Məhkəmə qərarları › İş №2-1(112)-5790/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-5790/2022

05.07.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-5790/2022 05.07.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı MTK-nin (VÖEN **********) cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “şəxsi hesab vərəqəsində faiz borcunun azaldılması” tələbinə dair iş üzrə GİRİŞ HİSSƏSİ: Hakim Qarayeva Mehriban Cəfər qızının sədrliyi Mahmud Orxan Əlövsət oğlunun katibliyi iddiaçının vəkili və nümayəndəsi Vəkil cavabdehin nümayəndəsi X1 iştirakları ilə İddiaçı MTK-nın (VÖEN **********) cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “şəxsi hesab vərəqəsində faiz borcunun azaldılması” tələbinə dair inzibati işə məhkəmənin inzibati binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq şifahi məhkəmə baxışı ilə bağlı iclasda baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: 1.İşin halları İddiaçı MTK (VÖEN **********) cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, faiz borcunun silinməsi haqqında qərar qəbul olunmasını xahiş etmişdir. Sonradan iddiaçının vəkili və nümayəndəsi iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, İddiaçı MTK-nın (VÖEN **********) şəxsi hesab vərəqəsində faiz borcunun azaldılaraq 29.677,75 manat məbləğində göstərilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Naziriyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə həvalə edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmiş, ərizə icraata qəbul edilmişdir. İddia ərizəsində tələb onunla əsaslandırılmışdır ki, cavabdeh tərəfindən iddiaçıya ödənilməmiş 66875,60 manat məbləğində vergi borcundan 5686,63 manat məbləğin DSMF-yə və 228,81 manat məbləğində borcu olması bildirilmişdir. Bu məbləğlərin böyük bir qismi cavabdehin hesabına ödənilmişdir. Yuxarıda qeyd edilən məbləğin əsası kimi vaxtında ödənilməyən vergi borcuna hesablanmış penya hesabı kimi qeyd edilir. Cavabdeh tərəfındən vergi hesablanarkən AR Vergi Məcəlləsinin 59.1-ci maddəsinə əsasən vergi və ya cari vergi ödəməsi bu Məcəllə ilə müəyyən edilmiş müddətdə ödənilmədikdə, ödəmə müddətindən sonrakı hər bir ötmüş gün üçün vergi ödəyicisindən və ya vergi agentindən ödənilməmiş vergi və ya cari vergi ödəməsi məbləğinin 0,1 faizi məbləğində faiz tutulur. Lakin cavabdeh orqan bu maddənin tələblərini əhəmiyyətli şəkildə pozduğundan iddiaçının hesablaşma hesabı üzərinə sərəncam qoyduğundan demək olar ki, iddiaçını iflic vəziyyətə salmışdır. Bundan əlavə dəfələrlə cavabdeh orqana cərimənin əsassız olması barədə bildirsələr də, cavabdeh orqan məsələyə münasibət bildirməmişdir. Şəxsi hesab vərəqinə əsasən iddiaçıya xx.xx.2020-ci il tarixdən vergi hesablanmağa başlanmışdır. xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixə olan borcu 105159 AZN təşkil etmişdir. Halbuki, cavabdeh tərəfindən aparılmış ödənilməmiş vergi borcuna görə hesablanmış faiz borcu heç bir sənədə əsaslanmayan məbləğ olmuş, həmin yoxlama ilə iddiaçının hesabladığı məbləğlər təkrar nəzərə alınmışdır. “Vergilərin hesablanması barədə” qərar iddiaçıya təqdim edilməmişdir. Bundan əlavə cavabdeh orqan faiz borcunun ödənilməsi ilə bağlı iddiaçının əmlakları üzərinə həbs qoymuş və əmlakların açıq hərracdan satılması ilə bağlı tədbirlər həyata keçirilməkdədir. Sonda iddiaçı iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı həmçinin hesablanmış borcun yarandığı tarixin 2009-cu ilə təsadüf etdiyindən “ümidsiz borc” kimi silinməli olduğunu bildirmişdir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin (bundan sonra - İnzibati- Prosessual Məcəllə) 45.4-cü maddəsinə əsasən, iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayıldığından hazırlıq icraatına başlanılmış, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdehə göndərilmiş, cavabdehdən iddiaya dair öz münasibətini (etiraz) yazılı şəkildə məhkəməyə bildirməsi tələb olunmuşdur. 2.Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri Mübahisə ilə bağlı keçirilmiş hazırlıq icraatında işin halları və mübahisənin vəziyyəti müzakirə edilmiş, hüquqi mübahisənin barışıq yolu ilə nizama salmaq və iş materiallarında saxlanılması mümkün olan sənədlərin məhkəməyə təqdim olunması proses iştirakçılarına təklif edilmiş, zəruri sənədlər toplanmış və iş üzrə digər qanunamüvafiq prosessual hərəkətlər edildikdən sonra işə baxılması təyin edilmişdir. İş üzrə keçirilmiş şifahi məhkəmə baxışı iclasında iddiaçının nümayəndəsi (vəkili) iddia tələbini müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun olaraq izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi iddianı qəbul etməyərək, iddiaya dair etirazda göstərilənlərə uyğun izahat verərək iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Cavabdehin yazılı etirazı onunla əsaslandırılmışdır ki, iddiaçı tərəfindən iddia ərizəsində qeyd edildiyi və şəxsi hesab vərəqəsindən də göründüyü kimi iddiaçıya faiz hesablanması xx.xx.2020-ci il tarixdən başlanmışdır. Faiz hesablanmasının əsasını iddiaçı tərəfindən təqdim edilən dəqiqləşdirilmiş sadələşdirilmiş vergi bəyannaməsinə əsasən ilkin olaraq az bəyan edilən binanın sahəsinin sonradan artırılması olmuşdur. Belə ki, iddiaçı tərəfindən xx.xx.2017-ci il tarixdə 2016-cı ilin İV rübü üzrə cari bina tikintisi fəaliyyəti üzrə sadələşdirilmiş vergi bəyannaməsi təqdim edilmişdir. Qeyd edilən bəyannamə üzrə vergi orqanı tərəfindən həyata keçirilən vergi yoxlaması zamanı binanın sahəsinin 7149,04 kv.m olmasına baxmayaraq vergi ödəyicisi tərəfindən azaldılaraq 5107,36 kv.m göstərildiyi müəyyən edilmişdir. Vergi ödəyicisinə xx.xx.2017-ci il tarixdə ünvanlanmış kameral uyğunsuzluq haqqında məktubda qeyd edilən kənarlaşma ilə bağlı hallar vergi ödəyicisinə bildirilmiş, lakin vergi ödəyicisi tərəfindən dəqiqləşdirilmiş bəyannamənin təqdim edilməsi baş vermiş texniki xəta səbəbindən mümkün olmamışdır. Bununla əlaqədar vergi ödəyicisi tərəfindən 2016-cı ilin İV rübü üzrə dəqiqləşdirilmiş bəyannamə kağız formasında tərtib edilmiş və xx.xx.2019-cu il tarixdə vergi orqanına təqdim edilmişdir. Qeyd edilən bəyannamə üzrə yaranmış 110250,7 manat fərq 10 rüb üzrə bərabər bölünməklə vergi ödəyicisinin şəxsi hesab vərəqəsinə işlənilmiş və şəxsi hesab vərəqəsi üzrə faiz hesablanılmasına başlanılmışdır. Başqa sözlə, vergi ödəyicisinə vaxtında ödənilməmiş vergi öhdəliyinə görə qanunvericiliklə müəyyən edilmiş hər gecikdirilmiş gün üçün faiz hesablanmışdır. Vergi Məcəlləsinin 59.1-ci maddəsinə əsasən vergi və ya cari vergi ödəməsi bu Məcəllə ilə müəyyən edilmiş müddətdə ödənilmədikdə, ödəmə müddətindən sonrakı hər bir ötmüş gün üçün vergi ödəyicisindən və ya vergi agentindən ödənilməmiş vergi və ya cari vergi ödəməsi məbləğinin 0,1 faizi məbləğində faiz tutulur. Həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən bu Məcəllənin 59.1-ci maddəsində müəyyən edilmiş faiz vergi ödənişlərinə münasibətdə bütün ötmüş müddətə, ancaq bir ildən çox olmamaq şərti ilə tətbiq edilir. İddiaçı iddia ərizəsində faiz məbləğinin hesablanması ilə razılaşmadığını qeyd etməsinə baxmayaraq hesablanmasının əsassızlığının nədən ibarət olmasını əsaslandırmamışdır. Halbuki, qeyd edilənlərdən aydın olduğu kimi faiz hesablanması vergi ödəyicinin özü tərəfindən dəqiqləşdirilmiş vergi bəyannaməsinin təqdim edilməsi ilə bağlı olaraq həyata keçirilmişdir. Maddələrinin tələbindən irəli gəlməklə, əsas vergi öhdəliyi müəyyən etmədiyindən və hər gecikdirilmiş günə münasibətdə hesablandığından faiz məbləği ilə bağlı inzibati aktın qəbul edilməsi tələb edilmir. Odur ki, iddiaçının qeyd edilən dəlili heç bir hüquqi əsas malik deyildir. Digər tərəfdən faiz məbləğinin hesablanması əsas vergi borcunun ödənilməsi ilə bağlı olduğundan sözügedən məbləğin silinməsi üçün əsas vergi məbləğinin silinməsi tələb edilir. Yəni, əsas vergi məbləği qüvvədə olduğu müddətdə faiz məbləğinin silinməsi əsası mövcud deyildir. Lakin işin hallarından da məlum olduğu kimi əsas vergi məbləği vergi orqanı tərəfindən həyata keçirilən hər hansı hesablama üzrə yaranmamış, məhz iddiaçının özü tərəfindən bəyan edilmiş və mübahisələndirilməmişdir. İddia predmetini təşkil edən faiz məbləğinin yaranması əsası vergi ödəyici tərəfindən təqdim edilən dəqiqləşdirilmiş bəyannamədir. Yəni, vergi ödəyicisi tərəfindən dəqiqləşdirilmiş bəyannamə üzrə hesablanan verginin məbləği cari bəyannamə üzrə hesablanan verginin məbləğindən daha az olduğundan faiz məbləğinin hesablanması həyata keçirilmişdir. İddiaçı həmçinin hesablanmış borcun yarandığı tarixin 2009-cu ilə təsadüf etdiyindən “ümidsiz borc” kimi silinməli olduğunu bildirmişdir. Vergi borcunun ümidsiz borc hesab edilməsi üçün qanunvericiliklə borcun vergi ödəyicisindən tutulması üzrə müddətin ötürülməsi tələb olunur. Belə ki, Vergi Məcəlləsinin 85.4-cü maddəsinə əsasən vergi orqanları vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 3 il ərzində vergi ödəyicisinin vergisini, faizləri və maliyyə sanksiyasını hesablamaq və hesablanmış məbləği yenidən hesablamaq, verginin, faizlərin və maliyyə sanksiyalarının hesablanmış (yenidən hesablanmış) məbləgini vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 5 il ərzində tutmaq hüququna malikdirlər. Lakin vergi ödəyicisinin şəxsi hesab vərəqəsindən də göründüyü kimi faiz borcunun hesablanması vergi ödəyicisinin bildirdiyi kimi 2009-cu ildən deyil, xx.xx.2020-ci il tarixdən başlanmışdır. Şəxsi hesab vərəqə üzrə vergi borcunun yaranması tarixindən 5 illik müddət keçmədiyindən borcun ümidsiz borc hesab edilməsi üçün heç bir qanuni əsas mövcud deyildir. Digər tərəfdən iddiaçı faiz borcunun yaranması tarixi ilə bağlı iddia ərizəsində bir-biri ilə ziddiyyət təşkil edən iki fərqli tarixə istinad etmişdir. Belə ki, iddiaçı əvvəlcə şəxsi hesab vərəqəsi üzrə borcun xx.xx.2020-ci il tarixdən hesablandığını qeyd etməsinə baxmayaraq daha sonra borcun 2009-cu ilə aid olduğundan ümidsiz borc hesab edilərək silinməli olduğunu qeyd etmişdir. Digər tərəfdən vergi ödəyicisinin 2013-cü ildə qeydiyyatdan keçdiyini nəzərə alınarsa, 2009-cu ildə vergi borcunun yaranması mümkün deyil. İddiaçının şəxsi hesab vərəqəsi də mübahisələndirilən faiz borcunun hesablama tarixinin başlanğıcının xx.xx.2020-ci il olduğunu təsdiq edir. Qeyd edilən hallar iddia tələbinin əsassızlığını birmənalı şəkildə təsdiq edir.

3. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər

İş materialları məhkəməyə təqdim edilmişdir. Aşagıdakı sənədlər məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - İddiaçıya aid şəxsi hesab vərəqəsindən xx.xx.2021-ci il tarixə olan çıxarışından görünür ki, iddiaçının həmin tarixə 66.814,76 manat məbləğində faiz borcu, 72.897,46 manat məbləğində ümumi borcu olmuşdur. - İddiaçıya aid şəxsi hesab vərəqəsindən xx.xx.2022-ci il tarixə olan çıxarışından görünür ki, iddiaçının həmin tarixə 66.481,64 manat məbləğində faiz borcu, 72.663,33 manat məbləğində ümumi borcu olmuşdur. - İddiaçı tərəfindən verilmiş 2016-cı ilin 4-cü rübü üçün xx.xx.2019-cü il tarixdə tərtib edilmiş dəqiqləşdirilmiş bina tikintisi ilə məşğul olan şəxslərin sadələşdirilmiş vergi bəyannaməsindən görünür ki, iddiaçı tərəfindən 406,406.16 manat məbləğində vergi məbləği hesablanaraq bəyan edilmişdir. - Şəxsi hesab vərəqəsindən görünür ki, iddiaçıya faiz hesablanması xx.xx.2020-ci il tarixdən başlanmışdır. Faiz hesablanmasının əsasını xx.xx.2017-ci il tarixdə 2016-cı ilin İV rübü üzrə cari bina tikintisi fəaliyyəti üzrə sadələşdirilmiş vergi bəyannaməsi üzrə yaranmış 110250,7 manat fərq 10 rüb üzrə bərabər bölünməklə vergi ödəyicisinin şəxsi hesab vərəqəsinə işlənilmiş və şəxsi hesab vərəqəsi üzrə faiz hesablanılmasına başlanılmış, ödəyici tərəfindən xx.xx.2020-ci ildə 105000 manat ödəniş olmuşdur. - İddiaçının cavabdehə ünvanlanmış xx.xx.2020-ci il tarixli, xx.xx.2020-ci il tarixli ərizələri ilə bildirmişdir ki, 2019-cu ilin dekabr ayında təqdim etdiyi 2016-cı il dəqiqləşmiş bəyannaməyə əsasən 2016-cı ilin 4-cü rübündə bina tikintisi üzrə sadələşmiş vergi məbləğinə xx.xx.2020 tarixində 104547.63 əsas məbləğ və 74358.97 manat faiz hesablama aparılmışdır, lakin 74358.97 faiz məbləği Vergi Məcəlləsinin 59.1-ci maddəsinə uyğun olaraq aparılmamışdır. 104547.63 manat əsas məbləğ üzrə 59.1-ci maddəyə əsasən faiz ancaq 1 təqvim ili üzrə və 0.1 faiz hesablana bilər. Yuxarıda yazılanları nəzərə alınmasını və artıq hesablanmış faiz məbləğinin azaldılmasını xahiş etmişdir. - Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5790/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadına əsasən alınmış xx.xx.2022-ci il tarixli 9/2730 №-li məhkəmə-mühasibatlıq ekspertizası tədqiqatın nəticəsi olaraq İddiaçı MTK-nın faiz borcunun 29.677,75 manat məbləğində olması müəyyən olunmuşdur. - Cavabdehin ekspertiza rəyinə dair mülahizəsində ekspertin qeyd edilən mövqeyi ilə razılaşmayaraq bildirilmişdir ki, rəyin əsaslandırma hissəsindən də göründüyü kimi rəydə yalnız vergi qanunvericiliyinin maddələri sadalanmış, vergi məcəlləsinin maddələri düzgün tətbiq edilməklə heç bir əsaslandırılmış hesablama aparılmamış, ekspert öz səlahiyyətinə aid olmayan məsələlər barəsində rəy vermiş, qarşısında qoyulan suallara mahiyyəti üzrə cavab verməmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 63.1-ci maddəsinə əsasən xüsusi biliyə malik olan, bu Məcəllədə nəzərdə tutulmuş hallarda rəy verməsi zəruri hesab edilən və məhkəmə tərəfindən təyin edilən şəxs məhkəmədə ekspert qismində çıxış edə bilər. Qeyd olunan maddənin də mahiyyətindən göründüyü kimi ekspert xüsusi bilik tələb edilən məsələlərlə bağlı rəy vermək üçün cəlb edilir. Maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyü barədə rəy bildirmək ekspertin səlahiyyətinə aid deyildir. Məhkəmə tərəfindən ekspert qarşısında qoyduğu suallar konkret xarakter daşımaqla, vergi ödəyicisinin faiz borcunun düzgün hesablanması ilə məbləğin müəyyən edilməsi tələb edilmişdir. Halbuki, ekspert öz rəyində hesablamalarla bağlı məsələyə müfəssəl toxunmuş, qarşısında qoyulmuş suallara əsaslandırılmış düzgün hesablama etmədən, aidiyyəti olmayan məsələlərə dair rəy tərtib etməklə, əsassız olaraq mübahisələndirilən qərara hüquqi qiymət vermişdir. Vergi ödəyicisi tərəfindən xx.xx.2017-ci il tarixdə 2016-cı ilin İV rübü üzrə cari bina tikintisi fəaliyyəti üzrə sadələşdirilmiş vergi bəyannaməsi təqdim edilmişdir. Qeyd edilən bəyannamə üzrə vergi orqanı tərəfindən həyata keçirilən vergi yoxlaması zamanı binanın sahəsinin 7149,04 kv.m olmasına baxmayaraq vergi ödəyicisi tərəfindən azaldılaraq 5107,36 kv.m göstərildiyi müəyyən edilmişdir. Vergi ödəyicisinə xx.xx.2017-ci il tarixdə ünvanlanmış kameral uyğunsuzluq haqqında məktubda qeyd edilən kənarlaşma ilə bağlı hallar vergi ödəyicisinə bildirilmiş, lakin vergi ödəyicisi tərəfindən dəqiqləşdirilmiş bəyannamənin təqdim edilməsi baş vermiş texniki xəta səbəbindən mümkün olmamışdır. Bununla əlaqədar vergi ödəyicisi tərəfindən 2016-cı ilin 4-cü rübü üzrə dəqiqləşdirilmiş bəyannamə kağız formasında tərtib edilmiş və xx.xx.2019-cu il tarixdə cavabdehə təqdim edilmişdir. Qeyd edilən bəyannamə üzrə yaranmış 110250,7 manat fərq 10 rüb üzrə bərabər bölünməklə vergi ödəyicisinin şəxsi hesab vərəqəsinə işlənilmiş və şəxsi hesab vərəqəsi üzrə faiz hesablanılmasına başlanılmışdır. Başqa sözlə, vergi ödəyicisinə vaxtında ödənilməmiş vergi öhdəliyinə görə qanunvericiliklə müəyyən edilmiş hər gecikdirilmiş gün üçün xx.xx.2020-ci ildən etibarən faiz hesablanmaga başlamış, lakin ödəyici tərəfindən xx.xx.2020-ci ildə 105000 manat ödəniş olmuşdur. Ekspert normaların tətbiqi barədə yanlış nəticəyə gəlmişdir. Yuxarıda göstərilənləri nəzərə alaraq, məhkəmədən ekspert rəyinin iş üzrə mötəbər sübut kimi qəbul edilməməsi xahiş edilmişdir.

ƏSASLANDİRMA HİSSƏSİ:

4.İddianın növü və mümkünlüyü

Məhkəmə qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən öhdəliyin icrası haqqında iddia növünə aiddir. İPM-in 2.2.3-cü maddəsinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddiaya) inzibati məhkəmə icraatı qaydasında baxılır. Hazırkı işdə, iddiaçı cavabdehin faktiki xarakterli hərəkətinin (fəaliyyətinin) onun hüquqlarına müdaxilə etdiyini və həmin hərəkətin (fəaliyyətin) şəxsi hesab vərəqəsində ifadə olunan nəticəsinin dəyişdirilməsini tələb edir. Bu tələbin əsasları isə, hazırkı inzibati məhkəmə icraatı qaydasında, həm formal-hüquqi, həm də maddi-hüquqi baxımdan yoxlanılmalıdır. Hazırki iddianın qaldırılması üçün inzibati-prosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtləri ödənilir və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir.

5. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi Məhkəmə, proses iştirakçılarının izahatlarını dinləyib, iş üzrə toplanmış sənədləri tədqiq edərək hesab edir ki, aşağıdakı əsaslara görə iddia təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 73-cü maddəsinə görə heç kəs qanunla nəzərdə tutulmuş əsaslar olmadan və qanunda göstərilmiş həcmdən əlavə vergilər və başqa dövlət ödənişləri ödəməyə məcbur edilə bilməz. Azərbaycan Respublikası Vergi Məcəlləsinə əsasən: 59.1. Vergi və ya cari vergi ödəməsi bu Məcəllə ilə müəyyən edilmiş müddətdə ödənilmədikdə, ödəmə müddətindən sonrakı hər bir ötmüş gün üçün vergi ödəyicisindən və ya vergi agentindən ödənilməmiş vergi və ya cari vergi ödəməsi məbləğinin 0,1 faizi məbləğində faiz tutulur. 59.2. bu Məcəllənin 59.1-ci maddəsində müəyyən edilmiş faiz vergi ödənişlərinə münasibətdə bütün ötmüş müddətə, ancaq bir ildən çox olmamaq şərti ilə tətbiq edilir. Bu faiz səyyar vergi yoxlaması nəticəsində aşkar edilmiş vaxtında ödənilməmiş vergi məbləğlərinə həmin vergi məbləğlərinin vergi ödəyicisinə hesablandığı gündən tətbiq edilir. 59.3. Müəyyən edilmiş vergi məbləğindən artıq ödənilmiş məbləğ və ya düzgün tutulmayan vergi məbləği ödənildikdə, bu Məcəllə ilə başqa hallar nəzərdə tutulmamışdırsa, vergi ödəyicisinin ərizəsinin verildiyi tarixdən həmin məbləğlər geri qaytarılanadək gecikdirilən hər bir gün üçün (ödəmə günü də daxil olmaqla) vergi ödəyicisinə müvafiq məbləğlərin 0,1 faizi məbləğində faiz ödənilir. Vergi ödəyicisinin artıq ödənilmiş məbləğlərin qaytarılmasına dair ərizə verdiyi müddətdən 45 gün ərzində (bu Məcəllənin 179.1-ci maddəsi ilə müəyyən edilən halda 20 gün, 179.2-ci maddəsi ilə müəyyən edilən halda isə 4 ay ərzində) məbləğ qaytarılarsa, faizlər vergi ödəyicisinə qaytarılmır. 62.1. Hər bir vergi ödəyicisinin və ya başqa vəzifəli şəxsin vergi orqanlarının qərarlarından (aktlarından), habelə vergi orqanlarının vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət etmək hüququ vardır. 72.1. Bu Məcəllənin məqsədləri üçün vergi hesabatı vergi bəyannaməsindən ibarətdir. 72.5. Bu Məcəllənin 163-cü maddəsində nəzərdə tutulan hallar istisna olmaqla əvvəlki hesabat dövrləri üzrə təqdim edilmiş hesabatlardakı məlumatlar ilkin uçot sənədləri üzrə məlumatlara uyğun olmadığı hallarda vergi ödəyiciləri tərəfindən həmin hesabat dövrü üçün dəqiqləşdirilmiş hesabat təqdim edilməlidir. Dəqiqləşdirilmiş hesabat üzrə büdcəyə ödənilməli vergi məbləği əvvəl təqdim edilmiş hesabat üzrə büdcəyə ödənilməli vergi məbləğindən çox olduqda, əlavə hesablanmış vergi məbləği faizlərlə birlikdə büdcəyə ödənilir, az olduqda isə hesablanmış vergi və faiz məbləğləri azaldılır. Vergi ödəyicisi tərəfindən dəqiqləşdirilmiş və ya vaxtında təqdim edilməmiş hesabatlar vergi ödəyicisində səyyar vergi yoxlamasının başlandığı günədək təqdim edilə bilər. 221.1. Hesabat dövrü üçün sadələşdirilmiş verginin məbləği (bu Məcəllənin 218.4cü maddəsində nəzərdə tutulmuş vergi ödəyiciləri istisna olmaqla) bu Məcəllənin 220-ci maddəsi ilə müəyyən edilmiş vergi dərəcəsini hesabat dövrünün ümumi hasilatının həcminə tətbiq etməklə hesablanır. 221.2. Sadələşdirilmiş vergi üçün hesabat dövrü rübdür. 221.3. Sadələşdirilmiş verginin ödəyiciləri hesabat dövründən sonrakı ayın 20-dən gec olmayaraq ödənilməli olan verginin məbləği haqqında vergi orqanlarına bəyannamə verir və həmin müddətdə vergini dövlət büdcəsinə ödəyirlər. Vergi ödəyicisi fəaliyyətini dayandırdıqda, habelə vergi ödəyicisi olan hüquqi şəxs ləğv edildikdə və ya fərdi sahibkarın fəaliyyətinə xitam verildikdə, bu Məcəllədə müəyyən olunmuş müddətdən gec olmamaq şərtilə vergi orqanına bəyannamə təqdim edilməlidir. Bu zaman vergi dövrü hesabat dövrü sayılan müddətin əvvəlindən vergi ödəyicisi fəaliyyətini dayandırdığı, habelə vergi ödəyicisi olan hüquqi şəxs ləğv edildiyi və ya fərdi sahibkarın fəaliyyətinə xitam verildiyi günə qədər olan dövrü əhatə edir. 221.3.1. Bu Məcəllənin 218.4.2-ci maddəsində göstərilən şəxslər hesabat rübü üçün sadələşdirilmiş vergini bu Məcəllənin 220.9-cu maddəsində nəzərdə tutulmuş qaydada hesablayır və həmin rübdən sonrakı ayın 20-dən gec olmayaraq müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi forma üzrə vergi orqanına bəyannamə təqdim etməklə vergini dövlət büdcəsinə ödəyirlər. İddiaçı iddia tələbində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən ödənilən sadələşdirilmiş vergi üzrə ödənişin gecikməsinə görə cavabdeh tərəfindən şəxsi hesab vərəqəsində faizin hesablanmasının qanunsuzluğunu mübahisələndirir. Belə ki, mövcud qanunvericiliyə görə iddiaçının şəxsi hesab vərəqəsində hesablanmış digər borclar kimi faizlərin də vergi ödəyicisinin mövcud hüququ müdafiə vasitələrindən istifadə edərək mübahisiləndirmək imkanı vardır. Cavabdehin dəlillərinə görə iddiaçıya borc üzrə faizin hesablanması xx.xx.2020-ci il tarixdən başlanmış, bunun əsası kimi iddiaçı tərəfindən təqdim edilən dəqiqləşdirilmiş sadələşdirilmiş vergi bəyannaməsinə əsasən ilkin olaraq az bəyan edilən binanın sahəsinin sonradan artırılması göstərilmişdir. Belə ki, iddiaçı tərəfindən xx.xx.2017-ci il tarixdə 2016-cı ilin İV rübü üzrə cari bina tikintisi fəaliyyəti üzrə sadələşdirilmiş vergi bəyannaməsi təqdim edilmiş, bəyannamə üzrə vergi orqanı tərəfindən həyata keçirilən vergi yoxlaması zamanı binanın sahəsinin 7149,04 kv.m olmasına baxmayaraq, vergi ödəyicisi tərəfindən azaldılaraq 5107,36 kv.m göstərildiyi müəyyən edilmiş, bununla baglı vergi ödəyicisinə xx.xx.2017-ci il tarixdə ünvanlanmış kameral uyğunsuzluq haqqında məktubda qeyd edilən kənarlaşma ilə bağlı hallar bildirilmiş, lakin vergi ödəyicisi tərəfindən dəqiqləşdirilmiş bəyannamənin təqdim edilməsi baş vermiş texniki xəta səbəbindən mümkün olmadıgından 2016-cı ilin İV rübü üzrə dəqiqləşdirilmiş bəyannamə kağız formasında tərtib edilərək xx.xx.2019-cu il tarixdə vergi orqanına təqdim edilmişdir. Cavabdeh orqan tərəfindən də qeyd edilən bəyannamə üzrə yaranmış 110.250,7 manat fərqi 10 rüb üzrə bərabər bölünməklə vergi ödəyicisinin şəxsi hesab vərəqəsinə işlənilmiş və şəxsi hesab vərəqəsi üzrə vergi ödəyicisinə vaxtında ödənilməmiş vergi öhdəliyinə görə xx.xx.2020-ci ildən etibarən faiz hesablanmaga başlanılmışdır. Məhkəmə hesab edir ki, cavabdeh orqan tərəfindən iddiaçıya bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən ödənilən sadələşdirilmiş vergi üzrə ödənişin gecikməsinə görə faizlər düzgün hesablanmamışdır. Belə ki, məhkəmə tərəfindən xüsusi mühasibatlıq biliyi tələb edən halların hərtərəfli yoxlanılması məqsədilə təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizası tədqiqatın nəticəsi olaraq Vergi Məcəlləsinin tələblərinə əsasən ekspert tərəfindən aşağıdakı aparılmış hesablama nəticəsinə İddiaçı MTK-nın faiz borcunun 29.677,75 manat məbləğində olması müəyyən olunmuşdur: 11025,07 (hər rübə görə əlavə hesablanmış vergi borcu) x 0,1% x 1 il x 10 rüb – 10.012,25 faiz üzrə ödəniş = 29677,75. Məhkəmə iş materiallarında olan sənədləri qanunvericiliyin normaları ilə birgə təhlil edərək ekspert rəyində əks olunmuş araşdırmanı mötəbər sübut kimi qəbul edir və buna dair cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş ekspert rəyinə mülahizədə qeyd olunanları əsassız hesab edir. Məhkəmə hesab edir ki, verilmiş rəyin mötəbərliyinə şübhə doğuracaq sübutlar yoxdur. Rəydə tədqiqat prosesi ardıclı olaraq şərh olunmuş, gəlinən nəticə əsaslandırılmışdır. Göründüyü kimi cavabdehin 110.250,7 manat borcun 10 rüb üzrə bərabər bölünməklə vergi ödəyicisinin şəxsi hesab vərəqəsinə işlənilməsi və şəxsi hesab vərəqəsi üzrə vergi ödəyicisinə vaxtında ödənilməmiş vergi öhdəliyinə görə xx.xx.2020-ci ildən etibarən faiz hesablanmaga başlanılması ilə baglı hərəkəti iddiaçının mənafeyinə uyğun olmamış, cavabdeh hərəkəti ilə iddiaçı üçün əlverişsiz vəziyyət yaratmışdır. Bununla baglı olaraq məhkəmə hesab edir ki, sübutetmə yükü üzərinə düşən tərəf kimi cavabdeh orqan mövcud prosessual qanunvericiliyin tələblərinə görə vergi ödəyicisinin təqsirini, habelə öz qərarının qəbulunu zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməyə borclu olduğu halda cavabdeh inzibati orqanın iddiaçıya faiz borcunun hesablanmalı olduğunu təsdiq edən faktiki şərtlərin mövcudluğunu mötəbər sübutlarla təsdiq edə bilmədiyindən iddia əsaslıdır. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İPM-in 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə məhkəmə, toplanmış sübutlara məcmusu ilə qiymət verərək hesab edir ki, iddia təmin edilməli, İddiaçı MTK-nın (VÖEN **********) şəxsi hesab vərəqəsində faiz borcunun azaldılaraq 29.677,75 manat məbləğində göstərilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Naziriyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə həvalə edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 108.1-ci maddəsinə əsasən, prosessual xərclər məhkəmə xərclərindən (dövlət rüsumlarından və digər ödəmələrdən) və hüquqi müdafiə ilə bağlı proses iştirakçısının çəkdiyi, onun şikayəti üzrə şikayət instansiyasında icraatla əlaqədar xərclər də daxil olmaqla, zəruri xərclərdən ibarətdir. Həmin Məcəllənin 109-cu maddəsinə əsasən prosessual xərclərin ödənilməsi haqqında məsələ məhkəmə tərəfindən qəbul edilmiş qərardadla və ya mübahisə ilə bağlı iş üzrə qəbul edilmiş qərarla həll edilir. Həmin Məcəllənin 110.1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 110.3-cü maddəsinə əsasən iddianın təmin olunmadığı hallarda, inzibati məhkəmə icraatı ilə bağlı prosessual xərcləri ödəmək vəzifəsi, qanunvericilikdə digər hal nəzərdə tutulmamışdırsa, həmin şikayəti vermiş şəxsin üzərinə qoyulur. Həmin Məcəllənin 110.4-cü maddəsinə əsasən yalnız üçüncü şəxs qismində icraata cəlb olunması barədə ərizə verdiyi və ya hər hansı qərardan şikayət verdiyi, yaxud prosessual xərclər həmin şəxsin təqsiri üzündən meydana gəldiyi hallarda, məhkəmə icraatına cəlb edilmiş üçüncü şəxsin üzərinə prosessual xərcləri ödəmək vəzifəsi qoyula bilər. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli, 9/2730 nömrəli məktubuna əlavə edilmiş ekspertiza xərclərinə dair bildirişdə aparılmış tədqiqatın dəyəri 150 (bir yüz əlli) manat cavabdehdən tutulmalıdır.

NƏTİCƏVİ HİSSƏ:

Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 75 və 85.1 maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı:

İddia təmin edilsin. İddiaçı MTK-nın (VÖEN **********) şəxsi hesab vərəqəsində faiz borcunun azaldılaraq 29.677,75 manat məbləğində göstərilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Naziriyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə həvalə edilsin. Aparılmış ekspertiza tədqiqatının dəyəri olan 150 (bir yüz əlli) manat pul Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsindən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Qərardan rəsmi qaydada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: ünvan 2

Hakim Mehriban Qarayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar