Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-5776/2024 09.07.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi, İddiaçı, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinə qarşı (zəruri cəlbetmə qaydasında üçüncü şəxslər X9, X7, X12 və X17) yaşayış yeri üzrə qeydiyyatdan çıxarılma öhdəliyinin inzibati orqanın üzərinə qoyulmasına dair iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ünvan 1 ünvanında yerləşən və iddiaçının mülkiyyətində olan mənzildə qeydiyyatda olan üçüncü şəxslər X5 və X3 göstərilən ünvan 2 ünvandan qeydiyyatdan çıxarılması öhdəliyini cavadehin-Yasamal Rayon Polis İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. İddiaçı məhkəməyə ərizə təqdim edərək iddia tələbinin “X6, X13, X1 və X4 Bakı şəhəri, ünvan 4 ünvanından qeydiyyatdan çıxarılması öhdəliyinin qoyulması” kimi dəyişdirilməsini xahiş etmişdir.
3. Məhkəmənin hazırkı iş üzrə xx.xx.2024-cü il tarixli qərardadı ilə X6, X17 inzibati məhkəmə icraatına zəruri cəlbetmə qaydasında üçüncü şəxs qismində cəlb olunmuşdurlar. İddia tələbi “X6, X13, X1 və X4 Bakı şəhəri, ünvan 4 ünvanından qeydiyyatdan çıxarılması öhdəliyinin qoyulması” kimi dəyişdirilmişdir.
4. Tələb onunla əsaslandırılmışdır ki, ünvan 5 ünvanında yerləşən ev iddiaçının xüsusi mülkiyyətindədir. Hazırda yuxarıda göstərilən mənzili satmaq istəyərkən Notariat ofisində iddiaçıya məlum oldu ki, mənzildə 2 (iki) nəfər şəxs qeydiyyatdadır. Həmin mənzilin çıxarışını 1991-ci ildə almışdır. Adları aşağıda qeyd olunan şəxslər qeyri-qanuni olaraq mənzildə pasport qeydiyyatına düşmüşdür. Həmin şəxslər aşağıdakılardır: 1.X14, 2.X10
5. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanan imtina məktubunda qeyd edilmişdir ki, "Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında" Azərbaycan Respublikasının Qanununun müvafiq Maddəsinə əsasən şəxs yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüquqlarına xitam verildikdə məhkəmənin qanuni qüvvəsini almış qətnamə əsasında müvafiq İcra Hakimiyyəti orqanları tərəfindən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. Eyni zamanda bildirilmişdir ki, mülkiyyətçisi olduğu Bakı şəhəri, ünvan 4 ünvanından X1 və X4 qeydiyyatdan çıxarılması ilə əlaqədar mülki qaydada məhkəməyə müraciət edə bilərlər.
6. Cavabdeh Yasamal Rayon Polis İdarəsi tərəfindən məhkəməyə ünvanlanan xx.xx.2024-cü il tarixli məktubda İddiaçı ərizəsi üzrə işə cavabdeh qurumun səlahiyyətli nümayəndəsinin iştirakı olmadan baxılması xahiş edilmişdir.
7. Məhkəmə iclasında iştirak edən iddiaçı izahat verərək bildirdi ki, həmin evi vaxtilə X8 və onun həyat yoldaşından alıb, evinin nömrəsi 11A-dır və 11 nömrəli ev onun evi ilə ayrı olmaqla bir həyətdədir. Həyət bütövlükdə vaxtilə X8 və onun həyat yoldaşına məxsus olub.
8. Məhkəmənin əvvəlki iclasında iştirak edən X9, X12, X7 və vəkili izahat verərək bildirdi ki, bir ailənin üzvləridirlər, həmin evi vaxtilə X8 və onun həyat yoldaşından alıblar, evinin nömrəsi 11-dir və 11A nömrəli ev onlarınn evi ilə ayrı olmaqla bir həyətdədir. Həyət bütövlükdə vaxtilə X8 və onun həyat yoldaşına məxsus olub. Evə qeydiyyata düşmək üçün də vaxtilə X8 tərəfindən polis idarəsinə müvafiq ərizə təqdim edilib.
II. İddianın növü və mümkünlüyü
9. Məhkəmə hesab edir ki, hazırki iddia inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) dair iddiadır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarına əsasən, Daxili İşlər Nazirliyinin ərazi və ixtisaslaşdırılmış polis rayon və şöbələri inzibati orqanların təsnifatına aid edilmişdir.
10. Məhkəmə qeyd edir ki, iddiaçı mənzilin mülkiyyətçisidir.
11. Аzərbаycаn Rеspublikаsının İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında) inzibati məhkəmə icraatı qaydasında baxılır.
12. İddianın növü öhdəliyin icrasında dair iddiadır. İddia mümkündür.
III. Məhkəmə tərəfindən tədqiq edilən sübutlar
13. Məhkəmənin hazırkı iş üzrə xx.xx.2024-cü il tarixli qərardadı ilə X9, X7 inzibati məhkəmə icraatına zəruri cəlbetmə qaydasında üçüncü şəxs qismində cəlb olunmuşdurlar.
14. Məhkəmənin hazırkı iş üzrə xx.xx.2024-cü il tarixli qərardadı ilə X12 və X17 inzibati məhkəmə icraatına zəruri cəlbetmə qaydasında üçüncü şəxs qismində cəlb olunmuşdurlar.
15. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi məhkəmənin sorğusuna cavab olaraq bildirmişdir ki, Bakı şəhəri, ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evi İddiaçı adına qeydiyyata alınmışdır və hazırda mülkiyyətindədir. X9, X1 Bakı şəhəri, ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evi üzərində istifadə hüquqlarının qeydiyyata alınması ilə bağlı məlumat aşkar edilməmişdir.
16. Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi Qeydiyyat Vəsiqəsinə əsasən Bakı şəhəri, ünvan 4 İddiaçı adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmişdir.
17. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli arayışdan görünür ki, X9 (xx.xx.1954-cü il təvəllüdlü), X7 (xx.xx.1974-cü il təvəllüdlü), X12 (xx.xx.1976-cı il təvəllüdlü) və X17 (xx.xx.1955-ci il təvəllüdlü) Bakı şəhəri, ünvan 4 ünvanında qeydiyyatdadırlar.
18. Bakı şəhər Yasamal rayonu İcra Hakimiyyəti Yasamal rayon Mənzil-Kommunal Təsərrüfat Birliyi 22 saylı Mənzil-Kommunal İstismar sahəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli Arayışa əsasən bildirilir ki, Bakı şəhəri, ünvan 4 ünvanında olan mənzildə xx.xx.2002-ci il tarixindən hal-hazıradək X9, X7 və X12 qeydiyyatdadırlar və faktiki yaşayırlar.
19. Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyəti məhkəmənin sorğusuna cavab olaraq bildirmişdir ki, Yasamal rayonu, 11-ci Xrebtovı küçəsinin adı Bakı Şəhər Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin xx.xx.1967-ci il tarixli, 58/2733 nömrəli Qərarı ilə dəyişdirilərək Dadaş Bünyadzadə küçəsi adlandırılmışdır.
20. X9, X7 və X12 bir ailənin üzvləridirlər və əvvəlki məhkəmə iclasında (vəkil tərəfindən) təqdim edilən ərizəyə əsasən müəyyən olunur ki, yaşadıqları evə qeydiyyata alınma üçün əsas qismində vaxtilə keçmiş mülkiyyətçi X2 ərizəsi olmuşdur. Həmin ərizəyə əsasən, o, X4 ünvan 8 ünvanına qeydiyyata alınmasına etiraz etmədiyini bildirmişdir.
IV. Məhkəmənin mövqeyi
21. Üçüncü şəxslər həmin ünvanda faktiki olaraq yaşamır, bu ünvandakı qeydiyyatları hazırda formal xarakter daşıyır, cavabdeh qurumun imtinası iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir.
22. Şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitədir və bu məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir.
23. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarına əsasən: - Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitə olmaqla məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir. - “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir. - Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər.
24. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin 5-ci bəndinə əsasən, yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır.
25. Konstitusiya Məhkəməsinin qeyd edilən qərarda ifadə etdiyi mövqeyə əsasən: ... mükiyyətçiyə məxsus yaşayış sahəsinə qeydiyata alınmış, lakin həmin yaşayış sahəsindən istifadə hüququ olmayan və orada faktiki yaşamayan şəxslərin qeydiyyatdan çıxarılması məsələsi ilə əlaqədar Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi zəruri hesab edir ki, bu hallarda qeydiyyatda olan şəxslərin mülkiyyətçinin ərizəsi əsasında inzibati orqan tərəfindən qeydiyyatdan çıxarılması məsələsi qanunvericilikdə birmənalı qaydada tənzimlənməsə də, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinin 1-ci bəndinin mənasına görə bu mümkün hesab edilməlidir. Belə ki, qeyd edilən norma məhz şəxsin yaşayış yerini dəyişdiyi halda müvafiq icra hakimiyyəti orqanının məlumatı əsasında onun əvvəlki yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasını müəyyən edir. Qanunun bu normasında nəzərdə tutulmuş “şəxsin yaşayış yerini dəyişməsi” ifadəsi “şəxsin həmin yaşayış sahəsində yaşamaması” mənasını da ehtiva edir. ...Qeyd edilməlidir ki, şəxsin yaşayış yerindən qeydiyyatdan çıxarılması onun üçün hər hansı əlverişsiz hüquqi nəticələr yaratmamaqla yanaşı, yaşayış sahəsi üzrə, ümumiyyətlə qeydiyyatsız qalmalarına da səbəb olmur. Belə ki, həmin şəxslər özlərinin yeni yaşayış yerləri üzrə və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 9 aprel 2003-cü il tarixli, 55s nömrəli Sərəncamına uyğun olaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin şəxsiyyət vəsiqəsi verən müvafiq orqanının ünvanı üzrə qeydiyyata alına bilərlər... ...Nəzərə alınmalıdır ki, Konstitusiya Məhkəməsi Plenumunun son illərdə qəbul etdiyi Qərarlar mülkiyyətçinin hüquqlarının müdafiəsinə, üçüncü şəxslərin yaşayış sahəsinə dair əmlak hüquqlarının mövcudluğunun mülkiyyətçinin hüquqlarının, o cümlədən sərəncam hüququnun realizəsinə maneəçilik yaratmamasına istiqamətlənmişdir. ...Mülkiyyətçinin iradə ifadəsi olan razılıq ərizəsi ilə ona məxsus yaşayış sahəsinə digər şəxsin qeydiyyata alınması nəticəsində yaranmış hüquqi münasibətlərə mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilə bilər. Belə ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunda əsas müddəa kimi təsbit edilən yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola biləcəyi nəzərə alınmaqla yaşayış sahəsinə münasibətdə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında müvafiq icra hakimiyyəti orqanı (inzibati orqan) tərəfindən qeydiyyatdan çıxarılması təmin olunmalıdır. Əks halda məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər....
26. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 13-cü maddəsinə görə konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. Əvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda, həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir.
27. Məhkəmə qeyd edir ki, inzibati icraat çərçivəsində “inzibati aktın qəbulu”ndan imtina, “inzibati aktın qəbulu ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi”ndən imtinadan inzibati münasibətlərin bəzi səciyyəvi xüsusiyyətləri istisna olmaqla mahiyyət etibarı ilə (hər ikisi publik hüquq sahəsində cavabdehin imtinasından və ya hərəkətsizliyindən yaranır) fərqlənmir. Həmin münasibətlər oxşar olduğundan, onlardan yaranan mübahisələr də oxşar qiymətləndirilir. Belə olan halda, “qanunun analogiyası”ndan istifadə zəruridir. Məhkəmənin qənaətinə görə inzibati məhkəmə icraatında “öhdəliyin icrası haqqında” iddialarda da İPM-in 33.1, 33.2, 73.1-ci maddələri tətbiq oluna bilər.
28. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, üçüncü şəxslərdən X9, X7, X6 yaşadıqları evlə iddiaçının evi fərqli evlərdir. Lakin məhkəmənin qənaəti üçün həlledici məqam ondan ibarətdir ki, vaxtilə üçüncü şəxs(lər)in qeydiyyata alınmaları üçün əsas qismində keçmiş mülkiyyətçi X2 ərizəsi olmuşdur. Həmin ərizəyə əsasən, o, X4 ünvan 8 ünvanına qeydiyyata alınmasına etiraz etmədiyini bildirmişdir. Aydındır ki, digər ailə üzvlərinin qeydiyyata alınması həmin ərizəyə əsaslanmışdır. Belə olan təqdirdə, üçüncü şəxslər vaxtilə müvafiq ərizə əsasında Bakı şəhəri, Yasamal rayonu, 11-ci Xrebtovı küçəsi 11 nömrəli evə qeydiyyata alınmalı olduqları halda, iddiaçıya məxsus 11A nömrəli evə qeydiyyata alınıblar. Üçüncü şəxslərdən X13 isə qeyd edilən evdə yaşaması müəyyən olunmur.
29. Odur ki, məhkəmə hesab edir ki, iddia təmin edilməli, cavabdehin hərəkətləri qanunsuz hesab edilməli, X9, X7, X12 və X17 Bakı şəhəri, ünvan 4 ünvanından yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyi Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin üzərinə qoyulmalıdır.
30. Göstərilənlərə əsasən və İPM-in 2.3, 13, 52, 68, 69, 75, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ:
İddia təmin edilsin. X9, X7, X12 və X11 Bakı şəhəri, ünvan 4 ünvanından yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması vəzifəsi cavabdeh Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər.
Hakim Günel Sevdimalıyeva