminə uyğun olmadığı müəyyən edilmişdir. Bundan əlavə, qeyd edilən bağ massivində digər bağ nömrəsi (7-18) ilə müraciətiniz qeydə alınmışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.7-ci maddəsinə əsasən 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlaı və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış təqdim edilməlidir. “Yerli İcra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləgv edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2007-ci il tarixli 2186 nömrəli sərəncamı ilə yerli İcra hakimiyyəti orqanlarının, o cümlədən Bakı şəhəri İcra Hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarələri ləgv edilərək, onların yalnız arxivlərinin Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə verilməsi qərara alınmışdır. Yuxarıda qeyd olunanlar nəzərə alınaraq. “Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən hüquqların qeydiyyatından imtina edilmişdir”. xx.xx.2024-cü il tarixli, **********88 №-li imtina məktubunda göstərilmişdir ki, “... təqdim olunan sənədlər surətdir. Təqdim edilən sənədlərdə uyğunsuzluq mövcuddur. Belə ki, “Zərgərsənaye” bağçılıq-yoldaşlıq cəmiyyəti tərəfindən verilən protokolun tarixi xx.xx.1999-cu il qeyd olunsa da, üzvlük kitabçasında xx.xx.1999-cu il qeyd edilmişdir. Həmçinin elektron kadastr məlumatlarına əsasən qeyd olunan torpaq sahəsinin arxiv bölgü sxeminə uyğun olmadığı müəyyən edilmişdir. Bundan əlavə, eyni bağçılıq-yoldaşlıq nəzdində İddiaçı digər bağ nömrəsi (7-18) ilə müraciəti qeydə alınmışdır. Yuxarıda qeyd olunanlar nəzərə alınaraq, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən hüquqların qeydiyyatından imtina edilmişdir.” Məhkəmənin müvafiq sorğusuna əsasən: DƏDKR 1 saylı Bakı Ərazi İdarəsininin xx.xx.2025-ci il tarixli, 3-21-3-30/2- 13162/2025 №-li cavab məktubunda göstərilmişdir ki, İdarənin arxivində İddiaçı adına Zərgərsənaye bağçılıq-yoldaşlıq birliyi nəzdində Şıxlar bağ massivində yerləşən 500.0 kv.m olan 4 saylı bağ sahəsinə dair sənəd aşkar edilməmişdir. İdarənin mütəxəssisi tərəfindən ünvana texniki baxış keçirilmişdir. Baxış zamanı məlum olmuşdur ki, faktiki torpaq (bağ) sahəsi 0.0482 ha təşkil edir. Torpaq sahəsinin sərhədləri mişar daşı ilə hasarlanmışdır. Sahə üzərində tikili yoxdur. Vahid elektron kadastr baza məlumatlarına əsasən qeyd olunan torpaq sahəsinin arxiv bölgü sxeminə uyğun olmadığı müəyyən edilmişdir. Bundan əlavə, eyni bağçılıqyoldaşlıq nəzdində İddiaçı digər bağ nömrəsi (7-18) ilə müraciəti qeydə alınmışdır. Məktuba əlavə edilmiş xx.xx.2025-ci il tarixdə tərtib olunmuş “Daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə (baxış) aktı”nda göstərilmişdir ki, Bakı şəhəri, Qaradağ rayonu, Şıxlar-2 bağ massivi, Zərgərsənaye b/y, 4 saylı bağ sahəsinin sahəsi hüquqmüəyyənedici sənəd üzrə 0.05 ha və faktiki olaraq 0.0482 ha təşkil edir. Bağ sahəsinin sərhədləri bir tərəfi hasardır, üç tərəfinə 0.2-0.4 m hündürlükdə mişar daşları düzülmüşdür. Bir tərəfdən yol, üç tərəfdən qonşu sahələrlə əhatə olunmuşdur. Bağ sahəsi üzərində tikili yoxdur. TƏTBİQ EDİLƏN HÜQUQ Azərbaycan Respublikasının Mülki Məcəlləsi: ... Maddə 139. Daşınar və daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı. 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. ... 139.3. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi: ... Maddə 68. Torpaq sahələri üzərində hüquqların yaranma vaxtı. Torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. ... Maddə 84. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqlarının müdafiəsi və təminatı.
1. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur.
“Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanunu. ... Maddə 9. Vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Maddə 10. Həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaq ayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir.
Azərbaycan Respublikası Prezidentinin 10 yanvar 1997-ci il tarixli, 534 saylı Fərmanı ilə təsdiq edilmiş “Vətəndaşların qanuni istifadəsində olan (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında” Əsasnamə Bənd 1. Vətəndaşların qanuni istifadəsində və ya icarəsindəki fərdi həyətyanı sahələrin altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həyətyanı sahələrin altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir.
“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: ... Maddə 2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. .... Maddə 8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: ... 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; .... Maddə 10. Hüquqların dövlət qeydiyyatı üçün sənədlərin təqdim edilməsi. 10.2. Qeydiyyat orqanına verilən ərizəyə hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri, torpaq sahəsinin plan və ölçüsü, torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakın texniki pasportu, plan-cizgisi əlavə olunur. .... Maddə 12. Hüquqların dövlət qeydiyyatının rəsmiləşdirilməsi 12.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Çıxarışda daşınmaz əmlakın reyestr nömrəsi göstərilməlidir. Çıxarış qeydiyyat orqanının vəzifəli şəxslərinin müvafiq elektron imzası ilə təsdiqlənməklə “Elektron hökumət” portalında yerləşdirilir və hüquq sahibinin elektron üsulla real vaxt rejimində əldə etməsi imkanı təmin olunur. Hüquq sahibinin istəyindən asılı olaraq çıxarış elektron üsulla (o cümlədən elektron poçt ünvanı vasitəsilə) hüquq sahibinə göndərilir. ... Maddə 15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. 15.2. Hüquqların dövlət qeydiyyatından əsaslandırılmış imtina barədə ərizəçiyə 5 gün müddətində bildiriş göndərilir. Bildirişin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
MƏHKƏMƏNİN MÖVQEYİ
Hazırki iş üzrə iddiaçının hüquqi marağı və məqsədi Azərbaycan “Zərgərsənayə” X3 Komitəsinin 02 saylı, xx.xx.1999-cu il tarixli protokolu və Azərbaycan “Zərgərsənayə” İstehsalat Birliyi tərəfindən verilmiş üzvlük kitabçasına əsasən ona ayrılmış Bakı şəhəri, Qaradağ rayonu, Şıxlar-İİ bağ massivində yerləşən 4 saylı bağ sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına nail olmaqdan ibarətdir. Cavabdeh inzibati orqanın imtinasından və iddiaya münasibətdə təqdim olunmuş yazılı etirazdan görünür ki, cavabdeh iddiaçının tələbinin təmin olunmaması üçün iki əsas gətirir:
1. Təqdim edilmiş sənədlərdə torpaq sahəsinin nömrəsində uyğunsuzluğun (“Zərgərsənayə” bağçılıq-yoldaşlıq cəmiyyəti tərəfindən verilmiş protokolun tarixinin xx.xx.1999-cu il tarixli olması və üzvlük kitabçasında isə “xx.xx.1999-cu il tarix”kimi qeyd olunması) olması;
2. Torpaq sahəsinin arxiv bölgü sxeminə uyğun olmaması;
Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli, 534 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Vətəndaşların qanuni istifadəsindəki (fərdi yaşayış evlərinin, həyatyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında” Əsasnamədə isə təsbit olunmuşdur ki, vətəndaşların qanuni istifadəsində və ya icarəsində olan (fərdi yaşayış evlərinin, həyatyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqlar əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Göstərilən torpaqları öz mülkiyyətinə keçirmək üçün vətəndaşlar ərizə ilə Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinə müraciət edirlər. Ərizəyə vətəndaşların fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların və dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqların onların qanuni istifadəsinə və ya icarəsinə verilməsini təsdiq edən sənədin surəti əlavə edilməlidir. Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi və Naxçıvan Muxtar Respublikası Dövlət Torpaq Komitəsi ərizənin daxil olduğu gündən etibarən 30 gün ərzində vətəndaşlara onların mülkiyyətinə verilən fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və fərdi, kollektiv və kooperativ bağların və dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaq sahəsi üzrə torpaq sahəsinin planını və ölçüsünü hazırlayıb verir. Vətəndaşların torpaq üzərində mülkiyyət hüququ qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir. Sadalanan normaların birgə təhlilindən görünür ki, ümumiyyətlə, bağ sahəsi üzərində xüsusi mülkiyyət hüquqlarının yaranması əsasları “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 8-ci maddəsi ilə tənzimlənir. Həmin maddədə həm üzvlük kitabçasının, həm də üzvlərin iclasının protokolundan çıxarışın kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilməsini sözügedən sənədlərin mötəbərliyinin əsas şərti kimi göstərmişdir. Belə halda, fiziki şəxsin həmin bağ sahəsi üzərində hüququ mövcüd olur və qanunvericiliyin tələbləri əsasında, onun həmin bağ sahəsinin özəlləşdirilməsini tələb etmək hüququ yaranır. Şərh olunan qanunvericiliyin müddəalarından irəli çıxaraq Məhkəmənin formalaşdırdığı mövqeyi odur ki, iddiaçının mübahisələndirilən bağ sahəsi üzərində mülkiyyət hüquqları yaranmışdır ki, həmin hüquqlar daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla bu barədə müvafiq çıxarış verilməlidir. Belə ki, məhkəmə icraatı zamanı təqdim olunmuş üzvlük kitabçasından görünür ki, Bakı şəhəri, Qaradağ rayonu, Şıxlar-İİ bağ massivində yerləşən 4 saylı bağ sahəsi İddiaçı ayrılmışdır. Göründüyü kimi, iddiaçı mübahisə predmetini təşkil edən bağ sahəsi üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınması üçün hüquqmüəyyənedici sənədlərə malikdir. Sözügedən sənədlərin mövcudluğu isə şübhə doğurmur. Eyni zamanda, nəzərə almaq lazımdır ki, mübahisələndirilən torpaq (bağ) sahəsi uzun müddətdir iddiaçının istifadəsindədir. Cavabdeh tərəfindən həmin torpaq sahəsinin digər hüquqi və fiziki şəxslərin adına reyestrdə qeydiyyata alınması, eləcə də iddiaçıya ayrılmış bağ sahəsinin digər şəxslərə məxsus torpaq sahələri ilə üst-üstə düşməsi barədə məhkəməyə hər hansı sübut təqdim ediməmişdir. Bu mənada məhkəmə xüsusilə vurğulayır ki, etibarlı və hüquqi qüvvəsini saxlayan müvafiq hüquqmüəyyənedici sənədlər əsasında daşınmaz əmlak üzərində hüququn qeydiyyata alınmasından davamlı imtina olunması “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsində təsbit edilmiş etimadın qorunması prinsipi baxımından inzibati orqanların fəaliyyətinin, habelə onlar tərəfindən qəbul edilən qərarların qanunauyğunluğuna fiziki (hüquqi) şəxslərin inam və etimadına ciddi zərbə vurduğu və bu baxımdan yolverilməz olduğu da nəzərə alınmalıdır. Mülki Məcəllənin 139.1-ci maddəsinə görə, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar həmin Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Bu qayda “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsində də nəzərdə tutulmuşdur. Eyni zamanda həmin Qanunun 10.2.1-ci maddəsində vurğulanır ki, hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan birinin olması kifayətdir. Bu normanın mətninə və məzmununa görə, Qanunun 8-ci maddəsində təsbit olunmuş əsaslardan (sənədlərdən) hər hansı birinin təqdim olunması cavabdeh tərəfindən qeydiyyatın aparılması üçün yetərli sayılmalıdır. İddiaçıya bağ torpaq sahəsinin ayrılması barədə qanunvericiliyin tələblərinə uyğun olaraq rəsmiləşdirilmiş protokoldan müvafiq çıxarış, eyni zamanda “Zərgərsənaye” Bağçılıq yoldaşlıq cəmiyyətinin üzvlük kitabçası iş materiallarına əlavə edilmişdir. Məhkəmə ilkin olaraq cavabdehin təqdim edilmiş sənədlərdə torpaq sahəsinin nömrəsində uyğunsuzluğun olması yəni, protokolun xx.xx.1999-cu il tarixli olmasına baxmayaraq, üzvlük kitabçasında protokolun tarixinin xx.xx.1999-cu il tarix kimi qeyd olunmasına münasibətdə onu qeyd edir ki, vaxtılə səlahiyyətli qurum hüquqmüəyyənedici sənədə hər hansı yalnışlığa və ya texniki səhvə yol vermişdirsə, bunun nəticəsi iddiaçıya əlavə məsuliyyət yaratmamalıdır. Çünki, iddiaçı “Zərgərsənaye” Bağçılıq yoldaşlıq cəmiyyəti tərəfindən verilən hüquqmüəyyənedici sənədlərdə yol verilmiş səhvə görə cavabdehlik daşımır. Belə olan halda məhkəmə hesab edir ki, qeyd olunan xarakterli texniki səhv mahiyyətə hər hansı təsir etməməklə formal imtina əsası qismində çıxış edir. Eyni zamanda qeyd olunmuş imtinanın əsası iddiaçının təqsir sferasından kənar olmaqla, aidiyyəti torpaq ayırmanı həyata keçirən qurumun səlahiyyətləri daxilində olan məsələdir. Adıçəkilən protokol və üzvlük kitabçası iddiaçı tərəfindən tərtib edilməmiş, tərtibetmə zamanı da iddiaçının iştirakı olmamışdır, bununla bağlı iddiaçının spesifik sahə üzrə məlumatı da olmamışdır ki, həmin hallar nəzərə alınmaqla imtinanın göstərilən dəlili də məhkəmə tərəfindən əsassız hesab edilməlidir. Belə ki, həmin protokol və üzvlük kitabçasında hər hansı səhvin mövcudluğu aydındır ki, dövlət orqanının birinin səhvinin digər dövlət orqanı tərəfindən aşkar edilməsi və bunun iddiaçının ziyanına şərh edilməsi işin hallarına, o cümlədən etimad hüququna dair tələblərə uyğun hesab edilməməlidir. Məhkəmə cavabdehin imtinasının digər əsası kimi qeyd etdiyi – elekton kadastr məlumatlarına əsasən göstərilən torpaq sahəsinin arxiv bölgü sxeminə uyğun olmaması münasibətdə isə qeyd edir ki, mövcud məhkəmə təcrübəsi bu qəbildə olan mübahisələrdə vətəndaşların ziyanına şərh edilməməsi kimi qiymətləndirir. Nəzərə alınmalıdır ki, “Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 7 mart 2016-cı il tarixli Fərmanının 2.3-cü bəndində göstərilmişdir ki, torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib edilməsi zamanı fiziki və hüquqi şəxslərin mülkiyyətindəki və qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqlarda və torpaq islahatı zamanı verilmiş pay torpaqlarında hüquqi və texniki sənədlərdəki məkan göstəriciləri ilə torpaqlardan faktiki istifadə vəziyyətinin məkan göstəriciləri arasında mövcud olan uyğunsuzluqların (sərhəd, yerləşmə və konfiqurasiya fərqlərinin) Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 43-cü maddəsinə uyğun olaraq yerquruluşu qaydasında aradan qaldırılmasını aşağıdakı tələblərə riayət etməklə həyata keçirsin: ... 2.3.5. ərazi vahidləri üzrə layihələrin, torpaqla bağlı normativ hüquqi aktların tələblərinə zidd olmadığı və digər şəxslərin hüquqlarının pozulmadığı hallarda, torpaqların faktiki istifadə vəziyyəti əsas götürülməklə tərtib edilməsi. Azərbaycan Respublikası iqtisadiyyat nazirinin 28 oktyabr 2021-ci il tarixli, F-144 nömrəli əmri ilə təsdiq edilmiş “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin” Nizamnaməsinin 3.0.20-ci maddəsində isə təsbit edilmişdir ki, Azərbaycan Respublikası vətəndaşlarının qanuni istifadəsindəki yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqların yerquruluşu işləri aparılmaqla və normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada torpaq istifadəçiliyində mövcud uyğunsuzluqlar aradan qaldırılmaqla, onların mülkiyyətinə verilməsini rəsmiləşdirmək DƏDKR-in vəzifəsidir. Bəhs edilən maddələrin normalarından aydın olur ki, hətta bağçılıq-yoldaşlığın bölgü sxemi idarənin arxiv qovluğunda aşkar edilməməsi belə, cavabdehin vəzifəsi sözügedən uyğunsuzluğu qanunvericiliklə müəyyən edilmiş qaydada aradan qaldırmaqla hüquqların qeydiyyatının aparılmasını təmin etməkdən ibarətdir. Beləliklə məhkəmə hesab edir ki, iddiaçıya verilmiş üzvlük kitabçası, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına və üzvlərin iclasının protokoluna uyğun olaraq verildiyindən iddiaçının torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının yarandığından mülkiyyət hüquqları qeydiyyata alınmalıdır. Beləliklə, məhkəmə cavabdehin imtinasında və iddia tələbinə dair yazılı etirazda istinad etdiyi əsaslarla bağlı qeyd edir ki, hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi üçün müəyyən olunmuş hallar “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsində sadalanmışdır və həmin hallar aşağıdakılardan ibarətdir: 15.1.1 – dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2 – hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3 – hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4 – daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5 – daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6 – bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Göründüyü kimi, qanunverici hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsaslarını dəqiq müəyyən etmişdir. Hazırkı mübahisəyə münasibətdə iş üzrə aparılmış araşdırma zamanı həmin hallardan hər hansı birinin mövcudluğu müəyyən edilməmişdir. Göründüyü kimi hüquqların dövlət qeydiyyatına alınmasından imtina əsasları konkret olaraq təsbit edilmişdir ki, hazırkı iş üzrə həmin hallar mövcud deyil. Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 14 oktyabr tarixli 135 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestrinin aparılması” Qaydalarının 23-cü bəndinin (Bina və qurğularla bağlı xüsusi məlumatların daxil edilməsi) müddəalarına görə, İ fəslin “İnventar nömrəsi” və “Liter" qrafalarında bina və qurğuların texniki uçot pasportlarındakı müvafiq eyniləşdirmə nömrələri göstərilir (23.1). İ fəslin “Mərtəbə” və “Yeraltı mərtəbə” qrafalarında müvafiq olaraq bina və qurğuların mərtəbələrinin və zirzəmidəki səviyyələrin sayı göstərilir. Bundan başqa, “Mərtəbə” qrafasında müvafiq sahənin (mənzilin) yerləşdiyi mərtəbənin (mərtəbələrin) nömrəsi qeyd edilir (23.2). İ fəslin “Mərtəbələr üzrə plandakı nömrələr” qrafası yalnız binanın və ya qurğunun mərtəbələr üzrə planındakı nömrələrindən başqa, heç bir ayrı nömrəsi olmayan sahələrə olan hüquqların qeydiyyatı zamanı doldurulur (23.3). Daşınmaz əmlak obyektində əsaslı dəyişikliklər (yenidənqurma işləri, obyektin birləşməsi, bölünməsi, ayrılması) aparılmadığı hallarda, obyektin mülkiyyətçisi, icarəçisi və ya istifadəçisi dəyişdirildikdə daşınmaz əmlakın dövlət reyestrində daşınmaz əmlaka yeni yaranan hüquqların dövlət qeydiyyatı yeni texniki pasport tərtib edilmədən, mövcud texniki pasportun göstəriciləri nəzərə alınmaqla aparılır. Daşınmaz əmlak obyektinin texniki pasportu dövlət texniki inventarlaşdırma orqanları tərəfindən verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 5 oktyabr tarixli 319 nömrəli qərarı ilə təsdiq edilmiş “Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün sənədlərin qəbulu, yoxlanılması və verilməsinin prosedur Qaydaları”nın 4.2-ci bəndinə əsasən, mərzçəkmə və texniki inventarlaşdırma işlərinin nəticəsində torpaq sahələrinə münasibətdə torpaq sahəsinin planı və ölçüsü, onlar üzərindəki daşınmaz əmlak obyektlərinə münasibətdə texniki pasport, plan-cizgi tərtib edilir. Azərbaycan Respublikası iqtisadiyyat nazirinin 28 oktyabr 2021-ci il tarixli F-144 nömrəli əmri ilə təsdiq edilmiş “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin nizamnaməsi”nin 3.1, 3.1.16-cı bəndlərinə əsasən, daşınmaz əmlakla, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərini aparmaq və texniki sənədləri (texniki pasport və torpaq sahəsinin planı və ölçüsünü) tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün yerquruluşu planlarını hazırlamaq DƏDKR-in vəzifələrinə aid edilmişdir. Normaların əlaqəli təhlilindən göründüyü kimi, daşınmaz əmlak kimi bina və qurğulara münasibətdə “texniki pasport”, torpaq sahələrinə münasibətdə isə “torpaq sahəsinin planı və ölçüsü” tərtib edilir. İPM-nin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
NƏTİCƏVİ HİSSƏ
Şərh olunanlara əsasən və İPM-nin 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. Bakı şəhəri, Qaradağ rayonu, Şıxlar-İİ bağ massivində yerləşən 478 kv. metrdən ibarət 4 saylı bağ sahəsi üzərində İddiaçı xüsusi mülkiyyət hüququnun Daşınmaz əmlakın dövlət Reyestrində qeydiyyata alınmaqla, həmin hüququnu təsdiq edən çıxarışın və plan ölçünün verilməsi öhdəliyi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Nəriman Abıyev