Məhkəmə qərarları › İş №2-1(112)-580/2021

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-580/2021

21.05.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-580/2021 21.05.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əliyev Elvin Əhəd oğlunun sədrliyi ilə, iddiaçının nümayəndəsi (vəkili) X1 iştirakı ilə, iddiaçı - İddiaçı cavabdeh - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin X3 Qeydiyyatı İdarəsinə 3-cü şəxs - X2 qarşı “qeydin ləğv edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti X3 Qeydiyyatı İdarəsinə qarşı (üçüncü şəxs X2) "xxxx" ASC-nin ləğv edilməsi barədə Azərbaycan Respublikası hüquqi şəxslərinin dövlət reyestrində aparılmış qeydin ləğv edilməsi tələbi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İş Bakı İnzibati Məhkəməsinin icraatına qəbul edildikdən sonra İPM-in 49-cu maddəsinin tələblərinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmışdır. İPM-in 13-cü maddəsinə əsasən iddiaçıya hüquqi yardım məktubu təqdim edilərək qanunvericiliyin müvafiq tələbləri izah edilmişdir. İPM-in 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. İş üzrə növbəti məhkəmə iclası 21.05.2021-ci il tarixə təyin edilmişdir. Həmin tarixli məhkəmə iclasında məhkəmə iddianın mümkünlük məsələsini həll etməyi zəruri saymışdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) iddianın mümkün sayılmasını xahiş etmişdir. Məhkəmə tərəfin izahatlarını dinləyərək, iddia ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, iş materiallarından görünür ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti X3 Qeydiyyatı İdarəsi məhkəmənin sorğusuna cavab olaraq "xxxx" ASC-nin ləğv edilməsinə dair sənədlərin təsdiq edilmiş surətini məhkəməyə təqdim etmişdir. İş materiallarından müəyyən edilir ki, "xxxx" ASC-nin ləğv edilməsi məsələsi ASCnin səhmdarlarının 16 sentyabr 2016-cı il tarixdə keçirilmiş növbədənkənar ümumi yığıncağında həll edilmişdir. Həmin yığıncağın 16 nömrəli protokolu, aktiv və passivlərin vəziyyəti barədə bəyanat, qalıq əmlakın bölünməsi planını əks etdirən hesabat və digər sənədlər qurumun dövlət qeydiyyatından çıxarılması haqqında ərizə ilə cavabdeh İdarəyə göndərilmişdir. ASC-nin səhmdarlarının 16 sentyabr 2016-cı il tarixdə keçirilmiş növbədənkənar ümumi yığıncağının 16 nömrəli protokoluna görə, ASC ləğv edilməsi ilə bağlı təklif lehinə 95,4% səs çoxluğu ilə qəbul edilmişdir. Göründüyü kimi İddiaçı ASC-nin səhmdarlarından biri kimi, ASC-nin səhmdarlarının ümumi yığıncağında müzakirə edilən məsələyə münasibət bildirmək, yekun qərarın lehinə və ya əleyhinə səs vermək hüququ vardır və həmin hüququndan istifadə etmişdir. Məhkəmə hesab edir ki, hüquqi şəxsin təsis edilməsi, ləğv edilməsi və bununla bağlı hüquqi tənzimləmələr Azərbaycan Respublikasının Mülki Məcəlləsi və «X3 qeydiyyatı və dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanunu ilə müəyyən edilmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 60.3-cü maddəsinə əsasən, hüquqi şəxsin ləğv edilməsi haqqında qərar qəbul etmiş hüquqi şəxsin iştirakçıları və ya nizamnamə ilə buna vəkil edilmiş orqanı ləğv barədə qərar qəbul edildiyi tarixdən etibarən yalnız ləğvetmə prosesi çərçivəsində fəaliyyət göstərir. Ləğv edilən hüquqi şəxsin adından məhkəmədə ləğvetmə komissiyası (təsviyəçi, ləğvedici) çıxış edir. Həmin Məcəllənin 61.2-ci maddəsinə müvafiq olaraq ləğvetmə komissiyası (təsviyəçi, ləğvedici) təyin olunduğu gündən sonra 15 gün müddətində ləğvetmə barədə qərarı, bu Məcəllənin 59.2-1-ci və 61.1 -ci maddələrində göstərilən ödəmə qabiliyyətinin olmasını təsdiq edən rəsmi bəyanatı, ilk məlumatın dərc olunmasını təsdiq edən sənədi və möhürü X3 qeydiyyatını həyata keçirən müvafiq icra hakimiyyəti orqanına təqdim etməlidir. X3 qeydiyyatını həyata keçirən müvafiq icra hakimiyyəti orqanı təqdim edilmiş məlumatları aldığı gündən 5 gün ərzində «X3 qeydiyyatı və dövlət reyestri haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun olaraq X3 reyestrinə daxil edir. «X3 qeydiyyatı və dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanunun 16.1-ci maddəsinə əsasən hüquqi şəxsin ləğv prosesində olması barədə məlumatların X3 reyestrinə daxil edilməsi üçün ləğvetmə komissiyası (təsviyəçi) təyin olunduğu gündən sonra 15 gün müddətində ərizə ilə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına müraciət etməlidir. Ərizəyə aşağıdakı sənədlər əlavə olunur: ləğvetmə qərarı; ödəmə qabiliyyətinin olmasını təsdiq edən rəsmi bəyanat; Azərbaycan Respublikasında X3 qeydiyyatı haqqında məlumatın dərc edildiyi mətbu nəşrdə hüquqi şəxsin ləğv edilməsi, kreditorların tələblərinin bildirilməsi qaydası və müddəti haqqında ilk məlumatın dərc olunmasını təsdiq edən sənəd və möhür. Həmin Qanunun 16.3-cü maddəsinə uyğun olaraq ərizə təsisçilər, yaxud ləğvetmə komissiyasının səlahiyyətli üzvləri tərəfindən imzalanır və təqdim edilir. Həmin Qanunun 16.5-ci maddəsinə əsasən, ləğvetmə barədə zəruri sənədlər təqdim edildikdən sonra Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı həmin sənədlərin qanunvericiliyin tələblərinə uyğunluğunu yoxlayır və çatışmazlıq aşkar edilmədikdə, sənədləri aldığı vaxtdan 7 gün müddətində qurumun reyestrdən çıxarılması barədə qərar qəbul edir. İş üzrə müəyyən edilir ki, iddiaçı "xxxx" ASC-nin səhmdarlarınan biri olmuşdur, o, ASC-nin səhmdarı kimi səhmdarların ümumi yığıncağının qərarını mübahisələndirməmiş, cavabdeh İdarənin ASC-nin ləğv edilməsi barədə 22 sentyabr 2017-ci il tarixli, **********49 nömrəli bildirişini və ASC-nin kommersiya X3 reyestrindən çıxarılmasına dair aparılmış qeydləri mübahisələndirmişdir. Halbuki, ASC-nin kommersiya X3 reyestrindən çıxarılması barədə qərarın ASC-nin səhmdarı tərəfindən mübahisələndirilməsi qanunvericilikdə nəzərdə tutulmamışdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəllənin 106-1.3-cü maddəsinə əsasən, səhmdar cəmiyyətinin adi səhminin sahibi olan səhmdarının qanunverciliklə müəyyən edilmiş qaydada aşağıdakı hüquqları vardır: cəmiyyətin idarə edilməsində bu Məcəllə, digər qanunvericiliklə və cəmiyyətin nizamnəməsi ilə müəyyən edilmiş qaydada iştirak etmək, onun idarəetmə və icra orqanlarına seçmək və seçilmək; qanunvericiliklə müəyyən edilmiş qaydada, cəmiyyətin fəaliyyətinə dair məlumatlar almaq, ildə bir dəfə onun illik hesabatı və mühasibat balansı ilə tanış olmaq; cəmiyyətin səhmdarlarının ümumi yığıncağının çağırılmasını tələb etmək; cəmiyyətin səhmdarlarının ümumi yığıncağının gündəliyində dəyişikliklərin edilməsini və gündəliyə yeni müzakirə mövzularının əlavə olunmasını tələb etmək; cəmiyyətin səhmdarlarının ümumi yığıncağında səsvermə hüququ ilə iştirak etmək (bu Məcəllənin 49-1.2-ci və 49-1.3-cü maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla) və onun protokolunun surətini tələb etmək; cəmiyyətin fəaliyyətinin təftiş komissiyası və ya auditor tərəfindən yoxlanılmasını tələb etmək; cəmiyyətin xalis mənfəətindən dividend almaq; cəmiyyətin fəaliyyətinə xitam verildikdə, cəmiyyətin kreditorlarının tələbləri yerinə yetirildikdən, hesablanmış, lakin ödənilməmiş dividendlər, habelə imtiyazlı səhmlərin ləğvetmə dəyəri ödənildikdən sonra cəmiyyətin yerdə qalan əmlakının müəyyən hissəsini almaq; icra orqanının və direktorlar şurasının (müşahidə şurasının) üzvlərinin səhlənkarlığına və səhmdar cəmiyyətə qəsdən vurduğu zərərə görə məsuliyyətə cəlb edilməsini tələb etmək; cəmiyyətin səhmlərinin satışı prosesində iştirak etmək; bağlanmış əqd nəticəsində cəmiyyətə və ya səhmdarlara dəyən zərərin və bununla bağlı məsrəflərin ödənilməsi barədə məhkəməyə və ya digər səlahiyyətli quruma müraciət etmək; bağlanacaq əqdlərin (aidiyyəti şəxslərlə əqdlərin və xüsusi əhəmiyyətli əqdlərin) əlavələri ilə tanış olmaq; bu Məcəllədə və səhmdar cəmiyyətinin nizamnaməsində nəzərdə tutulmuş digər hüquqlara malik olmaq. Həmin Məcəllənin 107-5.1-ci maddəsinə müvafiq olaraq səhmdarların ümumi yığıncağının qərarı, bu Məcəllə və cəmiyyətin nizamnaməsi ilə başqa hal nəzərdə tutulmadıqda, bu Məcəllənin 107-3.5-ci maddəsinin müddəaları nəzərə alınmaqla, ümumi yığıncaqda iştirak edən səhmdarların sadə səs çoxluğu ilə qəbul edilir. Cəmiyyətin yenidən təşkili, ləğvi, nizamnaməsinə əlavə və dəyişikliklərin edilməsi haqqında qərarlar «Banklar haqqında» Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qayda istisna olmaqla, səhmdarların ümumi yığıncağında səsvermə hüququna malik olan səhmdarların üçdə iki səs çoxluğu ilə qəbul edilir. Həmin Məcəllənin 107-5.4-cü maddəsinə əsasən səhmdarların ümumi yığıncağının qərarından səhmdar məhkəməyə şikayət edə bilər. Həmin Məcəllənin 108.1-ci maddəsinə görə isə, səhmdar cəmiyyəti səhmdarların ümumi yığıncağının qərarı ilə könüllü surətdə yenidən təşkil və ya ləğv edilə bilər. Yuxarıda qeyd edilənlərdən görünür ki, iddiaçının iddia tələbinə inzibati məhkəmə icraatı qaydasında baxıla bilməz. Belə ki, inzibati məhkəmə icraatı qaydasında baxılan istənilən iddia hüquqi cəhətdən yoxlanılmalı, mümkünlüyü və əsaslılığı məsələləri aydınlaşdırılmalıdır. Mümkünlük məsələsi yoxlanılarkən məhkəmə tərəfindən formal prosessual şərtlər araşdırıldığı halda, iddianın əsaslı olub-olmaması iddiaçının cavabdehə qarşı hər hansı maddi-hüquqi tələbinin və sonuncunun müvafiq qanunla müəyyən olunan cavabdehliyinin olub-olmaması yoxlanılır. İddianın əsaslılığının araşdırılması üçün ilkin şərtin onun mümkünlüyü məsələsi olduğundan məhkəmə mümkünlük şərtlərinin mövcudluğunu tərəflərin bunu tələb edibetməməsindən asılı olmadan, xidməti vəzifəsinə görə yoxlayır. Onu da həmçinin qeyd etmək lazımdır ki, iddianın mümkünlüyü şərtlərinin yerinə yetirilməsi ilə bağlı sübutetmə vəzifəsi məhz iddiaçının üzərinə düşür. Beləliklə, inzibati məhkəmə icraatı qaydasında baxılan istənilən növ iddianın məhkəmə icraatı - yalnız onun inzibati prosessual qanunvericiliklə müəyyən edilən mümkünlüyü şərtlərinin yerinə yetirildiyi təqdirdə yolverilən sayılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» 10.04.2015-ci il tarixli 5 saylı qərarına əsasən, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. İşin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPM-nin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, qanunvericilikdə hazırkı iddia ərizəsinə inzibati məhkəmə icraatı qaydasında baxılması nəzərdə tutulmadığından (iddiaçının irəli sürdüyü tələb mülki hüquq münasibətlərinə aiddir) hazırkı iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın şikayəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qanunun tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlərtələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Həmin maddənin tələbinə əsasən inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorununan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqların pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. İPM-in 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. İPM-in 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Göstərilənlərə əsasən və İPM-in 2.2-ci, 23-cü və 35-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia mümkün sayılmır. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) şikayət verilə bilər. Hakim Elvin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar