Məhkəmə qərarları › İş №2-1(112)-5803/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-5803/2021

27.09.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-5803/2021 27.09.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, Məhkəmə iclas katibi Nəzərova Fatimə Fəxrəddin qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı “birdəfəlik ödəmənin verilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: I. İşin halları: İddiaçı (bundan sonra – İddiaçı) 03.05.2020-ci il tarixdə ərizə ilə Biləsuvar rayon Məşğulluq Mərkəzinə ərizə ilə müraciət edərək, ona 190 manat birdəfəlik ikiaylıq müavinətin ödənilməsindən imtinanın əsasları barədə məlumat verilməsini xahiş etmişdir. Bundan sonra 16.06.2020-ci il tarixdə iddiaçı Biləsuvar rayon Məşğulluq Mərkəzinə qarşı 190 manat birfədəlik ikiaylıq müavinətin ödənilməsi barədə iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət edərək ona dəymiş maddi və mənəvi zərərin ödənilməsinin təmin edilməsini xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin 2-1(120)-1147/2020 saylı, 14.09.2020-ci il tarixli qərardadı ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi iş üzrə üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir. 03.12.2020-ci il tarixdə iddiaçı ərizə ilə məhkəməyə müraciət edərək cavabdeh qismində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tanınmasını, tələbi kimi isə koronavirus (COVİD-19) pandemiyası ilə əlaqədar olaraq xüsusi karantin rejiminin tətbiq olunduğu dövrdə aylıq 190 manat məbləğində birdəfəlik ödəmənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin 2-1(120)-1147/2020 saylı, 03.12.2020-ci il tarixli qərardadı ilə iş üzrə cavabdeh Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Biləsuvar rayon Məşğulluq İdarəsi əsl cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (bundan sonra – cavabdeh) ilə əvəz edilmiş, Dövlət Sosial Müdafiə Fondunun Biləsuvar rayon Məşğulluq İdarəsi cavabdeh sırasından, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi üçüncü şəxs sırasından çıxarılmış, iddia tələbi “koronavirus (COVİD-19) pandemiyası ilə əlaqədar olaraq xüsusi karantin rejiminin tətbiq olunduğu dövrdə aylıq 190 manat məbləğində birdəfəlik ödəmənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi qəbul edilmişdir. Şirvan İnzibati Məhkəməsinin 2-1(120)-83/2021-ci il saylı, 04.03.2021-ci il tarixli qərardadı ilə iş aidiyyəti üzrə baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5803/2021 saylı, 27 sentyabr 2021-ci il tarixli qərardadı ilə iddiaçının ərizəsi əsasında iddia tələbinin dəqiqləşdirilməsi qəbul edilmiş, iddia tələbi “koronavirus (COVİD-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar 2020-ci ilin aprel və may ayları üçün aylıq 190 manat olmaqla, cəmi 380 manat məbləğində birdəfəlik ödəmənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” şəklində qəbul edilmişdir. İİ. Tərəflərin əsaslandırması: İddiaçı tələbini bununla əsaslandırmışdır ki, koronavirus pandemiyasının yayılması ilə əlaqədar evdən çıxmamaq haqqında çağırış olduğundan və ölkə hüdudlarını tərk etmək mümkün olmadığı üçün, o, yeganə pul qazanmaq imkanından məhrum olmuşdur. Nazirlər Kabinetinin müvafiq qərarına əsasən yeganə qazancdan məhrum olan şəxslərə birdəfəlik iki aylıq 190 manat pul verilməlidir. Həmin pulun ödənilməsi ilə bağlı telefon vasitəsi ilə cavabdehə müraciət etmiş, lakin cavabdeh idarədən imtina cavabı gəlmişdir. Cavabdehin bu hərəkətləri nəticəsində ona maddi və mənəvi ziyan dəymişdir. Cavabdeh məhkəməyə təqdim etdiyi iddiaya etirazında göstərmişdir ki, MAS-dan əldə edilmiş məlumata əsasən, iddiaçı 23.04.2020-ci il tarixdə qeyd edilən sistemdə “işaxtaran” (işi və qazancı olan şəxs) kimi qeydiyyatdan keçmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 7 aprel tarixli 127 nömrəli Qərarı ilə “Koronavirus (COVİD-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsi şərtləri və qaydası”na əsasən 190 manat birdəfəlik ödəmə işsiz kimi qeydiyyatda olan və ya 27.04.2020-ci il tarixədək MAS-da qeydiyyatdan keçərək işsiz statusu təsdiqlənən şəxslərə şamil edilir. Beləliklə, iddiaçının Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin X1 sisteminin “Məşğulluq” altsistemində işsiz kimi qeydiyyatda olan şəxslər kateqoriyasına aid olmaması səbəbindən həmin Qaydaya uyğun birdəfəlik ödəməni almaq hüququ yaranmamış və ona birdəfəlik ödəmənin ödənilməsindən imtina olunmuşdur. Habelə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin X1 Sisteminə inteqrasiya olunmuş elektron informasiya qaynaqlarından əldə edilmiş məlumatlara əsasən, İddiaçı istifadəsində və ya mülkiyyətində 2 (iki) və daha çox nəqliyyat vasitəsinin olduğu da aşkarlanmışdır. Göstərilənlərə əsasən iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun izahat verdi və iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. 21.05.2021-ci il və 17.06.2021-ci il tarixli məhkəmə iclaslarında iştirak edən cavabdehin nümayəndəsi X7 iddia tələbinə etiraz edərək onun təmin olunmamasını xahiş etmişdir. İİİ. Məhkəmənin mövqeyi: Məhkəmə izahatı dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 7 aprel tarixli 127 nömrəli Qərarının 1-ci hisəsinə əsasən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin X1 sisteminin “Məşğulluq” altsistemində işsiz kimi qeydiyyatda olan şəxslərə koronavirus (COVİD-19) pandemiyası ilə əlaqədar xüsusi karantin rejiminin tətbiq olunduğu dövrdə aylıq 190 (yüz doxsan) manat məbləğində birdəfəlik ödəmə verilməsi qərara alınmışdır. Həmin Qərara 25 aprel 2020-ci il tarixdə əlavə edilmiş 2-1-ci hissəsinə əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilən hallar istisna olmaqla, birdəfəlik ödəmənin verilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 30 mart tarixli 120 nömrəli Qərarının 2020-ci il 25 aprel tarixinə qüvvədə olan redaksiyasının 1-ci hissəsində göstərilən müddətlərə uyğun olaraq, xüsusi karantin rejiminin tətbiq edildiyi dövrü əhatə edir və cari ilin aprel və may ayları üçün ödənilir. Həmin Qərarın 2-ci hissəsi ilə təsdiq edilmiş “Koronavirus (COVİD-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsi şərtləri və qaydası”nın (bundan sonra – Qayda): - 2.1-ci bəndinə əsasən birdəfəlik ödəmə “Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq işsiz kimi qeydiyyata alınmış və bu Qaydanın 2.3-cü bəndində göstərilən kateqoriyaya aid olmayan şəxslərə təyin olunur və ödənilir. - 2.2-ci bəndinə əsasən birdəfəlik ödəmə qeydiyyat tarixindən asılı olaraq, aşağıdakı işsiz şəxslərə bu Qaydanın 2.1-ci bəndi nəzərə alınmaqla ödənilir: 2.2.1. 2020-ci il 1 aprel tarixinə MAS-da işsiz kimi qeydiyyata alınmış şəxslərə; 2.2.2. pandemiya ilə əlaqədar xüsusi karantin rejiminin tətbiq edildiyi dövrdə MAS-da işsiz kimi qeydiyyata alınmış şəxslərə. - 2.3-cü bəndinə əsasən dövlət qurumlarından aşağıdakı ödənişləri alan, habelə bu bənddə göstərilən meyarlara cavab verən işsiz şəxslərə birdəfəlik ödəmə verilmir: 2.3.11. mülkiyyətində müxtəlif ünvanda iki və daha çox daşınmaz əmlakı olanlara; 2.3.12. mülkiyyətində və ya istifadəsində minik avtomobili, habelə digər nəqliyyat vasitəsi olanlara. - 3.4-cü bəndinə əsasən MAS tərəfindən işsiz şəxsin bu Qaydanın 2.3-cü bəndində göstərilən şəxslərə aid olması yoxlanılır. Yoxlama nəticəsində işsiz şəxsin bu Qaydanın 2.3-ci bəndində göstərilən şəxsə aid olması müəyyən edildikdə, MAS tərəfindən elektron qaydada birdəfəlik ödəmənin verilməsindən imtina olunur, bu barədə işsiz şəxsə imtinanın səbəbi göstərilməklə, mobil telefon vasitəsilə SMS göndərilir və onun elektron kabinetinə əsaslandırılmış bildiriş yerləşdirilir. İşdən müəyyən olunur ki, iddiaçı bu qərara istinad edərək ona 2020-ci ilin aprel və may ayları üçün 190 manat birdəfəlik ödəmənin verilməsini xahiş etmiş, cavabdeh onun bu tələbinə qarşı iki əsas dəlilə istinad etməklə etiraz etmişdir: 1. İddiaçı işsiz kimi deyil, işaxtaran kimi qeydiyyata alınmışdır; 2. İddiaçının istifadəsində 2 və daha çox nəqliyyat vasitəsi olmuşdur. Birinci dəlilə münasibətdə məhkəmə aşağıdakıları qeyd edir. İşdən görünür ki, iddiaçı 23.04.2020-ci il tarixdə e-sosial onlayn müraciət əsasında Nazirliyin X1 sisteminin (MEİS) “Məşğulluq” altsistemində işaxtaran kimi qeydiyyata alınmışdır. Cavabdeh etirazında bu dəlilə istinad edərək iddiaçının işsiz kimi qeydiyyata alınmadığından ona birdəfəlik ödəmə verilməsinin mümkünsüzlüyünü bildirmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, yuxarıda istinad olunan Qaydadan göründüyü kimi birdəfəlik ödəmə işsiz kimi qeydiyyatda olan şəxslərə verilir. Şəxsin işsiz kimi qeydiyyatı məsələsi isə “Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanunu (bundan sonra - Qanun) ilə tənzimlənir. Həmin Qanuna əsasən: - maddə 1.1.6. işsiz şəxs - işi və qazancı olmayan, işə başlamağa hazır olub, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda) işsiz kimi qeydiyyata alınan, əmək qabiliyyətli yaşda olan əmək qabiliyyətli şəxs; - maddə 1.1.7. işaxtaran - müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) münasib iş üçün və bu Qanunda nəzərdə tutulmuş hallarda aktiv məşğulluq tədbirləri ilə bağlı müraciət edən və işaxtaran kimi qeydiyyata alınan şəxs. - maddə 5.1. İşaxtaran və işsiz şəxslərin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda) qeydiyyata alınması qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) təsdiq edir. - maddə 5.2. Şəxslər elektron informasiya sistemində elektron ərizəni doldurduqdan sonra işaxtaran kimi qeydiyyata alınırlar. - maddə 5.3. İşaxtaran kimi qeydiyyata alınmaq üçün elektron ərizənin forması müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilir. - maddə 5.4. Şəxs işaxtaran kimi qeydiyyata alındığı zaman onun elektron informasiya sisteminə daxil etdiyi məlumatlar əsasında avtomatlaşdırılmış qaydada fərdi məşğulluq vərəqi tərtib edilir. - maddə 5.5. Şəxs işaxtaran kimi qeydiyyata alındığı gündən 5 (beş) iş günü ərzində ona münasib iş təklif olunmadığı və ya işəgötürən (işəgötürənlər) tərəfindən vakansiyaya qəbulundan imtina edildiyi halda, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) həmin şəxsin işsiz kimi qeydiyyata alınması haqqında qərar qəbul edir və bu barədə şəxsin fərdi məşğulluq vərəqində müvafiq qeyd aparır. Həmçinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 25 iyul tarixli 327 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşaxtaran və işsiz şəxslərin qeydiyyata alınması Qaydası”na əsasən: - 2.1. 15 yaşı tamam olmuş hər bir şəxs işaxtaran kimi qeydiyyata alınmaq üçün “Elektron hökumət” və ya “e-sosial” portallarının mövcud autentifikasiya vasitələrindən istifadə etməklə, X1 Sisteminin (bundan sonra – MEİS) “Məşğulluq” altsistemində (bundan sonra – MAS) forması Qanunun 5.3-cü maddəsinə uyğun olaraq müəyyən edilmiş “Müraciət-Ərizə”ni dolduraraq təsdiq etməlidir. - 2.2. Müraciət MAS tərəfindən qəbul edildikdən sonra həmin şəxs işaxtaran kimi qeydiyyata alınır və bu barədə məlumat MAS tərəfindən işaxtaranın elektron kabinetində yerləşdirilir və mobil nömrəsinə göndərilir. - 2.3. MAS-da işaxtaran kimi qeydiyyata alınmış, işi və qazancı olmayan əmək qabiliyyətli şəxsə Mərkəz tərəfindən 5 (beş) iş günü müddətində münasib iş təklifi edilmədiyi və ya işəgötürən (işəgötürənlər) tərəfindən vakansiyaya qəbulundan imtina edildiyi halda, habelə bu Qaydanın 4.3-cü bəndinə uyğun olaraq təqdim edilmiş göndərişə münasibətdə işəgötürənin hərəkətsizliyi halında həmin şəxsin işsiz kimi qeydiyyata alınması barədə qərar qəbul olunur və bu Qaydanın 3-cü hissəsinə uyğun olaraq tərtib edilmiş fərdi məşğulluq vərəqində müvafiq qeydlər aparılmaqla, onun şəxsi kabinetinə yerləşdirilir. - 2.4. İşsiz kimi qeydiyyata alınmazdan əvvəl işaxtaranın Qanunun 4-cü maddəsinə uyğun olaraq məşğul şəxslərin dairəsinə aid olmaması məşğul şəxslərin reyestrində MAS tərəfindən yoxlanılır. İşaxtaranın məşğul şəxs olduğu müəyyən edildikdə, onun işsiz şəxs kimi qeydiyyata alınmasına yol verilmir və bu barədə məlumat səbəbi göstərilməklə, onun şəxsi kabinetində yerləşdirilir. Normalardan görünür ki, şəxsin birbaşa işsiz kimi qeydiyyata alınması mövcud qanunvericiliyə əsasən qeyri-mümkündür. Bunun üçün şəxs ilk növbədə işaxtaran kimi qeydiyyata alınmalı, bundan sonra ona münasib iş təklifi edilmədiyi və ya işəgötürən tərəfindən vakansiyaya qəbulundan imtina edildiyi halda, müvafiq dövlət orqanı şəxsin işsiz kimi qeydiyyata alınması haqqında qərar qəbul etməlidir. İşdən görünür ki, iddiaçı işaxtaran kimi qeydiyyata alınsa da, həmin gündən 5 (beş) iş günü ərzində ona münasib iş təklif olunmamış, işəgötürən (işəgötürənlər) tərəfindən vakansiyaya qəbuldan imtina edilməməsi halı mövcud olmamış, buna baxmayaraq cavabdeh iddiaçının işsiz kimi qeydiyyata alınması haqqında qərar qəbul etməmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X5 bununla bağlı 12 avqust 2021-ci il tarixli, **********8 nömrəli məktubunda göstərmişdir ki, ünvan 1 ünvanında qeydiyyatda olan İddiaçı 23.04.2020-ci il tarixdə esosial onlayn müraciət əsasında Nazirliyin X1 sisteminin (MEİS) “Məşğulluq” altsistemində işaxtaran kimi qeydiyyata alınmışdır. İşaxtaran qismində qeydiyyatdan keçən şəxslərə işsiz statusunun verilməsi avtomatlaşdırılmış qaydada həyata keçirilmir və işaxtaran şəxslərlə bağlı müvafiq araşdırmadan sonra şəxslərin işsiz kimi qeydiyyata alınması haqqında qərar qəbul edilir. Azərbaycan Respublikası “Məşğulluq haqqında” Qanununun 5.13-cü maddəsinə əsasən, işsiz kimi qeydiyyata alınmayan şəxslər sistemdə işaxtaran olaraq qeydiyyatda saxlanılır və işsiz kimi qeydiyyata alınmaq üçün təkrar 1 (bir) aydan sonra müraciət etmək hüququna malikdir. Vətəndaş İddiaçı işsiz kimi qeydiyyata alınmaq üçün təkrar müraciəti ilə bağlı məlumat mövcud deyil. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin informasiya sistemlərindən əldə olunan məlumatlara əsasən İddiaçı istifadəsində 2 (iki) və daha artıq nəqliyyat vasitəsi olması səbəbindən ona birdəfəlik ödəmənin verilməsindən imtina olunmuşdur. Göründüyü kimi, Agentlik tərəfindən işaxtaran şəxslərlə bağlı müvafiq araşdırma aparıldıqdan sonra şəxsin işsiz kimi qeydiyyata alınması haqqında qərar qəbul edildiyi göstərilsə də, iddiaçı ilə bağlı bu araşdırmanın aparılıb-aparılmaması, Qanunun 5.5-ci maddəsinin hansı əsasla iddiaçıya tətbiq edilməməsi barədə heç bir məlumat verilməmiş, Qanunun 5.13-cü maddəsinə əsasən işsiz kimi qeydiyyata alınmayan şəxsin özünün müraciət etməli olduğu bildirilmişdir, hansı ki, həmin maddəyə əsasən işsiz kimi qeydiyyata alınmayan və ya bu Qanunun 5.11.4-cü maddəsinə əsasən işsiz kimi qeydiyyatı ləğv olunan şəxs, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda) işaxtaran kimi qeydiyyatda saxlanılır və işsiz kimi qeydiyyata alınmaq üçün təkrar 1 (bir) aydan sonra müraciət etmək hüququna malikdir. Məhkəmə bununla bağlı qeyd edir ki, birincisi, Qanuna əsasən təkrar müraciət etmək şəxsin hüququ olduğu halda, Qanunun 5.5-ci maddəsində göstərilən qərarın qəbulu müvafiq orqanın vəzifəsidir. İkincisi, həmin norma işsiz kimi qeydiyyata alınmayan və ya qeydiyyatı ləğv olunan şəxsin həmin qərarı aldıqdan sonra yenidən müraciət hüququnu nəzərdə tutur. Üçüncüsü, işdən aydın olur ki, cavabdeh qurum iddiaçının statusunu işaxtaran deyil, işsiz kimi qəbul etmişdir və ona Qaydanın - 3.4-cü bəndinə əsasən həmin Qaydanın 2.3-ci bəndində göstərilən şəxsə aid olması ilə bağlı imtina barədə SMS göndərmişdir (bu zaman onun işaxtaran kimi qeydiyyata alınmasına istinad edilməmiş, sadəcə istifadəsində 2 (iki) və daha artıq nəqliyyat vasitəsi olması səbəbindən imtina verilmişdir). Belə ki, Qaydanın yuxarıda da istinad olunan 3.4-cü bəndinə əsasən MAS tərəfindən işsiz şəxsin bu Qaydanın 2.3-cü bəndində göstərilən şəxslərə aid olması yoxlanılır. Yoxlama nəticəsində işsiz şəxsin bu Qaydanın 2.3-ci bəndində göstərilən şəxsə aid olması müəyyən edildikdə, MAS tərəfindən elektron qaydada birdəfəlik ödəmənin verilməsindən imtina olunur, bu barədə işsiz şəxsə imtinanın səbəbi göstərilməklə, mobil telefon vasitəsilə SMS göndərilir. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçı 23.04.2020-ci il tarixdə işaxtaran kimi qeydiyyatdan keçdiyindən həmin tarixdən 5 iş günü sonra, 01.05.2020-ci il tarixdə artıq onun barəsində işsiz kimi qeydiyyata alınma haqqında qərar qəbul edilməli və iddiaçı həmin tarixdən işsiz statusuna malik olmalı idi. Bu isə onun həmin ay üçün birdəfəlik ödəmə almaq hüququnun mövcud olduğunu göstərir. Lakin işdən görünür ki, cavabdeh bununla bağlı hərəkətsizlik göstərmişdir, buna görə də cavabdehin bu dəlili əsaslı hesab oluna bilməz. İkinci dəlilə münasibətdə isə məhkəmə aşağıdakıları qeyd edir. İş materiallarında olan Nazirliyin MEİS-nin “Təhlil” altsistemindən əldə olunmuş sms bildirişdən görünür ki, iddiaçıya istifadəsində 2 (iki) və daha artıq nəqliyyat vasitəsi olması səbəbindən ona birdəfəlik ödəmənin verilməsindən imtina olunması barədə məlumat verilmişdir. Baş Dövlət Yol Polis İdarəsinin 08.01.2021-ci il tarixli, 016-1961-1221 saylı məktubdan görünür ki, DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin Qeydiyyat-imtahan İdarəsinin kompüter uçot bazasına görə hazırda İddiaçı adında və ya etibarnamə əsasında istifadəsində nəqliyyat vasitəsi qeydiyyatdan keçmir. X4 məxsus “HONDA CRV” markalı **-LX-*** dövlət qeydiyyat nişanlı avtomobilin etibarnamə əsasında 24.08.2019-cu il tarixdən 24.08.2020-ci il tarixədək İddiaçı istifadəsində olması barədə DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin mərkəzi informasiya sistemində məlumat mövcuddur. Göründüyü kimi, HONDA CRV” markalı **-LX-*** dövlət qeydiyyat nişanlı avtomobil X3 mülkiyyətində olmuş, həmin şəxs nəqliyyat vasitəsi ilə bağlı iddiaçıya etibarnamə vermişdir. Cavabdeh də bu etibarnaməyə istinad edərək həmin nəqliyyat vasitəsinin iddiaçının istifadəsində olması qənaətinə gəlmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinə əsasən: - 359.1. Əqd təmsilçi vasitəsilə də bağlana bilər. Bir şəxsin (təmsilçinin) etibarnaməyə, qanunun göstərişinə və ya buna vəkil edilmiş dövlət və ya bələdiyyə orqanının aktına əsaslanan səlahiyyətə görə başqa şəxs (təmsil edilən) adından bağladığı əqd təmsil edilənin mülki hüquq və vəzifələrini bilavasitə yaradır, dəyişdirir və onlara xitam verir. Səlahiyyət həmçinin təmsilçinin fəaliyyət göstərdiyi şəraitdən də (pərakəndə ticarətdə satıcı, kassir və i.a.) bəlli ola bilər. - 359.2. Özgə mənafeyi üçün olsa da, öz adından fəaliyyət göstərən şəxslər (kommersiya vasitəçiləri, müflisləşmə zamanı müsabiqə idarəçiləri, vərəsəlik zamanı vəsiyyət icraçıları və i.a.), habelə gələcəkdə mümkün ola biləcək əqdlər barəsində danışıqlara başlamağa vəkil edilmiş şəxslər təmsilçi deyildirlər. -359.3. Təmsilçi təmsil edilən adından şəxsən özü barəsində əqdlər bağlaya bilməz. O, həmçinin, kommersiya təmsilçiliyi halı və qiymətli kağızlar bazarında investisiya şirkəti fəaliyyət istisna olmaqla, eyni zamanda təmsilçisi olduğu şəxs barəsində bu cür əqdlər bağlaya bilməz. - 362.1-ci maddəsinə əsasən bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamə sayılır. Təmsil edilən təmsilçinin əqd bağlaması üçün yazılı vəkaləti bilavasitə müvafiq üçüncü şəxsə təqdim edə bilər. Göründüyü kimi, qanunvericiliyə əsasən etibarnamə etibarnamə verilmiş şəxsə hər hansı bir hüquq, o cümlədən istifadə hüququ yaratmamaqla, ona etibarnaməni verənin adından, onun mənafeləri üçün hərəkət etmək, yəni etibarnaməni verəni təmsil etmək imkanı verir. Digər tərəfdən, işdən görünür ki, həmin nəqliyyat vasitəsi ilə bağlı iddiaçı ilə yanaşı digər bir şəxsin (X2) adına da etibarnamə verilmişdir. Yuxarıda qeyd olunanları, həmçinin bir nəqliyyat vasitəsindən eyni anda iki şəxsin istifadə etməsinin qeyri-mümkün olduğunu nəzərə alan məhkəmə hesab edir ki, cavabdehin bu dəlili də əsassızdır. Beləliklə, yuxarıda istinad olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçının tələbi ona Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 7 aprel tarixli 127 nömrəli Qərarına əsasən 2020-ci ilin may ayı üçün 190 (yüz doxsan) manat məbləğində birdəfəlik ödəmə verilməsi hissəsində əsaslıdır və həmin hissədə təmin edilməlidir. 2020-ci ilin aprel ayına gəldikdə məhkəmə qeyd edir ki, həmin tarixdə iddiaçının statusu işaxtaran olduğundan və statusunun dəyişdirilməsi üçün qanunla nəzərdə tutulmş müddət keçmədiyindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 7 aprel tarixli 127 nömrəli Qərarı həmin aya münasibətdə tətbiq oluna və iddia tələbi həmin ay üçün birdəfəlik ödəmənin verilməsi hissəsində təmin edilə bilməz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 33.1, 52, 68, 69, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı : İddia qismən təmin edilsin. İddiaçı koronavirus (COVİD-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar 2020-ci ilin may ayı üçün 190 (yüz doxsan) manat məbləğində birdəfəlik ödəmənin verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin üzərinə qoyulsun. İddia qalan hissədə təmin edilməsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Səlma Salahova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar