Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-578/2025 07.01.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Ağalarov Həmid Azər oğlunun sədrliyi, məhkəmə iclasının katibi Şirinova Lamiyə Fehruz qızının katibliyi, İddiaçı, iddiaçının nümayəndəsi və vəkili Vəkil, iddiaçının vəkili X5, üçüncü şəxs X2 nümayəndəsi X6, üçüncü şəxs "xxxx" MTK-nın nümayəndəsi X21 iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehə qarşı, X7 və "xxxx" MTK üçüncü şəxs qismində cəlb edilməklə “sərəncamların ləğvi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.B.Vəzirov küç.56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Cavabdehin xx.xx.2008-ci il tarixli, 115 nömrəli, xx.xx.2008-ci il tarixli 220 nömrəli və xx.xx.2008-ci il tarixli 405 nömrəli sərəncamlarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yerləşən xx.xx.1988-ci ildən 1993-cü ilin noyabrın sonuna kimi 4 nəfər ailə üzvü ilə birgə yaşamışdır. Həmin mənzil 1993-cü ildən Füzuli rayonundan olan məcburi köçkünlər tərəfindən zəbt edilib. Məcburi köçkün olan X11 5 nəfər ailə üzvü ilə birlikdə zəbt etdiyi yerdə həmin vaxtdan yaşayır. Sonradan Cavabdeh başçısının müvafiq sərəncamları ilə qanunsuz olaraq ünvan 1 ünvanı Nərimanov rayonu, Qarabağ küçəsiev 46, mənzil 9 ünvanı adı ilə X2 adına rəsmiləşdirilmişdir. Cavabdeh başçısının xx.xx.2008-ci il tarixli 115 nömrəli sərəncamının surətindən görünür ki, Nərimanov rayonu, Qarabağ küçəsindəki 46 saylı evin 3 otaqlı,yaşayış sahəsi 44.0 kv.m olan 4-cü mənzilinin yaşayış sahəsinin bölünməsi, Nərimanov RİH-in xx.xx.2004-cüil tarixli 435 saylı sərəncamı ilə Nərimanov rayonu, Qarabağ küçəsindəki 46 saylı evin 4-cü mənzilinə birləşdirilmiş olan 1 otaqlı yaşayış sahəsi 17,5 kv.m olan 9-cu mənzilinə ailə tərkibi 3 nəfər olmaqla vətəndaş X12 ayrılmışdır. Cavabdeh başçısının xx.xx.2008-ci il tarixli 220 nömrəli sərəncamın surətindən görünür ki, Nərimanov rayonu, Qarabağ küçəsindəki 46 saylı evin boşalmış 1 otaqlı yaşayış sahəsi 21,1 kv.m olan 8-ci mənzilinin yaşayış sahəsi həmin mənzilə bitişik və vətəndaş X8 icarədarı olduğu qonşu 1 otaqlı yaşayış sahəsi 17,5 kv.m olan 9-cu mənzilin yaşayış sahəsinə birləşdirilməsi, Qarabağ küçəsindəki 46 saylı evin 9-cu mənzili yaşayış sahəsi 38,6 kv.m olmaqla 2 otaqlı hesab edilməsi qərara alınmışdır. Cavabdeh başçısının xx.xx.2008-ci-ci il tarixli 405 nömrəli sərəncamın surətindən görünür ki, Nərimanov rayonu, Qarabağ küçəsindəki 46 saylı evin boşalmış 2 otaqlı yaşayış sahəsi 38,6 kv.m olan 9-cu mənzilinin yaşayış sahəsi 21,1 kv.m olan qismən şəraitli yaşayış otağının X1 istifadəsinə verilməsi, sahəsi 17,5 kv.m. olan qismən şəraitli otağın X8 istifadəsində saxlanması qərara alınmışdır. Beləliklə, göründüyü kimi cavabdeh belə bir səlahiyyəti olmadığı halda iddiaçıya məxsus mənzili digər şəxslərin istifadəsinə vermişdir. İddiaçı xx.xx.2024-cü il tarixdə iddianın dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdehin xx.xx.2008-ci il tarixli 220 nömrəli sərəncamının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə, iddiaçı tərəfin verdiyi iddianın dəyişdirilməsi barədə ərizə qeyd edilən məzmunda icraata qəbul edilmişdir. İddiaçının nümayəndəsi və vəkili xx.xx.2024-cü il tarixdə iddianın dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh Başçısının xx.xx.2008-ci il tarixli, 220 nömrəli və xx.xx.2008-ci il tarixli 405 nömrəli sərəncamlarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə, iddiaçı tərəfin verdiyi iddianın dəyişdirilməsi barədə ərizə qeyd edilən məzmunda icraata qəbul edilmişdir. xx.xx.2024-cü il tarixdə X7 vəsatətlə məhkəməyə müraciət edərək, onun üçüncü şəxs qismində cəlb edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə, X7 üçüncü şəxs qismində (zəruri cəlbetmə) inzibati məhkəmə icraatına cəlb edilmişdir. xx.xx.2024-cü il tarixdə "xxxx" MTK-nın nümayəndəsi X25 vəsatətlə məhkəməyə müraciət edərək, onun üçüncü şəxs qismində cəlb edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə, "xxxx" MTK üçüncü şəxs qismində (zəruri cəlbetmə) inzibati məhkəmə icraatına cəlb edilmişdir. Cavabdeh iddia ərizəsinə qarşı yazılı etiraz təqdim edərək, iddiaçının subyektiv hüququ olmadığından iddianın mümkün sayılmamasını xahiş etmişdir. Üçüncü şəxs X7 iddia ərizəsinə qarşı yazılı etiraz təqdim edərək, iddia verilməsi üçün müddət ötürüldüyündən iddianın mümkün sayılmamasını xahiş etmişdir. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və tərəflər işin halları, mübahisənin vəziyyəti və iddianın mümkünlüyü ilə bağlı məsələlərin müzakirəsi üçün məhkəməyə dəvət olunmuşlar. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə gəlməyən cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı, onun vəkili və nümayəndəsi və vəkili iddia tələbinin dəlillərinə uyğun izahat verərək, iddianın mümkün hesab edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs X2 nümayəndəsi iddianın mümkün hesab edilməməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs "xxxx" MTK-nın nümayəndəsi işə mahiyyəti üzrə baxılıb müvafiq qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iştirak edən şəxsin izahatlarını dinləyib, iddia ərizəsini və digər sənədləri nəzərdən keçirərək, hesab edir ki, iddia mümkün sayılmamalıdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(005)- 657/2018 nömrəli qətnaməsi ilə, İddiaçı cavabdehlər "xxxx" MMC-yə, X13, X3, X4, X16, X14, X15 və Cavabdehə, üçüncü şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə qarşı “çıxarışın etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi təmin edilməmişdir; - Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(102)-807/2019 nömrəli qərarı ilə, İddiaçı kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin MK-nın hazırkı iş üzrə 11 iyul 2018-cı ıl tarixli qətnaməsi (Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(103)-6357/2018 nömrəli qətnaməsi ilə, İddiaçı apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-657/2018 saylı 09 mart 2018-ci il tarixli qətnaməsi İddiaçı münasibətdə dəyişdirilmədən saxlanılmışdır) dəyişdirilmədən saxlanılmışdır. Həmin qərarda göstərilmişdir ki, iddiaçı 8 saylı trestdə mənzil növbəsində olmaqla Bakı şəhəri, Ə.Naxçıvani küçəsi ev 44, mənzil 102-ni əldə etmişdir. İddiaçı iddia ərizəsində göstərmişdir ki, xx.xx.1988-ci il tarixdən 1993-cü ilin noyabr ayının axırına kimi 4 nəfər ailə üzvü ilə birlikdə Qarabağ küçəsində yerləşən 46 saylı evin 8 saylı mənzilində yaşamışdır. Lakin iddiaçı bununla bağlı hər hansı bir sübut məhkəməyə təqdim etməmişdir. Bakı şəhəri, Nərimanov rayonu, Qarabağ küçəsi 46 nömrəli evin, 8 saylı mənzildə 1993-cü ildən Füzuli şəhərindən məcburi köçkün olan X11 beş nəfər ailə üzvü ilə birlikdə yaşamışdır. Sonradan Cavabdeh başçısının müvafiq sərəncamları əsasında Bakı şəhəri, Nərimanov rayonu, Qarabağ küçəsi 46 nömrəli evin, 9 saylı mənzili X2 adına rəsmiləşdirilmişdir. Hazırda da həmin mənzil onun mülkiyyətindədir. Qeyd olunan ərazidə aparılan tikinti yenidənqurma işləri ilə bağlı həmin mənzildə daxil olmaqla bina sökülmüş və binanın bütün sakinlərinə, eləcə də mübahisələndirilən mənzilə mülkiyyət hüququ olan M.Ç.Xanlarova ilə müqavilə bağlanılaraq ona mənzil verilməsi öhdəliyi ‘Ailə Park" MMC tərəfindən üzərinə götürülmüşdür. İddiaçı Bakı şəhəri, Nərimanov rayonu, Qarabağ küçəsi 46 nömrəli evin, 8 saylı mənzilinə hər hansı hüququnun olmasını təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. - MA seriyalı ******* nömrəli çıxarışın surətindən görünür ki, Baklı şəhəri, Nərimanov rayonu, Qarabağ küçəsi, ev 46, 9 saylı mənzil X2 xüsusi mülkiyyətindədir; - Cavabdeh başçısının xx.xx.2008-ci il tarixli, 115 nömrəli sərəncamının surətindən görünür ki, Qarabağ küçəsindəki 46 №-li evin 3 otaqlı, yaşayış sahəsi 44,0 kv.m. olan 4-cü mənzilinin yaşayış sahəsinin bölünməsi, Nərimanov RİH-in xx.xx.2004-cü il tarixli, 435 saylı sərəncamı ilə Qarabağ küçəsindəki 46 №-li evin 4-cü mənzilinə birləşdirilmiş olan 1 otaqlı, yaşayış sahəsi 17,5 kv.m. olan 9-cu mənzilinə ailə tərkibi 3 nəfər olmaqla vət. X17 ilə ayrıca mənzil icarə müqaviləsi bağlanması qərara alınmışdır; - Cavabdeh başçısının xx.xx.2008-ci il tarixli, 220 nömrəli sərəncamının surətindən görünür ki, Qarabağ küçəsindəki 46 №-li evin boşalmış 1 otaqlı yaşayış sahəsi 21,1 kv.m. olan 8-ci mənzilinin yaşayış sahəsinin həmin mənzilə bitişik və vət. X9 icarədarı olduğu qonşu 1 otaqlı yaşayış sahəsi 17,5 kv.m. olan 9-cu mənzilin yaşayış sahəsinə birləşdirilməsi, Qarabağ küçəsindəki 46 №-li evin 9-cu mənzili yaşayış sahəsi 38,6 kv.m. olmaqla 2 otaqlı hesab edilməsi qərara alınmışdır; - Cavabdeh başçısının xx.xx.2008-ci il tarixli, 405 nömrəli sərəncamının surətindən görünür ki, Qarabağ küçəsindəki 46 №-li evin 2 otaqlı, yaşayış sahəsi 38,6 kv.m. (17,5 kv.m. + 21,1 kv.m.) olan 9-cu mənzilinin yaşayış sahəsinin bölünməsi, sahəsi 21,1 kv.m. olan qismən şəraitli yaşayış otağının X1 istifadəsinə verilməsi, sahəsi 17,5 kv.m. olan qismən şəraitli yaşayış otağının X9 (özü, oğlu, qızı) istifadəsində saxlanılması qərara alınmışdır. -Nərimanov Rayonu Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin xx.xx.1988-ci il tarixli 12/233 saylı qərarından görünür ki, Spandaryan küçəsi, 42 saylı evin birinci mərtəbəsinə yerləşən 4 mənzilin - 6,7,8, 9 saylı mənzillərin bərpa olunmaq üçün Leytenant Şmidt adına zavoda, Spandaryan küçəsi, 42 saylı evdə yerləşən iki ədəd bir otaqlı mənzillərin və Spandaryan küçəsi, 46 saylı evdə yerləşən bir otaqlı mənzili 8 saylı trestə; Q.Rəşad küçəsi, 11 saylı evdə yerləşən iki ədəd - bir otaqlı mənzillərin və B.Dadaşov küçəsi, 8 saylı evdə yerləşən (bir) bir otaqlı mənzilin “Elektrosentrolit” zavoduna; Efendiyev küçəsi, 25 saylı evdə yerləşən bir mənzil - Soyuducular zavoduna verilməsi qərar alınmışdır. - Sosial Tikinti ASC-nin (8 saylı Trestin 87 saylı Tl-nin hüquqi varisi) xx.xx.2018-ci il tarixli arayışından görünür ki, Nərimanov rayon XDS-nin İcraiyyə Komitəsinin xx.xx.1988-ci il tarixli 12/233 saylı Qərarına əsasən 8 saylı Trest üçün Qarabağ (Spandaryan) küçəsi, ev 46-da 8 saylı 1 otaqlı ev ayrılmışdır. 8 saylı Trestin Həmkarlar Komitəsi və müdiriyyətin qərarı ilə həmin 1 otaqlı mənzil İddiaçı növbəlik qaydasında verilmiş və buna dair həmin vaxt sənədlər 36 saylı MİS-ə təqdim olunmuşdur. 8 saylı Trest özəlləşdirməklə ləğv olunduğu üçün, həmin trestin arxiv sənədlərini aşkar etmək mümkün deyildir. Həmin vaxt müvafiq sənədlər 36 saylı MİS-ə təqdim olunmuşdur. Bu səbəbdən də 36 saylı MİS 8 saylı mənzillə əlaqədar İddiaçı xidmət idarəsinə təqdim etmək üçün xx.xx.1989-cu il tarixdə arayış verilmişdir. - Bakı İnzibati Məhkəməsinin 30 oktyabr 2023-cü il tarixli, 2-1 (112)-13221/2023 saylı qərardadı ilə İddiaçı Cavabdehə qarşı “sərəncamların etibarsız hesab edilməsi” tələbinə dair iddiasının mümkün sayılmaması qərara alınmışdır. - Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 6 mart 2024-cü il tarixli, 2-1 (103)-1387/2024 nömrəli qərardadı ilə iddiaçının apellyasiya şikayəti təmin edilməyərək Bakı İnzibati Məhkəməsinin 30 oktyabr 2023-cü il tarixli, 2-1 (112)-13221/2023 saylı qərardadı dəyişdirilmədən saxlanılmışdır. - Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2-1(102)-1975/2024 nömrəli qərardadı ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 6 mart 2024-cü il tarixli, 2-1(103)-1387/2024 nömrəli qərardadından idddiaçı tərəfindən verilmiş kassasiya şikayəti mümkün sayılmamışdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: 2.0.1-ci maddəsinə əsasən, inzibati orqan – Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir; 2.0.2-ci maddəsinə əsasən, inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir; 3.1-ci maddəsinə əsasən, bu qanunun müddəaları Azərbaycan Respublikasının qanunvericiliyi ilə inzibati orqan kimi müəyyən (təsnif) edilmiş orqanların fəaliyyətinə şamil olunur. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsi inzibati orqanların qərarlarına və digər inzibati fəaliyyət formalarına qarşı inzibati məhkəmə prosesi qaydasında hüquqi müdafiə sistemini nəzərdə tutur. İnzibati münasibətlər dövlət idarəçiliyi və ya yerli özünüidarəetmə sahəsində meydana çıxır və həmin münasibətlərdə tərəflərdən biri qismində mütləq icra hakimiyəti orqanı, bələdiyyə və ya qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş subyekt iştirak edir. İddianın mümkünlük şərtlərinin yoxlanılması məsələsi ilə bağlı, məhkəmə “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 saylı qərarında göstərilmiş mövqeyinin nəzərə alınmasını zəruri hesab edir. Qərarda göstərilmişdir ki, “Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olubolmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır.” Göründüyü kimi, İPM-in 12.1-ci maddəsində nəzərdə tutulmuş işin araşdırılması prinsipi iddianın mümkünlük şərtlərinin mövcudluğunun yoxlanılmasına da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilən normanın tələbinə əsasən, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda adıçəkilən qərarının 2.3-cü bəndində qeyd edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Subyektiv hüququn mahiyyətini açıqlayan Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında ifadə edilmiş hüquqi mövqeyinə görə, subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Hazırkı iş üzrə iddiaçı Cavabdeh Başçısının xx.xx.2008-ci il tarixli, 220 nömrəli və xx.xx.2008-ci il tarixli 405 nömrəli sərəncamlarının ləğv edilməsi tələbini irəli sürsə də, mübahisə predmeti olan əmlaka dair mötəbər hüquqmüəyyənedici sənədlərə malik olmadığından subyektiv hüququ müəyyən edilmir. Belə ki, yuxarıda adıçəkilən mülki iş üzrə məhkəmə qərarları ilə müəyyən olunmuşdur ki, Cavabdeh Başçısının 220 №-li xx.xx.2008-ci il tarixli sərəncamına əsasən Qarabağ küçəsindəki boşalmış bir otaqlı yaşayış sahəsi 21,1 kv.m olan 8-ci mənzilin yaşayış sahəsi həmin mənzilə bitişik və X9 icarədarı olduğu qonşu bir otaqlı yaşayış sahəsi 17,5 kv.m olan 9-cu mənzilinə birləşdirilməsi qərar alınmış, daha sonra 405 №-li xx.xx.2008-ci il tarixli sərəncama əsasən Qarabağ küçəsindəki 46 №-li evin iki otaqlı yaşayış sahəsi 38,6 kv.m olan 9-cu mənzilinin yaşayış sahəsinin bölünməsi, sahəsi 21,1 kv.m olan qismən şəraitli yaşayış otağı X9 istifadəsində saxlanılması qərar alınmışdır. Mübahisələndirilən Bakı şəhəri, Nərimanov rayonu, Qarabağ küçəsi 46 nömrəli evin, 9 saylı mənzili X2 adına qeydiyyatdan keçmişdir və hazırda onun mülkiyyətindədir. İddiaçı xx.xx.1979-cu ildən 01,05.1995-ci il tarixədək müddətdə 8 saylı trestdə müxtəlif vəzifələrdə çalışmışdır. İşlədiyi müddətdə də ona Qarabağ küçəsində yerləşən 46 saylı evin 8 saylı mənzil verilmişdir. Lakin iddiaçı tərəfindən birinci instansiya məhkəməsinə təqdim olunmuş xx.xx.1988-ci il tarixli Sərəncamda qeyd edilən mənzilin o zaman mövcud olmuş “8 saylı trestə” verilməsi qərara alınmışdır. İddiaçı tərəfindən onun həmin tarixdə mənzil növbəsində olması, mənzil növbəsi əsasında ona qeyd edilən mənzilin təqdim olunması barədə qərar və ya orderin verilməsini təsdiq edən hər hansı bir sübut məhkəməyə təqdim olunmamışdır. Bütün bunları isə iddiaçı arxivin məhv olması ilə izah etmişdir. İddiaçı Sosial Tikinti ASC-nin (8 saylı Trestin 87 saylı Tİ-nin hüquqi varisi) xx.xx.2018-ci il tarixli arayışını məhkəməyə təqdim etmiş və qeyd olunan mənzilə hüququ olmasını əsaslandırmağa çalışmışdır. Lakin iddiaçı Sosial Tikinti ASC-nin 8 saylı Trestin 87 saylı Tİ-nin hüquq varisi olmasını, ümumiyyətlə belə bir arayışın hüquqi əsasını məhkəməyə təqdim etməmişdir. Həmçinin, iddiaçı 8 saylı trestdə mənzil növbəsində olmaqla Bakı şəhəri, Ə.Naxçıvani küçəsi ev 44, mənzil 102-ni əldə etmişdir. İddiaçı iddia ərizəsində göstərmişdir ki, xx.xx.1988-ci il tarixdən 1993-cü ilin noyabr ayının axırına kimi 4 nəfər ailə üzvü ilə birlikdə Qarabağ küçəsində yerləşən 46 saylı evin 8 saylı mənzilində yaşamışdır. Lakin iddiaçı bununla bağlı hər hansı bir sübut məhkəməyə təqdim etməmişdir. Bakı şəhəri, Nərimanov rayonu, Qarabağ küçəsi 46 nömrəli evin, 8 saylı mənzildə 1993-cü ildən Füzuli şəhərindən məcburi köçkün olan X11 beş nəfər ailə üzvü ilə birlikdə yaşamışdır. Sonradan Cavabdeh Başçısının müvafiq sərəncamları əsasında Bakı şəhəri, Nərimanov rayonu, Qarabağ küçəsi 46 nömrəli evin, 9 saylı mənzili X2 adına rəsmiləşdirilmişdir. Hazırda da həmin mənzil onun mülkiyyətindədir. Qeyd olunan ərazidə aparılan tikinti yenidənqurma işləri ilə bağlı həmin mənzildə daxil olmaqla bina sökülmüş və binanın bütün sakinlərinə, eləcə də mübahisələndirilən mənzilə mülkiyyət hüququ olan M.Ç.Xanlarova ilə müqavilə bağlanılaraq ona mənzil verilməsi öhdəliyi "xxxx" MMC tərəfindən üzərinə götürülmüşdür. İddiaçı Bakı şəhəri, Nərimanov rayonu, Qarabağ küçəsi 46 nömrəli evin, 8 saylı mənzilinə hər hansı hüququnun olmasını təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Qeyd olunanlarla bağlı iddiaçının sözügedən iddianı qaldırmaqda subyektiv hüququnun olmamasına istinad olunaraq iddiası rədd edilmiş və bu barədə məhkəmə qərarı qanuni qüvvəsini almışdır. Qeyd edilən mülki işin icraatında olduğu kimi hazırkı inzibati işin icraatında da iddiaçı tərəfindən iddiaçının həmin mənzildə yaşadığını və ona dair mülkiyyət hüququ olduğunu təsdiq edən əlavə sənəd təqdim etməmişdir. Yəni hal-hazırda sübut edilmiş faktlar öz qüvvəsini saxlamaqdadır. Nəzərə almaq lazımdır ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (İPM-in 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında MPM-in müddəaları tətbiq oluna bilər.) 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Hazırda iddiaçı qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktları başqa məhkəmə prosesində mübahisələndirməklə prosessual tələbləri pozmuş olur. İddiaçı Azərbaycan Respublikasının Qaçqınların və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsi tərəfindən ona ünvanlanan xx.xx.2023-cü il və başqa tarixli məktublara istinad edərək subyektiv hüququnun olduğunu qeyd edir. Məktubda qeyd edilir ki, “Bakı şəhəri, Nərimanov rayonu, Qarabağ küçəsində yerləşən 46 saylı evin 8 nömrəli mənzilində müvəqqəti məskunlaşan Füzuli şəhərindən məcburi köçkün X11 və həyat yoldaşı X18 ailə üzvləri ilə birgə müvəqqəti məskunlaşmışdır. Hal-hazırda Komitə tərəfindən işğaldan azad edilmiş ərazilərimizə köçürüləcək məcburi köçkün ailələrinin siyahısı üzrə işlər aparılmaqdadır və həmin siyahı üzrə X10 adı da ailə üzvləri ilə birgə sözügedən ünvan üzrə qeydiyyata alınmışdır. Azərbaycan Respublikasının işğaldan azad edilmiş bütün ərazilərimizdə, eləcədə Erməni təcavüzü və işğalı nəticəsində zərər dəymiş Füzuli şəhərinin yenidən bərpası ilə bağlı işlər aparılır və bu istiqamətdə artıq bir çox işlər görülübdür. Odur ki, Böyük Qayıdışla bağlı Füzuli rayonunun şəhər və kəndlərindən olan məcburi köçkün ailələrinin mərhələli şəkildə köçürülməsi zamanı sizə məxsus mənzildə məskunlaşan məcburi köçkün ailəsi də köçürüləcək və mənzil boşaldılaraq evin mülkiyyətçi sahibinə (özünüzə) geri təhvil veriləcək.” Lakin məhkəmə tərəfindən bu məktub iddiaçının subyektiv hüququnu əks etdirən sənəd kimi qəbul edilə bilməz. Belə ki, məktubun hansı hüquqmüəyyənedici sənədlər əsasında yazıldığı, hansısa inzibati icraatın nəticəsi olması məlum deyildir. İddiaçı Komitə tərəfindən onda hər hansı hüquqi gözləntinin yaradılmasına istinad edirsə, həmin tələbini digər icraatda həmin inzibati orqana qarşı yönəldə bilər. Digər tərəfdən iddiaçı Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(005)-3151/2024 nömrəli qərardadına istinad edərək subyektiv hüququnun olduğunu bildirir. Həmin qərardada əsasən iddiaçılar X2 cavabdeh "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə qarşı mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün sənədlərin verilməsi öhdəliyin cavabdehin üzərinə qoyulmasına dair ilkin iddia, birləşdirilmiş iddia üzrə X9 cavabdeh "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə qarşı mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün sənədlərin verilməsi öhdəliyin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası üzrə mübahisə predmeti barədə müstəqil tələb irəli sürən İddiaçı cavabdehlər X7, X17, "xxxx" MMC-yə qarşı (mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində 1 saylı Bakı Ərazi idarəsi cəlb edilməklə) “müqavilənin ləğv edilməsi, çıxarışın ləğv olunması, müqavilə bağlamaq öhdəliyinin qoyulması və mənzildən çıxarılma” tələbinə dair iddia ərizəsinin məhkəmə icraatı mümkün hesab edilmişdir. Məhkəmə qeyd edir ki, göstərilən mülki iş üzrə qərardad da iddiaçının subyektiv hüququnun olmasının əsası ola bilməz. Belə ki, göstərilən qərardad yekun məhkəmə aktı deyildir, sadəcə ərizənin icraata qəbul edilməsini göstərən qərardaddır. Eyni zamanda, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(005)-3151/2024 nömrəli digər qərardadına əsasən Bakı İnzibati Məhkəməsinin icraatınaa olan 2-1(112)- 4190/2024 saylı iş üzrə yekun mənkəmə aktı qanuni qüvvəyə minənədək, İddiaçılar X2 cavabdeh "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə qarşı mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün sənədlərin verilməsi öhdəliyin cavabdehin üzərinə qoyulmasına dair ilkin iddia, birləşdirilmiş iddia üzrə X9 cavabdeh "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə qarşı mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün sənədlərin verilməsi öhdəliyin cavabdehin üzərinə qoyulması tələbinə, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs İddiaçı cavabdehlər X7, X19 və "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə qarşı (1 Saylı Bakı Ərazi İdarəsi müstəqii tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) müqavilələrin etibarsız hesab edilməsi, çıxarışın ləğv olunması, mənzildən çıxarılma və müqavilə bağlamaq öhdəliyinin qoyulması tələbinə dair 2(005)-3151/2024 nömrəli mülki iş üzrə icraat dayandırılmışdır. Yəni iddiaçının istinad etdiyi qərardad üzrə mülki iş hazırkı inzibati iş üzrə icraata baxılıb qurtaranadək dayandırılmışdır. Bu da onu göstərir ki, hazırkı işin nəticəsi həmin mülki işdən asılı deyildir , mülki işin nəticəsi hazırkı inzibati işin nəticəsi əsasında qəbul ediləcəkdir. Beləliklə, iddiaçı mübahisə predmeti olan əmlaka dair hər hansı hüquqlarının mövcudluğu ilə bağlı hüquqmüəyyənedici sənədlərə istinad etməmiş, hər hansı mötəbər sübutla dəstəklənmədiyi halda isə yalnız şifahi bildirilənlərə əsasən onun hazırkı tələbi irəli sürmək üçün subyektiv hüquqa malik olması qənaətinə gəlmək mümkün deyildir. Bu mənada, iddiaçının hazırkı iddiaya hüquqi marağı müəyyən edilmir. Digər vacib məqam müddətlərə riayət edilib-edilməməsi məsələsindən ibarətdir ki. Mübahisələndirmə haqqında iddia onunla xarakterizə olunur ki, hüquqi əhatəsinə müdaxilə edilməklə şəxsi əlverişsiz vəziyyətə salan inzibati aktın ləğv edilməsi və ya dəyişdirilməsi məhkəmədən tələb olunur. Mübahisələndirmə haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə – iddia qaldırmaq səlahiyyətinə (İnzibati Prosessual Məcəllənin 35-ci maddəsi) və iddia qaldırmaq müddətinə (İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsi) əməl olunmalıdır. İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbulu nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçının hüququnun həqiqətən pozulub-pozulmaması iddianın mümkünlüyü ilə deyil, əsaslılığı ilə bağlı məsələdir və ikinci mərhələdə (əsaslılıq mərhələsində) yoxlanılmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda adıçəkilən qərarının 2.3-cü bəndində qeyd edilənlərdən biri də İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilməməsidir. İPM-in 38.1-ci maddəsinə əsasən, mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 296-cı maddəsinə (maddə Azərbaycan Respublikasının 10 iyul 2011-ci il tarixli 143-İVQD nömrəli Qanunu ilə çıxarılmışdır) görə maraqlı şəxs müvafiq icra hakimiyyəti orqanının və yerli özünüidarə orqanının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin qərarı, hərəkəti (hərəkətsizliyi) ilə əlaqədar mübahisə qaldıra bilər. Yuxarı orqanlara və vəzifəli şəxslərə ilkin müraciət ərizənin məhkəməyə təqdim edilməsi, onun məhkəmə tərəfindən qəbul edilməsi və mahiyyəti üzrə həll edilməsi üçün məcburi şərt deyildir. Ərizə bu Məcəllənin 4cü fəsli ilə müəyyən edilmiş aidiyyət üzrə məhkəməyə verilir. Baxılması rayon məhkəməsinə aid olan ərizə fiziki şəxs tərəfindən onun yaşayış yeri üzrə məhkəməyə, yaxud hərəkətindən şikayət edilən orqanın, təşkilatın, vəzifəli şəxsin yerləşdiyi yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 298-ci maddəsinə (maddə Azərbaycan Respublikasının 10 iyul 2011-ci il tarixli 143-İVQD nömrəli Qanunu ilə çıxarılmışdır) görə şəxs özünün hüquq və azadlığının pozulduğu barədə ona məlum olan gündən qanunda başqa müddət müəyyən edilməyibsə 1 ay müddətində ərizə ilə məhkəməyə müraciət etmək hüququna malikdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 27 dekabr 2001-ci il tarixli Qərarında qeyd edilmişdir ki, iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyrisabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, şəxsin pozulmuş hüquqlarının müdafiəsi ilə əlaqədar tələb irəli sürməsi üçün iddia müddətinin başlanmasının düzgün qiymətləndirilməsi onun məhkəmə müdafiəsi hüququnun səmərəli həyata keçirilməsi və pozulmuş hüquqlarının bərpa edilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. İddia müddətinin axımının başlanğıcı bir tərəfdən subyektiv hüququn pozulduğu obyektiv anla, digər tərəfdən isə səlahiyyətli şəxsin öz hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu subyektiv anla əlaqəlidir. Yuxarıda qeyd edildiyi kimi iddiaçının mübahisələndirdiyi sərəncamlar 2008-ci ildə qəbul edilmişdir. Həm müvafiq sərəncamlar qəbul olunduğu vaxtda, həm də ondan sonrakı dövrdə qüvvədə olmuş qanunvericiliyə görə maraqlı şəxs hüququnun pozulduğu barədə ona məlum olan gündən 1 ay müddətində məhkəməyə müraciət etmək hüququ var idi. İddiaçı subyektiv hüququnun olub-olmamasından asılı olmayaraq məhkəmə müdafiəsi hüququndan vaxtında yararlanmamışdır. Məhkəmə həmçinin vurğulayır ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi qüvvəyə minənədək, yəni 1 yanvar 2011-ci il tarixədək qəbul edilmiş inzibati aktların mübahisələndirilməsi üçün əvvəlki qanunla müəyyən edilmiş məhkəməyə müraciət etmə müddəti 01 yanvar 2011-ci ilədək ötürülmüşsə, onlar yeni qanuna görə də mübahisələndirilə bilməz. Belə ki, İPM onun qüvvəyə minməsindən əvvəl məhkəmə qaydasında mübahisələndirilməsi imkanı aradan qalxmış hər hansı inzibati akta qarşı yeni hüquqi müdafiə imkanı yaratmır. Beləliklə, hər bir halda iddiaçı hazırda mübahisələndirdiyi sərəncamların ləğvi ilə bağlı müvafiq iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün qanunla nəzərdə tutulmuş müddəti ötürmüşdür. İddiaçı qeyd edilən müddətdə məhkəməyə müraciət etmək hüququnu həyata keçirməsinə mane olan və ya həmin hüququn həyata keçirilməsini məhdudlaşdıran obyektiv halların mövcudluğuna əsaslanmamışdır. Məhkəmə qeyd edir ki, iddiaçı qeyd edilən müddətdə əraziyə dair mövcud olan inzibati aktların müəyyən edilməsi ilə bağlı tədbirlər görə bilərdi, bununla bağlı hər hansı məhdudiyyətin mövcud olmasını və ya bunu mümkünsüz edən şərtlər bildirilməmişdir. İddiaçı müddətlə bağlı MM-in 375.1-ci maddəsinə istinad edərək müddətin ötürülmədiyinə istinad edir. Lakin qeyd edildiyi kimi prosessual qanunvericiliyə və mövcud məhkəmə praktikasına əsasən mübahisələndirməyə dair iddiaya dair tələblər pozulmuşdur və hazırkı iddia üzrə MM-in maddəsinə istinad etmək inzibati prosessual qanunvericilik baxımından kobud pozuntu olardı. Məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, Bakı İnzibati Məhkəməsinin 30 oktyabr 2023-cü il tarixli, 2-1 (112)-13221/2023 saylı qərardadı ilə İddiaçı Cavabdehə qarşı “sərəncamların etibarsız hesab edilməsi” tələbinə dair iddiasının mümkün sayılmaması qərara alınmış və məhkəmə aktı yuxarı məhkəmələrdə dəyişdirilməyərək qanuni qüvvəsini almışdır. Həmin inzibati icraat zamanı iddiaçı eyni sərəncamların etibarsız hesab edilməsini xahiş etmiş, məhkəmə subyektiv hüququn olmamasına və müddətin ötürülməsinə istinad edərək iddianı mümkün saymamışdır. Məhkəmə qərardadında qeyd etmişdir ki, “T.İdrisovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati- İqtisadi Kollegiyasının 9 dekabr 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 28 dekabr 2015-ci il tarixli qərarında deyilir ki, iddiaya mahiyyəti üzrə baxılmasından əvvəl onun mümkünlüyünə qiymət verərkən məhkəmə irəli sürülmüş iddia növünün, o cümlədən mübahisələndirmə (İPM-in 2.2.1, 32 və 70-72-ci maddələri), yaxud inzibati aktın etibarsızlığının tanınması (İPM-in 36.1-ci maddəsinin ikinci yarımcümləsi) haqqında olmasını müəyyən etməlidir. Qərarda sonra deyilir ki, İnzibati Prosessual Məcəllənin 36.1-ci maddəsinin ikinci yarımcümləsində nəzərdə tutulan inzibati aktın etibarsızlığının tanınması haqqında iddia onunla səciyyələnir ki, iddiaçı ilə inzibati orqan arasında inzibati aktın etibarlılığına dair mübahisə mövcud olsun və iddiaçı belə bir iddia qaldırmaqla hüquqi müəyyənliyin bərqərar edilməsinə çalışsın. Başqa sözlə, iddiaçının bu növ iddia ilə çıxış etməkdə məqsədi inzibati aktın hüquqi nəticələr yaradıb-yaratmadığına dair qeyri-əminliyi aradan qaldırmaqdır. Bakı İnzibati Məhkəməsinin 30 oktyabr 2023-cü il tarixli, 2-1 (112)-13221/2023 saylı qərardadında aparılmış qiymətləndirmənin nəticəsi olaraq məhkəmə hesab etmişdir ki, hazırkı iddia mahiyyət etibarilə mübahisələndirmə haqqında iddiadır, iddiaçı prosessual məhdudiyyətlərin (iddia müddətinin) tətbiqini istisna etmək üçün sonda sərəncamın etibarsızlığını xahiş edərək hazırkı iddianı “müəyyən etmə və tanınma haqqında iddia” növü kimi göstərmişdir. Bu da o deməkdir ki, artıq Bakı İnzibati Məhkəməsinin icraatında hazırkı iddia tələbinə dair eyni iddiaçının eyni cavabdehə qarşı eyni predmetlə bağlı inzibati iş olmuş və eyni əsaslar üzrə iddia mümkün sayılmamış, yəni tələbə baxılaraq hüquqi qiymət verilmişdir. İPM-in 78-ci maddəsinə əsasən, mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. Belə olan halda, məhkəmə hesab edir ki, iddia mümkün sayılmamalıdır. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35, 80, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehə qarşı, X7 və "xxxx" MTK üçüncü şəxs qismində cəlb edilməklə “sərəncamların ləğvi” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim: Həmid Ağalarov
Məhkəmə qərarları › İş №2-1(112)-578/2025
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-578/2025
07.01.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver