Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-580/2022 02.02.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Hacıbəyova Miminat Tacib qızının sədrliyi, Əsədova Türkanə Malik qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil (Bakı şəhərində qeydiyyatdadır, ixtisası hüquqşünas, 14 saylı vəkil bürosunda vəkil işləyir), iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı üçüncü şəxs qismində Cəlilabad rayon Mərkəzi Xəstəxanası göstərilməklə “iddiaçıya 0340003AAPZ4 nömrəli, 24.05.2017ci il tarixli göndəriş əsasında təyin olunmuş 2-ci dərəcəli əlilliyin etibarsız hesab edildiyi tarixdən bərpa edilməsi tələbinə dair iddiası üzrə inzibati işə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ona 0340003AAPZ4 nömrəli, 24.05.2017-ci il tarixli göndəriş əsasında təyin olunmuş 2-ci dərəcəli əlilliyin etibarsız hesab edildiyi tarixdən bərpa edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının iddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx.xx.1975-ci ildə Azərbaycan Respublikası Cəlilabad şəhərində doğulmuşdur. O, Cəlilabad rayon Maliyyə İdarəsində mühasib vəzifəsində işləmişdir. İddiaçının səhhətində yaranmış xəstəliklərlə əlaqədar olaraq Cəlilabad rayon Mərkəzi Xəstəxanasında stasionar şəraitdə müalicə almışdır. Həmin müalicəyə dair epikrizdən görünür ki, iddiaçıya qoyulmuş diaqnoz “Diskogen beloma radukulopatisaı, L1-L2, L4-L5 fəqərarası disklərin yırtığı, L5-S1 fəqərarası diskin protruziyası davamlı kökcük ağrı sindromu ilə, sol pəncənin parezi və çanaq orqanlarının funksiyasının pozulması”dır. Daha sonra aldığı müalicələrin nəticəsində ona qoyulmuş diaqnoz əsasında Tibbi Sosial Ekspert Komissiyasının Forma-88 göndərişin tərtib olunmasını xahiş etmişdir. Tibbi Sosial Ekspert Komissiyası onu yenidən müayinə etmiş və 0340003AAPZ4 nömrəli, 24.05.2017-ci il tarixli göndəriş tərtib edərək 5 il müddətinə 2-ci qrup əlillik təyin etmişdir. Həmin göndərişdən görünür ki, iddiaçıya təyin edilmiş diaqnoz “Bel-oma fəqərələrinin ostexondrozu, diskogeb lyumboişialgiya. Güclü ağrı sindromu ilə. L4-L5 fəqərəarası disk yırtığı, L5-S1 fəqərarası diskin protruziyası davamlı kökcük ağrı sindromu ilə, sol pəncənin parezi və çanaq orqanlarının funksiyasının pozulması” olmuşdur. Eyni zamanda Cəlilabad rayon Mərkəzi Xəstəxanasından verilmiş xəstənin ambulator, stasionar tibb kartasından çıxarışdan görünür ki, iddiaçı 19.08.2019-cu il tarixdə stasionata daxil olmuş və 10.10.2019-cu il tarixdə stasionardan çıxmışdır. İddiaçıya qoyulmuş diaqnoz “Bel-oma fəqərələrinin ostexondrozu, diskogeb lyumboişialgiya. Güclü ağrı sindromu ilə, L4-L5 fəqərəarası disk yırtığı. Sol pəncənin parezi və çanaq orqanlarının funksiya pozğunluğu”dur. İddiaçının səhhətində olan xəstəliklərlə əlaqədar onun əmək qabiliyyətinin olmaması ilə bağlı müvafiq sənədlər verilmişdir. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinə əsasən verilmiş məhkəmə sərəncamına əsasən cavabdeh iddiaya dair vəsatət təqdim edərək iddia tələbinin mümkün sayılmamasını məhkəmədən xahiş etmişdir.Vəsatət onunla əsaslandırılmışdır ki, Cəlilabad rayon Mərkəzi Xəstəxanasının 24.05.2017-ci il tarixli 0340003AAPZ4 nömrəli göndərişi əsasında İddiaçı əlillik vəziyyəti 24.05.2017-ci il tarixdə qiymətləndirilmiş və “ümumi xəstəlik” səbəbilə 5 il müddətinə ikinci dərəcə əlilliyin təyini barədə qərar verilmişdir. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyindən 22.05.0219cu il tarixli, 20/19-4330 nömrəli məktub daxil olmuşdur. Məktubda qeyd olunmuşdur ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən daxil olmuş 105 nəfər şəxsin adına göndərişlər rəsmiləşdirilərkən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 140 nömrəli Qərarı ilə təsdiq edilmiş “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydaları”nın 1.3.1 bəndinin tələblərinə əməl edilməməsi ilə bağlı məktuba baxılmışdır. Siyahıda adları qeyd edilmiş 105 nəfər şəxsin adına rəsmiləşdirilmiş göndərişlər işçi qrupunun 13 may 2019-cu il tarixli aktına əsasən “Tibbi arayışların elektron registri”ndə etibarsız hesab edilmişdir. İddiaçının soyadı, adı, atasının adı göndərişləri etibarsız edilmiş adlı siyahıda 98-ci sırada qeyd edildiyindən, “Əlillik altsistemi”ndə İddiaçı aid qiymətləndirmə etibarsız edilmişdir. İddiaçı 2019-cu ilin inzibati aktını mübahisələndirir və iddiaçıya 0340003AAPZ4 nömrəli 24.05.2017-ci il tarixli göndəriş əsasında təyin olunmuş 2-ci dərəcə əlilliyin etibarsız hesab edildiyi tarixdən bərpa edilməsini tələb edir. Qeyd olunan tələb məcburetmə eyni zamanda mübahisələndirmə iddialarına aiddir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Hazırda iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə verilmiş, iddia müddətinə əməl edilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Аzərbаycаn Rеspublikаsının İPM-nin 62.3-ci mаddəsinə əsаsən iştirаkı оlmаdаn işə bахılmаsının və iş üzrə qərаr qəbul еdilməsinin mümkünlüyü bаrədə хəbərdаr еdilmiş cavabdeh məhkəmə bахışınа öz nümаyəndəsini göndərməmişdir. Odur ki, məhkəmə cavabdehin iştirakı olmadan işə baxmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iddiaçını dinləyərək, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi əsaslıdır. Belə ki, iş materiallarında olan: 02.12.2020-ci il tarixli iddiaçının vəkilinin ərizəsindən görünür ki, o, X2 0340003AAPZ4 nömrəli, 24.05.2017-ci il tarixli göndəriş əsasında təyin olunmuş 2-ci dərəcəli əlilliyin etibarsız hesab edildiyi tarixdən bərpa edilməsi barədə cavabedeh orqana müraciət etmişdir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin iddiaçının vəkilinə ünvanladığı 27.01.2021-ci il tarixli, **********8 nömrəli məktubuna əsasən bildirmişdir ki, İddiaçı əlillik vəziyyəti Cəlilabad rayon Mərkəzi Xəstəxanasının 0340003AAPZ4 nömrəli göndərişi əsasında 24.05.2017-ci il tarixdə qiymətləndirilmiş və ümumi səbəbdən beş il müddətinə ikinci dərəcə əlilliyin təyini barədə qərar verilmişdir. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi və Əmək və Əhalinin Sosial Müdafiəsi nazirlikləri tərəfindən aparılmış birgə araşdırmaların nəticəsi üzrə iddiaçıya dair rəsmiləşdirilmiş göndəriş etibarsız hesab edilmiş və busəbəbdən də, həmin göndəriş əsasında aparılmış əlillik təyinatı altsistemində etibarsız hesab edilmişdir. Hazırda səhhətində ağırlaşmalar əmələ gəlmişsə, iddiaçı dövlət tibb müəssisəsi tərəfindən müayinə olunacağı və düzgün qaydada tərtib olunmuş göndəriş rəsmiləşdiriləcəyi təqdirdə, əlillik vəziyyəti mövcud qanunvericiliyə uyğun olaraq qiymətləndiriləcəkdir. İddiaçı əlavə olaraq sübut qismində tibbi sosial ekspert komissiaysının cavabını, 994/32 nömrəli epikrizi, xəstənin ambulator, stasionar tibb kartasından çıxarışı, əmək qabiliyyətinin olmaması vərəqəsini və tibbi sosial ekspert komissiyasında sonuncu müayinəyə dair məlumatı, Azərbaycan Tibb Universitetinin tədris cərrahiyə klinikasının maqnit rezonans müayinə protokolunu məhkəməyə təqdim etmişdir. Cavabdeh tərəfindən məhkəməyə altsistemdən çıxarışlar təqdim edilmişdir. Məhkəmə iddiaçının iddiası ilə bağlı aşağıda göstərilənləri qeyd edir: Azərbaycan Respublikasının Konstitusiyanın 60-cı maddəsinin İ hissəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Konstitusiyanın 38-ci maddəsinə əsasən, hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununu əlilliyi olan şəxslər barəsində dövlət siyasətinin əsaslarını və onların hüquqlarının müdafiəsi sahəsində dövlətin vəzifələrini müəyyən edir, əlilliyə səbəb olan risklərin, əlillik əlamətinə görə ayrı-seçkiliyin bütün formalarının aradan qaldırılmasını, əlilliyi olan şəxslərin reabilitasiyasını, cəmiyyətin həyatında tam həcmdə iştirakını və sosial inteqrasiyasına şərait yaradılmasını, onlara aid olan strategiya və proqramlara dair qərarların qəbulu prosesinə fəal cəlb olunmasını, əlilliyi olan şəxslərin hüquq və azadlıqlarının tam və bərabər səviyyədə həyata keçirilməsini, onların şərəf və ləyaqətinin müdafiəsi sahəsində yaranan münasibətləri tənzimləyir. Həmin Qanunun 3-cü maddəsinə əsasən (3.1.)şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir.(3.2) Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir.(3.3.) Şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. (3.3-1). Əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir.(3.4.) Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir.(3.5.) Müvafiq icra hakimiyyəti orqanı əlilliyi olan şəxslərin vahid informasiya bazasını yaratmaq məqsədi ilə müvafiq icra hakimiyyəti orqanının apardığı elektron informasiya ehtiyatlarından istifadə etməklə əlilliyi olan şəxslərin reyestrini elektron formada aparır.(3.6.) Əlilliyi olan şəxslərin reyestrinin aparılması qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-сi il 5 fevral tarixli 36 nömrəli qərarı ilə təsdiq edilmiş “Tibbi-sosial ekspert komissiyaları haqqında” Əsasnamənin: 4.1.cü bəndinə əsasən, şəxslərin TSEK-də əlilliyin qiymətləndirilməsi dövlət səhiyyə müəssisələrinin göndərişləri əsasında aparılır; 4.9-cu bəndinə göndərişin rəsmiləşdirilməsi barədə məlumat Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestrinə real vaxt rejimində daxil edildikdən dərhal sonra Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron X1 Sosial Ekspertiza və X3 (bundan sonra - TSERAS) ötürülür; 4.16. –ci bəndinə əsasən,TSEK 2 (iki) iş günü müddətində əlilliyin qiymətləndirilməsini həyata keçirir və onun nəticələrini 1 (bir) iş günü müddətində kollegial müzakirə etdikdən sonra dərhal qərar qəbul edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-сi il 5 fevral tarixli 36 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 1.1-ci maddəsinə əsasən bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimləyir. Həmin Qaydanın 1.2-ci bəndinə əsasən Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin tibbi-sosial ekspert komissiyaları tərəfindən həyata keçirilir. Həmin Qaydanın 2.1-ci bəndinə əsasən şəxsin əlilliyinin qiymətləndirilməsi tibbisosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkimməsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. Həmin Qaydanın 2.2-ci bəndinə əsasən, göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. Həmin Qaydanın 2.3-cü bəndinə görə, göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. Həmin Qaydanın 3.1. Əlillik səbəbi Agentlik tərəfindən aşağıdakı hallarda dəyişdirilir: 3.1.1. əlillik müəyyən edildikdən sonra bu Qaydanın 1.5-ci bəndində nəzərdə tutulmuş digər səbəb müəyyən olunduqda; 3.1.2. göndərişdə əlillik səbəbinin yanlış qeyd olunması, əlilliyin həqiqi səbəbinin müəyyən edilməsinin mümkün olmaması və ya əlillik səbəbini təsdiq edən sənədlərin mövcud olmaması nəticəsində əlillik bu Qaydanın 1.5-ci bəndində nəzərdə tutulmuş digər səbəb əsas götürülməklə müəyyən edilmiş olduqda. 3.2. Əlillik səbəbinin dəyişdirilməsinə əsas verən sənədlər şəxsin özü (onun qanuni nümayəndəsi) və ya aidiyyəti orqanlar (qurumlar) tərəfindən Agentliyə təqdim olunur. Agentlik daxil olmuş sənədlərə 2 (iki) iş günü müddətində baxaraq, altsistemdə rəsmiləşdirməklə qərar qəbul edir. 3.3. Əlillik səbəbinin dəyişdirilməsi bu Qaydanın 3.1.2-ci yarımbəndinə əsasən həyata keçirildikdə, əlilliyin səbəbi əlilliyin müəyyən edildiyi tarixdən tez olmamaqla, əlilliyin həqiqi səbəbini təsdiq edən sənədin verildiyi tarixdən müəyyən edilmiş hesab olunur. 3.4. Əlilliyin qiymətləndirilməsi barədə qərardan şikayət “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və (və ya) məhkəməyə verilir. 3.5. Əlilliyin qiymətləndirilməsini barədə qərarlardan bu Qaydanın 3.4-cü bəndinə uyğun olaraq verilmiş şikayətlərə Nazirlik və Agentlik tərəfindən bu Qaydanın tələblərinə riayət edilməklə “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq baxılır. 3.6. Agentliyin əlilliyin qiymətləndirilməsi barədə bu Qaydanın 2.7-ci, 2.8-ci, 3.2-ci və 3.5-ci bəndlərinə uyğun olaraq qəbul etdiyi qərarlarından şikayətlərə Nazirlik tərəfindən bu Qaydanın 3.8-ci bəndinə uyğun olaraq baxılır. 3.7-ci bəndinə uyğun olaraq, əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Agentlik əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEKin qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir.” İşin faktiki hallarına əsasən, iddiaçının sağlamlıq vəziyyəti Cəlilabad rayon Mərkəzi xəstəxanasının 0340003AAPZ4 nömrəli göndərişi əsasında 24.05.2017-ci il tarixdə cavabdeh tərəfindən qiymətləndirilmiş və ümumi səbəbdən 5 il müddətinə ikinci dərəcə əlilliyin təyini barədə qərar verilmişdir. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi və Əmək və Əhalinin Sosial Müdafiəsi nazirlikləri tərəfindən aparılmış birgə araşdırmaların nəticəsi üzrə iddiaçıya dair rəsmiləşdirilmiş göndəriş etibarsız hesab edilmiş və bu səbəbdən də, həmin göndəriş əsasında aparılmış əlillik təyinatı altsistemində etibarsız hesab edilmişdir. Halbuki iddiaçıya 2017-ci ildən ikinci dərəcə əlilliyi 5 il müddət ərzində təyin olunduğundan, 13.05.2019-cu il tarixində bu müddət bitmədiyindən, qanunvericiliyinin tələblərinə əsasən onun əlilliyinin etibarsız hesab edilməsi qanuna uyğun olmamışdır. Cavabdeh inzibati orqanın fəaliyyəti xüsusi sahəvi normativ hüquqi aktlarla tənzimlənməklə “İnzibati icraat haqqında” Qanun ilə nəzərdə tutulmuş qayda və prinsiplərə uyğun olaraq həyata keçirilir. Həmin Qanunun 11.1-ci maddəsinə müvafiq olaraq, inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Həmin Qanunun 13-cü maddəsində göstərilmişdir ki, (13.1) inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur.(13.2) İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır.(13.3.) Müəyyən inzibati aktın sonradan qəbul edilməsi və ya qəbul edilməməsi ilə bağlı səlahiyyətli inzibati orqanların vədlərinə, bəyanatlarına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Həmin Qanunun 14-cü maddəsinə əsasən, (14.1.) inzibati orqan diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş hüdudlar daxilində (qanunla ona verilmiş səlahiyyətlər daxilində) həyata keçirməyə borcludur.(14.2. )Diskresion səlahiyyətlər əsasında qəbul edilən qərarlar həmin səlahiyyətlərin məqsədinə uyğun olmalıdır.(14.3.) Diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı fiziki və ya hüquqi şəxslərin hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərarlar qəbul oluna bilməz. Həmin Qanunun 21.1-ci maddəsinə görə, qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. Həmin Qanunun 24.2-ci maddəsinə əsasən, inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Həmin Qanunun 64.2-cü maddəsinə əsasən, inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Cavabdeh tərəfindən iddiaçının sağlamlıq vəziyyəti 24.05.2017-ci ildə qiymətləndirilmiş, ikinci dərəcə əlilliyi beş il müddətinə təyin edilmiş, lakin təyin edilmiş əlilliyin müddəti bitməmiş (13.05.2019-cu ildə) iddiaçıya heç bir məlumat vermədən, iştirakını təmin etmədən, ondan xəbərsiz, altsistem vasitəsilə etibarsız hesab edilmişdir. Halbuki, Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi qaydası”nın 3.7-ci bəndinə əsasən əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının etibarsız hesab edilməsi yox, ləğvi nəzərdə tutulmuşdur. Belə olan halda cavabdeh iddiaçının əlilliyinin əsaslarını mötəbər hesab etmədiyi halda belə, həmin qərarın etibarsız hesab edilməsi deyil, ləğvi barədə qərar qəbul edə bilərdi. Lakin cavabdehin iddiaçını əyani müayinəyə cəlb etmədən qəbul etdiyi hər hansı qərarı qanuni hesab oluna bilməz. Belə ki, inzibati orqan qüvvədə olan inzibati aktın qanunsuz olması ilə bağlı əsaslı məlumatlar əldə etdiyi hər bir halda, inzibati icraat haqqında qanunvericiliyin tələbləri baxımından xidməti mövgeyinə görə həmin inzibati aktın qəbul edilməsi üzrə əvvəlki inzibati icraatı təzələməyə və icraat aparmağa, icraat çərçivəsində inzibati aktın ləğvini və ya dəyişdirilməsini şərtləndirən halların mövcudluğunu müəyyən etməyə borcludur. İnzibati orqan yalnız bu halların müəyyən edilməsindən sonra inzibati aktın ləğvi və ya dəyişdirilməsi və ya inzibati aktın ləğvi və dəyişdirilməsindən imtina barədə qərar (inzibati akt) qəbul etməyə borcludur. İşin faktiki hallarından məlumdur ki, cavabdeh tərəfindən belə icraat aparılmamışdır. Məhkəmə hesab edir ki, İddiaçı əlilliyinin etibarsızlığı ilə bağlı cavabdehin hərəkətləri qanunsuz olduğundan, 13.05.2019-cu il tarixdən etibarsız hesab edilmiş əlilliyi həmin tarixdən bərpa edilməlidir. Аzərbаycаn Rеspublikаsının İnzibаti-Prоsеssuаl Məcəlləsinin 68.2-ci mаddəsinə əsаsən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 58.1-ci mаddəsinə əsаsən sübutlаr məhkəmə tərəfindən şifаhi məhkəmə iclаsındа аrаşdırılır. Həmin Məcəllənin 58.7-ci mаddəsinə əsаsən sübutlаr məhkəmə tərəfindən tаm və hərtərəfli аrаşdırıldıqdаn sоnrа qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, iddiaçıya 0340003AAPZ4 nömrəli, 24.05.2017-ci il tarixli göndəriş əsasında təyin olunmuş 2-ci dərəcəli əlilliyin etibarsız hesab edildiyi tarixdən bərpa edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulmalıdır. Аzərbаycаn Rеspublikаsının İnzibаti-Prоsеssuаl Məcəlləsinin 110.1-ci mаddəsinə əsаsən, prоsеssuаl хərclər ödənilmiş tələblərə münаsib оlаrаq işdə iştirаk еdən şəхslərə аid еdilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə – tərəflər dövlət rüsumu ödəməkdən azad olunurlar. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2, 34, 68, 69, 85, 110-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: İddia tələbi təmin edilsin. İddiaçı 0340003AAPZ4 nömrəli, 24.05.2017-ci il tarixli göndəriş əsasında təyin olunmuş 2-ci dərəcəli əlilliyin etibarsız hesab edildiyi tarixdən bərpa edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulsun. Qərardan şikayət qərarın tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı şəhəri, Z.Xəlilov, 540-cı məhəllə ünvanda yerləşən Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına Bakı İnzibati Məhkəməsi vasitəsilə verilə bilər. Hakim Miminat Hacıbəyova
Məhkəmə qərarları › İş №2-1(112)-580/2022
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-580/2022
02.02.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver