Məhkəmə qərarları › İş №2-1(112)-5790/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-5790/2025

01.09.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-5790/2025 01.09.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi, İddiaçı Firuddin oğlunun cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı qərarın ləğv edilməsi və s tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı Firuddin oğlu cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı qərarın ləğv edilməsi və stələbi ilə məhkəməyə müraciət etmişdir. Sonradan iddiaçı iddia tələbinə dəqiqləşmə verərək cavabdehin 09 sentyabr 2024cü il tarixli diaqnozun təsdini tapmaması barədə qərarının və 07 noyabr 2024-cü il tarixli qərarının iddiaçıya aid hissədə ləğv edilməsini və müddətsiz əlilliyin ləğv edildiyi tarixdən bərpa edilməsinin cavabdehə həvalə edilməsini xahiş etmiş, ərizə icraata qəbul edilmişdir. İddiaçının əsaslandırması: İddia onunla əsaslandırılmışdır ki, iddiaçı 18 oktyabr 2020-ci il tarixdə döyüş tapşırığını yerinə yetirərkən ağır yaralanmışdır. Ona 01 noyabr 2021-ci il tarixdən etibarən müddətsiz birinci qrup əlillik təyinatı aparılmışdır. 2024-cü ilin fevral ayından müayinələrə yenidən cəlb edilmiş, sağlamlıq vəziyyətində irəliləyiş olmamışdır. Əlillik statusu əsassız olaraq 09 sentyabr 2024-cü il tarixdən ləğv edilmiş, bu barədə qərar qəbul edilmiş, həyat yoldaşı e-sosial portalında 06 dekabr 2024-cü il tarixdə şəxsi kabinet vasitəsi ilə məlumat əldə edilmişdir. İddiaçı hesab edir ki, əlilliyin təyini barədə qərarın qəbulundan bir-neçə il sonra əlilliyin ləğv edilməsinə dair qərarın qəbulu qanunsuz və əsassızdır. Cavabdehin etirazı Etiraz onunla əsaslandırılır ki, 04 aprel 2024-cü il tarixli xəstəlik haqqında şəhadətnamədə vətəndaşın işləmədiyi və İ dərəcəli əlil olması haqqında məlumat qeyd edilmiş, bu da şəhadətnamənin dəyişdirilməsinə dəlalət etmişdir. 4 ədəd travma haqqında arayışlar (12 dekabr 2020, 16 yanvar 2021, 03 avqust 2021, 23 yanvar 2021) olmuşdur. Cavabdeh qeyd edir ki, yoxlama zamanı psixi statusunda vətəndaş kobud simulyativ davranış sərgiləmiş, müayinə prosesinə reaksiya verməmiş, sualları anlaqsız vəziyyət göstərməyə çalışaraq cavablandırılmışdır. Qeyri-iradi sidik ifrası sərgiləmiş, lakin onun su olduğu bilinmişdir. Anasının verdiyi izahat və anamnestik məlumatlar arasında ziddiyyətli məlumatlar aşkar edilmişdir. Tibbi sənədlərində uyğunsuzluq aşkarlanmış, üzvü faktor təsdiq olunmamışdır. Travma haqqında arayışlarında ilk öncə kəllə beyin travması haqqında məlumatın olmaması, baş beynin insturmental müayinə nəticələrinin müxtəlif olması, bəzi sənədlərin möhür və imza ilə təsdiqlənməməsi ciddi şübhələr yaratmışdır. 2 saylı X1 18 yanvar 2024-19 fevral 2024-cü il tarixli çıxarışında diaqnoz baş beynin üzvü mənşəli (travma mənəşli) nəticəsində yaranan ağıl zəifliyi, kobud davranış pozuntuları, psixotik daxilolmalarla kimi qeyd olunsa da , kliniki olaraq öz təsdiqini tapmamışdır. Psixi Sağlamlıq Mərkəzinin 27 fevral 2024-cü il tarixli tibbi rəyində diaqnoz baş-beyin travması nəticəsində demensiya kimi qeyd olunsa da klinik olaraq öz təsdiqini tapmamışdır. 2 saylı Psixiatriya Xəstəxanasının 24 aprel 2024-24 may 2024-cü il tarixli çıxarışında diaqnoz baş beynin üzvi mənşəli (travma mənşəli) nəticəsində yaranan ağıl zəifliyi, kobud davranış pozuntuları, psixotik daxilolmalarla MMSE 10 kimi qeyd olunsa da öz təsdini tapmamışdır. X3 müayinəsinin yerli keyləşdirmə ilə aparıldığı qeyd olunmuş, vətəndaşın psixiatrik vəziyyətinin kafi vəziyyətdə olmasına dəlalət etmişdir. Psixi diaqnozlarla vətəndaşın əyani müayinədə sərgilədiyi davranışları arasında ciddi uyğunsuzluqlar aşkarlandığı üçün 2 saylı X2 müayinə və diaqnozun dəqiqləşdirilməsi məqsədi ilə göndəriş verilmiş və 04 oktyabr 2024-cü il tarixdə tibbi rəydə diaqnoz dissosiativ konversion pozuntu (qarışıq tip) psevdodemensiya, özünü kəsmələrlə təqdim olunmuş, beləliklə öncəki kəllə beyin travması haqqında məlumat öz əksini tapmamışdır. Cavabdeh hesab edir ki, 09 sentyabr 2024-cü il tarixli diaqnozun təsdiqini tapmaması barədə qərar qanuni və əsaslıdır. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: İddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. Faktiki hallar və sübutlar: Əlillik altisistemindən görünür ki iddiaçıya 01 noyabr 2021-ci il tarixdən birici dərəcə müddətsiz əlillik təyin edilmiş, lakin sonradan cavabdeh tərəfindən təyin edilmiş əlillik 09 sentyabr 2024-cü il tarixli müayinənin nəticəsində ləğv edilmişdir. İş materiallarında olan 2 nömrəli X1 08 oktyabr 2024-cü il tarixli həkim psixiatr komissiyasının rəyində və Respublikas Psixiatriya Xəstəxanasının 21 oktyabr 2024-cü il tarixli rəyində qeyd edilir ki, iddiaçının diaqnozu dissosiativ konversion pozuntu, psevdodemensiya F 44.7-dir, özünü kəsmələrlə müşahidə edilir. Psixi Sağlamlıq Mərkəzinin 07 iyul 2021-ci il tarixli rəyində qeyd edilir ki, iddiaçıda üzvi mənşəli şəxsiyyət pozuntusu, intihar fikirləri ilə F 07.0 mövcuddur. Eləcə də həmin Mərkəzin 22 avqust 2022-ci il tarixli rəyində qeyd edilir ki, baş beyin travması nəticəsində demensiya F 02.8 mövcuddur. Mərkəzin 27 fevral 2024-cü il tarixli məktubunda qeyd edilir ki, baş -beyin travması nəticəsində demensiya F02.8 müşahidə edilir. Mərkəzi Hərbi Həkim Komissiyasının şəhadətnaməsində qeyd edilir ki, baş beynin üzvi xəstəliyi nəticəsində yaranan ağır dərəcə ifadə olunmuş ağıl zəifliyi-demensiya, kobud davranış pozuntuları, psixotik daxilolmalarla, partlayış travması keçirilmiş qapalı-kəllə beyin travması, baş beyin silkələnməsinin davamlı vegetativ damar davamsızlığı və s xəstəliyi ilə şəhadətəndirilmişdir. Elektron sistemdən çıxarışdan görünür ki, etiologiyasından asılı olmayaraq, dərin və ağır dərəcəli kəmağıllılıq, həmçinin anadangəlmə idiotiya, yaxud kəskin nəzərəçarpan inbesillik (İQ-35-dən aşağı olanlar) (F70-F79) meyarı üzrə Y 36.2 hərbi əməliyyatlar nəticəsində digər təsnifat kodu üzrə, hərbi əməliyyatlar nəticəsində digər növ partlayışlarla və ya qəlpələrlə törənmiş zədələnmələr, partlayış travması nəticəsində keçirilmi qapalı kəllə beyin travması, baş beyin silkələnməsindən sonrakı vəziyyət, baş beynin üzvü xəstəliyi (travmalı mənşəli) nəticəsində kəskin ifadə olunmuş şəxsiyyət dəyişkənliyi, kobud davranış pozuntuları ilə, tez-tez təkrarlanan dekompnesasiyalarla, vegetativ damar davamsızlığı və ya davranış pozuntuları ilə təzahür edən nəticələri, kəkələmə, sağ əlin qayğıbənzər sümüyünün odlu silah yaralanmasından sonrakı sınığının əlamətləri, dərinin çapıqlaşmış vəziyyəti və fibrozu, sağ bazunun orta 1/3-nin sağ bud dizi oynağı nahiyyəsinin kor qəlpə yaralanmasına görə aparılmış yaraların birinci cərrahi işlənməsindən sonrakı bərkimiş dəri çapıqları. Kəkələmə (hıqqana-hıqqana danışmaq), qaraciyərin qaraciyər nekrozu ilə müşayiət olunan toksiki zədələnməsi, qaraciyərin kiçik ölçülü hemangioması, funksiyanın pozulması ilə, göz qapağı və gözyüvası yanı nahiyyəsinin digər səthi travmaları, OU- Travmadan sonrakı vəziyyət, sadə miopik astiqmatizm. Onurğanın osteoxondrozu, onurğanın boyun və bel-oma nahiyyəsinin osteoxondrozu L4-L5 fəqərəarası məsafənin daralması, burun arakəsməsinin yerdəyişməsi, burun tənəffüsünü mülayim dərəcədə çətinləşdirən burun arakəsməsinin əyrliyi diaqnozu ilə əlaqədar iddiaçıya 01 noyabr 2021-ci il tarixdən birinci dərəcə əlillik təyin edilmişdir. Sonradan cavabdeh diaqnozun öz təsdini tapmaması barədə 09 sentyabr 2024-cü il tarixli qərar qəbul etmişdir. 07 noyabr 2024-cü il tarixli qərarla iddiaçının diaqnozunun təsdiqini tapmaması barədə 09 sentyabr 2024-cü il tarixdən təsdiq edilmişdir. Ekspert rəyində qeyd edilir ki, iddiaçıda üzvi dissosiativ pozuntu, psevdodemensiya, özünükəsmələrlə (F06.5) xəstəliyi mövcuddur. 16 dekabr 2024-cü il tarixli məktubda qeyd edilir ki, komissiya qərarının düzgünlüyü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda əlilliyi müəyyən edilmiş şəxs əyani müayinəyə cəlb edilir. Odur ki, müayinəyə iddiaçı dəvət edilir. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi: Məhkəmə işin yuxarıda göstərilən faktiki hallarını, o cümlədən tətbiq edilməli olan maddi və prosessual hüquq normalarının tələblərini nəzərə almaqla hesab edir ki, iddia təmin olunmalıdır. Gəlinən nəticə ilə bağlı aşağıdakıların da qeyd edilməsi zəruridir. Məhkəmə ilk növbədə qeyd edir ki, AR İPM-nin 14.1-ci maddəsinə görə mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Göründüyü kimi hazırkı iş üzrə mübahisələndirilən qərarların qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu məhz cavabdeh sübut etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”: 1.1.Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.2-ci maddəsinə əsasən hazırlanmışdır və Azərbaycan Respublikasının vətəndaşlarına, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə başqa hal nəzərdə tutulmayıbsa, Azərbaycan Respublikasının ərazisində daimi yaşayan vətəndaşlığı olmayan şəxslərə və əcnəbilərə (bundan sonra – şəxs) əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin (bundan sonra – göndəriş) verilməsi ilə bağlı münasibətləri tənzimləyir. 1.2. Şəxsə göndəriş maddi-texniki bazası, kadr potensialı, ixtisaslaşması, əhaliyə xidmətin şəffaflığının və əlçatanlığının təmin edilməsi nəzərə alınmaqla, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin Azərbaycan Respublikasının Nazirlər Kabineti ilə razılaşdırmaqla, birgə müəyyən etdiyi siyahıda göstərilən tibb müəssisələrinin həkim-məsləhət komissiyaları (bundan sonra – Komissiya) və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən verilir. 1.3. Göndəriş vermək hüququ olan tibb müəssisələrinin siyahısı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin rəsmi internet saytında yerləşdirilir. 1.4. Göndərişin forması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi ilə razılaşdırılaraq, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir. 2.1. Göndəriş verilməsi üçün şəxs (onun qanuni nümayəndəsi) və ya müalicə həkimi Komissiyaya müraciət edir. 2.2. Komissiya göndəriş üçün müraciətdən 7 (yeddi) iş günündən (bu Qaydanın 1.5.2-ci yarımbəndində göstərilən hallarda 5 (beş) iş günündən) gec olmayaraq şəxsin tibbi müayinələrini, o cümlədən xəstəlik tarixlərindən çıxarışları toplayır və müalicənin nəticələrini araşdırır. Diaqnozun dəqiqləşdirilməsi məqsədilə şəxs ixtisaslaşdırılmış tibb müəssisəsinə göndərildikdə, bu müddət əlavə olaraq 10 (on) iş gününədək artırılır. 2.3. Komissiya göndəriş verilməsi və ya verilməsindən imtina barədə qərarı bu Qaydanın 2.2-ci bəndinə uyğun olaraq araşdırma bitdikdən sonra dərhal qəbul edir. Qərar protokolla rəsmiləşdirilir. Protokol Komissiyanın sədri və üzvləri tərəfindən imzalanır və möhürlə təsdiq edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş və hazırda qüvvədə olan “Əlilliyin qiymətləndirilməsi Qaydası”: 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra – Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. 1.6. Orqanizmin funksiyalarının pozulması faizinin, səbəbinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra – altsistem) vasitəsilə aparılır 2.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. 2.2. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. 2.3. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. 2.4. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. İşin faktiki hallarından da göründüyü kimi göstərilən normaların tələblərinə əsasən iddiaçıya təyin edilmiş müddətsiz əlillik 2024-cü il tarixli qərarlar əsasında cavabdeh tərəfindən ləğv edilmiş, müddətsiz təyin edilmiş əlilliklə bağlı diaqnozun öz təsdiqini tapmaması barədə qərar qəbul edilmişdir ki, məhkəmə hesab edir ki, adıçəkilən qərarlar qanunsuz və əsassız olduğundan ləğv edilməli, əlillik ləğv edildiyi tarixdən olmaqla bərpa edilməlidir. Belə ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun: 1.1. Bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. 1.2. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur 2.0.2. inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. 2.0.6. inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. 19.1.İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. 19.2.Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. 21.1.Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. 21.2.Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə bocludur. 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.3.İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. 24.4.Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. 25.1.Qanunla nəzərdə tutulmuş hallar istisna olmaqla, maraqlı şəxslər həm icraat zamanı, həm də icraatdan sonra inzibati icraat materialları ilə tanış olmaq və ya icraatla bağlı məlumat almaq hüququna malikdirlər. 64.2.İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.3. Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. 67.4. Qanunsuz əlverişli inzibati akt yalnız bu maddədə nəzərdə tutulmuş məhdudiyyətlər daxilində ləğv oluna bilər. 67.5. Maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. 67.6. Maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: 67.6.1. rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.2. səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.3. inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda. 67.7. Bu Qanunun 67.6-cı maddəsində göstərilən hallarda qanunsuz əlverişli inzibati akt ləğv olunmalıdır. Həmin aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Bu zaman maraqlı şəxs xərclənmiş pul vəsaitlərinin və ya istifadə olunmuş əşyanın əvəzini ödəməyə borcludur. Ödəmənin həcmi Azərbaycan Respublikası Mülki Məcəlləsinin əsassız varlanma ilə bağlı müddəalarına uyğun olaraq müəyyən edilir. 67.8. Başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vuran qanunsuz əlverişli inzibati akt ləğv olunmalıdır. Həmin aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırmır. İşin faktiki halları ilə iddiaçı rüşvət, hədə-qorxu və ya aldatma səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etmə və digər bu kimi vasitələrlə iddiaçı əlillik təyininə müdaxilə etməsi müəyyən edilmir. Eləcə də, inzibati aktın qanunsuz olduğunu bilinməsi və ya bilməli olmasının iddiaçıdan gözlənilməsi ağlabatan deyildir. Məhkəmə həmçinin qeyd edir ki, inzibati orqan qüvvədə olan və mübahisələndirilə bilməyən əlverişli inzibati aktın qanunsuz olması ilə bağlı əsaslı məlumatlar əldə etdiyi hər bir halda, inzibati icraat haqqında qanunvericiliyin tələbləri baxımından xidməti mövqeyinə görə həmin inzibati aktın qəbul edilməsi üzrə əvvəlki inzibati icraatı təzələməyə və icraat aparmağa, icraat çərçivəsində inzibati aktın ləğvini və ya dəyişdirilməsini şərtləndirən halların mövcudluğunu müəyyən etməyə borcludur. İnzibati orqan yalnız bu halların müəyyən edilməsindən sonra inzibati aktın ləğvi və ya dəyişdirilməsi və ya inzibati aktın ləğvi və ya dəyişdirilməsindən imtina barədə qərar (inzibati akt) qəbul etməyə haqlıdır. Təzələnmiş icraat nəticəsində qəbul edilən inzibati akt qanunvericiliyin müvafiq maddələrinə istinad edilməklə inzibati orqan tərəfindən əsaslandırılmalıdır. Şəxs inzibati orqanın hansı hallar əsasında inzibati aktı ləğv etdiyini və ya dəyişdirdiyini, bunun səbəblərini və bu zaman istinad olunan hüquq normalarını qərardan aydın görmək imkanına malik olmalıdır. Bunu şəxsin həmin qərardan müdafiə olunmaq və öz müdafiəsini səmərəli şəkildə həyata keçirmək hüququ tələb edir. İnzibati orqanın öz qərarını əsaslandırma vəzifəsi eyni zamanda və həm də səmərəli məhkəmə nəzarətinin həyata keçirilməsi məqsədlərinə xidmət edir. Doğrudur inzibati icraatla bağlı qanunvericiliyin tələbinə əsasən inzibati araşdırmanın öz təşəbbüsü ilə başlanılması səlahiyyəti cavabdehə verilmişdir ki, lakin həmin səlahiyyət müstəsna hallarda tətbiq edilməsi nəzərdə tutulmuşdur ki, həmin inzibati icraatın təşəbbüsü ilə başlanılma əsasları cavabdehin həmin inzibati icraat nəticəsində qəbul etdiyi qərarın qanuniliyi baxımından əhəmiyyət daşıyır. Məhkəmə hesab edir ki, əlillik təyin edilməsi barədə iddiaçının etimad hüququ qorunmalı olan qərarda müəyyən edilmişdir. İddiaçı hər hansı saxtakarlıq etməmiş, təhrif olunmuş məlumatlar təqdim etməmiş, cinayət törətməmiş və digər etimadın qorunmasına istinadı istisna edən hərəkətlərə yol verməmişdir. Məhkəmə, bundan əlavə qeyd etməyi zəruri hesab edir ki, qanunsuz inzibati akt, həmin aktın ləğv olunmasını şərtləndirən hallar məlum olduğu gündən 1 il ərzində ləğv edilə bilər. Qanunun imperativ xarakter daşıyan həmin normasına görə, inzibati orqan tərəfindən əvvəllər qəbul edilmiş qanunsuz inzibati akt, Qanunun 67.6.1-ci maddəsində sadalanan hallar istisna olmaqla, qalan digər hallarda yalnız inzibati aktın ləğv olunmasına, yaxud dəyişdirilməsinə səbəb olan hal və ya hallar inzibati orqana məlum olduğu gündən 1 il ərzində ləğv oluna, yaxud dəyişdirilə bilər. “İnzibati icraat haqqında” Qanunun 67.12-ci maddəsində təsbit olunmuş sözügedən müddətlə bağlı məhdudiyyət ümumən konstitusion dəyər olan hüquqi dövlət prinsipindən irəli gəlir və hüquqi sabitliyin, müəyyənliyin və təhlükəsizliyin təmin edilməsi məqsədlərinə xidmət edir. Buna görə, hüquq münasibətləri, o cümlədən inzibati orqanlarla yaranmış münasibətlər davamlı təftiş olunma riski altında buraxıla bilməz. Belə yanaşma şəxsin hüquqi vəziyyətində qeyri-müəyyənliyə gətirib çıxarardı, onları öz davranışlarını və həyat şəraitlərini planlaşdırmaq imkanından məhrum edərdi, inzibati orqanların fəaliyyətinə münasibətdə isə səmərəli və proqnozlaşdırıla bilən idarəçilik qaydasının təşəkkül tapmasına mane olardı. Bu mənada, inzibati orqanın müvafiq səlahiyyəti qanunsuz olduğunu güman etdiyi inzibati aktın hər bir halda deyil, mütləq qanunvericilikdə təsbit olunmuş konkret təminatlara riayət etməklə ləğv etmək və ya dəyişdirmək imkanı kimi təfsir olunmalıdır. Yuxarıda da qeyd edildiyi kimi “İnzibati icraat haqqında” Qanun belə təminatların sırasına həm də 67.12-ci maddədə təsbit olunmuş müddətlə bağlı məhdudiyyətləri aid etmişdir. Bununla bağlı qiymət verilməli birinci məsələ inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini şərtləndirən halların nədən ibarət olmasıdır. Yəni, inzibati orqan hansı hala (hallara) əsaslanıb qəbul etdiyi inzibati aktı ləğv etmək, yaxud dəyişdirmək qərarına gəlmişdir. İkinci məsələ isə inzibati aktın ləğv olunmasına və ya dəyişdirilməsinə səbəb olan halın (halların) inzibati orqana məlum olmasından sonra 1 (bir) il ərzində yeni qərar qəbul edilməsidir. Beləliklə, inzibati orqan şəxsə pensiya təyin olunması barədə əvvəllər qəbul etdiyi qərarın ləğv olunması, yaxud dəyişdirilməsi barədə qərar qəbul etmək üçün yuxarıda qeyd olunduğu kimi, “İnzibati icraat haqqında” Qanunun tələblərinə uyğun inzibati icraat aparmalıdır. Yalnız apardığı inzibati icraat çərçivəsində həmin Qanunun 67.12-ci maddəsində olan şərtlər mövcud olduğu halda (inzibati aktın ləğv olunmasına səbəb olan hal(lar)ın mövcud olması, həmin hal(lar)ın inzibati orqana məlum olmasından 1 (bir) il müddətin keçməmiş olması) əvvəllər qəbul etdiyi qərarın tam, yaxud qismən ləğv olunması və ya dəyişdirilməsi barədə əsaslandırılmış qərar qəbul edə bilər. Cavabdeh inzibati orqan qərar qəbul edərkən “İnzibati icraat haqqında” Qanunun 67.12-ci maddəsinin tələbinə əməl etdiyi müəyyən edilmir, hansı hallara görə iddiaçı barəsində qəbul etdiyi qərarın qanunsuz olmasını və həmin halların məhz qərarı qəbul edərkən 1 (bir) il müddətində ona məlum olmasını bildirməmiş, həmin normanın pozuntusunun baş vermədiyini əsaslandırmamışdır. Digər tərəfdən, qanunverici cavabdehin inzibati aktın ləğv edilməsinə və ya dəyişdirilməsinə dair müddətin axımının başlanmasını buna dair əsasın ona məlum olduğu, yəni bildiyi və ya bilməli olduğu vaxtla şərtləndirir. Bu zaman bildiyi və ya bilməli olduğu vaxtın fərqli vəziyyətlər olduğu da nəzərə alınmalıdır. Bildiyi hal elə bir hüquqi faktdır ki, inzibati orqan rəsmi mənbədən özünün əvvəlki qərarının qanunsuz olduğu nəticəsinə gəlməyə əsas verən məlumat alır. Həmin məlumatın hansı orqandan və hansı mənbədən əldə olunması hər hansı bir əhəmiyyət kəsb etmir. Bu zaman əhəmiyyət kəsb edən həmin məlumatın inzibati orqana məlum olması anıdır. Bilməli olduğu hal isə elə hüquqi faktdır ki, inzibati orqanın bu hüquqi fakt barədə məlumatının olmaması həyatın adi axarı və müvafiq sahədə tətbiq olunan yerləşmiş idarəçilik qaydaları nəzərə alındıqda, ağlabatan olmamaqla mümkünsüzdür. Digər tərəfdən isə nəzərə almaq lazımdır ki, inzibati aktın ləğvini və ya dəyişdirilməsini şərtləndirən halların məlum olduğu vaxtın başlanğıcının düzgün müəyyən edilməsi həlledici əhəmiyyət kəsb edir. Ona görə də, məhkəmələr bu anı yalnız mötəbər sübutlara əsaslanmaqla müəyyənləşdirməlidir. Bunun üçün ilk növbədə, qanunsuzluğu iddia olunan aktın ləğv edilməsinə və ya dəyişdirilməsinə səbəb olan halın (halların) məhz nələrdən ibarət olduğu, inzibati orqanın hansı hallara istinad etdiyi dəqiq aydınlaşdırılmalıdır. Belə halların nələrdən ibarət olduğunu bildirmək vəzifəsi inzibati orqanın üzərinə düşür. Daha sonra qiymətləndirilməli olan məsələ sözügedən halın inzibati orqanın yuxarıda göstərilən bildiyi və ya bilməli olduğu hallardan hansına aid olduğunu müəyyənləşdirməkdən ibarətdir. Qeyd edilənlərin hazırkı işə tətbiqi ilə bağlı məhkəmə qeyd edir ki, pensiya təminatı sistemi dövlətin həyata keçirdiyi sosial müdafiə siyasətinin ən mühüm və əsas istiqamətlərindən biridir və cavabdeh inzibati orqan dövlətin ona verdiyi səlahiyyətə əsasən bu təminatın reallaşdırılması üçün zəruri olan bütün addımları atmaqda mükəlləfdir. Digər inzibati orqanlar kimi pensiya təminatını həyata keçirən cavabdeh də öz fəaliyyət sferasına aid bütün normativ hüquqi aktları dəqiq bilməli və onları düzgün tətbiq etməlidir. Cavabdeh ehtimal etdiyi yanlışı nə zaman bilməsi və həmin anın ona məlum olması vaxtı barədə hər hansı sübut hazırda təqdim etməmişdir. Halbuki, qeyd olunduğu kimi inzibati icraat haqqında qanunvericilik əlverişli inzibati aktın sonradan qanunsuzluğunun müəyyən olunması zamanı, həmin aktın ləğv edilməsinin və ya dəyişdirilməsinin mümkünlüyünü nəzərdə tutsa da, bunu “İnzibati icraat haqqında” Qanunun 67.6.1-ci maddəsindəki hallar istisna olmaqla, 1 (bir) illik zaman dilimi ilə məhdudlaşdırmışdır. Beləliklə, qanunverici müxtəlif obyektiv və subyektiv səbəblərə görə inzibati orqanın da yanlış hərəkət etmə ehtimalının olduğunu qəbul edir, lakin bu yanlış hərəkət barədə məlumatın aşkara çıxarıldığı gündən bir il ərzində qüvvədə olan, ləğv edilməmiş və ya geri çağırılmamış aktı ləğv etmə və ya dəyişdirmə imkanını təsbit edir. Qanunverici belə vəziyyətdə inzibati aktın qanunsuzluğuna səbəb olmuş halların konkret nələrdən ibarət olduğunu və həmin halların məlum olma vaxtı barədə sübutetmə yükünü inzibati orqanın üzərinə qoyur. Məhkəmə qeyd edir ki, əlillik təyin edildikdən sonra buna dair təyinatı həyata keçirən orqan sonradan apardığı yoxlamalar nəticəsində əlilliyin düzgün təyin edilmədiyini aşkar etdikdə, bununla bağlı şəxsin təyinatına əsas olan hər hansı sübutun mötəbərliyini şübhə altına aldığı təqdirdə “İnzibati icraat haqqında” Qanunun 67.12-ci maddəsinin müddətlə bağlı tələblərini nəzərə almaqla qərar qəbul edə bilər. İnzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini şərtləndirən halların inzibati orqana məlum olduğu gündən 1 (bir) il ərzində müvafiq qərar qəbul etməyə dair qanundakı imperativ göstərişin təyinatı və məqsədi subyektiv hüquqların və qanuni mənafelərin müdafiəsilə bağlı hüquqi müəyyənliyin təmin olunmasına xidmət etməklə yanaşı, həm də münasibət iştirakçılarının məsuliyyət hissinin artırılmasına, yarana biləcək laqeyd, səhlənkar münasibətin aradan qaldırılmasına və sui-istifadə hallarının qarşısının alınmasına, xüsusən də səmərəli, proqnozlaşdırıla bilən və vətəndaşların etimadının qorunduğu dövlət idarəçiliyinin təmin edilməsinə yönəlmişdir. Əks yanaşma, milli və beynəlxalq hüquqla müəyyən edilmiş sosial təminat hüququna dair insan və vətəndaş hüquqlarının pozulması ilə nəticələnə bilər. Cavabdeh inzibati orqanın əmək pensiyasının düzgün təyin edilmədiyi barədə uzun müddət hərəkətsizlik edərək susqunluq göstərməsi, etimad hüququnu zədələyəcək şəkildə özlərinin həyat şəraitlərini aldıqları pensiya təminatına görə planlaşdırmış həssas kateqoriyaya aid şəxslərin ziyanına şərh edilə bilməz. Həmçinin qeyd edilməlidir ki, “Məhkəmə və hakimlər haqqında” Azərbaycan Respublikası Qanunun 79-1-ci maddəsinə görə vahid məhkəmə təcrübəsi məhkəmələrin hüquqi məsələlərin həllinə yanaşmasının sabitliyini və ədalət mühakiməsi həyata keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiq edilməsini təmin etmək məqsədilə formalaşdırılır. Ali Məhkəmə hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsini baxdığı işlər üzrə məhkəmə kollegiyalarının və Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə formalaşdırır. Göründüyü kimi hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin formalaşdırılması təkcə Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə deyil, eyni zamanda məhkəmə kollegiyalarının fərdi işlər üzrə qərarları vasitəsi ilə də həyata keçirilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-3135/2024 saylı iş üzrə qəbul etdiyi xx.xx.2024-cü il tarixli qərardan (★★★) görünür ki, hazırkı qərar məhz adıçəkilən qərarda nəzərdə tutulmuş mövqe də əsas götürülməklə qəbul edilir. Qərarda xüsusi olaraq qeyd edilmişdir ki, Dövlət orqanlarından etimad hüququ çərçivəsində gözlənilən onların vaxtında, uyğun və ardıcıl şəkildə hərəkət etmək öhdəliyinə riayət etmələridir. Vətəndaşlar “İnzibati icraat haqqında” Qanunun 67.6-cı maddəsində sadalanmış hallar istisna olmaqla prinsipcə, onların xeyrinə çıxarılmış yekun əlverişli inzibati aktların və həmin aktlardan irəli gələn tətbiq tədbirlərinin etibarlılığına güvənə bilməlidirlər. Həmin güvən etimad hüququnu yaratmaqla qanunla müəyyən edilmiş həddlərdə qorunur. Əmək pensiyasının məbləğinin düzgün hesablanmadığı vaxtdan 1 (bir) ildən çox müddət keçdiyindən və səhv hesablamaya səbəb olan hal elə həmin vaxt pensiya təyin edən orqana məlum olduğundan, eləcə də məlum olma halını digər bir tarix kimi müəyyən etmək üçün cavabdeh tərəfindən hər hansı sübut təqdim edilmədiyindən, habelə qərarın ləğv edilməsi üçün “İnzibati icraat haqqında” Qanunun 67.6.1-ci maddəsində sadalanan hallar olmadığından, cavabdeh inzibati orqanın əvvəllər qəbul etdiyi qərarı dəyişdirməsi qanuni sayıla bilməz. Məhkəmə, qəbul etdiyi qərarla mübahisələndirilən inzibati aktların ləğv olunmasını əsaslandırmaqla yanaşı, bu ləğvetmənin doğurduğu hüquqi nəticələrin də aradan qaldırıldığını vurğulayır. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 67.3-cü maddəsinə əsasən qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Bu maddənin tələblərindən irəli çıxıraq Məhkəmə qeyd edir ki, hazırki iddia ilə mübahisələndirilən inzibati aktın ləğvi özündə - bu akt qəbul etdiyi andan yaradan hüquqi nəticələri aradan qaldırır. Ali Məhkəmənin 2-1(102)-1425/2025 saylı iş üzrə qəbul etdiyi xx.xx.2025-ci il tarixli qərardadında, 2-1(102)-1268/2025 saylı iş üzrə qəbul etdiyi xx.xx.2025-ci il tarixli qərardadında, 2-1(102)-1035/2025 saylı iş üzrə qəbul etdiyi 01 may 2025-ci il tarixli qərardadında, 2-1(102)-976/2025 saylı iş üzrə qəbul edilmiş qərardadında və digər aidiyyəti qərar və qərarlarında 1 illik müddətin tətbiqi baxımından eyni mövqe təkrarlanmışdır. Qeyd olunmalıdır ki, 1 illik iddia müddətinin tətbiqinə münasibətdə, əsaslı şübhələrə, müxtəlif risk qrupları üzrə araşdırılma hallarına istinad da hər hansı əhəmiyyət kəsb etmir. 1 illik müddətinin tətbiqinin yeganə istisnası yuxarıda adıçəkilən Qanunun 67.6.1-ci maddəsində nəzərdə tutulmuş hallardır ki, rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olma həmin müddətin tətbiqindən istisna üçün yeganə əsaslardır. İşin faktiki hallarından isə görünür ki, müddətsiz əlilliyin təyin edilməsi barədə inzibati akt cavabdeh tərəfindən qəbul edilərkən diaqnoz barədə məlumat və sənədlər iddiaçıda mövcud olmuş, əlillik 01 noyabr 2021-ci il tarixli tibbi müəssisəsinin göndərişi əsasında təyin edilmiş, iddiaçı tərəfindən saxtalığı müəyyən edilmiş hər hansı sənəd və məlumat verilməmiş, rüşvət və hədə-qorxu kimi üsulların istifadəsi mövcud olmamışdır. İş materiallarında mövcud olan sənədlərdən də görünür ki, əlillik təyinatı aparılarkən təqdim edilən sənədlər, əlillik təyinatının aparılmasına dair diaqnozla uyğunluq təşkil etmiş, göstərilən sənədlər müvafiq tibb mərkəzləri tərəfindən, eləcə də ixtisaslaşmış psixiatriya sahəsinə aid tibb müəssisələri tərəfindən verilmişdir. İş materiallarında mövcud olan sənədlərdən, eləcə də 07 noyabr 2024-cü il tarixli qərardan görünür ki, cavabdeh 2 saylı X1, Psixi Sağlamlıq Mərkəzinin müəyyən etdiyi diaqnozların klinik olaraq öz təsdiqini tapmaması ilə bağlı araşdırma aparılmış, lakin cavabdeh əlillik təyinatının aparılmasına dair aparılmalı olan həmin icraatı təyin edilmiş əlilliyin ləğvinə yönələn icraatla qarışdırmışdır. Halbuki, 1 illik müddət ötdükdən sonra icraatın aparılması üçün tələb konkretdir və rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olma halı ehtimal edilər və həmin hallar müəyyən edilərsə əlilliyin ləğvinin mümkündür. Hazırkı halda isə həmin sənədlər iddiaçı tərəfindən saxtalaşdırılmamış, göndəriş səlahiyyətli tibb mərkəzi tərəfindən göndərilmiş, təqdim edilən sənədlər ixtisaslaşmış tibbi müəssisələrindən əldə edilmiş, cavabdehə təqdim edilmiş həmin göndəriş və sənədlər əsasında da iddiaçıya əlillik təyin edilmişdir. Qeyd olunur ki, iddiaçı məhkəməyə vəsatət təqdim edərək ekspertizanın keçirilməsini xahiş etmiş və əsaslandırma zamanı bildirmişdir ki, 1 ay içində 3 dəfə başqabaşqa diaqnozlar qoyulub rəylər verilmişdir. Ekspert rəyində qeyd edilir ki, iddiaçıda üzvi dissosiativ pozuntu, psevdodemensiya, özünükəsmələrlə (F06.5) xəstəliyi mövcuddur. Qeyd olunur ki, həmin rəydə iddiaçıda psixi xəstəliyin mövcudluğu müəyyən edilsə də, məhkəmə hesab edir ki, əlillik təyinatının verilməsinə əsas olmuş xəstəliklə bağlı məlumatın verilməməsi qərarın ləğvinə maneə olmur. Qeyd olunur ki, iş materiallarında əlillik təyinatına əsas olmuş xəstəliyin mövcudluğuna dair kifayət qədər tibbi sənədlər mövcuddur ki, ekspert rəyində həmin xəstəliyin mövcudluğu öz əksini tapmasa da, məhkəmə hesab edir ki, təkrar ekspertizanın təyinatına da əsas yoxdur. Belə ki, hazırkı halda aparılan inzibati məhkəmə icraatı əlillik təyinatına dair qərarların ləğvi ilə bağlı olub, təyin edilməmiş əlilliyin təyin edilməsi ilə əlaqədar olmadığından, hazırkı halda tibbi sənədlərdə göstərilən xəstəliklərlə, hansı ki bu sənədlər də ixtisaslaşmış tibb müəssisələri tərəfindən verilmiş ekspert rəyi arasında ziddiyyətli, aydın olmayan halların mövcudluğu məhkəmə hesab edir ki, iddianın əsaslılığın a təsir etmir. Qeyd olunur ki, təqdim edilən ekspert rəyi mötəbər sübut qismində qiymətləndirilə bilməz. Belə ki, təqdim edilən suallar əhatəli cavablandırılmamış, bütün suallar üzrə təqdim edilən yeganə məlumat F06.5 diaqnozunda göstərilən xəstəliyin mövcudluğu ilə əlaqədar olmuş, əlillik təyinatına əsas olan xəstəliyin olub-olmamasına dair hər hansı mövqe bildirilməmiş, tibbi məsələlərə dair verilən sualların əksəriyyətinə səlahiyyətin olmaması kimi əsassız mövqe bildirilmişdir ki, qeyd olunur ki, adıçəkilən rəy mötəbər sübut hesab edilə bilməsə də, məhkəmə hesab edir ki, əlavə və ya təkrar ekspertizanın təyinatı üçün hazırda əsas mövcud deyildir. Belə ki, inzibati icraatla bağlı qanunvericiliyin və mövcud məhkəmə təcrübəsinin inzibati icraatın inzibati orqanın öz təşəbbüsü ilə başlama əsasları, eləcə də 1 illik müddətlə bağlı məhdudiyyətlər obyektiv həqiqətin müəyyən edilməsindən çox, obyektiv həqiqətin müəyyən edilməsinə məsul olan şəxslərin həmin həqiqəti vaxtında müəyyən etmədiyi halda sonradan müəyyən edilməyə istinadla şəxslərin hüquqi və mənafelərinin qorunmasına yönəlmişdir. Təbii haldır ki, əlillik, pensiya, əmlak, vergi və s kimi publik hüquqi sahəsinə aid mübahisələr üzrə inzibati orqanın özü və ya hər hansı şəxs tərəfindən mübahisələndirilməmiş qərar və hərəkətlərinin hamısının birmənalı düzgünlüyü müəyyən edilməməkdədir. Lakin, inzibati orqan qanunsuz olan qərar və hərəkəti öz təşəbbüsü ilə, istədiyi müddət keçdikdən sonra qanuniləşdirməyə çalışması inzibati icraatla bağlı qanunvericiliyin pozuntusu qismində dəyərləndirilir. Bu səbəbdəndir ki, inzibati icraatın öz təşəbbüsü ilə başlanılmasına və 1 illik müddətlə bağlı məhdudiyyət qoyulmasına dair inzibati icraatla bağlı qaydalar müəyyən edilir ki, adıçəkilən səlahiyyət uzun müddətdir ki, etimad hüququ qorunan münasibətlərin davamlılığına və şəxs üçün əsassız məhrumiyyətlərə səbəbiyyət verməsin. Hazırkı halda da 2021-ci il tarixdən əlilliyi müddətsiz olmuş və psixi xəstəlikdən əziyyət çəkdiyi də iş materialları ilə təsdiq edilən şəxsə münasibətdə 3 ildən sonra əlilliyin ləğvinə yönələn icraat göstərilən məqsədlərə xidmət etməməkdədir. Qeyd olunanları nəzərə almaqla, məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmil edilsin. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reablitasiya Agentliyinin İddiaçı Firuddin oğlu barəsində qəbul etdiyi 09 sentyabr 2024-cü il tarixli diaqnozun təsdini tapmaması barədə qərarı və 07 noyabr 2024-cü il tarixli qərarı iddiaçıya aid hissədə ləğv edilsin. İdidaçının müddətsiz əlilliyin ləğv edildiyi tarixdən bərpa edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reablitasiya Agentliyinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apelyasiya şikayəti verilə bilər. Hakim: Orxan Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar