Məhkəmə qərarları › İş №2-1(112)-5809/2022

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-5809/2022

12.04.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-5809/2022 12.04.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Resyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı «torpaq sahəsinə dair mülkiyyət hüquqlarının qeydiyyata alınaraq çıxarışın və plan ölçünün tərtib edilərək verilməsi» tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ: Hakim Əliyev Elvin Əhəd oğlunun sədrliyi ilə, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı «torpaq sahəsinə dair mülkiyyət hüquqlarının qeydiyyata alınaraq çıxarışın və plan ölçünün tərtib olunaraq verilməsi» dair iddia ərizəsinin mümkünlüyü məsələsinə 12 aprel 2022-ci il tarixdə Bakı İnzibati Məhkəmənin inzibati binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. TƏSVİRİ HİSSƏ: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək Bakı şəhəri, Buzovna qəsəbəsində 104 №li sahədə sahəsi 1200 kv.m. torpaq sahəsinin faktiki yerləşmə yerinə uyğun olaraq daşınmaz əmlakın dövlət reyestrində onun adına qeydə alınması və hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış və plan ölçünün tərtib edilərək verilməsini cavabdehin üzərinə qoyulmasına dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İş Bakı İnzibati Məhkəməsinin icraatına qəbul edildikdən sonra İPM-in 47 və 49-cu maddəsinin tələblərinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmışdır. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Əzizbəyov (indiki Xəzər) rayon İcra Hakimiyyəti Başçısının 124 saylı, xx.xx.1997-ci il tarixli sərəncamı ilə ona Bakı şəhəri, Buzovna qəsəbəsində 104 №-li sahədə fərdi ev tikintisi üçün 1200 kvm torpaq sahəsinin ayrılması və evin tikintisinin 185-000-111 s tipli layihə əsasında aparılması qərara alınmışdır. Əzizbəyov (indiki Xəzər) rayon İcra Hakimiyyəti Başçısının 124 saylı, 07 fevral 1997-ci il tarixli sərəncamı əsasında ayrıc aktı tərtib edilərək qonşu sərhədlər müəyyən edilmiş və 104 saylı sahənin cigisi və xəritədən çıxarış iddiaçıya təhvil verilmişdir. Həmin sərəncama müvafiq olaraq göstərilən ünvanda iddiaçı tərəfindən yaşayış evi inşa edilmişdir. Mübahisə predmeti olan torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq daşınmaz əmlakın dövlət reyestrindən çıxarış və plan ölçünün tərtib edilərək verilməsi üçün Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 Saylı Bakı Ərazi İdarəsinə müraciət etmiş, lakin, cavabdeh tərəfindən imtina cavabı almışdır. Cavabdeh DƏDRX-nin 17 aprel 2020-ci il tarixli məktubu ilə ona bildirilmişdir ki,təqdim edilmiş Əzizbəyov (Xəzər) rayon İcra Hakimiyyəti Başçısının 124saylı, 07 fevral1997-ci il tarixli sərəncamı əsasında İddiaçı adına 1150,0 kvm torpaq sahəsinin mülkiyyət hüququna dair keçmiş DTXK tərəfindən JN-19867D (Kod: ********) saylı şəhadətnamə verilmiş və özgəninkiləşdirilmişdir. Belə ki, şərh olunduğu kimi, Əzizbəyov (indiki Xəzər) rayon İcra Hakimiyyəti Başçısının 124 saylı, 07 fevral 1997-ci il tarixli sərəncamı ilə Bakı şəhəri, Buzovna qəsəbəsində 104 №-li sahədə fərdi ev tikintisi üçün 1200 kvm torpaq sahəsinin ayrılması və evin tikintisini 185-000-111 s tipli layihə əsasında aparılması qərara alınmışdır. Göstərilən sərəncam əsasında ayrıc aktı tərtib edilmiş sahə faktiki olaraq yerində ona təhvil verilərək qonşu sərhədlər müəyyən edilmiş və 104 saylı sahənin cigisi və xəritədən çıxarış ona təhvil verilmişdir. Həmçinin həmin sərəncamın icrası qaydasında həmin sərəncama müvafiq olaraq göstərilən ünvanda onun tərəfindən yaşayış evi inşa edilmişdir. Göründüyü kimi, Bakı şəhəri, Buzovna qəsəbəsində 104 №-li sahədə fərdi ev tikintisi üçün ona ayrılmış 1200 kvm torpaq sahəsi onun ayrıldığı 07 fevral 1997-ci il tarixdən faktiki olaraq iddiaçının istifadəmdədir və qonşu torpaqlarla əhatə olunur. Odur ki, işin bu cür halında keçmiş DTXK tərəfindən verilmiş (Kod: ********) saylı şəhadətnamə ona ayrılmış torpaq sahəsinə aid edilə bilməz. Odur ki, cavabdehin imtinası faktiki vəziyyətə və işin həqiqi hallarına uyğun deyildir. İddiaçı hesab edir ki, cavabdehin imtinası əsassızdır. Qeyd olunanlara əsasən iddiaçı iddia tələbinin təmin edilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin tələblərinə əsasən qanuna müvafiq prosessual hərəkətlər edilərək iş üzrə məhkəmə baxışı iclası 12.04 2022ci il tarixə təyin edilmiş və bu barədə tərəflərə lazımi qaydada məlumat verilmişdir. Həmin tarixli məhkəmə iclasında məhkəmə iddianın mümkünlük məsələsini həll etməyi zəruri saymışdır. Məhkəmə iclasında iştirak edən cavabdehin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi F.Əlizadə iddiaya dair yazılı etiraz təqdim etmədən bildirmişdir ki, eyni əsaslar üzrə iddiaçının iddiası ilə bağlı məhkəmə qərarı mövcuddur. Hazırkı tələb digər məhkəmə mübahisəsinin predmeti olmuş və həmin işin nəticəsində iddia tələbi təmin edilməmişdir. Odur ki, hazırkı iddianın mümkün sayılmamasını xahiş etmişdir. Şifahi məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunmuş iddiaçı məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunmuş iddiaçının iştirakı olmadan işə baxaraq, iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, iddiaçıya iş üzrə təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılması və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişdir. (İPM-nin 62.3-cü maddəsinə əsasən) ƏSASLANDİRMA HİSSƏSİ: Məhkəmə tərəfin izahatını dinləyərək, iddia ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, iddiaya Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin müddəalarına uyğun olaraq inzibati icraat qaydasında baxılması qeyri-mümkün sayılmalıdır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı eyni iddia tələbi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmiş Bakı İnzibati Məhkəmənin 2-1(112)-3008/2021 saylı xx.xx.2021-ci il tarixli qərarı ilə iddia təmin edilməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.2-ci maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa iş üzrə icraata xitam verilir. Qeyd olunanlardan göründüyü kimi, iddiaçı eyni məhkəmədə eyni tərəfə qarşı, eyni iddia ilə əvvəl də iddia qaldırmış və iddia təmin edilməmişdir. Hazırda iddiaçı yenidən eyni tələblə eyni tərəfə qarşı məhkəmədə iddia qaldırmışdır. Bu halda məhkəmə hesab edir ki, iddia mümkün hesab edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın şikayəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qanunun tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlərtələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 05 nömrəli qərarının müvafiq olaraq 1.1, 8.1-8.4-cü bəndlərində qeyd edilir ki, iddia mümkün sayılmadıqda məhkəmə İPM-in 35.3-cü maddəsinə əsasən qərardad qəbul edir. Bu qərardad məzmun baxımından mübahisə predmetinə toxunmur və yalnız iddianın mahiyyəti üzrə qərar çıxarmaq üçün şərtin mövcud olmadığını müəyyən edir. Buna görə də, iddianın mümkün sayılmamasına dair qərardad yenidən mümkünlük şərtlərinə əməl etməklə eyni predmet üzrə iddia qaldırmaq imkanını istisna etmir. Bunun əksinə olaraq mahiyyəti üzrə çıxarılmış qərarın hüquqi qüvvəsi iddiaçıya eyni predmet üzrə yenidən tələblə çıxış etmək imkanı vermir. NƏTİCƏVİ HİSSƏ: Göstərilənlərə əsasən və İPM-in 2. 35, 80 və 85.1-ci maddəsini rəhbər tutaraq məhkəmə, Qərara aldı: İddia mümkün sayılmasın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) şikayət verilə bilər. Hakim Elvin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar