Məhkəmə qərarları › İş №2-1(112)-5774/2020

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-5774/2020

08.10.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-5774/2020 08.10.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mədətli Fərid İlham oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyev Teymur Budaq oğlunun katibliyi, İddiaçı Mayıl oğlunun, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Mayıl oğlunun cavabdeh Bakı Şəhər İcra Hakimiyyətinin Mənzil-Kommunal Təsərrüfat Departamentinə qarşı kirayə (icarə) müqaviləsinin bağlanması tələbinə dair iş üzrə iddianın mümkünlüyü məsələsinə açıq məhkəmə iclasında Bakı İnzibati Məhkəməsinin inzibati binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Mayıl oğlu cavabdeh Bakı Şəhər İcra Hakimiyyətinin Mənzil-Kommunal Təsərrüfat Departamentinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən 59 saylı mənzilə dair onunla daimi kirayə (icarə) müqaviləsinin bağlanması öhdəliyinin cavabdeh inzibati orqana həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddianın mümkünlük məsələsinin həlli ilə əlaqədar məhkəmə iclası 08 oktyabr 2020ci il tarixə təyin edilmiş, məhkəmə iclasına iddiaçı və cavabdehin nümayəndəsi gəlmiş, məhkəmə tərəflərin iştirakı ilə iddianın mümkünlüyü məsələsinə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında İddiaçı Mayıl oğlu iddia ərizəsinə uyğun məzmunda izahat verərək, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X2 izahatında göstərdi ki, iddiaçı Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Hafiz Quliyev küçəsi, 16 saylı evin 59 saylı mənzilinin sənədləşdirilməsi barədə Bakı Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinə müraciət etmişdir. Həmin mənzilə dair iddiaçıya ailə üzvləri ilə yaşaması üçün Suraxanı rayon XDS icraiyyət komitəsi tərəfindən xx.xx.1984-cü il tarixli, 000386 saylı xidməti order verilmişdir. Həmin mənzil xüsusi təyinatlı mənzil fonduna aid edildiyindən, sözügedən mənzilin xüsusi təyinatlı mənzil fondundan çıxarılmaqla onunla yenidən kirayə müqaviləsinin bağlanması üçün aidiyyəti üzrə Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinə müraciət etməlidir. İddiaçı mənzilin sənədləşdirilməsi ilə bağlı həmçinin onun təmsil etdiyi departamentə müraciət etmiş, departament tərəfindən ona cavab olaraq Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 91-ci maddəsinə əsasən xidməti yaşayış sahələrinin xüsusi təyinatlı mənzil fondunun yaşayış sahəsinə aid edildiyi, “Mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 6-cı maddəsinə əsasən xidməti mənzillərin özəlləşdirilməsinə yol verilmədiyi bildirilərək, qeyd edilən mənzilin təyinatının dəyişdirilərək, xüsusi təyinatlı mənzil fondundan sosial təyinatlı mənzil fondundan sosial təyinatlı mənzil fonduna keçirilməsinin Departamentin səlahiyyəti xaricində olduğu əsası ilə imtina verilmişdir. Həmin mənzil Departamentin deyil, Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinin balansındadır. Mənzil Bakı Şəhər İcra Hakimiyyətinin Mənzil-Kommunal Təsərrüfat Departamentinin balansına aid olmadığından, hazırki iddia tələbi üzrə Bakı Şəhər İcra Hakimiyyətinin Mənzil-Kommunal Təsərrüfat Departamenti iddiaya cavab verməli orqan olmadığından, iddianın mümkün sayılmaması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin iştirakları ilə işin hallarını və mübahisənin mahiyyətini müzakirə edib, iş materiallarını araşdırıb aşağıdakı əsaslara görə hesab edir ki, iddia tələbi mümkün sayılmamalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli, 10 aprel 2015-ci il tarixli Qərarında qeyd edilmişdir ki, “...Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. (1.3-cü bənd); Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. (1.4-cü bənd); Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. (2.1-ci bənd); Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini...yoxlamalıdırlar (2.3-cü bənd); İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar. (8.6-cı bənd); Həmin Qərarın 2.3-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yolverilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Plenumun qərarındakı hüquqi mövqelərə görə işə baxan məhkəmələr icraatın bütün mərhələlərində iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcud olubolmadığını yoxlamalıdırlar ki, həmin şərtlərdən biri də məhkəmə formal prosessual şərtləri araşdırdığı halda, iddianın əsaslı olub-olmaması yoxlanılarkən iddiaçının cavabdehə qarşı hər hansı maddi-hüquqi tələbinin və sonuncunun müvafiq qanunla müəyyən olunan cavabdehliyinin mövcud olub-olmamasıdır. Qaldırılan iddianın əsaslılığının araşdırılması üçün ilkin şərt iddianın mümkün olmasıdır. Mümkünlük şərtlərinin mövcudluğunu isə məhkəmə tərəflərin bunu tələb edibetməməsindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlayır. İddianın mümkünlük şərtlərinin yerinə yetirilməsi ilə bağlı sübutetmə vəzifəsi isə iddiaçının üzərinə düşür. Hazırki iddia tələbi üzrə iddiaçı yaşadığı ünvan 1 ünvanında yerləşən 59 saylı mənzilə dair onunla daimi kirayə (icarə) müqaviləsinin bağlanması öhdəliyinin Bakı Şəhər İcra Hakimiyyətinin Mənzil-Kommunal Təsərrüfat Departamentindən tələb edir. İşdə olan Suraxanı rayon XDS İcraiyyə Komitəsi tərəfindən verilmiş xx.xx.1984-cü il tarixli, 000386 saylı xidməti orderdən görünür ki, ünvan 1 ünvanında yerləşən 59 saylı mənzil ailə üzvləri ilə birlikdə yaşaması üçün İddiaçı Mayıl oğluna verilmişdir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 91.1 və 91.1.1-ci maddələrinə əsasən xidməti yaşayış sahələri xüsusi təyinatlı mənzil fondunun yaşayış sahələrinə (bundan sonra – xüsusi təyinatlı yaşayış sahələri) aiddir. “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun 6-cı maddəsinə əsasən təhsil müəssisələrinin yataqxanalarında, qəza vəziyyətində olan evlərdə, qapalı hərbi şəhərciklərin evlərində mənzillərin, eləcə də xidməti mənzillər özəlləşdirilməsinə yol verilmir. Göründüyü kimi iddiaçının onunla daimi kirayə müqaviləsinin bağlanmasını tələb etdiyi xüsusi təyinatlı mənzil fonduna aid edildiyindən, ilk növbədə həmin mənzilin xüsusi təyinatlı mənzil fondundan çıxarılmaqla, sosial təyinatlı mənzil fonduna keçirilməsi zəruridir. Mənzilin təyinatının dəyişdirilməsi isə cavabdeh orqanın deyil, rayon icra hakimiyyətinin səlahiyyəti daxilindədir. Həmçinin mübahisə mənzil Bakı Şəhər İcra Hakimiyyətinin Mənzil-Kommunal Təsərrüfat Departamentinin balansında deyil, Bakı şəhər Suraxanı Rayon İcra Hakimiyyətinin balansındadır. İşdə olan Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyəti tərəfindən iddiaçıya ünvanlanmış v-11/2-091/2-LH saylı, xx.xx.2018-ci il tarixli məktubdan görünür ki, iddiaçının sözügedən məznilin sənədləşdirilməsi barədə köməklik göstərilməsi barədə ərizəsinə baxılmış, ona Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 91-ci maddəsinə əsasə xidməti yaşayış sahələri xüsusi təyinatlı mənzil fonduna aid edildiyindən sözügedən mənzilin xüsusi təyinatlı mənzil fondundan çıxarılmaqla onunla yenidən kirayə müqaviləsinin bağlanması üçün qeyd olunan sənədlərin siyahısı göstərilərək, RİH-nə təqdim etməsi xahiş olunmuş, qeyd olunan sənədlər təqdim olunduqdan sonra müraciətində qaldırdığı məsələyə yenidən baxılacağı bildirilmişdir. Bununla belə iddiaçı həmin sənədləri Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinə təqdim etməmiş, əvəzində cavabdehə müraciət etmişdir. Sözügedən mənzil Bakı Şəhər İcra Hakimiyyətinin Mənzil-Kommunal Təsərrüfat Departamentinin balansında olmadığından, həmin orqan iddiaya cavab verməli orqan deyildir. Məhkəmə araşdırması dövründə cavabdeh Bakı Şəhər İcra Hakimiyyətinin Mənzil- Kommunal Təsərrüfat Departamentinin əsl cavabdeh Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyəti ilə əvəz edilməsinin mümkünlüyü araşdırılmış və müəyyən edilmişdir ki, iddiaçı tərəfindən Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinə əvvəlcədən müraciət edilsə də, Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyəti tərəfindən onun müraciətinin təmin edilməsindən imtina edilməmiş, əksinə təqdim etməli olduğu müvafiq sənədlərin siyahısı göstərilərək, həmin sənədləri təqdim etməsi, bundan sonra müraciətinə yenidən baxılacağı bildirilmişdir. Yəni Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyəti tərəfindən cavabdehin müraciətinin təmin edilməsindən imtina edilməsi iş materialları ilə müəyyən edilməmişdir. Göstərilən səbəbdən məhkəmə cavabdeh Bakı Şəhər İcra Hakimiyyətinin Mənzil- Kommunal Təsərrüfat Departamentinin əsl cavabdeh Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyəti ilə əvəz edilməsi mümkün hesab edilməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilən normanın tələbinə əsasən, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər- tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Beləliklə məhkəmə hesab edir ki, Bakı Şəhər İcra Hakimiyyətinin Mənzil-Kommunal Təsərrüfat Departamenti hazırkı iddiaya cavab verməli orqan olmadığından iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 35, 80, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Mayıl oğlunun cavabdeh Bakı Şəhər İcra Hakimiyyətinin Mənzil-Kommunal Təsərrüfat Departamentinə qarşı kirayə (icarə) müqaviləsinin bağlanması tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Fərid Mədətli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar