Məhkəmə qərarları › İş №2-1(112)-5792/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-5792/2023

02.05.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-5792/2023 02.05.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi, İddiaçı, adi cəlbetmə qaydasında üçüncü şəxs X1 iştirakı ilə, İddiaçı cavabdeh Xətai Rayon İcra Hakimiyyətinə qarşı “mənzil növbəsinə götürülmə və kirayə haqqının ödənilməsi” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı 2-ci Qarabağ müharibəsinin qazisi İddiaçı məhkəməyə müraciət edərək mənzil növbəsinə götürülməsini və kirayə pulunun ödənilməsi vəzifəsinin cavabdeh Xətai Rayon İcra Hakimiyyətinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. Tələb onunla əsaslandırılmışdır ki, ikinci Qarabağ Müharibəsinin qazisi İddiaçı xx xxxxxx 1996-cı ildə doğulmuş və xx.xx.2020-ci ildə hərbi xidmətə çağırılmışdır. Eyni zamanda xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etmişdir. 2020-ci ilin noyabr ayında Füzuli rayonu istiqamətində gedən döyüşlər zamanı düşmən tərəfidən atılan artilleriya atəşi nəticəsində ağır yaralanmışdır. Vətən müharibəsi əlili kimi yaşayış yeri üzrə mənzil növbəsinə alınmağı ilə bağlı Xətai Rayon İcra Hakimiyyətinə müraciət etmişdir. iddiaçı qeyd etmişdir ki, onun qeydiyyatda olduğu ünvan dayısı X3 məxsus bina evi olmuşdur. Mənzil məsələsinin həlli ilə əlaqədar olaraq iddiaçı Bakı Şəhər Xətai Rayon İcra Hakimiyyətinə müraciət etmişdir. Xətai Rayon İcra Hakimiyyəti xx.xx.2022-ci il tarixli imtina məktubu ilə müraciətin həllindən imtina etmişdir. İmtina məktubu onunla əsaslandırılmışdır ki, Bakı şəhərində mənzil şəraitinin yaxşılaşmasına ehtiyacı olan vətandaşların uçotu və mənzillərin bölüşdürülməsi Qaydalarının 8-ci bəndinə əsasən mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan hesab edilmiş vətandaşlar yaşayış yeri üzrə uçota bu şərtlə götürülürlər ki, onlar azı son 5 (beş) il ərzində Bakı şəhərində daimi qeydiyyatda olmaqla yaşamış olsunlar. İddiaçı qeyd etmişdir ki, dayısının evində 2022-ci ilin noyabr ayından qeydiyyata düşmüşdür. Lakin 2018-ci ilin iyun ayından həm təhsili ilə əlaqədar, həm də işi ilə əlaqədar kirayədə qalır.

3. Cavabdeh qurum tərəfindən iddiaçıya təqdim edilmiş xx.xx.2022-ci il tarixli imtina məktubunda bildirilmişdir ki, İddiaçı xx.xx.2022-ci il tarixdən M.Hadi küçəsində yerləşən yaşayış sahəsi 38,71 kv.m olan, 87 nömrəli evin 3 otaqlı 29 saylı mənzilinə daimi qeydiyyata düşməklə mənzil şəraitini süni surətdə pisləşdirmişdir. Xətai Rayon İcra Hakimiyyəti tərəfindən bildirilmişdir ki, Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 52-ci maddəsinə əsasən, yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququnu əldə etmək niyyəti ilə həmin vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan hesab edilmələri ilə nəticələnə biləcək hərəkətlərə yol verilmiş vətəndaşlar göstərilən niyyətli hərəkətlərə yol verdikləri gündən 5 ildən tez olmayaraq yaşayış sahəsinə ehtiyacı olan qismində uçota götürülə bilər.

4. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin mərkəzləşdirilmiş elektron informasiya sistemindən təqdim olunmuş əlillik haqqında arayışdan görünür ki, əlillik səbəbi İddiaçı Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar olaraq olmuşdur.

5. Xəstəlik haqqında 19781 nömrəli arayışdan göründüyü kimi, İddiaçı Azərbaycan Respublikasının ərazisinin müdafiəsi zamanı hərbi travma almışdır.

6. Bakı Şəhər İcra Hakimiyyətinin Mənzil Kommunal Təsərrüfat Birliyinin 97 saylı Mənzil Kommunal İstismar sahəsi xx.xx.2023-cü il tarixli arayışında bildirilmişdir ki, İddiaçı ünvan 1 ünvanında 2018-ci il tarixindən bugünədək kirayədə yaşayır.

7. DİN Yaşayış yeri üzrə qeydiyyat haqqında arayışına əsasən İddiaçı 11 oktyabr 2022-ci il tarixdən ünvan 2 ünvanda qeydiyyatdadır.

8. Hərbi biletə əsasən iddiaçının xidmət etdiyi hərbi hissələr ön cəbhədə yerləşmiş və xx.xx.2020-cı il tarixdən xx.xx.2020-ci il tarixədək Füzuli, Xocavənd rayonları istiqamətində gedən döyüşlərdə iştirak edərək xidməti vəzifələrini icra etmişdir. Hərbi xidmət dövründə “cəsur döyüşçü”, “vətən müharibəsi iştirakçısı”, “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif olunmuşdur,

9. İddia tələbi İddiaçı (ailə tərkibi özü və anası ilə birlikdə) yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində uçota alınması öhdəliyi cavabdeh Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinin üzərinə qoyulması kimi dəyişdirilmişdir.

10. İddiaçının anası X2 adi cəlbetmə qaydasında üçüncü şəxs qismində cəlb edilərək iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Əlavə olaraq bildirdi ki, hazırda oğlu ilə birlikdə Bakıda kirayədəki evdə yaşayır, Gəncədə yaşadıqları ev banka girov qoyulub və bank tərəfindən həmin ev satışa çıxarılıb.

11. Məhkəmənin hazırlıq icraatı üzrə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək iddianın məzmununa uyğun izahat verdi.

12. Cavabdeh məhkəmə iclasında iştirak etmir.

II. İddianın növü və mümkünlüyü

13. İddianın növü öhdəliyin icrasına dair iddiadır.

14. “İnzibati icraat haqqında” Qanunun 1.2-ci maddəsinə əsasən, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur.

15. İPM-in 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır.

16. İPM-in 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur.

17. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 13-cü maddəsinə əsasən konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. Əvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda, həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir.

18. Məhkəmə qeyd edir ki, inzibati icraat çərçivəsində “inzibati aktın qəbulu”ndan imtina, “inzibati aktın qəbulu ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi”ndən imtinadan inzibati münasibətlərin bəzi səciyyəvi xüsusiyyətləri istisna olmaqla mahiyyət etibarı ilə (hər ikisi publik hüquq sahəsində inzibati orqanın imtinası və ya hərəkətsizliyindən yaranır) fərqlənmir. Həmin münasibətlər oxşar olduğundan, onlardan yaranan mübahisələr də oxşar qiymətləndirilir. Belə olan halda, “qanunun analogiyası”ndan istifadə zəruridir. Məhkəmənin qənaətinə görə inzibati məhkəmə icraatında “öhdəliyin icrası haqqında” iddialarda da İPM-in 73.1-ci maddəsi tətbiq oluna bilər.

19. İddia mümkündür.

III. Məhkəmənin mövqeyi

20. Mənzil Məcəlləsindən: 48.1. Sosial kirayə müqavilələri əsasında bu Məcəllə ilə və digər qanunvericilik aktları ilə müəyyən edilmiş əsaslarla yaşayış sahələrinə ehtiyacı olan hesab edilən aztəminatlı vətəndaşlara, o cümlədən sosial müdafiəyə ehtiyacı olan aztəminatlı gənclərə dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri verilir. 48.2. Qanunla başqa qayda nəzərdə tutulmayıbsa, dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri sosial kirayə müqavilələri əsasında göstərilən kateqoriyalardan olan vətəndaşlara bu Məcəllədə müəyyənləşdirilmiş qaydada verilir. 49.5. Dövlət mənzil fondunun yaşayış sahələri ilə təmin edilmə məqsədləri üçün uçot norması müvafiq icra hakimiyyəti orqanı tərəfindən, bələdiyyə mənzil fondunun yaşayış sahələri ilə təmin edilmə məqsədləri üçün isə uçot norması müvafiq bələdiyyə tərəfindən müəyyən edilir. Bu normanın ölçüsü həmin orqanın və ya bələdiyyənin müəyyən etdiyi ayrılma normasının ölçüsündən artıq ola bilməz. 50.1. Aşağıdakı vətəndaşlar sosial kirayə müqaviləsi əsasında verilən yaşayış sahələrinə ehtiyacı olan (bundan sonra – yaşayış sahəsinə ehtiyacı olan) hesab edilir: 50.1.3. yaşayış sahələri üçün müəyyən edilmiş tələblərə cavab verməyən sahələrdə yaşayan vətəndaşlar; 51.1. Bu Məcəllə ilə müəyyən edilmiş hallar istisna olmaqla, sosial kirayə müqaviləsinə əsasən yaşayış sahələri yaşayış sahələrinə ehtiyacı olan qismində uçota alınmış vətəndaşlara verilir. 51.2. Yaşayış sahəsinə ehtiyacı olan hesab edilə bilən bu Məcəllənin 48-ci maddəsində göstərilən kateqoriyalardan olan vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququ vardır. Əgər vətəndaşın göstərilən uçotda bir neçə əsaslara (aztəminatlı vətəndaş və ya qanunvericiliklə müəyyən edilən digər kateqoriyaya aid vətəndaş kimi) görə durmaq hüququ varsa, həmin vətəndaş özünün mülahizəsinə görə göstərilən əsaslardan biri üzrə və ya bütün əsaslar üzrə uçota alına bilər. 51.3. Vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması onların yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanına və ya bələdiyyə orqanına təqdim etdikləri ərizələri (bundan sonra – uçota alınma haqqında ərizə) əsasında həmin orqan (bundan sonra – uçota alınmanı həyata keçirən orqan) tərəfindən həyata keçirilir. Qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada vətəndaşlar uçota alınma haqqında ərizələri yaşayış yeri üzrə deyil, digər yer üzrə verə bilərlər. Fəaliyyət qabiliyyəti olmayan vətəndaşların uçota alınması onların qanuni nümayəndələri tərəfindən verilən uçota alınma haqqında ərizələr əsasında həyata keçirilir. 51.4. Uçota alınma haqqında ərizə ilə birlikdə müvafiq vətəndaşların yaşayış sahələrinə ehtiyacı olan qismində uçota durmaq hüququnu təsdiq edən sənədlər təqdim edilməlidir. Uçota alınma haqqında ərizəni təqdim edən vətəndaşa uçota alınmanı həyata keçirən orqan tərəfindən qəbul edilən sənədlərin siyahısı və sənədlərin qəbuletmə tarixi barədə qəbz verilir. 51.5. Uçota alınma və ya uçota almaqdan imtina haqqında qərar uçota alınmanı həyata keçirən orqan tərəfindən bu Məcəllənin 51.4-cü maddəsində göstərilən uçota alınma haqqında ərizənin və digər sənədlərin baxılmasının nəticələri əsasında sənədlərin həmin orqana təqdim edildiyi gündən otuz iş günündən gec olmayaraq qəbul edilməlidir. 51.6. Uçota alınmanı həyata keçirən orqan uçota alınma haqqında qərar qəbul etdiyi gündən üç iş günündən gec olmayaraq belə qərarın qəbul edilməsini təsdiqləyən sənədi uçota alınma barədə ərizə vermiş vətəndaşa təqdim edir və ya göndərir. 51.7. Vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçotunun aparılması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

21. Mənzil Məcəlləsinin 49.5-ci maddəsinə əsasən, dövlət mənzil fondunun yaşayış sahələri ilə təmin edilməsi məqsədləri üçün uçot norması müəyyən edilməmiş, lakin “Sosial kirayə müqaviləsi əsasında dövlət mənzil fondunun yaşayış sahəsinin ayrılma normasının müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 noyabr 2019-cu il tarixli 459 nömrəli Qərarına əsasən sosial kirayə müqaviləsi əsasında dövlət mənzil fondunun yaşayış sahəsinin ayrılma norması Azərbaycan Respublikasının inzibati ərazi vahidləri üzrə nail olunmuş sosial kirayə müqavilələri əsasında verilən dövlət mənzil fondunun yaşayış sahələri ilə təminolunma səviyyəsindən və digər amillərdən asılı olaraq, 16 kvadratmetr müəyyən edilmişdir.

22. Mənzil Məcəlləsinin 52-ci maddəsinə əsasən, yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququnu əldə etmək niyyəti ilə həmin vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan hesab edilmələri ilə nəticələnə biləcək hərəkətlərə yol vermiş vətəndaşlar göstərilən niyyətli hərəkətlərə yol verdikləri gündən beş ildən tez olmayaraq yaşayış sahəsinə ehtiyacı olan qismində uçota götürülür.

23. İmtina qeyd edilən maddəyə əsasən xx.xx.2022-ci il tarixdən M.Hadi küçəsində yerləşən yaşayış sahəsi 38,71 kv.m olan, 87 nömrəli evin 3 otaqlı 29 saylı mənzilinə daimi qeydiyyata düşməklə mənzil şəraitini süni surətdə pisləşdirməsi ilə əsaslandırılmışdır.

24. Azərbaycan Respublikasının Konstitusiyasının 12-ci maddəsinin İ hissəsinə əsasən, insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir.

25. Azərbaycan Respublikası Konstitusiyasının 16-cı maddəsinin İ hissəsinə əsasən Azərbaycan dövləti xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsi qayğısına qalır.

26. Məhkəmə hesab edir ki, cavabdeh qurumun imtinası iddiaçının qanunla qorunan hüquqlarını pozur. Belə ki, yeni Mənzil Məcəlləsində yaşayış sahəsinə ehtiyacı olan şəxslərin uçota alınmasını tənzimləyən normalar nəzərdə tutulmuşdur.

27. İş materiallarına əsasən müəyyən olunur ki, iddiaçı 2018-ci ildən Bakı şəhərində qeydiyyatsız yaşayır və Azərbaycan Dövlət İqtisad Universitetində magistr təhsilini xx.xx.2020-ci ildə başa vurmuş və daha sonra hərbi xidmətə getmiş, Vətən müharibəsinin iştirakçısı kimi bir sıra medallarla təltif edilmiş, xidmət zamanı hərbi travma alaraq Müdafiə Nazirliyinin Hərbi Həkim Komissiyası tərəfindən şəhadətləndirilmiş, Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar ikinci dərəcə müharibə əlilidir. Qohumuna məxsus Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsində yerləşən yaşayış sahəsi 38,71 kv.m olan, 87 nömrəli evin 3 otaqlı 29 saylı mənzilinə qeydiyyata düşsə də, faktiki olaraq Bakı şəhəri, M.Hadi küçəsi 93 saylı evin 77 nömrəli mənzilində 2018-ci ildən bugünə kimi kirayədə yaşayır.

28. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçı ailəsi ilə birlikdə vaxtilə yaşadığı mənzildə artıq yaşamırlar və hazırda “X6” ASC tərəfindən iddiaçının atası, anası və qardaşının vaxtilə yaşadıqları ünvan 3 ünvanından yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmaları tələbi ilə məhkəməyə (Gəncə İnzibati Məhkəməsinə) müraciət vardır.

29. Məhkəmə tərəfindən elektron məhkəmə sisteminin imkanlarından istifadə edilərək adına mövcud daşınmaz əmlak barəsində sorğu edilmiş, iddiaçının adına qeydə alınmış daşınmaz əmlak müəyyən edilməmişdir.

30. Odur ki, məhkəmə iddiaçının mənzil şəraitini süni surətdə pisləşdirməsi halını müəyyən etmir və iddiaçının yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində uçotundan imtinanın onun fərdi vəziyyətinə uyğun olmayan hal kimi qiymətləndirir.

31. “İnzibati icraat haqqında” qanunun 17-ci maddəsinə (mütənasiblik prinsipi) əsasən, fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır.

32. Konstitusiyanın 71-ci maddəsinin İİ hissəsində mütənasiblik prinsipi “hüquq və azadlıqların məhdudlaşdırılması dövlət tərəfindən gözlənilən nəticəyə mütənasib olmalıdır” kimi ifadə olunmuşdur. Mütənasiblik prinsipinin yaranması roman-german konstitusionalizminin ənənələri ilə əlaqələndirilir. Əvvəllər, 1950-1960-cı illərdə, mütənasiblik konsepsiyası X4 Məhkəməsi tərəfindən baxılan bir sıra işlərdə öz əksini tapmışdır. Bu konsepsiya Avropa hüququ və praktikası tərəfindən müharibədən sonrakı Almaniyanın konstitusiya hüququna əsaslanaraq qəbul olunmuşdur. Prinsip olaraq isə XVİİİ əsrin sonu – XİX əsrin birinci yarısında Prussiya inzibati hüququnda meydana çıxmışdır. Ümumi şəkildə Almaniya ictimai hüququnda işlənib hazırlanmış və Avropa hüququnda öz təkamülünü davam etdirən mütənasiblik testi aşağıdakı məsələlərin ardıcıl surətdə həll olunmasını nəzərdə tutur: 1) dövlət orqanlarının fərdi hüquqların (azadlıqların) həyata keçirilməsinə müdaxiləsi yer almışdırmı; 2) bu cür müdaxilə dövlətdaxili qanunla nəzərdə tutulmuşdurmu; 3) müdaxilənin məqsədi legitimdirmi (qanunidirmi); 4) arzuolunan məqsədə bu cür müdaxilə vasitəsinin tətbiqi ilə nail olmaq olarmı, başqa sözlə desək, istifadə olunan vasitə məqsədə nail olmaq üçün yararlıdırmı; 5) hansısa başqa, eyni dərəcədə yararlı, lakin daha az yorucu vasitə varmı, başqa sözlə, istifadə olunan vasitə legitim məqsədə nail olmaq üçün zəruridirmi; 6) istifadə olunan vasitə uyğundurmu (dar mənada proporsionaldırmı). Ən ümumi mənada isə mütənasiblik prinsipi mütləq olaraq özündə 3 əsas elementi nəzərdə tutur: - bu prinsip insan və vətəndaş hüquq və azadlıqlarının məhdudlaşdırılması məsələlərini tənzimləyir; - hüquq ancaq qanunla məhdudlaşdırıla bilər; - məqsədə çatma vasitəsi kimi hüququn məhdudlaşdırılma dərəcəsi həmin məqsədə uyğun olmalı və hədsiz olmamalıdır. Mütənasiblik prinsipi İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin (bundan sonra – Avropa Məhkəməsi) təcrübəsində möhkəmlənmiş və sonuncu tərəfindən “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiya ilə nəzərdə tutulmuş hüquq və azadlıqların məhdudlaşdırılmasının mümkünlüyünün müəyyən edilməsi üçün aktiv şəkildə istifadə olunur. Avropa Məhkəməsi “Hakansson və Sturesson İsveçə qarşı” iş üzrə 1990-cı il 21 fevral tarixli Qərarında qeyd etmişdir ki, Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsi tətbiq olunan vasitələrlə qarşıya qoyulan məqsədin ağlabatan mütənasibliyini tələb edir. Əgər müvafiq şəxs xüsusi və həddən artıq məhrumiyyətə məruz qalıbsa, mütənasibliyin müəyyən edilməsindən söhbət gedə bilməz. Konstitusiya Məhkəməsinin Plenumu tərəfindən mütənasiblik prinsipindən aktiv istifadə edilərək bu prinsipin anlayışına və mahiyyətinə yüksək diqqət yetirilir. Plenumun qərarlarında mütənasiblik prinsipinin mahiyyəti Konstitusiyanın və qanunların bilavasitə şərhi, həmçinin Avropa Məhkəməsinin qərarlarında ifadə olunan hüquq tətbiqetmə təcrübəsi əsasında açıqlanır. Konstitusiya Məhkəməsi Plenumunun X7 şikayəti üzrə 2017-ci il 26 may tarixli Qərarında mütənasiblik prinsipinə kifayət qədər aydınlıq gətirilmiş, məhdudiyyətlər tətbiq edilərkən nəzərə alınmalı olan qanunvericilik normaları açıqlanmış və belə məhdudiyyətlərin tətbiq edilməsi zamanı mütənasiblik, qanuni məqsədə uyğunluq prinsiplərinə riayət edilməsinin vacibliyi vurğulanmışdır. Qərarda göstərilmişdir ki, mütənasiblik prinsipinə riayət olunmasını təmin etmək üçün məhkəmə qanunvericiliyə uyğun olaraq işə baxarkən, hər bir konkret halda məhdudiyyətin müəyyən olunmasının əsaslarını, borclunun buna qarşı etirazlarını öz daxili inamına görə qiymətləndirməli, işi hərtərəfli, tam və obyektiv araşdırmalı, məsələ ilə bağlı öz nəticələrini müvafiq məhkəmə aktında əsaslandırmalıdır.

33. İPM-in 52-ci maddəsinə əsasən, məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.

34. İPM-in 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

35. Göstərilənlərə əsasən və İPM-in 2.3, 13, 52, 68, 69, 75, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARAALDİ:

İddia tələbi təmin edilsin. İddiaçı (ailə tərkibi özü və anası) yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində uçota alınması öhdəliyi cavabdeh Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.

Hakim Günel Sevdimalıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar