Məhkəmə qərarları › İş №2-1(112)-5783/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-5783/2021

22.06.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-5783/2021 22.06.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mədətli Fərid İlham oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyev Teymur Budaq oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Nərimanov rayon Qeydiyyat Şöbəsinə qarşı adın və soyadın dəyişdirilməsi tələbi barədə inzibati mübahisəyə dair işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) şifahi, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Azərbaycan Respublikası Sabirabad regional “Asan Xidmət” X4, Hacıqabul rayon Qeydiyyat Şöbəsinə və Bakı şəhəri Nərimanov rayon Qeydiyyat Şöbəsinə qarşı ərizə ilə məhkəməyə müraciət edərək, soyadının Məmmədovdan Mərdanova, Rəhim adının Ənvər ilə dəyişdirilməsi vəzifəsinin cavabdehlərin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək soyadının Məmmədovdan Mərdanova, Rəhim adının Ənvər ilə dəyişdirilməsi vəzifəsinin cavabdeh Bakı şəhəri Nərimanov rayon Qeydiyyat Şöbəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Ərizə icraata qəbul edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı X5 (hal-hazırda İddiaçı Nürəddin oğlu) 1984-cü ilin avqust ayının 20-də Ermənistan Respublikasının Noyemberyan şəhərində anadan olmuşdur. 2018-ci ilin əvvələrində onun və valideynlərinin arasında olan söz- söhbətlərə görə atasına məxsus olan evi tərk edərək Hacıqabul rayonuna getmiş və orada tanışlarının evinə qeydiyyata düşmüşdür. 2018-ci ilin iyun ayında qeydiyyatda olduğu ərazi üzrə Azərbaycan Respublikası Sabirabad regional “Asan Xidmət” X4 müraciət edərək adının və soyadını Mərdanovu-Məmmədova, Ənvər adını Rəhim adına dəyişdirilməsini xahiş etmişdir. Ona bu barədə 12 iyun 2018-ci ilin iyun ayının 12-də AZ-İ № 023969 saylı Adın, ata adının və soyadının dəyişdirilməsi haqqında şəhadətnamə verilmişdir. Verilmiş Şəhadətnamə əsasında o 14 iyun 2018-ci ildə Hacıqabul rayon Qeydiyyat Şpöbəsinə təqdim etdikdən sonra ona AZ-İV 091833 saylı yeni doğum haqqında şəhadətnamə almış və onun əsasında şəxsiyyət vəsiqəsini dəyişdirməklə yenisini almışdır. Azərbaycan Respublikasında yaranmış vəziyyətlə əlaqədar o bir Azərbaycan vətəndaşı olaraq könüllü olaraq savaşda iştirak etmək üçün müraciət etmiş, dostlarim və tanişları onu Ənvər kimi tanıdıqlarından onun adının və soyadının dəyişdirilməsini görəndə təəçüblənmişr və onu qınamışlar. Onunla birlikdə döyüşlərdə iştirak etməkdən imtina etmişlər. Etdiyi hərəkətdən çox peşmandır. Bu hal ona çox pis təsir etdi və o ilkin olaraq doğulduğu ada və soyada qayıtmağına görə yenidən Azərbaycan Respublikası Azərbaycan Respublikası Sabirabad regional “Asan Xidmət” X4 müraciət etmək məcburiyyətində qalmışdır. Azərbaycan Respublikası Sabirabad regional “Asan Xidmət” X8 17 noyabr 2020-ci il tarixli 05/69876 saylı çavab məktubu ilə “ad və soyadın təkrar dəyişdirilməsi müraciətlə əlaqədar Sabirabad regioal “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən 18 noyarbr 2020-ci il tarixli imtina verilmişdir və bildirmişdir ki, soyadının və adının yenidən dəyişdirilməsi ilə əlaqədar məhkəməyə müraciət etməlidfir. Həmçinin Hacıqabul rayon Qeydiyyat Şöbəsi 18 noyabr 2020-ci il tarixli imtina məktubunda onun subordinasiya və məhkəmə qaydasıda şikayət etmək, məcuretmə haqqıda iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüququ var. Valideynlərilə barışdıqdan sonra atası ona məxsus olan Bakı şəhəri, Nərimanov rayonu, Çəmənzəmənli küçəsi, ev 104, 1 saylı mənzilə pasport qeydiyyatına düşməyinə raziliq vermişdir. Halhazırda atasına məxsus olan mənzildə valideynlərilə birlikdə yaşayır və etdiyi əmələ görə valideynlərim onu bağışlamışlar. Qeydiyyata düşdükdən sonra o Nərimanov rayon Qeydiyyat şöbəsinə müraciət etmişdir. Nərimanov rayon qeydiyyat şöbəsinin 05 mart 2021-ci il tarixli imtina məktubunda ad və soyadın növbəti dəfə qeydiyyat şöbəsində dəyişdirilməsi mümkün olmadığı, bununla bağlı məhkəməyə müraciət edilməsi tövsiyə olunmuşdur. Hesab edir ki, cavabdehlərin imtinası qanunsuz və əsassızdır. Qeyd olunanlara əsasən iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Şifahi məhkəmə baxışı iclasında iştirak edən iddiaçı iddia ərizəsinə uyğun məzmunda izahat verərək, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. İşdə iştirak edən şəxslərə şifahi məhkəmə baxış iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh nümayəndəsini məhkəmə iclasına göndərməmişdir. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47.2-ci maddəsində göstərilən qaydada iddia ərizəsinə münasibət bildirmək üçün sərəncam göndərilmiş, lakin cavabdeh tərəfindən iddia ərizəsinə qarşı hər hansı münasibət məhkəməyə təqdim edilməmişdir. Cavabdeh Bakı şəhəri Nərimanov rayon Qeydiyyat Şöbəsi məhkəməyə məktub ünvanlayaraq iş yükünün çox olması ilə əlaqədar olaraq məhkəmə iclasının onun səlahiyyətli nümayəndəsinin iştirakı olmadan baxılmasına etirazı olmadığını bildirmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə şifahi məhkəmə baxışı iclasında cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını və məhkəmə qərarının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını mövcud maddi və prosessual hüquq normalarına əsasən tədqiq edərək hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş, - Azərbaycan Respublikası Sabirabad regional “Asan Xidmət” X8 tərəfindən verilmiş 17 noyabr 2020-ci il tarixli 05/69876 saylı çavab məktubundan görünür ki, Hacıqabul rayonu Muğan qəsəbəsində yaşayış yeri üzrə qeydiyyatda olan İddiaçı adının və soyadının dəyişdirilməsi barədə ərizənin icrasından imtina edilmişdir. -Hacıqabul rayon Qeydiyyat Şöbəsi tərəfindən iddiaçıya ünvanlanan 18 noyarbr 2020-ci il tarixli 41 05/76 saylı məktubdan görünür ki, iddiaçının “Ad, ata adının və soyadın növbəti dəfə dəyişdirilməsi” barədə müraciətinə baxılaraq, artıq 02.11.2017-ci il tarixdə iddiaçının ərizəsi əsasında Sabirabad Asan xidmət X8nin müvafiq rəyi ilə soyadının və adının “Mərdanov Ənvər” dən “İddiaçı” ə dəyişdirildiyi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli, 79 nömrəli qərarı ilə təsdiq edilmiş “Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi Qaydaları”’nın 6.1-ci bəndinə əsasən Azərbaycan Respublikası vətəndaşlarının öz adını, ata adını və soyadını dəyişdirməsinə 18 yaşına çatdıqdan sonra yol verildiyi, həmin Qaydaların 6.3-cü bəndində görə adın, ata adının və soyadın növbəti dəfə dəyişdirilməsinə (ər-arvadın birinin digərinin soyadını qəbul etməsi və ya nikahdan əvvəlki soyadına qayıtması halları istisna olmaqla) bu Qaydaların 6.24- 6.28-ci bəndlərində müəyyən olunmuş hallarda yol verilir. Müvafiq Qaydaların 6.24-6.28-ci bəndlərində isə (ər-arvad) validynlərin ad, ata adının və soyadın dəyişdirilməsinin hüquqi nəticələri ilə bağlı münasibətlərin tənzimlənməsi əsasları müəyyən edildiyi qeyd olunaraq iddiaçının tələbinin təmin edilməsindən imtina edilmişdir. -Sabirabad regional “ASAN xidmət" mərkəzi Qeydiyyat şöbəsi tərəfindən 12 iyun 2018-ci il tarixdə verilmiş AZ-İ № 023969 saylı adın, ata adının və soyadın dəyişdirilməsi haqqında notarial qaydada təsdiq edilmiş şəhadətnamənin surətindən görünür ki, 20 avqust 1984-cü il tarixdə Ermənistan Respublikası Noyemberyan şəhərində anadan olmuş X1, adı, ata adı “Mərdanov Ənvər”dən “İddiaçı”ə dəyişdirilmişdir. Bu barədə soyadın, adın, at adının dəyişdirilməsi haqqında akt qeydləri kitabında 18 iyun 2018-ci il tarixdə 089 nömrə ilə qeyd edilmişdir. - AZ-İV seriyalı 091833 saylı doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, İddiaçı 20 avqust 1984-cü il tarixdə Ermənistan Respublikası Noyemberyan şəhərində anadan olmuşdur. Ata qrafasında X6, ana qrafasında X3 adı yazılmışdır. -AZE seriyalı 08709648 saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X7 20 avqust 1984-cü il tarixdə Ermənistan Respublikası Noyemberyan şəhərində anadan olmuşdur. (qüvvədə olmayan) -AA seriyalı ******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı 20 avqust 1984-cü il tarixdə anadan olmuşdur. İşdə olan cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış 05 mart 2021-ci il tarixli, 47 saylı məktubdan görünür ki, iddiaçının “Ad, ata adının və soyadın növbəti dəfə dəyişdirilməsi” barədə müraciətinə baxılaraq, Sabirabad regional “ASAN xidmət" mərkəzi Qeydiyyat şöbəsi tərəfindən 12.06.2018-ci il tarixli 89 saylı adın, ata adının və soyadın dəyişdirilməsi haqqında akt qeydinə, əsasən, iddiaçının adının “Ənvər”-dən Rəhim”- ə, soyadının “Mərdanov”-dan “Məmmədov”-a dəyişdirildiyi qeyd olunaraq və Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi haqqında” 12.05.2011-ci il tarixli 79 saylı qərarının 6.3-cü bəndinə əsasən, adın, ata adının və soyadın növbəti dəfə dəyişdirilməsinə (ər-arvadın birinin digərinin soyadını qəbul etməsi və ya nikahdan əvvəlki soyadına qayıtması halları istisna olmaqla) yol verilmədiyi bildirilərək iddiaçının tələbinin təmin edilməsindən imtina edilmişdir. Beləliklə işin hallarından görünür ki, iddiaçı əvvəllər adı, soyadı, ata adı X7 olmuş, daha sonra adını və soyadını İddiaçı dəyişdirmiş, həmin dəyişiklik doğum haqqında akt qeydində 18 iyun 2018-ci il tarixdə 089 sayla nömrə ilə qeydə alınmışdır. Hazırki iddia tələbi üzrə iddiaçı növbəti dəfə adının və soyadının dəyişdirilməsini tələb edir. Bununla bağlı məhkəmə bildirir ki, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 189-cu maddəsinə əsasən Azərbaycan Respublikası vətəndaşlarının öz adını və soyadını, atasının adını dəyişdirməsinə 18 yaşına çatdıqdan sonra yol verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 79 nömrəli qərarı ilə təsdiq edilmiş “Adın, ata adının və soyadın dəyişdirilməsi Qaydası”nın 6.1-ci bəndinə əsasən Azərbaycan Respublikası vətəndaşlarının öz adını, ata adını və soyadını dəyişdirməsinə 18 yaşına çatdıqdan sonra yol verilir. Həmin Qaydaların 6.3-cü bəndinə əsasən adın, ata adının və soyadın növbəti dəfə dəyişdirilməsinə (ər-arvadın birinin digərinin soyadını qəbul etməsi və ya nikahdan əvvəlki soyadına qayıtması halları istisna olmaqla) bu Qaydaların 6.24-6.28-ci bəndlərində müəyyən olunmuş hallarda yol verilir. Hazırki iddia tələbi üzrə iddiaçı növbəti dəfə adının və soyadının dəyişdirilməsinin onun hüququ olmasına istinad edərək, cavabdehin imtinasının əsassız hesab edilməsini tələb edir. Qanunvericlik 18 yaşına çatdıqdan sonra şəxsin adının, soyadının və ata adının növbəti dəfə dəyişdirilməsinin mümkünlüyünü qeyd etsə də, lakin dəyişikliyin edilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 79 nömrəli qərarı ilə təsdiq edilmiş “Adın, ata adının və soyadın dəyişdirilməsi Qaydası” ilə müəyyən edilmişdir. Həmin Qaydaların 6.3-cü bəndinə əsasən adın, ata adının və soyadın növbəti dəfə dəyişdirilməsinə (ər-arvadın birinin digərinin soyadını qəbul etməsi və ya nikahdan əvvəlki soyadına qayıtması halları istisna olmaqla) bu Qaydaların 6.24-6.28-ci bəndlərində müəyyən olunmuş hallarda yol verilir. Qaydaların 6.24-cü bəndinə əsasən ər-arvaddan birinin soyadını dəyişdirməsi digərinin soyadının dəyişilməsinə səbəb olmur. Qaydaların 6.27-ci bəndinə əsasən valideynlərdən birinin və ya hər ikisinin soyadı, yaxud atanın adı dəyişdirildikdə, yetkinlik yaşına çatmış övladın ərizəsi ilə onun soyadı və ata adı dəyişdirilir. Qaydaların 6.28-ci bəndinə əsasən valideynlərdən biri və ya hər ikisi adını, ata adını, soyadını dəyişdirdikdə istər yetkinlik yaşına çatmayan, istərsə də yetkinlik yaşına çatmış övladların doğum haqqında akt qeydlərində valideynlər haqqında məlumata dəyişiklik edilir. Bunun üçün yetkinlik yaşına çatmış övladların ərizəsi tələb olunmur. Övladlığa götürənlər övladlığa götürülənin valideyni qismində yazılmışlarsa, yetkinlik yaşına çatan və çatmayan övladlığa götürülənlərin doğum haqqında akt qeydlərində, övladlığa götürmə haqqında akt qeydində, eləcə də atalığın müəyyən edilməsi haqqında akt qeydində eyni qaydada dəyişiklik edilir. Göründüyü kimi adın və soyadın növbəti dəfə dəyişdirilməsinə ər-arvadın birinin digərinin soyadını qəbul etməsi və ya nikahdan əvvəlki soyadına qayıtması halları istisna olmaqla, bu Qaydaların 6.24-6.28-ci bəndlərində müəyyən olunmuş hallarda yol verilir. İşin araşdırılan hallarından müəyyən edilir ki, iddiaçının adının və soyadının dəyişdirilməsi barədə tələbinin Qaydaların 6.24-6.28-ci bəndlərində müəyyən olunmuş hallardan hər hansı birinə uyğunluğu iş materialları ilə müəyyən edilməmiş və iddiaçı öz tələbini əsaslandıracaq hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Beləliklə məhkəmə hesab edir ki, iddiaçının adının və soyadının dəyişdirilməsi üçün hər hansı əsas müəyyən edilmədiyindən, cavabdeh tərəfindən imtina edilməsi əsaslı olmuşdur. Buna görə də məhkəmə hesab edir ki, iddia tələbi əsassız olduğundan rədd edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.2, 33.1, 52, 58, 68-69, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia rədd edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fərid Mədətli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar