Məhkəmə qərarları › İş №2-1(112)-5815/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-5815/2023

17.03.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-5815/2023 17.03.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi, İddiaçı cavabdeh Bakı şəhəri Xətai Rayon Polis İdarəsinə qarşı “qeydiyyata alınma” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı cavabdeh Bakı şəhəri Xətai Rayon Polis İdarəsinə qarşı “qeydiyyata alınma” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, 2007-ci il tarixdən inzibati binada qeydiyyatda olmuşdur. Kirayədə yaşayır və heç bir qohum evinə qeydiyyata alınması mümkün olmamışdır. Lakin, cavabdeh heç bir əsaslı səbəb olmadan inzibati binaya qeydiyyatını ləğv etmişdir. İddiaçı hesab edir ki, həmin hal qanunvericiliyin tələblərinə uyğun olmamışdır. Cavabdehin etirazları: Cavabdehin etirazı onunla əsaslandırılmışdır ki, inzibati binada qeydiyyatda olan vətəndaşların faktiki yaşayış yerlərinin müəyyən edilməməsi aidiyyəti qurumların fəaliyyətinin təmin edilməsində vətəndaşların tapılmasının operativliyinin təmin edilməsində problemlər yaratdığından şəxsin faktiki yaşadığı ünvan və ya ailə üzvləri, qohumlarının ünvanı üzrə qeydiyyata alınması məqsədəuyğundur. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. Faktiki hallar və sübutlar: İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Yaşayış yeri üzrə qeydiyyat haqqında arayışdan görünür ki, iddiaçı 04 aprel 2007-ci il tarixdən cavabdehin yerləşdiyi inzibati binanın ünvanı üzrə qeydiyyatda olmuşdur. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsin aidiyyəti ərazi idarəsindən daxil olmuş məktubdan görünür ki, Bakı şəhərində iddiaçının mülkiyyət və istifadə hüquqları qeydiyyata alınmış əmlak mövcud deyildir. Cavabdehin məktubunda qeyd edilmişdir ki, inzibati binada qeydiyyatda olan vətəndaşların faktiki yaşayış yerlərinin müəyyən edilməməsi aidiyyəti qurumların fəaliyyətinin təmin edilməsində vətəndaşların tapılmasının operativliyinin təmin edilməsində problemlər yaratdığından şəxsin faktiki yaşadığı ünvan və ya ailə üzvləri, qohumlarının ünvanı üzrə qeydiyyata alınması məqsədəuyğundur. Tətbiq edilən hüquq və məhkəmənin hüquqi mövqeyi: “Yaşayış yeri və olduğu yer haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 1. Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır.Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. Maddə 5. Yaşayış yeri üzrə qeydiyyatda olmayan vətəndaşa ilk dəfə Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi verilərkən o, yaşayış yeri üzrə qeydiyyata alınır. Bu halda vətəndaş yalnız “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamə”də nəzərdə tutulmuş şəxsiyyət vəsiqəsinin verilməsi haqqında ərizə-anketi doldurmalı və vəsiqənin verilməsi üçün tələb olunan sənədlərdən əlavə bu Qanunun 5-ci maddəsinin ikinci hissəsinin 2-ci bəndində göstərilən, yaşayış sahəsinə köçmək üçün əsas verən sənədi də təqdim etməlidir. Yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət edərək forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən, yaşayış yeri üzrə qeydiyyata alınma haqqında ərizə-anketlə birlikdə aşağıdakı sənədləri təqdim etməlidir: 1) şəxsiyyət vəsiqəsi; 2) yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi. Müvafiq icra hakimiyyəti orqanı yaşayış yerinin dəyişdirilməsi ilə bağlı müvafiq sənədləri təqdim etmiş vətəndaşı dərhal yaşayış yeri üzrə qeydiyyata almalı və onun şəxsiyyət vəsiqəsinin elektron daşıyıcısında yaşayış yeri haqqında məlumatı dəyişdirməlidir. 15 yaşı tamam olmamış vətəndaşın yaşayış yeri üzrə qeydiyyata alınması onun qanuni nümayəndəsinin bu barədə müraciəti olduqda həyata keçirilir. Bu halda vətəndaşın qanuni nümayəndəsi tərəfindən aşağıdakı sənədlər təqdim olunur: 1) 15 yaşı tamam olmamış vətəndaşın yaşayış yeri üzrə qeydiyyata alınması haqqında ərizə-anket (forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir); 2) doğum haqqında şəhadətnamə; 3) bu Qanunun 5-ci maddəsinin ikinci hissəsinin 2-ci bəndində göstərilən, yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 55 S nömrəli 09 aprel 2003-cü il tarixli Sərəncamı:

1. Yaşayış yeri olmayan Azərbaycan Respublikası vətəndaşlarının Daxili İşlər Nazirliyinin şəxsiyyət vəsiqəsi verən müvafiq orqanının ünvanı üzrə qeydiyyatdan keçirilməsi və onlara şəxsiyyət vəsiqəsi fərdiləşdirilərkən şəxsiyyət vəsiqəsinin “yaşayış yeri” bölməsində həmin ünvanın şərti olaraq göstərilməsi barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Ədliyyə Nazirliyi ilə razılaşdırılmış təklifi qəbul edilsin. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsi: 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə işin yuxarıda göstərilən faktiki hallarını, o cümlədən tətbiq edilməli olan maddi və prosessual hüquq normalarının tələblərini nəzərə almaqla hesab edir ki, iddia rədd edilməlidir. Gəlinən nəticə ilə bağlı aşağıdakıların da qeyd edilməsi zəruridir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 1- ci maddəsinin mənasına görə, şəxs yaşadığı ünvanda qeydiyyata alınmalıdır, şəxsin qeydiyyata alındığı ünvan onun yaşayış yeridir. Bu baxımdan, əgər iddiaçı mülkiyyətində əmlak olmamasına baxmayaraq kirayə mənzildə uzun illərdir faktiki yaşadığını və yaşadığı ərazi vahidinin qeydiyyat orqanının inzibati binası üzrə qeydiyyata alınmasını tələb edirsə, bu halda onun bu iddiasının sahəvi qanunvericiliyin tələblərinə cavab verməsi mütləqdir. Birinci halda, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” AR Qanununun 5-ci maddəsinin dispozisiya şərtlərinə əməl olunmalıdır. Həmin normaya görə, yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət edərək forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən, yaşayış yeri üzrə qeydiyyata alınma haqqında ərizə-anketlə birlikdə aşağıdakı sənədləri təqdim etməlidir: 1) şəxsiyyət vəsiqəsi; 2) yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi. İkinci halda isə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 55s nömrəli Sərəncamı yalnız yaşayış yeri olmayan şəxslərə şamil edilə bilər. Adıçəkilən Sərəncamla, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin və “Azərbaycan Respublikası vətəndaşlarının şəxsiyyət vəsiqəsi nümunəsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Şəxsiyyət vəsiqəsinin təsviri”nin müddəalarının şərh olunması barədə 2003-cü il 31 yanvar tarixli qərarının 3-cü bəndinin icrasının təmin edilməsi məqsədilə, yaşayış yeri olmayan Azərbaycan Respublikası vətəndaşlarının Daxili İşlər Nazirliyinin şəxsiyyət vəsiqəsi verən müvafiq orqanının ünvanı üzrə qeydiyyatdan keçirilməsi və onlara şəxsiyyət vəsiqəsi fərdiləşdirilərkən şəxsiyyət vəsiqəsinin “yaşayış yeri” bölməsində həmin ünvanın şərti olaraq göstərilməsi barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Ədliyyə Nazirliyi ilə razılaşdırılmış təklifi qəbul edilmişdir. Lakin, iddiaçı, qeyd olunduğu kimi, yaşayış yeri olan şəxsdir. Özünün də dediyi kimi faktiki olaraq kirayə mənzildə yaşayır ki, yuxarıda adıçəkilən qanunvericiliyin tələbindən də göründüyü kimi digər sənədlərlə yanaşı kirayə müqaviləsi də şəxsin yaşadığı yer üzrə qeydiyyata alınmasına əsas yaradır. Bu zaman, kirayəçi kimi onun kirayəverəndən kirayə hüquq münasibətlərinin rəsmiləşdirilməsini tələb etməməsi, kirayədə yaşasa da həmin münasibətin təsdiqi kimi kirayə müqaviləsinin bağlanılmaması və bununla bağlı da kirayəçi kimi iddiaçının nə kirayəverənə, nə də kirayə müqaviləsinin bağlanılmasının təmini üçün kirayəverənə qarşı məhkəməyə müraciət etməkdən boyun qaçırması onun yaşayış yeri üzrə qeydiyyata alınmasına münasibətdə nə cavabdeh inzibati orqanın, nə də bütövlükdə dövlətin məsuliyyət dairəsinə aid deyil. Odur ki, iddiaçının könüllü olaraq kirayə hüquq münasibətlərinin rəsmiləşdirilməsinə çalışmaması, kirayə müqaviləsini yaşadığı yer üzrə qeydiyyata alınması üçün təqdim etməyə cəhd göstərməməsi məhkəmə hesab edir ki, yuxarıda adıçəkilən Sərəncamın müddəalarının tətbiqinə və iddiaçının inzibati binanın ünvanı üzrə qeydiyyata alınmasına əsas yaratmır. Qeyd olunanlara əsasən, cavabdehin iddiaçını inzibati binanın ünvanı üzrə yaşayış yeri üzrə qeydiyyata almaqdan imtinası qanuni və əsaslıdır. Belə ki, İPM-in 1.2-ci maddəsindən göndərişlə MPM-in 81-ci maddəsinə əsasən isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Bu baxımdan, cavabdeh yalnız “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 5-ci maddəsində təsbit olunan hallarda iddiaçını yeni yaşayış yeri, AR Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 55s nömrəli Sərəncamı ilə müəyyən edilən halda isə Daxili İşlər Nazirliyinin şəxsiyyət vəsiqəsi verən müvafiq orqanının ünvanı üzrə qeydiyyata almaq səlahiyyətinə malik olduğundan, iddiaçının birinci halda həmin maddə ilə tələb olunan sənədləri cavabdehə təqdim etməsi, ikinci halda isə yaşayış yeri olmayan şəxs statusuna malik olması zəruri idi ki, bu hallar da iş üzrə mövcud deyil. Belə ki, iddiaçı kirayəçi olmaqla yaşayış yerinə malikdir və yaşadığı yer üzrə qeydiyyata alınma ilə bağlı müvafiq sənədləri təqdim etmək və qeydiyyata alınma barədə müraciətinə baxılması, bu mümkün olmadıqda isə inzibati məhkəməyə müraciət etmək hüququna malikdir ki, iş materialları ilə həmin hüquqlardan istifadə müəyyən edilmir. Beləliklə iddiaçının yaşayış yeri cavabdehin inzibati binasınının yerləşdiyi ünvan üzrə yenidən qeydiyyata alınması və yaşayış yerinin həmin ünvan göstərilməklə yeni şəxsiyyət vəsiqəsinin verilməsi qanunvericiliyin tələblərinə uyğun deyil. Həmçinin qeyd edilməlidir ki, “Məhkəmə və hakimlər haqqında” Azərbaycan Respublikası Qanunun 79-1-ci maddəsinə görə vahid məhkəmə təcrübəsi məhkəmələrin hüquqi məsələlərin həllinə yanaşmasının sabitliyini və ədalət mühakiməsi həyata keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiq edilməsini təmin etmək məqsədilə formalaşdırılır. Ali Məhkəmə hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsini baxdığı işlər üzrə məhkəmə kollegiyalarının və Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə formalaşdırır. Göründüyü kimi hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin formalaşdırılması təkcə Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə deyil, eyni zamanda məhkəmə kollegiyalarının fərdi işlər üzrə qərarları vasitəsi ilə də həyata keçirilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-459/2021 saylı iş üzrə xx.xx.2021-ci il tarixli qərarından da görünür ki, məhkəmə kollegiyası şəxsin polisin inzibati binasının yerləşdiyi ünvana yaşayış yeri üzrə qeydiyyata alınmasından analoji əsasların nəzərə alınması olması səbəbindən imtina etmiş, cavabdehin imtinası qanuni hesab edilmişdir. Lakin, qeyd olunmalıdır ki, iddiaçı şəxsiyyət vəsiqəsinin verilməsinə münasibətdə məhz onun yaşayış yerinin inzibati binanın yerləşdiyi ünvan üzrə göstərilməsini tələb etdiyindən məhkəmə həmin tələblərə vahid tələb kimi baxmış və hesab etmişdir ki, iddia yuxarı instansiya məhkəməsinin oxşar işlər üzrə mövqeyi (misal 52 yaşdan pensiya təyin edilməsi tələb edilən işlərdə pensiyanın 57 yaşdan təmin edilməklə iddianın qismən təmin edilməsi və s) rədd edilməlidir. Məhkəmə hesab edir ki, oxşar təcrübə hazırkı iş üzrə də nəzərə alınmalı nə qədər ki, iddiaçı şəxsiyyət vəsiqəsinin verilməsini, yəni şəxsiyyət vəsiqəsinin aktiv statusuna gətirilməsini məhz onun qeydiyyat yerinin inzibati binanın ünvanı üzrə göstərilməklə həyata keçirilməsini istəyir tələbə məhz yuxarıda adıçəkilən mövqe nəzərə alınmaqla qiymət verilməlidir. Vəsiqənin aktiv statusuna ünvanın göstərilmədən gətirilməsinə münasibətdə də məhkəmə aşağıdakıları tərəflərin diqqətinə çatdırmağı zəruri hesab edir. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin və «Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi nümunəsinin təsdiq edilməsi haqqında» Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Şəxsiyyət vəsiqəsinin təsviri»nin müddəalarının şərh olunması barədə” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 yanvar 2003-cü il qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi hər bir şəxsin öz vətəndaşlıq hüquqlarının həyata keçirilməsi üçün ən zəruri sənəddir. Təsadüfi deyil ki, vətəndaşlığı təsdiq edən digər sənədlərdən fərqli olaraq Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi onun sahibi haqqında daha ətraflı məlumatları özündə əks etdirir. Bu məlumatların sənəddə göstərilməsi şəxsiyyət vəsiqəsi sahibinin eyniləşdirilməsinə və digər vətəndaşlardan dəqiq ayrılmasına xidmət edir. «Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında» qanunda vətəndaşa şəxsiyyət vəsiqəsinin verilməsindən imtina edilməsi üçün heç bir əsas göstərilməmişdir. Beləliklə, Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsini qanunla müəyyən olunmuş qaydada almaq hər bir vətəndaşın hüququ kimi, bu sənədin qanunsuz verilməməsi isə vətəndaşlıq hüququnun və ondan irəli gələn digər Konstitusiya hüquqlarının məhdudlaşdırılması kimi qəbul olunmalıdır. Lakin nəzərə alınmalıdır ki, yaşadığı yer üzrə müvafiq dövlət orqanına şəxsiyyət vəsiqəsinin alınması üçün müraciət etmək eyni zamanda vətəndaşın vəzifəsidir. «Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında» qanunu vətəndaşlıq hüququnu təsdiq edən sənədə və onun verilməsinə həsr olunmuşdursa, «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» qanunun predmeti isə tamamilə fərqlidir. Adından da göründüyü kimi, bu qanunun tənzimlədiyi məsələlər vətəndaşların, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın aparılması ilə bağlıdır. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» qanunun, o cümlədən də onun 5-ci maddəsinin mətni, habelə «Azərbayan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi nümunəsinin təsdiq edilməsi haqqında» qanunu ilə təsdiq edilmiş «Şəxsiyyət vəsiqəsinin təsviri»ndə vətəndaş haqqında məlumatların sırasında «yaşayış yeri» bölməsinin mövcudluğu yaşayış yeri olmayan vətəndaşa şəxsiyyət vəsiqəsinin verilməməsinə əsas vermir. Yaşayış yeri olmayan vətəndaşlara şəxsiyyət vəsiqəsinin verilməməsi onların vətəndaşlıq hüququnun və ondan irəli gələn digər Konstitusiya hüquqlarının, o cümlədən cəmiyyətin və dövlətin siyasi həyatında iştirak etmək (Konstitusiyanın 54-cü maddəsi), dövlətin idarə olunmasında iştirak etmək (Konstitusiyanın 55-ci maddəsi), seçki (Konstitusiyanın 56-cı maddəsi), təhsil (Konstitusiyanın 42-ci maddəsi), dövlət orqanlarına müraciət etmək (Konstitusiyanın 57-ci maddəsi) və s. hüquqlarının pozulmasına səbəb ola bilər. Yaşayış yeri olmayan vətəndaşlara şəxsiyyət vəsiqəsinin verilməsindən imtina edilməsi həmçinin bərabərlik hüququnu poza bilər. «Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında» qanunda həmin sənədin verilməsindən imtina olunması üçün ümumiyyətlə heç bir hal nəzərdə tutulmadığına görə şəxsiyyət vəsiqəsinin təsvirinin «yaşayış yeri» bölməsində digər bölmələrin doldurulması üçün istifadə olunan oxşar üsullardan istifadə etməklə xüsusi qeydlər aparılmalıdır. Bu zaman şəxsiyyət vəsiqəsinin «atasının adı» bölməsinin atası məlum olmayan şəxslər üçün, «hərbi vəzifə» bölməsinin qadınlar üçün, «gözlərinin rəngi» bölməsinin kor olan vətəndaşlar üçün doldurulması təcrübəsi də nəzərə alına bilər. Doğrudur hal-hazırda Konstitusiya Məhkəməsinin şərh etdiyi Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi nümunəsinin təsdiq edilməsi haqqında» Azərbaycan Respublikasının Qanunu qüvvədə olmasa da Konstitusiya Məhkəməsinin ümumilikdə konstitusion hüquqi baxımından qoyduğu mövqe aşkardır. Lakin hazırkı mübahisənin predmeti ümumilikdə qiymətləndirmə tələb etdiyindən məhkəmə hesab edir ki, iddiaçının yeni şəxsiyyət vəsiqəsinin məhz polis idarəsinin inzibati binasının yerləşdiyi ünvan üzrə qeydiyyata alınmaqla verilməsi tələbi rədd edilməlidir.

NƏTİCƏVİ HİSSƏ

Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə

qərara aldı:

İddia rədd edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.

Hakim Orxan Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar