Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-5818/2024 29.03.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “torpaq sahəsinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması öhdəliyinin cavabdehə həvalə edilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Hakim Cəlalov Bəhlul Məmmədcəfər oğlunun sədrliyi, Həsənov İlkin Mürşüd oğlunun katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı torpaq sahəsinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması öhdəliyinin cavabdehə həvalə edilməsi tələbinə dair iddiası üzrə inzibati işə 29 mart 2024-cü il tarixdə, məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: Abşeron rayon İcra Hakimiyyəti başçısının xx.xx.1999-cu il tarixli Sərəncamı ilə Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin nəzdində olan Buzovna Tərəvəzçilik-südçülük sovxozunun fəhlə və mütəxəssislərinə fərdi yaşayış evinin tikintisi üçün torpaq verilməsi məqsədi ilə Sovxoza 5 ha torpaq sahəsinin ayrılması barədə Sərəncam verilmişdir. Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin X3 vətəndaşlara həyətyanı torpaq sahəsi verilməsi haqqında 21 may 2003-cü il tarixli, 28 nömrəli əmrinə əsasən fərdi ev tikintisi üçün nəzərdə tutulmuş ərazidən İddiaçı (bundan sonra – iddiaçıya) 0,10 hektar hesabı ilə həyətyanı torpaq sahəsi ayrılmışdır. İddiaçıya aid torpaq sahəsinin sxemi hazırlanmış və Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin X3 möhürü ilə təsdiqlənmişdir İddiaçı xx.xx.1986-cı il təvəllüdlüdür və yuxarıda istinad edilən Sərəncam verilərkən iddiaçının 13, əmr verilərkən isə 17 yaşı olmuşdur. İddiaçı həmin torpaq sahəsinə mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və dövlət reyestrindən çıxarışın verilməsi barədə ərizə ilə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra – cavabdeh) müraciət etmişdir. Cavabdeh xx.xx.2023-cü il tarixli məktubla iddiaçının müraciətini təmin etməyərək bildirmişdir ki, torpaq sahəsi ayrılan zaman iddiaçı məhdud fəaliyyət qabiliyyətli olmuşdur (13 yaşı). Azərbaycan Respublikası Abşeron Rayon İcra Hakimiyyətinin başçısının 096 nömrəli, xx.xx.1999-cu il tarixli sərəncamından çıxarışa əsasən torpaq sahəsinin fəhlə və mütəxəssislərə ayrılması nəzərdə tutulmuşdur. Bundan başqa, İdarənin arxivində mövcud olan X3 siyahısında iddiaçının adı aşkar olunmamışdır. İddia tələbi, iddiaçının əsaslandırması, cavabdehin etirazları və digər prosessual hərəkətlər: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi ərazisində yerləşən Azərbaycan Respublikası Prezidenti İşlər İdarəsinin X3 (Buzovna Tərəvəzçilik-südçülük sovxozunun) balansında olan torpaq sahəsindən ona fərdi mənzil tikintisi üçün ayrılmış 0,10 hektar hesabı ilə 2-0505 nömrəli həyətyanı torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeyiyyatına alınması öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İşin yuxarıda sadalanan hallarına istinad edilərək iddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək olan dövrdə Azərbaycan Respublikası Prezidenti İşlər İdarəsinin X3 direktoru İ.M.Zeynalov tərəfindən imzalanmış “Baş plana uyğun olaraq fərdi mənzil tikintisi üçün nəzərdə tutulmuş ərazidən ona 0,10 hektar hesabı ilə həyətyanı torpaq sahəsinin ayrılmasına dair 21 may 2003-cü il tarixli 28 nömrəli əmr Azərbaycan Respublikasının ərazisində səlahiyyətli orqanlar və digər təşkilatlar tərəfindən yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahəsinin dövlət reyestrində qeydiyyata alınması üçün əsasdır. Cavabdeh iddiaya yazılı etiraz təqdim edərək iddia tələbinin rədd olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Etirazın dəlilləri imtina məktubunun dəlilləri ilə eyni məmzunludur. Əlavə olaraq qeyd edilmişdir ki, idarənin mütəxəssisləri tərəfindən yerində müayinə zamanı torpaq sahəsinin faktiki ölçüsünün 1135 kv.metr olması müəyyən edilmişdir. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə etdi və iddia ərizəsində göstərilənləri təsdiqləyərək iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi iddia tələbinə etiraz edərək iddianın rədd edilməsini xahiş etdi. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia öhdəliyin icrası haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımi qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu iddiaçının müraciətinə cavab vermədiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır. Məhkəmənin mövqeyi və tətbiq edilən hüquq: İşin hallarına görə, iddiaçıya Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin X3 21 may 2003-cü il tarixli əmrinə əsasən fərdi yaşayış evinin tikintisi üçün 0,10 ha torpaq sahəsi ayrılmışdır. İddiaçı həmin torpaq sahəsinə mülkiyyət hüququnun qeydə alınması ilə bağlı cavabdehə müraciət etmiş, cavabdeh iddiaçının müraciətinin təmin edilməsindən imtina etmişdir. Cavabdeh imtina əsası kimi ona istinad edir ki, torpaq ayrılan zaman iddiaçı natamam fəaliyyət qabiliyyətli olmuşdur. Həmçinin siyahıda iddiaçının adı yoxdur. Məhkəmə cavabdehin imtinasını aşağıda göstərilənlərə görə əsassız hesab edir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 8.0. və 8.0.8-ci maddələrinə əsasən bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 439 saylı, xx.xx.2015-ci il tarixli Fərmanının 2.5-ci bəndinə əsasən yaşayış evlərinin və bağ evlərinin tikintisi üçün həyətyanı torpaq sahələrinin verilməsi barədə kolxoz üzvlərinin ümumi yığıncağının və ya müvəkkillərinin yığıncağının qərarı, sovxoz (həmçinin həmin sovxozun yenidən təşkili qaydasında onun bazasında yaradılaraq dövlət orqanlarının tabeliyində olan kənd təsərrüfatı müəssisəsi) rəhbərinin (direktor və s.) əmri, yaxud həyətyanı torpaq sahəsi barədə qaytanlanmış torpaq kitablarından (o cümlədən kolxoz və sovxoz torpaqlarına dair qaytanlanmış kitablardan) çıxarış torpaq sahəsinə hüququn qeydə alınması üçün əsasdır. İstinad edilən normalardan göründüyü kimi, iddiaçının təqdim etdiyi sovxozun əmri torpaq sahəsinə mülkiyyət hüququnun qeydə alınması üçün hüquqmüəyyənedici sənəddir. Cavabdehin birinci imtina dəlili ilə bağlı məhkəmə qeyd edir ki, cavabdeh bu barədə qənaətə gələrkən sovxoza torpaq fondunun ayrılması ilə bağlı Abşeron rayon İcra Hakimiyyətinin Sərəncamının tarixini əsas götürməklə iddiaçının həmin vaxt 13 yaşı olmasını göstərir. Məhkəmə qeyd edir ki, qeyd edilən Sərəncam iddiaçıya torpaq sahəsinin ayrılması deyil, Buzovna Tərəvəzçilik-südçülük sovxozuna torpaq fondunun ayrılması barədədir. Doğrudur, həmin sərəncam sovxozun fəhlə və qulluqçularına torpaq fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsinin ayrılması ilə bağlıdır və Sərəncam verilərkən iddiaçının 13 yaşı olmuşdur. Lakin iddiaçıya torpaq sahəsi həmin Sərəncamla deyil, Sovxozun direktrorunun əmri ilə 2003-cü ildə ayrılmışdır. İddiaçı xx.xx.1986-cı il təvəllüdlüdür və yuxarıda istinad edilən Sərəncam verilərkən iddiaçının 13, əmr verilərkən isə 17 yaşı olmuşdur. Göründüyü kimi cavabdehin imtinasının əsası kimi istinad etdiyi birinci hal əsassızdır. Cavabdehin ikinci dəlili ilə bağlı məhkəmə qeyd edir ki, cavabdeh X3 siyahısında iddiaçının adının olmadığını qeyd etsə də, ümumiyyətlə belə bir siyahının olması barədə məhkəməyə hər hansı bir sübut təqdim etməmişdir. Bundan başqa Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş Siyahıda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 30 oktyabr 2015-ci il tarixli, 664 nömrəli Fərmanının 2-ci hissəsində qeyd edilmişdir ki, “...müəyyən edilsin ki, Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın 2.5-ci bəndinə uyğun olaraq sovxozun yenidən təşkili qaydasında (həmin sovxozun bazasında) yaradılaraq dövlət orqanlarının tabeliyində olan kənd təsərrüfatı müəssisəsi rəhbərinin (direktor və s.) əmri əsasında yaşayış və bağ evlərinin tikintisi üçün ayrılmış torpaq sahələri üzərində hüquqların dövlət qeydiyyatı müvafiq əmrin həmin sovxozun (X3) tabe olduğu orqanda, həmin bənddə nəzərdə tutulan digər hallarda isə “Milli arxiv fondu haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq dövlət arxivlərində saxlanılan arxiv sənədlərinin məlumatları ilə eynilik təşkil etdiyi və torpaq sahəsinin yerini müəyyənləşdirməyə imkan verən sənədlər (müvafiq sxem, plan və ya onlardan çıxarış, torpaq sahəsinin təhkim aktı, yaxud müvafiq torpaq sahəsinin yerləşdiyi yeri müəyyən etməyə imkan verən həmin torpaq sahəsində inşa edilmiş tikintiyə dair sənədlər) olduğu halda həyata keçirilir. İş materiallarında olan Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin X1 verilmiş 06 noyabr 2023-cü il tarixli 1-2-27/2-498/2023 nömrəli Arxiv Arayışında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin X2 saxlanılan sənədlərə əsasən müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin X3 (Buzovna Tərəvəzçilik-südçülük sovxozunun) 21 may 2003-cü il tarixli 28 saylı əmrinə əsasən müəssisənin balansında olan torpaq sahəsindən iddiaçıya fərdi ev tikintisi üçün 0,10 ha hesabı ilə həyətyanı torpaq sahəsi ayrılmışdır. Göründüyü kimi, iddiaçıya torpaq sahəsinin ayrılması həmçinin arxiv arayışı ilə də təsdiq edilir. Məhkəmə cavabdehin etirazının dəlili kimi qeyd etdiyi halla bağlı bildirir ki, torpaq sahəsinin faktiki sahəsinin 1135 kv.m olması iddia tələbinin təmin edilməsinə mane deyildir. Çünki iddiaçı 1135 kv.m torpaq sahəsinə deyil, hüquqmüəyyənedici sənəd üzrə ona ayrılmış 0,10 ha torpaq sahəsinə iddia edir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsinə görə hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu Qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu Qanunun 14cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Aparılmış qiymətləndirmənin nəticəsi olaraq məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə, qərara aldı: İddia tələbi təmin edilsin. Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi ərazisində yerləşən Azərbaycan Respublikası Prezidenti İşlər İdarəsinin X3 (Buzovna Tərəvəzçilik-südçülük sovxozunun) balansında olan torpaq sahəsindən İddiaçı fərdi mənzil tikintisi üçün ayrılmış 0,10 hektar hesabı ilə 2-0505 nömrəli həyətyanı torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması öhdəliyi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı m0əhəllə) apellyasiya şikayəti verilə bilər. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Bəhlul Cəlalov
Məhkəmə qərarları › İş №2-1(112)-5818/2024
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-5818/2024
29.03.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver