Məhkəmə qərarları › İş №2-1(112)-5805/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-5805/2023

08.06.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-5805/2023 08.06.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayeva Ləman Samir qızının sədrliyi, məhkəmə iclas katibi Əhmədov Rəşad Əhməd oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhər Xətai rayon İcra Hakimiyyətinə qarşı “güzəştli mənzil növbəsinin ada keçirilməsi və bərpa edilməsi” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mərhum həyat yoldaşı X9 vəfatı ilə əlaqədar güzəştli mənzil növbəsinin onun adına keçirilməsi və növbənin müraciət etdiyi xx.xx.2022-ci il tarixdən bərpa edilməsi öhdəliyinin cavabdeh Bakı şəhəri Xətai rayon İcra Hakimiyyətinə həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.

2. Tələb onunla əsaslandırılmışdır ki, o, mərhum həyat yoldaşı X9 vəfatı ilə əlaqədar güzəştli mənzil növbəsinin onun adına keçirilməsi və növbənin 2020-ci il tarixdən bərpa edilməsi barədə Bakı şəhəri Xətai rayonu İcra Hakimiyyətinin Başçısının Aparatına müraciət edərək müvafiq köməklik göstərilməsini xahiş etmişdir. Müraciətinə cavab olaraq xx.xx.2022-ci il tarixdə bildirmişdirlər ki, o, Xətai rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2022-ci il tarixli, 497 saylı sərəncamına əsasən 5 nəfər (özü, 1 oglu, 1 qızı, 2 nəvəsi) ailə tərkibi ilə ümumi əsaslarla mənzil növbəsindəsindədir, ərizədə qeyd eedilən məsələ rayon İcra Hakimiyyətinin səlahiyyəti xaricində olduğundan xahişi təmin etmək imkan xaricindədir. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir.

3. İddiaçının müraciətinə cavab olaraq cavabdeh qurumun xx.xx.2022-ci il tarixli imtina məktubunda bildirilmişdir: “Mərhum həyat yoldaşınızın vəfatı ilə əlaqədar güzəştli mənzil növbəsi Sizin adınıza keçirildiyini bildirərək, növbənizin 2020-ci il tarixdən bərpa edilməsinə müvafiq köməklik göstərilməsini xahiş edirsiniz. Siz Xətai rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2022-ci il tarixli, 497 saylı sərəncamına əsasən 5 nəfər (özü, 1 oğlu, 1 qızı, 2 nəvəsi) ailə tərkibi ilə ümumi əsaslarla mənzil növbəsindəsiniz. Bildirilir ki, ərizənizdə qeyd etdiyiniz məsələ rayon İcra Hakimiyyətinin səlahiyyəti xaricində olduğundan xahişinizi təmin etmək imkanımız xaricindədir.”

4. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 47-ci mаddəsinə uyğun olaraq verilmiş məhkəmə sərəncamı cavabdeh tərəfindən icra edilməmişdir.

5. Аzərbаycаn Rеspublikаsının İnzibati Prosessual Məcəlləsinin 62.3-ci mаddəsinə görə iştirаkı оlmаdаn işə bахılmаsının və iş üzrə qərаr qəbul еdilməsinin mümkünlüyü bаrədə хəbərdаr еdilmiş və məhkəmə iclasının vaxtı, yeri barədə lazımi qaydada məlumat verilmiş cavabdeh məhkəmə bахışınа öz nümаyəndəsini göndərməmişdir. Оdur ki, məhkəmə işə şifahi məhkəmə baxışı iclasında onun iştirakı olmadan baxılmasını və məhkəmə qərarı qəbul edilməsini mümkün hesab etmişdir.

6. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək iddianın məzmununa uyğun izahat verdi və iddianın təmin olunmasını məhkəmədən xahiş etdi.

II. İddianın növü və mümkünlüyü

7. İddianın növü məcburetmə haqqında iddiadır.

8. “İnzibati icraat haqqında” Qanunun 1.2-ci maddəsinə əsasən, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur.

9. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.

10. İPM-in 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur.

11. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 13-cü maddəsinə əsasən konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. Əvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda, həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir.

12. Məhkəmə qeyd edir ki, inzibati icraat çərçivəsində “inzibati aktın qəbulu”ndan imtina, “inzibati aktın qəbulu ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi”ndən imtinadan inzibati münasibətlərin bəzi səciyyəvi xüsusiyyətləri istisna olmaqla mahiyyət etibarı ilə (hər ikisi publik hüquq sahəsində inzibati orqanın imtinası və ya hərəkətsizliyindən yaranır) fərqlənmir. Həmin münasibətlər oxşar olduğundan, onlardan yaranan mübahisələr də oxşar qiymətləndirilir. Belə olan halda, “qanunun analogiyası”ndan istifadə zəruridir. Məhkəmənin qənaətinə görə inzibati məhkəmə icraatında “öhdəliyin icrası haqqında” iddialarda da İPM-in 73.1-ci maddəsi tətbiq oluna bilər.

13. İPM-in 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.

14. İddia mümkündür. Belə ki, iddiaçı iddia tələbini düzgün cavabdehə irəli sürmüş, iddia müddətinə əməl etmiş və iddia qaldırmaqda subyektiv hüquqa malik olmuşdur.

III. Məhkəmə tərəfindən tədqiq edilmiş sənədlər

15. Bakı şəhər Xətai rayon İcra Hakimiyyəti başçısının xx.xx.2022-ci il tarixli sərəncamından çıxarışa əsasən, Vət.X10 6 nəfər (özü, h/yoldaşı, 1 oğlu, 1 qızı, 2 nəvəsi) ailə tərkibi ilə yaşayış yeri üzrə mənzil növbəsinə alınması və 1-ci dərəcə gözdən əlil kimi güzəştli siyahıya daxil edilməsi qərara alınmışdır.

16. Bakı şəhər Xətai rayon İcra Hakimiyyəti başçısının xx.xx.2022-ci il tarixli sərəncamına əsasən, X2 vəfatı ilə əlaqədar yaşayış yeri üzrə olan mənzil növbəsinin 5 nəfər (özü, 1 oğlu, 1 qızı, 2 nəvəsi) ailə tərkibi ilə həyat yoldaşı İddiaçı adına dəyişdirilməsi və onun xx.xx.2022-ci il tarixdən ümumi əsaslarla yaşayış yeri üzrə mənzil növbəsi siyahısında hesab edilməsi qərara alınmışdır.

17. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasında müayinəyə dair məlumata əsasən X13 xx.xx.2020-ci il tarixdən müddətsiz birinci dərəcəli əlillik təyin edilmişdir.

18. 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli daşınmaz əmlakın dövlət reyestrindən arayışa əsasən İddiaçı adına daşınmaz əmlak aşkar edilməmişdir.

19. 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli daşınmaz əmlakın dövlət reyestrindən arayışa əsasən X3 adına daşınmaz əmlak aşkar edilməmişdir.

20. Bakı şəhəri Xətai rayon Bələdiyyəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayışa əsasən İddiaçı, X14, X1 adına Bakı şəhəri Xətai rayon Bələdiyyəsi tərəfindən torpaq sahəsi ayrılmamışdır.

21. 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli daşınmaz əmlakın dövlət reyestrindən arayışa əsasən X10 adına ünvan 1 (4 otaq, ü/s 87.19 kv.m y/s 63.32 kv) ünvanında yerləşən daşınmaz əmlak aşkar edilmişdir.

22. Daxili İşlər Nazirliyinin yaşayış yeri üzrə qeydiyyat haqqında arayışına əsasən X8, X7, X4, X15, X6, İddiaçı, X14, ünvan 1 ünvanında yaşayış yeri üzrə qeydiyyatdadırlar.

23. AZ-İİ 291499 nömrəli ölüm haqqında şəhadətnamənin surətinə əsasən X17 xx.xx.2022-ci il tarixdə vəfat etmişdir.

24. X5 və X14 tərəfindən Xətai rayon İcra Hakimiyətinə ünvanlanan notarial qaydada təsdiq olunmuş ərizələrdən görünür ki, atası X13 təyin edilmiş güzəştli mənzil növbəsinin anası İddiaçı adına keçirilməsinə etiraz etmirlər.

IV. Məhkəmənin mövqeyi

25. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunu: 31.1. əlilliyi olan şəxsin yaşayış sahəsinə ehtiyacı olan hesab edilməsinin əsasları və yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması qaydaları Azərbaycan Respublikasının Mənzil Məcəlləsi ilə müəyyən edilir. 31.2. Yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində uçota alınmış əlilliyi olan şəxs vəfat etdiyi halda həmin uçot onun ailə üzvləri üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş qaydada saxlanılır.

26. Mənzil Məcəlləsindən: 48.1. Sosial kirayə müqavilələri əsasında bu Məcəllə ilə və digər qanunvericilik aktları ilə müəyyən edilmiş əsaslarla yaşayış sahələrinə ehtiyacı olan hesab edilən aztəminatlı vətəndaşlara, o cümlədən sosial müdafiəyə ehtiyacı olan aztəminatlı gənclərə dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri verilir. 48.2. Qanunla başqa qayda nəzərdə tutulmayıbsa, dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri sosial kirayə müqavilələri əsasında göstərilən kateqoriyalardan olan vətəndaşlara bu Məcəllədə müəyyənləşdirilmiş qaydada verilir. 49.5. Dövlət mənzil fondunun yaşayış sahələri ilə təmin edilmə məqsədləri üçün uçot norması müvafiq icra hakimiyyəti orqanı tərəfindən, bələdiyyə mənzil fondunun yaşayış sahələri ilə təmin edilmə məqsədləri üçün isə uçot norması müvafiq bələdiyyə tərəfindən müəyyən edilir. Bu normanın ölçüsü həmin orqanın və ya bələdiyyənin müəyyən etdiyi ayrılma normasının ölçüsündən artıq ola bilməz. 50.1. Aşağıdakı vətəndaşlar sosial kirayə müqaviləsi əsasında verilən yaşayış sahələrinə ehtiyacı olan (bundan sonra – yaşayış sahəsinə ehtiyacı olan) hesab edilir: 50.1.2. sosial kirayə müqaviləsinə əsasən kirayəçi və ya sosial kirayə müqaviləsi əsasında kirayəçinin ailə üzvləri və ya yaşayış sahəsinin mülkiyyətçisi və ya yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvləri olan və uçot normasından az ailə üzvlərinin adambaşına düşən yaşayış sahəsinin ümumi sahəsi ilə təmin olunan vətəndaşlar; 51.1. Bu Məcəllə ilə müəyyən edilmiş hallar istisna olmaqla, sosial kirayə müqaviləsinə əsasən yaşayış sahələri yaşayış sahələrinə ehtiyacı olan qismində uçota alınmış vətəndaşlara verilir. 51.2. Yaşayış sahəsinə ehtiyacı olan hesab edilə bilən bu Məcəllənin 48-ci maddəsində göstərilən kateqoriyalardan olan vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququ vardır. Əgər vətəndaşın göstərilən uçotda bir neçə əsaslara (aztəminatlı vətəndaş və ya qanunvericiliklə müəyyən edilən digər kateqoriyaya aid vətəndaş kimi) görə durmaq hüququ varsa, həmin vətəndaş özünün mülahizəsinə görə göstərilən əsaslardan biri üzrə və ya bütün əsaslar üzrə uçota alına bilər. 51.3. Vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması onların yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanına və ya bələdiyyə orqanına təqdim etdikləri ərizələri (bundan sonra – uçota alınma haqqında ərizə) əsasında həmin orqan (bundan sonra – uçota alınmanı həyata keçirən orqan) tərəfindən həyata keçirilir. Qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada vətəndaşlar uçota alınma haqqında ərizələri yaşayış yeri üzrə deyil, digər yer üzrə verə bilərlər. Fəaliyyət qabiliyyəti olmayan vətəndaşların uçota alınması onların qanuni nümayəndələri tərəfindən verilən uçota alınma haqqında ərizələr əsasında həyata keçirilir. 51.4. Uçota alınma haqqında ərizə ilə birlikdə müvafiq vətəndaşların yaşayış sahələrinə ehtiyacı olan qismində uçota durmaq hüququnu təsdiq edən sənədlər təqdim edilməlidir. Uçota alınma haqqında ərizəni təqdim edən vətəndaşa uçota alınmanı həyata keçirən orqan tərəfindən qəbul edilən sənədlərin siyahısı və sənədlərin qəbuletmə tarixi barədə qəbz verilir. 51.5. Uçota alınma və ya uçota almaqdan imtina haqqında qərar uçota alınmanı həyata keçirən orqan tərəfindən bu Məcəllənin 51.4-cü maddəsində göstərilən uçota alınma haqqında ərizənin və digər sənədlərin baxılmasının nəticələri əsasında sənədlərin həmin orqana təqdim edildiyi gündən otuz iş günündən gec olmayaraq qəbul edilməlidir. 51.6. Uçota alınmanı həyata keçirən orqan uçota alınma haqqında qərar qəbul etdiyi gündən üç iş günündən gec olmayaraq belə qərarın qəbul edilməsini təsdiqləyən sənədi uçota alınma barədə ərizə vermiş vətəndaşa təqdim edir və ya göndərir. 51.7. Vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçotunun aparılması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

27. Mənzil Məcəlləsinin 49.5-ci maddəsinə əsasən, dövlət mənzil fondunun yaşayış sahələri ilə təmin edilməsi məqsədləri üçün uçot norması müəyyən edilməmiş, lakin “Sosial kirayə müqaviləsi əsasında dövlət mənzil fondunun yaşayış sahəsinin ayrılma normasının müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 noyabr 2019-cu il tarixli 459 nömrəli Qərarına əsasən sosial kirayə müqaviləsi əsasında dövlət mənzil fondunun yaşayış sahəsinin ayrılma norması Azərbaycan Respublikasının inzibati ərazi vahidləri üzrə nail olunmuş sosial kirayə müqavilələri əsasında verilən dövlət mənzil fondunun yaşayış sahələri ilə təminolunma səviyyəsindən və digər amillərdən asılı olaraq, 16 kvadratmetr müəyyən edilmişdir.

28. “Yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində uçota alınmış əlilliyi olan şəxs vəfat etdiyi halda həmin uçotun onun ailə üzvləri üçün saxlanılması Qaydası”nın təsdiq edilməsi haqqında Nazirlər Kabinetinin xx.xx.2019-cu il tarixli, 322 nömrəli Qərarı: 2.1. Əlilliyi olan şəxsin uçotunun saxlanılması məqsədilə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1159-cu maddəsinə uyğun olaraq vərəsələrin növbəliliyi nəzərə alınmaqla, ailə üzvlərinin birgə razılığı əsasında ailənin yetkinlik yaşına çatmış üzvlərindən biri (bundan sonra - təmsilçi) əlilliyi olan şəxsin vəfat etdiyi gündən etibarən 3 (üç) ay müddətində uçota alınmanı həyata keçirən orqana və ya “Şəhid ailələri üzvlərinin, müharibə ilə əlaqədar xəsarət almış hərbi qulluqçuların və əlilliyi müəyyən edilmiş şəxslərin müraciətləri üzrə vahid əlaqələndirmə mərkəzlərinə (bundan sonra – Mərkəz) bu Qaydaya 1 nömrəli əlavədə nəzərdə tutulmuş formada ərizə ilə müraciət edir. 2.2. Ərizə ilə birlikdə uçota alınmanı həyata keçirən orqana və ya Mərkəzə aşağıdakı sənədlər təqdim edilir: 2.6. Uçota alınmış təmsilçinin təqdim etdiyi sənədlər əlilliyi olan şəxs uçota alınarkən onun üçün açılmış uçot işinə əlavə edilir.

29. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddiaçının həyat yoldaşı vəfat etdikdən sonra o, xx.xx.2022-ci il tarixdə cavabdeh quruma ərizə ilə müraciət edərək, mərhum həyat yoldaşının əvəzinə uçota alınmağına köməklik göstərilməsini xahiş etmişdir. Cavabdeh isə əlilliyi olan şəxsin uçotunun saxlanılması əvəzinə iddiaçıya ümumi əsaslarla xx.xx.2022-ci ildə X2 vəfatı ilə əlaqədar yaşayış yeri üzrə olan mənzil növbəsinin 5 nəfər (özü, 1 oğlu, 1 qızı, 2 nəvəsi) ailə tərkibi ilə həyat yoldaşı İddiaçı adına dəyişdirilməsi və onun xx.xx.2022ci il tarixdən ümumi əsaslarla yaşayış yeri üzrə mənzil növbə siyahısında hesab edilməsi barədə sərəncam vermişdir.

30. Məhkəmə hesab edir ki, cavabdeh qurumun imtinası iddiaçının qanunla qorunan hüquqlarını pozur. Belə ki, Nazirlər Kabinetinin xx.xx.2019-cu il tarixli, 322 nömrəli Qərarında qeyd edildiyi kimi, yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində uçota alınmış əlilliyi olan şəxs vəfat etdikdə həmin uçot onun ailə üzvləri üçün olduğu kimi saxlanılmalıdır.

31. İPM-in 52-ci maddəsinə əsasən, məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.

32. İPM-in 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

33. Qeyd olunanları nəzərə alaraq məhkəmə belə qənaətə gəlir ki, iddia əsaslı olduğundan təmin edilməli, İddiaçı mərhum həyat yoldaşı X9 vəfatı ilə əlaqədar güzəştli mənzil növbəsinin onun adına keçirilməsi və növbənin iddiaçının müraciət etdiyi xx.xx.2022-ci il tarixdən bərpa edilməsi öhdəliyi cavabdeh Bakı şəhəri Xətai rayon İcra Hakimiyyətinin üzərinə qoyulmalıdır.

34. Göstərilənlərə əsasən və İPM-in 2.3, 13, 52, 68, 69, 75, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARAALDİ:

İddia tələbi təmin edilsin. İddiaçı mərhum həyat yoldaşı X9 vəfatı ilə əlaqədar güzəştli mənzil növbəsinin onun adına keçirilməsi və növbənin iddiaçının müraciət etdiyi xx.xx.2022-ci il tarixdən bərpa edilməsi öhdəliyi cavabdeh Bakı şəhəri Xətai rayon İcra Hakimiyyətinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.

Hakim Ləman Musayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar