Məhkəmə qərarları › İş №2-1(112)-5776/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-5776/2023

26.07.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-5776/2023 26.07.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Məmmədova Sevda Rövşən qızının katibliyi iddiaçının nümayəndəsi (vəkili) Vəkil, cavabdehin nümayəndəsi X5 iştirakı ilə İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı «fərdi yaşayış evinə dair reyestrdə qeydiyyatda dəyişiklik edilməsi və yeni reyestrdən çıxarışın verilməsi» tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı «fərdi yaşayış evinə dair reyestrdə qeydiyyatda dəyişiklik edilməsi və yeni reyestrdən çıxarışın verilməsi» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişlər. İddia ərizəsində bildirilir ki, Bakı şəhəri, Yasamal rayonu, X21 küçəsi dalan 6, ev 3 ünvanında yerləşən fərdi yaşayış evinin paylı mülkiyyət hüququ əsasında 28 kv.m X13, 4 yaşayış otağı isə hazırkı İddiaçı məxsusdur. Bu barədə iddiaçıya 20 may 2022-ci il tarixdə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən reyestrdən çıxarış verilsə də, çıxarışda iddiaçıya məxsus daşınmaz əmlakın ölçüləri və parametrləri düzgün şəkildə öz əksini tapmamışdır. Belə ki, iddiaçının mülkiyyətində olan sahə ilk əvəllər onun anası X4 məxsus olmuş, daha sonra adıçəkilən fərdi yaşayış evi bacısı X6 mülkiyyətinə keçmiş və hazırda da onun mülkiyyətindədir. Onlar ailə olaraq adıçəkilən sahəni əldə etdikləri zaman və hazırda da onun sahiblik, istifadə və sərəncam hüququ olan hissə 4 yaşayış otağından ibarətdir. Bunu İdarənin mütəxəssisləri tərəfindən aparılan yoxlama ölçü işləri zamanı da təsdiq etmək mümkündür. Hüquqların dövlət qeydiyyatına alınması zamanı verilmiş reyestrdən çıxarışlarda ilk öncələr faktiki sahə öz əksini tapsa da, sonuncu çıxarış verilərkən naməlum şəxs kimi həmin fərdi yaşayış evinə heç bir aidiyyəti olmayan X14 “1 otaq” şəklində qeyd öz əksini tapmışdır. Halbuki, İdarədə mövcud olan arxiv sənədlərinə nəzər yetirilərsə belə bir şəxsin Bakı şəhəri, Yasamal rayonu, X21 küçəsi dalan 6, ev 3 ünvanında mülkiyyətinin olmadığı müəyyən ediləcəkdir. İdarənin bu hərəkəti nəticəsində faktiki olaraq iddiaçı mülkiyyətində olan yaşayış evinin ümumi sahəsi və faktiki olaraq sənəd üzrə 1 yaşayış otağından məhrum olunmuşdur. Göstərilənlərə və «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 16-cı maddəsinə əsasən Bakı şəhəri, Yasamal rayonu, X21 küçəsi dalan 6, ev 3 ünvanında yerləşən və İddiaçı mülkiyyətində olan sahənin dəqiqləşdirilərək daşınmaz əmlakın dövlət reyestrində müvafiq düzəlişlər edilməklə onun hüquqlarının qeydiyyatı haqqında yeni reyestrdən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi məhkəmədən xahiş olunur. Cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin iddiaya qarşı məhkəməyə təqdim olunmuş yazılı münasibətində (etirazında) bildirilir ki, İddiaçı iddiası etirazla qarşılanır. İddiaçı müvafiq iddia tələblə 29 sentyabr 2022-ci il tarixli ərizə ilə 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişdir. Aparılan araşdırma zamanı məlum olmuşdur ki, daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən fərdi yaşayış evi 3 otaqlı qeyd olunmuşdur. Lakin texniki baxış keçirilən zaman faktiki olaraq fərdi yaşayış evinin 4 otaqlı olduğu və ərizəçinin faktiki istifadəsində olduğu məlum olmuşdur. Odur ki, ərizəçinin faktiki istifadəsində olan əlavə otağa dair «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 8-ci maddəsinə uyğun hüquqmüəyyənedici sənədlər təqdim olunmuş sənədlər toplusuna əlavə edilməmişdir. Bu səbəbdən ərizənin icrası tərəfimizdən mümkün olmamışdır və iddiaçıya 16 noyabr 2022-ci il tarixli cavab məktubu ünvanlanmışdır. Göstərilənlərə və «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 8, 23-cü maddələrinə əsaslanaraq, İPM-in 48.2-ci maddələrinin tələblərini rəhbər tutaraq, iddianın təmin edilməməsi məhkəmədən xahiş olunur. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) Vəkil iddianı müdafiə etdi və onun təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X7 iddiaya qarşı məhkəməyə təqdim olunmuş yazılı münasibətdə (etirazda) göstərilənləri təsdiqlədi və iddianın əsassız olduğunu bildirdi. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə görə hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. İPM-in 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) müddəaları tətbiq oluna bilər. İPM-in 2.1-ci maddəsinə əsasən qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. İPM-in 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. MPM-in 76-cı maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. İş materiallarından görünür ki, 21 oktyabr 1995-ci il tarixdə Həsənov Ələkbər X3 arasında ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 64,5 kv.m, yaşayış sahəsi 32,8 kv,m olan ev müvafiq məbləğdə vəsait ödənilməklə Sevinc Məlikovaya satılmışdır. Müqavilədə ev əvvəlcə “3 otaqlı” göstərilsə də, sonradan müvafiq düzəliş edilək “4 otaqlı” kimi qeyd olunmuşdur. İş materiallarından görünür ki, 31 yanvar 1997-ci il tarixdə X12 ilə X16 Səidovna arasında ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 64,5 kv.m, yaşayış sahəsi 32,8 kv,m olan ev müvafiq məbləğdə vəsait ödənilməklə X16 Səidovnaya satılmışdır. İş materiallarından görünür ki, hədiyyə verən X18 Səidovna ilə hədiyyə alan İddiaçı arasında 6 may 2022-ci il tarixdə notarial qaydada bağlanmış “Daşınmaz əmlakın bağöışlanması müqaviləsi”nə əsasən hədiyyə verən Bakı şəhəri, Yasamal rayonu, X21 küçəsi, dalan 6, ev 3 ünvanında yerləşən ümumi sahəsi 111,4 kv.m, yaşayış sahəsi 65 kv.m, yardımçı sahəsi 46,4 kv.m olan 6 otaqlı fərdi yaşayış evinin paylı mülkiyyət üzrə ona məxsus hissəsindən 4 ya.ayış otağı 32,8 kv.m hissəni hissəni hədiyyə alanın mülkiyyətinə verməsi nəzərdə tutulmuşdur. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış”ın surətindən görünür ki, Bakı şəhəri, Yasamal rayonu, X21 küçəsi, dalan 6, ev 3 ünvanında yerləşən fərdi yaşayış evinin 28 kv.m hissəsi üzərində Məlikov X10, 3 yaşayış otağı 32,8 kv.m üzərində İddiaçı, 1 otaq üzərində X8 (açıq saxlanılmış) mülkiyyəti kimi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. «İnzibati icraat haqqında» Qanunun 1-ci maddəsinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 15-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Həmin Qanunun 19-cu maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Həmin Qanunun 63-ci maddəsinə əsasən inzibati orqan öz təşəbbüsü ilə və ya maraqlı şəxslərin ərizəsinə əsasən qəbul etdiyi inzibati aktda olan yazı və hesab səhvlərini düzəldə bilər. İnzibati orqan düzəliş edilməsi zəruri olan sənədi tələb edə bilər. İnzibati aktda düzəlişlər inzibati orqanın müvafiq vəzifəli şəxsinin və ya kollegial inzibati orqanın üzvlərinin imzası ilə təsdiq olunmalıdır. İnzibati orqan inzibati akta edilən düzəlişlər barədə bu Qanunun 62-ci maddəsində nəzərdə tutulmuş qaydada maraqlı şəxslərə rəsmi məlumat verməyə borcludur. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 2.1-ci madfdəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 4.1-ci maddəsinə görə 2006-cı il iyulun 6-dək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. Həmin Qanunun 8-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: - (8.0.3) daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı; - (8.0.8) bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. Həmin Qanunun 12.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. İPM-in 8.1.1-ci maddəsinə əsasən daşınmaz əmlakla, yaxud müəyyən ərazi ilə bağlı hüquq və ya hüquq münasibəti ilə əlaqədar inzibati mübahisələrə həmin əmlakın və ya ərazinin aid olduğu yerin məhkəməsi tərəfindən baxılır. İPM-in 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. «Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublikası Qanununun 43-cü maddəsinə görə inzibati məhkəmə Azərbaycan Respublikasının inzibati ərazi vahidləri üzrə təşkil edilir. İnzibati məhkəmənin təşkili və olduğu yer Məhkəmə-Hüquq Şurasının təklifi nəzərə alınmaqla Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32ci bəndinə uyğun olaraq müəyyən olunur, ərazi yurisdiksiyası isə Məhkəmə-Hüquq Şurası tərəfindən müəyyən olunur. Məhkəmə-Hüquq Şurasının 14 noyabr 2019-cu il tarixli 4 nömrəli qərarı ilə «Azərbaycan Respublıikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası» təsdiq edilmişdir. Qərara əsasən Bakı şəhərinin Yasamal rayonu Bakı İnzibati Məhkəməsinin ərazi yurisdiksiyasına aid olan ərazi vahididir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin 28 oktyabr 2021-ci il tarixli F-144 nömrəli əmri ilə təsdiq edilmiş «Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin Nizamnaməsi»nin (3.1.2-ci bənd) dövlət reyestrini tərtib etmək və aparmaq, hüquqların dövlət qeydiyyatını həyata keçirmək, o cümlədən dövlət reyestrində təminat qeydini aparmaq, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsinin və başqasına keçməsinin dövlət qeydiyyatının rəsmiləşdirilməsi məqsədilə dövlət reyestrindən elektron üsulla təqdim olunan çıxarış vermək, (3.0.14-cü bənd) hüquqların dövlət qeydiyyatı haqqında ərizəni və ərizəyə əlavə olunan sənədləri qəbul etmək, təqdim edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunu yoxlamaq, bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmadığını müəyyən etmək, hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya qeydiyyatının dayandırılması üçün əsas olmadığı halda təsdiqləyici sənədlər üzərində qeydlər yazmaq və dövlət reyestrinə müvafiq məlumatlar daxil etmək DƏDKR-ın vəzifələri sırasına daxildir. Cavabdeh inzibati orqan DƏDKR 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən iddiaçının müvafiq müraciətinə baxılaraq qaldırılan məsələnin həllindən imtina olunduğundan, tərəflər arasında inzibati mübahisə mövcuddur. Məhkəmə iş üzrə iddianın mahiyyəti üzrə baxılmasına imkan verən digər mümkünlük şərtlərinə (iddiaçının subyektiv hüququ, cavabdehin seçilməsi və s.) də qiymət verərək belə nəticəyə gəlir ki, iddia mümkün sayılır. Mübahisənin ərazi aidiyyəti belədir ki, mübahisə Bakı şəhərinin Yasamal rayonu ərazisində yerləşən daşınmaz əmlakla bağlı hüquq münasibəti ilə əlaqədar olduğundan, bu mübahisəyə İPM-in 8.1.1-cü maddəsinin tələblərinə uyğun baxılmalıdır. Odur ki, işə baxmaqda müvafiq daşınmaz əmlakın olduğu yer (Bakı şəhərinin Yasamal rayonu) üzrə inzibati məhkəmə kimi Bakı İnzibati Məhkəməsi səlahiyyətlidir. Mübahisənin mahiyyətinə gəldikdə isə, məhkəmə aşağıdakıları diqqətə çəkir: Mübahisə predmetini təşkil edən əmlak (Bakı şəhəri, Yasamal rayonu, X21 küçəsi, dalan 6, ev 3) paylı mülkiyyətdədir. Nəzərə alınmalıdır ki, həmin əmlakın 28 kv.m hissəsi üzərində Məlikov X10, 3 yaşayış otağı 32,8 kv.m üzərində İddiaçı mülkiyyət hüquqları qeydiyyata alınmış, 1 otaq üzərində X8 hüquqları isə açıq saxlanılmışdır. İddiaçı iddia edir ki, X8 1 otağa münasibətdə hər hansı hüquqları olmadığı halda, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışda həmin şəxsin adı qeyd olunmuşdur. Bu səbəbdən iddiaçı çıxarışda düzəliş edilməsini və fərdi yaşayış evinə dair yeni çıxarışın verilməsini xahiş edir. İddiaçının iddiasının əsaslı olub-olmaması istiqamətində qiymətləndirmənin aparılması üçün iddia olunan fərdi yaşayış evinin (Bakı şəhəri, Yasamal rayonu, X21 küçəsi, dalan 6, ev 3) ilkin qeydiyyatına əsas olmuş sənədlər tələb olunmuşdur. Məhkəmə icraatı zamanı təqdim olunmuş sənədlər toplusundan məlum olur ki, Nərimanov Rayon Xalq Məhkəməsinin 2-243/93 nömrəli, 16 fevral 1993-cü il tarixli məhkəmə qərarına əsasən ünvan 4 ünvanında yerləşən 4 otaqlı sahəsi 44 kv.m olan fərdi yaşayış evi üzərində X8 mülkiyyət hüquqları tanınmışdır. Daha sonra X14 ilə X12 arasında alqı-satqı müqaviləsi bağlanmış və ünvan 4 ünvanında yerləşən ümumi sahəsi 64,5 kv.m, yaşayış sahəsi isə 32,8 kv.m olan üç otaqlı mənzil X1. Bundan sonra X12 ilə X20 Səidovna arasında 31 yanvar 1997-ci il tarixdə alqı-satqı müqaviləsi bağlanmış və həmin mənzil X20 Səidovnaya satılmışdır. Son olaraq ünvan 4 ünvanında yerləşən ümumi sahəsi 64,5 kv.m, yaşayış sahəsi isə 32,8 kv.m olan üç otaqlı mənzil bağışlama müqaviləsinə əsasən İddiaçı mülkiyyətinə verilmişdir. Göründüyü kimi, iddiaçının iddia olunan əmlak üzərində mülkiyyət hüquqlarının qeydiyyatının əsasında mülki əqd (bağışlama müqaviləsi) dayanır. Nəzərə alınmalıdır ki, həmin əmlak üzərində ilkin olaraq X8 mülkiyyət hüquqları tanınmış, daha sonra bağlanmış mülki əqdlər nəticəsində əmlak üzərində mülkiyyət hüquqları digər fiziki şəxslərə və ən sonda hazırki iddiaçıya keçmişdir. Doğrudur ki, ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evi üzərində X8 mülkiyyət hüquqları tanınarkən məhkəmə qətnaməsində həmin əmlakın 4 otaqdan ibarət olduğu və ümumi sahəsinin 44 kv.m təşkil etdiyi göstərilmişdir. Lakin sonradan həmin fərdi yaşayış evinin satılması ilə əlaqədar bağlanmış alqı-satqı müqavilələrində fərdi yaşayış evinin 4 otaq deyil, 3 otaqdan ibarət olduğu göstərilmişdir. Xüsusi ilə qeyd olunmalıdır ki, fərdi yaşayış evinin faktiki ölçülərinə münasibətdə də dəyişiklik olmuş, sahənin 44 kv.m deyil, 64,5 kv.m təşkil etdiyi göstərilmişdir. Halbuki, fərdi yaşayış evinin ilkin mülkiyyətçisi X14 daşınmaz əmlak üzərində öz sahiblik, istifadə və sərəncam hüquqlarından müəyyən haqq müqabilində imtina edərkən, fərdi yaşayış evində olan hüquqların tam olaraq X2 öz iradə ifadəsini nümayiş etdirmişdir. Nəticə etibarı ilə həmin əmlakın otağ sayı ilə bağlı ziddiyyətli məqamlar (3 və ya 4 otaq olması) digər mülki əqdlərin bağlanması zamanı da yaranmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Xüsusi mülkiyyət sosial öhdəliklərə səbəb olur. Sosial ədalət və torpaqlardan səmərəli istifadə məqsədi ilə torpaq üzərində mülkiyyət hüququ qanunla məhdudlaşdırıla bilər. Dövlət vərəsəlik hüququna təminat verir. Nəzərə alınmalıdır ki, müvafiq evin iddiaçıya aid olan hissəsinin sahəsi dəyişdirilmədən 3 otaqlı və ya 4 otaqlı kimi qeydiyyat alınması başqa şəxslərin mənafelərinə toxunmur. Odur ki, məhkəmənin qənaətinə görə cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin iddiaçının müraciəti üzrə reyestrdə aparılmış qeydiyyatın dəyişdirilməsindən (3 otaqlını 4 otaqlıya düşəliş edilməsindən) imtinası qanuna zidd və iddiaçının hüquqlarının pozulmasına səbəb olan kimi qiymətləndirilməlidir. İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi-hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. İPM-in 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilərək, Bakı şəhəri, Yasamal rayonu, X21 küçəsi dalan 6, ev 3 ünvanında yerləşən evin İddiaçı mülkiyyətində olan hissəsinin 4 otaqlı kimi göstərilərək daşınmaz əmlakın dövlət reyestrində müvafiq düzəlişlər edilməsi və yeni reyestrdən çıxarışın verilməsi öhdəliyi cavabdeh DƏDKR 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulmalıdır. Yuxarıda göstərilənlərə əsaslanaraq və İPM-in 4, 52, 69, 75, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. Bakı şəhəri, Yasamal rayonu, X21 küçəsi dalan 6, ev 3 ünvanında yerləşən evin İddiaçı mülkiyyətində olan hissəsinin 4 otaqlı kimi göstərilərək daşınmaz əmlakın dövlət reyestrində müvafiq düzəlişlər edilməsi və yeni reyestrdən çıxarışın verilməsi öhdəliyi cavabdeh DƏDKR 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apelyasiya şikayəti verilə bilər. Hakim Rüstəm Kərimli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar