Məhkəmə qərarları › İş №2-1(112)-5791/2020

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-5791/2020

27.11.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-5791/2020 27.11.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mədətli Fərid İlham oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyev Teymur Budaq oğlunun katibliyi, İddiaçı (ünvan 1 ünvanında yaşayan) iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Xəzər rayon Qeydiyyat Şöbəsinə qarşı doğum haqqında təkrar şəhadətnamənin verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi tələbi barədə inzibati mübahisəyə dair işə məhkəmənin binasında (Bakışəhəri, N.Vəzirov küçəsi 56) şifahi, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Bakı şəhəri Xəzər rayon Qeydiyyat Şöbəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona doğum haqqında təkrar şəhadətnamənin verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.1982-ci il tarixində Bakı şəhərində anadan olmuşdur. Bu günədək onun şəxsiyyət vəsiqəsi olmamışdır. Lakin doğum haqqında şəhadətnaməm mövcud olmuş, sonradan onu itirmişdir. Doğum haqqında təkrar şəhadətnamənin verilməsi üçün Xəzər rayon qeydiyyat şöbəsinə müraciət etmişdir. Lakin cavabdeh orqan müraciətini təmin etməkdən imtina etmişdir. İmtina onunla əsaslandırılmışdır ki, şəxsiyyət vəsiqəsi olmadan doğum haqqında şəhadətnamənin verilməsi mümkün deyildir. Onun şəxsiyyət vəsiqəsi də yoxdur və doğum haqqında şəhadətnaməni aldıqdan sonra onu almaq üçün müraciət edəcəkdir. Odur ki, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Hesab edirəm ki, imtina qanunsuz və əsassızdır. Cavabdeh iddiaya dair yazılı münasibətini məhkəməyə ünvanlayaraq bildirmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli, 145 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 9.7-ci bəndinə əsasən 16 yaşına çatmış şəxslərə, onların şəxsiyyətini təsdiq edən sənədlər təqdim edildikdə təkrar şəhadətnamələr verilə bilər. Həmin Qaydaların 1.14-cü bəndinə əsasən şəhadətnamələr notariat qaydasında təsdiq olunmuş etibarnamə əsasında digər şəxslərə verilə bilər. “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən Azərbaycan Respublikası ərazisində Azərbaycan Respublikası vətəndaşının şəxsiyyətini təsdiq edən sənəd Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsidir. İddiaçı şəxsiyyət vəsiqəsi olmadığından doğum haqqında təkrar şəhadətnamənin verilməsi mümkün deyildir. Şifahi məhkəmə baxışı iclasında iştirak edən iddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, iş üzrə cavabdeh məhkəmə iclasında səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməmiş, lakin məhkəməyə məktub ünvanlayaraq işə nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə şifahi məhkəmə baxışı iclasında cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını və məhkəmə qərarının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə araşdırması zamanı şahid qismində dindirilmiş iddiaçının anası X1 ifadəsində göstərdi ki, İddiaçı onun oğludur. Oğlu 12 sentyabr 1982-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur. Oğlunun şəxsiyyətini təsdiq edən sənəd yoxdur və bu günədək müəyyən problemlər səbəbindən ona şəxsiyyət vəsiqəsi alınmamışdır. Lakin oğlunun doğumu qeydə alınaraq, bu barədə ona doğum haqqında şəhadətnamə verilmişdir. Sonradan oğluna məxsus doğum haqqında şəhadətnamə yaşadıqları evdə baş vermiş oğurluq hadisəsi nəticəsində oğurlanmışdır, bundan sonra təkrar doğum haqqında şəhadətnamə alınmamışdır. İddiaçı natamam orta təhsillidir. Orta məktəbi 8-ci sinifədək oxumuşdur. Məhkəmə iddiaçının izahatını, şahidin ifadəsini dinləyib, iş materiallarını mövcud maddi və prosessual hüquq normalarına əsasən tədqiq edərək, hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan Bakı şəhəri Xəzər rayon Qeydiyyat şöbəsi tərəfindən iddiaçıya ünvanlanmış 19 iyun 2020-ci il tarixli, 05/15-604 saylı imtina məktubundan görünür ki, iddiaçının təkrar doğum haqqında şəhadətnamənin verilməsi barədə müraciətinə baxılmış, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 145 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 1.14 və 9.7ci bəndlərinə, “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə istinad olunaraq bildirilmişdir ki, onun şəxsiyyət vəsiqəsi olmadığından doğum haqqında təkrar şəhadətnamənin verilməsi mümkün deyildir. Müvafiq sənədin verilməsi barədə qətnamə çıxarıldıqdan sonra doğum haqqında təkrar şəhdətnamə ilə təmin olunacaqdır. İşdə olan Əzizbəyov rayon VVADQ şöbəsi tərəfindən 13 may 2003-cü il tarixdə verilmiş 141 saylı arayışın surətindən görünür ki, İddiaçı 12 sentyabr 1982-ci il tarixdə Əzizbəyov rayonu Buzovna qəsəbəsində anadan olmuşdur. Bu barədə doğum haqqında akt qeydləri kitabında 21 sentyabr 1982-ci il tarixdə 381 nömrə ilə qeyd edilmişdir. Atası qrafasında X2, anası qrafasında X1 yazılmışdır. Məhkəmə araşdırıması dövründə İddiaçı doğumunun qeydə alınıb-alınmaması, qeydə alındığı halda doğum haqqında akt qeydinin surəti sorğu əsasında Bakı şəhəri Xəzər rayon Qeydiyyat şöbəsindən tələb edilmişdir. Məhkəmə sorğusuna cavab olaraq Bakı şəhəri Xəzər rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, 05/13-969 saylı məktubla doğum haqqında akt qeydi məhkəməyə təqdim edilmişdir. Həmin doğum haqqında akt qeydindən görünür ki, İddiaçı 12 sentyabr 1982-ci il tarixdə Bakı şəhəri Əzizbəyov rayonu Buzovna qəsəbəsində anadan olmuşdur. Bu barədə doğum haqqında akt qeydləri kitabında 21 sentyabr 1982-ci il tarixdə 381 nömrə ilə qeyd edilmişdir. Atası qrafasında X2, anası qrafasında X1 yazılmışdır. Beləliklə işin araşdırılan hallarından görünür ki, İddiaçı 12 sentyabr 1982-ci il tarixdə Bakı şəhəri Əzizbəyov rayonu Buzovna qəsəbəsində anadan olmuşdur. Onun doğumu qeydə alınaraq, bu barədə 21 sentyabr 1982-ci il tarixdə 381 nömrə doğum haqqında akt qeydi tərtib olunmuşdur. Lakin iddiaçı bu günədək şəxsiyyətini təsdiq edən sənədi, şəxsiyyət vəsiqəsini almamışdır. Hazırda zərurət yarandığından ona təkrar doğum haqqında şəhadətnamənin verilməsi tələbi ilə cavabdehə müraciət etsə də, cavabdeh imtina etmişdir. İmtinaya əsas olaraq iddiaçının şəxsiyyət vəsiqəsini təqdim edə bilməməsi göstərilmişdir. Göründüyü kimi, 12 sentyabr 1982-ci il təvəllüdlü İddiaçı doğum haqqında akt qeydi mövcuddur və ona həmin qeyd əsasında təkrar şəhadətnamənin verilməsi mümkündür. Bununla belə onun şəxsiyyət vəsiqəsi olmadığı halda, cavabdeh doğum haqqında şəhadətnamənin təkrar verilməsindən məhz şəxsiyyət vəsiqəsinin təqdim edilməməsi əsası ilə imtina etmişdir. Halbuki təkrar şəhadətnamələrin alınması haqqında maraqlı şəxslərin ərizəsinə şəxsiyyət vəsiqəsinin surətinin əlavə edilməli olduğu Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, xx.xx.2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş «Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında qaydası»nda öz əksini tapmamışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, xx.xx.2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş «Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında Qaydası»nın 9.3-cü bəndinə əsasən təkrar şəhadətnamələr almaq haqqında ərizələrdə aşağıdakılar göstərilməlidir: 9.3.1. ərizəçinin adı, soyadı və atasının adı; 9.3.2. ünvanı; 9.3.3. haqqında təkrar şəhadətnamə tələb edilən şəxsin adı, soyadı və atasının adı; 9.3.4. təkrar tələb olunan şəhadətnamənin növü; 9.3.5. vətəndaşlıq vəziyyəti aktının qeydini aparan Qeydiyyat şöbəsi, konsulluq idarəsi vəicra hakimiyyətinin nümayəndəliyi, habelə aparılma tarixi və yerli barədə məlumatlar. Cavabdehin istinad etdiyi norma qeyd edilən Qaydanın 9.7-ci bəndində göstərilənlərlə bağlı olsa da, məhkəmə qeyd edir ki, həmin normada 16 yaşına çatmış şəxslərə aid doğum haqqında təkrar şəhadətnamələri həmin şəhadətnamənin aid olduğu şəxsə verilməsini qadağan etməmişdir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, xx.xx.2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş «Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında Qaydası»nın 9.7-ci bəndinin 1-civə 2-ci abzaslarına əsasən yetkinlik yaşına çatmayan uşaqların və fəaliyyət qabiliyyəti olmayan hesab edilmiş şəxslərin doğumu haqqında təkrar şəhadətnamələr valideynlərə, övladlığa götürənlərə, qəyyumlara, himayəçilərə, qəyyumluq və himayə orqanlarına, tərbiyə, müalicə və əhalinin sosial müdafiəsi orqanlarına verilə bilər. 16 yaşına çatmış şəxslərə, onların şəxsiyyətini təsdiq edən sənədlər təqdim edildikdə təkrar şəhadətnamələr verilə bilər. Valideynlik hüquqlarından məhrum edilmiş şəxslərə uşağın doğumu haqqında təkrar şəhadətnamələr verilmir. Bütün göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddia əsaslı olduğundan təmin edilməli, 12 sentyabr 1982-ci il tarixdə Bakı şəhəri Əzizbəyov rayonunda anadan olmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında 21 sentyabr 1982-ci il tarixdə 381 nömrə ilə qeyd edilmiş İddiaçı şəxsiyyət vəsiqəsi olmadan doğum haqqında təkrar şəhadətnamənin verilməsi vəzifəsi cavabdehə həvalə edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmət ərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.2, 33.1, 52, 58, 68-69, 75.4, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. 12 sentyabr 1982-ci il tarixdə Bakı şəhəri Əzizbəyov rayonunda anadan olmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında 21 sentyabr 1982-ci il tarixdə 381 nömrə ilə qeyd edilmiş İddiaçı şəxsiyyət vəsiqəsi olmadan doğum haqqında təkrar şəhadətnamənin verilməsi vəzifəsi cavabdeh Bakı şəhəri Xəzər rayon Qeydiyyat Şöbəsinə həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apelyasiya şikayəti verə bilərlər. Qərardan apelyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fərid Mədətli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar