Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-5796/2023 27.02.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, Hüseynova Sevinc Nizami qızının katibliyi ilə, Tərəflərin iştirakı olmadan, İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Azərbaycan Respublikasının Mərkəzi Bankına qarşı "protokolun ləğv edilməsi və sair" tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyəti (bundan sonra – iddiaçı) cavabdeh Azərbaycan Respublikasının Mərkəzi Bankına (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, qanunsuz və əsassız olduğuna görə cavabdehin iddiaçı barəsində tərtib edilmiş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair inzibati xəta haqqında protokolunun və həmin protokola əsasən İddiaçı MMC-nin 12858.29 ABŞ dolları məbləğində inzibati cərimə edilməsinin məhkəmə qaydasında ləğv edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi bununla əsaslandırılmışdır ki, iddiaçı qanunla müəyyən edilmiş qaydada hüquqi şəxs kimi (VÖEN:**********) vergi orqanlarında vergi ödəyicisi kimi qeydiyyata alınmaqla kiçik sahibkarlıq fəaliyyəti ilə məşğul olmuş və vergi orqanlarına müvafiq qaydada və müddətlərdə vergi hesabatları təqdim etmişdir. Lakin cavabdeh iddiaçı tərəfindən xaricə köçürülmüş 12858.29 ABŞ dolları məbləğində vəsait hesabına alınan malların ölkəyə idxal edilməyi və valyuta vəsaitinin geri qaytarılmaması qənaətinə gələrək, iddiaçı tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair inzibati xəta haqqında protokol tərtib etmiş, iddiaçını 12858.29 ABŞ dolları məbləğində cərimə etmişdir. Bu inzibati xəta haqqında protokol qanunsuz və əsassızdır. Ona görə ki, faktiki olaraq iddiaçı tərəfindən ona istinad edilən inzibati xəta törədilməmişdir. İddiaçı “Əkbər 1960" MMC tərəfindən Azərbaycan Respublikasından kənara qabaqcadan ödəniş etməklə köçürülmüş pul vəsaitinin hesabına alınmış malların ölkəyə idxalını təsdiq edən bütün sənədlər iddiaçı tərəfindən mütəmadi olaraq müvafiq banka təqdim edilmiş, protokolda göstərilən valyuta vəsaiti hesabına alınan malların hamısı ölkəyə idxal edilmiş və həmin malların satışından müvafiq qaydada vergi ödənilmişdir. Qabaqcadan ödənilmiş valyuta vəsaitindən xaricdən geri qaytarılmayan hissəsi olmamışdır. Cavabdeh iddiaya dair yazılı münasibətini məhkəməyə təqdim etməmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmış tərəflər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, tərəflərə təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi). Məhkəmə iş materiallarını tam, obyektiv və hərtərəfli araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə öncə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr belə, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. İşdə olan EP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, "xxxx" MMC 12858.29 ABŞ dolları məbləğində vəsaiti 25 sentyabr 2020-ci il tarixdə xaricə köçürmüş və 2 il müddət keçsə də, 12858.29 ABŞ dolları məbləğində vəsait hesabına alınan malları (xidməti) ölkəyə idxal etməmiş, valyuta vəsaitini geri qaytarmamışdır. Xəta 26 sentyabr 2022-ci il tarixdə hüquqi şəxsin qeyd olunan ünvanında törədilmişdir. Nəticədə "xxxx" MMC tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. İddiaçı hazırda onun barəsində tərtib edilən həmin protokolu mübahisələndirərək onun və həmin protokola əsasən İddiaçı MMC-yə tətbiq edilən 12858.29 ABŞ dolları məbləğində inzibati cərimənin ləğv edilməsini xahiş edir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin məqsədi inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmədə baxılmasını və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən etməkdir (İPM-nin 1.1-ci maddəsi). Qanunun normasına əsasən inzibati məhkəmə icraatı qaydasında yalnız inzibati hüquq münasibətlərindən yaranan mübahisələrə baxıla bilər. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən həmin Qanunun müddəaları Azərbaycan Respublikasının qanunvericiliyi ilə inzibati orqan kimi müəyyən (təsnif) edilmiş orqanların fəaliyyətinə şamil olunur. Həmin Qanunun 3.2.2-ci maddəsinə əsasən həmin Qanun inzibati orqanların inzibati xətalara dair işlər üzrə fəaliyyətinə şamil olunmur. Məhkəmə qeyd edir ki, əməl o zaman inzibati xəta sayılır ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra –İXM) Xüsusi hissəsində inzibati xəta kimi müəyyən edilsin və onun törədilməsinə görə məsuliyyət nəzərdə tutulsun. İnzibati tənbeh, bir qayda olaraq, inzibati xəta törədən şəxsə qarşı tətbiq edilir, bu da inzibati xəta törədən şəxsin maddi və mənəvi təsirə məruz qalması ilə ifadə olunur. Bəzi inzibati tənbehlər özündə eyni zamanda həm mənəvi, həm də maddi təsirləri birləşdirir və yaxud onun tətbiqi inzibati xəta törədən şəxsin hüquqlarının müəyyən müddətə məhdudlaşdırılması ilə nəticələnir. Bu tənbehlər səlahiyyətli dövlət orqanları və onların vəzifəli şəxsləri tərəfindən tətbiq olunur. İnzibati mübahisələr isə digər hüquqi təbiətə malikdirlər. İnzibati hüquqi mübahisələr dedikdə, inzibati orqanla (müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs) fiziki və hüquqi şəxslər arasında inzibati aktın qəbul olunması, ləğv olunması, dəyişdirilməsi, eləcə də inzibati orqanın hərəkət və ya hərəkətsizliyi barədə yaranan mübahisələr başa düşülür. İnzibati mübahisələr bir qayda olaraq, inzibati aktların qəbul edilməsi, qəbul edilməsindən imtina olunması, icra edilməsi, icra edilməməsi və ya ləğv edilməsi, həmçinin inzibati aktın qanunsuzluğunun tanınması, inzibati orqanın faktiki xarakterli hərəkətləri və s. ilə bağlı olur. İşin yuxarıda sadalanan hallarından aydın olur ki, iddiaçının ləğv olunmasını xahiş etdiyi protokol cavabdehin inzibati xəta üzrə fəaliyyətinin birbaşa nəticəsi olmaqla inzibati xəta haqqında iş üzrə icraat zamanı tərtib olunmuşdur. Buna görə də yuxarıda istinad olunan normaların tələblərinə əsasən həmin protokolun ləğvindən ibarət hazırkı tələbə inzibati mühakimə icraatı qaydasında baxıla bilməz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. «İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 4 nömrəli Qərarının 15.3-cü bəndi ilə müəyyən olunmuşdur ki, mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalıdır. Məhkəmə onu da qeyd edir ki, İXM-in 130.1-ci maddəsinə əsasən həmin Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57.1 – 57.5-ci maddələrində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. İXM-in 129.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan şikayət aşağıdakı qaydada verilir: 129.1.3. səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə; 129.1.5. səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) verilən şikayət - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə). Məhkəmə iddiaçıya izah edir ki, iddiaçı hazırda inzibati xəta haqqında protokolun ləğv edilməsini xahiş etsə də, həmin protokol özlüyündə mübahisələndirilə bilməz. İddiaçı həmin protokola əsasən onun barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul ediləcəyi halda, həmin qərarı yuxarı səlahiyyətli orqana və ya yaşayış yeri üzrə rayon (şəhər) məhkəməsinə müraciət etməklə mübahisələndirə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 35, 80 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia mümkün sayılmasın. Qərardaddan onun rəsmi qaydada təqdim edildiyi gündən 10 gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim: Səlma Salahova
Məhkəmə qərarları › İş №2-1(112)-5796/2023
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-5796/2023
27.02.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver