Məhkəmə qərarları › İş №2-1(112)-5807/2020

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-5807/2020

08.09.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-5807/2020 08.09.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ X1 Oruczadənin sədrliyi, Məhkəmə iclas katibi Yasəmən Fərman qızı Cəfərovanın katibliyi, Tərəflərin iştirakı olmadan, İddiaçı cavabdeh "xxxx" ASC-nə qarşı “problemli kredit üzrə borcun restrukturizasiya edilməsinə və alqı-satqı müqaviləsinin, həmçinin mülkiyyət hüququ ilə bağlı dövlət qeydiyyatının etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh "xxxx" ASC-nə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanı üzrə 8807 ABŞ dollar borcun Problemli kedit üzrə restrukturizasiya edilməsi və 42/06 nömrəli 28 iyun 2019-cu il tarixli hərracın yekunlarına dair alqı-satqı müqaviləsinin və mülkiyyət hüququ ilə bağlı 03.02.2020-ci il tarixli, ********** nömrəli dövlət qeydiyyatının etibarsız hesab edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İş üzrə məhkəmə hazırlıq icraatının iclası 08 sentyabr 2020-ci il tarixə təyin edilmişdir. Məhkəmə İPM-in 13-cü (Məhkəmənin yardım etmək vəzifəsi) maddəsini rəhbər tutaraq iddiaçıya “hüquqi yardım” məktubu göndərərək, iddia tələbinin və cavabdehin dəqiqləşdirilməsi zəruri olduğu bildirilmiş və iş üzrə 08.09.2020-ci il tarixə təyin edilmiş məhkəmə iclasında mümkünlük məsələsinin araşdırılacağını bildirmişdir. Sözügedən məktub iddiaçının ünvanına göndərilmiş və poçt xəbərnaməsinə əsasən, 28 avqust 2020ci il tarixdə “İbrahimov İlqar” adlı şəxsə təqdim olunmuşdur. Lakin, iddiaçı məhkəmə iclasında iştirak etməmiş, bunun səbəbləri barədə məhkəməyə məlumat verməmiş və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəni məhkəməyə təqdim etməmişdir. Məhkəmə iş materiallarını araşdırıb aşağıdakı əsaslara görə hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, işin faktiki hallarından görünür ki, "xxxx" ASC-nin Gəncə filialı ilə İddiaçı arasında 14 avqust 2015-ci il tarixdə 141/HE/KM-2 saylı kredit müqaviləsi bağlanmış, müqaviləyə əsasən İddiaçı illik 24 faiz dərəcəsi olmaqla 36 ay müddətinə 10.000 ABŞ məbləğində kredit verilmiş, həmin kredit müqaviləsinin təminatı kimi 14 avqust 2015-ci il tarixdə "xxxx" ASC-nin Gəncə filialı ilə İddiaçı arasında ipoteka müqaviləsi bağlanmışdır. İddiaçının müraciəti əsasında "xxxx" ASC-nin Mərkəzi Banka ünvanlanmış 26 dekabr 2019-cu il tarixli, 73 saylı məktubunda göstərilmişdir ki, vətəndaş İddiaçı məlum fərmana əsasən kreditin restrukturizasiyasıyla bağlı portalda elektron apelyasiya müraciəti etmiş və bunun əsasında MBNP tərəfindən 26.04.2019-cu il tarixində Banka sorğu daxil olmuşdur. Daxil olmuş sorğuya cavab olaraq, həmin hün Bankdan tələb olunan sənədlər (kredit müqaviləsi, ödəniş qrafiki, şəxsiyyət vəsiqəsi və tələb olunan hesabdan çıxarışlar) kredit üzrə gecikmə günlərinə düzəliş edilməsi məqsədilə müvafiq qaydada MBNP-yə göndərilmişdir. Bir müddətdən sonra müraciətçi Banka dəvət olunaraq AKB sistemində yoxlanılmış və məlum olmuşdur ki, gecikmə günlərinə sistemdə düzəliş edilmişdir. Bununla əlaqədar Palata tərəfindən restrukturizasiya olunacaq müştərilərin yeni siyahısı Banka təqdim edilənədək müraciətçiyə gözləmək tövsiyyə olunmuşdur. Sözü gedən siyahı təqdim olunduqda Bank tərəfindən müvafiq qaydada icrası təmin ediləcəkdir. Qeyd olunanlardan birmənalı olaraq göründüyü kimi, hazırki işin mübahisələndirilən halları iddiaçının 8807 ABŞ dollar borcunun Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanı üzrə restrukturizasiya edilməsi, hərracın yekunlarına dair alqı-satqı müqaviləsinin və mülkiyyət hüququ ilə bağlı 03.02.2020-ci il tarixli, ********** nömrəli dövlət qeydiyyatının etibarsız hesab edilməsi ilə bağlıdır. Məhkəmə İPM-in 1.1-ci maddəsinin tələbi baxımından, ilk öncə onu qeyd edir ki, inzibati qaydada qaldırılan iddianın ilkin mümkünlük şərti inzibati hüquq münasibətlərindən yaranmasıdır. Məhkəmə ilk öncə qeyd etmək istəyir ki, iddiaçının iddia tələbi 3 hissədən ibarətdir:

1. Kredit borcu üzrə borc məbləğini Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanı əsasında restrukturizasiya edilməsi

2. Hərracın yekunlarına dair alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi

3. Mülkiyyət hüququ ilə bağlı dövlət qeydiyyatının etibarsız hesab edilməsi Məhkəmə iddiaçının iddia tələbinin birinci hissəsinə münasibət bildirir. Belə ki, Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikasının Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanının 6 və 6.1-ci bəndlərinə əsasən, banklara tövsiyə edilmişdir ki, bu Fərmanın 7.1-ci bəndində nəzərdə tutulan siyahı üzrə vaxtı keçmiş kredit borcu olan fiziki şəxslərə yeni güzəştli kredit müqaviləsi bağlanmasını təklif olunsun. Həmin Fərmanın 7.1-ci bəndinə əsasən, palata kompensasiya ödənişləri və restrukturizasiya ilə bağlı məlumatların fiziki şəxslər və kredit təşkilatları üçün əlçatalığının təmin olunması və onlar tərəfindən həmin məlumatların onlayn rejimdə əldə edilməsi məqsədilə elektron portal (bundan sonra – Portal) yaradır. Fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizminin və həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştlərin müəyyən edilməsi haqqında 27 mart 2019-cu il tarixli Qaydalarının 6.3-cü bəndinə əsasən, kredit borcunun restrukturizasiya olunması məqsədilə fiziki şəxslə kredit təşkilatı arasında yeni güzəştli kredit müqaviləsi bağlanır “Maliyyə xidmətləri bazarında tənzimləmə və nəzarət sisteminin idarəedilməsinin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikasının Prezidentinin 28 noyabr 2019cu il tarixli Sərəncamının 1-ci bəndinə əsasən, Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası ləğv edilmiş və Azərbaycan Respublikasının qanunlarında maliyyə bazarlarına nəzarət orqanının müəyyən edilmiş səlahiyyətləri, o cümlədən onun maliyyə xidmətləri bazarında lisenziyalaşdırma, tənzimləmə və nəzarət, investorların və maliyyə xidmətləri istehlakçılarının hüquqlarının qorunması sahəsində vəzifə və hüquqları, habelə əmlakı Azərbaycan Respublikasının Mərkəzi Bankına verilmişdir. Məhkəmə ilk öncə qeyd etmək istəyir ki, restrukturizasiya dedikdə, kredit təşkilatı tərəfindən əsas kredit borclarının ödənilməsi məqsədilə fiziki şəxslərə güzəştli kreditlərin rəsmiləşdirilməsi başa düşülür. Fərmanda göstərilən tələblərə cavab verən kredit müqaviləsi üzrə vaxt keçmiş kredit borcları yeni müqavilə ilə rəsmiləşdirilir. Bu zaman yeni kredit müqaviləsinin şərtlərinə əsasən kredit öhdəlikləri icra olunmağa davam edir. Məhkəmə qeyd edir ki, ümumiyyətlə, kredit müqaviləsinə restrukturizasiya edilməsi qanunvericiliyin tələblərinə, həmçinin Fərmana əsasən, kredit təşkilatı və borc alan arasında bağlanır. Lakin, borc alanın kredit müqaviləsinə restrukturizasiya edilməsi üçün, onun Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanının təsiri altına düşməsi və siyahıda göstərilməsi zəruridir. Hazırki iddia tələbi üzrə cavabdeh qismində göstərilmiş "xxxx" ASC Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə təsdiq edilmiş “İnzibati orqanların Təsnifatı”na inzibati orqan kimi daxil edilməmişdir. Məhkəmə tərəfindən internet vergi xidmətinin kommersiya qurumlarının dövlət reyestrinə daxil edilmiş məlumata əsasən müəyyən edilmişdir ki, "xxxx" ASC-nin hüquqi ünvanı ünvan 1rə mövcud olmuş mübahisə ilə bağlı İddiaçı ilk öncə Azərbaycan Respublikası Mərkəzi Banka müraciət etməli olduğu halda, hazırki iddia tələbi ilə cavabdeh qismində inzibati orqanların təsnifatına dail olmayan hüquqi şəxs olan "xxxx" ASC-ni göstərərək, tələbi düzgün olmayan cavabdehə qarşı yönəltmişdir. Bu səbədən, iddia tələbi həmin hissədə təmin olunmamalıdır. İddiaçının iddia tələbinin ikinci və üçüncü hissələrinə münasibət bildirərək Məhkəmə qeyd edir ki, qüvvədə olan daşınmaz əmlakın dövlət reyestrindən çıxarış o vaxt mübahisələndirilə bilər ki, ona əsas verən ilkin hüquqmüəyyənedici sənədlər ləğv və ya məhkəmə qaydasında etibarsız hesab edilsin. İşin faktiki halllarından da göründüyü kimi, mübahisənin kökündə mülki hüquq münasibəti (hərraclarını yekununa dair alqı-satqı) durur. Mübahisələndirilən çıxarış alqı-satqı müqaviləsi əsasında qeydiyyata alınmışdır. Alqı-satqı müqaviləsi isə tərəflər arasında bağlanmış mülki əqddir. Alqı-satqı müqaviləsi inzibati akt deyil, mülk əqd olduğundan, həmin əqdin etibarsızlığı ilə məsələ qaldırıldıqda, həmin məsələnin həlli Mülki Məcəllənin tələbləri ilə tənzimlənir. İnzibati hüquqi akt dedikdə, inzibati münasibətləri tənzimləyən və ya konkret inzibati məsələni (mübahisəni) həll edən, hüquq subyektlərinin yeni hüquqi statusunu müəyyənləşdirən, səlahiyyətli orqan və ya vəzifəli şəxslər tərəfindən inzibati qaydada qəbul edilən (idarəetmə prosesi çərçivələrində), idarəçilik funksiyalarının həyata keçirilməsi və onun məqsədlərinə nail olmaq üçün qəbul edilən akt başa düşülür. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun) 2.1-ci maddəsində göstərilir ki, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün), başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 8.0.3-cü maddəsinə əsasən, daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı. daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.3 və 178.1-ci maddələrində qeyd edilmişdir ki, dövlət qeydiyyatına alınmalı olan hüquqlar, qanunda digər qayda nəzərdə tutulmadığı halda, qeydiyyata alındığı andan yaranır. Şəxsin mülkiyyət hüququ faktiki olaraq onun adına əmlakın DƏDRX-də qeydiyyata alındığı andan yaranır. Daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış isə həmin qeydiyyatı əks etdirən sənəddir və hər bir halda inzibati akt kimi qiymətləndirilə bilməz. AR Konstitusiya Məhkəməsi Plenumunun “Daşınmaz əmlakın dövlət reyestri haqqında”AR Qanununun 2.1-ci və AR İPM-nin 2.2 və 2.2.1-ci maddələrinin şərh edilməsinə dair 19 may 2014-cü il tarixli qərarında qeyd edilmişdir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında“ Qanunun 2.1 və 12-ci maddələrinin, habelə MM-in 140-cı maddəsinin tələblərinə görə daşınmaz əmlakın reyestrdə qeydiyyatı mülkiyyətçinin həmin əmlaka mülkiyyət hüququ prezumpsiyasını yaradır. Belə ki, müvafiq inzibati orqan mülkihüquqi münasibəti, yəni mülki-hüquqi hərəkətin nəticəsini təsdiq edir. Bu isə DƏDRX-də qeydiyyata alınan daşınmaz əmlakın mülkiyyətçisinin mülkiyyət hüququ və digər məhdud əşya hüququnun prezumpsiyasını yaradır. Beləliklə, daşınmaz əmlakın icarəsi nəticəsində daşınmaz əmlakın dövlət reyestrində aparılan qeydiyyat inzibati orqanın fəaliyyətinin ümumi (publik) hüquqa aid olan hərəkəti hesab edilsə də, təbiətinə görə daha çox mülki xarakterli münasibətlərin nəticəsi kimi ifadə olunur. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Ərazi İdarələri tərəfindən verilən daşınmaz əmlakın dövlət reyestrindən çıxarış ilə bağlı inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən irəli gələn mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxılır. Əmlak hüquqları ilə bağlı mübahisələrdə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarələri tərəfindən verilən Daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə müvafiq olaraq daşınmaz əmlaka hüquqların təsdiq edilməsi barədə hüquqi akt hesab edildiyindən, həmin işlərə mülki məhkəmə icraatı qaydasında baxılır. İPM-in 35.1-ci maddəsinin tələbinə görə Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məcəllənin qeyd olunan normaları mənası baxımından belə təfsirə malikdir ki, inzibati icraat qaydasında baxılan istənilən iddia-inzibati icraat qaydalarına müvafiq olan iddia növünə uyğun olmalı, subyektiv hüququ olan şəxs tərəfindən qanunla müəyyən edilən iddia müddətləri daxilində və müvafiq cavabdehlik daşıyan inzibati orqana qarşı qaldırılmalı, qanunla qorunan hüquq və azadlıqların pozuntusu sübutlar da əlavə olunmaqla əsaslandırılmalıdır ki, məhkəmə icraatı mümkün sayılıb baxıla bilsin. Əks təqdirdə, məhkəmə tərəfindən iddianın mümkün sayılmaması barədə qərardad çıxarılır. Konkret halda isə hazırki iddianın inzibati məhkəmə icraatının mümkünlüyü şərtləri öz təsdiqini tapmır. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 4 №-li Qərarının 15-ci bəndində nəzərdə tutulmuşdur: Azərbaycan Respublikası İPM-in 8.2-ci maddəsinə əsasən, predmet və ya ərazi aidiyyəti üzrə mübahisəyə baxılması onun səlahiyyətinə aid olmadığı hallarda, məhkəmə tərəfləri dinlədikdən sonra bağlı işi aidiyyəti üzrə müvafiq səlahiyyətli məhkəməyə göndərir. Bu zaman nəzərə alınmalıdır ki, İPM-in 8.2-ci maddəsində işin səlahiyyətli məhkəməyə göndərilməsi dedikdə, məhz inzibati mübahisə üzrə işə İPM-in müddəalarına uyğun olaraq baxmağa səlahiyyətli olan inzibati məhkəməni nəzərdə tutulur. Belə ki, mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan işlərin aidiyyəti üzrə göndərilməsi İPM-də nəzərdə tutulmamışdır. Bu səbəbdən mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır. Mübahisənin aidiyyəti müəyyənləşdirilərkən tərəflərin,cavabdehə hələ təqdim edilməmiş iddia ərizələrinə münasibətdə isə, iddiaçının dinlənilmə hüququ məhkəmə tərəfindən təmin olunmalıdır. Qeyd olunanlara əsasən Məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı cavabdeh "xxxx" ASCnə qarşı “problemli kredit üzrə borcun restrukturizasiya edilməsinə və alqı-satqı müqaviləsinin, həmçinin mülkiyyət hüququ ilə bağlı dövlət qeydiyyatının etibarsız hesab edilməsi”nə dair iddiası mümkün sayılmamalıdır. Məhkəmə izah edir ki, iddiaçı hazırki iddia tələbinin birinci hissəsi ilə bağlı Azərbaycan Respublikası Mərkəzi Bankına müraciət etməli, müraciətinə imtina cavabı verildiyi halda, hazırki iddia tələbi ilə cavabdehi dəqiqləşdirdikdən sonra məhkəməyə müraciət etməlidir. İddia tələbinin ikinci və üçüncü hissələri ilə bağlı isə, iddiaçı müvafiq olaraq aidiyyəti üzrə ümumi məhkəməyə müraciət etməlidir. İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Göstərilənlərə əsasən və İPM-in 2.2-ci, 23-cü və 35-ci maddələrini rəhbər tutaraq, Məhkəmə

qərara aldı:

İddiaçı cavabdeh "xxxx" ASC-nə qarşı “problemli kredit üzrə borcun restrukturizasiya edilməsinə və alqı-satqı müqaviləsinin, həmçinin mülkiyyət hüququ ilə bağlı dövlət qeydiyyatının etibarsız hesab edilməsi” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan tərəflərə təqdim edildiyi gündən 10 gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər.

Hakim : Aytən Oruczadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar