Məhkəmə qərarları › İş №2-1(112)-5809/2025

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-5809/2025

13.03.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-5809/2025 13.03.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı5 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “daşınmaz əmlaka yeni ünvanın verilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, İddiaçı5 iştirakı ilə, iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı5 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “daşınmaz əmlaka yeni ünvanın verilməsi” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.B.Vəzirov küç.56) açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərardadı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı5 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra mətndə DƏDKR 1 saylı Bakı Ərazi İdarəsi) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, DƏDKR 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli cavabını qanunusuz hesab edərək, ünvan 3 ünvanının “Azərbaycan Respublikasında ünvan reyestrinin aparılması və daşınmaz əmlak obyektlərinə ünvan verilməsi Qaydaları”nda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin xx.xx.2012-ci il tarixli, 590 nömrəli Fərmanına uyğun olaraq yeni qaydalara uyğun ünvan verilməsi vəzifəsinin DƏDKR 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə vəzifə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişlər. İddiaçının əsaslandırması: İddia tələbin onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti “Azərneftyağ” X2 tərəfindən İddiaçı1 mənzil şəraitini nəzərə alaraq ona 5 nəfər ailə tərkibi ilə (özü, arvadı, 3 uşağı) Korolenko küçəsi 46 saylı ünvanda, yaşayış sahəsi 45 kv.m olan 3 otaqlı, 4 saylı mənzili müvəqqəti yaşayış sahəsi kimi ona ayrılmışdır. Onlar Bakı İnzibati Məhkəməsinə müraciət edərək, ünvan 6 ünvanında yerləşən mənzilə qeydiyyata alınmaları barədə Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin üzərinə vəzifə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişlər. Lakin məhkəmənin xx.xx.2024-cü il tarixli, 2-1(112)-13231/2024 saylı qərarı ilə iddia tələbləri rədd olunmuş və əsas olaraq, ünvan 8 ünvanını iki yaşayış binasında olmaqla mənzil nömrələrinin təkrarlanması göstərilmişdir. Qeyd olunmuş əsasla bağlı DƏDKR 1 saylı Bakı Ərazi İdarəsinə ərizə ilə müraciət edərək, ünvan 6 ünvanında yerləşən daşınmaz əmlaka yeni qaydalarla ünvan verilməsini xahiş etsələr də, müraciətləri cavabdeh inzibati orqan tərəfindən təmin edilməmişdir. Hesab edirlər ki, DƏDKR 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli cavabı qanunsuz və əsassızdır. İddia ərizəsi xx.xx.2024-cü il tarixdə məhkəməyə daxil olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və həmin Məcəllənin 47-ci maddəsinə uyğun olaraq, məhkəmənin xx.xx.2025-ci il tarixli sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdeh inzibati orqana təqdim edilmiş, cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuş, həmçinin, tərəflər işin halları, mübahisənin vəziyyəti ilə bağlı məsələlərin müzakirəsi üçün məhkəməyə dəvət olunmuşlar. xx.xx.2025-ci il tarixdə “Elektron məhkəmə” sistemi vasitə ilə cavabdeh DƏDKR 1 saylı Bakı Ərazi İdarəsinin iddia tələbinə dair yazılı münasibəti (etirazı) məhkəməyə təqdim edilmişdir. Cavabdeh inzibati orqanın iddia tələbinə dair yazılı mülahizəsi (etirazları): DƏDKR 1 saylı Bakı Ərazi İdarəsinin iddia tələbinə dair yazılı münasibəti (etirazı) onunla əsaslandırılmışdır ki, aparılan araşdırma zamanı məlum olmuşdur ki, qeyd olunan vətəndaşların yaşadığı **********26-05101 reyestr nömrəli yaşayış binasına "Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 27 noyabr tarixli, 27 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında ünvan reyestrinin aparılması və daşınmaz əmlak obyektlərinə ünvan verilməsi Qaydaları"nda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin xx.xx.2012-ci il tarixli, 590 nömrəli Fərmanına uyğun olaraq yeni qaydalarla Bakı şəhəri, Xətai rayonu, İlqar Həbibov küçəsi, 10, 12, 14 giriş nömrələri təyin edilmişdir. Qeyd edirik ki, müraciətdə qeyd olunan yaşayış binasında yerləşən mənzil sahələrinə dair hüquqmüəyyənedici sənədlər hüquq sahibləri tərəfindən təqdim olunduğu təqdirdə yeni qaydalarla ünvan verilməsi məsələsinə baxılacaqdır. "Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 27 noyabr tarixli, 27 nömrəli Fərmanı” ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında ünvan reyestrinin aparılması və daşınmaz əmlak obyektlərinə ünvan verilməsi Qaydaları”nın 2.1-ci bəndinə əsasən ünvan reyestrində daşınmaz əmlak obyektinin ünvanının bu qaydaların 3.7.1-3.7.6-cı yarımbəndlərində göstərilən rekvizitləri, Azərbaycan Respublikasının ərazisi üzrə ərazi vahidləri və nəqliyyat infrastrukturu obyektlərinin (prospekt, küçə və s.) mövcud və əvvəlki adları, bu adların verilməsinin, habelə onların əmələ gəlməsinin və dəyişdirilməsinin əsasları (tarixləri), ünvan verilmiş daşınmaz əmlak obyektinin növü, onun mülkiyyətçisi (sahibi) haqqında məlumatlar sistemləşdirilmiş şəkildə saxlanılır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23.1-ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Yuxarıda qeyd olunanlara əsasən iddia tələbinin təmin olunmaması xahiş olunmuşdur. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada xəbərdar edilmiş iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 məhkəmə iclasına gəlməmişlər, cavabdeh inzibati orqan isə nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş və gəlmədikləri barədə məhkəməyə heç bir məlumat vermədiklərindən məhkəmə İPM-nin 62.3-cü maddəsinə əsasən işə məhkəmə iclasında iştirak etməyən iddiaçıların və cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. İPM-nin 30.1-ci maddəsinə əsasən mübahisə predmeti baxımından müştərək hüquqi maraqlara malik olan və yaxud da hüquq və vəzifələri eyni faktiki və hüquqi əsaslara söykənən bir neçə şəxs birgə iddiaçı və ya birgə cavabdeh qismində prosessual həmiştirakçılar kimi çıxış edə bilərlər. Həmin Məcəllənin 30.4-cü maddəsinə əsasən inzibati mübahisəyə dair bir vahid (eyni) qərarın bütün prosessual həmiştirakçılar haqqında qəbul edilməli olduğu hallarda və ya prosessual həmiştirakçılığın başqa əsaslara görə zəruri olduğu hallarda, prosessual həmiştirakçılardan hər hansı biri məhkəmə iclasına gəlmədikdə və ya müəyyən olunmuş prosessual müddəti buraxdıqda, məhkəmə iclasında iştirak edən və ya prosessual müddətə əməl edən digər həmiştirakçılar onları təmsil etmiş sayılır. İddiaçı məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunması barədə qərar çıxarılmasını xahiş etdi. TƏTBİQ EDİLƏN HÜQUQ “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunu; … 2.0.6. İnzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. İnzibati Prosessual Məcəllə. ... Maddə 35. İddianın mümkünlüyü. 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarı 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.2. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. ... 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.2. İşin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. ... 8.6. İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar. 9. Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. ...

12. İnzibati mübahisələrin predmetini inzibati orqanlar tərəfindən qəbul edilmiş və ya qəbul edilməsi arzu edilən inzibati aktlar, habelə inzibati orqanların fiziki və hüquqi şəxslərə münasibətdə faktiki xarakterli hərəkətləri təşkil edir.

13. İnzibati orqan tərəfindən qəbul edilmiş istənilən aktı inzibati akt hesab etmək olmaz. “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsində təsbit edildiyi kimi, qəbul edilmiş akt yalnız o, zaman inzibati akt kimi qiymətləndirilə bilər ki, o inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədi və hakimiyyət səlahiyyətlərinin tətbiqi ilə əlaqədar qəbul edilsin və ünvanlandığı şəxslər üçün müəyyən hüquqi nəticələr yaratsın. ... 14.1. İnzibati aktlar hüquqi status yaratmaq, dəyişdirmək və ya xitam vermək xüsusiyyətinə malikdirlər. 14.2. İnzibati orqanın daxili fəaliyyətinin həyata keçirilməsi nəticəsində qəbul edilmiş və xaricə münasibətdə hər hansı təsir gücünə malik olmayan idarədaxili aktlar inzibati akt hesab edilmədiyindən onların mübahisələndirilməsinə dair iddialar mümkün sayılmamalıdır.

Azərbaycan Respublikası Mülki Məcəlləsi:

139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.2-ci maddəsinə əsasən sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.3-ci maddəsinə əsasən istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. 152.4-cü maddəsinə əsasən sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır.

“Azərbaycan Respublikasında ünvan reyestrinin aparılması və daşınmaz əmlak obyektlərinə ünvan verilməsi Qaydaları”nın: 1.1. Bu qaydalar Azərbaycan Respublikasında ünvan reyestrinin aparılmasını və daşınmaz əmlak obyektlərinə ünvanın verilməsini tənzimləyir. 1.4. Ünvan reyestri daşınmaz əmlakın vahid kadastrı ilə əlaqələndirilməklə, məkana görə daşınmaz əmlak obyektlərinin xüsusi vasitələrdən istifadə edilmədən yerləşdiyi yerin müəyyənləşdirilməsinə imkan verən və onların fərdiləşdirilməsini təmin edən məlumat bazasıdır. Ünvan reyestri ünvan istifadəçilərini ünvanla bağlı zəruri informasiya ilə təmin etmək məqsədi ilə tərtib edilir və aparılır. 2.1. Ünvan reyestrində daşınmaz əmlak obyektinin ünvanının bu qaydaların 3.7.1- 3.7.6-cı yarımbəndlərində göstərilən rekvizitləri, Azərbaycan Respublikasının ərazisi üzrə ərazi vahidləri və nəqliyyat infrastrukturu obyektlərinin (prospekt, küçə və s.) mövcud və əvvəlki adları, bu adların verilməsinin, habelə onların əmələ gəlməsinin və dəyişdirilməsinin əsasları (tarixləri), ünvan verilmiş daşınmaz əmlak obyektinin növü, haqqında məlumatlar sistemləşdirilmiş şəkildə saxlanılır. 2.3. Ünvan reyestrinin elektron qaydada aparılması Ünvan Reyestri İnformasiya Sistemi vasitəsilə həyata keçirilir. Ünvan Reyestri İnformasiya Sistemi ünvan reyestrinin məlumat bazasının elektron idarə edilməsini, habelə ünvan reyestri ilə inteqrasiya olunan digər dövlət orqanlarının informasiya sistemləri vasitəsilə qarşılıqlı məlumat mübadiləsini təmin edir. 2.4. Ünvan reyestrində saxlanılan məlumatlara dəyişiklik edilməsinə əsas olan aşağıdakı hallar baş verdiyi və ya bu barədə müraciət edildiyi tarixdən 3 (üç) iş günü müddətində dəyişiklik edilir: daşınmaz əmlak obyektinin yerləşdiyi ərazi vahidinin və nəqliyyat infrastrukturu obyektinin qanunvericiliklə müəyyən edilmiş qaydada adı dəyişdirildikdə, habelə müvafiq nəqliyyat infrastrukturu obyektinə yeni ad verildikdə və ya onun adı dəyişdirildikdə (bu halda ünvan nömrələri dəyişilmir); texniki səhvlər aradan qaldırıldıqda; ünvanın statusu dəyişdikdə; məhkəmənin qərarı olduqda; nəqliyyat infrastrukturu obyekti yenidən qurulduqda; 3.2. Daşınmaz əmlak obyektinə ünvan aşağıdakı hallarda verilir və ya dəyişdirilir: 3.2.1. qanunvericiliklə müəyyən edilmiş qaydada torpaq sahəsi ayrıldıqda torpaq sahəsinə; 3.2.2. qanunvericiliyə uyğun olaraq daşınmaz əmlak obyektinin inşası və ya quraşdırılması aparıldıqda və ya obyekt müvafiq qaydada istismara qəbul edildikdə; 3.2.3. Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş hallarda və qaydada daşınmaz əmlak obyekti üzərində mülkiyyət hüququ tanındıqda; 3.2.4. daşınmaz əmlak obyekti üzərində mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alındıqda; 3.2.5. daşınmaz əmlak obyekti ayrı-ayrı hissələrə bölündükdə; 3.2.6. daşınmaz əmlak obyektlərinin birləşməsi nəticəsində yeni daşınmaz əmlak obyekti yarandıqda. 3.3. Daşınmaz əmlak obyektinə ünvan verilməsi üçün onun mülkiyyətçisi (sahibi, tikintisi başa çatmayan daşınmaz əmlak obyektlərinə münasibətdə həmçinin sifarişçisi) və ya qanunvericiliyə uyğun verilmiş etibarnamə əsasında onu təmsil edən şəxs ərizə ilə Dövlət Xidmətinə müraciət edir. 3.4. Ərizə daxil olduğu gündən 3 (üç) iş günü müddətində müvafiq məlumatlar ünvan reyestrinə daxil edilməklə daşınmaz əmlak obyektinə ünvan verilir və bu barədə ərizəçiyə və ya qanunvericiliyə uyğun verilmiş etibarnamə əsasında onu təmsil edən şəxsə təsdiqedici sənəd (arayış) təqdim edilir. Ünvanın verilməsi ilə bağlı ərizə hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması haqqında ərizə ilə birlikdə verildikdə və ya ünvanı olmadan həmin daşınmaz əmlak obyekti üzərində hüquqların qeydiyyatı ilə əlaqədar ərizə daxil olduğu halda, ünvanın verilməsi qeydiyyat üçün müvafiq qanunvericiliklə müəyyən edilmiş müddətlər ərzində həyata keçirilir. Bu halda daşınmaz əmlak obyektinin ünvanı üzərində hüquqların qeydiyyata alınmasını təsdiq edən daşınmaz əmlakın dövlət reyestrindən çıxarışda əks etdirilir və əlavə olaraq arayış verilmir. Hüquqların qeydiyyatından imtina edildiyi halda, ərizəçiyə yalnız ünvanın verilməsi ilə əlaqədar sənəd (arayış) verilir. 3.5. Ünvan reyestrində saxlanılan daşınmaz əmlak obyektinin ünvanına aid ərazi vahidlərinin, nəqliyyat infrastrukturu obyektlərinin mövcud və əvvəlki adları, onların əmələ gəlməsi və dəyişdirilməsi əsasları (tarixləri), ünvan verilmiş daşınmaz əmlak obyektlərinin növü, daşınmaz əmlak obyektinin nömrəsi haqqında, əhəmiyyət dərəcəsi göstərilməklə, daşınmaz tarix və mədəniyyət abidəsi olub-olmaması barədə, daşınmaz əmlak obyektinin sadələşdirilmiş verginin məqsədləri üçün ərazi üzrə zonası ilə bağlı məlumatlar açıq hesab edilir və maraqlı şəxsin və ya qanunvericiliyə uyğun verilmiş etibarnamə əsasında onu təmsil edən şəxsin sorğusu əsasında 2 (iki) iş günü ərzində arayış şəklində ona verilir. 3.6. Daşınmaz əmlak obyektinə ünvanın verilməsi bu qaydaların 3.7-ci bəndində göstərilən rekvizitlərin həmin daşınmaz əmlak obyektinə təhkim və müvafiq məlumatların ünvan reyestrinə daxil edilməsi ilə həyata keçirilir. Daşınmaz əmlak obyektinə ünvan verilərkən bu qaydaların 3.7.1-ci və 3.7.2-ci yarımbəndlərində göstərilən rekvizitlər müvafiq qanunvericilik aktlarında və (və ya) sənədlərdə öz əksini tapmış məlumatlar əsasında müəyyən edilir. 3.7. Daşınmaz əmlak obyektinin ünvanı təkrarolunmaz olmaqla, aşağıdakı rekvizitlərdən ibarətdir: 3.7.1. ərazi vahidinin adı və kodlaşdırılmış nömrəsi; 3.7.1-1. ərazi vahidi üzrə poçt indeksi; 3.7.2. nəqliyyat infrastrukturu obyektinin adı (adları) və kodlaşdırılmış nömrəsi (nömrələri); 3.7.3. ünvan verilmiş daşınmaz əmlak obyektinin növü; 3.7.4. daşınmaz əmlak obyektinin fərdiləşdirilməni təmin edən rəqəmlərdən və zəruri hallarda onlara əlavə edilmiş hərflərdən və (və ya) işarələrdən ibarət ünvan nömrəsi; 3.7.5. daşınmaz tarix və mədəniyyət abidəsi olub-olmamasına dair qeyd; 3.7.6. daşınmaz əmlak obyektinin Azərbaycan Respublikası Vergi Məcəlləsinin 220.8.1-ci maddəsinə uyğun olaraq ərazi üzrə zonası (Bakı şəhəri, habelə onun qəsəbə və kəndlərində yerləşən torpaq (kənd təsərrüfatı təyinatlı torpaq sahələri istisna olmaqla), yaşayış və qeyri-yaşayış sahələrinə münasibətdə). 3.7-1. Ünvan nömrələri inzibati ərazi vahidlərinin və ya nəqliyyat infrastrukturu obyektlərinin adları dəyişdirildikdə dəyişilmir. Ünvan nömrələri ünvan reyestrində qeydə alınan istinad nöqtələrinə və rəqəmsal xəritələrə bağlanılır.

İddianın növü və mümkünlüyü və buna dair məhkəmənin mövqeyi.

Qeyd olunmalıdır ki, “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 05 nömrəli qərarının müvafiq olaraq 1.1, 1.4 və 2.3-cü bəndlərində qeyd edilir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını yoxlamalıdır. İnzibati məhkəmə icraatı qaydasında verilən iddianın hüquqi cəhətdən yoxlanılması, ilk növbədə onun mümkünlüyünün müəyyənləşdirilməsindən, bundan sonra isə iddianın əsaslılığının araşdırılmasından ibarətdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 30 iyul 2008-ci il tarixli qərarında Konstitusiya Məhkəməsi “mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə kimi apellyasiya məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olubolmamasını araşdırmalı” olmasını bildirib subyektiv hüququn elementlərini şərh edərək qeyd etmişdir ki, “subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar, başqa (borclu) şəxslərdən tələb etmək hüququ və müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementi birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət etməklə yaranır. Belə qaydalara riayət etmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də, həyata keçirilməsindən söhbət gedə bilməz”. Göründüyü kimi iddianın qaldırılmasında şəxsin subyektiv hüququnun mövcud olubolmaması iddianın mümkün hesab edilib-edilməməsi ilə bilavasitə bağlıdır. Bununla əlaqədar olaraq ilk növbədə qeyd edilməlidir ki, məhkəmə qaydasında qaldırılmış iddia tələbi özünün və ya başqasının mənafeyi naminə, pozulması ehtimal edilən hüquq və azadlıqların müdafiəsi naminə məhkəmə qaydasında həyata keçirilən prosessual hərəkətdir. Göründüyü iddia tələbinin pozulması ehtimal olunan hər hansı hüquq və azadlıqla bağlı olması və mənafe naminə irəli sürülməsi zəruri şərtdir. AR İPMnin 35.1-ci maddəsi ilə də müəyyən edilir ki, inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozuntusu yoxdursa iddia mümkünsüzdür. Məhkəmə hesab edir ki, hazırkı iddiada pozulması ehtimal olunan hüquq məhz mülkiyyət hüququdur. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsindən də göründüyü kimi hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəsin mülkiyyət hüququ vardır. Hazırkı iddia da iddiaçının mənafeyi namində məhz iddiaçının konstitusion hüquqlarından biri olan mülkiyyət hüququnun təminatı ilə əlaqədar qaldırılmışdır ki, iddia tələbindən də göründüyü kimi iddiaçı daşınmaz əmlaka qeydiyyata düşmüş fiziki şəxsin qeydiyyatını mübahisələndirərək onun mülkiyyət hüququnu həyata keçirməsinə maneələrin olduğunu iddia edir. Bu səbəbdəndir ki, hazırkı iş üzrə iddiaçının əmlaka dair iddia qaldırılmasında hər hansı hüquqa malik olub-olmamasının müəyyən edilməsi və nəticədə subyektiv hüququn mövcud olub-olmaması müəyyən edilməlidir. Hazırki iş üzrə iddiaçıların hüquqi marağı və məqsədi Azərbaycan Respublikası Dövlət Neft Şirkəti “Azərneftyağ” X2 tərəfindən İddiaçı1 müvəqqəti istifadəsinə verilmiş ünvan 3 ünvanında yerləşən daşınmaz əmlaka yeni ünvanın verilməsinə nail olmaqdan ibarətdir. İddiaçıların hazırkı iddia tələbi ilə bağlı müraciətinə cavabdeh inzibati orqan DƏDKR publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli **********06 №-li cavab məktubundan və iddiaya münasibətdə təqdim olunmuş yazılı etirazdan görünür ki, cavabdeh iddiaçıların tələbinin təmin olunmamasında “mənzil sahələrinə dair hüquqmüəyyənedici sənədlər hüquq sahibləri tərəfindən təqdim olunduğu təqdirdə yeni qaydalarla ünvan verilməsi məsələsinə baxılacağı”na istinad etmişdir. Mənzil sahələrinə dair hüquqmüəyyənedici sənədlərə münasibətdə məhkəmə qeyd etməyi zəruri hesab edir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsi ilə tənzimlənir. Qanunun 8.0.11-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Eyni zamanda nəzərə alınmalıdır ki, “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Qanunu mənzil sahəsinin orderi və ya mənzil kirayə müqaviləsi (dövlət və ya ictimai mənzil fondunun mülkiyyətçisi ilə mənzil kirayə müqaviləsi bağlamış) yaxud onun verilməsinə dair sərəncam Azərbaycan Respublikasının vətəndaşlarının, habelə vətəndaşlığı olmayan şəxslərin yaşadıqları mənzilləri (evləri) bu Qanunla müəyyən edilmiş şərtlərlə və qaydada əvəzsiz olaraq şəxsi mülkiyyətinə keçirmək hüququnu təsbit etmişdir. Belə ki, mənzil ayırmaq səlahiyyəti olan orqan tərəfindən iki qərar qəbul olunur: 1) yaşayış sahəsinin vətəndaşın istifadəsinə (mülkiyyətinə) verilməsi; 2) yaşayış sahəsinin vətəndaşın müvəqqəti istifadəsinə verilməsi. Məhkəmə qeyd edir ki, göstərilən hər iki halda şəxsin yaşayış sahəsi üzərində mülkiyyət hüquqlarının qeydə alınması üçün dəyərləndirmə fərqli olaraq qiymətləndirilir. Belə ki, müvəqqəti istifadəsinə verilməsi barədə qəbul edilmiş sərəncamlar yaşayış sahəsinin vətəndaşın istifadəsinə (mülkiyyətinə) verilməsi barədə sərəncamdan fərqli olaraq “müvəqqəti” ifadəsi ilə xarakterizə olunur. Yəni, vaxtı ilə səlahiyyətli olan orqan tərəfindən yaşayış sahəsi həmişəlik deyil, müəyyən bir müddətə şəxsə verilmişdir. Bu səbəbdən də həmin qərar ilə şəxsin yaşayış sahəsi üzərində mülkiyyət hüquqlarının qeydə alınmasını reallaşdımaq hüquqi aspektdən cəhətdən qeyri mümkündür. Digər tərəfdən isə məhkəmə hesab edir ki, mülahizə səlahiyyətinin göstərilən qaydada həyata keçirilməsi cəmiyyətin ümumi maraqlarının təmin edilməsinə yönəlmiş məqsəd daşımışdır. Belə ki, hazırda qüvvədə olan Mənzil Məcəlləsi mülkiyyət formasına görə mənzil fondunun üç növünü – özəl, dövlət və bələdiyyə mənzil fondunu tanıyır (Mənzil Məcəlləsinin 17-ci maddəsi). Başqa sözlə, hər hansı bir mənzil vahid şəkildə bir tam olaraq həmin mənzil fondunun üç növündən yalnız birinə aid ola bilər. Bu, mənzillərin hüquqi rejimi, onların idarə olunması və orada yaşayan şəxslərin mənzillə bağlı hüquqlarının həyata keçirilməsinin təmin edilməsi baxımından olduqca zəruridir. Ona görə də, sözügedən ümumi maraqların təmin edilməsi üçün qanunverici mənzillərin yalnız bütöv şəkildə, orada yaşayan özəlləşmədə iştirak etmək hüququna malik bütün şəxslər buna razı olduqları halda özəlləşdirilməsinin mümkünlüyünə dair yanaşmanı qəbul etmişdir. Belə tənzimləmə mənzil islahatlarının həyata keçirilməsi zamanı cəmiyyətin ümumi maraqlarını təmin etməyə yönəlmişdir və legitim məqsəd daşıyır. Belə ki iş materillarına əlavə edilmiş Azərbaycan Respublikası Dövlət Neft Şirkəti “Azərneftyağ” X1 xx.xx.2004-cü il tarixli, HİK-23/1285 №-li məktubundan müəyyən olunur ki, “Azərneftyağ” NEZ-in müdiriyyəti Ş. Ə. Əliyevin mənzil şəraitini nəzərə alaraq ona 5 nəfər ailə tərkibi ilə (özü, h/yoldaşı, 3 uşağı) Korolenko küçəsi 46 saylı ünvanda, yaşayış sahəsi 45 kv.m olan 3 otaqlı, 4 saylı mənzili müvəqqəti yaşayış sahəsi kimi ayırır. Həmin mənzildə məktubda göstərilən şəxslərdən başqa heç kim yaşamamalıdır və zavodla onun əmək münasibəti kəsilərsə (qanunvericilikdə nəzərdə tutulan hallar istisna olmaqla) mənzili zavoda təhvil verilməlidir. Beləliklə, işin araşdırılmış halları ilə təsdiq olunur ki, iddiaçıların sözügedən yaşayış sahəsi üzərində mülkiyyət hüquqlarının qeydə alınması üçün “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində nəzərdə tutulan sənədlərdən hər hansı birinə malik olmasını nəzərdə tutur. Hazırda mübahisəli mənzillə bağlı iddiaçıların hüquqları Daşınmaz əmlakın Dövlət reyestrində qeydə alınmamışdır. Belə olduqda məhkəmə hesab edir ki, iddiaçıların mübahisə predmenti olan mənzilə dair subyektiv hüquqları mövcud deyildir. Məhkəmə qeyd edir ki, hazırkı halda iddiaçıların subyektiv hüququnun pozulduğu iş materialları ilə müəyyən edilmir. Subyektiv hüququn mahiyyətini açıqlayan Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında ifadə edilmiş hüquqi mövqeyinə görə, subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Subyektiv hüquq və ya başqa sözlə “subyektin hüququ” - bu konkret şəxsə məxsus olan hüquq olur. Subyektiv hüquq şəxsiyyətin azadlığını, bu və ya digər davranışının mümkünlüyünü, sərbəstlik və təşəbbüskarlıq göstərmək imkanını hüquqi cəhətdən təmin edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli, 10 aprel 2015-ci il tarixli Qərarında qeyd edilmişdir ki, “Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. (1.3-cü bənd); Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. (1.4-cü bənd); Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. (2.1-ci bənd); İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar (8.6-cı bənd). Həmin Qərarda həmçinin qeyd edilmişdir ki, “Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib1edilmədiyini yoxlamalıdırlar. (2.3-cü bənd); Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır.”(9-cu bənd) Qanunun tələbinə görə, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, hazırkı iddia inzibati prosessual qanunvericiliyin tələblərinə cavab vermədiyindən, o mümkün iddia kimi qəbul edilə bilməz. İPM: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 35.3. iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər Maddə. 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati və iqtisadi mübahisələrə dair işlər üzrə məhkəmə vasitəsilə verilir. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, iddia mümkün sayılmamalıdır.

NƏTİCƏVİ HİSSƏ

Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35, 80, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qərara aldı:

İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı5 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “daşınmaz əmlaka yeni ünvanın verilməsi” tələbinə dair iddia mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Qərardaddan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Nəriman Abıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar