Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-579/2025 07.02.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi ilə, İslamova Minayə Etibar qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “torpaq sahəsinə mülkiyyət hüququnun qeydiyyata alınaraq çıxarışın verilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdehlər Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinə və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək Qaradağ Rayon icra Hakimiyyəti Başçısının xx.xx.2000-ci il tarixli, 242 nömrəli Sərəncamı ilə Sahil qəsəbəsinin şimal-qərbindən yeni ayrılmış yaşayış massivindən fərdi yaşayış evinin tikilməsi üçün iddiaçıya verilmiş 600.0 kv.m torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və ona müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdeh Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin və Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsi üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Qaradağ Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2000-ci il tarixli, 242 nömrəli Sərəncamı ilə Sahil qəsəbəsinin şimal-qərbindən yeni ayrılmış yaşayış massivindən 600.0 kv.m torpaq sahəsi fərdi yaşayış evinin tikilməsi üçün ona verilmişdir. Azərbaycan Respublikası Dövlət Arxivinin xx.xx.2009-cu il tarixli 807 nömrəli arxiv çıxarışı, eyni zamanda Milli Arxiv İdarəsinin X2 Sistemindən verilmiş xx.xx.2022-ci il tarixli çıxarış yuxarıda göstərilən sərəncamın həqiqiliyini təsdiq edir. Qaradağ Rayon İcra Hakimiyyəti Aparatının memarı N.Səmədov tərəfindən tərtib edilmiş torpaq sahəsinin sxemində ayrılmış torpaq sahəsinin yerləşdiyi yer İV küçədə “4” rəqəmi ilə göstərilmişdir. Həmin torpaq sahəsinə üzərində mülkiyyət hüququnu dövlət qeydiyyatına aldırmaq və çıxarış almaq üçün aşağıdakı tədbirləri həyata keçirmiş: Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə çıxarışın verilməsi üçün müraciət etmişdir. 1 saylı Bakı Ərzi İdarəsinin xx.xx.2023-cü il tarixli cavab məktubunda göstərilmişdir ki, torpaq sahəsinin yerini müəyyənləşdirməyə imkan verən sənədlər (müvafiq sxem, plan və ya onlardan çıxarış, torpaq sahəsinin təhkim aktı) həmin torpaq sahəsinin ayırılmasına qərar qəbul etmiş təşkilat tərəfindən tərtib olunur. İlkin torpaqayırma sənədlərinin tərtib olunması və ya belə sənədlər təqdim olunmadan torpaq sahəsinin üzərində hüquqların dövlət qeydiyyatına alınması onların səlahiyyəti xaricindədir. Beləliklə, həmin məktubla ona çıxarışın verilməsindən imtina edilmişdir. Torpaq sahəsinə çıxarışın alınması üçün torpaq sahəsinin planı və ölçüsünün əks olunduğu yerləşmə sxeminin alınması üçün xx.xx.2023-cü il tarixdə Qaradağ Rayon İcra Hakimiyyətinə ərizə ilə müraciət etmişdir. Qaradağ Rayon İcra Hakimiyyəti tərəfindən ona göndərilmiş xx.xx.2023cü il tarixli, 5-13/1-V-4-091/2023 nömrəli cavab məktubunda qeyd edilmişdir ki, “sizə torpaq sahəsi ayrılarkən həmin zaman qüvvədə olan qanunvericilik aktlarına əsasən yerləşmə cizgisi yer quruluşu orqanları tərəfindən yerdə (naturada) sahənin hüdudları müəyyən edilməklə müvafiq sənədlər rəsmiləşdirilib verilmişdir. Bu həmin sərəncamın qüvvəyə minməsi üçün əsas olmuşdur”. Beləliklə, Qaradağ Rayon İcra Hakimiyyəti də çıxarış almaq üçün zəruri olan sənədləri (müvafiq sxem, plan və ya onlardan çıxarış, torpaq sahəsinin təhkim aktı) mənə verməkdən imtina etmişdir. Bundan sonra Bakı İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, torpaq sahəmin plan və ölçüsünün əks olunduğu sənədlərin (müvafiq sxem, plan və ya onlardan çıxarış, torpaq sahəsinin təhkim aktı) ona verilməsi öhdəliyinin cavabdeh Qaradağ Rayon İcra Hakimiyyətinin üzərinə qoyulmasını xahiş etmişdir. İddia ərizəsində cavabdeh qismində Azərbaycan Respublikası Bakı şəhəri Qaradağ Rayon İcra Hakimiyyətini, üçüncü şəxslər qismində isə Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsini və İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətini göstərmişəm. Bakı İnzibati Məhkəməsinin (hakim Günel Sevdiməliyeva) 2-1(112)-8060/2023 saylı iş üzrə xx.xx.2023-cü il tarixli qərardadı ilə iş üzrə qəbul ediləcək məhkəmə qərarının Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin və İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin qanuni maraqlarına toxunma ehtimalı olmadığından, onların inzibati məhkəmə icraatına cəlb olunmasından imtina edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8060/2023 saylı iş üzrə xx.xx.2023cü il tarixli Qərardadı ilə iddiam mümkün sayılmamışdır. Həmin məhkəmə Qərardadın 10-cu bəndində göstərilmişdir ki, AR Prezidentinin 2015-ci il 17 iyun tarixli 553 nömrəli Fərmanı ilə təsdiq edilmiş torpaq sahəsinin planı və ölçüsünün təsvirinə əsasən, həmin sənəd ciddi hesabat sənədi olmaqla torpaq sahəsinə dair müfəssəl məlumatı özündə əks etdirir (torpaq sahəsinin kadastr göstəriciləri, o cümlədən torpaq sahəsinin qaiməsi (sertifikatı); torpaq sahəsinin döngə nöqtələrinin koordinatları və onlar arasındakı məsafələr; torpaq sahələri üzrə rəqəmli (elektron) kadastr xəritəsindən çıxarış; şərti işarələr (rəqəmli (elektron) kadastr xəritəsindən çıxarışda göstərilən işarələrin təsviri). Qərardadın 12-ci bəndində göstərilmişdir ki, AR Prezidentinin 2020-ci il 12 may tarixli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsində xidmətin vəzifələrində biri də “daşınmaz əmlakla, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərini aparmaq və texniki sənədləri, torpaq sahələrinin planını və ölçüsünü tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün kadastr planlarını hazırlamaq”dır (3.0.23-cü bənd). Qərardadın 13-cü bəndində göstərilir ki, Azərbaycan Respublikası iqtisadiyyat nazirinin 28 oktyabr 2021-ci il tarixli F-144 nömrəli əmri ilə təsdiq edilmiş Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin nizamnaməsinə əsasən: 1.3. DƏDKR bu Nizamnamədə nəzərdə tutulan vəzifələrini və hüquqlarını Azərbaycan Respublikasının bütün ərazisində bilavasitə və tabeliyində olan qurumları vasitəsilə həyata keçirir. 2.0. DƏDKR-in fəaliyyət istiqamətləri aşağıdakılardır: 2.0.2. daşınmaz əmlakın inventarlaşdırıİması işlərini aparmaq və texniki sənədləri tərtib etmək; Qərardadın 14-cü bəndində göstərilir ki, iş materiallarının araşdırılması zamanı məhkəmə tərəfindən müəyyən edilmişdir ki, fərdi yaşayış evinin tikintisi üçün İddiaçı ayrılmış Sahil qəsəbəsinin şimal-qərbində yerləşən torpaq sahəsinə dair eyniləşdirməyə imkan verən yerləşmə cizgisi mövcuddur, yəni cavabdeh qurum vaxtilə torpaq sahəsini naturada müəyyən edərək hüquq sahibinə təhvil verimişdir. Odur ki məhkəmə hesab edir ki, iddiaçının hüquqi marağına uyğun olan səmərəli hüquqi müdafiə vasitəsi müvafiq tələblə Daşınmaz Əmlakın Dövlət Kadatsrı və Reyestri publik hüquqi şəxsinə müraciətdir. Beləliklə Bakı İnzibati Məhkəməsi tərəfindən iddia ərizəsi mümkün sayılmadığından məcburən yenidən həm Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinə, həm də Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə ərizə ilə müraciət etmişdir. Ərizələri Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-8060/2023 saylı iş üzrə xx.xx.2023-cü il tarixli Qərardadının surətini əlavə edərək ona çıxarışın və ilkin torpaq ayırma sənədlərinin verilməsinin onların vəzifəsi olduğunu bildirmişdir. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 13 noyabr 2023-cü il tarixli cavab məktubunda göstərilmişdir ki, torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı edilən müraciətdə torpaq sahəsinin yerini müəyyənləşdirməyə imkan verən sənədlər (müvafiq sxem, plan və ya onlardan çıxarış, torpaq sahəsinin təhkim aktı) olmadığı müəyyən edilmişdir. Həmçinin, məktubda göstərilmişdir ki, qeyd edilən sənədlər torpaq sahəsinin ayırmasına qərar qəbul etmiş təşkilat tərəfindən tərtib olunur və həmin sənədin əldə edilməsi ilə əlaqədar müvafiq icra hakimiyyəti orqanına müraciət etməyi tövsiyə olunur. Həmçinin, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi idarəsi də 13 noyabr 2023-cü il tarixli cavab məktubunda xx.xx.2023-cü il tarixli məktubda istinad edərək ona çıxarışın verilməsindən imtina edilmişdir. Beləliklə, hər iki cavabdeh inzibati orqan mülkiyyət hüququmun dövlət qeydiyyatına alınmasından əsassız olaraq imtina etmişdir. Göründüyü kimi, Bakı İnzibati Məhkəməsi (hakim Günel Sevdiməliyeva) fərqli, inzibati orqanlar isə fərqli mövqe tutur. Yuxarıda qeyd edilənlərdən irəli gələrək hesab edir ki, ona çıxarışın verilməsi vəzifəsi cavabdehlər Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin və Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Bakı İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı ilə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin iş üzrə cavabdeh qismində prosessual iştirakına xitam verilmişdir. İddia ərizəsi Bakı İnzibati Məhkəməsinə daxil olduqdan sonra İnzibati Prosessual Məcəllənin 45.4, 47 və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsinin surəti ona əlavə olunmuş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuşdur. Cavabdeh orqanın iddiaya yazılı etirazı məhkəməyə təqdim edilmiş və etirazda bildirilmişdir ki, təqdim edilən sənədlər üzrə torpaq sahəsinin Sahil qəsəbəsində yerləşdiyi qeyd edilsə də, elektron kadastr məlumatlarına əsasən göstərilən torpaq sahəsi Ümid qəsəbəsində yerləşir. Bundan əlavə, torpaq sahəsinə dair təqdim edilmiş yerləşmə cizgisində istinad və məsafələr göstərilməmiş, perimetrik ölçülər və konfiqurasiyada ciddi fərqlər olduğundan sənədin göstərilən sahəyə aid olub-olmamasını müəyyənləşdirmək mümkün olmamışdır. Təqdim edilmiş yerləşmə cizgisində səlahiyyətli qurumun möhürü oxunmur. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 67-ci maddəsinə əsasən torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23.1-ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Yuxarıda qeyd olunanlara əsasən, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 48.2-ci maddəsini rəhbər tutaraq iddia tələbinin təmin edilməməsini xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehə məhkəmə bildirişi ilə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş, iştirak etməməyin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsasən işə şifahi məhkəmə baxışı iclasında cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını və məhkəmə qərarının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə iddiaçı tərəfin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməlidir. Məhkəmə sorğusuna cavab olaraq Dövlət Arxivinin Bakı Filialının xx.xx.2024-cü il tarixli məktubu ilə göndərilmiş Qaradağ Rayon İcra Hakimiyyəti başçısının “Fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsinin ayrılması haqqında” xx.xx.2000-ci il tarixli, 242 nömrəli Sərəncamının surətindən görünür ki, Bakı şəhər İcrakomunun xx.xx.1989-cu il tarixli 13/713 saylı qərarına müvafiq olaraq vətəndaş İddiaçı fərdi yaşayış evinin tikintisi üçün Sahil qəsəbəsinin şimal-qərbində yeni ayrılmış yaşayış massivindən 600 kv.m torpaq sahəsi ayrılmışdır. İş materiallarına əlavə edilmiş Qaradağ Rayon İcra Hakimiyyətinin xx.xx.2023-cü il tarixli iddiaçıya ünvanlanan məktubunda bildirilmişdir ki, Qaradağ Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2023-cü il tarixli 242 nömrəli sərəncamına əsasən İddiaçı Sahil qəsəbəsinin şimai-qərb hissəsində 600 kv.m ölçüdə torpaq sahəsi ayrılmışdır. Nəzərinizə çatdırırıq ki, sizə torpaq sahəsi ayrılarkən həmin zaman qüvvədə olan qanunvericilik aktlarına əsasən yerləşmə cizgisi yer quruluşu orqanları tərəfindən yerdə torpaq sahənin hüdudları müəyyən edilməklə müvafiq sənədlər rəsmiləşdirilib verilmişdir. Bu həmin sərəncamın qüvvəyə minməsi üçün əsas olmuşdur. İş materiallarına əlavə edilmiş Qaradağ Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2000-ci il tarixli, 242 nömrəli sərəncamı əsasında Sahil qəsəbəsinin İ yaşayış massivində 600 kv.m. torpaq sahəsinin yerləşmə cizgisi tərtib edilmişdir. Torpaq sahəsi fərdi yaşayış evi tikmək üçün İddiaçı verilmişdir. Cizgi Qaradağ RİH Aparatının memarı N.Səmədov tərəfindən tərtib edilmiş və möhürlə təsdiq edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8060/2023 saylı, xx.xx.2023-cü il tarilxi qərardadı ilə X1 cavabdeh Qaradağ rayon İcra Hakimiyyətinə qarşı torpaq sahəsinin yerləşmə sxeminin verilməsi tələbinə dair iddiası mümkün sayılmamışdır. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli məktubu ilə bildirilmişdir ki, vahid elektron kadastr baza məlumatlarına əsasən torpaq sahəsi Qaradağ rayonu, Ümid qəsəbəsinin ərazisidir. Sahənin yerləşmə cizgisi təqdim olunmadığı üçün sənədlə sahəni müəyyən etmək mümkün olmamışdır. Bundan əlavə torpaq sahəsinin texniki vəziyyətini əks etdirən müayinə(baxış) aktı və ortofoto görüntüsü məhkəməyə təqdim edilmişdir. Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsində yerləşən 600 kv.m torpaq sahəsinin xx.xx.2024-cü il tarixli daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə (baxış) aktına əsasən torpaq sahəsi hüquqmüəyyənedici sənəd üzrə 0.06 ha, faktiki 0.0916 ha, 0.0316 ha artıqdır. Torpaq sahəsi bir tərəfdən yol, iki tərəfdən qonşular bir tərəfdən boşluq sahə ilə əhatə olunmuşdur. Üç tərəfdən mişar daşları, bir tərəfdən metal tor ilə hasara alınmışdır. Torpaq sahəsi üzərində iki ədəd bir mərtəbəli fərdi yaşayış evi və yarımçıq tikililər mövcuddur. Torpaq sahəsinin üzərindən və yaxınlığından yerüstü kommunikasiya xətləri keçmir. Torpaq sahəsi iki hissəyə bölünərək ayrı-ayrılıqda hasara ahnnuşdır. Sərəncama aid yerləşmə sxemi təqdim olunmadığı üçün faktiki vəziyyətin koordinatları əlavə olundu. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli məktubu ilə göndərilmiş Qaradağ rayonu, Sahil qəsəbəsinin şimal-şərq hissəsi ünvanında yerləşən 600.0 kv.m ölçülü torpaq sahəsinin (ətrafında yerləşən qeydiyyatdan keçmiş sahələr göstərilməklə) ortofotodan görünür ki, mübahisələndirilən torpaq sahəsinin ətrafında **********58, **********80-10301 reyestr nömrəli qeydiyyatdan keçmiş daşınmaz əmlakların yerləşdiyi əks olunmuşdur. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli məktubunda bildirilmişdir ki, elektron baza məlumatlarına əsasən 3 reyestr nömrələr ilə qeydiyyata alınmış daşınmaz əmlaklar aşkar edilmişdir, Həmin daşınmaz əmlaklara dair müvafiq sənədlərin təsdiq edilmiş surəti məhkəməyə göndərilmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin iddiaçıya ünvanladığı xx.xx.2023-cü il tarixli, **********44 nömrəli məktubunda bildirilmişdir ki, torpaq sahəsinin yerini müəyyənləşdirməyə imkan verən sənədlər (müvafiq sxem, plan və ya onlardan çıxarış, torpaq sahəsinin təhkim aktı) həmin torpaq sahəsinin ayrılmasına qərar qəbul etmiş təşkilat tərəfindən tərtib olunur. İlkin torpaqayırma sənədlərinin tərtib olunması və ya belə sənədlər təqdim olunmadan torpaq sahəsi üzərində hüquqların qeydiyyata alınması Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin səlahiyyətləri xaricindədir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9-cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı bu Qanuna uyğun olaraq hüquqların dövlət qeydiyyatı haqqında ərizənin və ərizəyə əlavə olunan sənədlərin, o cümlədən dövlət rüsumunun ödənilməsi haqqında sənədin qəbul edilməsi əsasında aparılır. İstinad olunan normalardan müəyyən edildiyi kimi öhdəliyin icrası haqqında iddialarla bağlı mübahisələrə baxılarkən müəyyən edilməli olan xüsusi mümkünlük şərtlərindən biri kimi iddiaçının məhkəmədə iddia qaldırmazdan öncə müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsidir. İddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl qeyd edilən tələblə bağlı müvafiq qaydada cavabdehə müraciət etmişdir. İddia mahiyyət üzrə əsaslıdır. Hazırkı işdən müəyyən olunur ki, iddiaçı Qaradağ Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2000-ci il tarixli, 242 nömrəli sərəncamına əsasən fərdi yaşayış evinin tikintisi üçün Sahil qəsəbəsinin şimal-qərbində yeni ayrılmış yaşayış massivində 600 kv.m torpaq sahəsinə mülkiyyət hüquqlarının qeydiyyatı ilə bağlı cavabdehə müraciət etmişdir. Cavabdehin müraciətin təminindən imtinası və etirazının dəlilləri aşaıdakılardan ibarət olmuşdur: -təqdim edilən sənədlər üzrə torpaq sahəsinin Sahil qəsəbəsində yerləşdiyi qeyd edilsə də, elektron kadastr məlumatlarına əsasən göstərilən torpaq sahəsi Ümid qəsəbəsində yerləşir. -torpaq sahəsinə dair təqdim edilmiş yerləşmə cizgisində istinad və məsafələr göstərilməmiş, perimetrik ölçülər və konfiqurasiyada ciddi fərqlər olduğundan sənədin göstərilən sahəyə aid olub-olmamasını müəyyənləşdirmək mümkün olmamışdır. Təqdim edilmiş yerləşmə cizgisində səlahiyyətli qurumun möhürü oxunmur. Məhkəmə aşağıdakılara əsasən cavabdehin imtina dəlillərini əsassız hesab edir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0-cı maddəsinə görə daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: -8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; -8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun: -10.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin, onun tərəfindən vəkil edilmiş şəxsin bilavasitə təqdim edilən və ya notarius, yaxud qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər vasitəsilə göndərilən ərizəsi əsasında aparılır. Ərizədə hüquq əldə edən fiziki şəxsin soyadı, adı, atasının adı, ünvanı, şəxsiyyətini təsdiq edən sənəd, hüquqi şəxsin isə tam adı, ünvanı, qeydiyyatı haqqında şəhadətnamə, icra hakimiyyəti orqanının tam adı və ünvanı, xahişin məzmunu və əlavə olunan sənədlər göstərilməlidir. Ərizənin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. -10.2-ci maddəsinə görə qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; 10.2.2. torpaq sahəsinin planı və ölçüsü; 10.2.3. torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi; 10.2.4. dövlət rüsumunun ödənilməsi barədə sənəd. -11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Göründüyü kimi qanunvericiliyin tələbinə əsasən 2001-ci il yanvarın 1-dək yerli icra hakimiyyəti orqanlarının yaşayış evinin tikintisi məqsədilə torpaq sahələrinin ayrılması barədə sərəncamları torpaq sahələrinə mülkiyyət hüququnun qeydiyyata alınması üçün hüquqmüəyyənedici sənəd qismində çıxış edir. Hazırkı iş üzrə məhkəmə icraatında tədqiq olunmuş materiallardan görünür ki, Qaradağ Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2000-ci il tarixli, 242 nömrəli sərəncamı ilə İddiaçı fərdi yaşayış evi tikmək üçün Sahil qəsəbəsinin şimal-qərbində yeni ayrılmış yaşayış massivində 600 kv.m. torpaq sahəsi ayrılmışdır. Həmin sərəncamla ayrılmış torpaq sahəsinin yerləşmə cizgisi rayon icra hakimiyyətinin memarı tərəfindən tərtib edilərək icra hakimiyyətinə aid möhürlə təsdiq edilmişdir. Eyni zamanda qeyd edilməlidir ki, Bakı İnzibati Məhkəməsinin 2-1(112)8060/2023 nömrəli xx.xx.2023-cü il tarixli qərardadı ilə İddiaçı cavabdeh Bakı şəhəri Qaradağ Rayon İcra Hakimiyyətinə qarşı “yerləşmə sxeminin verilməsi”nə dair iddia tələbi mümkün sayılmamışdır. Həmin qərardadda göstərilmişdir ki, “14. İş materiallarının araşdırılması zamanı məhkəmə tərəfindən müəyyən edilmişdir ki, fərdi yaşayış evinin tikintisi üçün İddiaçı ayrılmış Sahil qəsəbəsinin şimal-qərbində yerləşən torpaq sahəsinə dair eyniləşdirməyə imkan verən yerləşmə cizgisi mövcuddur, yəni cavabdeh qurum vaxtilə torpaq sahəsini naturada müəyyən edərək hüquq sahibinə təhvil verimişdir. Odur ki məhkəmə hesab edir ki, iddiaçının hüquqi marağına uyğun olan səmərəli hüquqi müdafiə vasitəsi müvafiq tələblə Daşınmaz Əmlakın Dövlət Kadatsrı və Reyestri publik hüquqi şəxsinə müraciətdir.” Qaradağ Rayon İcra Hakimiyyətinin xx.xx.2023-cü il tarixli iddiaçıya ünvanladığı məktubu ilə qeyd edilən Qaradağ Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2000-ci il tarixli 242 nömrəli sərəncamı əsasında torpaq sahəsi ayrılarkən həmin zaman qüvvədə olan qanunvericilik aktlarına əsasən yerləşmə cizgisi yer quruluşu orqanları tərəfindən yerdə torpaq sahənin hüdudları müəyyən edilməklə müvafiq sənədlər rəsmiləşdirilib verildiyi qeyd edilmişdir. Göründüyü kimi torpağın ayrılması barədə Qaradağ Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2000-ci il tarixli 242 nömrəli sərəncamı təqdim edilməklə yanaşı həmin sərəncamın tərkib hissəsi olan yerləşmə cizgisi də təqdim edilmişdir. İş materiallarına əlavə edilmiş yerləşmə cizgisində torpağın ayrıldığı dövrə uyğun olaraq torpaq sahəsinin küçə, əsas yol, digər torpaq sahələrinə istinadən yerləşmə mövqeyi öz əksini tapmışdır. Bundan əlavə mübahisəli torpaq sahəsinin adıçəkilən cizgisinin mötəbərliyi, cizginin torpaq sahəsinin ayrıldığı dövrün qanunvericiliyinə uyğun olması yerli icra hakimiyyətinin iddiaçıya ünvanladığı xx.xx.2023-cü il tarixli məktubda bilavasitə təsdiq edilmişdir. Həmçinin, məhkəmənin qanuni qüvvəsini almış qərardadında da yerləşmə cizgisinin iddiaçıya ayrılmış torpaq sahəsini naturada müəyyən etdiyi, eyniləşdirməyə imkan verdiyi, əlavə olaraq yeni cizginin verilməsinə zərurət olmadığı barədə mövqe bildirilərək yeni yerləşmə cizgisinin verilməsi barədə iddia mümkün sayılmamışdır. Cavabdehin “təqdim edilən sənədlər üzrə torpaq sahəsinin Sahil qəsəbəsində yerləşdiyi qeyd edilsə də, elektron kadastr məlumatlarına əsasən göstərilən torpaq sahəsi Ümid qəsəbəsində yerləşdiyi” dəlili ilə bağlı qeyd edilməlidir ki, daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən xx.xx.2023-cü il tarixli və xx.xx.2023-cü il tarixli müayinə (baxış) aktlarında torpaq sahəsinin yerləşdiyi ünvan Qaradağ rayonu, Sahil qəsəbəsi kimi göstərilmişdir. Məhkəməyə təqdim edilmiş ortofoto görüntülərdən də görünür ki, iddia olunan torpaq sahəsinin paralelində yerləşən mülkiyyətdə olan torpaq sahələri eyni ərazi və istiqamətdə yerləşən iki qonşu torpaq sahəsi olsalar da birinin ünvanı Qaradağ rayonu, Ümid qəsəbəsi (**********58 reyestr nömrəli), digərinin isə Qaradağ rayonu, Sahil qəsəbəsi (**********80-10301 reyestr nömrəli) kimi qeyd edilmişdir. Göründüyü kimi, cavabdeh tərəfindən eyni eyni ərazi və istiqamətdə yerləşən iki qonşu torpaq sahələrinin ünvanlarını fərqli göstərməklə daşınmaz əmlakın dövlət reyestrində qeydə almışdır. İddiaçının torpaq sahəsinin həm hüququmüəyyənedici sənəddə, həm də həmin torpaq sahəsinin texniki vəziyyətini əks etdirən xx.xx.2023-cü il tarixli və xx.xx.2024-cü il tarixli müayinə (baxış) aktlarında yerləşdiyi ünvan Qaradağ rayonu, Sahil qəsəbəsi kimi qeyd edilmişdir. İddia olunan torpaq sahəsinin ünvanında hər hansı dəyişiklik olsa da belə, bu hazırkı halda iddiaçının məsuliyyət sferasına aid edilə bilməz. Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 27 noyabr tarixli 27 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında ünvan reyestrinin aparılması və daşınmaz əmlak obyektlərinə ünvan verilməsi Qaydaları”nın 1.5-ci bəndinə əsasən Ünvan reyestrinin aparılması və ünvanların verilməsi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti (bundan sonra – Dövlət Xidməti) tərəfindən həyata keçirilir. Məhkəmə o halı da nəzərə alır ki, iddiaçının qonşuluğunda yerləşən və torpaq sahələrinə dair reyestr məlumatlarından məlum olur ki, iddiaçı ilə qonşu olan torpaq sahəsi də yerli icra hakimiyyətinin sərəncamı ilə ayrılmış, həmin torpaq sahələrinin də yerləşmə cizgisi yerli icra hakimiyyəti tərəfindən tərtib edilmiş və cavabdeh orqan həmin qonşu torpaq sahəsinin yerləşmə cizgisi ilə uyğun gəlmədiyi ilə bağlı dəlil irəli sürmədən təqdi olunan yerli icra hakimiyyətinin sənədlərinə əsasən torpaq sahəsilərinə həm Ümid, həm də Sahil qəsəbəsi ünvanı üzrə mülkiyyət hüququnun qeydiyyatını aparmışdır. Belə olan halda cavabdehin hazırkı iddiaçıya münasibətdə hüququ qeydiyyata almaqdan imtina əsası öz təsdiqini tapmır və bu hal ən azı iddiaçıya münasibətdə “İnzibati icraat haqqında” Qanunun 12-ci maddəsi ilə nəzərdə tutulmuş (İİQ-nun 12.2-ci maddəsi: İnzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır.) bərabərlik prinsipini pozduğunu deməyə əsas verir. Beləliklə, iddiaçının təqdim etdiyi torpaqayırma sənədləri (sərəncam və yerləşmə cizgisi) qüvvədə olmaqla həmin sənədlərin məhkəmə icraatında mötbərliliyini istisna edəcək hər hansı hala rast gəlinməmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Həmin Qanunun 15.1-ci maddəsinə görə hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu Qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Hazırkı iş üzrə iddiaçının daşınmaz əmlak üzrə mülkiyyət hüquqlarının qeydiyyata alınmasından imtinaya əsas verə biləcək Qanunun yuxarıda sadalanan hallarına rast gəlinməmişdir. Belə olan halda cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinin imtinası qanunazidd və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. İnzibati Prosessual Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində İnzibati məhkəmə vasitəsilə verilir. Göstərilənlərə əsasən iddia tələbi təmin edilməli, Qaradağ Rayon icra Hakimiyyəti Başçısının xx.xx.2000-ci il tarixli, 242 nömrəli Sərəncamı ilə Sahil qəsəbəsinin şimalqərbindən yeni ayrılmış yaşayış massivində 600 kv.metr torpaq sahəsi üzərində mülkiyyət hüququnun İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla çıxarışın verilməsi vəzifəsi cavabdehə həvalə ediıməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52, 68, 69, 73, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddia tələbi təmin edilsin. Qaradağ Rayon icra Hakimiyyəti Başçısının xx.xx.2000-ci il tarixli, 242 nömrəli sərəncamı ilə Sahil qəsəbəsinin şimal-qərbindən ayrılmış yaşayış massivində 600 kv.metr torpaq sahəsi üzərində mülkiyyət hüququnun İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla çıxarışın verilməsi vəzifəsi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Aygün Əhədova
Məhkəmə qərarları › İş №2-1(112)-579/2025
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-579/2025
07.02.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver