Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-5799/2025 03.07.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “yaşa görə əmək pensiyasının yenidən hesablanması” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, İddiaçı, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialın adından Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “yaşa görə əmək pensiyasının yenidən hesablanması” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına (bundan sonra mətndə Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona 29 mart 2016-cı il tarixdə təyin edilmiş yaşa görə əmək pensiyasının yenidən hesablanması və ödənilməsi vəzifəsinin cavabdeh Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 14 oktyabr 1967-ci il tarixdə açılmış əmək kitabçasına əsasən 10 oktyabr 1967-ci il tarixdən əmək fəaliyyətinə başlamışdır. 1983-cü il tarixdən Bakı Ovuntu Metallurgiya Təcrübə zavodunda işləmişdir. xx.xx.1983-cü il tarixli, 43 saylı əmrlə zavoda usta vəzfəsinə qəbul edilmişdir, xx.xx.1983-cü il tarixli 81 saylı əmrlə odadavamlı birləşmələr sexinə rəis vəzifəsinə keçirilmişdir. xx.xx.1983-cü il tarixli, 78 saylı əmrlə odadavamlı birləşmələr sexinə usta vəzifəsinə, xx.xx.1986-cı il tarixli, 01 saylı əmrlə böyük usta vəzifəsinə, xx.xx.1986-cı il tarixli, 46 saylı əmrlə odadavamlı birləşmələr sexinə rəis vəzifəsinə, xx.xx.1987-ci il tarixli, 54 saylı əmrlə İstehsalat şöbəsinə böyük mühəndis vəzifəsinə keçirilmişdir. xx.xx.2002-ci il tarixinədək həmin vəzifədə işləmişdir. 29 mart 2016-cı il tarixdə ona yaşa görə əmək pensiyası təyin edilmişdir. Pensiya təyin edilərkən onun iş stajı düzgün hesablanmamışdır. Belə ki, 29 mart 2016-cı il tarixdə ona yaşa görə əmək pensiyası təyin edilərkən əmək kitabçasında işdən çıxarılmağı barədə qeydlərin olmamasına görə 1987-ci ildən sonrakı dövr nəzərə alınmamışdır. Bakı Apcllyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-6362/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən əmək kitabçasında xx.xx.2002-ci il tarixdən əmək müqaviləsinə xitam verilməsinə dair qeydlər aparılmışdır. Ona görə də xx.xx.1987-ci il tarixdən xx.xx.2002-ci il tarixinədək olan dövr də nəzərə alınmaqla pensiyası yenidən hesablanmaılıdır. Onun 32 il iş stajı vardır. O yaşa görə əmək pensiyasının yenidən hesablanması məqsədilə cavabdeh inzibati orqana müraciət etmişdir. Hesab edir ki, cavabdeh inzibati orqanın onun ərizəsi təmin etməməsi əsassızdır və onun hüquqları pozulmuşdur. Ona görə də o yaşa görə əmək pensiyasının yenidən hesablanması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul müraciət etmək məcburiyyətində qalmışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və İPM-nin 47-ci maddəsinə uyğun olaraq, məhkəmənin xx.xx.2025-ci il tarixli sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdeh inzibati orqana təqdim edilmiş, cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuş, həmçinin, tərəflər işin halları, mübahisənin vəziyyəti ilə bağlı məsələlərin müzakirəsi üçün məhkəməyə dəvət olunmuşlar. Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının adından Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialının xx.xx.2025-ci il tarixli, № 3-17-1/2-119405/2025 saylı iddia tələbinə dair yazılı mülahizəsi (etirazı) məhkəməyə təqdim edilmişdir. Cavabdeh inzibati orqanın iddia tələbinə dair yazılı mülahizələri (etirazları): Cavabdehin iddia ərizəsinə dair etirazı onunla əsaslandırılmışdır ki, İddiaçı 05.11 2024-cü il tarixdə yaşa görə əmək pensiyasının yenidən hesablanması məqsədilə cavabdeh inzibatı orqana müraciət etmişdir. Mərkəzi Filial tərəfindən İddiaçı müraciəti üzrə 29.11 2024-cü il tarixli 3- 17-1/2-A-294170/2024 nömrəli imtina məktubu ünvanlanmışdır. İddiaçı ünvanlanan imtina məktublarında qeyd olunmuşdur ki. iddiaçının işlədiyini iddia etdiyi “Bakı Ovuntu Metallurgiya’’ ASC-nin kadrlar şöbəsində adıçəkilən şəxsin şəxsi hesab vərəqəsi və əmək haqqı cədvəli mövcud olmadığından xx.xx.1992-ci il tarixindən xx.xx.2002-ci il tarixinədək olan əmək, fəaliyyəti dövrünün sığorta stajına daxil edilməsi mümkün olmamışdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonraQanun) 7-ci maddəsinin xx.xx.2013-cü il tarixində qüvvədə olmuş tələblərinə uyğun olaraq ona həmin tarixdən yaşa görə əmək pensiyası təyin edilmiş, hazırda 363,86 manat məbləğində olmaqla ödənişi davam etdirilir. Qanunun 1.0.2-ci maddəsinə əsasən sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 4.1.1-ci yarımbəndinə əsasən əmək pensiyasının təyin edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı 2006-cı il yanvarın 1dək olan dövr üzrə “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa və bu sahədə münasibətləri tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xüsusiyyətlərindən və müddətindən asılı olmayaraq, müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin iş müddəti əmək fəaliyyəti barədə sənədlərə (əmək kitabçası, o olmadıqda işəgötürənin arayışı və ya dövlət arxivinin arayışı), həmin sənədlərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda Fond tərəfindən işəgötürəndə, dövlət arxivində və Fondda saxlanılan məlumatların üzləşdirilməsi nəticəsində tərtib olunan akta əsasən. Qaydaların 4.1.2-ci yarımbəndinə əsasən 2006- cı il yanvarın 1-dən sonrakı dövr üzrə isə dövlət sosial sığorta sistemində fərdi uçot məlumatlarına əsasən müəyyən edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5 və 20.14-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin 15 may 2020-ci il tarixli Plenum qərarında qeyd edilir ki dövlətin pensiya təminatı sistemi sosial həmrəylik və sosial sığorta prinsipləri əsasında fəaliyyət göstərir Əmək pensiyaları haqqında qanunvericiliyin əsas məqsədi pensiya təminatı sistemində bu prinsiplərin qorunmasında, qazanılan pensiya hüquqları ilə toplanılan sığorta vəsaitləri arasında tarazlaşdırma mexanizminin formalaşdırılmasında ifadə olunur. Bu sahədə aparılan islahat tədbirləri sığortaolunana münasibətdə ədalətliliyin gözlənilməsinə yönəlmişdir. Eyni zamanda həmin qərarda sosial sığorta haqlarının ödənildiyi vəsaitlərin pensiya hesablanması zamanı nəzərə alındığı, məcburi dövlət sosial sığortasına cəlb edilməyən əmək haqqının pensiya təyin edilərkən nəzərə alınmasının qanunvericiliyin tələblərinə uyğun olmadığı vurğulanır. Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir- növündən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 28 aprel 2022-i il tarixli 175 nömrəli Qərarının 4.1-ci bəndində göstərilmişdir ki, xx.xx.2006-cı il tarixədək olan dövr üzrə “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa və bu sahədə münasibətləri tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xüsusiyyətlərindən və müddətindən asılı olmayaraq, müəssisə, idarə və təşkilatlarda əmək müqaviləs' (kontraktı) əsasında işləyənlərin iş müddəti əmək fəaliyyəti barədə sənədlərə (əmək kitabçası, o olmadıqda işəgötürənin arayışı və ya dövlət arxivinin arayışı), həmin sənədlərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda Fond tərəfindən işəgötürəndə, dövlət arxivində və Fondda saxlanılan məlumatların üzləşdirilməsi nəticəsində tərtib olunan akta əsasən həmin dövr sığorta stajı kimi nəzərə alınır. iş materiallarında olan AZE ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətinə əsasən İddiaçı xx.xx.1950-ci ıl təvəllüdlüdür. Bildiririk kı, İddiaçı "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 7ci maddəsinin xx.xx.2017-ci ıl tarixinədək qüvvədə olan redaksiyasına əsasən xx.xx.2013cü il tarixindən Fondun keçmiş Xəzər rayon şöbəsi tərəfindən yaşa görə əmək pensiyası təyin edilmişdir. İddiaçının təqdim etdiyi xx.xx.1967-ci ıl tarixli əmək kitabçasının surətində qeyd olunan məlumatlara əsasən xx.xx.1967-ci il tarixindən xx.xx.1968-ci ıl tarixinədək, xx.xx.1968-ci il tarixindən xx.xx.1972-ci il tarixinədək, xx.xx.1972-ci il tarixindən xx.xx.1973-cü il tarixinədək, xx.xx.1974-cü il tarixindən 01,02.1975-ci il tarixinədək. xx.xx.1975-ci il tarixindən 28.01 1982-ci il tarixinədək, xx.xx.1982-ci il tarixindən xx.xx.1982-ci il tarixinədək, xx.xx.1983-cü il tarixindən xx.xx.1992-ci il tarixinədək əmək fəaliyyəti dövrləri nəzərə alınmaqla mübahisələndirilməyən sığorta stajı ümumilikdə 21 il 6 ay 24 gün təşkil edir. "xxxx" ASC-nin xx.xx.2025-ci il tarixli 02 nömrəli məktubuna əsasən kadrlar şöbəsində adıçəkilən şəxsin şəxsi hesab vərəqəsi və əmək haqqı cədvəli mövcud olmadığından xx.xx.1992-ci il tarixindən xx.xx.2002-ci il tarixinədək olan əmək fəaliyyəti dövrünün sığorta stajına daxil edilməsi mümkün olmamışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-1(102)-1838/2023 nömrəli ış üzrə qərarında məhkəmə kollegiyası qeyd edir ki. məhkəmə tərəfindən iddiaçının mübahisəli illərinə dair xüsusatlar hərtərəfli araşdırılmalı, əldə edilən mötəbər sübutlar qiymətləndirməli, iddiaçının işdən azad edilmədiyi halda ona əmək haqqının hansı səbəblərdən hesablanmadığını aydınlaşdırmalı və əmək haqqı almadığı aylar üzrə dövrün pensiya hüququ verən əmək stajına daxil edilməsi barədə məhkəmənin gəldiyi nəticə tam əsaslandırılmalıdır. Eyni zamanda bildiririk kı. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli 2-1(102)-361/2024 nömrəli qərarının 37-ci bəndində qeyd olunmuşdur ki, X1 Filialı tərəfindən təqdim edilmiş Ağdam rayonu 5 nömrəli tam orta məktəbə aid olan 1994-2004 dövrlərinin bəzi aylarının əməkhaqqı cədvəllərində iddiaçının adı aşkar edilməmişdir və apellyasiya məhkəməsi təfəfindən işin həmin halını ümumiyyətlə araşdırmamış, bu sənədlərə hüquqi qiymət verilmədən, məhkəməyə təqdim olunmuş əmək kitabçasında olan məlumatlar mötəbər hesab edilmişdir. Göründüyü kimi Ali Məhkəmə həmin qərarda iş stajının iddiaçının əmək kitabçasında qeyd olunması ilə kifayətlənməyərək əməkhaqqı cədvəllərinin araşdırma zamanı nəzərə alınmalı olduğu qənaətinə gəlmişdir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2- 1(102)-269/2024 nömrəli xx.xx.2024-cü il tarixli qərarında qeyd olunmuşdur ki, “...apellyasiya instansiyası məhkəməsi qərarında iddiaçının işlədiyi müəssisənin hansı tarixdən qeydiyyatdan keçməsi, eyni zamanda hansı tarixdən özəlləşdirilərək fəaliyyət göstərməsi ilə bağlı araşdırma aparmışdır. Lakin cavabdeh inzibati orqan tərəfindən iddiaçıya ünvanlanan məktubda da qeyd edildiyi kimi i. Əliyevin müvafiq müəssisədə işlədiyi dövrlərlə bağlı arxiv sənədləri aşkar edilməmişdir. Göründüyü kimi cavabdeh inzibati orqan tərəfindən müəssisənin mövcudluğu deyit, iddiaçının həmin müəssisədə işləməsi faktı mübahisələndirilmişdir. Buna baxmayaraq, məhkəmə kollegiyası tərəfindən bununla bağlı araşdırma aparılmadan, yalnız müəssisənin mövcudluğu ilə bağlı məsələyə istinad edərək həmin dövrləri sosial sığorta stajına daxil etmişdir”.Hazırkı halda, bilavasitə iddiaçı tərəfindən təqdim olunmuş və ya məhkəmələrin öz təşəbbüsü ilə əldə etdikləri məlumatlar iddiaçının cavabdeh tərəfindən mübahisələndirilən müddətlərdə işləməsi faktını özü-özlüyündə, qeyd şərtsiz təsdiq etmir. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi iddiaçının mübahisəli əmək stajı ilə bağlı. cavabdehin dəlillərinin hansı mötəbər sübutlarla təkzib olunduğunu qərarında göstərməli və gəldiyi nəticəni həmin sübutlarla əsaslandırmalı idi. Belə ki, məhkəmə təqdim olunmuş sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmalı, cavabdehin də əsaslandığı şübhələri aradan qaldıran, iş stajına dair qeydlərin mötəbərliyini təsdiq edən sübutlara əsaslanmalıdır.İddiaçının işlədiyi qeyd olunan müəssisənin mübahisələndirilən dövrdə fəaliyyətinə dair işdə olan məlumatlarda həmin müəssisinin 2003-ci ildə təşkilati hüquqi formasının dəyişməsi, müəssisinin tam özəlləşdirilməsi qeyd olunsa da, həmin məlumatlar müəssisənin qeyd olunan ildə və ondan sonra faktiki fəaliyyətim, iddiaçının həmin müəssisədək əmək prosesində faktiki iştirakını özü-özlüyündə təsdiq etmir. ”Formalaşmış təcrübəyə əsasən 2006-cı il 1 yanvar tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajının əmək kitabçasına əsasən müəyyən edilməli olması şərti, iddiaçının da öz tələbinin əsası kimi onun adına tərtib olunmuş əmək kitabçasındakı məlumatlara əsaslanması nəzərə alındıqda, əmək kitabçasındakı məlumatların mötəbərliyi özüözlüyündə şübhə doğurmamalı, əmək pensiyası təyin edilməsi üçün zəruri şərt kimi çıxış edən fakta və ya faktlara dair həqiqi vəziyyəti dəqiq əks etdirməlidir (Azərbaycan Respulikasının Ali Məhkəməsinin xx.xx.2024-cü il 2-1(102)-269/2024 nömrəli qərarı). Qeyd olunanlara əsasən iddia tələbinin təmin olunmaması xahiş olunmuşdur. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunmasını xahiş etdi. Cavabdehin nümayəndəsi məhkəmə iclasında verdiyi izahatında iddianı qəbul etməyərək və yazılı etiraza uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunmamasını xahiş etdi. ƏSASLANDİRMA HİSSƏSİ İddianın növü və mümkünlüyü. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 1.2-ci maddəsinə əsasən, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 2.0.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs inzibati orqan hesab olunur. İPM-nin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə-iddia qaldırmaq səlahiyyətinə (İPM-in 35-ci maddəsi) əməl olunmalıdır. İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan hərəkətlər nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər. İddia mümkündür. FAKTİKİ HALLAR VƏ SÜBUTLAR İş materiallarında olan: Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Xəzər rayon (şəhər) şöbəsinin əmək pensiyası təyin edən komissiyasının xx.xx.2016-cı il tarixli, 2124 №-li Qərarından müəyyən olunur ki, İddiaçı xx.xx.2013-cü il tarixdən “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası təyin olunmuşdur. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2(103)- 6362/2022 saylı Qətnaməsində qeyd olunmuşdur ki; ..
2. İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlə iddiaçının arasında bağlanmış əmək müqaviləsinin xx.xx.2002-ci il tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin «a» bəndinə əsasən xitam verilmiş hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. …
4. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(008)-2587/2022 saylı, 16 iyun 2022-ci il tarixli qətnaməsi ilə (hakim T.Əsədova) iddia rədd olunmuşdur. …
6. İddiaçı birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. …
21. İşin apellyasiya baxışı zamanı sorğuya əsasən təqdim edilmiş İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin xx.xx.2022-ci il tarixli cavab məktubundan görünür ki, “Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin ikinci Dövlət Proqramı”na uyğun olaraq, keçmiş İqtisadi İnkişaf Nazirliyinin Dövlət əmlakının özəlləşdirilməsi departamentinin xx.xx.2002-ci il tarixli, 76 nömrəli sərəncamı ilə Metallurgiya Dövlət Şirkətinin tabeçiliyində olmuş Bakı Ovuntu Metallurgiya zavodunun bazasında “Bakı Ovuntu Metallurgiya" ASC yaradılmış və səhmləri xx.xx.2004-cü il tarixində tam özəlləşdirilərək mülkiyyətçisi dəyişmişdir. Kadr və digər kargüzarlıq sənədlərinin müəssisənin arxivində saxlanıldığını və yuxarıda qeyd olunanları nəzərə alaraq, aidiyyəti üzrə müstəqil təsərrüfat subyekti olan “Bakı Ovuntu Metallurgiya" ASC-yə müraciət etmək məqsədəuyğun hesab edilmişdir.
22. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, iddiaçının adına açılmış əmək kitabçası ona cavabdeh "xxxx" ASC-nin özü tərəfindən təqdim olunmuşdur. Ona görə də əmək kitabçasında möhürün olmaması işçinin deyil, işəgötürənin təqsiridir və bu baxımdan iddiaçının göstərdiyi tarixlərdə Bakı Ovuntu Metallurgiya zavodunda işləməsi mübahisəsizdir. Əmlak Məsələləri Dövlət Xidmətinin xx.xx.2022-ci il tarixli məktubunda da zavodun kadr və digər kargüzarlıq sənədlərinin müəssisənin arxivində saxlanıldığı qeyd olunmuşdur. Deməli, bu sənədlərin lazımi qaydada saxlanmasına nəzarəti həyata keçirmək də cavabdehin vəzifəsidir.
23. 29 noyabr 1996-cı il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq olunmuş “Dövlət müəssisəsinin səhmdar cəmiyyətinə çevrilməsinin qaydaları haqqında Əsasnamə”nin 7.5-ci bəndinə əsasən Dövlət müəssisəsinin özəlləşdirmə prosesində səhmdar cəmiyyətinə çevrilməsi nəticəsində təsis edilmiş səhmdar cəmiyyəti çevrilən müəssisənin hüquqi varisi sayılır.
24. Kollegiya yuxarıda istinad olunan Əsasnamənin mənasından çıxış edərək, həmçinin Əmlak Məsələləri Dövlət Xidmətinin məktubunu nəzərə alaraq hesab edir ki, Metallurgiya Dövlət Şirkətinin tabeçiliyində olmuş Bakı Ovuntu Metallurgiya zavodunun bazasında "xxxx" ASC yaradıldığından və sonuncu iddiaçının çalışmış olduğu Bakı Ovuntu Metallurgiya zavodunun hüquqi varisi sayıldığından iddiaçının əmək kitabçasında əmək müqaviləsinə xitam verilməsi barədə müvafiq qeydin aparılması da cavabdehin vəzifəsidir.
25. Qeyd edilənlərə əsasən Kollegiya belə qənaətə gəlir ki, “Bakı Ovuntu Metallurgiya" ASC yaradılması barədə “Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin ikinci Dövlət Proqramı”na uyğun olaraq keçmiş İqtisadi İnkişaf Nazirliyinin Dövlət əmlakının özəlləşdirilməsi departamentinin xx.xx.2002-ci il tarixli, 76 nömrəli sərəncamı əsas götürülərək iddiaçının əmək kitabçasında əmək müqaviləsinə xitam verilməsinə dair müvafiq qeydin aparılması cavabdehə “Bakı Ovuntu Metallurgiya" ASC-yə həvalə edilməlidir.
Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2(103)- 6362/2022 saylı qətnaməsi ilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 16 iyun 2022-ci il tarixli qətnaməsi ləğv edilməsi və “Bakı Ovuntu Metallurgiya" ASC-nin yaradılması barədə “Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin ikinci Dövlət Proqramı”na uyğun olaraq keçmiş İqtisadi İnkişaf Nazirliyinin Dövlət əmlakının özəlləşdirilməsi departamentinin xx.xx.2002-ci il tarixli, 76 nömrəli sərəncamı əsas götürülərək İddiaçı əmək kitabçasında əmək müqaviləsinə xitam verilməsinə dair müvafiq qeydin aparılması cavabdeh “Bakı Ovuntu Metallurgiya" ASC-yə həvalə edilməsi qərara alınmışdır.
İddiaçıya məxsus əmək kitabçasında olan məlumatlardan görünür ki, xx.xx.2022-ci il tarixli qeyddə göstərilmişdir ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2(103)-6362/2022 saylı qətnaməsinə əsasən İddiaçı əmək müqaviləsinə xitam verilmişdir.
İddiaçının hazırkı tələblə bağlı cavabdeh orqana etdiyi müraciətə cavab olaraq Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının xx.xx.2024-cü il tarixli, 3-17-1/2-A- 294170/2024 №-li imtina məktubunda qeyd olunmuşdur ki, “... Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra- Qanun) 7-ci maddəsinin xx.xx.2013-cü il tarixində qüvvədə olmuş tələblərinə uyğun olaraq sizə həmin tarixdən yaşa görə əmək pensiyası təyin edilmiş, hazırda 363,86 manat məbləğində olmaqla ödənişi davam etdirilir. Qanunun 1.0.2-ci maddəsinə əsasən sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxıl edilən digər dövrlərin məcmusudur. “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 4.1.1-ci yarımbəndinə əsasən əmək pensiyasının təyin edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı 2006-cı il yanvarın 1-dək olan dövr üzrə "Sosial sığorta haqqında" Azərbaycan Respublikasının Qanununa və bu sahədə münasibətləri tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xüsusiyyətlərindən və müddətindən asılı olmayaraq, müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin iş müddəti əmək fəaliyyəti barədə sənədlərə (əmək kitabçası, o olmadıqda işəgötürənin arayışı və ya dövlət arxivinin arayışı), həmin sənədlərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda Fond tərəfindən işəgötürəndə, dövlət arxivində və Fondda saxlanılan məlumatların üzləşdirilməsi nəticəsində tərtib olunan akta əsasən, Qaydaların 4.1.2-ci yarımbəndinə əsasən 2006-cı il yanvarın 1-dən sonrakı dövr üzrə isə dövlət sosial sığorta sistemində fərdi uçot məlumatlarına əsasən müəyyən edilir. Müraciətinizlə əlaqədar olaraq bildiririk ki, "xxxx" ASC-də əmək fəaliyyətinizə dair xx.xx.1992-ci il tarixindən xx.xx.2002-ci il tarixinədək əməkhaqqı cədvəlləri və əmr kitablarından çıxarış təqdim etdikdən sonra yaşa görə əmək pensiyanızın yenidən hesablanmasına qanunvericiliyə uyğun olaraq baxılacaqdır.”
Məhkəmənin müvafiq sorğusuna əsasən:
Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Arxiv və Sosial Ödəniş İşlərinin Çeşidlənməsi üzrə Mərkəzi Filialının xx.xx.2025-ci il tarixli, 3-17-1/2-9898/2025 №-li cavab məktubu ilə təqdim edilmiş Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının “Ümumi əsaslarla görə əmək pensiyasının yenidən hesablanması haqqında” xx.xx.2024-cü il tarixli, 3-17-1/1-A- 277863/2024 №-li qərarından müəyyən olunur ki, İddiaçı xx.xx.2013-cü il tarixdən təyin olunmuş əmək pensiyasının “xx.xx.1992-xx.xx.2002-ci il tarixədək olan dövrün əmək haqqı arayışı təqdim edilməməsi” əsası ilə əmək pensiyasının yenidən hesablanmasından imtina edilmişdir.
TƏTBİQ EDİLƏN HÜQUQ.
“Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunun: (01 yanvar 2006-cı il tarixədək qüvvədə olmuş (iddiaçının mübahisələndirilən illər üzrə əmək fəaliyyəti dövründə): ... Maddə 67. İş stajına daxil edilən əmək fəaliyyətinin növləri Mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. a) işçinin dövlət tərəfindən mütləq sosial sığorta edilməli olan hər hansı işinin müddəti; ... ğ) ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti;
Maddə 69. İş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir.
26 sentyabr 2006-cı tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli, 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamədə aşağıda qeyd olunanlar müəyyən olunmuşdur: 1-ci bənd. Əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. 3-cü bənd. İş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır.
Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Kollegiyasının xx.xx.2017-ci il tarixli 17 saylı qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları: 3.1-ci bəndinə görə sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq 2 hissəyə bölünür: -Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; - Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. 3.2.1-ci bəndinə əsasən 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçası üzrə PAS-a (X1) daxil edilmiş məlumatlara əsasən müəyyən edilir. 3.6-cı bəndinə əsasən, qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı sığortaolunanın fərdi uçot məlumatları əsasında müəyyən olunur.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi” Qaydaları: 4.1.1. 2006-cı il yanvarın 1-dək olan dövr üzrə:
1. “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa və bu sahədə münasibətləri tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xüsusiyyətlərindən və müddətindən asılı olmayaraq, müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin iş müddəti əmək fəaliyyəti barədə sənədlərə (əmək kitabçası, o olmadıqda işəgötürənin arayışı və ya dövlət arxivinin arayışı), həmin sənədlərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda Fond tərəfindən işəgötürəndə, dövlət arxivində və Fondda saxlanılan məlumatların üzləşdirilməsi nəticəsində tərtib olunan akta əsasən;
2. seçkili və ya təyinatlı vəzifə tutan şəxslərin fəaliyyət müddəti barədə əmək kitabçasında qeydlər olmadıqda, həmin şəxslərin vəzifəyə seçildiyi və ya təyin edildiyi orqanın arayışına əsasən;
3. hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin fəaliyyət müddəti məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi haqqında mədaxil qəbzlərinə və ya bu Qaydaya 8 nömrəli Əlavəyə əsasən;
4. əyani təhsil dövrünü təsdiq edən müvafiq sənədə (təhsil müəssisəsinin arayışı, arxiv arayışı və s.) əsasən;
5. kolxozlarda əmək fəaliyyəti dövrünü təsdiq edən müvafiq sənədə (kolxozçunun əmək kitabçası (müəyyən edilmiş əmək iştirakı minimumunun yerinə yetirilməsi barədə qeydin olması şərtilə) əsasən;
6. işləməyən ananın körpə uşaqlarına qulluq etdiyi və ya uşağa qulluğa görə qismən ödənişli sosial məzuniyyət dövrləri uşaqların doğum haqqında şəhadətnamələrinə əsasən; 4.1.2. 2006-cı il yanvarın 1-dən sonrakı dövr üzrə – dövlət sosial sığorta sistemində fərdi uçot (bundan sonra – fərdi uçot) məlumatlarına əsasən; 4.1.3. işçinin işəgötürən tərəfindən hesablanmış əməkhaqqına məcburi dövlət sosial sığorta haqqı ödənilən iş müddəti – fərdi uçot məlumatlarına əsasən; 4.1.4. yaradıcılıq ittifaqlarının və peşəkar birliklərin üzvlərinin yaradıcılıq fəaliyyətinə başladıqdan sonrakı dövr – 1991-ci il yanvarın 1-nə olan dövr üzrə əmək kitabçasına, əmək kitabçasının mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda işəgötürəndə və ya dövlət arxivində saxlanılan məlumatların müvafiq olaraq işəgötürən və ya dövlət arxivi tərəfindən təsdiq edilmiş surətləri də əlavə edilməklə Fondun və işəgötürənin və ya dövlət arxivinin nümayəndələrinin iştirakı ilə tərtib olunan akta əsasən, 1991-ci il yanvarın 1-dən sonrakı dövr üzrə isə məcburi dövlət sosial sığorta haqlarının ödənilməsini təsdiq edən sənədlərə əsasən.
“İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunu: … 11.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar; … 15.1-ci maddəsinə görə qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır; 15.2-ci maddəsinə əsasən qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz; … Maddə 24. İşin hallarının obyektiv araşdırılması 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir … 32.3-cü maddəsinə görə inzibati orqan ərizəçidən Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulduğundan əlavə hər hansı digər sənəd və ya məlumat tələb edə bilməz; … 58.1-ci maddəsinə görə inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir;
MƏHKƏMƏNİN MÖVQEYİ.
Hazırki iş üzrə iddiaçının hüquqi marağı və məqsədi ona təyin edilmiş yaşa görə əmək pensiyasının xx.xx.1992-ci il tarixindən xx.xx.2002-ci il tarixinədək "xxxx" ASC-də əmək fəaliyyəti nəzərə alınmaqla yenidən hesablanmasına nail olmaqdır. Cavabdeh inzibati orqanın imtinasının əsasını isə "xxxx" ASC-nin xx.xx.2025-ci il tarixli 02 nömrəli məktubuna əsasən kadrlar şöbəsində adıçəkilən şəxsin şəxsi hesab vərəqəsi və əmək haqqı cədvəli mövcud olmadığından xx.xx.1992-ci il tarixindən xx.xx.2002-ci il tarixinədək olan əmək fəaliyyəti dövrünün sığorta stajına daxil edilməsi mümkün olmamışdır. Bununla bağlı isə ilkin olaraq məhkəmə qeyd edir ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2(103)-6362/2022 saylı Qətnaməsində qeyd olunmuşdur ki, iddiaçının adına açılmış əmək kitabçası ona cavabdeh "xxxx" ASC-nin özü tərəfindən təqdim olunmuşdur. Ona görə də əmək kitabçasında möhürün olmaması işçinin deyil, işəgötürənin təqsiridir və bu baxımdan iddiaçının göstərdiyi tarixlərdə Bakı Ovuntu Metallurgiya zavodunda işləməsi mübahisəsizdir. Başqa sözlə desək, apellyasiya instansiya məhkəməsi iddiaçının xx.xx.1992-ci il tarixdən xx.xx.2002-ci il tarixədək "xxxx" ASC-də işlədiyini qəbul edilməklə, “Bakı Ovuntu Metallurgiya" ASC yaradılması barədə “Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin ikinci Dövlət Proqramı”na uyğun olaraq keçmiş İqtisadi İnkişaf Nazirliyinin Dövlət əmlakının özəlləşdirilməsi departamentinin xx.xx.2002-ci il tarixli, 76 nömrəli sərəncamı əsas götürülərək iddiaçının əmək kitabçasında əmək müqaviləsinə xitam verilməsinə dair müvafiq qeydin aparılması cavabdehə "xxxx" ASC-yə həvalə edilməsilə bağlı müvafiq qərar qəbul etmişdir. Bununla bağlı qeyd edilməlidir ki, İPM-nin 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Məcəllənin bu normasının mənasına görə, eyni tərəflər arasında olan mülki iş üzrə qanuni qüvvəyə minmiş qətnamə ilə müəyyən edilmiş faktlar həmin tərəflər arasında başqa bir mülki işdə təkrar sübut edilə bilməz. Eyni zamanda Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 23 fevral 2016-cı il tarixli qərarında göstərilmişdir ki; “Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmununu qətnamədə şərh etməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir (S.Əliyevanın şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2006-cı il tarixli Qərarı). ... Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Məcəllənin bu normasının mənasına görə eyni tərəflər arasında olan mülki iş üzrə qanuni qüvvəyə minmiş qətnamə ilə müəyyən edilmiş faktlar həmin tərəflər arasında başqa bir mülki işdə təkrar sübut edilə bilməz. Bu, məhkəmə aktının qanuni qüvvəsi ilə əlaqədardır və əvvəlki prosesdə müəyyən edilmiş halın sonrakı məhkəmə üçün preyudisial əhəmiyyətə malik olmasını göstərir. Preyudisiallıq məhkəmə aktının qanuni qüvvəsinin təkzibedilməzliyi, müstəsnalığı və məcburiliyi kimi keyfiyyət göstəricilərinin nəticəsidir. Preyudisiya institutu məhkəmə aktlarına yenidən baxılmasının qarşısının alınmasına, məhkəmə təcrübəsində eyniliyin, sabitliyin və hüquqi müəyyənliyin təmin edilməsinə yönəlmişdir. Preyudisiallığı tənzim edən normalar sübut etmə prosesini sadələşdirməyə, işlərə baxılma müddətinin qısaldılmasına, məhkəmələrin, eləcə də məhkəmə prosesi iştirakçılarının vəsaitinə qənaət edilməsinə yönəlmişdir. Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyinə əsasən preyudisiya institutunun əsas funksiyası eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni və məhkəmə qərarları arasındakı stabilliyi təmin etməkdir. Preyudisiya institutunun mülki prosesdə eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni təmin etmək funksiyasının mahiyyəti eyni faktiki halların təkrarən, lüzumsuz olaraq araşdırılması və onlar barəsində yenidən nəticəyə gəlinməsinin qarşısını almaqdan ibarətdir (Konstitusiya Məhkəməsi Plenumunun Q.Məmmədova və digərlərinin şikayəti üzrə 15 iyul 2015-ci il tarixli Qərarı). ... Beləliklə, məhkəmə qərarının preyudisiallığı qanuni qüvvəyə minmiş məhkəmə qərarının əsaslandırıcı hissəsində müəyyənləşdirilmiş faktların və hüquq münasibətlərinin işdə iştirak edən şəxslər tərəfindən yenidən mübahisələndirilməsinin, məhkəmə üçün isə onların başqa prosesdə araşdırılmasının və təkzib edilməsinin mümkünsüzlüyü deməkdir. Faktın preyudisiallığı qanuni qüvvəyə minmiş məhkəmə qərarının hüquqi təbiətinə əsaslanır və onun subyektiv və obyektiv hədləri ilə müəyyənləşdirilir, tərəflər və işdə iştirak edən digər şəxslər bu hədlərdən kənara çıxa bilməzlər. ... Preyudisiallığın subyektiv həddi əvvəl baxılmış işdə və yeni baxılan işdəki şəxslərin dairəsinin, yəni subyekt tərkibinin eyniliyini şərtləndirir.” Cavabdehin mübahisələndirdiyi dövr ilə bağlı Məhkəmə həm də əlavə olaraq qeyd edir ki, alınan əmək haqqından məcburi dövlət sosial sığorta ayırmaları həyata keçirilmədikdə bunun pensiya hesablanması zamanı nəzərə alınıb-alınmamalı olduğuna dair məsələ “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinin səkkizinci hissəsi ilə tənzimlənmişdir. Həmin maddəyə görə, əmək (sosial sığorta) pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş hallar istisna olmaqla 1 yanvar 2002-ci il tarixdən əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddəti daxildir. 1 yanvar 2002-ci ilədək əmək fəaliyyəti göstərən şəxslərə pensiya təyin olunması üçün əmək stajı bu maddənin birinci-yeddinci hissələrinə müvafiq olaraq hesablanır. Göründüyü kimi 01 yanvar 2002-ci ilədək və ondan sonrakı dövrləri qanunverici fərqli qaydada tənzimləmişdir. 01 yanvar 2002-ci ilədək əmək fəaliyyəti göstərən şəxslərə pensiya təyin olunması üçün əmək stajı “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinin birinci-yeddinci hissələrinə müvafiq olaraq hesablanmalıdır. Bu normadan hərəkətlə iddiaçının 1993-2002-ci illərdəki işlədiyin dövrun pensiya hesablanmasına əsas verən ümumi iş stajına daxil edilməsi məsələsini həll edərkən həmin dövrlə bağlı məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərti ümumiyyətlə tələb olunmamalıdır. 2002- 2005-ci illərə münasibətdə isə nəzərə alınmalıdır ki, “Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının 06 mart 2018-ci il tarixli 1042-VQ nömrəli Qanununun 1-ci maddəsinə əsasən sığortaedənlərin müvafiq icra hakimiyyəti orqanının uçot sistemində mövcud olan 2006-cı ilin 01 yanvar tarixinə yaranmış və 2018-ci ilin 1 aprel tarixinədək ödənilməmiş məcburi dövlət sosial sığorta haqları üzrə borcları tam məbləğdə silinir. Beləlilklə, qanunvericiliyə edilmiş tənzimləmələrlə 2006-cı ilin 01 yanvar tarixinə yaranmış məcburi dövlət sosial sığorta haqları üzrə borclar silindiyindən iddiaçının xx.xx.1992-ci il tarixdən xx.xx.2002-ci il tarixədək "xxxx" ASC-də işlədiyi müddətin sığorta stajına daxil edilməsi üçün məcburi sosial sığorta haqqlarının ödənilib-ödənilməməsi (xx.xx.2006-cı il tarixədək) mühüm rol oynamır. Belə ki, qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, "xxxx" ASC-də xx.xx.1992-ci il tarixdən xx.xx.2002-ci il tarixədək işlədiyi dövr nəzərə alınmaqla, iddiaçıya təyin olunmuş əmək pensiyası yenidən hesablanmalıdır. İddiaçı tələbində həmçinin, pensiya hüququ yarandığı vaxtdan ödənilməmiş pensiya məbləğinin hesablanıb ona ödənilməsinin cavabdehin üzərinə öhdəlik qoyulmasını xahiş edir. Bununla bağlı məhkəmə qeyd edir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun xx.xx.2017-ci il tarixdən qüvvədə olan 32.1-1 maddəsinə əsasən, əmək pensiyası onu almaq hüququ yarandığı gündən, lakin bu Qanun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Qüvvədə olan qanunvericiliyin tələblərinə görə, inzibati orqan tərəfindən pensiya məbləği ilə bağlı mübahisə yarandığı təqdirdə, ötən illərə görə yaranmış pensiya məbləğinin həmin hissəsini birdəfəlik ödənilməsi nəzərdə tutulmamışdır. Səlahiyyətli inzibati orqan, yəni Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı öz səlahiyyətləri çərçivəsində ötən dövr üçün hesablanan pensiya üzrə fərq məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödəyir. İş üzrə araşdırma zamanı iddiaçı tərəfindən təqdim edilmiş sənədlərdən görünür ki, iddiaçı pensiyanın yenidən hesablanması məqsədilə xx.xx.2024-cü il tarixdə Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına müraciət etmişdir. Belə olan halda iddiaçıya “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1 maddəsinə əsaslanmaqla müraciət tarixindən geriyə üç il, yəni xx.xx.2021-ci il tarixdən pensiya məbləği hesablanaraq ödənilməlidir. İPM-nin 14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Həmin Məcəllənin 73.1-ci maddəsinin tələbinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. İş materiallarından görünür ki, hazırkı iş üzrə iddiaçı arzuladığı inzibati aktın qəbulunu konkret halda zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilmiş, cavabdeh inzibati orqan isə iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu ilə cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmamış, cavabdehin imtinası qanunauyğun olmamışdır İmtina cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmamışdır.
NƏTİCƏVİ HİSSƏ
Yuxarıda göstərilənlərə əsasən və İPM-nin 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qərara aldı:
İddia qismən təmin edilsin. İddiaçı təyin olunmuş yaşa görə əmək pensiyasının onun xx.xx.1992-ci ildən xx.xx.2002-ci ilədək "xxxx" ASC-də işlədiyi dövlər üzrə əmək stajı nəzərə alınmaqla, yenidən hesablanması və yaranmış fərq məbləğinin müraciət etdiyi xx.xx.2024-cü il tarixdən 3 il əvvələ yəni xx.xx.2021-ci il tarixdən ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. İddia qalan hissədə təmin olunmasın. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Nəriman Abıyev