Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-5810/2021 09.08.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Ağalarov Həmid Azər oğlunun sədrliyi, məhkəmə iclasının katibi X1 qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Yasamal rayon qeydiyyat şöbəsinə qarşı “doğum haqqında akt qeydində dəyişikliklərin edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.B.Vəzirov küç.56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Bakı şəhəri Yasamal rayon qeydiyyat şöbəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, şəxsiyyət vəsiqəsində adının “Qəndəf” olduğu kimi doğum haqqında şəhadətnamənin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, onun şəxsiyyət vəsiqəsində adı İddiaçı kimi qeyd olunmuşdur. Cavabdehə etdiyi müraciətinə cavab olaraq inzibati məhkəməyə müraciət etməsi tövsiyyə edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 47 – 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi üçün iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir. İPM-in 13 və 48-ci maddələrinə əsasən məhkəmə tərəfindən iddiaçıya hüquqi yardım göstərilərək iddia tələbinin dəqiqləşdirilməsi təklif olunmuş, iddiaçı məhkəmə iclasında “iddia ərizəsinin dəqiqləşdirilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək, iddia tələbinin “Ağdam rayonu Qiyaslı icra nümayəndəliyində 1945-ci ildə tərtib edilmiş doğum haqqında akt qeydinin uşaq haqqında məlumatlar qrafasında adın “Zərqələm”dən “Qəndəf”ə dəyişdirilməsi vəzifəsinin cavabdehə həvalə olunması barədə qərar qəbul edilməsini xahiş edirəm” kimi göstərilməsini xahiş etmişdir. Məhkəmənin protokol qaydasında qəbul etdiyi qərardad ilə ərizə icraata qəbul edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə heç bir məlumat verməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və onun təmin olunmasını məhkəmədən xahiş etmişdir. Verilmiş suallara cavab olaraq bildirmişdir ki, doğularkən onun adını Zərqələm qoymuşlar, lakin sonra adını “Qəndəf” olaraq dəyişmişlər, lakin sənədləşdirməmişlər. Şəxsiyyət vəsiqəsini SSRİ pasportu əsasında aldığından “Qəndəf” olaraq yazılmışdır. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia öhdəliyin icrası haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır. Məhkəmə işdə iştirak edən şəxsin izahatlarını dinləyib, iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı tədqiq edərək hesab edir ki, iddia təmin edilməməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Şəxsiyyət vəsiqəsi məlumatlarından görünür ki, İddiaçı (FİN 11M44RT) 01.01.1945-ci ildə ünvan 1 ünvanında qeydiyyatdadır; Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı şəhər Yasamal Rayon Qeydiyyat Şöbəsinin 07.04.2021-ci il tarixli imtina məktubunda doğum haqqında akt qeydinin uşaq haqqında məlumat qrafasında adın “Zərqələm”dən “Qəndəf”ə düzəliş edilməsi ilə bağlı müraciətinə cavab olaraq məhkəməyə müraciət etməsi tövsiyyə edilmişdir. Məhkəmə araşdırması zamanı verilmiş sorğulara cavab olaraq: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 06 may 2021-ci il tarixli məktubuna əsasən, 01.01.1945-ci ildə Ağdam şəhərində doğulmuş İddiaçı cinayət təqibi və məhkumluğu barədə DİN-in müvafiq uçotlarında məlumat yoxdur; Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı şəhər Yasamal Rayon Qeydiyyat Şöbəsinin 01.05.2021-ci il tarixli məktubuna əlavə edilmiş, Ağdam rayonu Qiyaslı icra nümayəndəliyində 1945-ci ildə tərtib edilmiş 01 saylı doğum haqqında akt qeydinin surətindən görünür ki, uşaq haqqında məlumatların “adı” qrafasında “Zərqələm” qeyd edilmişdir; Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin 27 iyul 2021-ci il tarixli məktubuna əlavə edilmiş İddiaçı fərdi uçot kartoçkasının surətindən görünür ki, ona şəxsiyyət vəsiqəsinin verilməsi üçün əsas olan sənəd qismində 04.08.1976-cı il tarixli 677548 nömrəli pasport qəbul edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydası”nın 1.4-cü bəndinə əsasən, qeydiyyat şöbəsi və konsulluq idarəsi öz səlahiyyətləri daxilində doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün dövlət qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını dəyişir, tamamlayır, düzəldir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr verirlər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli, 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən Əsas Müddəalar”ın preambulasına görə bu əsas müddəalar Azərbaycan Respublikasının Ailə Məcəlləsinə uyğun olaraq hazırlanmışdır və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin, Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin xaricdəki konsulluq idarələri (bundan sonra — qeydiyyat şöbələri və konsulluq idarələri) tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edir. Həmin Müddəaların: 3-cü bəndinə əsasən, vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişikliklərin edilməsi hallarından biridir; 4-cü bəndinə əsasən, vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsinə əsas verən digər sənədlər vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi üçün əsaslardan biridir. İddia ərizəsindən və iddiaçı məhkəmə iclasındakı izahlarından görünür ki, iddia tələbinin faktiki əsasını iddiaçının adının şəxsiyyət vəsiqəsində onun doğum haqqında akt qeydində qeyd ediləndən fərqli olaraq göstərilməsi təşkil edir. İş materiallarından görünür ki, iddiaçının doğum haqqında akt qeydində adı “Zərqələm” qeyd edilsə də, pasportunun əsasında alınmış şəxsiyyət vəsiqəsində “Qəndəf” kimi qeyd edilmişdir. Yuxarıda qeyd edilən normaların tələbləri nəzərə alındıqda, iddiaçının adının doğum haqqında akt qeydindən fərqli olaraq qeyd edildiyi (üst-üstə düşmədiyi) sonrakı sənədlər (şəxsiyyət vəsiqəsi) doğum haqqında akt qeydinin dəyişdirilməsi üçün əsas verən sənədlər kimi qəbul edilə bilməz. Həmin sonrakı sənədlərin düzgün tərtib olunmaması, ilkin doğum haqqında akt qeydinin səhv olması nəticəsinə gəlməyə əsas vermir. Başqa sözlə, doğum haqqında akt qeydinə dəyişikliklər edilməsi üçün qanunvericilikdə nəzərdə tutulan əsaslar hazırkı iş üzrə mövcud deyildir. Bununla yanaşı məhkəmə izah edir ki, iddiaçı sonrakı sənədlərdə doğum haqqında akt qeydinə uyğun olaraq dəyişikliklərin edilməsini onları verən orqanlara (təşkilatlara) müraciət etməklə həll etmək hüququ vardır. Hüquqmüəyyənedici sənədlərlə bağlı isə qeyd edilməlidir ki, iddiaçı onları verən təşkilat tərəfindən sənəddə olan səhvlər aradan qaldırılmadığı halda, hüquqmüəyyənedici sənədlərin ona məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi hüququna malıkdır. Belə ki, “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarının 6-cı bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsində nəzərdə tutulan faktın - yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi - şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi - həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsü - məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. Məhkəmələr nəzərə almalıdırlar ki, qanunverici şəxsiyyəti təsdiq edən sənədlərin (pasportun, həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi bilet, xidməti vəsiqə və sair) deyil, məhz hüquqmüəyyənedici sənədlərin, yəni müəyyən hüquqları reallaşdırmaq üçün qanunvericiliklə zəruri vasitə rolunu oynayan sənədlərin konkret şəxsə məxsus olması faktının müəyyən edilməsini nəzərdə tutur. Hüqüqmüəyyənedici sənədlərə isə vəsiyyətnamə, vəsiyyət sərəncamı, ali və orta ixtisas təhsili haqqında diplom və sair aid edilə bilər. Həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların biletlərində və sair sənədlərdə olan bütün səhvlər isə belə sənədləri vermiş orqanların (təşkilatların) özləri tərəfindən aradan qaldırıla bilər. Eləcə də, vətəndaşlıq vəziyyəti aktlarında yol verilən səhvlər (adın, ata adının, soyadın düzgün yazılmaması, digər məlumatların yaddan çıxıb yazılmaması və sair) vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlar tərəfindən düzəldilə bilər. Eyni bir şəxsin adının, atasının adının və ya soyadının bir neçə sənəddə müxtəlif cür yazılması hallarında hüquqmüəyyənedici sənədin həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi əvəzinə, müxtəlif sənədlərdə göstərilmiş şəxsin həmin şəxs olmasının məhkəmə tərəfindən müəyyən edilməsi yolverilməzdir, çünki belə bir faktın müəyyən edilməsi hüquqi nəticə doğurmur. Göstərilənləri ümumiləşdirərək məhkəmə qeyd edir ki, şəxsin sənədlərində göstərilən adı, atasının adı və ya soyadının onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə uyğunsuzluğunun doğum haqqında akt qeydinə dəyişiklik edilməklə aradan qaldırılması qanunvericilikdə nəzərdə tutulmamışdır. İPM-in: 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir; 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir; 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Aparılmış qiymətləndirmənin nəticəsi olaraq, məhkəmə hеsаb еdir ki, iddiaçının “doğum haqqında akt qeydində dəyişikliklərin edilməsi” tələbindən qаnuni əsаslаrlа imtinа оlunduğundаn, işin bu cür hаlındа isə cavabdeh tərəfindən hər hаnsı qаnunsuz hərəkətə yоl vеrilməsi hər hаnsı dəlil ilə sübutа yеtirilmədiyindən, iddia təmin еdilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Bakı şəhəri Yasamal rayon qeydiyyat şöbəsinə qarşı “doğum haqqında akt qeydində dəyişikliklərin edilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim: Həmid Ağalarov
Məhkəmə qərarları › İş №2-1(112)-5810/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-5810/2021
09.08.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver