Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-5788/2022 29.06.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi, Əsgərzadə Qələmzər Nizami qızının katibliyi, İddiaçının vəkili Vəkil Üçüncü şəxs X2 iştirakları ilə, İddiaçı cavabdeh Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinə qarşı “sərəncamın ləğv edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək Binəqədi Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2007-ci il tarixli sərəncamının ləğv edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 1988-ci ildə qaçqın düşmüşdür. Onun ailəsiylə birlikdə hazırda yaşadığı ünvan mərhum atası X10 tərəfindən alınmışdır. İddiaçının yaşadığı ev fərdi yaşayış evidir və geniş həyətyanı torpaq sahəsi var. 1996-cı ildə iddiaçının atası vəfat etmişdir. Fərdi yaşayış evi və həyətyanı torpaq sahəsi mərhum atası X4 xüsusi mülkiyyətində olmuş, vərəsəlik qaydasında əmlak üzərində mülkiyyət hüquqları iddiaçıya keçmişdir və Dövlət Reyestri Xidmətinin verdiyi xx.xx.2018-ci il tarixli çıxarışla mülkiyyət hüququ rəsmiləşdirilmişdir. Hələ atasının sağlığında həyətdə bir neçə yaşayış evi inşa edilmişdir. Atasının vəfatından sonra, 2003-cü ildə qardaşı X8 ilə eyni gündə ailə həyatı qurmuşlar. İsmayıl nikahı pozulmuş bacısı üçün tikilmiş evə, iddiaçı da anası olan evə həyat yoldaşlarını gəlin gətirmişlər. İddiaçının qardaşı X1 Qarabağ Müharibəsi zamanı döyüşlərdə iştirak edərək yaralanmışdır, İİ qrup Qarabağ Müharibəsi əlilidir. İsmayıl 2007-ci ildə yaşayış şəraitinin yaxşılaşdırılması üçün Binəqədi Rayon İcra Hakimiyyətinə müraciət edərək ona ev və ya torpaq sahəsinin ayrılmasını xahiş etmişdir. Binəqədi Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2007-ci il tarixli sərəncamı ilə vərəsəlik qaydasında iddiaçının mülkiyyətinə keçmiş fərdi yaşayış evinin həyatyanı torpaq sahəsində İsmayıla yaşayış evinin tikintisi üçün icazə verilmişdir. İsmayılın və onun yaşadıqları evlər hələ valideynlərinin sağlığında inşa edilmiş evlərdir. Hazırda həmin sərəncama görə iddiaçının mülkiyyət hüququ kobud şəkildə pozulur. İsmayıl özü də həmin qanunsuz sərəncamın ləğv olunması ilə əlaqədar Binqədi Rayon İcra Hakimiyyətinə ərizə ilə rəsmi qaydada müraciət etmişdir. İddiaçı Binəqədi Rayon İcra Hakimiyyət Başçısının xx.xx.2007-ci il tarixli sərəncamının ləğv edilməsi üçün Bakı Şəhər İcra Hakimiyyəti Başçısına ərizə ilə rəsmi qaydada müraciət etmişdir. Müraciət ərizəsı araşdırılması üçün Bİnəqədi Rayon İcra Hakimiyyətinə göndərilmişdir. Binəqədi Rayon İcra Hakimiyyəti Başçısının müavini tərəfindən imzalanmış imtina məktubunda qeyd edilmişdir ki, müraciəti üzrə məsələ mübahisəli olduğundan məhkəməyə müraciət etsin. Cavabdeh inzibati orqanın məktubu yuxarıda göstərilənlərə əsasən əsassız olduğu üçün pozulmuş mülkiyyət hüququ məhkəmə qaydasında bərpa edilməlidir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5788/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərardadı ilə X8 iş üzrə inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5788/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərardadı ilə X9 iş üzrə inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdir. İddia ərizəsi Bakı İnzibati Məhkəməsinə daxil olduqdan sonra İnzibati Prosessual Məcəllənin 45.4, 47 və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsinin surəti ona əlavə olunmuş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuşdur. Cavabdehin iddiaya yazılı etirazı məhkəməyə təqdim olunmamışdır. Məhkəmə iclasında iştirak edən iddiaçı tərəf iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Cavabdeh tərəfə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında səlahiyyətli nümayəndəsi vasitəsilə təmsil olunmamış, məhkəmə İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsasən cavabdeh tərəfin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs X8 iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak etmiş üçüncü şəxs X9 iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi mümkün sayılmamalıdır. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2007-ci il tarixli, 379 nömrəli sərəncamına əsasən Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsinin Qeydiyyat vəsiqəsinə (30/867, xx.xx.1988-ci il) əsasən vətəndaş H.Y.Veyisovun xüsusi mülkiyyətində olan Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, 8 Mart küçəsində yerləşən 47 saylı evin həyətyanı torpaq sahəsində (121.0 kv.metr) təqdim edilən layihə əsasında bir mərtəbəli kürsülü fərdi yaşayış evinin inşa edilməsinə icazə verilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* nömrəli çıxarışdan görünür ki, İddiaçı adına ünvan 1 ünvanında 242.3 kv.m sahəsi olan fərdi yaşayış evi, 0.05992 hektar torpaq sahəsi ********** qeydiyyat nömrəsi ilə xx.xx.2018-ci il tarixdə qeydiyyata alınmışdır. Cavabdeh Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinin İddiaçı müraciətinə cavab olaraq ünvanladığı xx.xx.2022-ci il tarixli, 04/13-11-11/V-34-091 nömrəli məktubunda bildirilmişdir ki, məsələ ilə əlaqədar aparılan araşdırma zamanı müraciətinizdə qaldırılan məsələnin mübahisəli olduğu müəyyən edilmişdir. Mübahisəli məsələlərin araşdırılması məhkəmənin səlahiyyətlərinə aid olduğundan, müvafiq məhkəməyə müraciət edilməsi tövsiyə olunur. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: -2.2.1-ci maddəsinə görə şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. -32.1-ci maddəsinə görə mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. -32.2-ci maddəsinə əsasən aşağıdakı inzibati aktlar mübahisələndirmə haqqında iddianın predmeti ola bilər: 32.2.1. barəsində məhkəməyə şikayət verilməmiş inzibati akt; 32.2.2. barəsində şikayət verildiyi hallarda, şikayət instansiyasının qərarı ilə dəyişdirilmiş inzibati akt (şikayət instansiyası tərəfindən qərar qəbul edildikdən sonrakı formada ilkin inzibati akt); 32.2.3. şikayət instansiyası tərəfindən şikayətə baxma qaydasında qəbul edilmiş və ilk dəfə olaraq üçüncü şəxs üçün öhdəlik yaradan qərar (inzibati akt). “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Məhkəmə hesab edir ki, hazırkı iş üzrə iddiaçının sərəncamın ləğv edilməsi tələbi İnzibati Prosessual Məcəllənin 32.1-ci maddəsinin tələbinə uyğun olaraq mübahisələndirmə haqqında iddia növü ilə tənzimlənir. Həmin iddia növünə münasibətdə yoxlanılmalı olan xüsusi mümkünlük şərti iddia müddətinə əməl edilib-edilməməsidir. İddianın mümkünlük şərtlərinin yerinə yetirilməsinə dair sübutetmə yükü iddiaçının üzərinə düşür. Belə ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: -62.1-ci maddəsinə əsasən inzibati orqan inzibati aktın qəbul edilməsi haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə rəsmi məlumat verməyə borcludur. Rəsmi məlumat inzibati aktın maraqlı şəxslərə birbaşa elan edilməsi, təqdim olunması və ya dərc edilməsi yolu ilə verilir. -62.2-ci maddəsinə əsasən poçt rabitəsi vasitəsilə ölkə daxilində göndərilmiş inzibati akt, onun poçta təqdim edildiyi gündən 5 gün keçdikdən sonra, elektron üsulla göndərilmiş inzibati akt isə göndərildiyi gündən 3 gün keçdikdən sonra maraqlı şəxsə təqdim olunmuş sayılır. -64.1-ci maddəsinə əsasən inzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. -71.1-ci maddəsinə əsasən maraqlı şəxslər hüquqlarını və ya qanunla qorunan maraqlarını müdafiə etmək məqsədilə inzibati aktdan və ya inzibati aktın qəbul edilməsindən imtinadan şikayət vermək hüququna malikdirlər. -72.1-ci maddəsinə görə inzibati aktdan şikayət inzibati qaydada və ya məhkəmə qaydasında verilə bilər. İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. “T.İdrisovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati- İqtisadi Kollegiyasının 9 dekabr 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Konstitusiya Məhkəməsi Plenumunun 28 dekabr 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mübahisələndirmə haqqında iddia onunla xarakterizə olunur ki, hüquqi əhatəsinə müdaxilə edilməklə şəxsi əlverişsiz vəziyyətə salan inzibati aktın ləğv edilməsi və ya dəyişdirilməsi məhkəmədən tələb olunur. Mübahisələndirmə haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə - iddia qaldırmaq səlahiyyətinə (İnzibati Prosessual Məcəllənin 35-ci maddəsi) və iddia qaldırmaq müddətinə (İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsi) əməl olunmalıdır. İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbulu nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçının hüququnun həqiqətən pozulub-pozulmaması iddianın mümkünlüyü ilə deyil, əsaslılığı ilə bağlı məsələdir və ikinci mərhələdə (əsaslılıq mərhələsində) yoxlanılmalıdır. Sadalanan normalardan müəyyən olunur ki, mübahisələndirmə haqqında iddia “İnzibati icraat haqqında” Qanunun 62-ci maddəsindəki qaydalar əsas götürülməklə, inzibati akt haqqında məlumat verildiyi vaxtdan 30 gün müddətində və ya inzibati şikayət icraatı həyata keçirilən zaman şikayət instansiyası qərarının təqdim edildiyi vaxtdan 30 gün müddətində qaldırılmalıdır. İşin hallarından müəyyən olunur ki, iddiaçı mübahisələndirdiyi sərəncamın ləğvinə dair iddianı qanunvericilikdə nəzərdə tutulmuş iddia müddətini ötürməklə vermişdir. Belə ki, sözügedən xx.xx.2007-ci il tarixli sərəncamın mövcudluğu barədə iddiaçının uzun müddət əvvəl məlumatlı olmasını təsdiq edən təkzibedilməz sübutlar vardır. İş materiallarından müəyyən olunur ki, xx.xx.2020-ci il tarixdə Bakı İnzibati Məhkəməsinə daxil olmuş 2-1(112)-765/2021 nömrəli inzibati iş üzrə iddiaçı X9 cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ünvan 3 ünvanında inşa edilmiş kürsülü fərdi yaşayış evinə dair aparılmış qeydiyyatın etibarsız hesab edilməsi və həmin qeydiyyat əsasında verilmiş xx.xx.2018-ci il tarixli, seriya RX № ******* çıxarışın ləğv edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3802/2020 nömrəli, xx.xx.2020-ci il tarixli qərardadı ilə İddiaçı üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb olunmuşdur. Həmin inzibati iş üzrə məhkəmə tərəfindən müəyyən olunmuşdur ki, “(......) iddiaçı Elnarə Veyisova xx.xx.2018-ci il tarixdə qeydə alınmış seriya RX ******* №-li hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən üçüncü şəxs İddiaçı adına rəsmiləşdirilmiş daşınmaz əmlakın “B” tikilisinin Bakı şəhəri Binəqədi RİH Başçısının xx.xx.2007-ci il tarixli, 379 saylı və xx.xx.2008-ci il tarixli, 274 saylı sərəncamları əsasında keçmiş əri İsmayıl Veyisov tərəfindən tikildiyini, həmin tikili üzrə məhkəmə qətnamələrinə əsasən hüquqlarının tanındığını iddia edərək ünvan 3 ünvanında inşa edilmiş kürsülü fərdi yaşayış evinə dair aparılmış qeydiyyatın və həmin qeydiyyat əsasında verilmiş xx.xx.2018-ci il tarixli, seriya RX № ******* çıxarışın ləğv edilməsi ilə bağlı mübahisə qaldırmışdır (.....)”. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-765/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qərarı ilə iddia tələbi qismən təmin edilmiş, ünvan 1 ünvana dair xx.xx.2018-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində 423 nömrəli reyestr kitabının 39673 nömrəli vərəqində aparılmış qeydiyyat və xx.xx.2018-ci il tarixli, Seriya RX ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış qismən, yəni ümumi sahəsi 190,8 kvm. olan “B” tikilisi ilə bağlı hissədə ləğv edilmişdir. Göründüyü kimi İddiaçı üçüncü şəxs qismində iştirak etdiyi 2-1(112)-765/2021 saylı iş üzrə inzibati məhkəmə icraatında iddiaçının istinad etdiyi və məhkəmənin araşdırdığı hüquqmüəyyənedici sənədlər sırasında Bakı şəhəri Binəqədi RİH Başçısının xx.xx.2007-ci il tarixli, 379 saylı sərəncamı da olmuş, iddiaçı həmin məhkəmədə üçüncü şəxs olaraq vəkil və nümayəndə vasitəsilə təmsil olunarkən həmin sərəncamdan məlumatlı olmuşdur. Bundan başqa qeyd edilməlidir ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 29 iyun 2011-ci il tarixli qətnaməsi ilə iddiaçılar X5 və Veyisova Xədicə Həbib qızının cavabdehlər X3 və Binəqədi Rayon İcra Hakimiyyətinə qarşı Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyəti Başçısının 379 saylı, xx.xx.2007-ci il tarixli və 274 saylı, xx.xx.2008-ci il tarixli sərəncamlarının etibarsız hesab edilməsi, habelə cavabdeh İ.H.Veyisov tərəfindən inşa edilmiş evin 75 kv.m-dən artıq olan hissəsinin və evin bünövrəsinə aid olmayan əlavə inşa edilmiş mətbəxin sökülməsi tələbinə dair iddiası təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-4366/2011 nömrəli, 25 oktyabr 2011-ci il tarixli qətnaməsi ilə iddiaçılar X11 və Veyisova Xədicə Həbib qızı tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilərək iş üzrə Binəqədi Rayon Məhkəməsinin 29 iyun 2011-ci il tarixli qətnaməsi ləğv olunmuş, iddiaçılar X5 və Veyisova Xədicə Həbib qızının iddia tələbi təmin edilərək Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyəti Başçısının 379 saylı, xx.xx.2007-ci il tarixli və 274 saylı, xx.xx.2008-ci il tarixli sərəncamlarının etibarsız hesab edilməsi, həmin sərəncamlar əsasında cavabdeh X8 tərəfindən ünvan 4 ünvanda inşa edilmiş evin 75 kv.m-dən artıq olan hissəsinin və mətbəx tikilisinin sökülməsi qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-958/2012 nömrəli, 29 mart 2012-ci il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-4366/2011 saylı 25 oktyabr 2011-ci il tarixli qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-2950/2012 nömrəli, 29 iyun 2012-ci il tarixli qətnaməsi ilə iddiaçıların apelyasiya şikayəti təmin edilməyərək iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 29 iyun 2011-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-31/2013 nömrəli, 03 yanvar 2013-cü il tarixli qərarı ilə iddiaçılar X5 və Veyisova Xədicə Həbib qızının kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının iş üzrə 29 iyun 2012-ci il tarixli, 2(103)-2950/2012 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Göründüyü kimi hazırkı iddia predmeti olan Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2007-ci il tarixli, 379 nömrəli sərəncamı bir dəfə məhkəmə icraatında mübahisə predmeti olmuş, X3 qarşı Binəqədi Rayon İcra Hakimiyyəti Başçısının 379 saylı, xx.xx.2007-ci il tarixli sərəncamının etibarsızlığı, eləcə də həmin sərəncam və 274 saylı, xx.xx.2008-ci il tarixli sərəncam əsasında inşa edilmiş tikililərin sökülməsi tələbi hazırkı iddiaçının qardaşı X11 və bacısı Veyisova Xədicə Həbib qızı tərəfindən qaldırılmışdır. Belə olan halda İddiaçı sözügedən ünvanda yaşayan şəxs, eyni zamanda X5, Veyisova Xədicə Həbib qızının və X2 qardaşı olmaqla onlar arasında mülki mübahisədən, həmin mübahisə zamanı mübahisənin predmeti olmuş Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyəti Başçısının 379 saylı, xx.xx.2007-ci il tarixli sərəncamından həmin vaxtdan məlumatlı olmaması ağlabatan və inandırıcı deyildir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, sözügedən sərəncamın rəsmi olaraq məhz hansı tarixdə təqdim olunmasının bəlli olmaması halı iddianın mümkün sayılmamasına mane təşkil etmir. Nəzərə almaq lazımdır ki, İPM-in 38.1-ci maddəsi yalnız “təqdim olunma” ifadəsindən deyil, həm də “elan olunma” ifadəsindən istifadə edir. Buna görə, “elan olunma” eynilə “təqdim olunma”ya bərabər hüquqi nəticələr doğurur. “Elan olunma” isə inzibati akt barəsində digər qaydada məlumatlı olmanı da ehtiva edir. Başqa sözlə, şəxsə inzibati akt rəsmi qaydada təqdim edilməsə belə, onun digər vasitələrlə artıq həmin akt barədə məlumat əldə etdiyi təkzibolunmaz şəkildə sübuta yetirilirsə, iddia müddətinin axımının başlanılması onun akt barədə məlumatlı olduğu andan hesablanmalıdır. Bu mövqeyinə uyğun olaraq hesab edir ki, yuxarıda sadalanmış təkzibedilməz sübutlar iddiaçının 30 günlük iddia müddətini ötürdüyünü mübahisəsiz təsdiq edir. Göründüyü kimi iddiaçı barəsində qəbul edilmiş inzibati aktdan ən tezi Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 29 iyun 2011-ci il tarixli qətnaməsi vaxtından, ən geci Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3802/2020 nömrəli, xx.xx.2020-ci il tarixli qərardadı ilə üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edildiyi tarixdən məlumatlı olmuşdur. Başqa sözlə, iddiaçı sərəncamdan məlumatlı olduğu vaxtdan qanunla nəzərdə tutulmuş 30 günlük iddia müddətini ötürməklə məhkəmədə iddia qaldırmışdır. İnzibati Prosessual Məcəllənin: -22.1-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda nəzərdə tutulmamışdırsa, müddətin axımı təqdim edilmə anından, təqdim edilmənin bu Məcəllə ilə məcburi hesab olunmadığı hallarda isə, elan edilmə anından başlanır. -24.1-ci maddəsinə görə bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. -24.2-ci maddəsinə görə buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. -24.4-cü maddəsinə əsasən təbii fəlakət və ya digər qarşısıalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar istisna olmaqla, müddətin buraxılmasından 1 il keçdikdən sonra həmin müddətin bərpasına dair ərizə verilə bilməz. Məhkəmə iddia tələbi üzrə müddətin ötürülməsindən 1 ildən çox keçdiyini nəzərə alaraq iddiaçıya iddia müddətinin bərpasına dair ərizə verilməsinin təklif edilməsinə hüquqi zərurət görməmişdir. Məhkəmə qeyd edir ki, qanunvericilikdə təsbit olunan müddətlərin, o cümlədən məhkəmədə iddia qaldırmaq üçün müəyyən olunan müddətlərin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını müdafiə etməyə məcbur edir; ikinci, hüquq münasibətlərində qeyrimüəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanını yaradır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (bundan sonra - Avropa Məhkəməsi) Novakovic Xorvatiyaya qarşı iş üzrə 23 iyul 2015-ci il tarixli Qərarında müddətlərin düzgün tətbiqinin işin ədalətli həllinə təsiri ilə bağlı qeyd etmişdir ki, daxili qanunvericiliyin təfsiri problemlərini həll etmək ilk növbədə milli dövlət orqanlarına, xüsusən məhkəmələrə aiddir. Məhkəmənin rolu belə bir təfsirin nəticələrinin Konvensiyaya zidd olubolmamasının yoxlanılmasından ibarətdir. Bu xüsusən sənədlərin tədqim edilməsi və ya şikayətlərin verilməsini tənzimləyən müddət məhdudiyyətləri kimi prosessual xarakterli qaydaların məhkəmələr tərəfindən tətbiqinə şamil edilir. Avropa Məhkəməsi məhkəmə iddiasını müəyyən edilmiş prosessual müddət daxilində vermək tələbinin ədalət mühakiməsinin düzgün həyata keçirilməsinin qanuni məqsədinə və xüsusən hüquqi müəyyənlik prinsipinə xidmət etdiyini vurğulamışdır (§ 20-21). İnzibati Prosessual Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qanunun tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Beləliklə, hazırkı iddianın qaldırılması üçün inzibati-prosessual qanunvericilikdə nəzərdə tutulan iddianın müddətinə dair mümkünlük şərti ödənilmədiyindən iddia mümkün sayılmamalıdır. İnzibati Prosessual Məcəllənin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati və iqtisadi mübahisələrə dair işlər üzrə məhkəmə vasitəsilə verilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2, 35 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddiaçı cavabdeh Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinə qarşı “sərəncamın ləğv edilməsi” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540) şikayət verilə bilər. Hakim Aygün Əhədova
Məhkəmə qərarları › İş №2-1(112)-5788/2022
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-5788/2022
29.06.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver