Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-5783/2022 29.06.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Məmmədova Sevda Rövşən qızının katibliyi ilə tərəflərin iştirakı olmadan iddiaçılar İddiaçı və X2 cavabdeh Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinə qarşı «yaşayış yeri üzrə qeydiyyata alınma» barədə iddia tələbi üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddiaçı cavabdeh Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinə qarşı «yaşayış yeri üzrə qeydiyyata alınma» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. İPM-in 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. İPM-in 30.1-ci maddəsinə əsasən mübahisə predmeti baxımından müştərək hüquqi maraqlara malik olan və yaxud da hüquq və vəzifələri eyni faktiki və hüquqi əsaslara söykənən bir neçə şəxs birgə iddiaçı və ya birgə cavabdeh qismində prosessual həmiştirakçılar kimi çıxış edə bilərlər. İddiaçı tərəf məhkəməyə əlavə iddia ərizəsi təqdim etmiş və iddiaçılar kimi İddiaçı və X4 göstərilməklə ərizədə bildirilir ki, X4 ailəsi, o cümlədən gəlini İddiaçı ilə birlikdə ünvan 1 ünvanında yaşayırlar, gəlini İddiaçı həmin ünvana qeydiyyatı yoxdur. İddaçılar onun sözügedən ünvana qeydiyyata düşməsini istəyirlər. Bu məqsədlə onlar 5 avqust 2021-ci il tarixdə cavabdeh Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinə müraciət etmişlər, lakin İdarə həmin tarixli məktubla məsələnin həllindən imtina etmişdir. İmtina məktubunda «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə istinad olunmuş və məhkəməyə müraciət etmək hüququ göstərilmişdir. Göstərilənlərə və Azərbaycan Respublikası Konstitusiyasının 57-ci maddəsinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1149 – 151-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27.1-ci maddəsinə, «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 1, 13-cü maddələrinə, «Azərbaycan Respublikasının vətəndaşlığı haqqında» Azərbaycan Respublikası Qanununun müddəalarına əsaslanaraq, İddiaçı ünvan 1 ünvanına qeydiyyata alınması öhdəliyinin cavabdeh Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin üzərinə qoyulması barədə qərar çıxarılması məhkəmədən xahiş olunur. Məhkəmənin qərardadı ilə X4 birgə iddiaçı kimi inzibati məhkəmə icraatına cəlb olunmuşdur. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri barədə tərəflərə məlumat verilmişdir. Tərəflər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün sayır. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 24.1-ci maddəsinə görə fiziki şəxs hüquq münasibətlərində öz adından iştirak edən insan fərdidir. Həmin Məcəllənin 27.1-ci maddəsinə görə fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Şəxsin bir neçə yaşayış yeri ola bilər. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə görə bu qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Bu qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 2.0.6-cı maddəsinə görə inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 12.2-ci maddəsinə əsasən inzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. Həmin Qanunun 15.1-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Həmin Qanunun 17-ci maddəsinə görə fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. İş materiallarından görünür ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2-688/2005 aylı iş üzrə 10 mart 2005-ci il tarixli qətnaməsi ilə X2 ailə üzvləri ilə birlikdə Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Şəhər şossesi, döngə 2-də yerləşən 8a/1 saylı evəı qeydiyyata alınması qət edilmişdir. İş materiallarında olan Ağsu rayon Kalva kənd soveti tərəfindən 23 noyabr 2004-cü il tarixdə verilmiş AZ-İ seriyalı 133417 nömrəli “Nikah haqqında şəhadətnamə”nin surətindən görünür ki, X6 ilə X4 arasında 14 noyabr 1988-ci il tarixdə nikah bağlanmışdır. İş materiallarında olan Bakı Nikah evi (Səadət Sarayı) tərəfindən 25 aprel 2020-ci il tarixdə verilmiş AZ-İİ seriyalı 396601 nömrəli “Nikah haqqında şəhadətnamə”nin surətindən görünür ki, X7 ilə X5 arasında 25 aprel 2020-ci il tarixdə nikah bağlanmışdır, nikah bağlandıqdan sonra ərə “Fərhadov”, arvada “Fərhadova” soyadı verilmişdir. İş materiallarında olan “Elektron Məhkəmə” İnformasiya Sistemindən çıxarılmış şəxsiyyət vəsiqəsi məlumatlarından görünür ki, 25 yanvar 1992-ci il tarixdə doğulmuş X7 Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Şəhər şossesi, döngə 2 ünvanında qeydiyyatdadır. İş materiallarında olan “Elektron Məhkəmə” İnformasiya Sistemindən çıxarılmış şəxsiyyət vəsiqəsi məlumatlarından görünür ki, 26 dekabr 1967-ci il tarixdə doğulmuş X6 Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Şəhər şossesi, döngə 2 ünvanında qeydiyyatdadır. İş materiallarında olan “Elektron Məhkəmə” İnformasiya Sistemindən çıxarılmış şəxsiyyət vəsiqəsi məlumatlarından görünür ki, 23 noyabr 1967-ci il tarixdə doğulmuş X4 Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Şəhər şossesi, döngə 2 ünvanında qeydiyyatdadır. İş materiallarında olan ASAN-4 Xidmət Mərkəzi tərəfindən 10 fevral 2018-ci il tarixdə verilmiş AZE seriyalı 17640558 nömrəli “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi”nin surətindən görünür ki, 23 noyabr 1967-ci il tarixdə doğulmuş X2 yaşayış yeri “ünvan 1”-dir. İş materiallarında olan Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin X3 ünvanlanmış 5 avqust 2021-ci il tarixli məktubunda qeyd olunur ki, RPİ-yə daxil olmuş müraciətə baxılmışdır. İddiaçı Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Şəhər şossesi, döngə 2, ev 8A/1 ünvanına qeydiyyata alınması üçün yaşayış sahəsinə köçməyə əsas verən sanədlərin (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənədlər) RPİ QMB-yə təqdim olunması vacibdir. Lakin göstərilən sənədlər Sabunçu RPİ QMB-yə təqdim olunmadığından, onun həmin ünvana qeydiyyata alınması imkan xaricindədir. Qeydiyyatla əlaqədar olaraq, Bakı İnzibati Məhkəməsinə müraciət olunması məqsədəmüvafiq hesab edilir. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə görə Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmaq üçün bu Qanunda göstərilənlərdən başqa sənədlər tələb edilə bilməz. Həmin Qanunun 5-ci maddəsinə əsasən yaşayış yeri üzrə qeydiyyatda olmayan vətəndaşa ilk dəfə Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi verilərkən o, yaşayış yeri üzrə qeydiyyata alınır. Bu halda vətəndaş yalnız “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamə”də nəzərdə tutulmuş şəxsiyyət vəsiqəsinin verilməsi haqqında ərizə-anketi doldurmalı və vəsiqənin verilməsi üçün tələb olunan sənədlərdən əlavə bu Qanunun 5-ci maddəsinin ikinci hissəsinin 2-ci bəndində göstərilən, yaşayış sahəsinə köçmək üçün əsas verən sənədi də təqdim etməlidir. Yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət edərək forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən, yaşayış yeri üzrə qeydiyyata alınma haqqında ərizəanketlə birlikdə aşağıdakı sənədləri təqdim etməlidir: 1) şəxsiyyət vəsiqəsi, 2) yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi. Azərbaycan Respublikası Prezidentinin 518 nömrəli 30 iyun 2001-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi haqqında Əsasnamə»nin 3.1.10-cu bəndinə əsasən Daxili İşlər Nazirliyi daxili işlər orqanlarının səlahiyyətinə aid olan işlərin – Azərbaycan Respublikası vətəndaşlığına qəbul, vətəndaşlığa bərpa və vətəndaşlığa xitam verilməsi məsələlərinin həllində iştirak edir, vətəndaşlara pasportların və şəxsiyyət vəsiqələrinin verilməsini, yaşayış və olduğu yer üzrə qeydiyyat işini və bu məsələlərə dair mərkəzləşdirilmiş uçot sistemini təşkil edir. Göründüyü kimi, İddiaçı yaşadığı ünvan 1-ə dair reyestrdən çıxarış, order, müqavilə və qanunvericliklə müəyyən edilmiş digər sənəd möbcud olmasa da, həmin ünvanda digər şəxslər, o cümlədən onun ailə üzvü kimi əri X8 qeydiyyatdadırlar. Həmçinin, nəzərə alınmalıdır ki, evdə qeydiyyatda olan digər iddiaçı X1 ünvana onun qeydiyyata alınmasına yazılı razılıq ərizəsi vermişdir. Belə olan halda, məhkəmə işin faktiki hallarına yuxarıda sadalanan qanunvericilik aktlarını tətbiq edərək məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı yaşadığı ünvana qeydiyyata alınması zəruri olduğundan (bu barədə cavabdeh inzibati orqanın heç bir arqumenti mövcud deyil) və ünvan 1 ünvanından başqa yaşayış yeri olmadığından, habelə həmin ünvanda ailə üzvü kimi əri qeydiyyata alındığından onun yaşadığı ünvana qeydiyyata alınmasından imtina olunması qanuni sayılmamalı və hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. Cavabdeh Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin imtinası «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 12.2, 17-ci maddəsinin tələbləri ilə uzlaşmır. İPM-in 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə məhkəmə hesab edir ki, iddia təmin edilərək İddiaçı ünvan 1 ünvanına qeydiyyata alınması öhdəliyi cavabdeh Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin üzərinə qoyulmalıdır. Göstərilənlərə əsasən və İPM-in 23.1, 58.7, 62, 69, 75, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia təmin edilsin. İddiaçı ünvan 1 ünvanına qeydiyyata alınması öhdəliyi cavabdeh Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Rüstəm Kərimli
Məhkəmə qərarları › İş №2-1(112)-5783/2022
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-5783/2022
29.06.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver