Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-581/2025 15.05.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, Cəfərova Yasəmən Fərman qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “fərdi yaşayış evinə mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınması, çıxarışın və texniki pasportun verilməsi” tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı (bundan sonra - iddiaçı) Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək mülkiyyətində olan ünvan 1 ünvanındakı tikilinin - sərəncam və məlumatlandırılma icraatı qaydasında (hündürlüyü 11,60 metr) inşa edilmiş 3 mərtəbəli, mansardlı evin daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüquqları ilə adına qeydiyyatının aparılması və müvafiq çıxarış və texniki sənədin verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, ünvan 2 ünvanında yerləşən yaşayış sahəsi iddiaçının xüsusi mülkiyyətindədir. Xüsusi mülkiyyət hüququ xx.xx.2003-cü il tarixində qeydiyyata alınmış, ona ÖM seriyalı, 147706 nömrəli qeydiyyat vəsiqəsi verilmişdir. ünvan 3 ünvanında yerləşən yaşayış sahəsi də onun adına olmuş, lakin həmin mülkün sahibi dayısı oğlu və eyni zamanda da qaynı olan şəxs idi. Həmin mülklə bağlı iddiaçının adına xx.xx.2005-ci il tarixli, 223440 nömrəli qeydiyyat vəsiqəsi olmuşdur. Dayısı oğlu ilə onun evi qonşuluqda divar-divara bitişik vəziyyətdə idi. Evi darısqal olduğu üçün 2006-cı ildə Bakı şəhəri Nərimanov rayon İcra Hakimiyyətinə müraciət edərək, həmin evlərin sökülüb yenidən tikilməsinə icazə verilməsini xahiş etmiş, hər iki ev onun adında olduğu üçün qanunun tələbinə uyğun olaraq müraciətləri də o, etmişdir. Məsələyə Bakı şəhər İcra Hakimiyyətində baxılmış, evlərin sökülüb yenidən tikilməsi Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin xx.xx.2006-cı il tarixli, 18/03-8/5299 saylı qeydiyyat nömrəsi ilə razılaşdırılmış və inşa ediləcək yeni evlərin eskiz layihəsi müvafiq qaydada təsdiq edilmişdir. Bakı şəhər İcra Hakimiyyətinin müvafiq icazəsindən sonra Nərimanov rayon İcra Hakimiyyəti başçısı özünün xx.xx.2006-cı il tarixli, 418 saylı sərəncamı ilə ona məxsus adına olan Mayakovski küçəsi, 7/3 və 7/4 saylı evlərin sökülüb, Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən razılaşdırılmış eskiz layihəsinə uyğun yenidən tikilməsinə icazə verilmişdir. Daha sonra Nərimanov rayon İcra Hakimiyyəti başçısı özünün xx.xx.2006-cı il tarixli eyni nömrəli, 418 saylı sərəncamı ilə evlər barədə sözügedən ümumi sərəncamı ayırmış, Mayakovski küçəsi 7/4 saylı evin sökülüb, Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən razılaşdırılmış eskiz layihəsinə uyğun yenidən tikilməsinə ayrıca icazə vermişdir. Müvafiq razılaşmalardan və icazələrdən sonra 2006-2008-ci illərdə köhnə evləri sökərək yerində yeni evlər inşa etmişlər. 2013-cü ildə yeni Şəhərsalma və Tikinti Məcəlləsinin qüvvəyə minməsindən sonra qanuni istifadəsində olan torpaq üzərində sərəncam əsasında 2013-cü ilədək inşa etdiyi tikiliyə məlumatlandırma qaydasında bir mərtəbə də əlavə edərək tikintini tamamlamışdır. 2018-ci ildə məlumatlandırma icraatı qaydasında ərazi üzrə rayon icra hakimiyyətinə də məlumat vermişdir. Lakin, sonradan təkrar sənədləşmə işlərinə vaxt ayıra bilməmişdir. Hal-hazırda, evinin təkrar sənədləşdirilməsini istəyir. Sənədlərini ASAN xidmətin reyestr şöbəsinə təqdim edərkən ona bildirilmişdir ki, guya onun evi mənzil olub, bu səbəbdən sənədlər qəbul edilə bilməz. Halbuki, 2006-cı il tarixli sərəncamlarda yaşayış sahəsinin növü “ev” kimi qeyd edilmişdir. Bu isə sonuncu hüquqmüəyyənedici sənəd olduğundan yaşayış sahəsinin kateqoriyasının düzgün seçilməsi üçün həmin sərəncamlara, eləcə də Bakı şəhər İcra Hakimiyyətinin razılaşdırılma layihəsinə istinad olunmalıdır. Həmin sənədlərdə yaşayış sahəsi “ev” kimi qeyd edilmişdir. Köhnə evinin yerində sərəncam və məlumatlandırılma icraatı qaydasında tikdiyi yeni evin lisenziyalı səlahiyyətli memar tərəfindən tərtib olunan və hazırkı ərizəyə əlavə olunacaq memarlıq layihəsindən də görünür ki, vahid tikili formasında olan ev 3 mərtəbəli mansardlıdır. Evin həyəti yoxdur və yalnız tikintialtı sahə üzərində inşa edilmiş tikilidən ibarətdir. Hal-hazırda ona məxsus olan ev tikilisi və torpaq hissəsinin digər mülkiyyətçilərlə qonşularla heç bir ortaqlığı yoxdur, fərdidir, ayrıcadır. Tikilinin ayrıca girişçıxışı vardır. Daşınmaz əmlakın dövlət reyestrində olan hazırkı şəkildəki qeydiyyatı evinin mövcud faktiki vəziyyətinə uyğun deyildir. Bu üzdən bu faktın tanınmasına və sözügedən daşınmaz əmlakın dövlət reyestrində mövcud vəziyyətə və sərəncam məlumatlandırılma qaydasında inşa edilmiş yeni tikilinin texniki xarakteristikasına uyğun şəkildə qeydiyyatının aparılmasına zərurət yaranmışdır. Cavabdeh tərəfindən iddia ərizəsinə dair yazılı etiraz təqdim edilmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, qeyd olunan ünvanda yerləşən mənzil iddiaçının adına dövlət qeydiyyatına alınmışdır. İddiaçının ərizəsində qeyd etdiyi fərdi yaşayış evi və yerləşdiyi torpaq sahəsinə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində və Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli, 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nda nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. Fərdi yaşayış evinə texniki baxış keçirilməsi və inventarlaşdırma işlərinin aparılması üçün idarənin mütəxəssislərinə şərait yaradılmamışdır. Cavabdehə şifahi məhkəmə baxışı iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında təmsil edilməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - İPM) 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçı məhkəmə iclasında iddia ərizəsi ilə oxşar məzmunlu izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. İş üzrə məhkəmə tərəfindən aşağıdakı sübutlar tədqiq edilmişdir. Bakı Şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və mülkiyyət hüquqlarının qeydiyyatı İdarəsi tərəfindən verilmiş xx.xx.2003-cü il tarixli qeydiyyat vəsiqəsinə əsasən Bakı şəhəri, ünvan 2 iddiaçının xüsusi mülkiyyətindədir. 4 saylı mənzilin texniki göstəricilərini əks etdirən 27 iyun 1996-cı il tarixli texniki pasport məhkəməyə təqdim edilmişdir. Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı filialının 28 mart 2024-cü il tarixli məktubu ilə iddiaçı barəsində Dövlət Arxivinin Bakı filialında saxlanılan Nərimanov rayon İH-nin arxiv fondu üzrə xx.xx.2006-cı il tarixli, 418 saylı sərəncamının və onun verilməsinə əsas olmuş sənədlərin təsdiq edilmiş surətləri məhkəməyə təqdim edilmişdir. Bakı şəhəri Nərimanov rayonu İcra Hakimiyyəti başçısının 11 sentyabr 2006-cı il tarixli, 418 nömrəli Sərəncamına əsasən vətəndaş İddiaçı ona məxsus Mayakovski küçəsi 7/3 və 7/4 saylı evləri söküb, Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən razılaşdırılmış eskiz layihəsinə uyğun yenidən tikilməsinə icazə verilməsi qərara alınmışdır. ünvan 4 ünvanında iddiaçıya məxsus yaşayış evinin eskiz layihəsi məhkəməyə təqdim edilmişdir. İddiaçının Nərimanov rayon İcra Hakimiyyətinə ünvanladığı xx.xx.2018-ci il tarixli ərizəsindən görünür ki, iddiaçı məlumatlandırma icraatı qaydasında mülkiyyətində olan Nərimanov rayonu, Mayakovski küçəsi, 7/4 ünvanda yerləşən, sahəsi 440 kv.metr, hündürlüyü 11,60 metr, mərtəbəliliyi 3 (üç) mansard olan fərdi bağ evini inşa etdiyini bildirmişdir. Məhkəmə sorğusu əsasında cavabdeh təəfindən mənzilin arxiv qovluğu məhkəməyə göndərilmişdir. Həmin arxiv qovluğunda olan sənədlərdən görünür ki, Bakı şəhəri, ünvan 2 order əsasında X1 verilmiş və sonradan sənədləşdirilərək iddiaçıya satılmışdır. Cavabdehin xx.xx.2025-ci il tarixli məktubla təqdim etdiyi mütəxəssis rəyində bildirilmişdir ki, iddiaçının göstərdiyi sahədə sənəd üzrə birmərtəbəli ümumi sahəsi 35.0 kv.m olan (1 otaq yaşayış sahəsi 12.0 kv.m) mənzil olmuşdur. Lakin iddiaçı mənzili sökərək yerində üçmərtəbəli hündürlüyü H=9.7 m olan (10 otaqlı) fərdi yaşayış evi tikmişdir (layihə üzrə ümumi sahəsi 380.1 kv.m təşkil edir). Faktiki olaraq göstərilən sahənin koordinatları əlavə edilmişdir. Vahid elektron kadastr baza məlumatlarına əsasən əmlakın yerləşdiyi ümumi əraziyə dair "xxxx" MTK-nın ayrıc aktı mövcuddur. Çoxmərtəbəli yaşayış binasından 1.0-2.0 m məsafədə yerləşir. Ortofoto təsvirinə əsasən ərazidəki tikililər sökülmüşdür. Ərazi “Yaşayış məntəqələrinin torpaqları” kateqoriyasına aid olmaqla Dövlət mülkiyyəti torpağıdır. Cavabdehin iddiaçının müraciətinə verdiyi xx.xx.2023-cü il tarixli imtina məktubunda göstərilmişdir ki, qeyd olunan əmlak daşınmaz əmlakın dövlət reyestrində mənzil kimi qeydiyyata alınmışdır. Bundan başqa, iddiaçı tərəfindən təqdim edilmiş eyni nömrəli və eyni tarixli 2 ayrı-ayrı nüsxədə olan Nərimanov Rayon İcra Hakimiyyətinin sərəncamının məzmununda uyğunsuzluq mövcuddur. Məhkəmə iddiaçının izahatını dinləyib, iş üzrə sübutları tədqiq edərək aşağıdakı nəticəyə gəlir. İddianın mümkünlüyü: İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuşdur ki, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli Qərarının 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Göründüyü kimi iddiaçı fərdi yaşayış evinə mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınması, çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsini xahiş edir. Həmin iddia mahiyyətcə öhdəliyin icrası haqqında iddiadır. Cavabdeh iddiaya cavab verməli olan inzibati orqandır. Cavabdehin iddiaya etirazından da görünür ki, iddiaçı iddia ərizəsində göstərilən tələblə cavabdehə müraciət etmiş və ona imtina cavabı verilmişdir. Bu səbəbdən iddiaçının hazırkı tələbi mümkün hesab edilmişdir. İddianın mahiyyəti üzrə məhkəmənin mövqeyi: Azərbaycan Respublikası Mülki Məcəlləsində (bundan sonra – Mülki Məcəllə) göstərilmişdir ki, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır (139.1.). Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktı; çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı (139-1.1.9.), Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə; məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra tikinti barədə məlumatlandırılan orqana (quruma) sifarişli poçt göndərişi ilə və ya bilavasitə məlumat verilməsini təsdiq edən sənəd (139-1.1.10.) daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Oxşar normalar “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununda da göstərilmişdir. Həmin Qanuna əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır (2.1.). Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır (2.2.). Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: 8.0.9.1. hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə: icarədə və ya istifadədə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktı; məqsədli təyinatına görə yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş xüsusi mülkiyyətdə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd; çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı (8.0.9.) Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə; məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra tikinti barədə məlumatlandırılan orqana (quruma) sifarişli poçt göndərişi ilə və ya bilavasitə məlumat verilməsini təsdiq edən sənəd; müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyənləşdirilmiş hallarda və qaydada tikinti obyektlərinə münasibətdə - tikinti obyektinin istismarına icazə və torpaq sahəsi üzərində mülkiyyət və ya icarə hüququnu təsdiq edən sənəd (8.0.10.) daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Qeyd edilən hüquq normalarının məzmunundan görünür ki, şəxsin fərdi yaşayış evi üzərində hüquqlarının dövlət qeydiyyatına alınması üçün həmin fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi onun mülkiyyətində, yaxud digər əsaslarla qanuni istifadəsində olmalıdır. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinə (bundan sonra – Mənzil Məcəlləsi )əsasən yaşayış sahələrinə aşağıdakılar aiddir: yaşayış evi, yaşayış evinin hissəsi; mənzil, mənzilin hissəsi; otaq; bu Məcəllənin 13.5-ci maddəsində nəzərdə tutulmuş yerləşmə vasitələri (13.1). Otaqlardan, habelə yaşama ilə əlaqədar məişət və digər ehtiyacların ödənilməsi üçün nəzərdə tutulmuş yardımçı sahələrdən ibarət fərdi müəyyən edilmiş ev yaşayış evi hesab edilir (13.1.). Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinə (bundan sonra - ŞTM) əsasən mülkiyyətində, icarəsində və ya istifadəsində olan torpaq sahəsində təyinatı üzrə yerüstü mərtəbələrinin sayı 3-dən, hündürlüyü 12 metrdən (binanın hündürlüyü “0” səviyyəsindən, yəni birinci yerüstü mərtəbənin döşəməsinin üst hissəsindən sonuncu mərtəbənin örtüyünün alt hissəsinədək (çardaqaltı döşəmənin alt hissəsi) və aşırımlarının uzunluğu 6 metrdən çox olmayan fərdi yaşayış evlərinin, habelə bu Məcəllənin 79.2-ci maddəsində nəzərdə tutulan tikinti obyektlərinin tikintisi ilə bağlı məlumatlandırma icraatı həyata keçirilir və onların tikintisi üçün tikinti layihəsinin yalnız zirzəmilərin, mərtəbələrin, dam örtüklərinin planlarından, kəsiklərdən və fasadlardan ibarət memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələrinin hazırlanması tələb olunur (80.1.). Barəsində məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektlərinin tikintisinə icazənin alınması tələb olunmur (80.2.). İşin müəyyən edilmiş halları ondan ibarətdir ki, Bakı şəhəri, ünvan 2 fərdi yaşayış evi kimi deyil, mənzil kimi dövlət qeydiyyatından keçmiş və iddiaçı həmin yaşayış sahəsini mənzil kimi almışdır. Sonradan Bakı şəhəri Nərimanov rayonu İcra Hakimiyyəti başçısının 11 sentyabr 2006-cı il tarixli, 418 nömrəli Sərəncamına həmin mənzilin sökülərək yenidən inşa edilməsinə icazə verilmişdir. İddiaçı həminmənzili sökərək, yerində üçmərtəbəli, hündürlüyü 9,7 m olan (10 otaqlı) fərdi yaşayış evi tikmişdir. Hazırda iddiaçı Bakı şəhəri Nərimanov rayonu İcra Hakimiyyəti başçısının 11 sentyabr 2006-cı il tarixli, 418 nömrəli sərəncamına əsaslanaraq həmin ev üzərində mülkiyyət hüququnun qeydə alınmasını tələb edir. Qanunvericiliyin yuxarıda qeyd edilən müdəalarından göründüyü kimi, fərdi evlərin üzərində məlumatlandırma icraatı qaydasında mülkiyyət hüququnun qeydə alınması üçün həmin fərdi evlərin yerləşdiyi torpaq sahəsi şəxsin mülkiyyətində və ya digər əsaslarla qanuni istifadəsində olmalıdır. Lakin, Bakı şəhəri, ünvan 2 yalnız mənzil kimi iddiaçıya məxsus olmuş və onun həyatyanı sahəsi olmamış, həmçinin mənzilin yerləşdiyi torpaq sahəsi üzərində iddiaçının mülkiyyət və ya digər əsaslarla qanuni istifadə hüququ mövcud olmamışdır. Bakı şəhəri Nərimanov rayonu İcra Hakimiyyəti başçısının 11 sentyabr 2006cı il tarixli, 418 nömrəli sərəncamı isə iddiaçıya torpaq sahəsi ayrılması haqqında deyil, yalnız mənzilin yenidən inşa edilməsinə icazə verilməsi haqqında olmuşdur. Belə ki, qanunvericiliyin tələblərinə əsasən yerli icra hakimiyyəti orqanlarını xx.xx.2006-cı ildən sonra fərdi ev tikintisi üçün torpaq ayırmaq səlahiyyəti olmamışdır. Məhkəmə hesab edir ki, həmin sərəncama yenidənqurma və ya yenidənplanlaşdırma ilə bağlı sərəncam kimi də qiymət verilə bilməz. Belə ki, Mənzil Məcəlləsinin 23-cü maddəsinə əsasən yaşayış sahəsinin yenidən qurulması yaşayış sahəsinin texniki pasportunda dəyişikliklər edilməsini tələb edən yaşayış sahəsində konstruktiv elementlərin (o cümlədən, yaşayış sahəsinin daşıyıcı divar və dirəklər, mərtəbələrarası arakəsmələr, pilləkən meydançaları və pilləkənlərin), çoxmənzilli binada birdən artıq yaşayış və ya qeyri-yaşayış sahəsinə xidmət edən kommunikasiya qurğularının (o cümlədən, lift şaxtası və ya digər şaxtalar, bacalar, sanitar-texniki və digər avadanlıqların) quraşdırılması, əvəz edilməsi və yerinin dəyişdirilməsindən ibarətdir (23.1.). Yaşayış sahəsinin yenidən planlaşdırılması bu Məcəllənin 23.1-ci maddəsində göstərilənlər istisna olmaqla, yaşayış sahəsinin texniki pasportunda dəyişikliklər edilməsini tələb edən yaşayış sahəsində arakəsmələrin sökülməsi (ləğv edilməsi), yerinin dəyişdirilməsi və ya yenilərinin quraşdırılması, qapı yerlərinin dəyişdirilməsi və yenilərinin quraşdırılması, mənzildəki yardımçı sahələr hesabına otaqların sahəsinin genişləndirilməsi, əlavə mətbəxin və ya sanitar qovşaqların quraşdırılması və ya onların yerinin dəyişdirilməsi kimi yaşayış sahəsinin konfiqurasiyasının dəyişdirilməsindən, habelə istilik sisteminin quraşdırılması və ya yenidən quraşdırılmasından ibarətdir (23.2.). Qeyd edilən normaların məzmunundan göründüyü kimi yaşayış sahəsinin yenidən qurulması və yenidən olanlaşdırılması dedikdə fərdi evə münasibətdə onun mühüm konstruktiv elementlərinin yerinin dəyişdirilməsi, yenidən qurulması, yeniləri ilə əvəz edilməsi, mənzillərə münasibətdə bununla yanaşı yardımçı sahələr hesabına mənzilin sahsinin genişləndirilməsi nəzərdə tutulur. 1 otaqlı mənzilin sökülərək, yerində 3 mərtəbəli yaşayış evinin inaş edilməsi isə yaşayış sahəsinin yenidən qurulması və ya yenidən planlaşdırılması hesab edilə bilməz. Eyni zamanda iş materiallarında olan mütəxəssis rəyində qeyd edilmişdir ki, əmlakın yerləşdiyi ümumi əraziyə dair "xxxx" MTK-nın ayrıc aktı mövcuddur. Çoxmərtəbəli yaşayış binasından 1-2 metr məsafədə yerləşir. Qeyd edilən hal məhkəmə iclasında iddiaçı tərəfindən də təsdiq edilmişdir. ŞTM-də göstərilmişdir ki, binaların xarici divarlarının önündə ara məsafəsi sahələri nəzərdə tutulmalıdır. Həmin sahələrin üzərində yerüstü tikinti obyektlərinin inşasına yol verilmir. Aşağıdakı şərtlərin mövcud olduğu hallarda torpaq sahələrinin sərhədlərindəki xarici divarların önündə ara məsafəsi sahəsinin saxlanılması zəruri deyil: tikinti obyektinin torpaq sahəsinin sərhədində tikilməsi müfəssəl planda nəzərdə tutulduqda (mövcud tikintinin ara məsafəsi sahəsinin saxlanılmasını tələb etdiyi hallar istisna olmaqla); 69.1.2. tikinti obyektinin torpaq sahəsinin sərhədində tikilməsinə yol verilməsi müfəssəl planda nəzərdə tutulduqda və qonşu torpaq sahəsində də tikintinin müvafiq torpaq sahəsinin sərhədində tikilməsi şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələbləri baxımından mümkündürsə (69.1.). Ara məsafəsi aşağıdakı qaydada müəyyən edilir: divar hündürlüyünün 0,6 hissəsi; 69.5.2. xüsusi yaşayış ərazilərində (hərbi şəhərciklər, tələbə şəhərcikləri, müvəqqəti məskunlaşma əraziləri) divar hündürlüyünün 0,4 hissəsi; bu Məcəllənin 80-ci maddəsinə əsasən barəsində məlumatlandırma icraatı tətbiq edilən yaşayış evlərinə münasibətdə - divar hündürlüyünün 0,3 hissəsi; 69.5.3. yalnız sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün nəzərdə tutulmuş ərazilərdə və sənaye ərazilərində divar hündürlüyünün 0,25 hissəsi (69.5.). Göründüyü kimi iddiaçı tərəfindən inşa edilmiş tikili çoxmərtəbəli yaşayış binasından 1-2 metr aralı yerləşməklə qanunvericiliklə müəyyən edilmiş ara məsafəsi gözlənməmişdir. Qeyd olunmalıdır ki, hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsinin halları “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsi ilə müəyyən edilərək göstərilmişdir. Həmin maddəyə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Göründüyü kimi, cavabdehin imtinası qanuni və əsaslı olmuş və iddiaçının hüquqlarının pozulmasına səbəb olmamışdır. Bu səbəbdən iddia əsaslı sayıla və təmin edilə bilməz. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “fərdi yaşayış evinə mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınması, çıxarışın və texniki pasportun verilməsi” barədə iddiası təmin edilməsin. Qərardan onun rəsmi qaydada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Emin Abdullayev
Məhkəmə qərarları › İş №2-1(112)-581/2025
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-581/2025
15.05.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver