Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-5799/2023 06.04.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi, İddiaçı nümayəndəsi (vəkili) Vəkil, Cavabdeh Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinə qarşı "inzibati aktın qəbul edilməsi" haqqında iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. İddiaçı məhkəməyə müraciət edərək, “QUARTET” və “Vintex” adlarının əmtəə nişanı qismində "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin adına qeydə alınmasından imtina edilməsi barədə inzibati aktın qəbul edilməsi vəzifəsinin Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin üzərinə qoyulması haqqında qərar qəbul edilməsini xahiş etmişdir.
2. Tələb onunla əsaslandırılmışdır ki, İddiaçı (Cəmiyyət) 2013-cü ildən etibarən kosmetoloji və lazer epilyasiya avadanlıqlarının satışını həyata keçirən kommersiya hüquqi şəxsdir. Cəmiyyət qabaqcıl dünya ölkələrinin şirkətləri ilə əməkdaşlıq edərək ən son innovasiyalı texnologiyaların ölkəmizdə satışı, servisi və sözügedən avadanlıqların istifadəsinə dair təlimlərin keçirilməsi üzrə ixtisaslaşmışdır. Cəmiyyət tərəfindən kosmetoloji və lazer epilyasiya avadanlıqlarının satışı zamanı uzun müddət “CUATRO” VƏ “Wertex” nişanlarından istifadə edilmiş, cavabdeh Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyi (Agentlik) tərəfindən verilmiş N20221271 və N20221537 nömrəli (ilkinlik tarixi xx.xx.2022-ci il) qeydiyyat şəhadətnaməsi ilə bəhs oluna əmtəə nişanları Cəmiyyətin adına rəsmiləşdirilmişdir. Fəaliyyət göstərdiyi müddətdə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti” (AzEstetik) qanunsuz olaraq Cəmiyyətə məxsus “CUATRO” və “Wertex nişanlarından istifadə etməyə başlamış, bu əmtəə nişanları altında çoxsaylı satışlar həyata keçirərək xeyli miqdarda gəlir etmiş və Cəmiyyətin müştəri dairəsinin kiçilməsinə səbəb olmuşdur. Daha sonra xx.xx.2022-ci və xx.xx.2022-ci il tarixli məktublarla “AzEstetic”ə müraciət edilmiş, qeyd olunan əmtəə nişanlarının Cəmiyyətə aid olması və buna görə də onlardan qanunsuz istifadənin dayandırılması tələb edilmişdir. Lakin “AzEstetic” bu tələblərə məhəl qoymamışdır. Belə olduqda, iddiaçı tərəfindın Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə şikayət məktubları ünvanlanmışdır. “AzEstetic” daha sonra “CUATRO” və “Wertex” nişanlarına oxşar, fərqlənmə qabiliyyəti olmayan “QUARTET” və “Vintex” adlı nişanlarının dövlət qeydiyyatına alınması üçün Agentliyə müraciət etmişdir. Əmtəə nişanları arasında kəskin oxşarlığın olması haqqında Agentliyə məlumat verilsə də, Agentlik 13 dekabr 2022-ci il tarixli PHŞ/2-2-2022-799 nömrəli cavab məktubu ilə “QUARTET” və “Vintex” nişanlarının “CUATRO” VƏ “Wertex nişanları ilə qarışdırılacaq dərəcədə oxşar olmadığı nəticəsinə gəlmişdir. Bununla bağlı iddiaçı qeyd edir ki,
1. “Vintex” və “Wertex” altı hərfdən ibarətdir. Hər iki nişanının dominant elementi olan “ТЕХ” hərf birləşməsi “Vintex” və “Wertex sözlərinin bir-biri ilə qarışıq salma dərəcəsinə qədər oxşar olmasını göstərir. Hər iki nişanın fonetik oxunuş nöqteyi nəzərdən təhlili də onların arasında yaxın oxşarlığın olmasına dəlalət edir. Digər tərəfdən, “Wertex” adı heç bir mənanı əks etdirmir. İstehlakçılar arasında çaşqınlığın yaranması üçün qəsdən bu ada oxşar “Vintex” adı seçilmişdir. Belə ki, “Cuatro” və “QUARTET” eyni mənanı ifadə edir (“Cuatro” ispan və başqa dillərdə dörd sayını, “QUARTET” isə həmçinin ingilis dilində kvartet, yəni dörd musiqi aləti və ya dörd səs üçün yazılmış musiqi əsəri mənasını bildirir).
2. Nişanlar arasında vizual və fonetik səslənmə bənzərliyi və kosmetoloji avadanlıq və cizahların üzərindəki dizayn, rənglər, yazı tipi, forması əmtəə nişanları arasında qarışdırılma ehtimalı olduğunu göstərən faktorlardır. Ərizəyə əlavə edilmiş materiallardan da göründüyü kimi “QUARTET” və “Vintex” nişanlarının dizaynı “CUATRO” və “Wertex” əmtəə nişanlarının dizaynı və hərflərin şrifti ilə, demək olar ki, eyniyyət təşkil edir.
3. Bundan əlavə, əmtəə nişanlarının eyni növdən olan mallar üçün istifadə olunması da vizual və səslənmədəki oxşarlıqla birlikdə qarışdırılma yaradan amillərdəndir. Alıcılar bənzər nişanların olduğu məhsullar arasında seçim edərkən, onları yanılaraq Cəmiyyətin məhsulu olaraq qəbul edib “AzEstetic”in avadanlıqlarını seçə bilərlər. Əlbəttə, uAzCosmetics”in əmtəə nişanının ölkə daxilindəki tanınmışlığı da qarışdırılma ehtimalının yüksək olmasına təsir göstərir.
4. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 oktyabr 1999-cu iltarixli 166 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmtəə nişanlarının qeydə alınması barədə iddia sənədinin verilməsi və ekspertizası Qaydaları”nın 3-cü bəndində göstərildiyi kimi, əmtəə nişanının təyinatına uyğun olaraq onun əsas məqsədi bir sahibkarın əmtəələrini və ya göstərdiyi xidmətləri digər sahibkarın əmtəələrindən və ya göstərdiyi xidmətlərdən fərqləndirməkdən ibarətdir. Belə ki, əmtəə nişanı fərqlənmə qabiliyyətinə malik olmaqla yanaşı, əmtəənin mənşəyini istehlakçıya bildirməli, müxtəlif istehsalçılar tərəfindən istehsal olunan əmtəələri bir-birindən fərqləndirməlidir. “CUATRO” və “QUARTET”, “Vintex” və “Wertex” qarışdırılma ehtimalı olan və haqsız yarar yaradacaq oxşar nişanlardır. Bu hal İddiaçıin kommersiya hüquqlarına və maraqlarına ciddi xələl gətirir.
3. Məhkəmənin xx.xx.2023-ci il tarixli mümkünlük iclasında tərəflər iştirak edir. İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin baxılmadan geri qaytarılmasını xahiş etmişdir. Cavabdeh orqanın nümayəndəsi işin baxılmadan geri götürülməsinə etiraz etmir.
II. İddianın geri götürülmüş sayılması
4. Məhkəmə qeyd edir ki, inzibati icraat qaydasında iddiaçının müraciəti əsasında iddia ərizəsinin geri qaytarılmasına dair birbaşa norma olmasa da, İPM-in 55.3-cü maddəsi iddianın geri götürülmüş sayılması barədə qərardad qəbul edilməsi halını müəyyən edir.
5. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 13-cü maddəsinə əsasən konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. Əvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda, həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir.
6. Qanunun analogiya üzrə tətbiqi zamanı hüquq münasibətləri arasında əhəmiyyətli oxşarlıq olmalıdır. Məhz bu cür əhəmiyyətli oxşarlıq (eynicinslik) həmin münasibətlərdən birini tənzimləyən hüquq normasının analogiya üzrə digər münasibətlərə də tətbiqini mümkün edir. Buna görə, oxşar hüquq norması eyni hüquq institutunda, hüquq yarımsahəsində və sahəsində axtarılmalıdır (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli qərarı).
7. İPM-in 55.3-cü maddəsinə əsasən, məhkəmənin tələbinə baxmayaraq, iddiaçı 30 gündən çox müddət ərzində ardıcıl olaraq iş üzrə məhkəmə icraatından yayındıqda, iddia geri götürülmüş sayılır. Belə hallarda məhkəmə iddianın geri götürülmüş sayılması barədə qərardad qəbul edir.
8. Məhkəmə hesab edir ki, İPM-in 55.3-cü maddəsi iddiaçının məhkəmə icraatından yayınmasının passiv formasını müəyyən edir, iddia ərizəsinin geri qaytarılmasına dair müraciət isə iddiaçının məhkəmə icraatından yayınmasının aktiv forması olmaqla iddiaçının iddiaya həmin ana prosessual marağının olmamasını ifadə edir. Odur ki, oxşar münasibət olduğundan həmin norma analogiya qaydasında tətbiq edilə bilər.
9. Bu səbəbdən məhkəmə hesab edir ki, oxşar münasibət İPM-lə tənzimlədiyindən Mülki Prosessual Məcəllənin iddianın baxılmamış saxlanmasına dair institutu tətbiq edilməməlidir. Belə ki, prorsessual qanunvericiliyin analogiyası ya normanın özündə göstərilmiş olduqda, ya da prosessual qanunvericilikdə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda tətbiq edilə bilər. Mülki Prosessual Məcəllənin 259-cu maddəsində nəzərdə tutulmuş iddianın baxılmamış saxlanmasına dair əsaslar inzibati icraatda bir qayda olaraq iddianın qeyri-mümkünlüyü üçün əsaslardır. İddia ərizəsinin qaytarılması MPM-in 152-ci maddəsi ilə tənzimlənir. İnzibati prosesdə isə həmin formal xətalar olduğu təqdirdə məhkəmə İPM-in 13-cü maddəsinə əsasən, hüquqi yardım göstərərək onların aradan qaldırılmasına kömək etməlidir. Belə ki, İPM-in 45.4-cü maddəsinə əsasən, iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Bu o deməkdir ki, iddia ərizəsinin qaytarılması və bu əsasla iddianın baxılmamış saxlanması inzibati icraat üzrə prosesə ziddir.
M.Məmmədovun şikayəti əsasında Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55-ci maddəsinin bəzi müddəalarının Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 aprel 2014-cü il tarixli qərarından
10. ...İddianın geri götürülmüş sayılması iddiadan imtina olunmasının passiv növüdür və hüquq nəzəriyyəsində iddiadan imtina edilməsinin fiksiyası adlandırılır. Belə növ iddiadan imtina edilməsi üçün iddiaçının aktiv hərəkət etməsi vacib deyil. (Konstitusiya Məhkəməsi Plenumunun “X2 şikayətinə dair” 8 iyul 2013-cü il tarixli Qərardadı).
11. İddianın geri götürülmüş sayılması mübahisənin mahiyyəti üzrə həlli ilə nəticələnmədiyindən məhkəməyə müraciət etmək hüququnu məhdudlaşdırır. Burada nəzərə almaq lazımdır ki, məhkəməyə müraciət etmək hüququ yalnız icraatın başlanmasını əhatə etmir, o həmçinin mübahisənin məhkəmə vasitəsilə həllini də nəzərdə tutur. Fərdlərə məhkəmədə iddia qaldırmaq hüququ verməklə həmin iş üzrə yekun qərarın qəbul olunmasının təmin edilməməsi məhkəməyə müraciət etmək hüququnu qeyri-real edərdi. (Avropa Məhkəməsinin Kutic Xorvatiyaya qarşı iş üzrə 1 mart 2002-ci il tarixli Qərarı, § 25).
12. Həmin məhdudlaşdırmanın Konstitusiyaya uyğun olub-olmamasını isə qeyd edildiyi kimi, legitim məqsədlərə nail olmağın və məhdudiyyətin mütənasibliyinin təhlilindən sonra müəyyən etmək mümkündür.
13. İPM-in 55.3-cü maddəsinin mənasına görə, iddiaçının məhkəmə icraatından yayınması faktiki olaraq onun prosessual marağının itməsi səbəbindən müvafiq qərardadın verilməsi ilə nəticələnə bilər. Burada ədalət mühakiməsinin lazımınca həyata keçirilməsi məqsədi əsas götürülür. Bu məqsəd konstitusiya əhəmiyyətli olduğundan legitim sayılmalıdır...
14. ...İPM-in 81.1-ci maddəsində müəyyən edilmiş əsas qaydaya müvafiq olaraq qanunla ayrı qayda nəzərdə tutulmayıbsa, qərardadlardan şikayət verilməsi mümkündür. Qanunverici icraata xitam verilməsi barədə qərardaddan fərqli olaraq, İPM-in 55.3-cü maddəsi əsasında qəbul edilən qərardadın mübahisələndirilməsinin qeyri-mümkünlüyünü müəyyən etməmişdir. Digər tərəfdən, İPM-in 83.3-cü maddəsində mübahisələndirilməyən qərardadların siyahısında İPM-in 55.3-cü maddəsi göstərilməmişdir...
15. ...Konstitusiya Məhkəməsinin Plenumu qeyd edilənlərə və Konstitusiyanın 60-cı maddəsinin İ hissəsindən irəli gələn tələblərə uyğun olaraq hesab edir ki, İPM-in 55.3-cü maddəsi həmin Məcəllənin 55.5-ci maddəsi ilə birlikdə deyil, İPM-in 81.1-ci və 83.3-cü maddələri ilə sistemli şəkildə tətbiq olunmaqla maraqlı şəxsin apellyasiya şikayətinin verilməsi hüququ təmin edilməlidir.
16. Konstitusiya məhkəməsinin plenumunun qeyd edilən qərarına əsasən ifadə edilən hüquqi mövqeyə əsaslanaraq məhkəmə hesab edir ki, İPM-in 55.3-cü maddəsi iddianın geri götürülmüş sayılması barədə qərardad qəbul edilməsini müəyyən etdiyindən iddiaçının iddia ərizəsinin geri qaytarılmasına (bu əsasla baxılmamış saxlanmasına) dair müraciəti olduqda İPM-in 55.5-ci maddəsinə istinad etmədən məhkəmə tərəfindən məhz qeyd edilən məhkəmə aktı qəbul edilməlidir.
17. Məhkəmə hesab edir ki, iddiaçının iddiaya münasibətdə artıq prosessual marağı olmadığından prosessual qənaət prinsipindən çıxış edərək iddianın mümkünlüyünü yoxlamaq zərurəti mövcud deyildir.
18. İddianın geri götürülmüş sayılması barədə qərardadın qəbul edilməsi ilə məhkəməyə müraciət etmək hüququ məhdudlaşdırılmış olur. Həmin hüquq mütləq hüquq olmadığından (yəni məhdudlaşdırıla bilər) qərardadın (məhdudlaşdırmanın) legitim məqsəd daşıması və ağlabatan mütənasiblik əlaqəsinin mövcudluğu aydınlaşdırılmalıdır. Həmin mütənasiblik əlaqəsi qəbul edilən məhkəmə aktından şikayət verilməsi və yenidən iddia qaldırmaq imkanının mümkünlüyündə ifadə olunur. Hazırki iş üzrə icraata xitam verilmədiyindən (iddiaçı məhkəmədən yayınmadığı üçün iddiadan imtina etmiş sayılmır) iddiaçının yenidən iddia qaldırma imkanı istisna edilmir.
19. Göstərilənlərə əsasən və İPM-in 55.3, 81.1, 83.1 və 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə
QƏRARAALDİ:
İddia geri götürülmüş sayılsın. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.
Hakim Günel Sevdimalıyeva