Məhkəmə qərarları › İş №2-1(112)-5791/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-5791/2022

23.06.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-5791/2022 23.06.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi, Əsgərzadə Qələmzər Nizami qızının katibliyi ilə, İddiaçı cavabdeh Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinə qarşı “mənzil növbəsinə alınma” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyəti Başçısının Aparatının 24 dekabr 2021-ci il tarixli, H-392-068 saylı inzibati aktın ləğv edilməsi və onun ev növbəsinə qeydiyyata alınması öhdəliyinin Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı 22 dekabr 2021-ci il tarixdə Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinin Başçısına ərizə ilə müraciət edərək, onun birinci qrup gözdən əlil olduğunu və yaşayış evinin olmadığını əsas gətirərək, bununla əlaqədar olaraq onun ev növbəsinə qeydiyyata alınmasını xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyəti 24 dekabr 2021-ci il tarixli, H-392-068 saylı cavabda bildirmişdir ki, “araşdırma zamanı iddiaçının Xətai rayonu, X19 küçəsində yerləşən 113 saylı evi yaşayış sahəsi 91.0 kv.m olan 3 otaqlı 25 A nömrəli mənzildə 3 nəfər ailə tərkibi ilə daimi qeydiyyatda olmaqla yaşadığı müəyyən edilmişdir. Qüvvədə olan qanunvericilik tələblərinə əsasən əlillərin və onlara bərabər tutulan güzəştli şəxslərin hər adam payına düşən mənzil norması 6.0 kv.m və daha az yaşayış sahəsi ilə təmin edilmiş olduqda mənzil şəraitininin yaxşılaşdırılmasına ehtiyacı olan şəxs hesab edilirlər. Yuxarıda qeyd edilənlər və mövcud qanunvericiliyinin tələbləri nəzərə alınaraq iddiaçı mənzilə ehtiyacı olan şəxs hesab edilmədiyindən xahişinin təmin edilməsi imkan xaricindədir”. Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyəti xx.xx.2021-ci il tarixli, H-392-068 saylı cavabı (akt) məhkəmə qaydasında qanunsuz hesab edilərək ləğv edilməli, iddiaçının ev növbəsinə uçota götürülməsinə dair Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinin üzərinə öhdəlik qoyulmasına dair qərar qəbul olunmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi Bakı İnzibati Məhkəməsinə daxil olduqdan sonra İnzibati Prosessual Məcəllənin 45.4, 47 və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsinin surəti ona əlavə olunmuş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuşdur. Cavabdeh orqanın yazılı etirazı məhkəməyə təqdim edilmiş və etirazda bildirilmişdir ki, İddiaçı ərizə ilə Xətai Rayon İcra Hakimiyyətinə müraciət edərək gözdən əlil olduğunu bildirərək, yaşayış yeri üzrə mənzil növbəsinə alınmağını xahiş etmişdir. Araşdırma zamanı iddiaçının Xətai rayonu, X19 küçəsində yerləşən 1B saylı evin yaşayış sahəsi 91.0 kv.m olan 3 otaqlı 25A nömrəli mənzilində 3 nəfər ailə tərkibi ilə daimi qeydiyyatda olmaqla yaşadığı müəyyən edilmişdir. Məlumat üçün iddiaçıya bildirilmişdir ki, qüvvədə olan qanunvericiliyin tələblərinə əsasən əlillərin və onlara bərabər tutulan güzəştli şəxslərin hər adamsayına düşən mənzil norması 6.0 kv.m və daha az yaşayış sahəsi ilə təmin edilmiş olduqda mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan şəxs hesab edilirlər. Mövcud qanunvericiliyin tələbləri nəzərə alınaraq mənzilə ehtiyacı olan şəxs hesab edilmədiyindən vət. İddiaçı xahişinin təmin edilməsinin imkan xaricində olduğu nəzərinə çatdırılmışdır. Qeyd edilənləri nəzərə alaraq iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsi xahiş edilir. Məhkəmə iclasında iştirak etmiş iddiaçı iddianı müdafiə edərək iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada cavabdehin ünvanına məhkəmə bildirişi göndərilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndəsi vasitəsilə təmsil olunmamış, məhkəmə İnzibati Prosessual Məcəllənin 62.3cü maddəsinə əsasən işə şifahi məhkəmə baxışı iclasında cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını və məhkəmə qərarının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməməlidir. İş materiallarına əlavə edilmiş AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx.xx.1958-ci il təvəllüdlü İddiaçı Bakı şəhəri, Xətai rayonu, X19 küçəsi, ev 1B ünvanında qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş elektron məhkəmə informasiya sistemindən əldə olunmuş AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsi məlumatına əsasən xx.xx.1969-cu il təvəllüdlü X3 Bakı şəhəri, Xətai rayonu, X19 küçəsi, ev 1B ünvanında qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş AZE seriyalı 18611919 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx.xx.1992-ci il təvəllüdlü X10 Bakı şəhəri, Xətai rayonu, X19 küçəsi, ev 1B ünvanında qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatdan görünür ki, İddiaçı xx.xx.1990-cı il tarixdən müddətsiz birinci dərəcəli əlilllik təyin edilmişdir. İş materiallarına əlavə edilmiş 079856 nömrəli, xx.xx.2013-cü il tarixli vəsiqədən görünür ki, İddiaçı ümumi xəstəlik səbəbi ilə müddətsiz birinci dərəcəli əlildir. İş materiallarına əlavə edilmiş İV-ЖГ 302431 nömrəli, xx.xx.1987-ci il tarixli nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı ilə X2 arasında xx.xx.1987-ci ildə nikah bağlanmış, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında xx.xx.1987-ci ildə 67 nömrəsi ilə qeyd edilmişdir. Nikahdan sonra ərə Muradov, arvada Muradova soyadı verilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin yaşayış yeri üzrə qeydiyyat haqqında xx.xx.2021-ci il tarixli, ******* nömrəli arayışda görünür ki, Bakı şəhəri, Xətai rayonu, X19 küçəsi, ev 1B ünvanında İddiaçı (xx.xx.2016-cı il tarixdən etibarən), X11, X6, X10, X12, X3 qeydiyyatdadırlar. İş materiallarına əlavə edilmiş Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən MH seriyalı, ******* nömrəli çıxarışdan görünür ki, Bakı şəhəri, Xətai rayonu, X19 küçəsində istifadədə olan 0.26 ha torpaq sahəsində yerləşən 1b nömrəli 10 mərtəbəli binanın mansardında 91.0 kv.m ümumi, 91.0 kv.m əsas, - kv.m köməkçi sahədən ibarət qeyriyaşayış sahəsi tam mülkiyyət hüququ üzrə X4 adına daşınmaz əmlakın dövlət reyestrində 7 nömrəli reyestr kitabının 818 nömrəli vərəqində ********* qeydiyyat nömrəsi ilə xx.xx.2006-cı il tarixdə qeydiyyata alınmışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi Daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2021-ci il tarixli arayışda göstərilmişdir ki, İddiaçı adına Bakı şəhəri, Nərimanov rayonu, X15 prospekti, 2 ünvanında yerləşən ü/s 48.8 kv.m olan qeyri-yaşayış sahəsi mülkiyyət hüquqlu daşınmaz əmlak ********** nömrəsi ilə xx.xx.2016-cı il tarixdə qeydiyyata alınmışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi Daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2021-ci il tarixli arayışda göstərilmişdir ki, X5 adına daşınmaz əmlak aşkar edilməmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi Daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2021-ci il tarixli arayışda göstərilmişdir ki, X1 adına daşınmaz əmlak aşkar edilməmişdir. İş materiallarına əlavə edilmiş Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinin xx.xx.2021-ci il tarixli, 62 nömrəli arayışında göstərilmişdir ki, vətəndaş İddiaçı, X3 və X10 həqiqətən Bakı şəhəri, Xətai rayonu, X19 küçəsindəki 1B nömrəli evin 10-cu mərtəbəsində 91.0 kv.m sahəsi olan 3 otaqlı 10 mərtəbəli binada qeydiyyatdadırlar. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin xx.xx.2022-ci il tarixli, 018-4789-1222 nömrəli məktubunda bildirilmişdir ki, xx.xx.1958-ci il təvəllüdlü İddiaçı xx.xx.2016-cı il tarixdə Bakı şəhəri, Xətai rayonu, X19 küçəsi, ev 1B ünvanına yaşayış yeri üzrə qeydiyyata alınaraq şəxsiyyət vəsiqəsi ilə təmin edilmişdir. Həmçinin vət. İddiaçı məxsus AZE-******** nömrəli şəxsiyyət vəsiqəsinin verilməsi üçün əsas olmuş sənədlərin saxlama müddəti bitdiyi üçün məhv edildiyindən təqdim edilməsi mümkün deyildir. Məhkəmənin sorğusu əsasında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli, **********44 nömrəli məktubu ilə təqdim edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* nömrəli çıxarışdan görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, X15 prospekti, 2 ünvanında yerləşən 48.8 kv.m sahəsi olan qeyri-yaşayış sahəsi İddiaçı adına xüsusi mülkiyyət hüququ ilə ********** qeydiyyat nömrəsi ilə xx.xx.2016-cı il tarixdə qeydiyyata alınmışdır. Məhkəmənin sorğusuna cavab olaraq Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli, **********87 nömrəli məktubunda bildirilmişdir ki, İddiaçı adına Bakı şəhəri, Nərimanov rayonu, X15 prospekti, 2 ünvanında yerləşən qeyri-yaşayış sahəsi qeydiyyata alınmışdır və hazırda mülkiyyətindədir. Sorğuda qeyd olunan digər şəxslərin adlarına hazırda ölkə ərazisi üzrə qeydiyyata alınmış daşınmaz əmlak aşkar edilməmişdir. Cavabdeh Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinin iddiaçıya ünvanladığı xx.xx.2021-ci il tarixli, M-392-068 nömrəli məktubunda bildirilmişdir ki, sizin mənzil məsələsi barədə ərizənizə baxılmışdır. Ərizənizdə gözdən əlil kimi yaşayış yeri üzrə güzəştli mənzil növbəsinə alınmağınızı xahiş edirsiniz. Araşdırma zamanı siz Xətai rayonu, X19 küçəsində yerləşən 1B saylı evin yaşayış sahəsi 91.0 kv.m olan 3 otaqlı 25A nömrəli mənzilində 3 nəfər ailə tərkibi ilə daimi qeydiyyatda olmaqla yaşadığınız müəyyən edilmişdir. Bildirilir ki, qüvvədə olan qanunvericiliyin tələblərinə əsasən əlillərin və onlara bərabər tutulan güzəştli şəxslərin hər adamsayına düşən mənzil norması 6.0 kv.m və daha az yaşayış sahəsi ilə təmin edilmiş olduqda mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan şəxs hesab edilirlər. Yuxarıda qeyd edilənlər və mövcud qanunvericiliyin tələbləri nəzərə alınaraq siz mənzilə ehtiyacı olan şəxs hesab edilmədiyinizdən xahişinizin təmin edilməsi imkan xaricindədir. Beləliklə, işin hallarından müəyyən olunur ki, iddiaçı birinci dərəcə müddətsiz gözdən əlildir. İddiaçı yaşayış yerinin olmadığını əsas götürərək, qeydiyyatda olduğu yer üzrə Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinə müraciət edərək mənzil növbəsinə qeydiyyata alınmasını xahiş etmiş, cavabdeh iddiaçının Xətai rayonu, X19 küçəsində yerləşən 113 saylı evin yaşayış sahəsi 91.0 kv.m olan 3 otaqlı 25 A nömrəli mənzilində 3 nəfər ailə tərkibi ilə daimi qeydiyyatda olmaqla yaşadığına, adam payına düşən mənzil normasına uyğun olaraq mənzilə ehtiyacı olan şəxs hesab edilmədiyinə istinad edərək müraciətin təminindən imtina etmişdir. İddiaçı hazırda onun əlil kimi yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmasını mübahisələndirir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 33.2-ci maddəsinə əsasən bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. Həmin Məcəllənin 38.2-ci maddəsinə görə məcburetmə haqqında iddia tələb olunan inzibati aktın qəbul edilməsindən imtina barədə iddiaçıya müvafiq inzibati aktın təqdim edildiyi və ya bu barədə yazılı məlumatın verildiyi vaxtdan 30 gün müddətində qaldırıla bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrıayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. İstinad olunan normalardan müəyyən edildiyi kimi məcburetmə haqqında iddialarla bağlı mübahisələrə baxılarkən müəyyən edilməli olan xüsusi mümkünlük şərtləri kimi iddiaçının məhkəmədə iddia qaldırmazdan öncə müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi və inzibati aktın qəbul edilməsindən imtina barədə məlumatın verildiyi vaxtdan 30 gün müddətində məhkəmədə iddia qaldırmasıdır. İddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl qeyd edilən tələblə bağlı müvafiq qaydada cavabdehə müraciət etmiş və cavabdehin verdiyi xx.xx.2021-ci il tarixli imtina cavabından sonra iddia ərizəsini xx.xx.2022-ci il tarixdə poçt xidmətinə təqdim etmiş, beləlikə, 30 günlük iddia müddətini ötürməmişdir. İddia mahiyyət üzrə əsassızdır. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 31.1-ci maddəsinə əsasən əlilliyi olan şəxsin yaşayış sahəsinə ehtiyacı olan hesab edilməsinin əsasları və yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması qaydaları Azərbaycan Respublikasının Mənzil Məcəlləsi ilə müəyyən edilir. Azərbaycan Respublikası Prezidentinin 6 iyun 2012-ci il tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin 3.9.6-cı bəndinə görə yerli icra hakimiyyəti başçıları dövlət mənzil fondunun yaşayış və qeyri-yaşayış sahələrinin saxlanılmasını və idarə olunmasını təşkil edir, Azərbaycan Respublikasının Mənzil Məcəlləsində nəzərdə tutulmuş səlahiyyətləri həyata keçirir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin: -30.1-ci maddəsinə görə yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. -30.2-ci maddəsinə görə əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. -48.1-ci maddəsinə əsasən sosial kirayə müqavilələri əsasında bu Məcəllə ilə və digər qanunvericilik aktları ilə müəyyən edilmiş əsaslarla yaşayış sahələrinə ehtiyacı olan hesab edilən aztəminatlı vətəndaşlara, o cümlədən sosial müdafiəyə ehtiyacı olan aztəminatlı gənclərə dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri verilir. -49.4-cü maddəsinə əsasən yaşayış sahəsinin (yaşayış sahəsinin ölçüsünün) uçot norması (bundan sonra - uçot norması) vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması məqsədi ilə onların yaşayış sahəsi ilə təmin olunma səviyyəsinin müəyyənləşdirilməsi üçün əsas olan yaşayış sahəsinin minimal ölçüsüdür. -50.1-ci maddəsinə əsasən aşağıdakı vətəndaşlar sosial kirayə müqaviləsi əsasında verilən yaşayış sahələrinə ehtiyacı olan (bundan sonra – yaşayış sahəsinə ehtiyacı olan) hesab edilir: 50.1.1. sosial kirayə müqaviləsinə əsasən kirayəçi və ya sosial kirayə müqaviləsi əsasında kirayəçinin ailə üzvləri və ya yaşayış sahəsinin mülkiyyətçisi və ya yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvləri olmayan vətəndaşlar; 50.1.2. sosial kirayə müqaviləsinə əsasən kirayəçi və ya sosial kirayə müqaviləsi əsasında kirayəçinin ailə üzvləri və ya yaşayış sahəsinin mülkiyyətçisi və ya yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvləri olan və uçot normasından az ailə üzvlərinin adambaşına düşən yaşayış sahəsinin ümumi sahəsi ilə təmin olunan vətəndaşlar; 50.1.3. yaşayış sahələri üçün müəyyən edilmiş tələblərə cavab verməyən sahələrdə yaşayan vətəndaşlar; 50.1.4. bir neçə ailənin yaşadığı mənzildə yaşayan sosial kirayə müqaviləsinə əsasən kirayəçi, kirayəçinin ailə üzvləri, yaşayış sahəsinin mülkiyyətçisi, mülkiyyətçinin ailə üzvləri olan vətəndaşlar (əgər ailənin tərkibində ağır xroniki xəstəliyə düçar olmuş xəstə varsa, bu da bir mənzildə onunla yaşamağı mümkünsüz edirsə və həmin vətəndaşların sosial kirayə müqaviləsi ilə verilən və ya mülkiyyət hüququ əsasında onlara məxsus olan digər yaşayış sahəsi yoxdursa). -50.2-ci maddəsinə görə vətəndaşın və (və ya) onun ailə üzvlərinin sosial kirayə müqaviləsinə əsasən bir neçə yaşayış sahəsi olduqda və (və ya) mülkiyyət hüququ əsasında qeyd edilən şəxslərə bir neçə yaşayış sahəsi məxsus olduqda, yaşayış sahəsinin ümumi sahəsi ilə təmin olunma səviyyəsi göstərilən bütün yaşayış sahələrinin ümumi sahəsinin cəmi nəzərə alınmaqla müəyyən edilir. -51.1-ci maddəsinə görə bu Məcəllə ilə müəyyən edilmiş hallar istisna olmaqla, sosial kirayə müqaviləsinə əsasən yaşayış sahələri yaşayış sahələrinə ehtiyacı olan qismində uçota alınmış vətəndaşlara verilir. -51.2-ci maddəsinə görə yaşayış sahəsinə ehtiyacı olan hesab edilə bilən bu Məcəllənin 48-ci maddəsində göstərilən kateqoriyalardan olan vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququ vardır. -51.3-cü maddəsinə əsasən vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması onların yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanına və ya bələdiyyə orqanına təqdim etdikləri ərizələri (bundan sonra - uçota alınma haqqında ərizə) əsasında həmin orqan (bundan sonra - uçota alınmanı həyata keçirən orqan) tərəfindən həyata keçirilir. Qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada vətəndaşlar uçota alınma haqqında ərizələri yaşayış yeri üzrə deyil, digər yer üzrə verə bilərlər. Fəaliyyət qabiliyyəti olmayan vətəndaşların uçota alınması onların qanuni nümayəndələri tərəfindən verilən uçota alınma haqqında ərizələr əsasında həyata keçirilir. -51.4-cü maddəsinə əsasən uçota alınma haqqında ərizə ilə birlikdə müvafiq vətəndaşların yaşayış sahələrinə ehtiyacı olan qismində uçota durmaq hüququnu təsdiq edən sənədlər təqdim edilməlidir. Uçota alınma haqqında ərizəni təqdim edən vətəndaşa uçota alınmanı həyata keçirən orqan tərəfindən qəbul edilən sənədlərin siyahısı və sənədlərin qəbuletmə tarixi barədə qəbz verilir. -53.1-ci maddəsinə görə yaşayış sahəsinə ehtiyacı olan vətəndaş qismində uçota almaqdan imtinaya aşağıdakı hallarda yol verilir: 53.1.1. bu Məcəllənin 51.4-cü maddəsində nəzərdə tutulmuş sənədlər təqdim edilmədikdə; 53.1.2. müvafiq vətəndaşın yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququnu təsdiq etməyən sənədlər təqdim edildikdə; 53.1.3. bu Məcəllənin 52-ci maddəsi ilə nəzərdə tutulmuş müddət bitmədikdə. Qeyd edilən normalardan görünür ki, yaşayış sahəsinə ehtiyacı olan vətəndaş yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququnu təsdiq edən sənədləri müvafiq icra hakimiyyəti orqanına təqdim etməlidir. Şəxsin yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması üçün əsas meyar onun yaşayış sahəsi ilə təmin olunma səviyyəsini müəyyən edən yaşayış sahəsinin uçot normasıdır. Bu zaman uçot normasından az ailə üzvlərinin adambaşına düşən yaşayış sahəsinin ümumi sahəsi ilə təmin olunan vətəndaşlar yaşayış sahəsinə ehtiyacı olan vətəndaşlar hesab olunurlar. ““Azərbaycan Respublikası Mənzil Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 27 avqust 2009-cu il tarixli 153 nömrəli Fərmanının 1.3.7-ci yarımbəndinə əsasən həmin Məcəllənin 51.7-ci maddəsində nəzərdə tutulmuş vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçotunun aparılması qaydasının Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla müəyyən edilməsi Azərbaycan Respublikasının Nazirlər Kabinetinə həvalə edilmişdir. Lakin hazırkı tarixədək müvafiq qaydalar müəyyən edilməmişdir. 30 iyun 2009-cu il tarixli “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun: -1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mənzil Məcəlləsi təsdiq edilmiş; -2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mənzil Məcəlləsi 2009-cu il oktyabrın 1-dən qüvvəyə minmiş; -3-cü maddəsinə əsasən Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə mindiyi gündən Azərbaycan SSR-in 1982-ci il 8 iyul tarixli Qanunu ilə təsdiq olunmuş Azərbaycan SSR Mənzil Məcəlləsi (Azərbaycan SSR Ali Sovetinin məlumatı, 1982-ci il, № 13, maddə 121) qüvvədən düşmüş hesab edilmiş; -4-cü maddəsinə əsasən adları çəkilən Azərbaycan SSR Mənzil Məcəlləsinə dəyişikliklər və əlavələr edilməsi haqqında 1982-ci il iyulun 8-dən etibarən qəbul olunmuş qanunlar (onların müvafiq hissələri) və digər normativ hüquqi aktlar qüvvədən düşmüş hesab edilmişdir. -5-ci maddəsinə əsasən Azərbaycan Respublikasında qüvvədə olan digər qanunlar və normativ hüquqi aktlar bu Qanunla təsdiq edilmiş Azərbaycan Respublikasının Mənzil Məcəlləsinə uyğunlaşdırılanadək həmin Məcəlləyə zidd olmayan hissədə tətbiq edilir. Azərbaycan SSR Nazirlər Sovetinin 14 oktyabr 1983-cü il tarixli 418 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan SSR ərazisində mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan vətəndaşların uçota götürülməsi və yaşayış sahələrinin bölüşdürülməsi haqqında Nümunəvi Qaydalar” 30 iyun 2009-cu il tarixli Qanunla ləğv edilməmişdir və hazırda qüvvədədir. Nə qədər ki, Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçotunun aparılmasının yeni qaydası təsdiq edilməmişdir, deməli, uçotun aparılması üçün “Azərbaycan SSR ərazisində mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan vətəndaşların uçota götürülməsi və yaşayış sahələrinin bölüşdürülməsi haqqında Nümunəvi Qaydalar” tətbiq edilməlidir. X9 4-cü hissəsinə əsasən mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan vətəndaşların uçotuna həmin yaşayış məntəqəsində müddəti rayon, şəhər (respublika və vilayət tabeli şəhər) xalq deputatları Sovetləri tərəfindən müəyyən edilən vaxt ərzində daimi yaşayan şəxslər götürülürlər. Həmin Qaydaların 26-cı hissəsinə əsasən yaşayış sahəsi vətəndaşlara, bir qayda olaraq, bir ailə üçün ayrıca mənzil şəklində, Azərbaycan SSR Mənzil Məcəlləsinin müəyyən etdiyi mənzil sahəsi norması həddində, lakin hər adama 8 kvadratmetrdən az olmamaqla verilir. XX çağırış Bakı Şəhər Xalq Deputatları Soveti 4-cü sessiyasının xx.xx.1988-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Bakı şəhərində mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan vətəndaşların uçotu və mənzillərin bölüşdürülməsi Qaydaları”nın: -7-ci bəndinə əsasən Bakı şəhərində daimi yaşayan aşağıdakı vətəndaşların mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan vətəndaşlar hesab edilirlər: qohumluq əlaqəsi olmayan, bir otaqda yaxud bir-birindən təcrid edilə bilməyən bir neçə iş-içə otaqda yaşayan iki və daha çox ailə. -11-ci bəndinə görə əgər bir mənzildə yaşayan ailənin tərkibində faktiki surətdə dolanacaq mənbəyi olan və ayrıca təsərrüfat quran iki və ya bir neçə müstəqil ailə yaranmışdırsa, onda hər bir ailənin mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olanların uçotuna durmağa ixtiyarı vardır bu şərtlə ki, həmin mənzildə yaşayanların hamısının mənzil şəraiti bu qaydaların 7-ci və 8-ci bəndlərinin tələblərinə cavab vermiş olsun. Əgər belə mənzillərdəki ailələrdən biri köçürülərsə mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olanların uçotunda duran və mənzildə qalan hər nəfərə düşən mənzil sahəsi 8 kv.m-dən artıq olarsa mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olanların uçotuna götürülən digər ailələr uçotdan çıxarılmalıdır. Sadalanan normalardan görünür ki, bir mənzildə iki və daha çox ailə yaşayırsa, bu ailələr qohumluq münasibətində deyillərsə, yaxud qohum olsalar da yaşayış sahəsinin adambaşına 8 kv.m-dən azdırsa, mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan qismində uçota alınırlar. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə görə şəxsin yaşayış yeri - tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. Həmin Qanunun 3-cü maddəsinə əsasən yaşayış yeri Azərbaycan Respublikası vətəndaşı barədə - yalnız Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi ilə müəyyən edilir. Qeyd edilən normaların tələblərini işin hallarına tətbiq etdikdə müəyyən olunur ki, hazırkı iş üzrə İddiaçı ailə üzvləri - arvadı X3 və oğlu X7r. İddiaçının adına daşınmaz əmlak kimi qeyri-yaşayış sahəsi qeydiyyatda olsa da adına və ailə üzvlərinin adına yaşayış evi qeydiyyata alınmamışdır. İddiaçı ailə üzvləri ilə Bakı şəhəri, Xətai rayonu, X19 küçəsindəki 1B nömrəli evin 10-cu mərtəbəsində 91.0 kv.m sahəsi olan 3 otaqlı mənzildə qeydiyyatda olmaqla yaşayırlar. Sözügedən əmlak iddiaçının qardaşı X4 mülkiyyətində olmaqla, həmin ünvanda X4 özü və ailə üzvləri - X6 və X12 qeydiyyatdadırlar. Yuxarıda da qeyd edildiyi kimi şəxsin yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması məqsədi ilə onun yaşayış sahəsi ilə təmin olunma səviyyəsinin müəyyənləşdirilməsi üçün əsas qismində çıxış edən yaşayış sahəsinin (yaşayış sahəsinin ölçüsünün) uçot norması 8 kvadratmetrdən az ola bilməz. Bakı şəhəri, Xətai rayonu, X19 küçəsi, ev 1B ünvanında yerləşən əmlakda qeydiyyatda olan mülkiyyətçi X11 (ailə üavləri 2 nəfər) və İddiaçı (ailə üzvləri 2 nəfər) qohumluq münasibətindədirlər. Eyni zamanda adı çəkilən Qaydaların 11-ci bəndinə müvafiq olaraq həmin yaşayış sahəsində 2 ailənin qeydiyyatda olduğu nəzərə alınsa (qeydiyyat ünvanı yaşayış yeri hesab olunur), o zaman həmin yaşayış yerinin qeydiyyatda olanların adambaşına uçot normasına uyğunluğu yoxlanılmalıdır. Yaşayış yerinin ümumi sahəsi 91 kv.m olmaqla 6 nəfər üçün nəzərdə tutulmuş normadan - 48 kv.m-dən (6x 8 kv.m) artıqdır. Beləliklə, göstərilənlərə əsasən müəyyən olunur ki, iddiaçının yaşadığı yaşayış yerinin sahəsi onun yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması üçün əsas vermir. Məhkəmə qeyd edir ki, yuxarıda sadalanan mənzil qanunvericiliyinin məqsədi sosial müdafiəyə ehtiyacı olan şəxslərin layiqli həyat səviyyəsi, onların sosial təminatı və cəmiyyətin həyatında tam həcmdə iştirakını və sosial inteqrasiyasına şərait yaradılmasını, onların həyat şəraitinin yaxşılaşdırılmasını təmin etməkdir. Bununla bağlı dövlətin vəzifəsi müvafiq kateqoriyadan olan şəxslərin ehtiyaclarının ödənilməsi üçün köməklik göstərilməsidir. Hazırkı halda iddiaçı özünün həqiqətən də sosial müdafiəyə, həyat şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan şəxs olmasını sübuta yetirə bilməmişdir. İnzibati Prosessual Məcəllənin 14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. İnzibati Prosessual Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddiaçı cavabdeh Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinə qarşı “mənzil növbəsinə alınma” tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Aygün Əhədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar