Məhkəmə qərarları › İş №2-1(112)-5799/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-5799/2024

27.05.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-5799/2024 27.05.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Xətai Rayon İcra Hakimiyyətinə qarşı “kirayə müqaviləsinin bağlanması öhdəliyinin cavabdehə həvalə edilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Cəlalov Bəhlul Məmmədcəfər oğlunun sədrliyi, Həsənov İlkin Mürşüd oğlunun katibliyi ilə, İddiaçı, iddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı, İddiaçı cavabdeh Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinə qarşı “mənzil kirayə müqaviləsinin bağlanmasına dair sərəncam verilməsi” tələbinə dair iddiası üzrə inzibati işə xx.xx.2024-cü il tarixdə, məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: Bakı şəhəri X19 İcraiyyə Komitəsinin xx.xx.1984-cü il qərarına əsasən X4 ailə üzvləri ilə (X18, X13, X14, X10, İddiaçı İsrail oğlu, X15) birlikdə yaşaması üçün hazırkı adı Gen.Mehmandarov küçəsi, ev 98 ünvanda giriş 2, mərtəbə 8, sahəsi 68,03 kv metr 5 otaqlı, 42 saylı mənzilin istifadəsinə verilməsinə dair 198663 №-li Order verilmişdir. AZ-İ 545373 №-li Ölüm haqqında şəhadətnaməyə əsasən X8 17 mart 1994-cü ildə ölmüşdür. AZ-İ 381977 №-li Ölüm haqqında şəhadətnaməyə əsasən X18 oğlu 17 sentyabr 2009-cu ildə ölmüşdür. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin xx.xx.2024-cü il tarixli məktubunda bildirilmişdir ki, ünvan 1 ünvanında xx.xx.1974-cü il təvəllüdlü X6 xx.xx.2005-ci il tarixdən hazıradək, xx.xx.1997-ci il təvəllüdlü X11 xx.xx.2012-ci il tarixdən hazıradək, xx.xx.1963-cü il təvəllüdlü İddiaçı xx.xx.1985-ci il tarixdən hazıradək, xx.xx.1992-ci il təvəllüdlü X9 xx.xx.2009-cu il tarixdən hazıradək yaşayış yeri üzrə qeydiyyatdadırlar. Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyəti Xətai rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin 96 saylı MKİS-in xx.xx.2024-cü il tarixli arayışına əsasən İddiaçı İsrail oğlu, həyat yoldaşı X7, qızı X5, oğlu X2. Mehmandarov küçəsi, 98 saylı, evin 42 mənzilində qeydiyyatdadır və faktiki olaraq göstərilən ünvanda yaşayışlar. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 24 yanvar 2024-cü il tarixli Registrdən çıxarışa əsasən Bakı şəhəri, Xətai rayonu, General Mehmandarov küçəsi 98 saylı yaşayış binası Bakı şəhər İcra Hakimiyyəti, Mənzil Kommunal Təsərrüfatı Departamenti, Xətai Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin (qeydiyyat № 258) balansındadır. X11, X5 və X1 notarial qaydada təsdiq edilmiş ərizələrindən görünür ki, mübahisəli mənzilin iddiaçının adına özəlləşdirilməsinə etiraz etmirlər. İddiaçı mənzil kirayə müqaviləsinin bağlanması üçün xx.xx.2023-cü il tarixdə Bakı şəhəri Cavabdehnə müraciət etmiş, lakin müraciətinə cavab verilməmişdir. İddia tələbi və iddiaçının əsaslandırması və digər prosessual hərəkətlər: İddiaçı cavabdeh Bakı şəhəri Xətai rayon İcra Hakimiyyətinə qarşı iddia tələbi ilə məhkəməyə müraciət edərək ünvan 2 ünvanında yerləşən mənzilə dair onunla mənzil kirayə müqaviləsinin bağlanmasına dari Sərəncam verilməsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad edərək iddia tələbini onunla əsaslandırmışdır ki, o, Bakı şəhəri Xətai rayonu Mehmandarov küç.ev 98,mənzil 42 ünvanında 1984-cü il tarixdən etibarən yaşayır. Qeyd etdiyi ünvanda yerləşən mənzil dövlət mənzil fonduna aiddir. Həmin mənzilə hazırda vəfat etmiş atası X3 ailə üzvü qismində köçmüşdür. Mənzil vəfat etmiş atasına Bakı şəhər Şaumyan XDS-nin İK-nin xx.xx.1984-cü il tarixli qərarı ilə 02 Fevral 1984-cü il tarixdə 198663 nömrəli orderi əsasında vəfat etmiş atasına ailəsi ilə birlikdə dami istifadə hüququ əsasında verilmişdir. Həmin zaman mənzildən istifadəyə dair mənzil kirayə müqaviləsi dövlət mülkiyyətçi kimi atası ilə bağlamışdır, onun vəfatından sonra analoji müqavilə ölən atasının arvadı, yəni anası X12 adına keçirilmişdir. Hazırda anası vəfat etmişdir. Bunun nəticəsi kimi ailə üzvlərindən birinin adına yeni mənzil kirayə müqaviləsi bağlanması zərurəti yaranmışdır ki, həmin şəxs mənzildən istifadəyə görə, mənzilin saxlanılmasına görə eləcədə mənzilin istismarından irəli gələn digər öhdəliklər üzrə mənzilin mülkiyyətçisi olan dövlət qarşısında hesabat vermək üçün səlahiyyətli şəxs olsun. Hazırda ailə üzvləri özü və həyat yoldaşı X6, oğlu Turan İsmayılova və qızı Türkanə İsmayılovadan ibarətdir. Ailə üzvləri ilə birlikdə həmin mənzildə yaşayır. Ailə üzvləri mənzil kirayə müqaviləsinin adına bağlanmasına və mənzilin onun adına özəlləşdirilməsinə etiraz etmirlər. Cavabdehin etirazları: Cavabdeh iddiaya dair etirazla məhkəməyə müraciət edərək iddia tələbinin rədd olunmasını xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, İddiaçı 07.11,2023-cü il tarixli, 5-11/1-1-97- 091/23 saylı ərizə ilə rayon İcra Hakimiyyətinə müraciət edərək, yaşadığı Xətai rayonu, G.Mehmandarov küçəsində yerləşən 98 nömrəli evin, 42 saylı mənzilinə dair daimi kirayə müqaviləsinin onunla bağlanmasına müvafiq köməklik göstərilməsini xahiş etmiş və xx.xx.2023-cü il tarixli, 5-11/2-1-97-091/23 saylı məktubla iddiaçının ərizəsinin mahiyyəti üzrə araşdırılması məqsədilə 198663 nömrəli, xx.xx.1984-cü il tarixli orderin verilməsinə əsas olmuş rayon XDS İK-in 46/7b saylı, xx.xx.1984-cü il tarixli qərarının Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı şəhər Filialı tərəfindən təsdiq edilmiş surətinin rayon İHə təqdim edilməsi xahiş olunmuş, lakin İddiaçı qeyd olunan sənədi rayon İcra Hakimiyyətinə təqdim etməmişdir. İddiaçı xx.xx.2023-cü il tarixli eyni məzmunlu ərizə ilə rayon İcra Hakimiyyətinə müraciət etmiş və xx.xx.2023-cü il tarixli məktubla ona təkrar cavab verilməsinə baxmayaraq iddiaçı bu günədək qeyd olunan sənədi rayon İcra Hakimiyyətinə təqdim etmədiyindən məsələsinə mahiyyəti üzrə baxılması imkanları xaricində olmuşdur. Tərəflərin iştirakı və izahatları: İddiaçı, onun nümayəndəsi və vəkili iddia tələbini müdafiə edərək, iddia ərizəsinin dəlillərinə uyğun izahat vermiş və göstərilənlərin nəzərə alınaraq, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdilər. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və təmin etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia öhdəliyin icrası haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımi qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu müraciəti təmin etmədiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır. Məhkəmənin mövqeyi və tətbiq edilən hüquq: İşin faktiki hallarına əsasən Bakı şəhəri X19 İcraiyyə Komitəsinin xx.xx.1984-cü il qərarına əsasən X4 ailə üzvləri ilə (X18, X13, X14, X10, İddiaçı İsrail oğlu, X15) birlikdə yaşaması üçün hazırkı adı Gen.Mehmandarov küçəsi, ev 98 ünvanda giriş 2, mərtəbə 8, sahəsi 68,03 kv metr 5 otaqlı, 42 saylı mənzilin istifadəsinə verilməsinə dair 198663 №-li Order verilmişdir. X8 və X18 ölmüşdür. İddiaçı ailə üzvləri ilə birlikdə həmin ünvanda qeydiyyatda olmaqla yaşayır. İddiaçı hazırda həmin mənzilə dair daimi kirayə müqaviləsinin bağlanmasını xahiş edir. Cavabdeh isə mənzilə dair XDS İK-in 46/7b saylı, xx.xx.1984-cü il tarixli qərarının Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı şəhər Filialı tərəfindən təsdiq edilmiş surətinin rayon İH-ə təqdim olunmaması əsası ilə iddiaçının müraciətini təmin etməkdən imtina etmişdir. Məhkəmə qeyd edir ki, iddiaçının mübahisəli mənzilə köçməklə yaşadığı, yəni mübahisəli hüquq münasibətlərinin yarandığı vaxt qüvvədə olan Azərbaycan SSR Mənzil Məcəlləsinin (Azərbaycan SSR-nin 8 iyul 1982-ci il tarixli Qanunu ilə təsdiq edilmiş və 1 oktyabr 2009-cu il tarixədək qüvvədə olan): - 5-ci maddəsinə əsasən dövlət mənzil fondu yerli xalq deputatları Sovetlərinin (yerli Sovetlərin mənzil fondu) və nazirliklərin, dövlət komitələrinin və baş idarələrin (idarə mənzil fondu) ixtiyarındadır. - 10-cu maddəsinə görə Azərbaycan SSR vətəndaşları müəyyən edilmiş qaydada dövlət və ya ictimai mənzil fondu evlərində yaxud mənzil-tikinti kooperativləri evlərində yaşayış sahəsi almaq hüququna malikdirlər. Vətəndaşlara dövlət və ictimai mənzil fondu evlərində, habelə mənzil-tikinti kooperativləri evlərində yaşayış sahələri müddətsiz istifadə üçün verilir. - 44-cü maddəsinə əsasən yerli xalq deputatları Sovetlərinin mənzil fondu evlərində yaşayış sahəsi vətəndaşlara icraiyyə komitəsi yanında mənzil məsələləri üzrə Sovetlərin deputatlarından, ictimai təşkilatların, əmək kollektivlərinin nümayəndələrindən yaradılan ictimai komissiyanın iştirakı ilə rayon, şəhər, şəhərdə rayon, qəsəbə, kənd X19nin icraiyyə komitəsi tərəfindən verilir. - 48-ci maddəsinə əsasən dövlət və ya ictimai mənzil fondu evində yaşayış sahəsi verilməsi haqqında qərar əsasında rayon, şəhər, şəhərdə rayon, qəsəbə, kənd X19nin icraiyyə komitəsi vətəndaşa order verir və bu order yaşayış sahəsinə köçmək üçün yeganə əsasdır. - 51-ci maddəsinə görə dövlət və ictimai mənzil fondu evlərində yaşayış sahəsini icarə müqaviləsi yaşayış sahəsi orderi əsasında kirayədarla—mənzil-istismar təşkilatı (belə təşkilat olmadıqda isə müvafiq müəssisə, idarə, təşkilat) ilə icarədar — adına order verilmiş vətəndaş arasında yazılı şəkildə bağlanır. Hazırkı işin hallarına əsasən müəyyən edilir ki, iddiaçı mərhum atası X3 ailə üzvü olaraq sözügedən mənzildə pasport qeydiyyatındadır və orada yaşayır. Cavabdeh iddiaçının XDS İK-in 46/7b saylı, xx.xx.1984-cü il tarixli qərarının Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı şəhər Filialı tərəfindən təsdiq edilmiş surətinin təqdim olunmaması əsası ilə iddiaçı ilə daimi kirayə müqaviləsinin bağlanmasından imtina etmişdir. Məhkəmə bununla bağlı qeyd edir ki, məhkəmə tərəfindən Dövlət Arxivinə sorğu verilmiş və Dövlət Arxivinin Bakı Filialının xx.xx.2024-cü il tarixli cavab məktubunda bildirilmişdir ki, Şaumyan rayon XDS İk-nın arxiv fondu üzrə xx.xx.1984-cü il tarixli, 46 saylı prtokol və ona aid sənədlər Dövlət Arxivinin Bakı Filialına təhvil verilməmişdir. Məhkəmə qeyd edir ki, həmin sənədlərin arxivə təhvil verilməməsi iddiaçının təqsiri deyildir. İddiaçının həmin mənzildə posport qeydiyyatında olması və uzun müddət ailəsi ilə birlikdə yaşaması, iddiaçı tərəfindən təqdim edilən orderin mötəbərliliyinə şübhə doğurmur. Mənzilin kirayə müqaviləsinin iddiaçının adına bağlanmasına dair bütün şərtlər hazırkı iş üzrə mövcuddur. Lakin cavabdeh iddiaçının tələbini təmin etməkdən imina etmiş, bununla onun hüquq və vəzifələrini pozmuşdur. Qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin: - 59.1-ci maddəsinə əsasən Yaşayış sahəsinin sosial kirayə müqaviləsinə əsasən bir tərəf – dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahəsinin mülkiyyətçisi (onun adından fəaliyyət göstərən səlahiyyətli dövlət orqanı və ya səlahiyyətli bələdiyyə orqanı) və ya onun səlahiyyətli şəxsi (kirayə verən) yaşayış sahəsini digər tərəfin - vətəndaşın (kirayəçinin) yaşaması üçün bu Məcəllə ilə müəyyən edilmiş şərtlərlə sahibliyinə və istifadəsinə verməyi öhdəsinə götürür. - 62.1-ci maddəsinə görə yaşayış sahəsinin sosial kirayə müqaviləsi dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahəsinin verilməsi haqqında qərara əsasən yazılı formada bağlanır. Beləliklə, məhkəmə istinad olunan normaları işin hallarına tətbiq edərək hesab edir ki, iddiaçının mübahisəli mənzilə dair onunla kirayə müqaviləsinin bağlanması barədə qərar qəbul edilməsini cavabdehdən tələb etmək hüququ mövcudur. İPM-nin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə, qərara aldı: İddia təmin edilsin. ünvan 2 nömrəli mənzilinə dair İddiaçı ilə kirayə müqaviləsinin bağlanması barədə sərəncam verilməsi vəzifəsi Bakı şəhəri Xətai rayon İcra Hakimiyyətinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Bəhlul Cəlalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar