Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-5803/2025 03.06.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məlikov Tural Rauf oğlunun sədrliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “Müharibə veteranı adı” və vəsiqəsinin verilməsi" tələbi üzrə inzibati mübahisəyə dair işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56), şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı X4 cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək oğlu İddiaçı hərbi vəsiqəsində qeyd olunan tarixlər üzrə uyğunsuzluqların aradan qaldırılması, Müdafiə Nazirliyinin 23.11 2024cü il tarixli məktubunun etibarsız sayılması, göstərdiyi təqdirəlayiq nümunəvi hərəkətlərinə və yüksək vətənpərvərliyinə görə oğluna “Müharibə Veteranı" adının və vəsiqəsinin verilməsini məhdudlaşdıran halların aradan qaldırılmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Sonradan iddiaçının ərizəsi nəzərə alınaraq məhkəmənin müvafiq qərardadı ilə iş üzrə iddiaçı X4 əsl İddiaçı ilə əvəz edilmişdir. Həmçinin Bakı İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı ilə iddia tələbi “iddiaçıya müharibə veteranı adı və vəsiqəsinin Azərbaycan Respublikası Nazirlər Kabineti ilə razılaşdırılmaqla verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi dəqiqləşdirilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Azərbaycan Respublikası Prezidentinin 28 senyabr 2022-ci il “Azərbaycan Respublikasında Səfərbərlik Hazırlığı və Səfərbərlik haqqında” Qanununa əsasən 28 senyabr 2020-ci il tarixində Vətən müharibəsində könüllü olaraq iştirak üçün Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağrış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Binəqədi İdarəsi tərəfindən qismən səfərbərliyə cəlb edilmiş, 27 oktyabr 2020-ci il tarixində müvafiq hərbi hissəyə təhvil verilmişdir. Vətən müharibəsində aktiv iştirakının təsdiqi olaraq onun Azərbaycan Respublikasının Prezidenti adından Azərbaycan Respublikası Müdafiə nazirinin 30 dekabr 2020-ci il tarixli əmri ilə "Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli medalı ilə təltif olunması təmin edilmiş, hərbi vəsiqəsinin müvafiq səhifələrində uyğun qeydiyyat aparılmışdır. Lakin yuxarıda qeyd edilən səfərbərlik xidmətinin 28 oktyabr 2020-ci il tarixli 594 nömrəli arayışında qeyd olunan tarixlərə (qeyd edilənlərə) münasibətdə hərbi vəsiqənin 7-ci səhifəsində qeyd edilmiş tarixlər uzlaşmadığından, habelə digər uyğunsuzluqlar səbəbindən iddiaçıya “Müharibə veteranı" adının və vəsiqəqsinin verilməsində çətinliklər yaranmışdır. Göstərilənlərə əsasən iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etmişdir. İddia ərizəsi məhkəmənin icraatına daxil olduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi məqsədi ilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə göndərilmişdir. Cavabdeh tərəfindən iddiaya dair yazılı münasibət (etiraz) məhkəməyə təqdim edilməmişdir. Məhkəmə ilk öncə qeyd edir ki, irəli sürülmüş iddia məcburetmə növünə aid iddia olduğundan inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsinin cavabdehin üzərinə qoyulmasını məhkəmədən xahiş edir. İddia ərizəsi onun mümkünlük şərtlərinə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. İPM-in 2.2.2-ci maddəsinə əsasən, inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 33.1-ci maddəsinə əsasən, məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. İPM-in 33.2-ci maddəsinə əsasən, bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. İddia tələb olunan mümkünlük şərtlərinə cavab verir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdehin nümayəndəsi üzrlü səbəb bildirmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddianı müdafiə edərək, iddia ərizəsində göstərilənlərə uyğun məzmunda izahat verdi və iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: -Cavabdeh tərəfindən verilmiş məktubdan görünür ki, iddiaçının müraciətinə baxılmış və cavab olaraq bildirilmişdir ki, N nömrəli hərbi hissənin xx.xx.2024-cü il tarixli 1147 nömrəli məktubuna əsasən döyüş əməliyyatları aparılan dövrdə (27 sentyabr 2020-ci il tarixdən 10 noyabr 2020-ci il tarixədək) döyüş əməliyyatlarında iştirak etmədiyinə görə ona “Müharibə Veteram” adının və vəsiqəsinin verilməsi üçün sənədlərinizin Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilməsi məqsədəuyğun hesab edilmir. -AR Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Binəqədi Rayon İdarəsi tərəfindən verilmiş arayışdan görünür ki, iddiaçı Azərbaycan Respublikası Prezitentinin xx.xx.2002-ci il tarixli "Azərbaycan Respublikasında səfərbərlik hazırlığı və səfərbərlik haqqında" Qanununa əsasən xx.xx.2020-ci il tarixdə qismən səfərbərliyə cəlb edilmiş və xx.xx.2020-ci il tarixdə müvafiq hərbi hissəyə-təhvil verilmişdir. -Hərbi biletdən görünür ki, iddiaçı xx.xx.2020-xx.xx.2020-ci il tarixlərdə N №-li hərbi hissədə kəşfiyyatçı kimi Laçın, Cəbrayıl istiqamətində döyüş əməliyyatlarında iştirak etmişdir. -Müdafiə Nazirliyi Hərbi Hissə tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arxiv arayışına əsasən iddiaçı xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək N nömrəli hərbi hissədə (Qəbul məntəqəsində) toplanışda iştirak etmiş və sonra xx.xx.2020-ci il tarixdə təyinatına uyğun olaraq N nömrəli hərbi hissədə xidmətini davam etmişdir. N nömrəli hərbi hissədə toplanışda olduğu barədə müvafiq qeydlər (xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək (21 gün) ) onun hərbi biletinin 13-cü səhifəsində, “təlim toplanışlarının keçirilməsi” bölməsində qeyd olunmuşdur. Daha sonra xx.xx.2020-ci il tarixdə Qəbul məntəqəsindən təyin olunduğu N nömrəli hərbi hissəyə göndərilmiş, hərbi hissənin siyahısına daxil olduğu gündən səfərbərlikdən tərxis olduğu günədək hərbi xidmət keçməyi barədə müvafiq qeydlər hərbi biletinin 6-cı səhifəsində qeyd olunmuşdur. -AR Müdafiə Nazirliyi N saylı hərbi hissə tərəfindən verilmiş arayışda bildirilmişdir ki, iddiaçı Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Binəqədi rayon idarəsindən xx.xx.2020-ci il tarixdə qismən səfərbərliyə cəlb edilərək xx.xx.2020-ci il tarixdə Xızı rayonu ərazisində yerləşən N nömrəli hərbi hissəyə göndərilmişdir. İddiaçı həmin tarixdən N nömrəli hərbi hissədə ilkin hərbi hazırlıq keçmiş, Vətən müharibəsi başa çatdıqdan sonra xx.xx.2020-ci il tarixdə N nömrəli hərbi hissənin siyahılarına daxil edilmişdir. Vətən müharibəsindən sonrakı günlərdə N nömrəli hərbi hissənin tərkibində işğaldan azad olunmuş ərazilərdə antiterror əməliyyatlarında iştirak etdiyinə görə "Hərbi xidmətdə fərqlənməyə görə” medalı ilə təltif edilmişdir. xx.xx.2020-ci il tarixdə isə N nömrəli hərbi hissədən ehtiyata buraxılmışdır. Məhkəmə aşağıda göstərilən qanunvericilik normalarına əsasən hesab edir ki, cavabdehin imtinası əsaslıdır və iddiaçının hər hansı hüququnu pozmur. Belə ki, “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. Həmin Qanunun 7-ci maddəsinə əsasən müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Veteranların hər bir kateqoriyası üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən vahid nümunədə vəsiqə təsdiq edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli 216 saylı qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə”nin (bundan sonra- Əsasnamə) 1-ci hissəsinin birinci bəndinin doqquzuncu yarımbəndinə əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək Şuşa, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın, Xocavənd və Xocalı rayonlarının, Tərtər rayonunun Talış, Suqovuşan və Çaylı kəndlərinin ərazilərində, habelə Füzuli və Ağdam rayonlarının 2020-ci il 27 sentyabr tarixinədək işğal altında olmuş ərazilərində hərbi hissə (bölmə) və ya orqanların tərkibində döyüş əməliyyatlarında iştirak etmiş, yəni döyüş əməliyyatlarının icrasının təşkilini və ya bu əməliyyatlara rəhbərliyi göstərilən ərazilərdə həyata keçirmiş, həmin ərazilərdə döyüşlərdə bilavasitə iştirak etmiş hərbi qulluqçulara və ya döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları yerinə yetirmiş hərbi qulluqçulara (hərbi hissə (bölmə) və ya orqanların mülki işçilərinə), həmçinin döyüş əməliyyatları aparan hərbi hissələrə (bölmələrə) və ya orqanlara döyüş tapşırığının və ya döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların bütün təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş şəxslərə – hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında; 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılmış döyüş əməliyyatlarının planlaşdırılmasını, hazırlanmasını və ya idarə edilməsini həyata keçirmiş, habelə hərbi aviasiya, hava hücumundan müdafiə, radioelektron kəşfiyyat (əks-kəşfiyyat) və mübarizə, pilotsuz uçan aparatlar, raket və artilleriya bölmələrinin tərkibində döyüş əməliyyatlarında bilavasitə iştirak etmiş və ya həmin əməliyyatların döyüş təminatı üzrə tapşırıqları (bu Əsasnamənin 1-ci hissəsinin onuncu abzasında qeyd olunan ərazilərdə isə döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları) yerinə yetirmiş şəxslərə – hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir. Həmin Əsasnamənin 2-ci hissəsinin birinci abzasına əsasən, bu Əsasnamənin 1-ci hissəsinin onuncu abzasında döyüş əməliyyatlarının bütün təminat növləri dedikdə döyüş təminatı, mənəvi-psixoloji təminat, maddi-texniki təminat və tibbi təminat nəzərdə tutulur. Həmin Əsasnamənin 2-ci hissəsinin dördüncü abzasına əsasən, bu Əsasnamənin 1ci hissəsinin birinci bəndinin səkkizinci, doqquzuncu və onuncu yarımbəndlərində göstərilən şəxslərə (Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində döyüşmüş şəxslər istisna olmaqla) müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) şəxsin hal-hazırda xidmət keçdiyi (qulluq etdiyi, işlədiyi), əvvəllər ehtiyata və istefaya buraxılmış, əmək müqaviləsinə xitam verilmiş şəxslərin sonuncu xidmət keçdiyi (qulluq etdiyi, işlədiyi), hərbi hissələrə (bölmələrə) və ya orqanlara ezam olunmuş mülki şəxslərin isə ezam olunduqları yerdən asılı olaraq, aidiyyəti üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və X1 Xidməti və Azərbaycan Respublikasının Strateji X3 Agentliyi tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir, o cümlədən Respublikanın hərbi məhkəmələrində və hərbi prokurorluq orqanları sistemində xidmət edən hərbi qulluqçulara Azərbaycan Respublikası Ali Məhkəməsində və Respublika Prokurorluğunda yaradılan komissiyaların rəyinə əsasən Müdafiə Nazirliyi tərəfindən verilir. Əsasnamənin 2-ci bəndinə əlavə edilmiş qeydə əsasən, bu Əsasnamənin 1-ci hissəsinin birinci bəndinin doqquzuncu və onuncu yarımbəndlərində nəzərdə tutulan şəxslərə müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi həmin ad və vəsiqəni vermək səlahiyyəti olan dövlət orqanlarının göstərilən şəxslərə münasibətdə müəyyən etdikləri siyahılar Azərbaycan Respublikasının Nazirlər Kabineti ilə razılaşdırıldıqdan sonra verilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “X2 şikayətinə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 27 sentyabr 2006-cı il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 9 iyul 2007-ci il tarixli qərarında göstərilmişdir ki, müharibə veteranı adının verilməsi ilə bağlı mübahisələr məhkəmədə həll olunarkən hər bir halda şəxsin döyüş zonasında hansısa obyektiv və ya subyektiv səbəbdən olması və bu halda hansı şəxs qismində çıxış etməsi ilə yanaşı, onun Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirakının sübuta yetirilməsi vacibdir. Məhkəmə baxışı zamanı hər hansı bir şəxsin məhz döyuş əməliyyatlarının hərbi terminologiyada qəbul olunmuş anlayışına və məzmununa aid edilə biləcək əməllərdə iştirakı tədqiq olunmalıdır. Hazırkı halda iddiaçı Vətən müharibəsi dövründə döyüş əməliyyatlarının aparıldığı ərazilərdə döyüş tapşırıqların yerinə yetirilməsində iştirak etdiyinə görə ona “Müharibə veteranı adı”nın və vəsiqəsinin verilməsini xahiş edir. İddiaçı bu tələbini əsaslandırmaq üçün öz fəaliyyətinə dair mövcud arayışlar və xidməti sənədlərə istinad etmişdir. İstinad olunan normaların məzmunundan aydın olur ki, şəxsə müharibə veteranı adı və vəsiqəsinin verilməsi üçün o, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək Şuşa, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın, Xocavənd və Xocalı rayonlarının, Tərtər rayonunun Talış, Suqovuşan və Çaylı kəndlərinin ərazilərində, habelə Füzuli və Ağdam rayonlarının 2020-ci il 27 sentyabr tarixinədək işğal altında olmuş ərazilərində: 1) hərbi hissə (bölmə) və ya orqanların tərkibində döyüş əməliyyatlarında iştirak edən (yəni döyüş əməliyyatlarının icrasının təşkilini və ya bu əməliyyatlara rəhbərliyi göstərilən ərazilərdə həyata keçirmiş, həmin ərazilərdə döyüşlərdə bilavasitə iştirak etmiş) hərbi qulluqçu olmalı; 2) və ya döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları yerinə yetirmiş hərbi qulluqçusu və ya hərbi hissə (bölmə) və ya orqanların mülki işçisi olmalı; 3) yaxud döyüş əməliyyatları aparan hərbi hissələrə (bölmələrə) və ya orqanlara döyüş tapşırığının və ya döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların bütün təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam edilmiş olmalıdır. Həmçinin, göstərilən faktlar hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında öz təsdiqini tapmalıdır. Cavabdeh öz mövqeyini iddiaçının 2020-ci il Vətən müharibəsi zamanı, konkret olaraq 27 sentyabr 2020-ci il tarixindən 10 noyabr 2020-ci il tarixinədək olan döyüş əməliyyatlarında iştirak etmədiyi ilə əsaslandırır. Məhkəmə təqdim olunmuş sübutlar əsasında cavabdehin bu mövqeyi ilə razılaşır. Belə ki, yuxarıda göstərilən qanunvericiliyin tələblərindən də göründüyü kimi döyüş əməliyyatlarında iştirak edən hərbi qulluqçuların müharibə veteranı adı və vəsiqəsini almaq hüququ o zaman yaranır ki, bu halı təsdiq edən sənədlərlə yanaşı, onların 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək Şuşa, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın, Xocavənd və Xocalı rayonlarının, Tərtər rayonunun Talış, Suqovuşan və Çaylı kəndlərinin ərazilərində, habelə Füzuli və Ağdam rayonlarının 2020-ci il 27 sentyabr tarixinədək işğal altında olmuş ərazilərində xidmət etməsi müəyyən olunsun. Göründüyü kimi, qanunverici döyüş əməliyyatlarında iştirak üçün müddət kriteriyasını imperativ qaydada müəyyənləşdirmiş və 27 sentyabr 2020-ci il tarixindən 10 noyabr 2020-ci il tarixinədək qeyd olunan ərazilərdə döyüş əməliyyatlarında iştirak edən şəxslərə müharibə veteranı adı və vəsiqəsinin verilməsinin mümkünlüyünü təsbit etmişdir. Hazırkı halda isə iddiaçı istər inzibati icraat dövründə, istərsə də məhkəmə icraatı dövründə 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək həmin ərazilərdə döyüş əməliyyatlarında iştirak etməsini təsdiq edən sübutları təqdim edə bilmədiyindən və məhkəmə araşdırması ilə də belə sübutlar əldə edilmədiyindən iddia tələbinin təmin edilməsi istisna olunur. Belə ki, işin araşdırılan hallarından və iddiaçının izahatından müəyyən olunur ki, iddiaçı göstərilən tarixlərdə nəzərdə tutulmuş bölgələrdə olan döyüş əməliyyatlarında iştirak etməmiş, həmin dövrdə o, Xızı və rayonu ərazisində xidmət etmişdir. Onun hərbi biletindəki qeydlərə əsasən Laçın və Cəbrayıl rayonlarında xidmət etməsi yalnız hərbi əməliyyatların başa çatdığı 10 noyabr 2020-ci il tarixdən sonra, yəni 11.12-xx.xx.2020-ci il tarixlərdə baş vermişdir. Bu hal isə müharibə veteranı adı verilməsi üçün qanunvericiliklə nəzərdə tutulan müddət meyarı baxımından tələblərə uyğun gəlmir. Məhkəmə iddiaçının dəlillərinə münasibətdə qeyd edir ki, AR Müdafiə nazirinin əmri ilə hərbi xidmət dövründə fərqlənən hərbi qulluqçu kimi “Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli medalı ilə təltif olunması, yuxarıda qeyd olunan qanunvericiliyin tələbləri çərçivəsində iddianın təmin edilməsinə əsas vermir. AR İPM-nin 14.3-cü maddəsindən də göründüyü kimi inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi digər iddia növlərindən fərqli olaraq iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Məhkəmə hesab edir ki, iddiaçının hərbi xidmətdə göstərdiyi xidmətlərə və mükafatlandırılmasına baxmayaraq, onun döyüş əməliyyatlarının qanunla müəyyən olunmuş dövründə iştirakı sübuta yetirilmədiyindən, cavabdehin imtinası qanunazidd və iddiaçının hüquqlarını pozan hal kimi qiymətləndirilə bilməz. Odur ki, iddia əsassız olduğundan təmin edilməməlidir. “İnzibati icraat haqqında” Qanunun 11.1-ci maddəsinə əsasən, inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Həmin Qanunun 11.2-ci maddəsinə əsasən, inzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. İPM-in: -52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. -58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. -58.7-ci maddəsinə görə sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. -68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2, 33, 52, 45, 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilməsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Tural Məlikov
Məhkəmə qərarları › İş №2-1(112)-5803/2025
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-5803/2025
03.06.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver