Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-5818/2021 09.09.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ X4 Oruczadənin sədrliyi, Məhkəmə iclas katibi Yasəmən Fərman qızı Cəfərovanın katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi cavabdeh Binəqədi rayonu Binəqədi Bələdiyyəsinə qarşı X2 məhkəmə icraatına 3-cü şəxs qismində cəlb olunmaqla “qərarın ləğv olunması” tələbinə dair iddia ərizəsinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi cavabdeh Binəqədi rayonu Binəqədi Bələdiyyəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Binəqədi rayon Binəqədi Bələdiyyəsinin 08.10.2004-cü il tarixli 239 nömrəli qərarının ləğv olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul olunduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5818/2021 saylı 20 aprel 2021-ci il tarixli qərardadı ilə X2 iş üzrə üçüncü şəxs qismində cəlb edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5818/2021 saylı 22 iyun 2021-ci il tarixli qərardadı ilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti hazırki iş üzrə üçüncü şəxs qismində cəlb edilmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanında yerləşən X8 binasına bitişik olan 0,0256 ha torpaq sahəsi Bakı Şəhəri İcra Hakimiyyətinin 2016-cı il 30 avqust tarixli 358 nömrəli sərəncamı ilə Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin daimi istifadəsinə verilmişdir. Sərəncam “Azərbaycan teatr sənətinin inkişaf etdirilməsi haqqında” Azərbaycan Republikası Prezidentinin 2007-ci il 19 fevral tarixli Sərəncamının icrası məqsədilə verilmişdir. Dövlət mülkiyyətində olan torpaqlar Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 6 iyun tarixli 586 nömrəli Fərmanı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasında dövlət əmlakının idarə edilməsinin təkmilləşdirilməsi üzrə Dövlət Proqramının” 6.1-ci bəndinə əsasən Dövlət əmlakı Azərbaycan Respublikasının dövlət orqanlarına və dövlət büdcəsindən maliyyələşən təşkilatlara onların hüquq, vəzifə və funksiyalarının icrası məqsədi ilə verilir. Lakin vətəndaş X1 həmin 0.0256 ha torpaq sahəsinin tərkibində Binəqədi rayon Binəqədi bələdiyyəsinin 08.10.2004-cü il tarixli 239 nömrəli qərarı ilə “sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün” 60 kv.m sahə 14 il müddətinə icarəyə verilmişdir. Həmin torpaq sahəsinin mülkiyyət mənsubiyyəti barədə məlumatın alınması məqsədilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə 2020-ci il 10 fevral tarixli 07-05 nömrəli və 2020-ci il 06 may tarixli, 09-05 nömrəli sorğular ünvanlanmışdır. Sorğulara cavab olaraq Reyestr Xidmətindən həmin torpaq sahəsinin dövlət mülkiyyətində olması barədə 2020-ci il 4 mart tarxli **********97 nömrəli və 2020-ci il 05 iyun tarixli, **********67 nömrəli məktublarla məlumat daxil olmuşdur. Məsələ ilə bağlı Binəqədi bələdiyyəsinə iki dəfə tərəfimizdən müraciət ünvanlanmışdır. İlk müraciətə cavab olaraq 2004-cü ilə aid mülkiyyət mənsubiyyətli sənədlərin Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin Bakı filialına təhvil verildiyi, ikinci (təkrar) müraciətə cavab olaraq isə mübahisə predmeti olan ərazinin Biİnəqədi Rayon Bələdiyyəsinin inzibati ərazisinə aid olduğu göstərilmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfimizdən edilmiş müraciətlərə eyni cavab verərkən, Binəqədi bələdiyyəsi iki eyni müraciətə fərqli məzmunda cavab vermişdir. Göründüyü kimi, Binəqədi bələdiyyəsinin 08.10.2004-cü il tarixli, 239 nömrəli qərarı onun səlahiyyətlərinə aid olmadan verildiyi üçün qanunsuzdur. X2 qanunsuz qərarla ona icarəyə verilmiş torpaq sahəsindən hər hansı fəaliyyət məqsədi üçün istifadə etməmişdir. İcarə müqaviləsinin bitməsinə az müddət qalmış (16.07.2019) Bakı Şəhəri Bİnəqədi Rayon Məhkəməsinə müraciət edərək ünvan 1 ünvanında yerləşən 60 kv.m torpaq sahəsinin Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin sahibliyindən alınaraq ona verilməsini tələb etmişdir. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsi, Binəqədi rayon Binəqədi bələdiyyəsinin 08.10.2004-cü il tarixli 239 saylı qərarının ləğv edilməsi xahiş edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə 3-cü şəxslər və cavabdeh lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişlər və bunun səbəbləri barədə məhkəməyə heç bir rəsmi məlumat verməmişdirlər. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62-ci maddəsinin tələblərini rəhbər tutaraq, işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. İddia tələbindən aydın göründüyü kimi, iddiaçı Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi Binəqədi rayonu Binəqədi Bələdiyyəsinin 08.10.2004-cü il tarixli, 239 saylı qərarını mübahisələndirir. İş materiallarına əlavə edilmiş: - 08 oktyabr 2004-cü il tarixli 239 nömrəli Binəqədi rayon Binəqədi Bələdiyyəsi tərəfindən qəbul edilmiş qərarın surətindən görünür ki, Binəqədi rayonu, 8 mkr S.S.Axundov küçəsi Zümrüd şadlıq sarayının yanında 60 kv.m torpaq sahəsi əlavə edilmiş cizgiyə uyğun olaraq sahibkarlıq fəaliyyətilə məşğul olmaq üçün X1 icarə əsasında ayrılmışdır. - Bakı şəhər İcra Hakimiyyəti Başçısının 30.08.2016-cı il tarixli sərəncamının surətindən görünür ki, “Azərbaycan teatr sənətinin inkişaf etdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 19 fevral 2007-ci il tarixli 1964 nömrəli sərəncamını və Mədəniyyət və Turizm Nazirliyinin 27.07.2016-cı il tarixli, 2140/19 saylı müraciəti nəzərə alınaraq, ünvan 5 ünvanda yerləşən X9 Teatrı binasında aparılan əsaslı təmir və yenidənqurma işləri ilə əlaqədar, həmin binaya bitişik 0,0256 ha torpaq sahəsi Mədəniyyət və Turizm Nazirliyinin daimi istifadəsinə verilmişdir. Məhkəmə ilk öncə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 87.2-ci və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.1-ci maddələrinin şərh edilməsinə dair» 04.04.2012-ci il Qərarına əsasən, inzibati ədliyyənin əsas məqsədlərindən biri dövlət idarəçiliyi sahəsində insanın subyektiv hüquqlarının müdafiəsidir. İnzibati sahədə subyektiv hüquqlar bir qayda olaraq şəxsin hüquqi norma ilə müəyyən edilmiş çərçivədə davranış azadlığını, müəyyən sosial təzminatlardan istifadə etmək imkanını, müəyyən hərəkətləri etmək və digərlərindən müəyyən hərəkətlərin edilməsini tələb etmək səlahiyyətlərini və hüquqlarının müdafiəsi üçün inzibati orqanlara və məhkəmələrə müraciət etmək hüququnu əhatə edir. İnzibati sahədə şəxsin subyektiv hüquqları mütləq şəkildə hakimiyyət institutu ilə münasibətlə səciyyələnir. Bir tərəfdən, hakimiyyət səlahiyyətlərinin daşıyıcısının üzərinə insan və vətəndaşın hüquq və azadlıqlarının təmin edilməsi vəzifəsi qoyulur, digər tərəfdən isə şəxsin hüquq və azadlıqları pozulduğu təqdirdə o, icra hakimiyyəti və ya məhkəmə orqanlarına şikayət etmək hüququnu realizə edir. Bu baxımdan məhkəmə bildirir ki, inzibati mübahisələr inzibati orqanla fiziki və hüquqi şəxslər arasında inzibati aktın qəbul edilməsi, qəbul edilməsindən imtina olunması, ləğv edilməsi, dəyişdirilməsi, etibarsız sayılması, habelə inzibati orqanın faktiki xarakterli hərəkətləri (fəaliyyəti) və sair ilə bağlı yaranan münasibətlərdən meydana gəlir. Əgər inzibati orqanlar bir-biri ilə mübahisə edirsə, bu zaman söhbət fərdlərin subyektiv hüquqlarının qorunmasından getmir. Başqa sözlə, inzibati ədliyyə yalnız ayrıayrı şəxslərin subyektiv hüquqlarının qorunması məqsədilə qəbul edilmişdir. Bundan əlavə hətta iddiaçı Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin bələdiyyə qərarını mübahisələndirməklə bağlı tələbinə inzibati icraat qaydasında baxılması mümkün olsa belə, işin hallarından müəyyən olunur ki, iddiaçı Binəqədi rayon Binəqədi Bələdiyyəsinin 08 oktyabr 2004-cü il tarixli qərarını 13.04.2021-ci il tarixdə məhkəməyə müraciət edərək mübahisələndirmiş, bununla da qanunla müəyyən edilmiş müddəti ötürmüşdür. Məhkəmə qeyd etmək istəyir ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə öncə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərinin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr belə, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. Belə ki, İPM-in 12.1-ci maddəsinə görəməhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 2000-ci il 01 sentyabr tarixədək qüvvədə olan Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 24-1-fəslində (Dövlət hakimiyyəti orqanlarının, idarələrin, təşkilatların, müəssisələrin və vəzifəli şəxslərin vətəndaşların, hərbi qulluqçuların və kollektivlərin hüquqlarına toxunan qeyri-hüquqi hərəkətlərindən şikayətlər) və 2000-ci il 01 sentyabr tarixdən qüvvəyə minmiş Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 2011-ci il 30 iyun tarixədək qüvvədə olmuş 27-ci fəslində (Müvafiq icra hakimiyyəti orqanlarının, yerli özünüidarə orqanlarının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin qərarları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələrə dair işlər üzrə icraat) inzibati hüquq münasibətlərindən irəli gələn mübahisələr üzrə hüquqi müdafiə imkanları nəzərdə tutulmuşdur. Həmin fəsillərin müddəalarında hüququ pozulmuş şəxsin məhkəməyə müraciət etməsi üçün müəyyən edilmiş 1 aylıq müddətin axımının başlanğıcı maraqlı şəxsin hüquq və azadlığının pozulduğunu bildiyi vaxtla müəyyən edilirdi. (Həmin fəsil 10 iyun 2011-ci il tarixli, 143-İVQD nömrəli Azərbaycan Respublikası Qanunu ilə Mülki Prosessual Məcəllədən çıxarılmışdır). Mübahisə açan tərəf həmin qanunvericilik aktlarının verdiyi hüquqi müdafiə imkanlarından, həm də həmin aktlarla müəyyən edilmiş müddətlərdə istifadə etmədiyi halda, 1 yanvar 2011-ci il tarixədək qəbul edilmiş aktların mübahisələndirilməsi üçün əvvəlki qanunla müəyyən edilmiş məhkəməyə müraciət etmə müddəti 01 yanvar 2011-ci il tarixədək artıq ötürülmüşdürsə, onlar yeni qanuna istinadla mübahisələndirilə bilməz. Ona görə ki, İPM əvvəlki qanunvericiliklə müəyyən edilmiş, lakin istifadə müddəti buraxılmış müdafiə imkanını təzələmir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.1-ci maddəsinə əsasən Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, şikayət inzibati aktın qüvvəyə mindiyi gündən 30 gün müddətində müvafiq şikayət instansiyasına verilir. Həmin Qanunun 73.2-ci maddəsinə əsasən inzibati aktda ona qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə (şikayət vermə) qaydası və müddəti nəzərdə tutulmadıqda və ya inzibati akt onun ünvanlanmadığı digər maraqlı şəxslərin qanuni maraqlarına (ilk dəfə) toxunduqda, həmin inzibati aktdan onun qüvvəyə mindiyi gündən 6 ay müddətində şikayət verilə bilər. Göründüyü kimi, iddiaçı mübahisləndirilən qərarla 3-cü şəxsə ayrılmış torpaq sahəsinin Bakı şəhər İcra Hakimiyyəti Başçısının 30.08.2016-cı il tarixli sərəncamına əsasən X9 Teatrı binasında aparılan əsaslı təmir və yenidənqurma işləri ilə əlaqədar, həmin binaya bitişik torpaq sahəsi daxilində Mədəniyyət və Turizm Nazirliyinin daimi istifadəsinə verildiyini bildirir. İddiaçı hazırki tələb üzrə subyektiv hüquqa malik olsa da, hazırki halda Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 38.1-ci maddəsinin tələblərinə əsasən iddia mümkün sayılmamalıdır. İşdən mübahisələndirilən qərarın iddiaçıya rəsmi olaraq məhz hansı tarixdə təqdim olunmasının bəlli olmaması halı iddianın mümkün sayılmamasına mane təşkil etmir. Belə ki, iddia ərizəsinin məzmunundan aydın görünür ki, mübahisəli qərarın aid olduğu torpaq sahəsi ilə bağlı iddiaçı tərəfindən bir sıra inzibati orqanlara müraciətlər olmuş, Binəqədi bələdiyyəsinə 06.05.2020-ci il tarixli və 15.10.2020-ci il tarixli müraciətlər ünvanlanmışdır. Məhkəmə iclasında iştirak etmiş iddiaçının nümayəndəsi izahatında bildirmişdir ki, hazırki iş üzrə 3-cü şəxs olan X2 2019-cu il tarixdə Binəqədi rayon Məhkəməsində Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinə və X6 dram Teatrına qarşı torpaq sahəsinin cavabdehlərin qanunsuz sahibliyindən alınaraq ona qaytarılması tələbinə dair iddia qaldıraraq mübahisəli torpaq sahəsinin Binəqədi bələdiyyəsinin 08.10.2004-cü tarixli 239 nömrəli aktı ilə ona məxsus olmasını bildirmiş, iş üzrə icraat zamanı 20 dekabr 2019cu il tarixdə tərtib edilmiş mütəxəssis rəyi ilə Azərbaycan Respublikası Mədəniyyət X5 Musiqili Dram teatrının binası üçün inşa edilmiş su anbarının yerləşdiyi torpaq sahəsinin Binəqədi rayon Binəqədi Bələdiyyəsinin 04 oktyabr 2004-cü il tarixli aktı və 08 oktyabr 2004-cü il tarixli 239 saylı qərarı ilə X1 ayrılmış ünvan 8 ünvanında yerləşən 60 kvm torpaq sahəsi ilə üst-üstə düşdüyü müəyyən edilmişdir. Mübahisəli torpaq sahələrinin üstüstə düşməsi müəyyən edildikdən sonra bir sıra inzibati orqanlara müraciətlər edilmiş, daha sonra qurumun daxilində bəzi struktur dəyişiklikləri olduğundan Bakı İnzibati Məhkəməsinə 13.04.2021-ci il tarixində iddia tələbi ilə müraciət olunmuşdur. Göründüyü kimi, Məhkəmə xidməti vəzifəsinə uyğun olaraq araşdırmanı apararaq müəyyən etmişdir ki, iddiaçı Binəqədi Rayon Məhkəməsində ona qarşı qaldırılmış iddia üzrə mülki işin icraatı zamanı artıq həmin Binəqədi bələdiyyəsinin sözügedən qərarından xəbərdar olmuş, işə əlavə edilmiş 20 dekabr 2019-cu il tarixli mütəxəssis rəyinə əsasən də mübahisəli torpaq sahələrinin üs-üstə düşməsi müəyyən edilmişdir. Belə olan halda, iddiaçı Binəqədi rayon Binəqədi Bələdiyyəsinin 08.10.2004-cü il tarixli 239 nömrəli qərarından ən geci 2019-cu il tarixdə xəbərdar olduğu təqdirdə, həmin qərarı mübahisələndirmək hüququnun həm 30 günlük müddətini, həmçinin də 6 aylıq müddətini ötürmüşdür. Bununla bağlı olaraq, həmçinin nəzərə almaq lazımdır ki, İPM-in 38.1-ci maddəsi yalnız "təqdim olunma" ifadəsindən deyil, həm də "elan olunma" ifadəsindən istifadə edir. Buna görə, "elan olunma" eynilə "təqdim olunma"ya bərabər hüquqi nəticələr doğurur. "Elan olunma" isə inzibati akt barəsində digər qaydada məlumatlı olmanı da ehtiva edir. Başqa sözlə, şəxsə inzibati akt rəsmi qaydada təqdim edilməsə belə, onun digər vasitələrlə artıq həmin akt barədə məlumat əldə etdiyi təkzibolunmaz şəkildə sübuta yetirilirsə, iddia müddətinin axımının başlanılması onun akt barədə məlumatlı olduğu andan hesablanmalıdır. Məhkəmə yuxarıda qeyd edilən hüquq normalarına və işin hallarına istinad edərək hesab edir ki, iddiaçı mübahisələndirmə haqqında iddia növü üzrə prosessual müddəti ötürdüyündən, həmçinin ötürülmüş müddətinin bərpa edilməsi barədə vəsatət təqdim etmək hüququnu da itirdiyindən (İPM 24.4-cü maddəsi), iddia müddətə dair mümkünlük şərti ödənilməməsi səbəbi ilə mümkünsüz sayılmalıdır. İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Göstərilənlərə əsasən və İPM-in 2.2-ci, 23-cü və 35-ci maddələrini rəhbər tutaraq, Məhkəmə qərara aldı: İddia mümkün sayılmasın. Qərardaddan tərəflərə təqdim edildiyi gündən 10 gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim : Aytən Oruczadə
Məhkəmə qərarları › İş №2-1(112)-5818/2021
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-5818/2021
09.09.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver